Multikulturalizmə giriş” fənninin predmeti və əhəmiyyəti plan mədəniyyətin sosioloji anlayışı Mədəniyyətin Elementləri


Azərbaycanda yayılmış sosial ədalətlə səciyyələnən dini-etik təlimlərdə tolerantlıq və multikulturalizm ideyaları



Yüklə 1,13 Mb.
səhifə4/13
tarix17.09.2017
ölçüsü1,13 Mb.
#97
1   2   3   4   5   6   7   8   9   ...   13

2. Azərbaycanda yayılmış sosial ədalətlə səciyyələnən dini-etik təlimlərdə tolerantlıq və multikulturalizm ideyaları.

Zərdüştilik. Bu dinin banisi Zərdüştün anadan olduğu yer, həyat və fəaliyyət zamanı məsələsi onu tədqiq edən alimlər üçün uzun müddət qaranlıq qalmış və indi də tam aydınlaşmır. Orta əsrlərin bir çoxmüsəlman müəllifləri, eləcə də Əbu Reyhan Biruni (973-1048/50) bu peyğəmbərin vətəninin Azərbaycan olduğunu demişlər. İngilis şərqşünası Cekson da bu fikirdədir. Onun təsdiq etdiyinə görə, bu peyğəmbərin anadan olduğu, uşaqlığını və gəncliyini keçirtdiyi yer Azərbaycandakı Savalan ətrafıdır. Müasir alimlər bu məsələ haqqında fikir yürütmək məsələsində iki düşərgəyə bölünürlər. Zərdüştiliyin rus tədqiqatçısı E.O.Berzin özünün «Zərdüşt nə öyrədirdi?»məqaləsində Azərbaycanın Zərdüştün vətəni olduğuna şübhə etmir. Bu fikrə Azərbaycan alimlərindən A.Əhədov, A.Şükürov və G.Abdullazadə, S.Qasımova da qoşulurlar.

Əks düşərgədən olan başqa alimlər onlara qarşı çıxış edirlər. Belələrinə ingilis alimi Meri Boysu misal göstərmək olar. Həmvətənimiz tarixçi İ.Əliyev də onunla həmrəydir. Onların fikrincə, Azərbaycanda «yanmış kömürləri» və «çoxsaylı maqları (atəşpərəstləri)» olan zərdüştilik məbədlərinin olduğuna baxmayaraq, haqqında söhbət gedən bu dinin vətəni Azərbaycan olmaya bilər. Baxışlarını Zərdüştün yazdığı himnlərin məzmunundan və dilindənçıxış edərək möhkəmləndirirlər. Meri Boys hətta çox uzağa gedərək belə deyir ki, bu peyğəmbər həqiqətdə Volqa çayından şərqdəki Asiya çöllərində yaşamışdır. Zərdüştün anadanolma tarixini tədqiqatçıların çoxu zərdüştiliyin müqəddəs kitabı Avestaya görə hesablayırlar. Bu təxminən b.e.ə. 1500-1200, yaxud b.e.ə. 1000-600-cü illər arasına düşür.

Hələ yoxsul bir uşaq ikən, görünür, yeddi yaşına yaxın onu ruhani (din xadimi) olmağa hazırlayırdılar. Artıq 15 yaşında Zərdüşt ruhani olur. 20 yaşından 30 yaşadək o, tərki-dünya həyat tərzi keçirərək bütünlüklə öz hisslərinə, duyğularına qapılır. Saatlarla daldığı düşüncələrini və bunun nəticəsində əldə olunan özünüdərkin nəticələrini gil lövhəciklər üzərində yazır.

O özü qatalarda başlanğıcda özünü atsürvan – ruhani (din xadimi), mantran –mantr(ovsun) yazan, sonda isə vaedemna – «ilahi ilhamlı müdrik müqəddəs» adlandırır. Rəvayətlərə görə, Zərdüşt həqiqət axtarışında diyar-diyar dolaşarkən dəfələrlə zorakılıqlarla, müharibələrlə, qarət və qətllərlə, mal-qara oğruları ilə qarşılaşmışdır. Bütün bu hallarda o özünün gücsüz olduğunu görürdü. Ancaq ədalətə, əxlaqi təmizliyə can atması onu tanrının – Ahurun güclülərə də, zəiflərə də eyni dərəcədə aid olan, təmiz ideyaların təntənəsinə yönələn, əmin-amanlıq və qayda-qanun yaradan, dinc həyatı təmin edən qanununu axtarmağa sövq edirdi.

Budur, artıq 30 yaşında ikən ona vəhy gəldi. Bu hadisə qatalardan birində (Yasna, 43) belə təsvir edilir: bahar bayramında iştirak edən Zərdüşt dan söküləndə çaya yemək hazırlamaq üçün su gətirməyə yollandı. O, axının ortasından su doldurub sahilə qayıtmağa başladı. Elə bu zaman yaz səhərinin təmiz havasında onun qarşısında bir xəyal görünüb onu işıq saçan Ahura- Mazdanın (Azərbaycan dilindəki mənbələrdə, eləcə də ASE-nin X cildinin 279- cu səhifəsində Hürmüzd, Hörmüzd, Hormuz variantları vardır) və başqa beş zatın yanına gətirdi. Bu zaman bu yeddi tanrı (ilahə) ona vəhy verdilər.

Zərdüşt bu uca tanrıların (ilahələrin) verdikləri bütün o təlimləri və vəhyləri bəşəriyyətə verməyə (ötürməyə) çalışaraq onları ayrıca bir vəhylər kitabında «Avesta»da yazır.

Bu iki başlanğıc arasındakı mübarizə son nəticədə bir ümumi, dünya miqyaslı münaqişəyə (konfliktə) çevrilir. Bu dünya miqyaslı böyük ümumi prosesdə insana böyük rol verilmişdir. Zərdüşt qatalarda deyir: «Mən varlığın başlanğıcındakı iki ruh haqqında danışmaq istəyirəm. Onlardan işıqlı ruh (Spenta-Manyu) şər ruha (AnhraManyuya, Ahra Manyuya) dedi: "Bizim fikirlərimiz də, təlimlərimiz də, iradəmiz də, əqidələrimiz də, sözlərimiz də, işlərimiz də, inancımız da (dinimiz də), canlarımız da bir-birinə uyğun gəlmir…" Bu iki ruhdan Druc (yalan, hərc-mərclik) ruhu şər işini, Artu (həqiqət, qayda-qanun) isə səmanı paltar kimi geyinən ən müqəddəs ruhu və Ahura-Mazdanı (xeyir Allahını) öz düzgün işləri ilə razı salanları seçdi. Bu iki ən ilk ruh düşüncədə də, sözdə də, işdə də biri xeyirxah, o biri yaramaz olan əkizlər kimi meydana gəldilər. Onlardan yaxşısını bədniyyətlər yox, xoşniyyətlər düzgün seçdilər».

Zərdüşt öz təliminin başlanğıcında hind-İran tayfa dinində sayı çox olan bütün allahları ataraq xeyir allahı (tanrısı, məbudu) Ahura-Mazda kainatı və bütün canlı varlıqları, insanları və heyvanları yaradıb onlara xeyirlə şər, həqiqətlə (doğru ilə) yalan arasında azad seçim imkanı vermiş vahid bir Allah araya gətirmişdi. Burada onu qeyd etmək yerinə düşərdi ki, dini ideologiya tarixində ilk dəfə məhz zərdüştilikdə ictimai bəla problemi irəli sürülmüşdü. Belə ki, zərdüştiliyə qədərki sayı çox olan xeyir və şər allahları (tanrıları) cürbəcür qurbanlarla razı salınırdılar: onlardan bəzilərinə ehtiram əlaməti olaraq, başqalarına isə dəhşət və qorxudan qurban kəsirdilər. Ancaq onlarda ümumdünya xeyir və şər ideyaları hələ yox idi. İnsanlar taleyə boyun əyərək onun bütün «hədiyyələrini» dinməz-söyləməz qəbul edir, hətta, nə yollasa, ona təsir göstərməyə belə çalışmırdılar. Birinci olaraq Zərdüşt öz təlimində ictimai bəla ilə mübarizənin bütün imkanlarından söz açdı. Budur, burada insana böyük rol verilir, o könüllü olaraq xeyir və şər düşərgələrindən birini seçməklə düzgün seçim etməlidir. Bu mənəvi seçim azadlığında şəxsiyyətin əsarətdən qurtulması öz əksini tapmışdır. Bu peyğəmbərin təliminə görə, insan Xeyrin, Həqiqətin (Doğrunun) və Vicdanın Şər, Yalan və Qaranlıq üzərində qələbəsinə kömək etməlidir.



Bəs insan iki başlanğıcın gərgin mübarizəsində nəyə müraciət etməlidir? Hər şeydən qabaq «dinc əməyə», «xoş (saf) niyyətə», «yaxşı (xeyirxah) sözə», «yaxşı əmələ». İnsan şər üzərində qələbəyə kömək etməlidir. Bu qələbə heç də sitayiş və dualarla əldə edilmir. Fövqəltəbii qüvvələrin bu həyatda və o dünyadakı (axirətdəki) xoşbəxt həyatda mərhəmətini bol-bol qurbanlar kəsməklə də qazanmaq mümkün deyil. Bundan əlavə, mal-qaranı qurbanlıq məqsədilə məhv etmək də cinayətkarlıqdır. Zərdüşt öz sözünə belə davam edir: «Ahura-Mazdanın yaratdığı bütün şeylərdən birinci yerə mal-qara qoyulmuşdur… Ahura-Mazdanı mədh etmək və mal-qaraya yem vermək – biz bunları hər şeydən yaxşı[hərəkətlər] sayırıq».

Xeyrin Şər üzərində qələbəsi maddi nemətlərin kənd təsərrüfatında səylə çalışmaq, torpağı qeyrətlə becərmək, mal-qaraya qayğı ilə yanaşmaq yolu ilə çoxaltmaqla əldə edilir. «Avesta»ya, onun daha sonrakı kitabı «Vendidat»a («Dayvlar əleyhinə» (Divlərə qarşı) qanun)görə, taxıl becərmək şər başlanğıca zərbə vurur və Xeyrin işini on min dua oxuyanda olduğu qədər irəli aparır. «Taxıl cücərəndə divləri tər basır, xırmanda döyülən taxıl sovrulub təmizlənəndə divlər gücdən düşür, [dəyirmanda] un çəkiləndə divlər fəryad edirlər… Qoy həmişə evdə un qidası olsun ki, divlər yaralansınlar (iflic olsunlar) – bundan onların ağızları od tutub yanır və onlar qaçıb aradan çıxmağa çalışırlar» – deyə «Avesta»da bu haqda bəhs olunur. Sonra deyilir: «…onlar evə də, kəndə də, vilayətə də, ölkəyə də dilənçilik və iflas (xarabazarlıq) gətirirlər. Onlarla silah gücünə mübarizə aparmaq lazımdır». Peyğəmbər öz təliminin tərəfdarlarına bu həyatda şər qüvvələrlə real mübarizədən ibarət belə bir çağırışla müraciət edir.

Yuxarıda sadalanan mübarizə üsulları və yolları ilə yanaşı, səxavət göstərmək, vicdanlı olmaq, əhdə vəfa etmək kimi adi xeyirxahlıqlar da nəzərdə tutulurdu.

«Avesta»da ictimai quruluşun və hüquqi institutların tam mənzərəsi canlandırılmış, ideal cəmiyyət - sülh, səadət cəmiyyəti, düşmənçilik və zorakılığın olmadığı, əmək adamları cəmiyyəti təsvir olunmuşdur. «Avesta»da göstərilir ki, «Mən (Zərdüşt – Ə.Ə.) müharibələri rədd edib, silahı bir yana tullamağı istəyən Məzda dininə inanıram… kəndlərin dağılması, mal-qaranını talanı və oğurluğun əleyhinəyəm… get-gəl azadlığı, mənzil, mülk toxunulmazlığı tərəfdarıyam».

Zərdüşt qarəti, qətli, yalanı, zülmü, hiyləni, basqını, ədalətsizliyi, tamahkarlığı və s. şər qüvvə olan Əhrimənin əməli hesab edir. Yer üzündə olan bütün yaxşılıqları, xeyirxahlıqları, paklıqları və s. hamı üçün nemətlərin yaradıcısı olan Hörmüzün əməli sayır.

Azərbaycanda manilik. Qeyd etmək lazımdır ki, artıq b.e. I minilliyin ilk əsrlərində Qərbi Midiyanın (yaxud o zaman adlandırıldığı kimi, Atropaten Midiyasının) vilayətlərində o dövr üçün səciyyəvi olan ictimai ədalətlə səciyyələnən dini-etik təlimlər geniş yayılmışdı.Azərbaycanda da yayılmış belə təlimlərdən birinin banisi Mani hesab olunur. Manilik adı almış dini hərəkat onun adı ilə bağlıdır. Bu təlim rəsmi zərdüştiliyə qarşı yönəlmişdi, odur ki, zərdüştilik onu küfr (kafirlik, dinsizlik) hesab edirdi. Nəqqaş Maninin öz şəxsiyyəti çoxcəhətli olmuşdur. Bəzi məlumatlara görə, onun yaşadığı dövr 216/217-ci illərdən 274/276-cı illərədək olan fasilədə tərəddüd edir. Bu tarixi 240-274-cü illər olaraq göstərməklə onun cəmi 34 yaşyaşadığını bildirən müəlliflər də vardır. Onu istedadlı rəssam, filosof və mühəndis kimi tanıyırdılar. Onun istedadlı bir rəssam olduğu Firdovsinin (934-1020/1030), Nizaminin (1141-1209), Hafizin (təqr. 1325-1389/1390) xatirələrində və ayrı-ayrı əsərlərində öz əksini tapmışdır.

Maninin bir filosof olduğu haqqında geniş məlumatlar bizə ərəb alimi Əbdürrəhman Cahizdən (775-868), xristian ilahiyyatçıları Avqustindən (IV-V əsrlər) və odessalı Yefremdən (VI əsr), habelə XIX əsrin fransız rəssamı Qogendən (1848-1903) gəlib çatmışdır. Mani iyirmi dörd yaşında özünü peyğəmbər elan edərək öz missioner fəaliyyətinə Şərqdə (Həmədanda) başlamışdır. Onun atası əsilzadə nəsildən olan Babil aramilərindən (arameylərindən), anası isə iranlı qadın idi. Hələ gənc ikən o, Şərqi İranda və Hindistanda olmuş, buddizmlə, brəhmənizmlə (brahmanizmlə) və Orta Asiyanın yerli dinləri ilə tanış olmuşdur. Artıq 243-cü ildə I Şapur onu yeni bir «dünya dini»nin banisi kimi qəbul etmiş və o, hökmdara özünün «Şapurakan» («Şapurun kitabı», «Şapurnamə») əsərini təqdim etmişdir. Rəsmi olaraq tanınmış manilik təliminin tarixi də elə həmin zamandan başlayır. Bundaqn başqa o “Sirlər kitabı”, “İki prinsip haqqında kitab”, “Praqmataya” (“Nəsihətnamə”), “İncil” adlı əsərlərində də özünün yeni təlimini şərh etmişdir. Manilik zərdüştilikdən ardıcıl dualizmi ilə fərqlənirdi. Maniliyə görə, Xeyir və Şər (Nur və Zülmət) hər ikisi ilkindir

Mani öz dinini yeganə düzgün, hamı üçün ümumi, bütün mövcud dinləri əvəz edən bir din sayırdı. Guya elə Mani özü də bu dünyaya məhz bu məqsədlə – bütün dinləri birləşdirib bir din etməyə göndərilmişdir.

Bu din özündə müxtəlif dinlərin: zərdüştiliyin, xristianlığın, buddizmin kimi dinlərin ünsürlərini birləşdirərək, sanki aşağı təbəqələrin ierarxiyanın (aşağıdan yuxarı tabeçilik qaydasının) zinəti və sərvəti əleyhinə etirazını əks etdirirdi. Maninin təlimi allaha və iblisə, göylərə və cəhənnəmə, hər bir adamın öləndən sonra mühakimə olunacağına, müqəddəs möminlərin səma qüvvələri arasında əbədi həyat sürəcəyinə əsaslanırdı. Manilik kilsə ayinlərinin sadələşdirilməsinə çalışır, ümumi bərabərlik təbliğ edir, bu da öz növbəsində insanları istismarın hər bir – istər dünyəvi olsun, istər ruhani – növünə qarşı mübarizəyə yönəldirdi. Maninin təlimi də Zərdüştün təlimi kimi olduqca dualist bir təlim olub yalnız bir şeydə ondan fərqlənirdi: o, pessimist (bədbin) səciyyə daşıyırdı, yəni bu təlimdə iki başlanğıcın mübarizəsində Xeyrin (Yaxşılığın) qələbəsi inkar edilirdi.

Mani dünyaya şərin tam təcəssümü kimi baxırdı. O elə hesab edirdi ki, daha yaxşı olar ki, insan dünya işlərindən imtina etsin, öz həyatını tərkidünyalıqla və ismətlə keçirtsin. Belə olsa, insanın ruhu səmalara ucala bilər.

Maniliyin zərdüştiliyin həyatsevər prinsiplərindən bu köklü fərqi Maninin köhnə dinə hörmətlə yanaşmasına maneçilik törətmirdi. Onun düşüncəsində zərdüştilik də, xristianlıq da, buddizm də bir düzgün dindirlər, yalnız insanlar bu dini başa düşmədiklərindən təhrif etmişlər. Mani özü isə Yer üzünə göndərilmişdir ki, əsl dini bərpa etsin. Bu münasibət islam dininin iudaizm və xristianlığa münasibəti ilə üst-üstə şür. Bizə gəlib çatmış mənbələrə görə, Maninin təlimi onun özünün tərtib etdiyi və ardıcıllarının qoruyub saxladıqları yeddi kitaba daxil olmuşdur. Bunlardan birincisi «Böyük», yaxud «canlı» («Diri») İncil adı ilə tanınır. O hər biri əlifbanın bir hərfi ilə başlayan 22 hissədən ibarət idi. Yeddi kitabın hamısının əlyazmalarında Xeyrlə Şərin, İşıqla Qaranlığın mübarizəsi mövzusuna həsr olunmuş çoxlu gözəl illüstrasiya var. Öz dinini 40 il təbliğ edən Mani dualizm prinsipi– Nur və zülmətin mübarizəsini ön plana çıxarmışdır. Nur ruhu, zülmət isə Bədəni (materiyanı) təmsil edir. Dünya inkişafı prosesinin məqsədi qəlbində yer tapmış nur ünsürlərini materiyanın (bədənin) hakimiyyətindən azad etməkdir. Maniyə görə, allah dünyada şəri yaratmamışdır və deməli, dünyanı da o yaratmamışdır, çünki dünya (materiya şərdir, zülmətdir)– materiya allahdan asılı olmayaraq mövcuddur, insan isə materiya ilə nurun qarışığıdır. Nurun hissəciklərinin materiyadan (bədəndən) azad olmasına yalnız qatı asketizm vasitəsilə nail olmaq mümkündür. Manilik xristianlığın bir sıra prinsiplərini rədd etmişdir. Maniheyçilik heyvan əti yeməyi qadağan edir, mütiliyi təbliğ edirdi, asayiş və rahatlığı qorumağı üstün tuturdu. Uyğur türklərinin döyüşkən ruhuna uyğun olmasa belə onlar maniliyi qəbul etmişdilər. İslam dini və buddizm yayılana qədər uyğurlar arasında manilik geniş yayılmışdı.

Mani hələ özü sağ ikən onun təlimi Şərqdə sürətlə yayılmışdı. Bu dinin yayılmasının başlanğıcında onu xeyirxahcasına qəbul edən Sasanilər sarayının yuxarı təbəqəsi onun kütlələrə sürətlə artan təsirini gördükdə öz siyasətini kəskin olaraq dəyişir. Maninin yoldaşlarını (tərəfdarlarını, əshabələrini), ardıcıllarını izləməyə başlayırlar. İrandan qaçmağa məcbur olan Mani özü uzun illər sərgərdan həyat keçirdikdən sonra ora qayıda bilir. Sasanilər sülaləsinin IV hökmdarı Bəhramın hakimiyyəti (273-276) zamanı Mani həbsxanaya salınır və işgəncələrdən ölür.

Sosial təlimində insanların hüquq bərabərliyinə üstünlük verən maniliyin dini-fəlsəfi və sosial ideyaları hakim qüvvələrin təqibinə baxmayaraq, həm Atropatenada, həm də Albaniyada, sonralar isə Şərqdə və Avropada məzdəkilərin, pavlikianların, albiqoyçuların, katarların və b.-nın ideoloji təlimlərində geniş yer tapmışdı. Maniliyin İşıq Allahını Əqllə birləşdirməsi (beş təzahürdən dördünün bilavasitə Əqllə bağlılığı) və Şərin əbədiliyini qəbul etməsi sonrakı təlimlərdə rasionalizm və dialektikanın inkişafı üçün geniş imkanlar yaratmışdır



Məzdəkilik. Azərbaycanda dövran sürən başqa bir dini-etik təlim V əsrdə meydana gəlmiş və adını öz banisi Məzdək-Bamdadın adından götürmüş məzdəkilər təlimi idi. Məzdək-Bamdad V əsrin 50-ci illərində anadan olmuş, bəzi mənbələrə görə 528/529-cü illərdə, bəzilərinə görə isə 524-cü ildə ölmüşdür. Nizamülmülkün (1017-1092) «Siyasətnamə» əsərində qeyd olunduğuna görə, Məzdək mənşəcə kahin silkindən idi. O öz ideyalarını Həmədan şəhərində yaymağa başlamışdı. Bu təlim din pərdəsi altında aparılan güclü antifeodal hərəkata çevrilmişdi. Məzdək deyirdi: «Allah öz nemətlərini yaratmışdır ki, insanlar onları öz aralarında tən bölsünlər. Ancaq insanlar bir-birinə qarşı ədalətsizlik edirlər. Ona görə də əmlak varlılardan alınıb yoxsullar arasında bölünməlidir»

Məzdəkilər oğruluğu, yalanı, zülmü pisləyir, bir yandan kahinlərin, başqa yandan dünyəvi əyanların (aristokratiyanın, zadəganların) əməkçi əhalini ikiqat istismar etməsinə qarşı çıxırdılar. Məzdəkin yaydığı ideyalar çox halda onun özündən qabaqkı dini təlimdən – manilikdən götürülmüşdü. Onlar maniliklə özlərinin pessimizminə (bədbinliyinə) və asketizminə (tərki-dünyalığına) görə yaxın idilər. Məzdəkin fikrincə, insan özünə oxşayanı (insanı) öldürməməli, ət yeməməlidir, ancaq o İşığın Qaranlıq üzərində qələbəsinə, cəmiyyətin bütün üzvləri arasında dözümlülüyün (indi dəbdə olan terminlə desək, «tolerantlığ»ın) və qardaşcasına məhəbbətin artmasına kömək etməlidir. Bərabərhüquqluluğun və qardaşlığın əldə olunması üçün isə acgözlüyü və paxıllığı doğuran səbəblərin kökünü kəsmək zəruridir. Elə buna görə də məzdəkilik əmlakın ümumi olmasına çağırırdı. Belə çağırış həyat nemətlərinin ədalətli, tən bölgüsü, insanlar arasında fərqin aradan qaldırılması tələbi bu hərəkata icmaçı kəndliləri, feodallardan asılı təhkimli kəndliləri və qulları çəkib gətirirdi. Sonralar bu hərəkata peşə sahibləri, şəhər yoxsulları, xırda və orta torpaq sahibləri də qoşuldular.

Əmlak ümumiliyi ilə yanaşı, məzdəkilik qadınların da ümumi olmasına çağırırdı. Bu nə demək idi? Biz bilirik ki, zərdüştilik təlimi kişilərlə qadınların bərabərliyi uğrunda mübarizə aparırdı, sasani qanunlarına görə isə qadın əslində özünün ən yaxın qohumu olan kişinin olmalı idi. Bu, ata da ola bilərdi, ər də, qardaş da, oğul da. Ola bilsin məzdəkiliyin qadınların ümumiliyinə çağırışı onunla bağlı meydana gəlmişdi ki, cəmiyyətin aşağı təbəqələrinin varlı ailələrin qadınları sırasına daxil olmuş qızlarının və bacılarının düşdükləri yeni mühitdəki vəziyyətini bir qədər yaxşılaşdırmaq mümkün olsun. Ondan başqa, belə izah qadınların bu hərəkata cəlb edilməsi üçün bir stimul ola bilərdi. Məzdəkilik ardıcılları belə hesab edirdilər ki, keçmişdə xeyir qüvvələr şər qüvvələr üzərində qalib olduğu üçün insanlar sülh və dostluq şəraitində yaşamışlar. Ancaq tarixi inkişafın müəyyən pilləsində əks proses baş vermiş, Şər qüvvələr təsadüfən Xeyir qüvvələrə qalib gəlmişdir. Elə bu zamandan Yer üzündə şər, paxıllıq, oğurluq və müharibələr meydana gəlmişdir. Buna görə də məzdəkiliyin növbəti çağırışlarından biri istehsal vasitələri və məhsulları üzərində ümumi mülkiyyətin xas olduğu ibtidai-icma quruluşuna qayıdışa çağırış idi.

`Məzdəkilər hərəkatı bir neçə onillik müddətində davam etmişdir. Öz missioner fəaliyyətinin qızğın çağlarında Məzdəkin moizələri elə inandırıcı idi ki, o özünün sosial (ictimai) islahatlara dair ideyalarından xoşu gələn şah I Qubadın rəğbətini qazana bilmişdi. Bu ideyalar düşmənə qarşı fəal müqavimət göstərmək işində imperiyanın gücünü artırmalı idi. Ancaq I Qubadın oğlu I Xosrovun (VI əsrin I yarısı) hakimiyyəti dövründə Məzdək kafir (dinsiz) elan olundu. Hərəkat bütünlüklə yatırıldı, «peyğəmbər» və onun çoxlu ardıcılları öldürüldü. Qeyd etmək lazımdır ki, məzdəkilik ideyaları xalqın ağlını uzun müddət çaşdırdı, onların Azərbaycanda təsiri lap islam dininin tarix səhnəsinə çıxdığı zamanadək hiss olunurdu. Bundan da sonra məzdəkilik ideyaları başqa bir dini etik təlimin – Azərbaycanda IX əsrdə yayılmış xürrəmilər hərəkatının əsas prinsipləri sırasına daxil oldu.

"Məzdək deyirdi ki: ‘Tanrı torpaqdan yeməyi və bütün ehtiyacları, xalq onları aralarında bərabər bölüşsün deyə yaratmışdır. Heç bir kimsə digərinin payından alıb götürə bilməz. Hər kəsin varlıq baxımından bərabər olması üçün, qətiliklə birinin ortaya çıxıb zəngindən götürərək kasıba verməsi lazımdır. Hər kim olursa olsun, kimsənin bir başqasından daha çox varlıq, mal-mülk və birdən çox qadına sahib olmağa haqqı yoxdur…"

"İnsanlar, qibtə, əzab, qisas, yoxsulluq, ehtiras kimi beş şeytan tərəfindən düzgünlükdən uzaqlaşdırılar. Bunları məğlub etlmək və yaxşı bir inanc yolunda getmək üçün zənginlik ortaq və qadın-kişi bərabər haqqlara sahib olmalıdır..."


3. Azərbaycanda İslamın yayılması və İslamda tolerantlıq.

VII əsrin I yarsın da Ərəbistan yarımadasında meydan gələn İslam dini və onun əsasında yaranan güclü Ərəb xilafəti öz nüfuzunu qıraq ərazilərə yaymaq üçün irimiqyaslı savaşlara başladı. Tarixdən İslamın və bir dövlət olmaq etibariylə Xilafətin (peyğəmbərin xəlifələri tərəfindən idarə olunduğu üçün belə adlanırdı) “yer üzünə yayılma çağı” adlanan dövrü başlandı.

Azərbaycan ərazisinə ərəblərin ilk hücumları 639-cu ilə təsadüf edir. “643-644-cü illərdə, xəlifə Ömərin dövründə, ərəblər tarixi Azərbaycan ərazisinin yalnız cənub və Dərbəndədək Xəzər sahili torpaqlarını tuta bildilər. 705-ci ildə isə Xəlifə I Validin zamanında ərəb qoşunları Mehranilər sülaləsini hakimiyyətdən uzaqlaşdıraraq Aqvan knyazlığına son qoydular. Bu dövrdən etibarən Şimali Azərbaycan torpaqları da Ərəb xilafətinin tərkibinə qatılmış oldu. Ölkə xilafət qanunları və canişinləri tərəfindən idarə olunmağa başladı. Azərbaycan Ermənistan və digər əyalətləri də içərisinə alan əl-Cəzirə adlanan dördüncü əmrliyin tərkibinə daxil idi. Bu əmirliyin paytaxtı əvvəlcə Dvin şəhəri Abbasilər taxta çıxdıqdan sonra Bərdə şəhəri oldu.

«Bütün insanlar qardaşdırlar; bütün insanlar Allah qarşısında bərabərdirlər» kimi müddəaları Şərqdə çox yayılmış pul-əmtəə münasibətlərini inkişaf etdirib, onları dini cəhətdən izah edərək əsaslandırması, ayin (sitayiş forması) məsələsində sadəliyi, təbii ki, insanları cəlb edirdi. Buna qədim Şərqin dinlərinə məxsus ayinçiliyin, xüsusən zərdüştilik üçün səciyyəvi olan ibadət zamanı möminin pak olması tələbinin qalması da təsir göstərirdi.



İslam dini təkcə üç qitənin – Avropanın, Asiyanın və Afrikanın qovuşduğu yerdə (coğrafi ərazidə), meydana gəlməmişdi, demək olar ki, o, həm də dağılmaqda olan quldarlıq quruluşunun Ərəbistanda qalmaqda davam edən qəbilə-tayfa münasibətləri ilə erkən orta əsrlər feodalizminin bir-birindən ayrıldıqları yolayrıcında meydana gəlmişdir. İslamın ehkamlarından həm onun yayılma sərhədlərinin sürətlə genişləndirilməsinə siyasi cəhətdən bəraət qazandırmaq üçün, həm də yeni sosial prinsiplərin möhkəmləndirilməsi üçün istifadə olunur. İslam məzlum aşağı təbəqələrin ideologiyasına çevrilməyə (ilkin xristianlıqda olduğu kimi) macal tapmadı, o özünün yaranmasının elə başlanğıcından dövlət dini rolunda çıxış etməyə başladı. Buna görə də artıq Məhəmmədin Məkkədən Mədinəyə köçdüyü (hicrət etdiyi) zamandan İslamda mənəvi-əxlaqi və fəlsəfi məsələlərdən daha çox müsəlman cəmiyyətinin ictimai-siyasi quruluşunun, onun həyat və fəaliyyətinin hüquqi cəhətlərinin prinsiplərinə diqqət verilirdi. Məhəmməd öz fəaliyyətinin ilk mərhələsində öz missiyasını (ilahi tapşırığını) yerinə yetirmək üçün təbliğat, dilətutma, qorxutma yollarından istifadə edir, yəni insanların şüuruna təbliğat fəaliyyəti ilə təsir göstərirdi. Bu haqda V.Bartold yazırdı: «Məkkədə Məhəmməd heç kəsin hökmdarı deyildi, o insanları tövbəyə, imana və fəal məhəbbətə dəvət edərkən yalnız onların könüllü iradəsinə müraciət edə bilərdi; təbii ki, Məkkə surələrində insanın vəzifələri və məsuliyyəti haqqında təlim Allahın hər şeyə qadir olması haqqında təlimdən daha çox yer alır. Müsəlman icmasının yarandığı (formalaşğı), Məhəmmədin yeni din təbliğatından öz hərbi gücü ilə dinsizləri (kafirləri) və başqa dinlərdən onları dəhşətə gətirən bir teokratik (dini) dövlətin başçısına çevrildiyi Mədinə dövründə isə bütünlüklə başqa bir mənzərənin şahidi oluruq. İndi İslam süst bir dindən döyüşkən bir dinə çevrilir. Məhəmmədin Mədinəyə gəlişindən (622-ci il) onun ölümünədək (632-ci il) keçən on il [bu] dinc din və sosial həyat islahatçısının təlimini bütün dünyaya müharibə elan etmiş bir dinə çevrilmək üçün yetərli oldu»

İslamın dini şüura verdiyi ən böyük töhfə onun təkallahlılığı (tövhidi) dəqiq və qeyd-şərtsiz elan (ifadə) etməsindən ibarətdir: «Allah – Özündən başqa tanrı (məbud) olmayan, [daima] diri və var (mövcud) olandır…» (2:255;). İnsanlar bu Allahı əvvəllər də tanıyırdılar, ancaq çoxlu tanrılardan biri kimi. İndi onlara elan (bəyan) edilirdi ki, bu tək tanrının adıdır, ümumiyyətlə, başqa tanrılar yoxdur. Kim başqa tanrılara inanır, düzgün yoldan sapmışdır və ona buna görə cəza veriləcək. Bütün dünyanı – göyləri, yeri, ulduzları, dağları, bitkiləri, insanı Allah yaratmışdır. Dünyada hər şey Allahın istəyi (iradəsi) ilə baş verir. Odur ki, Quran xristianlığın İsanı ilahiləşdirməsini qəbul etmir. İsa İslamda bir insan kimi qəbul olunur və ona həqiqi (haqq) peyğəmbər kimi ehtiram göstərilir. Bu zaman hətta ona başqa peyğəmbərlərə verildiyindən daha yüksək yer (status) verilir. O – Məsihdir, günahsız, məsum həyat keçirmişdir və mütləq yenidən Qiyamətdən qabaq bəşəriyyətin xilası üçün dönəcəkdir. İstənilən başqa din kimi, İslam dini də öyrədir ki, hər bir insan öz mənəvi həyatına görə özü cavabdehdir: «Hər kəs bir günah qazanarsa, mütləq o günahı özünün zərərinə qazanmış olur» (4(qadınlar):111); «Doğru yolu tutan özünə savab, doğru yoldan azan isə özünə günah qazanır.» (10 (Yunus):108). İnsanın ölümündən sonrakı taleyi onun öz həyatını necə yaşamasından asılı olacaq. Deməli, onun ruhu cənnətə də düşə bilər, cəhənnəmə də, cənnətdə çoxlu bol sulu dərin çaylar, şirəli (dadlı) meyvə-tərəvəz var, cəhənnəm isə bunun əksinə olaraq, ərinmiş metalla, qaynayan maye (su) ilə dolu, hər şeyi məhv edən alovlu od olan bir yer kimi təsvir edilir. İnsan öz həyatı üçün məsuliyyət daşıyır: Allah insanı azad yaratmışdır. Beləliklə, dini inanc hər bir insanın azad seçimindən irəli gəlməlidir, o özü bilər: Allaha inanmaq lazımdır, yoxsa yox. Quranda deyilir: «Dində məcburiyyət (zorakılıq) yoxdur» (2(inək):256). Ancaq bu azadlıq o demək deyil ki, hər kəs istədiyini edə bilər.

  İslama görə tolerantlıq müxtəlif inanclı insanlar arasında bir körpüdür. Allah belə buyurur: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq..." ("Hucurat" surəsi, 13). İnsanların bir-birini tanıması, qarşılıqlı münasibətlərinin formalaşmasının əsası tolerantlıqdan keçir. İslam dinində tolerantlıq dinin əsas ünsürü kimi qəbul edilir. İslamın birinci əsas mənbəyi olan Quranda Uca Allah belə buyurur: "Sizin dininiz sizə, mənim dinim mənə aiddir" ("Kafirun" surəsi, 6). Quran tolerant olmaq üçün ədalətli olmağımızı əmr edir: "Söz söylədiyiniz zaman qohumunuz olsa belə, ədalətli olun..." ("Ənam" surəsi, 152).

Allahın "De: "İstər inanın, istərsə də inanmayın..." ("İsra" surəsi, 107). "De: "Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın..." ("Kəhf" surəsi, 29) sözləri İslamın dini etiqad azadlığına verdiyi dəyəri göstərir. Quran "Dində məcburiyyət (zorakılıq) yoxdur" ("Bəqərə" surəsi, 256) ayəsi ilə inanmaq azadlığının prinsipini formalaşdırıb.

İslamı insanlara çatdıran Hz.Muhəmməd (s) peyğəmbər bütün müsəlmanlara, xüsusilə idarəçilərə belə buyurub: "Kim müsəlman olmayan əhalidən birinə zülm edərsə, onların haqqını qiyamət günü mən müdafiə edəcəyəm", "Kim bir zimmiyə zülm edər, yaxud ona daşımaqdan aciz olduğu bir yük yükləyərsə, onun haqqını azaldar və ya istəyi olmadan bir şeyini alarsa, mən həmin adamın düşməniyəm"."Bir müsəlmana, yaxud zimmiyə qəsdən zərər verən şəxs lənətlənib". Hz.Muhəmməd başqa bir hədisində də bunları bildirib: "Allah qiyamət günündə insanlara əziyyət edənlərə əziyyət edəcəkdir". Budur Hz.Muhəmmədin tolerantlığı.

Ortodoksal İslamın bütün ictimai şüur sahəsində inhisarını aradan qaldırmaq istəyində və İslamın mötədil (yumşaq) rasionalist tənqidçiləri olan Mötəzililər (banisi Vasil ibn Əta idi VIII əsrdə yaranmışdı) deyirdilər: «Qurana hər cür ehtiram göstərib onu mədh etmək axmaqlıq əlamətidir». Elə onlar da insan azadlığının məhdud olmadığı prinsipini irəli sürmüşlər: «Xeyrin və şərin yaradıcısı insan özüdür, bunun Allaha dəxli yoxdur». Möcüzə deyə bir şey yoxdur. Mötəzili kəlamının ən böyük xidmətlərindən biri müsəlman apologetikasının (dinin məntiqi dəlillərlə müdafiə edilməsi) yaradılmasıdır. Onlar xristian, yəhudi, Zərdüşt və başqa dinlərin nümayəndələri ilə polemikalar aparmış, İslamın əsas müddəalarını düçüncə dəlilləri ilə müdafiə etmişdilər. Mötəzililik ağlı dinə qarşı qoyurdu, o özünün elmlərə və yunan fəlsəfəsinə tərəfdar olması (meyl etməsi) ilə tanınmışdı. Bu təlim dini ehkamların müzakirəsini mümkün sayır, bəzi Quran müddəalarının əksinə çıxış edirdi; Allahın atributlarının (sifətlərinin) çoxluğunu rədd edir, «Allah vardır (mövcuddur)» etirafı ilə kifayətlənirdi. Bu təlim mahiyyətcə dini azadfikirlilik idi, özü də Azərbaycanda geniş yayılmışdı.

İslamın hakim mövqe tutduğu bu dövrlərdə Azərbaycan ərazisində xristianlıq və musəvilik kimi dünya dinləri də paralel olaraq mövcud idi və bu dinlərin daşıyıcıları öz inanclarını sərbəst həyata keçirə bilirdilər.

İslamın əhli kitab dinlərinə loyal münasibəti bu dinlərə sitayiş edən xalqların islam arenasında sərbəst həyat sürmələrinə geniş imkanlar yaradırdı. Orta çağlarda islam dünyası, o cümlədən Azərbaycanda yaşayan müxtəlif xristian və yəhudi icmaları islam dünyası içində öz dünyalarını yaratmışdılar. Kilsələr və sinaqoqlar həmişə özlərinin müxtariyyətliklərini qoruyub saxlayırdılar. Onlar müxtəlif bağlaşmalarla özlərinə güvənclər qazanırdılar. İslam qanunu başqa dinlər arasında tarazlığa da göz qoyurdu, yəhudilərin xristianlığa və xristianların iudaizmə keçməsini yasaqlayırdı. Onlara yalnız islama keçməyə icazə verilirdi.

İslam dünyasında başqa dindən olanlara peşə yasaqları yox idi. Ona görə də xristianlar və yəhudilər çox qazancıl peşələrlə məşğul olurdular. Xilafətin paytaxtı olan Bağdadda (IX əsr) xristian icmasının başında saray həkimi xristian dururdu. Yəhudi ic-masının başında isə saray bankiri yəhudi dururdu (6, 43 ). Adam Mets təəccüblənərək yazırdı: “Müsəlman imperiyasında adamı ən çox mat qoyan başqa dindən olan məmurların çoxluğudur. Müsəl-manlar bu məmurlara tabe olurdular. Paradoks: bir tərəfdən yəhu-diləri və xristianları məcbur edirdilər ki, onları bildirən nişanları gəzdirsinlər. Onlara icazə verilmirdi ki, müsəlman evindən hün-dür ev tikdirsinlər (hərçənd bu yasaqlara çox az əməl olunurdu). O biri tərəfdən isə həmin dindən olan məmurlar müsəlmanlara əmr və cəza verirdilər (6, 52-53).

XII-XIII yüzilliklər xristianlığın Azərbaycanda yenidən çiçəkləndiyi bir dövrdür. Belə ki, bu dövrdə Qarabağda xristian Albanlar qısa müddətə olsa da Həsən Calalyanın rəhbərliyində Xaçın çarlığı kimi siyasi təsisat yarada bilmişdilər. Gəncədə Mxitar Qoş (1130-1213), onun yetirməsi Vanakan, Gəncəli Kirakos (1200-1271), Vardan (öl. 1271) və s. kimi xristian Alban intellektualları yaşayıb yaratmışdılar. Mxitar Qoş Albaniya katalikosu III Stepannosun (1155-1195) təkidli xahişi ilə yazılmış məşhur “Sudebnik” (“Qanunnamə”) əsərinin müəllifidir. “Qanunnamə”yə heç bir sistem gözlənilmədən Şərqi Roma imperiyasının qanunları ilə yanaşı, Alban kilsəsinin qanunları, “Musa qanunları”, kilsə (Aquen, bardis) qanunları daxil edilmişdir (7, 227). Bundan başqa Mxitar Qoş “Alban salnaməsi” əsərinin də müəllifidir.



1240-cı ildən başlayaraq Qanzasar məbədinin nüfuzu artmağa başladı. Məbədə Həsən Cəlal nəslinin nümayəndələri başçılıq edirdilər. Bu vaxtdan Qanzasar alban kilsəsinin mərkəzi alban katolikoslarının iqamətgahı oldu, alban katolikosluğu Qanzasar katolikosu adlanmağa başladı. Qanzasar katolikoslarının iqamət-gahı həm də Artsax knyazlığının dini və siyasi mərkəzi idi” (8, 227). Həmdulla Qəzvini “Hüzhət əl-Qülub” əsərində Ucan şəhərindən danışarkən şəhər əhalisi arasında xristianların da olduğunu qeyd edir (9, 8). Şərqi Suriya kilsəsi saborlarının sənədlərində Partavda V əsrdən, Urmiyada IV əsrdən, Paytakaranda VI əsrdən, Muğanda VIII əsrdən, Marağa, Təbriz, Uşnuda XIII əsrdən yepiskopluqların mövcudluğu təsdiq edilir (10, 40). Xristianlığın əsas cərəyanlarından biri olan nəsraniliyin Azərbaycanda yayıl-ması ilə bağlı da faktlar vardır. Akademik V.Bartolld “Xəzəryanı ərazilərin islam tarixində yeri” adlı əsərində Ərəblərin gəlişi dövründə nəsranilərə işarə edərək yazır: “Ərəblər Sasanilərin sərhəd ərazilərini tutanda bu bölgələrin dini kimi xristianlıqdan danışırlar, zərdüştlüyün ardıclıları isə heç xatırlanmır. Sasanilərin qərb ərazilərində nəsranilik xristianlığın xüsusi təlimi şəklində təşəkkül tapdı. Onlar Bizansda təqib olunurdular. Burada isə təqiblər olmadığı üçün nəsranilik hakim vəziyyətdə idi” (11, 672). Monqol və Səlcuq-türk istilaları dövründə xristianlıq təzə nəfəs tapıb yeni bir dalğa ilə Şərqə yayılmağa başlamışdı. Bu səbəbdən də XI-XIII əsrlərdə Azərbaycanda nəsrani məzhəbli xristianlıq daha fəal yayılmış, bir sıra türk tayfaları xristianlığı qəbul etmiş, kilsə və monastırlar tikilmişdir. İçəri şəhərdəki - Qız qalasının yanındakı məscidin yaxınlığındakı xristian kilsəsinin nəsranilərə məxsus olduğu, eyni zamanda Abşeronun bir sıra qədim qəbiristanlarında nəsrani müqəddəslərinin sərdabələri olduğu məlumdur (12, 39-41). Orta əsrlərdə Azərbaycanda iudaist dininin daşıyıcıları olan yəhudi icmaları da mövcud idi. Azərbaycanın Şimal-şərqinə iudaist yəhudilərin köçüb gəldiyi hələ lap qədim dövrlərdən məlumdur. Onların Azərbaycanda məskunlaşması ilə bağlı araşdırıcılar arasında fərqli fikirlər mövcuddur. Tarixçi alim Tarix Dostəliyev “Şimali-şərqi Azərbaycan IX-XV əsrlərdə” adlı əsərində yəhudilərin Azərbaycanda mənşəyi ilə bağlı, bəzi tədqiqatçılar tərəfindən irəli sürülən Sasanilərin köçürtdükləri İran mənşəli əhalinin sonradan iudaizmi qəbul etmələri və bunun əsasında Azərbaycanda yəhudi icmasının yaranması haqqındakı versiyanı rədd edərək qeyd edir ki, yəhudilər dünyanın bir çox məməkətlərinə səpələndikdən sonra da müxtəlif xalqlar arasında yaşayaraq onların dillərini qəbul etsələr də, dini mənsubiyyətlərini qoruyub saxlaya bildikləri kimi Azərbaycanda da öz icmalılığını və dini mənsubiyyətini qoruyub saxlamışlar (13, 235). Orta əsrlərdə Azərbaycanın Şimal-şərqində yəhudi icmalarının yaşaması haqqında orta əsr yazılı mənbələri də xəbər verir. XIII əsrin ortalarında Monqolustana qədər səfər etmiş və səyahəti zamanı keçdiyi ərazilər və onların xalqları haqqında qeydlər aparmış fransalı rahib Vilhelm de Rubruk Dərbənddən cənubda iki günlük məsafədə yerləşən Şabran (Samaron) şəhərində çoxlu yəhudilərin ya-şadığını söyləyir. (s. 65-68 Ə. Əhməd)
Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə