MüNDƏRİcat



Yüklə 1,73 Mb.
səhifə1/17
tarix11.10.2017
ölçüsü1,73 Mb.
#4237
  1   2   3   4   5   6   7   8   9   ...   17


MÜNDƏRİCAT



Ön söz.....................................................................................................................

5

Giriş.........................................................................................................................

7

I Bölmə. Neft-qaz mədən geologiyası elmi haqqında ümumi məlumatlar.

10

I.1. Neft-qaz mədən geologiyasının mahiyyəti...................................................

10

I.2. Neft-qaz mədən geologiyasının inkişaf mərhələləri.....................................

11

I.3. Neft-qaz mədən geologiyasının müasir problemləri və öyrənilmə yolları...

14

I.4. İlkin məlumatların tədqiqi............................................................................

17

I.5. Müxtəlif üsullarla alınmış nəticələrin ümumiləşdirilməsi...........................

18

I.5.1. Geoloji-mədən üsulları........................................................................

18

I.5.2. Geoloji-riyazi üsullar..........................................................................

20

I.6. Azərbaycanın neft-qaz mədənlərinin geoloji-texnoloji xüsusiyyətləri........

20


II Bölmə. Neft və qaz yataqlarının işlənilməsinə qədər aparılan

kompleks tədqiqatlar............................................................................

29


II.1. Karbohidrogenlərin yer təkində toplanılmasının təbii şəraiti və paylanılma sərhədləri.................................................................................................................

29


II.2. Çoxlaylı mədənin geoloji quruluşu.............................................................

34

II.2.1. Çoxlaylı strukturun şaquli kəsilişinin öyrənilməsi............................

35

II.2.2. Yataqların sahəvi öyrənilməsi............................................................

43

II.2.3. Yataqların daxili (həcmi) quruluşunun öyrənilməsi.........................

50

II.3. Lay süxurlarının litoloji göstəriciləri..........................................................

51

II.4. Geoloji müxtəliflik......................................................................................

60

II.5. Lay flüidləri................................................................................................

76

II.6. Tektonik qırılmalar və onların flüid paylanmasında rolu.........................

87

II.7. Neft və qaz yataqlarının enerji xüsusiyyətləri.......................................

92

II.8. Karbohidrogen yataqlarının ehtiyatları və onların hesablanılması.........

101


III Bölmə. Neft və qaz yataqların işlənilməsinin geoloji əsaslarının

yaradılma üsulları..............................................................................

113


III.1. Neft və qaz yataqlarının geoloji əsaslarının yaradılma mərhələləri...........

113

III.2. Neft və qaz mədənlərinin işlənilməsində geoloji tədqiqatların əsas istiqamətləri.............................................................................................................

115


1) Mədənin işlənilmə ərəfəsində aparılan tədqiqatlar.................................

116

2) Mədənin işlənilməsi prosesində aparılan tədqiqatlar............................

117

III.3. Mədənin kəsilişində istismar obyektlərinin ayrılması................................

119

III.4. Ayrılmış yatağın (fərdi istismar obyektinin) işlənilmə sistemləri...............

126

III.4.1. Yalnız təbii enerji ilə işlənilmə...........................................................

127

III.4.2. Süni təsir üsullarla işlənilmə...........................................................

130

  1. Suvurma üsulları.........................................................................

130

  1. Layların neftverimini artıran (LNA) üsullar................................

132

III.4.3. Horizontal quyuların qazılmasının və istismarının geoloji şəraiti..

155

III.5. Yataqların işlənilməsi üçün tələb olunan quyu fondu və quyu şəbəkəsi..

156

III.6. İşlənilmə obyektlərinin təzyiqlər qradiyenti.............................................

161

III.7. Neft yataqlarının işlənilməsinin xarakterik mərhələləri..........................

161

III.8. Neft yataqlarının işlənilməyə cəlb edilməsi və neftçıxarma prosesinin tənzimlənməsi..........................................................................................

165


III.9. Qaz və qazkondensat yataqlarının işlənilmə xüsusiyyətləri.....................

176

III.10.Dəniz neft yataqlarının işlənilməsinin spesifik şəraiti.............................

180

III.11.Ehtiyatı çətinçıxarılabilən neft yataqlarının işlənilmə problemləri........

184

III.12. Neft yataqlarının lay parametrlərinin işlənilmə prosesində dəyişilməsinin təyini................................................................................

188


III.13. İşlənilən neft yataqlarının təsnifat üsulları...........................................

193

III.14. Layların neftveriminə təsir edən amillərin təyini....................................

194

III.15. Neft və qaz yataqlarının işlənilməsinin son mərhələsində aparılan geoloji-mədən tədqiqatları.............................................................................

207


III.16. Neft və qaz yataqlarında hasilatın proqnozlaşdırılması...........................

212

III.17. Yer təkinin və ətraf mühitin mühafizəsi..................................................


215

Əlavələr...................................................................................................................

220

Ədəbiyyat................................................................................................................

254



Ön söz
Azərbaycanda neft və qaz yüz illərdir ki, hasil edilir. Hələ qədim zamanlarda burada olmuş səyyahlar, alimlər və yazıçılar təbii neft və qaz çıxışlarının, əl ilə qazılmış dayaz quyuların mövcudluğunu qeyd etmişlər. Burada neftin istifadəsi və nəqli haqqında da ətraflı məlumatlara rast gəlinir.

XIX əsrin sonu və XX əsrin əvvəllərindən başlayaraq bir çox ölkələrdə sənaye sahələrinin inkişafı başlayır ki, bu da neft hasilatının artırılmasını tələb edirdi. Bununla əlaqədar olaraq dünyanın digər neft çıxaran ölkələri ilə yanaşı ölkəmizdə də onun hasilatı artmışdı. Lakin bu artım sistematik deyildi: ölkənin geosiyasi vəziyyəti, geoloji-texniki, texnoloji və iqtisadi amillərin təsiri neft hasilatının illik dinamikasında kəskin dəyişikliklərə gətirmişdir. Cari dövrdə isə neft sənayesinin tarixində hələ müşahidə olunmayan bir səviyyə – illik hasilatın 50 milyon tona çatmasına nail olunmuşdur. Bu isə xalq təsərrüfatının inkişafında öz rolunu oynamışdır.

Ümumiyyətlə, Azərbaycanın bugünkü və gələcək tərəqqisini neftsiz və qazsız təsəvvür etmək mümkün deyil. Odur ki, ölkəmizdə bu sahənin inkişafına xüsusi diqqət yetirilir.

Qeyd etmək lazımdır ki, Azərbaycanda neft-qaz elminin və sənayesinin unikal xüsusiyyətləri vardır: burada məhsuldarlıq quru ərazidə və dəniz akvatoriyasında yerləşən strukturlarla əlaqədardır; onların bəzilərində yüz ildən artıq bir dövrdə neft-qaz hasil edilirsə, digərlərində bu prosesin tətbiqinə yaxın keçmişdə başlanılmışdır; yataqlar Məhsuldar Qatla əlaqədar olmaqla müxtəlif geoloji quruluşlarla səciyyələnirlər; istismar obyektlərində neftvermənin səviyyəsi çox geniş hüdudlarda dəyişir və s. Onu da qeyd etmək vacibdir ki, yataqların uzun müddət müxtəlif texnologiya ilə işlənilməsi onların geoloji şəraitini xeyli mürəkkəbləşdirmişdir: lay təzyiqi və qaz amili kəskin azalmış, qeyri-bərabər sulaşma baş vermiş və s.

Belə bir şəraitdə neft və qazın tələb olunan həcmdə hasil edilməsi xeyli sayda bir-biri ilə əlaqəli kompleks məsələlərin həllini tələb edir. Buraya uzun müddət işlənən yataqların müasir geoloji şəraitinin öyrənilməsi, işlənilmə prosesində yüksək neftverməyə imkan verməyən səbəblərin araşdırılması, dünya neftçıxarma təcrübəsində analoji geoloji şəraitlərdə istismar yeniliklərinin tədqiqi və s. daxildir. Bu tədqiqatlar sistematik aparılmalı və alınan nəticələrdən müvafiq layihə sənədlərində istifadə edilməlidir. Beləliklə, yataqların daim yeniləşən geoloji əsasları yaradılır. Bu problemin həll edilməsində bir çox elm sahələrinin imkanlarından istifadə edilir. Onların cərgəsində “Neft-qaz mədən geologiyası” elmi aparıcı yerlərdən birini tutur. Məhz bu elm sahəsinin mütəxəssisləri yataqların geoloji əsaslarını tərtib edir və onun tətbiqini bilavasitə həyata keçirirlər. Belə məsul vəzifənin yerinə yetirilməsini isə yalnız müvafiq biliyə malik geoloq-mütəxəssislər təmin edə bilərlər. Odur ki, Azərbaycan Dövlət Neft Akademiyasında bu sahədə fasiləsiz olaraq yüksək ixtisaslı kadrlar hazırlanır.

Bu dərslik bakalavr səviyyəli mütəxəssis hazırlığı üçün yazılmışdır. Dərslikdə geologiya elminin müasir nailiyyətlərindən geniş istifadə edildiyindən ondan magistrlər, eləcə də istehsalat və elmi müəssisələrdə çalışan mütəxəssislər də istifadə edə bilərlər.

Dərslik müəllifin 20 ildən artıq bir dövrdə Azərbaycan Dövlət Neft Akademiyasında oxuduğu mühazirələr əsasında yazılmışdır. Onun tərtibində bir sıra universitet və institutlarda fəaliyyət göstərən alimlərin işlərindən istifadə olunmuş, Azərbaycan Dövlət Neft Şirkətinin mədən-fond məlumatlarına istinad edilmişdir.

Müəllif, kitabın hazırlanması prosesində və onun bilavasitə tərtibatında göstərdikləri köməyə görə geologiya-mineralogiya elmləri doktoru Əhməd Salmanova, geologiya-mineralogiya elmləri namizədləri Fuad Məhərrəmov və Samirə Nəzərovaya öz minnətdarlığını bildirir.



Gİrİş
Neft və qaz öz mahiyyətinə görə heç bir faydalı qazıntı ilə müqayisə oluna bilməz. Müasir dünyanı bu karbohidrogenlərsiz təsəvvür etmək belə mümkün deyil: insan cəmiyyətinin bugünkü tərəqqisi məhz neftə və qaza istinad etməklə yaranmışdır. Qeyd etmək lazımdır ki, son 30-40 ildə onlara olan tələbat xeyli artmışdır. Dünya miqyasında enerji resurslarından istifadənin müasir göstəricilərinə müraciət etsək, aşkar olar ki, bunlardan neftin və qazın payına təxminən 60% düşür (o cümlədən neft - 45%, qaz - 15%). Odur ki, müasir dövrdə neft və qaz mənbələrinin aşkar edilərək istifadəsi ölkələr üçün tələbat xarakterli problemə çevrilmişdir. Bu problem artıq geosiyasi baxımdan həll olunur ki, bu da dünya ölkələrinə öz təsirini müxtəlif cür göstərir. Texniki tərəqqinin neft və qazdan bilavasitə asılılığı onların fasiləsiz əldə edilməsini tələb edir. Lakin, bu problemin həlli göstərilən enerji resurslarının dünya üzrə paylanma xarakterindən, qiymət dəyişmələrindən və s. amillərdən birbaşa asılıdır.

Beləliklə, neft və qazın hasil edilərək istifadəsi müasir dünyanın ən böyük və çox şaxəli problemi kimi qiymətləndirilməlidir. Bu problem ayrı-ayrı ölkələrdə müxtəlif qoyuluşlarla həll edilirsə də, geoloji-texniki baxımdan üç qlobal amilin mövcudluğu nəzərə alınmalıdır:

- yer kürəsində yeni karbohidrogen yığımları yaranmır və onların ehtiyatları tədricən mənimsənildiyindən sistematik olaraq azalır;

- neft yataqlarının yerləşdiyi regiondan (ölkədən), geoloji-fiziki xassələrindən, tətbiq olunan neftçıxarma texnologiyasından və digər amillərdən asılı olmayaraq onların ehtiyatlarını tam mənimsəmək mümkün olmur: uzun müddət mütərəqqi üsulların tətbiqi ilə aparılan işlənilmə prosesləri nəticəsində belə, ilk balans ehtiyatlarının yalnız 55-60% hasil edilə bilər;

- digər alternativ enerji mənbələrinin istifadəsi gözlənilən nəticələri verməmişdir: günəş, külək, su enerji mənbələrindən hələ də kiçik miqyaslarda istifadə olunur; daha böyük imkanlara malik nüvə enerjisindən istifadə isə qənaətbəxş olmamışdır (xüsusi ilə Çernobıl atom elektrik stansiyasında baş verən qəzadan sonra).

Beləliklə, neft və qaz amilinin müasir dünyadakı rolu aydın görünür. Odur ki, bu karbohidrogen ehtiyatları olduqca səmərəli istifadə edilməlidir. Göstərilən problemi həll etmək üçün müvafiq elm sahələrinin nailiyyətlərindən geniş istifadə edilməlidir. Bu baxımdan neft-qaz mədən geologiyası elminin imkanları geniş və effektlidir. Neft geologiyasının tərkib hissəsi olmaqla bu elm sahəsi yataqların geoloji quruluşunun öyrənilməsi və rasional işlənilməsini təmin edən yanaşma və üsulları özündə cəmləşdirir. Onun əsas məqsədi çöküntü komplekslərində toplanmış neft və qaz ehtiyatlarının səmərəli mənimsənilmə yollarını əsaslandırmaqdır.

Qeyd etmək lazımdır ki, son zamanlar neft-qaz mədən geologiyası elmi və onunla əlaqədar təcrübi üsullar əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Bu elm sahəsi hidrodinamika, riyazi statistika, ehtimal nəzəriyyəsi və s. elmlərin müvafiq üsullarını özündə cəmləşdirərək məqsədyönlü məsələlərin effektli həllini təmin edir. Müvafiq alqoritm və proqramların kompüter həlli isə müxtəlif geoloji-mədən tədqiqatları üçün tələb olunan məlumatların (xəritə, profil, qrafik, cədvəl və s.) müxtəlif variantlarının operativ əldə edilməsinə kömək edir. Məhz bu məlumatlar əsasında yataqların ehtiyatlarının mənimsənilməsi üçün səmərəli yollar aşkar edilir və iqtisadi cəhətdən əsaslandırılır. Odur ki, müasir dövrün mədən geoloqu dərslikdə göstərilən müddəalar, yanaşmalar, üsullar və onların kompüter həllini mükəmməl bilməlidir.

Bu dərslikdə karbohidrogen yataqlarının geologiyası və işlənilməsində istifadə olunan bəzi terminlərə də düzəlişlər verilmişdir. Bu hər şeydən əvvəl neft və qaz yığımlarının yerləşdiyi geoloji cisimlərin adlandırılması ilə əlaqədardır: rus dilində istifadə olunan “залежь” və “месторождение” terminləri müvafiq olaraq fərdi və çoxlaylı yatağı təmsil edir. Azərbaycan dilində isə hər iki məfhum bir terminlə - “yataq” kimi işlənilir ki, bu da geoloji cisimlərin indeksləşdirilməsində müəyyən qarışıqlıq yaradır. Bununla əlaqədar olaraq biz fərdi işlənən istismar obyektlərini “yataq”, çoxlaylı strukturu (“месторождение”) isə bütövlükdə “mədən” adlandırılmasını məqsədəuyğun hesab edirik. Belə olduqda, məsələn, Suraxanı yatağı – Suraxanı mədəni, Neft Daşları yatağı - Neft Daşları mədəni kimi adlandırılmalıdır. Onların kəsilişində ayrılmış istismar obyektləri isə (məsələn, V horizont, qırməki üstü qumlu lay dəstəsi) yataq kimi adlandırılmalıdır.

Onu da qeyd edək ki, neftli-qazlı obyektlərin yuxarıda qeyd edilən məfhumlarla adlandırılması öyrəndiyimiz “Neft-qaz mədən geologiyası” dərsliyinin əhatə etdiyi problemlərin istiqamətləri ilə də uzlaşır. Belə ki, bu fənn ilə bağlı olan elm sahəsi təkcə fərdi yataqlar deyil, onların daxil olduğu çoxlaylı yataqların - mədənin işlənilməsinin geoloji əsaslarının yaradılmasını təmin edir.

Dərsliyin hazırlanmasında digər terminoloji düzəlişlər və dəqiqləşdirmələr də aparılmışdır ki, bu da elmin müasir inkişaf mərhələsinin tələbləri ilə bağlıdır.




  1. Neft-qaz mədən GEOLOGİYASI ELMİ haqqında

ÜMUMİ məlumatlar
I.1. Neft-qaz mədən geologiyasının mahiyyəti

Neft-qaz mədən geologiyası elmi xalq təsərrüfatının inkişafında önəmli rol oynayır. Belə ki, neft və qaz yataqlarının işlənilməsi məhz bu elmin müddəaları əsasında aparılır.

Neft-qaz mədən geologiyası yataqlarda mövcud olan neft, qaz və kondensat ehtiyatlarının rasional mənimsənilməsini təmin edən elm sahəsidir.

Göstərilən tələbatı yerinə yetirmək üçün bu elm yataqların formasının və daxili quruluşunun aşkar edilməsini, onların çöküntü kompleksinin litoloji-fasial analizini, geoloji kəsilişin müfəssəl korrelyasiyasını, lay flüidlərinin fiziki-kimyəvi səciyyəsini və yatım şəraitini, ehtiyatların hesablanmasını və onların mənimsənilmə imkanlarını öyrənir. Məhz bu məlumatlara istinad edərək yataqların işlənilmə proseslərinin tənzimli aparılma yolları əsaslandırılır.

Qeyd etmək lazımdır ki, bu tədqiqatlar yataqların işlənilməsinin bütün dövrlərində fasiləsiz aparılmalıdır. Bu onunla əlaqədardır ki, məhsuldar layların işlənilmə prosesində onların geoloji-texnoloji parametrləri müxtəlif dəyişmələrə məruz qalır: lay təzyiqi aşağı düşür, su-neft və qaz-neft konturlarının yerdəyişməsi baş verir, kollektorların fiziki xassələrində, neftin, qazın və suyun fiziki-kimyəvi tərkibində müxtəlif dəyişmələr qeydə alınır. Təbii ki, bu vaxt neft və qaz ehtiyatları da tədricən azalır. Odur ki, yataqların neft-qaz çıxarma prosesini tənzimli idarə etmək üçün məlumatlar fasiləsiz əldə edilməli, tədqiqat nəticələri isə yataqların işlənilməsinin geoloji əsaslarında əks olunmalıdır.

Yataqların işlənilməsinin müxtəlif dövrlərini əhatə edən geoloji məlumatların müqayisəli təhlili tətbiq olunan prosesin gələcək inkişafını proqnozlaşdırmağa imkan verir.

Nəzərə almaq lazımdır ki, hazırkı dövrdə laylara müxtəlif təsir üsulları (suvurma, fiziki-kimyəvi, fiziki-hidrodinamiki, termik və s.) tətbiq olunur ki, bu da kollektorlarda yerləşən neftin quyudibi zonaya axımını sürətləndirir. Lakin bu üsulların, eləcə də mütərəqqi qazıma üsulu sayılan horizontal (üfüqi) quyuların istismarı universal xarakterli deyil: onlar məhsuldar layın yalnız müəyyən geoloji-texnoloji şəraitlərində tətbiq edilərkən yüksək nəticə verə bilər. Odur ki, işlənilmədə olan yatağın cari geoloji-texnoloji şəraitini etibarlı təyin etmək üçün ənənəvi üsullarla yanaşı riyazi üsulların imkanlarından da maksimum istifadə olunmalıdır. Alınan xəritə, qrafik, xüsusilə yatağın üçölçülü (həcmi) modelləri hazırda geoloji tədqiqatların tərkib hissəsini təşkil edir.
I.2 Neft-qaz mədən geologiyasının inkişaf mərhələləri

Neft və qazın tətbiq imkanları son dərəcə uzun bir dövrdə öyrənilmişdir. Hələ Qədim Misirdə 5 min il əvvəl Vavilon qülləsinin inşasında asfaltdan istifadə edilmişdir. Çində isə eramızdan 200 il əvvəl kiçik dərinliyə qazılmış quyulardan neft çıxarılmış və evlərin işıqlandırılmasında istifadə edilmişdir.

Ölkəmizdə də neft istehsalı 1000 ildən artıqdır ki aparılır. Hələ IV əsrdə Abşerondan Yaxın Şərq ölkələrinə neft daşınması barədə ərəb və iran tarixçilərinin əlyazmalarında rast gəlinir. Burada yerin üzərinə çıxaraq yanan qazlar, əl ilə qazılmış dayaz quyulardan çıxarılan neftlər haqqında XIII əsrdə Marko Polo, XIV əsrdə Severok, XV əsrdə Barbaro, XVI əsrdə Nyuket, XVII əsrdə Oleariy, XVIII əsrdə Lerxi və başqalarının əsərlərində rast gəlinir.

Abşeronda əl ilə qazılmış ilk quyular Bibi-Heybətdə, Balaxanıda, Suraxanıda kiçik dərinlikdə yatan laylardan neft çıxarmağa imkan verirdi. Yalnız 1844-cü ildə dünyada ilk dəfə Bibi-Heybətdə mexaniki üsulla neft quyusu qazılmış və böyük hasilatla istismar edilmişdir. Bundan sonra hər dövrün özünə müvafiq qazıma texnologiyası yaranaraq, getdikcə təkmilləşmişdir. Bu səbəbdən də Abşeronda bir sıra strukturlarda neftlilik aşkar edilmiş və işlənilməyə verilmişdir (şək. I.1).


Şəkil I.1. Azərbaycanın neft-qaz yataqlarının paylanması sxemi.


Elmin inkişafı və neft texnologiyasının təkmilləşdirilməsi nəticəsində yataqların öyrənilmə və işlənilmə göstəriciləri də tədricən yüksəlmişdir.

Təxminən yüz illik istismar dövrünə malik olan neft yataqlarının öyrənilməsində üç mərhələ ayrıla bilər.



I mərhələ – neft yataqlarının işlənilməsinin ilk dövrlərindən 1940-cı illərə qədər müddəti əhatə edir. Bu mərhələdə neft hasilatı yataqların yalnız təbii enerji mənbəyinin istifadəsi nəticəsində əldə edilmişdir. Bu dövrdə fəaliyyət göstərən geoloqlar layların təbii rejimlərini öyrənmiş, quyuların yerləşdirilmə formasını, onların istismar üsullarını müəyyən etmiş və yataqların müxtəlif hissələrində işlənilmə ilə əhatə olunmamış (“toxunulmayan”) zonaları aşkar etmişlər.

II mərhələ - 1940-1970-ci illəri əhatə edir və əsasən yataqlara suvurma prosesinin geniş tətbiqi ilə xarakterizə edilir. Bu mərhələdə geoloji-mədən tədqiqatları ilə müəyyən olunmuşdur ki, suvurma prosesi işlənilmənin effektivliyini xeyli artırır. Yatağa vurulan su “işçi agent” rolunu oynayır. Onun mənbəyinin bütün regionlarda mövcudluğu və prosesin sadə texnologiyası layın süni sulaşdırılma prosesinin geniş istifadəsinə şərait yaratmışdır. Hazırda dünyada istismar edilən yataqların böyük əksəriyyətində bu proses müvəffəqiyyətlə tətbiq olunur. Məsələn, son 25-30 ildə keçmiş SSRİ-də hasil edilən neftin 40%-i suvurma prosesinin tətbiqi ilə əldə edilmişdir. Bununla belə suvurma üsulunun imkanları da məhduddur. Belə ki, yataqlarda işlənilmə prosesinin ən yeni texnologiyası və suvurmanın əsaslandırılmış formaları istifadə edildikdə belə, onların ehtiyatlarının ən çox 50%-i realizə oluna bilər.

III mərhələ - 1970-ci illərdən başlayaraq, hazırda da davam etməkdədir. Bu mərhələ yataqların neftvermə əmsalının daha da artırılmasına yönəldilmiş yeni üsulların axtarışı və tətbiqi ilə səciyyələnir. Istilik, fiziki-kimyəvi, fiziki-hidrodinamiki, mikrobioloji və s. üsullarla məhsuldar laya süni təsir edildikdə, onların son neftvermə əmsalı daha 3-20% artırıla bilər. Lakin, layların neftverimini artıran üsulların tətbiqi, suvurma prosesinə nisbətən, mürəkkəb və çətindir. Belə ki, hər hansı bir üsul yalnız müəyyən geoloji şəraitdə səmərəli tətbiq edilə bilər. Tələb olunan şəraitin təyini isə yataqların təbii və texnoloji xarakterinin dəqiq aşkar edilməsi ilə əlaqədardır. Bu isə öz növbəsində müxtəlif çətinliklərlə bağlıdır və kompleks geoloji-texnoloji, geoloji-riyazi və s. məsələlərin həllini tələb edir.

Beləliklə, neft və qaz yataqlarının işlənilməsi haqqında qısa məlumatlardan görünür ki, bu elm sahəsi müqayisə olunmaz dərəcədə inkişaf etmişdir. Nailiyyətlərin əldə edilməsində neft-qaz mədən geologiyası sahəsində fəaliyyət göstərən alimlərin böyük əməyi olmuşdur. Onların sırasında rus alimlərindən L.F.Dementyev, A.Y.Fursov, M.M.İvanova, M.A.Jdanov, M.İ.Maksimov, M.F.Mirçink, M.A.Surquçov, azərbaycan alimlərindən isə T.Y.Baharov, H.Ə.Əhmədov, F.M.Hacıyev, M.Ə.İsgəndərov, Ş.F.Mehdiyev, Ü.Ş.Mehdiyev, A.Ə.Nərimanov, Ə.M.Salmanov, Ç.Ə.Sultanov, Ç.M.Şeydayev, E.B.Vəliyeva və X.B.Yusifzadənin əsərləri xüsusi qeyd edilməlidir.


I.3 Neft-qaz mədən geologiyasının müasir problemləri və öyrənilmə yolları

Dünya neft-qaz çıxarma təcrübəsindən məlumdur ki, yataqların işlənilmə nəticələri hələ də qənaətbəxş deyil. Məsələn, keçmiş SSRİ-də uzun müddət istismar edilən yataqların neftvermə əmsallarının orta qiyməti cəmi 0,35 təşkil edir. Nəzərə almaq lazımdır ki, bu nəticənin əldə edilməsi üçün kompleks geoloji-texniki tədbirlər həyata keçirilmiş, işlənilmə layihələrinə vaxtaşırı müvafiq düzəlişlər edilmişdir. Yataqların ehtiyatlarının mənimsənilməsində qeyd olunan belə vəziyyət hər şeydən əvvəl onların daxili quruluşunun zəif öyrənilməsi ilə əlaqədardır: layların statik və dinamik göstəricilərinin sahə və stratiqrafik kəsilişlər üzrə paylanması mürəkkəb formada getdiyindən onları ənənəvi üsullarla tam aşkar etmək mümkün olmamışdır; çox vaxt laya xas olan geoloji və işlənilmə xüsusiyyətləri onların yalnız orta qiymətinə istinad etməklə təyin edilmişdir ki, bu da əslində yataq həcmində mövcud geoloji müxtəlifliyin öyrənilməsinə imkan verməmişdir. Geoloji-mədən tədqiqatlarının belə üsullarla aparılması müasir tələblərə cavab verən işlənilmə layihələrinin tərtibatını çətinləşdirir. Bu tələbatın yerinə yetirilməsi üçün neft geologiyası elmini, o cümlədən neft-qaz mədən geologiyasını dəqiq elmlər cərgəsinə gətirilməsi lazım gəlmişdir.

Müasir dövrdə neft-qaz yataqlarının işlənilməsinin ənənəvi üsullarla tərtib olunmuş xəritə, profil, hesablama planları və s. əsasında aparılması qənaətbəxş sayılmır. Məlumatların dolğunluğunu və etibarlılığını təmin etmək üçün geoloji-riyazi modellərdən istifadə edilməlidir ki, bu da nəticə etibarı ilə bütövlükdə çoxlaylı mədəninin və onun kəsilişində rast gələn ayrı-ayrı çöküntü komplekslərinin geoloji-fiziki xassələrini təyin etməyə kömək edir. Qeyd olunan müddəaları əsaslandırmaq üçün neft və qaz yataqlarının öyrənilməsinin prinsipial qoyuluşlarına nəzər yetirək.

Məlumdur ki, neft və qaz layının öyrənilməsində əsas informasiya mənbəyini qazılmış quyular təşkil edir. Quyuların dərinliyi və aralarındakı məsafə həmin layın geoloji quruluşuna istinadən seçilir. Onlardan alınan geoloji-geofiziki məlumatlar isə yatağın bütün həcmini deyil, yalnız onun ayrı-ayrı nöqtələrindəki səciyyəsini əks etdirir. Nöqtəvi məlumatlardan sahə və ya həcm modellərinin tərtibində sadə aproksimasiya üsullarından (üçbucaq, profillər və s.) istifadə edilir ki, bu da öyrənilən lay parametrlərin real paylanma xüsusiyyətlərinin aşkar edilməsini çətinləşdirir. Yatağın quruluşunun mürəkkəb olması və quyuların sayının azlığı şəraitində tərtib olunan xəritələrin etibarlılığı daha aşağı olur. Əslində onlar yatağın quruluşunun təsvirini müəyyən ehtimallılıqla əks etdirirlər.

Müasir dövrdə neft yataqlarının işlənilməsinin geoloji əsaslarının tərtibatına qoyulan başqa bir tələbat müvafiq xəritə, qrafik və cədvəllərin çoxvariantlılıq və operativlik prinsipi əsasında qurulmasıdır. Burada məlumatların kompüter təsvirinin verilməsi nəzərdə tutulur ki, bu da yeni quyuların qazılmasından və işlək quyu fondundan alınan hər bir yeni məlumatın tədqiqat kompleksinə əlavə edilməsinə şərait yaradır. Nəticədə, ilkin məlumatlar dərhal dəqiqləşdirilir və işlənilmə prosesinə müvafiq dəyişikliklər edilir.

Məlum olduğu kimi, yatağın parametrlərinin paylanma xüsusiyyətlərini müəyyən etmək üçün müxtəlif təyinatlı xəritələr də qurulur. Müasir dövrdə belə xəritələr əsasən üçölçülü variantda (x, yz koordinatları üzrə) verilir ki, bu da hər hansı bir lay parametrinin (məsələn, süxur məsaməliyinin və keçiriciliyinin, neftlərin özlülüyünün və s.) onun həcmi üzrə dəyişməsinin əyani göstərilməsini təmin edir.

Ümumiyyətlə, neft, qaz və kondensat yataqlarının mənimsənilməsi prosesində neft-qaz mədən geologiyası elmi aşağıdakı əsas məsələlərin öyrənilməsini təmin edir.

1. İlkin tədqiqatlarla (o cümlədən, seysmik kəşfiyyat nəticələri) təqdim edilmiş strukturun qazılmış quyularla dəqiqləşdirilməsi: yatağın kəsilişində yerləşən hər bir məhsuldar təbəqənin ayrılması, qazılmış quyuların geoloji-geofiziki kəsilişlərinin korrelyasiyası və makroqeyri-bircinsliliyinin (laylaşma xüsusiyyətlərinin) təyini və onların hər biri üçün struktur xəritə və profillərin qurulması (hərgah tektonik qırılma qeyd olunursa, onun yeri, istiqaməti, ekran xassəli olub-olmaması haqqında ilkin məlumatların alınması).

2. Yatağın daxili quruluşunun öyrənilməsi. Süxurların kollektor xassələrinin (məsaməlik, keçiricilik, karbonatlılıq, qranulometrik tərkib) təyini və onların sahə və dərinlik üzrə paylanma səciyyəsinin xüsusi qrafik və cədvəllərdə təsviri.

3. Lay flüidlərinin fiziki-kimyəvi xassələrinin təyini. Burada lay neftlərinin fiziki-kimyəvi xassələrindən onların sıxlığı və özlülük göstəricilərinə, suların isə ion-duz tərkibinə xüsusi diqqət yetirilməlidir.

4. Layların enerji mənbəyinin (rejimlərinin) öyrənilməsi. Lay təzyiqi və temperaturu haqqında ilkin məlumatların alınması və təhlili.

5. Neft, qaz və kondensat ehtiyatlarının hesablanması və yatağın xalq təsərrüfatı baxımından qiymətləndirilməsi.

6. Yatağın işlənilmə sisteminin əsaslandırılması. Quyuların, o cümlədən horizontal (üfüqi), sayının və yerləşdirilmə sxeminin təyini. Suvurma modifikasiyasının seçilməsi.

7. Yataqların işlənilməyə verilmə tarixindən başlayaraq neft, qaz və su hasilatının dinamik göstəricilərinin təsviri və təhlili.

8. Lay təzyiqi və temperaturunun işlənilmə prosesində dəyişməsinin öyrənilməsi.

9. Yataqların işlənilmə proseslərinə nəzarət və onun operativ tənzimləndirilməsi. Suvurma sisteminin səmərəliliyinin təyini və gələcək dövrlər üçün proqnozlaşdırılması.

10. Layların neftvermə əmsalını artıran müasir üsulların tətbiq imkanlarının öyrənilməsi.

11. Yatağın gələcəkdə hasilat dəyişmələrinin proqnozlaşdırılması.

12. Yer təkinin və ətraf mühitin mühafizəsinə yönəlmiş tədbirlərin əsaslandırılması və tövsiyyələrin verilməsi.

Beləliklə, göründüyü kimi neft və qaz yatağı axtarış və kəşfiyyat mərhələsindən sonra mədən geoloqlarının rəhbərliyi və bilavasitə iştirakı ilə işlənilməyə verilir. Onun ehtiyatlarından istifadə dərəcəsi isə yuxarıda göstərilən kompleks tədbirlərin əsaslandırılması və effektli tətbiqindən asılıdır. Odur ki, mədən geologiyası istiqamətində ixtisaslaşan bakalavr, magistr və digər mütəxəssislər bu üsulların geoloji-riyazi modellərlə tədqiqi yollarını mənimsəməlidirlər.


I.4 İlkin məlumatların tədqiqi

Axtarış və kəşfiyyat işləri nəticəsində strukturlar aşkar edilir və onlarda karbohidrogen yığımlarının olub-olmaması haqqında ilkin məlumatlar əldə edilir. Strukturun yerləşdiyi hövzəyə xas olan ümumi məlumatlarla yanaşı, yeni spesifik məlumatlar əsasında onun forması haqqında ilkin mülahizələr nəzərdən keçirilir. Quyularla açılmış layların isə geoloji-fiziki parametrlərinin qiymətləri əsasında onların paylanma sahələri, yatma dərinliyi, qalınlığı, süxurların kollektor xassələri, lay təzyiqi və temperaturu və s. ətraflı tədqiq edilir. İlkin öyrənilənlər kompleksinə, təbii ki, karbohidrogenlərin ehtimal olunan həcmi haqqında məlumatlar da daxildir.

Göstərilən bu və ya digər məsələlərin həlli yalnız müvafiq məlumatlara əsaslanır. Onlar isə aşağıda göstərilən üsullarla həyata keçirilir.

Geoloji üsullar. Bu üsullarla yatağın ilkin öyrənilməsi kompleks məlumatlara istinad edir. Qazıma prosesində onun kəsilişini səciyyələndirən süxur nümunələri (kernlər) götürülür və onların əsasında məhsuldar layların aşağıdakı göstəriciləri haqqında məlumatlar əldə edilir: layların yatma dərinliyi və qalınlığı; süxurların kollektor xüsusiyyətləri (məsaməlik, keçiricilik və s.); məsamələrdə yerləşən neft, qaz və suyun fiziki-kimyəvi xassələri; məsamələrin neftlə, qazla doyma dərəcələri; lay təzyiqi və temperatur ölçüləri ilə konkret yatağın hidrodinamikasının proqnozlaşdırılması və s.

Nəzərə almaq lazımdır ki, quyuların qazılması prosesində müxtəlif dərinliklərdən çıxarılmış süxur nümunələri yer səthində tədqiq olunur. Bu isə onun laydakı vəziyyətindən fərqli məlumatların alınmasına gətirir. Bu çatışmamazlıqları aradan götürmək üçün son vaxtlar təcrid olunmuş nümunə götürən cihazlardan, xüsusi hesablama qrafiklərindən və s. istifadə edilir.



Geofiziki üsullar. Quyuların geofiziki tədqiqatlarının yataqların öyrənilməsində rolu durmadan artır. Müasir dövrdə yatağın neftlə-qazla doyma dərəcəsinin təyinində quyu kəsilişinin geofiziki üsullarla tədqiqi xüsusilə əhəmiyyətlidir. Elektrik, radioaktiv, akustik, qaz karotajı üsulları ilə yanaşı inklinometriya, kavernometriya, termometriya quyu kəsilişlərindən maksimum məlumatların alınmasına imkan verir.

Hidrodinamik üsullar. Bu üsullardan kollektor süxurların göstəricilərinin (o cümlədən, məhsuldarlığının) təyin edilməsində istifadə edilir. Lay təzyiqinin dəyişməsi ilə məsaməli mühitdə baş verən flüid yerdəyişməsinin proqnoz qiymətlərinin alınmasında hidrodinamik üsullar xüsusi ilə effektlidir.

Qeyd etmək lazımdır ki, quyuların və layların tədqiqi əsasən kompleks şəkildə həyata keçirilir. Lay parametrlərinin təyinində çoxvariantlı yanaşma isə alınan məlumatları daha etibarlı edir. Belə ki, geoloji, geofiziki, hidrodinamiki üsulların verdiyi hər bir nəticə müqayisəli təhlil edildikdən sonra konkret lay parametrinin daha dürüst qiyməti qəbul edilir.


I.5. Müxtəlif üsullarla alınmış nəticələrin ümumiləşdirilməsi

Yuxarıda qeyd edildiyi kimi, neft yatağının öyrənilməsində əsas informasiya onun sahəsinin müəyyən hissələrində qazılmış quyulardan alınır. Onların geoloji, geofiziki və hidrodinamiki üsullarla tədqiqi işləniləcək yatağın geoloji quruluşunu səciyyələndirməyə imkan verir. Burada ən vacib məqamı nəzərə almaq lazımdır. Bu da alınan məlumatların yatağı nə dərəcədə səciyyələndirməsindən ibarətdir. Yuxarıda qeyd edildiyi kimi, bu məlumatlar nöqtəvi xarakter daşıdığından yatağı tam təmsil edə bilməz. Yalnız müvafiq yanaşmalarla qeyd olunmuş nöqtəvi qiymətləri yatağın sahəsinə, kəsilişinə və ən nəhayət onun həcminə şamil etmək olar. Bu istiqamətdə aparılan tədqiqatlar xeyli sayda üsullara istinad etsə də, iki böyük qrupda cəmləşdirilə bilər: geoloji-mədən və geoloji-riyazi üsullar.


I.5.1. Geoloji- mədən üsulları

Quyuların kəsilişinin və yataqların daxili quruluşunun öyrənilməsi uzun müddət tətbiq olunmuş ənənəvi üsullarla aparılır. Onlar aşağıdakılardır.

a) Y a t a ğ ı n k ə s i l i ş i n i n ö y r ə n i l m ə s i. Qazılan quyuların kəsilişinin tədqiqi strukturun əmələgəlmə və formalaşma prosesinin öyrənilməsinə, laylaşma xüsusiyyətinin təyininə imkan verir. Kəsilişdə rast gələn ayrı-ayrı layların yatma dərinliyi və qalınlığının, süxurların kollektorluq qabiliyyətinin, geoloji müxtəlifliyin təzahürünün təyin olunması çoxlaylı mədənin geoloji modelinin yaradılmasına imkan verir.

Quyu kəsilişi aparılan geoloji-geofiziki tədqiqatların təhlili vasitəsilə öyrənilir. Konkret quyunun kəsilişinin və onun bu struktura qazılmış digər quyuların kəsilişləri ilə müqayisə etmək üçün ilk növbədə istinad (reper) horizontu təyin edilməlidir. Onların sayı kəsilişdə bir və ya bir neçə ola bilər. Məsələn, Cənubi Xəzər hövzəsində yerləşən məhsuldar qatın alt şöbəsindəki qırməki üstü gilli lay dəstəsi, üst şöbədə isə IVcde horizontu mədənlərin bütün sahəsində qalınlığın və gilliliyin sabitliyi ilə səciyyələnirlər. Onlar məhsuldar qata qazılmış bütün quyuların kəsilişində aşkar görünürlər. İstinad laylarının ayrılması isə onlardan yuxarıda və aşağıda yatan çöküntü komplekslərinin ardıcıl olaraq horizontlara bölünməsinə kömək edir. Quyu kəsilişinin horizontlara bölünməsinin bu mərhələsindən sonra onların korrelyasiya əməliyyatı aparılır ki, bu da mədənin sahəsi boyu eyni adlı horizontların paylanma areallarının, qalınlıqlarının, kollektor xassələrinin dəyişmə dərəcələrinin aşkar edilməsini təmin edir.

b) Y a t a q s a h ə s i n i n t ə d q i q i. Yataq sahəsinə qazılan quyulardan alınmış nöqtəvi məlumatların onun sahəsinə şamil edilməsi üçün xüsusi xəritələr (struktur, izopaxit, izobar və s.) qurulur. Onlar strukturun geoloji quruluşunu, kollektorların paylanmasını, lay təzyiqlərinin anomal zonalarını müəyyən etməyə imkan verir.

Yataqların sahəsi böyük, tektonik quruluşu mürəkkəb olduqda çox vaxt blok-diaqramlar tərtib olunur ki, bu da onun müxtəlif sahələrində qeyri-bircinslilik təzahürünün xüsusiyyətlərinin daha etibarlı öyrənilməsini təmin edir.

Neft və qaz yataqlarının ənənəvi öyrənilmə kompleksinə müxtəlif cədvəllər, qrafiklər və sxemlər də daxil edilir ki, onlardan müxtəlif məsələlərin həllində istifadə edilir.



I.5.2. Geoloji-riyazi üsullar

Yuxarıda yataqların geoloji quruluşunun müxtəlif məsələlərinin öyrənilməsində ehtimallılıq prinsipi ilə yanaşmanın əsas götürülməsinin vacibliyi qeyd edilmişdir. Bu səbəbdən də istər ayrı-ayrı quyu məlumatlarının və istərsə də işlənilmədə olan yataqların göstəricilərindən maksimum etibarlı nəticələr əldə edilməsi üçün müvafiq riyazi üsullardan istifadə edilməlidir.

Parametrlərin paylanma xarakteri (normal, loqarifmik-normal və s.) və onların statistik qiymətləndirilməsi; dispersiya, korrelyasiya, reqressiya, diskriminant analizləri, xəritəalma metodları (trend analizi, splayn–funksiyası, krayqinq analizi və s.); layların neftverməsinin qiymətləndirilməsi üçün riyazi modellər; iki və daha çox geoloji obyektlərin müqayisəli analizi (Stüdent, Fişer, Bartlet və s. meyarları) qeyd etmək lazımdır. Neft-mədən geologiyasında tətbiq edilən riyazi-statistika və ehtimal nəzəriyyəsinin üsullarının sayı çox, imkanları isə müxtəlifdir. Dərsliyin sonunda onların qısa səciyyəsi “Əlavələr”də verilir.
I.6 Azərbaycanın neft-qaz mədənlərinin geoloji-texnoloji xüsusiyyətləri
Məlumdur ki, Azərbaycan ən qədim neftçıxarma ölkələrindən biridir. Ölkənin geosiyasi vəziyyəti və dünyada enerji daşıyıcılarına artmaqda olan tələbat burada quru ərazisində və sonralar dəniz akvatoriyasında xeyli sayda yataqların kəşf edilərək istismarına təkan vermişdir (şək. I.1).

Kəşf edilmiş 67 mədəndən hazırda 54-də (o cümlədən quruda 37, də­­nizdə 17) karbohidrogenlərin hasilatı davam etdirilməkdədir. Burada hasil edilən neftin həcmi (illər üzrə) şək. I.2-də ve­ril­­mişdir.




Şəkil I.2 Azərbaycanın quru ərazisi və dəniz akvatoriyası yataqlarının

neft hasilatının dinamikası


Göründüyü kimi, 130 ili əhatə edən hasilat əyrilərinin dinamikası kəskin dəyişmələrlə səciyyələnir. Dünya neftçıxarma re­gi­onları üçün xarakterik olmayan belə vəziyyətin əmələgəlmə səbəb­lə­ri­ ölkəmizdə və onun ətrafında baş verən kəskin ictimai-siyasi prob­lem­lərlə əlaqədardır. Belə ki, 1870-ci ildən başlayaraq otuz il ərzin­də­ Abşeronda yerləşən Balaxanı-Sabunçu-Ramana, Suraxanı, Bibi-Hey­bət­ və s. neft mədənlərinin işlənilməyə cəlb edilməsi ilə əlaqədar öl­kə üzrə hasilat tədricən artaraq 11,0 milyon ton səviy­yə­si­nə çat­mış­dır. Sonralar XX əsrin əvvəllərində Rusiya impe­ri­ya­sın­da baş verən kəskin siyasi böhran Azərbaycanda neft hasilatının iyirmi ildən də artıq bir dövrdə qeyri-sabit vəziyyətə düşməsinə gətirib çıxarmışdır. 1920-ci ildən sonra siyasi sabitlik təmin olunduqca illik neft hasilatı da kəskin artaraq 2,5 milyon tondan 23,5 milyon tona çatmışdır. Bu dövrdə Abşeronda bir sıra yeni yataqlar iş­lə­nil­mə­yə verilmiş, obyektlərdə tədqiqatlar aparılmış və texnoloji pro­ses­lər tək­milləşdirilmişdir. II Dünya Müharibəsi illərində (1941-1945) hasilat yenidən 11,0 milyon tona qədər aşağı düşmüşdür.

Sonralar illik neft hasilatı yenidən yüksələrək 1964-cü ildə 21,4 milyon tona çatmışdır. Qeyd etmək lazımdır ki, bu dövrdə ölkə­miz­də dəniz yataqları da (o cümlədən, Neft Daşları) iş­lə­nil­mə­yə cəlb edilmişdir. Son otuz ildə neft hasilatının sistematik en­mə­si­nin səbəbi isə yataqlarda ehtiyatların tükənməsi ilə izah edilə bilməz: müşahidə edilən vəziyyət Sovet İttifaqında yeni neftli-qaz­lı re­gionların intensiv işə salınması və onlardan maya dəyəri xeyli aşağı olan külli miqdarda neftin hasilatı ilə əlaqədardır. Hə­min­ dövrdə Azərbaycana diqqət zəifləmiş, burada geoloji-kəşfiyyat və iş­lənilməyə sərf olunan maliyyə vəsaiti kəskin azalmışdır. Təsadüfi deyil ki, artıq 1993-cü ildə respublika üzrə illik neft hasilatı 10,0 ­milyon ton səviyyəsinə çatmışdır. Son on ildə isə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) maddi-tex­ni­ki təminatının məhdudluğu şəraitində hasilatın enmə tempinin zəiflədilməsinə nail olmuşdur (Günəşli-Çıraq-Azəri yatağının məlumatları burada gətirilmir).

Ümumiyyətlə, respublika yataqlarından bu günədək cəmi 1,4 mil­yard­­ ton neft hasil edilmişdir ki, bunun da 945 milyon tonu quru əra­zi­sinin, 455 milyon tonu isə dəniz akvatoriyasının hesabına ol­muş­dur (B.Ə.Bağırov, 2003) ­.

Respublikanın neft yataqlarını xalq təsərrüfatı baxımından qiy­mətləndirmək üçün hər şeydən əvvəl işlənilmə obyektlərində kəşf olunmuş (A+B+C1 kateqoriyalı) ehtiyatların qiymətlərinə istinad etmək lazımdır (şək. I.3, cədv.I.1.).

Göründüyü kimi, respublika üzrə neftin ümumi balans eh­tiyatı 3752 milyon ton (o cümlədən, 2568 milyon ton quru, 1184 mil­yon ton dəniz yataqları üzrə) həcmində yüksək etibarlılıqla he­sab­­lanmış və təsdiq olunmuşdur. Məlum olduğu kimi, mövcud texnologiya ilə belə eh­tiyat­ların­ çıxarılabilən hissəsi də əsaslan­dı­rı­lıb. Respublikada bu ehtiyatlar ümumi balans ehtiyatının 45%-ni təş­kil edir və 1690 milyon tona (quru üzrə 1135 milyon ton, dənizdə 555 milyon ton) bərabərdir. Bu isə son neftvermə əmsalının 0,45 ol­ma­sı deməkdir (cari neftvermə əmsalı 0,37-dir). Yuxa­rı­da qeyd edil­diyi­ kimi, artıq hasil edilmiş neftin həcmi haqqında göstəricilər nə­zərə alınarsa, ölkənin quru ərazisindəki yataqlar üzrə ehtiyatların yal­nız qalıq çıxarılabilən hissəsinin 190 milyon ton, dəniz yataq­la­rın­da­ isə 100 milyon ton olduğu aşkar olur.


Şəkil I.3. Azərbaycan mədənlərində neft ehtiyatının paylanması.



AZƏRBAYCAN mədənlərİndə (ARDNŞ ÜZRƏ)

NEFT EHTİYATLARI HAQQINDA MƏLUMAT

Cədvəl I.1.

G Ö S T Ə R İ C İ L Ə R

Respublika üzrə

Quru mədənləri

Dəniz mədənləri

Mədənlərİn SAYI

54

37

17

İSTİSMAR OBYEKTLƏRİNİN SAYI

584

430

154

NEFTİN İLK BALANS EHTİYATI, MLN.T.

3752

2568

1184

NEFTİN İLK ÇIXARILABİLƏN EHTİYATI, MLN.T.

1690

1135

555

ÇIXARILMIŞ NEFT HASİLATI, MLN.T.

1400

945

455

NEFTİN QALIQ BALANS EHTİYATI, MLN.T.

2062

1433

629

NEFTİN QALIQ ÇIXARILABİLƏN EHTİYATI, MLN.T.

290

190

100

YENİ TEXNOLOGİYANIN TƏTBİQİ NƏTİCƏSİNDƏ ÇIXARILABİLƏN EHTİYAT, MLN.T.

120

80

40

CARİ NEFTVERMƏ ƏMSALI

0,37

0,37

0,38

SON NEFTVERMƏ ƏMSALI

0,45

0,44

0,47

Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə