Musa, oyuncaq və oriJİnalliq



Yüklə 26,19 Kb.
tarix01.01.2018
ölçüsü26,19 Kb.

MUSA, OYUNCAQ VƏ ORİJİNALLIQ
“Sevinc” yumşaq oyuncaqlar fabrikinin quraşdırıcı ustası Musa kabinetin qapısını ayağı ilə açıb içəri girdi. Qucağındakı iri bağlamanı şəstlə stolun üstünə qoydu. Üzü pəncərəyə dayanmış nəhəng cüssəli, uzunboylu texnoloq Atakişiyev ovcunda tutduğu balaca plastmas tapançanın kağız pistonunu partlada-partlada telefonda kiminləsə danışırdı.

- Bəli... Bilirəm... – Paart!.. – Bizim Musanın əməlidir. Özü də yanımdadır. Deyir, qəsdən qara meymun oyuncaqların başına...- Paart! - ... ağ eşşək qulağı quraşdırdim ki, uşaqlar üçün orijinal olsun. – Paart! – Eləsindən... bir beş yüzə yaxın buraxmışıq. Lazımsa, lap iki min dənə hazırlayaq... – Paart!.. – Nə çətin işdir ki...

Kabinet sahibi dəstəyi asdı. Hələ də ayaq üstə duran Musaya sarı dönərək bir gözünü qıydı və tapançanı zarafatla ona tuşlayıb çıxdı. – Paart! Malades! Balam, sənin o eksperiment oyuncaqlarını alıcılar yaman bəyənirlər. Fabrikə dalbadal məktub gəlir. Hamısa da tərifləyir... Valideynlər yazırlar ki, bizim uşaqlar o eşşəkqulaq meymundan istəyirlər, amma tapa bilmirlər... Xahiş edirlər ondan mağazalara yenə göndərək.

Musa sarımtıl bığınin altda qımışdı, peysərini qaşıyaraq sakit səslə dedi:

- O gün işdən çıxıb evə gedəndə özüm gördüm. “Detski mir” də qırğın idi. Hərə ikisini, üçünü alırdı. Ancaq uşaqların çoxuna çatmadı. Tifillər elə ağlaşırdılar ki, adamın yazığı gəlirdi.

- Yaxşı, bəs sexdə istifadəsiz qalan o beş yüz dənə meymun qulağını neyləyəcəksən?

- Siz o barədə əsla narahat olmayın, yoldaş Atakişiyev. Dünən o qara meymun qulaqlarının hamısını quraşdırdım ağ eşşəklərin başına, onlar da getdi satışa.

Texnoloq şadlıqla qəhqəhə çəkdi.

- Malades! Oğulsan, maşallah! – sonra bağlamaya işarə ilə xəbər aldı – Bu nədir?

Musa özünü itirdi:

Bu mənim yeni kəşf elədiyim səmərələşdirici təklifdir... Əla şeydir, yoldaş Atakişiyev!

- Əşi, sən nə danışırsan! – deyə texnoloq stolun dalından çıxıb onun kürəyini şappıldatdı: - Axır vaxtlar xoşum gəlir səndən. Yaxşı fəaliyyətə başlamısan.

- Elədir. Mən öz üzərimdə müntəzəm işləyirəm. Hətta gecələr yatanda yuxuda da uşaq oyuncaqları görürəm. Mən...

- Uzatma! Aç bağlamanı, çıxart baxaq, nədir içindəki?

- Xahiş edirəm, tələsməyin!.. Mətləbə keçməzdən qabaq Musa texnoloqa belə bir sual verdi: - Siz plaş-palto görmüsünüz, yoldaş Atakişiyev?

- Bəli, Geydiyim elə ondandır. Həm yağışdan qoruyur, həm də isti saxlayır.

- Əvvəllər elə şey buraxmırdılar ki?

Texnoloq gözlərini döydü.

- Yox, plaş ayrı olurdu, palto ayrı...

- İstehsalat dili ilə desək, atanız iki yüz faiz rəhmətlik! “bufet-şifoner”, “divan – çarpayı” da yəqin eşitməmiş olmazsız.

- Bəli, o cür kombinasiya edilmiş mebellər də var. Axı bunları sən niyə soruşursan?

- Yoldaş Atakişiyev, demək istəyirəm ki, bəs biz haçan standart oyuncaqlar buraxmaqdan əl çəkəcəyik? Nə zaman işimizdə bir yenilik, orijinallıq yaradacağıq?

- Haqlısan... O barədə bizi tənqid eləyə bilərlər. Oyuncaqlarımız uşaqların zövqünü oxşamır. Yaxşı, fikrin nədir?

Musa qızışmışdı.

- Bu saat təkcə fabriklərdə deyil, hər sahədə axtarışlar gedir, təzə kombinasiyalar eləyirlər. Lap incəsənətdə də. Misal üçün, son vaxtlar bəzi mahnılara qulaq asırsan, görürsən, yeniliyi nədədir; həm Azərbaycan havasına oxşayır, həm də Argentina havasına, yaxud bir para müasir şeirləri, hekayələri oxuyursan: yarısı adam dilindədir, yarısını heç başa düşmürsən. Məcbur olursan, fikirləşəsən. Ya da ki, rəssam şəkil çəkib. Baxırsan, insana da bənzəyir, qulyabanıya da. Səndə hər iki canlı haqqında təsəvvür yaranır. Biz isə öz sahəmizdə bu cür orijinal yeniliklərdən istifadə eləmirik. Uşaqlarımız üçün intellektual oyuncaqlar hazırlamaq barədə düşünmürük.

- Mətləbə keç, Musa! – deyə hövsələsi tükənmiş Atakişiyev qarşısındakı sirli bağlamaya bir güllə buraxdı. Paart – çox dərinə getmə . Aç bunu, görək sənin təklifin nədən ibarətdir?

- Mənim təklifim odur ki, bizim sexdə də kombinasiya üsulu ilə yeni modada müasir oyuncaqlar düzəldək. Misal üçün... buraxaq belə bir şey... – Musa mahir hipnozçu çevikliyi ilə bağlamanı açıb oradan bir qəribə fiqur çıxardı. – Bax... bu cür! Bədəni olsun fil bədəni, başı olsun it başı. Adını da qoyaq: “Filit” Və yaxud baxın... bunun kimi: şirlə atın calağı, “Şirat”, “Plaş-palto” “Divan – çarpayı”... “Filit”, “Şirat”. Nə olar, yavaş-yavaş qulaqlarımız bu sözlərə də öyrəşər...

Musa xüsusi bir cəldliklə bağlamadan içi samanla, kəpəklə doldurulmuş yumşaq tüklü cürbəcür fiqurlar çıxarır, onları stolun üstünə düzür və adlarını deyirdi: “Mareş” – bu uşaqların sevəcəyi çox qəşəng oyuncaqlardan olacaq. “Başdan – şaxəli buynuzlu maral, gövdədən - üzdən iraq, eşşək...” “Pişdon” – pişiklə donuz qarışığı və sair...

Musanın səmərələşdirici təklifi barədə fikrə gedən Atakişiyev kabinetin ortasında uzun dirək kimi hərəkətsiz quruyub qalmışdı. Qəribə bir tərzdə yuxarıdan – aşağı, boyu balaca, əməli böyük işçisinə baxırdı.

- Yaxşı, tutaq ki, Əlinin papağını qoyduq Vəlinin başına, Vəlininkini də Əlinin başına. Axı bundan fabrikə nə xeyir? – deyə texnoloq dilləndi.

Musa bu sualı çoxdan gözləyirdi. Onun üçün də, özünü itirmədən cavab verdi:

- Bunun fabrikimizə xeyri o olacaq ki, köhnə standart oyuncaqlarımızı bir birinə calaq eləyib təzə adla satışa buraxacağıq. Hətta şikəst bədənləri, başları da dəyişdirib, onlara yenidən həyat verəcəyik. Mən bu gətirdiklərimin hamısını tullanmışlardan yığıb quraşdırmışam. İki brakdan bir keyfiyyətlisi yaranır. Həm də belə orijinal oyuncaqlar uşaqlarımızın çox xoşuna gələcək. Malımız satılacaq, planımız dolacaq... Gördünüz ki, qara meymuna təkcə ağ eşşəyin qulağını tikməklə nə qədər artıq müştəri qazanmışıq?

- Orası elədir... - Atakişiyev tam arxayınçılıq hasil etmək istədi. – Ancaq... bəs bunun alıcılara, uşaqlara nə xeyri olacaq?

Musa yenə dil – dil ötməyə başladı:

- Uşaqlara da onların valideynlərinə də bunların xeyri çox olacaq, yoldaş Atakişiyev. Məsələn, bu vaxtadək siz balaca oğlunuz... ey... qırışmalın adı da yadımdan çıxdı...

- Murtuz.

- Hə, Murtuz üçün iki manat verib, fərz eləyək, bir oyuncaq dəvə, bir dənə də dovşan alırdız. İndi isə həmin məbləğin 50 faizinə “dəvədovşan” – kombinasiya edilmiş dovşanla dəvə alacaqsınız. Bir sarı manatlıq da qalacaq cibinizdə. Bu, bir valideyn kimi sizin xeyriniz...

- Elədir, - deyə Atakişiyev təsdiqlədi.

Musa məntiqlə sözünə davam etdi:

- Sonra, həmin yeni, orijinal oyuncaq oğlunuz Murtuzda eyni zamanda iki heyvan haqqında təsəvvür yaradacaq, onu düşündürəcək, ağlının zehninin inkişafına kömək edəcək. Bu da uşağın xeyri. Nəhayət, səmərələşdirici təklifim üçün fabrik pul mükafatı ayıracaq, bu da mənim xeyrim.

- Malades! Deyə Atakişiyev havaya dalbadal iki güllə buraxdı. “Paart!” “Paart”... Keçdi sənin təklifin!
***

Musa mükafatını nəqd yerindən alıb cibinə qoyandan sonra işə girişdi. Yumşaqtüklü oyuncaqlar hazırlayan sexdə şir, pələng, fil, ayı, dovşan, at, eşşək, it, pişik üçün biçilmiş əndazələr doğranıb yarı bölündü. O heyvanın başını bu heyvanın bədəninə, bu heyvanın bədənini o heyvanın başına calaşdırdılar. Hələ iyirminci əsrin 80-cı illərinə qədər biologiya elminə məlum olmayan rəngbərəng əcayib hibritlər yaratdılar. Çox keçmədi ki, “filit”lər, “şirat”lar, “mareş”lər, “pişdon”lar, “dəvədovşanlar” körpələri sevindirib, əyləndirmək üçün bəzəkli oyuncaq mağazalarına ayaq açdı. Musa isə... valideynlərin dilindən neçə-neçə tərifli məktublar yazıb fabrikin ünvanına göndərdi...

Ancaq oyuncaqlar satılmadı. Uşaqlar vitrinlərdə onları görəndə dodaq büzdülər... Bu yumşaq tüklü heyvanaoxşamaz fiqurlar toz basıb mağazalarda, anbarlarda qaldı. Sonra maşınlara doldurulub geri daşındı... “Sevinc” fabrikinin bazarı yatdı. Və...Atakişiyev kabineti başqasına təhvil verdi...
***

Təzə gələn texnoloq işçiləri hələ yaxından tanımırdı. Sexin vəziyyətini yaxşılaşdırmaq üçün yollar arayırdı. Bir gün kabinetin qapısı açıldı. Musa qucağında bağlama içəri girdi: Sarımtıl bığının altında qımışaraq peysərini qaşıdı.

-Yoldaş texnoloq, mənim səmərələşdirici təklifim var – dedi.

- Buyurun, fikrinizi söyləyin.

Musa dili ağzında yana-yana sözə başladı.

- Son vaxtlarda buraxdığımız oyuncaqlar uşaqlarımizin zövqünü əsla oxşamır. Təkcə bizim fabrikdə deyil, başqa sahələrdə də orijinallıq adı ilə hoqqabazlıq edirlər. Misal üçün, bəzi mahnılara qulaq asırsan, Azərbaycan havasına da oxşayır, Argentina havasına da. Yaxud bir para müasir şeirləri, hekayələri oxuyursan: yarısı adam dilindədir, yarısını heç başa düşmürsən. Ya da ki, rəssam şəkil çəkir, baxırsan, insana da bənzəyir, qulyabanıya da. Biz böyüklər belə əsərlərdən heç nə başa düşə bilmirik...Bəs uşaqlar o hibrit oyuncaqları necə qəbul etsinlər?

- Bunun hamısı doğrudur. Təklifin nədir?

Musa cəld bir hərəkətlə bağlamanı açdı. Oradan, sexin əvvəllərdə buraxmış olduğu yumşaq tüklü, köhnə oyuncaqları çıxarıb stolun üstünə tökdü.

- Baxın... belələrini hazırlamalıyıq! Təbii, qəşəng... Pələngi pələng kimi, tülkünü tülkü kimi, dovşanı dovşan kimi. Onda həm malımız satılar, fabrikimizin xeyrinə olar, həm də biz uşaqları sevindirərik. Səmərələşdirici təklifim üçün yəqin ki, pul mükafatı ayrılar, bu da mənim xeyim...

Musa yeni səmərələşdirici təklifinə görə mükafat pulunu nəqd yerindən alib cibinə qoyduqdan sonra sexdə işə başladılar...






Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə