MünasiBƏTLƏr virtuallaşIR: SƏn buna hazirsanmi?



Yüklə 29,15 Kb.
tarix04.11.2017
ölçüsü29,15 Kb.
#8224










MÜNASİBƏTLƏR VİRTUALLAŞIR: SƏN BUNA HAZIRSANMI?










http://medya.todayszaman.com/azerbaycan/2013/08/19/computer-language.png







                                                                                      NATİQ PƏNAHLI

Sərlövhədə qoyulmuş sual bu gün üçün olduqca aktualdır. Doğrudan da istər siyasi-iqtisadi və sosial-ictimai mühitdə, istərsə də gündəlik məişətimizdə qeyri-ənənəvi, başqa sözlə desək, adət etmədiyimiz münasibətlər formalaşmaqdadır. Bir tərəfdən dilimizə “elektron”la başlayan yeni anlayışlar daxil olur, digər tərəfdən həyat tərzimizdə müəyyən dəyişikliklər baş verir. Yəni tamamilə yeni bir mühit və yeni bir reallıqla üz-üzəyik. Bu yenilik bütövlükdə həyatımıza sirayət etməklə, bizi yeni davranış normalarını mənimsəməyə sürükləyir.



 

Əslində bütün bu baş verənlər göründüyü qədər qəliz deyil, əksinə olduqca sadə və qanunauyğundur. Bütün bunların izahı ondan ibarətdir ki, informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı nəticəsində gündəlik ənənəvi həyatımıza paralel şəkildə virtual həyatımız formalaşır və gün keçdikcə bu virtual mühit öz əhatə dairəsini genişləndirir.

            BU TENDENSİYA HARADAN GƏLİR?

            Bütün bunların kökündə dayanan amil İKT-nin, yəni kompyuter, mobil telefon və internet kimi texnoloji avadanlıqların həyatımıza daxil olmasıdır. Bu gün həyatı mobil telefonsuz təsəvvür etmək mümkün olmadığı kimi, internetdən kənar reallığı da təsəvvür etmək olduqca çətindir. Bu onunla əlaqədardır ki, İKT məhsulları bu gün bizim gündəlik zəruri tələbat mallarımız olmaqla yanaşı, bu texnoloji avadanlıqlar davranışlarımıza müəyyən istiqamət verə bilən faktora da çevrilib.

            İKT sektorunun inkişafı özü ilə birlikdə bir sıra yeniliklər gətirdi. Daha doğrusu, texnoloji inkişaf həyatın bütün sferalarına öz ciddi təsirini göstərdi. Məsələyə bir qədər konseptual yanaşaraq, deyə bilərik ki, sosial, iqtisadi və mədəni institutlar forma və məzmun baxımından yenilənməyə başladı. Hazırda fərdi davranışlarımızdan tutmuş sosial davranışlarımıza qədər, hər şey müasir tələblərə uyğun olaraq yenidən formalaşır. Bütün bu dəyişikliklərin nəticəsidir ki, tədqiqatçılar bəşəriyyətin özünün yeni inkişaf mərhələsinə qədəm qoyduğunu artıq qət ediblər. Bu mərhələ isə “informasiya cəmiyyəti” adlanır və indi dünya ölkələri bu mərhələyə keçmək üçün bütün qüvvəsini səfərbər edib.



MÜNASİBƏTLƏR NECƏ VİRTUALLAŞIR?

            İnsanın sosial bir varlıq olduğunu qəbul etməyən yoxdur. Bu sosiallıq əvvəla onunla xarakterizə olunur ki, insan ünsiyyət və münasibət qurmağa, həmçinin digər insanlar və sosial subyektlərlə qaynayıb-qarışmağa meyillidir. Bu, insanın mahiyyətindən irəli gələn daxili bir tələbatdır. İnsanoğlu var olduğu ilk gündən ətrafına bu nəzərlə baxıb və bundan sonra da belə olacağını söyləmək olar. Ancaq yeni şəraitdə insanın münasibət qurmaq platforması həm genişlənib, həm də alternativli olub. Söhbət virtual münasibətlər platformasından gedir.     Əslində ətrafımızda baş verən hər şey virtuallaşır. Vətəndaş-dövlət münasibətləri, vətəndaş-vətəndaş əlaqələri, dostluqlar və digər sosial-iqtisadi münasibətlər forma və məzmunca dəyişir. Yəni ənənəvi həyatımızda mövcud olan hər şey virtual mühitə keçir. Məsələn, bu gün biz sosial şəbəkələrdə virtual dostluqlar və ailə münasibətləri qururuq, sevincimizi və kədərimizi bölüşürük, internetlə dövlət qurumlarına müraciət edirik, istədiyimiz məhsulu alış-veriş saytlarından sifariş edib qapımıza qədər gətizdiririk və s.



BUNLAR BİZƏ NƏ VƏD EDİR?

            Əslində yerində verilmiş bir sualdır: madam hər şey virtuallaşır, bəs bu, bizə nə vəd edir? Bizim bu prosesdə qazancımız və ya itkilərimiz nə olacaq?

            Əvvəla, bilmək lazımdır ki, virtuallaşmanın qarşısını almaq nəinki mümkündür, əksinə, bu proses daha da güclənməkdə və möhkəmlənməkdədir. Demək ki, bu, təbii prosesdir. Sadəcə olaraq bu prosesə özümüzü hazırlamalıyıq.

            Virtuallaşma bizə bir çox qazanclar gətirir. Birincisi, dövlət-vətəndaş münasibətləri şəffaflaşır və vətəndaşın ayrı-ayrı məmurlardan asılılığı minimuma enir, hətta bəzi məqamlarda bu asılılıq sıfıra düşür. Bir qədər paradoksal kimi görünsə də, dövlət qulluqçuları ilə vətəndaş arasındakı “məsafə” azalır və bu “yaxınlaşma” şəffaflığı maksimum təmin edir. İkincisi, yeni şəraitdə vaxt itkisi anlayışı aradan qalxır. Vətəndaş hansısa dövlət qurumundan bir sənəd almaq üçün saatlarla növbəyə dayanmır, internet vasitəsilə istədiyinə nail olur. Üçüncüsü, insanların “birinci şəxs”lə əlaqə qurmaq şansı əmələ gəlir. Bu “birinci şəxs” prezident də ola bilər, hansısa idarənin rəisi də. Dördüncüsü, vətəndaş cəmiyyəti güclənir. Bu, həm də ölkədə demokratiyanın möhkəmlənməsinə zəmin hazırlayır. Beşincisi, informasiya cəmiyyətində vətəndaşların məlumatlılıq səviyyəsi artdığı üçün onların siyasi proseslərdə iştirak imkanları da artır və s.

            HÖKUMƏT NƏ EDİR?

            Bu özü də maraqlı situasiyadır: hökumət və elektron hökumət (qısaca e-hökumət). Bunu bəlkə də ənənəvi olanla yeni olanın münasibətləri kimi də təqdim etmək olar. Ancaq yeni dünya düzəni ondan ibarətdir ki, ənənəvi hökumətlər özləri e-hökumətin qurulmasında ya maraqlıdırlar, ya da maraqlı olmağa məcburdurlar. Çünki müasir vətəndaş öz hökumətindən yeni tendensiyalara ayaq uydurmağı tələb edir.

            Azərbaycan da bütün bunlardan kənarda deyil. İKT-nin ənənəvi həyata müdaxiləsi və yeni münasibətlərin formalaşması bizdən də yan keçməyib. Sevindirici haldır ki, ölkəmizdə müasir tendensiyalar dövlət səviyyəsində düzgün başa düşülür. İstər Prezident İlham Əliyevin İKT sektorunu ölkənin neftdən sonrakı ikinci prioritet sahə elan etməsi, istərsə də sırf informasiya cəmiyyəti və İKT ilə bağlı ayrıca nazirliyin (Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi) fəaliyyət göstərməsi bunun göstəricisidir. Bundan başqa, 2013-cü ilin “İKT ili” elan edilməsi və bu il ilk süni peykin – “Azərspeys”in orbitə çıxarılması da dövlət rəhbərliyinin siyasi iradəsinin təzahürü kimi qiymətləndirilə bilər.

            Əlbəttə, Azərbaycanda informasiya cəmiyyətinin, başqa sözlə, virtual münasibətlər sisteminin tam formalaşdığını iddia etmək hələ tezdir. Bu istiqamətdə xeyli işlər görülsə də, proses yekunlaşmayıb. Ona görə də biz hələ informasiya cəmiyyətinin bəhrəsini tam görə bilmirik. Ancaq dövlət rəhbərliyinin siyasi iradəsi onu deməyə əsas verir ki, ölkəmizdə informasiya cəmiyyəti ilə bağlı işlər yaxın gələcəkdə tamamlanacaq. Bir faktı xatırlatmaq yerinə düşər. Hazırda hökumət öz vətəndaşlarına “ASAN xidmət” təklif edir. Artıq bir neçə aydır ki, vətəndaşlarımızın bir qismi bir neçə dövlət qurumunun xidmətini “bir pəncərə”dən qəbul edir. Özü də hər hansı məmur süründürməçiliyinə rast gəlmədən.

            Əlbəttə, “ASAN xidmət” informasiya cəmiyyəti demək deyil. Ancaq bu xidmətin özü informasiya cəmiyyətinə keçid prosesində önəmli mərhələdir. Bunu “keçid mərhələ” adlandırmaq da olar. Burada informasiyanın mərkəzləşdirilməsi və vətəndaşlara rahat xidmətin göstərilməsi əslində informasiya cəmiyyəti ilə bağlı reallıqlardır. Bu, həm də bir tərəfdən insanların İKT-yə olan marağının artırılmasına xidmət edirsə, digər tərəfdən dövlətin öz vətəndaşlarına şəffaf xidmətin göstərilməsində nə qədər maraqlı olmasının göstəricisidir.

                        WWW.E-GOV.AZ: PROBLEMLƏRİNİ MASA BAŞINDAN HƏLL ET!

            Bu, bir şüar deyil. Buna çağırış demək daha düzgün olardı. Çünki www.e-gov.az saytı əslində Azərbaycanda yaşayan bütün vətəndaşlara, həmçinin xarici ölkə vətəndaşlarına, eləcə də vətəndaşlığı olmayan şəxslərə masa başından bir çox problemlərini həll etmək imkanı verir. Bu baxımdan adıkeçən saytı “bir pəncərə” prinsipinə əsaslanan və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdiyi rəsmi virtual mühit kimi başa düşmək daha doğrudur. Yəni hökumətin elektron xidmətlərindən faydalanmaq üçün ayrı-ayrı dövlət qurumlarının saytlarına daxil olmağa ehtiyac qalmadan, bu portalda onların hamısını bir arada görmək mümkündür. Bu, həm də çox sayda sayt adlarının əzbər bilmək məcburiyyətini də aradan qaldırır.

Məlumat üçün deyək ki, ölkədə ümumilikdə təsdiq olunmuş elektron xidmətlərin sayı 417-dir. Hazırda bu portalda 35 dövlət qurumunun – nazirliklərin, komitələrin, komissiyaların və digər dövlət idarə və təşkilatlarının 236 adda xidməti elektron qaydada təqdim olunur.

            Bir neçə nümunə ilə bu portalın üstünlüklərini diqqətinizə çatdıraq. Deyək ki, bir sürücü kimi DYP əməkdaşlarının sizə yazdığı cərimə barədə məlumat almaq istəyirsiniz. E-gov.az portalında qeydiyyatdan keçdikdən sonra Daxili İşlər Nazirliyi ilə bağlı müvafiq bölmədən bu məlumatı ala bilərsiniz.

            Yaxud da, deyək ki, evlənmək ərəfəsindəsiniz və nikahınızı qeydiyyata aldırmaq istəyirsiniz. Bunun üçün hansısa VVAQ idarəsinə getməyə ehtiyac yoxdur. Bu portalın Ədliyyə Nazirliyi ilə bağlı hissəsinin müvafiq bölməsinə daxil olaraq, oradakı elektron müraciət forumunu doldurmaq kifayətdir və s.

            Onu da qeyd edək ki, hələ ölkəmizdə hökumətin bütün fəaliyyəti və xidmətləri tam elektronlaşmayıb. Ancaq bu istiqamətdə işlər sürətlə görülməkdədir. Ona görə də www.e-gov.az portalının əhatə dairəsi də buna müvafiq olaraq genişlənməkdədir.

SƏNİN HAZIRLIĞIN HANSI SƏVİYYƏDƏDİR?

Göründüyü kimi virtuallaşma həyatın bütün sahələrinə yayılır. Elektron xidmət mərhələsinə keçid sürətlə davam edir. Bu məqamda belə bir problem ortaya çıxır: vətəndaşlar bu xidmətlərdən nə qədər faydalana bilirlər? Əslində bu sualın cavabı ikitərəflidir. Bu cavablardan birini dövlətin e-hökumət quruculuğu istiqamətində gördüyü işlərin səviyyəsi təşkil edirsə, digər tərəfdən vətəndaşların özlərinin yeni tendensiyaya fərdi hazırlıqları burada əsas rol oynayır. Yəni vətəndaş əvvəla bir fərd olaraq özünü İKT məhsullarından istifadə etməyə hazırlamalı və o, elektron xidmətlərdən faydalanmaq üçün daxili tələbat hiss etməlidir. Əks halda görülmüş və görüləcək bütün işlər əbəs olacaq.






Yüklə 29,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə