MüSƏlmanin 24 saati



Yüklə 0,5 Mb.
səhifə2/9
tarix20.10.2017
ölçüsü0,5 Mb.
#6126
1   2   3   4   5   6   7   8   9

"Sizi təmizləmək, şeytanın pisliklərini sizdən çıxartmaq, ürəklərinizi doldurmaq və ayaqlarınızın altını möhkəm etmək üçün göydən üstünüzə yağış yağdırırdı" ("Ənfal" surəsi, 11).

Su insan vücudu, əşya və ev təmizliyində lazım olan ən əsas maddədir. Suyun adi gözlə görünən çirkləri və görünməyəcək qədər kiçik olan bakteriyaları təmizləməklə bərabər insana rahatlıq verən başqa bir xüsusiyyəti də var. Su insanda yığılan, ona yorğunluq və halsızlıq hissi verən statik elektrik cərəyanının da bədəndən atılmasını təmin edir. İnsan öz bədənində əmələ gələn statik elektriki gözlə görə bilməz. İnsan yuyunanda isə öz üzərində toplanan bu statik elektrikdən xilas olur, bu səbəblə də bütün vücudunda yüngüllük və rahatlıq hiss edir. Yağışdan sonra havada əmələ gələn sərinlik və fərəh hissi də suyun havadakı statik elektriki təmizləməsindən yaranır.

Daim təmiz və səliqəli olmaq Allahın bəyəndiyi bir haldır. Bu həqiqəti diqqətimizi cənnətdəki insanların fiziki təmizliyinə çəkən bəzi ayələrdə də görmək mümkündür.

Allah Quranda cənnətdə olan insanların "...sədəf içində gizlənmiş inci kimi gözəl" olduqlarını xəbər verir ("Tur" surəsi, 24).

Allaha iman gətirən insanlar dünyada da cənnətə oxşar bir mühit yaratmaq istəyirlər. Allaha inanan insanlar Allahın cənnətdə vəd etdiyi hər şeyi dünyada da mümkün olduğu qədər yaşamağa çalışır, bu səbəblə də fiziki təmizliklərinə böyük diqqət göstərirlər.

Burada diqqət yetirilməli olan daha bir mühüm məsələ də var. Bəzi insanlar yalnız başqaları ilə birlikdə olarkən və ya özlərini bəyəndirmək məqsədi ilə özlərinə fikir verməyə çalışır, yanlarında başqa adam olmayanda isə görünüşlərinə və təmizliklərinə diqqət vermirlər. Axşama qədər yuyulmamış çirkli bir üzlə, yaxşı qoxumayan ağızla və pijamalarda gəzmək, bütün günü dağınıq qalan yataqları, çirkli qablarla dolu olan mətbəxi adi qarşılamaq bu xətalı məntiqin məhsuludur.

Bu məntiqdə olan insanlar yalnız zahirdən baxılanda çirkin sezilməyəcəyi qədər səthi təmizlik edirlər. Bəzi insanlar da yuyunmağı, kirlənən geyimləri, dəsmalları, mələfələri dəyişdirməyi, ütüləməyi və otağı qaydaya salmağı yalnız vaxt itkisi kimi qəbul edir və nəzərəçarpan bir kir əmələ gəlmədikcə təmizlənmirlər. Kirlənəndə çox zaman, xüsusilə də soyuq havalarda yuyunmağa tənbəllik edir, bəzən də yalnız saçlarını yumaqla kifayətlənirlər. Kirlənən bədənlərinin narahatlıq verən qoxusunu istifadə etdikləri ətirlə hiss etdirməməyə çalışırlar, amma bu üsul kirli bədənlərini daha çox narahat etməkdən başqa heç nəyə yaramır. Pencəklərində, jaketlərində, şalvarlarında və ya başqa paltarlarında ciddi bir ləkə olmayanda yumurlar. Bundan başqa siqaret, his, yemək və ya tər iyi kimi ağır qoxuların üzərlərinə hopmasını qəbahət hesab etmir və bunu təmizləmək üçün əsaslı bir səbəb görmürlər. Belə bir qeyri-sağlam şərtlər altında yaşamaq bu məntiqi mənimsəyən gənc və ya yaşlı olmasından asılı olmayaraq hər bir insana zərərdən başqa bir şey qazandırmır. Siqaret tüstüsünə bürünmüş şəraitdə yaşamaqdan rəngləri saralır, ciyərləri isə sağlamlığını itirir. Bunlar yalnız bədənlərinə olan zərərlərdir. Bununla bərabər davamlı olaraq dağınıq və natəmiz şəraitdə, özləri kimi baxımsız və kirli insanlarla birlikdə yaşamaq onların psixologiyasına da mənfi təsir göstərir. Uzun müddət gözəllikdən, estetikadan, təmizlikdən, incə düşüncədən zövq almayan hissiyyatsız və laqeyd bir əxlaqa sahib olurlar. Bu vəziyyət onların əlbəttə ki, bilərək və istəyərək etdikləri ağılsız seçimin nəticəsidir.

Halbuki Allah müsəlmanları ən gözəl və ən təmiz şəraitləri hazırlamağa sövq edir. Allah inananlara qidalarından və geyimlərindən yaşadıqları şəraitlərə qədər hər şeydə mütləq bir təmizliyi əmr edir:



"Ey insanlar! Yer üzündəki şeylərin təmiz, halal olanlarını yeyin..." ("Bəqərə" surəsi, 168).

"Səndən hansı şeylərin halal edildiyini soruşurlar. De: "Bütün pak nemətlər sizə halal buyrulmuşdur..." ("Maidə" surəsi, 4).

"O peyğəmbər onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz nemətləri halal, murdar şeyləri haram edər..." ("Əraf" surəsi, 157).

"Yadına sal ki, Biz evi (Kəbəni) insanlar üçün savab və əmin-amanlıq yeri etdik, sizə də: “İbrahimin durduğu yeri namazgah edin!" - dedik. İbrahimə və İsmailə də: "Evimi təvaf edənlər, orada qalıb həmişə ibadətdə olanlar, rüku və səcdə ilə namaz qılanlar üçün təmizləyin! - deyə tövsiyə etdik" ("Bəqərə" surəsi, 125).

"Dedilər: "Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. İndi içərinizdən birini bu gümüş pulunuzla şəhərə göndərin ki, görsün ən təmiz təam hansıdırsa, ondan sizə yemək alıb gətirsin..." ("Kəhf" surəsi, 19).

"Biz həm də ona Öz dərgahımızdan bir mərhəmət və təmizlik bəxş etdik. O, müttəqi idi" ("Məryəm" surəsi, 13).

Cahil insanların həyat tərzi öz əlləri ilə özlərinə narahatçılıq və qeyri-sağlam şərait hazırladığı halda müsəlmanlar Quran əxlaqına uyğun olaraq axirətdən öncə dünyada da çox gözəl bir həyat yaşayırlar. Cahil insanlar həm özlərinə, həm də ətrafdakılara sıxıntı verən mühit yaratdıqları halda müsəlmanlar hər insanın rahat və sakit yaşayacağı, sağlam və dinc olacağı məkanlarda həyatlarına davam edirlər.

Qısası, mömin Quran əxlaqına uyğun olaraq başqaları üçün deyil, Allahın bəyəndiyi və özünü də təbii olaraq rahat edən bir hal olduğu üçün təmiz olur və özünə fikir verir. Olduğu və yaşadığı məkanı təmizləyərək digər insanlar üçün də rahat bir şərait düzəltməkdən böyük zövq alır, təmizlik məsələsində heç vaxt tənbəllik etmir, hər zaman təmiz və qaydada olmaq üçün əlindən gələni edir.

Paltarlarını geyinərkən

Mömin gün ərzində geyəcəyi geyimləri müəyyən edir və onları geyinərkən mühüm bir həqiqəti dərk edir. Bu həqiqət geyimlərin Allahın saysız nemətlərindən biri olması və onların yaradılmasında bir çox hikmətlərin olmasıdır. Bütün insanlar bu nemətlərdən faydalanırlar, ancaq yalnız Quran əxlaqını yaşayan möminlər onlara verilən bu gözəlliyin Allahın bir lütfü olduğunu lazımınca anlayaraq Ona şükür edirlər. Geyimlər möminə dərhal bunları xatırladır: yun, pambıq və ya ipək paltarların, müxtəlif geyimlərin mənbəyi canlılardır. Gündəlik həyatın hər anında istifadə olunan geyim əşyaları bitki və heyvanlardan əldə edilir. Başqa sözlə desək, Allah ən sadəsindən tutmuş ən yüksəyinə qədər insanın hər cür geyim ehtiyacını ödəyəcək xüsusiyyətlərlə təchiz olunmuş canlıları yaratmasaydı, bəhs edilən məhsullar da olmazdı.

İnsanların bir çoxu bu həqiqətləri anlasalar da sahib olduqları nemətləri Allahı inkar etdikləri və ya qəflətdə olduqları üçün qiymətləndirə və təqdir edə bilmirlər. Doğulduqları andan etibarən ehtiyac duyduqları paltarlar onlara verildiyi üçün geyinmək bu insanlar üçün bir vərdiş halını almışdır. Bu vərdiş də onları bu geyimlərin bir nemət olduğunu xatırlamaqdan və şükür etməkdən ayırır. Halbuki Rəbbimizin dünya üzərindəki nemətləri yaratmasının səbəblərindən biri insanların bu nemətlərə görə Ona şükür etmələridir. O halda Rəbbimizin bizim üçün yaratdığı geyimlərdəki hikmətləri bizə olan faydalarından başlayaraq araşdıraq.

Geyimlər insan vücudunu soyuqdan, günəşin zərərli şüalarından, kənardan gələ bilən zərbələrdən, kəsilmə kimi kiçik təhlükələrdən qoruyan bir qalxan rolunu oynayır. Əgər geyim olmasaydı, həssas bir dəri ilə örtülən insan bədəni yuxarıda sadaladığımız bu cür mənfi hadisələr ucbatından tez-tez zərər görərdi. Bu da insana həm ağrı verər, həm sağlamlığını təhlükə qarşısında qoyar, həm də dərisinin olduqca pis görünməsinə səbəb olardı.

Qoruyuculuq xüsusiyyətinə malik olan geyimlərin yaradılışındakı hikmətlərdən başqa birisini Rəbbimiz Quranda belə bildirir:

"Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas nazil etdik. Lakin təqva libası daha yaxşıdır. Bu, Allahın ayələrindəndir ki, bəlkə, onunla öyüd-nəsihətə qulaq asasınız" ("Əraf" surəsi, 26).

Yuxarıdakı ayədən də göründüyü kimi, geyim insana daha çox estetik bir görünüş verir.

Aydındır ki, əvəzedilməz bir ehtiyac olan geyimlər Allahın bizim istifadəmizə verdiyi son dərəcə mühüm bir nemətdir. Bunu anlayan mömin paltarlarından istifadə edərkən son dərəcə diqqətli və səliqəli davranır. Bu, möminin Allahın ona verdiyi nemətlərə qarşı şükürlü olduğunu əməli surətdə göstərir.

Quran əxlaqının gətirdiyi xüsusiyyətlərə uyğun olaraq hər məsrəfində nizamlı davranan mömin paltar alarkən də eyni cür davranır. Mömin ehtiyac duyduğu, ona yaraşan və münasib olan paltarı alır, lazımsız yerə pul xərcləyərək israfçılıq etmir. "Onlar xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisi arasında orta bir yol tutarlar" ("Furqan" surəsi, 67) ayəsindəki hökmü yerinə yetirir.

Quran əxlaqına uyğun yaşayan bir insanın diqqət etdiyi digər bir məsələ isə paltarların təmiz saxlanmasıdır. Çünki bu, Quranda "Libasını təmizlə! Pis şeylərdən uzaqlaş!" ("Muddəssir" surəsi, 4-5) ayələri ilə əmr edilir. Mömin Allahın bu əmrlərini bütün digər əmrlərində olduğu kimi diqqətlə yerinə yetirir, imkan daxilində, əlindən gəldiyi qədər təmiz geyinməyə çalışır.

Quran əxlaqına uyğun yaşayan bir insanın geyinməyə verdiyi əhəmiyyət bununla məhdudlaşmır. Nümunəvi bir əxlaqa sahib olan mömin üçün təmiz geyinməklə bərabər mümkün qədər estetik və münasib geyinmək də önəmlidir. Həmçinin ayədəki "bəzəkli libas nazil etdik" ("Əraf" surəsi, 26) ifadəsi ilə geyinməyin estetikaya da uyğun olmasına diqqət çəkilib. Peyğəmbərimizin (s.ə.v.) geyim tərzinin və bu mövzudakı tövsiyələrinin olduğu hədislərdə də örnəklər var. Məsələn, Peyğəmbərimizin (s.ə.v.) nəvəsi Hz.Həsən (r.a.) onun geyim haqqındakı fikrini belə ifadə etmişdir: "Peyğəmbərimiz (s.ə.v.) bizə əldə etdiyimiz ən xoş ətirləri sürtməyi əmr edərdi".

Peyğəmbərimizin (s.ə.v.) geyim tərzi ilə bağlı səHabələrdən biri belə buyurur: "Mən Rəsulullahın (s.ə.v.) üzərində mümkün olan ən gözəl libası gördüm".

Peyğəmbərimiz (s.ə.v.) səhabələrindən Hansısa xarici görünüşünə əhəmiyyət verməyəndə və ya onun xarici görünüşü qaydasında olmayanda ona dərhal xəbərdarlıq edirdi. Bu mövzuya aid bir hədis belədir:



"Əynimdə sadə bir libas olduğu halda Rəsulullahın (s.ə.v.) yanına gəlmişdim. Mənə:

"Sənin malın yoxdurmu?" - deyə soruşdu.

"Bəli, var" - deyə cavab verdim.

"Hansı növ maldır?" - deyə soruşdu.

"Hər növ maldan Allah mənə vermişdir" - dedim.

"Elə isə Allah Təala sənə bir mal verdiyi vaxt Allahın verdiyi bu nemətin əsəri və fəziləti sənin üzərində görünməlidir" - deyə buyurdu".

Allah Quran ayələrində geyimlərdən və bəzək əşyalarından üstün bir cənnət neməti kimi bəhs edir. Bu ayələrdən bəziləri belədir:



"Həqiqətən, Allah iman gətirib yaxşı işlər görənləri altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada altun və incilərlə bəzənəcəklər (qızıldan və mirvaridən bilərziklər taxacaqlar), orada libasları da ipəkdən olacaqdır!" ("Həcc" surəsi, 23).

"Nazik və qalın ipəkdən libaslar geyib qarşı-qarşıya əyləşəcəklər" ("Duxan" surəsi, 53).

"Onların əyinlərində taftadan və atlazdan (nazik və qalın ipəkdən) yaşıl libaslar olacaq, onlara gümüşdən bilərziklər taxılacaqdır..." (“İnsan" surəsi, 21).

Rəbbimiz bu ayələrdə ipək və atlas libaslardan, gümüş, qızıl və incidən hazırlanmış bəzəklərdən bəhs etmişdir. Bu bəzəklər dünya həyatında cənnətdəkilərin bir bənzəridir. İman gətirən bir insan üçün bu bəzəkləri görmək - bunlara sahib olsun və ya olmasın - onun cənnəti düşünməsi və cənnət həsrətinin artması üçün bir vasitədir. Mömin bunların yaradılmasındakı hikməti görür və bilir ki, dünya həyatında qarşısına çıxan bütün nemətlər müvəqqətidir. Əsl və əbədi olan nemətlər isə axirət yurdundadır:

İman gətirib yaxşı əməllər edənlərə gəldikdə isə Biz yaxşı işlər görənlərin mükafatını zay etmərik! Onları altından çaylar axan Ədn cənnətləri gözləyir. Onlar orada taxtlara söykənərək qızıl bilərziklərlə bəzənəcək, nazik və qalın ipəkdən yaşıl paltarlar geyəcəklər. O, nə gözəl mükafat, o necə də gözəl məkandır!" ("Kəhf" surəsi, 30-31).

Quran əxlaqına uyğun yaşayan bir insan üçün geyim məsələsində mühüm məqamlardan biri də insanlarla ünsiyyətdə zahiri görünüşün olduqca əhəmiyyətli olmasıdır. Buna görə də mömin insan başqalarını Quran əxlaqına dəvət edərkən öz geyiminə daha artıq əhəmiyyət verir. Mümkün qədər gözəl, təmiz, rahat paltarlar geyinməyə çalışır. Bu hal onun Allahın əmrlərinə olan diqqətini, digər insanlara olan hörmət hissini göstərir.

Qarşısındakı insanın psixoloji durumunu nəzərə almaq, onun nəyi necə qəbul edəcəyi barədə düşünmək və o insana sonsuz qurtuluşu müjdələyərkən ona ən güclü şəkildə təsir göstərməyə nail olmaq üçün hər sahədə olduğu kimi geyim, səliqə-səhman məsələsində də incə düşüncəli və həssas olmaq yalnız və yalnız Quran əxlaqına uyğun şəkildə yaşayan mömin insanlara xas olan bir xüsusiyyətdir.

Nəticə olaraq deyə bilərik ki, iman gətirən insan Peyğəmbərimizdən (s.ə.v.) nümunə götürür və istər evində, istərsə də cəmiyyət içində daima təmiz, səliqəli, gözoxşayan paltarlar geyinir, bunu da böyük zövq alaraq və Allahın razılığını qazanmaq üçün edir.



Səhər yeməyi yeyərkən

Allahın düşünmək və dərk etmək qabiliyyəti verdiyi bir mömin səhər yeməyini yemək üçün mətbəxə girəndə ona verilən nemətlərin və qidaların hamısının yaradılmasında bir çox iman həqiqətlərinin gizləndiyini bilir.

Məsələn, ərzaq məhsullarını bişirmək üçün istifadə etdiyi od əslində özü də daxil olmaqla bir çox şeyə zərər verən, hətta yanıb yox olmasına səbəb olacaq bir xüsusiyyətə malikdir. Ancaq od ərzaq məhsullarını yeyilə biləcək bir hala gətirmək (isitmək, çox çeşidli sənaye məhsullarını istehsal etmək...) üçün zəruridir və bu mənada böyük bir nemətdir. Başqa sözlə desək, yer üzündəki hər şey kimi od da insanın xidmətinə verilmişdir. Allah bir ayədə belə bildirir: "Göylərdə və yerdə nə varsa, hamısını Öz tərəfindən sizin ixtiyarınıza qoyan da Odur..." ("Casiyə" surəsi, 13).

Bununla belə od iman gətirən bir insan üçün dünya həyatında həm də cəhənnəm əzablarının bir xatırlatmasıdır. Allah cəhənnəmdə yaşanacaq olayları Quranda təsvir edərkən şiddətli bir oddan bəhs edir. Rəbbimiz inkarçılar üçün yaratdığı cəhənnəm əzabını bəzi ayələrdə belə bildirir:



"O gün onlara cəhənnəm odunda əzab veriləcəkdir" ("Zariyat" surəsi, 13).

"Cəhənnəm odu onların üzünü yandırar. Onlar orada dişləri ağarmış vəziyyətdə durarlar" ("Muminun" surəsi, 104).

"Hər kəs Allaha və Onun Peyğəmbərinə iman gətirməsə, bilsin ki, Biz kafirlər üçün cəhənnəm odu hazırlamışıq!" ("Fəth" surəsi, 13).

Güclü imana sahib olan mömin cəhənnəmdəki bu şiddətli od əzabı barədə düşünəndə onun qəlbindəki Allah qorxusu daha da artır. O, Allaha dua edir və cəhənnəm odundan Ona sığınır.

Səmimi və təmənnasız şəkildə düşünən bir insan üçün səhər yeməyi süfrəsindəki ərzaqlarda da bir çox hikmətlər var. Çörək, bal, süd, pomidor, bibər, zeytun, yumurta, çay, qəhvə kimi dadları, qoxuları, qidalılıq dəyərləri, rəngləri fərqli ərzaqların hər biri bir nemətdir. Bunlar bədəni onun ehtiyac duyduğu zülallar, amin turşuları, karbohidratlar, yağlar, vitaminlər, minerallar və mayelərlə təmin edirlər. Sağlam bir həyat yaşaya bilmək üçün lazımi qaydada və müntəzəm qidalanmaq lazımdır. Ancaq bu iş çətin, üzücü və ağır deyil, insanın xoşuna gələn bir haldır. Yeməklər, içkilər, meyvələr, tərəvəzlər, tortlar, pirojnalar, şirniyyatlar həm insanın hər cür qida ehtiyacını ödəyir, həm də ona böyük bir zövq verir.

Bu sadaladıqlarımız əslində bütün insanların çox yaxşı bildiyi, dünyaya gəldikləri gündən bu günə qədər 24 saat ərzində qarşılaşdıqları kiçik təfərrüatlardır. Ancaq insanların bir çoxu Rəbbimizin gündəlik həyatda bizim ixtiyarımıza verdiyi bu gözəlliklər haqqında lazımınca düşünmürlər. Hər birini vərdiş əsasında qiymətləndirir, onların nə qədər dəyərli olduqlarının fərqinə varmırlar.

Lakin hamısı bir-birindən ləziz olan qidalar və içkilər insan vücuduna müxtəlif faydalar verən xüsusiyyətlərə malikdir və onların hamısının yaradılışında böyük hikmətlər var. Məsələn, bal bir neçə qramlıq bir vücuda sahib olan arılar tərəfindən möcüzəvi bir şəkildə hazırlanır (ətraflı məlumat üçün Harun Yəhyanın "Bal arısı möcüzəsi" adlı kitabına baxa bilərsiniz). Bal istər tərkibində olan vitamin və minerallara, istərsə də istehsal xüsusiyyətlərinə görə insanlar üçün bir şəfa mənbəyidir. Rəbbimiz balın bu xüsusiyyətini və arıya bal hazırlamağı ilham etdiyini Quranda belə bildirir:

"Rəbbin bal arısına belə vəhy etdi: "Dağlarda, ağaclarda və insanların qurduğu çardaqlarda özünə evlər tik; sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat get! Onların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxar. Şübhəsiz ki, bunda da düşünüb dərk edənlər üçün bir ibrət vardır!" ("Nəhl" surəsi, 68-69).

Balın necə yaranması barədə düşünən mömin ondakı yaradılış möcüzəsini anlayır, balın əsasını təşkil edən çiçəklərin və meyvə tumurcuqlarının, nektarı bala çevrilən arıların və bal kimi bənzərsiz bir qidanın təsadüfən var olmadığını o an dərk edir. Bütün bunlar isə onun Allaha olan yaxınlığını artırır.

Bundan başqa, kiçik bir arının Rəbbimizə olan itaəti də bir iman həqiqətidir. Mömin ağlı və şüuru olmadığı halda qüsursuz bir nizamla heç dayanmadan işləyən bal arısının gördüyü qüsursuz işləri Allahın izni və istəyi ilə həyata keçirdiyini düşünüb anlayar.

Allah insanlara onların faydalanması üçün verdiyi ət, süd, pendir, kərə yağı, yumurta kimi heyvan mənşəli qidaların bir nemət kimi əhəmiyyətini "Muminun" surəsində belə bildirir:



"Həqiqətən, heyvanlarda da sizin üçün bir ibrət vardır. Biz onların qarınlarında olandan sizə içirdirik. Onlarda sizin üçün daha bir çox mənfəətlər də vardır Həm də onlardan yeyirsiniz!" ("Muminun" surəsi, 21).

Bu ayədə insanların heyvanlardan əldə etdiyi faydalar barədə danışılarkən "qarınlarında olandan" bəhs edilir. Məsələn, bir inəyin qarnında onun yediyi qidalar, içdiyi su, damarlarında axan qan, daxili orqanları və həzm olunan qidalardan artıq qalanlar olur. Bu qədər qarışıq maddənin içindən ağappaq bir rəngdə, tərtəmiz və gözəl qoxulu, insana faydalı olan bir mayenin, yəni südün çıxması isə əslində böyük bir möcüzədir. Üstəlik içində tullantı sayılan maddələrin də olduğu bir yerdə olmasına baxmayaraq süd ən sağlam şərtlər altında hazırlanır.

Allahın üstün elminin digər bir göstəricisi isə ağ rəngdə olan südün hazırlandığı xammalın yalnız yaşıl ot olmasıdır. Ancaq süd verən heyvanlar vücudlarında Allahın yaratdığı mükəmməl sistemlərlə qatı və yaşıl bir maddədən duru və ağ bir maddə əmələ gətirirlər. Rəbbimiz südün yaranmasını Quranda belə bildirir:

"Şübhəsiz ki, davarda (sağmal heyvanlarda) da sizin üçün bir ibrət vardır. Biz onların qarınlarındakı qanla ifrazat arasında olan təmiz südü sizə içirdirik. O, içənlərin boğazından rahat keçər" ("Nəhl" surəsi, 66).

Bildiyimiz kimi, süd insanın ehtiyac duyduğu bir çox maddələrdən ibarət olan zəngin bir qidadır və o, həm uşaqların, həm də yetkin insanların qidalanmasında həyati əhəmiyyətli rol oynayır.

Heyvanlardan əldə etdiyimiz digər bir qida özü kiçik, ancaq qidalandırma dəyəri yüksək olan yumurtadır. Zülal, vitamin və mineral bazası olan yumurtanın əmələ gəlməsi başqa bir möcüzədir. Heç bir şüura sahib olmayan toyuq özünün buna ehtiyacı olmamasına baxmayaraq hər gün yumurta hasil edir və hasil etdiyi yumurtanı mükəmməl bir örtüklə - qabıqla qoruyur. Yumurta qabığının elə öz içindəki mayenin ətrafında necə mükəmməl bir şəkildə əmələ gəldiyi və ya bir qapağı olmadığı halda mayenin qabığın içinə necə yerləşdirildiyini düşünmək iman sahibi olan bir insanın Allahın yaratma sənətinə duyduğu heyranlığını artırır.

Yenə səhər yeməyinin vazkeçilməz içkilərindən olan çay bir bitkidən əldə edilir. Bu bitkinin yarpaqları müəyyən proseslərdən keçirildikdən sonra gözəl qoxulu və insanın yuxusunu qaçıran xüsusiyyətə sahib bir içki halına gətirilir. Çay da daxil olmaqla eyni torpaqdan çıxan minlərlə bitki növü onları yaradan Allahın sonsuz güc, elm və mərhəmətini nümayiş etdirir. Rəbbimizin "Ənam" surəsinin 141-ci ayəsində bildirdiyi kimi, "Yer üzərinə sərilmiş və sərilməmiş bağ-bağatlı, dadları müxtəlif xurmanı və taxılı, bir-birinə bənzəyən, həm də bənzəməyən zeytunu və narı yaradan Odur..."

Onu da qeyd etmək lazımdır ki, Allah yaratdığı sonsuz nemətlərdən insanlara istədiyi qədər ruzi verir. Allah insanları dünya həyatında varlılıqla və kasıblıqla sınayır, bu sınaqlar qarşısında gözəl əxlaq göstərənlərdən razı olur, onları sonsuz cənnət nemətləri ilə mükafatlandıracağını Quranda bildirir. Məsələn, bəzi insanların səhər yeməyi süfrəsi cürbəcür yeməklərlə dolu olduğu halda bəzisinə yalnız bir neçə növlə ruzi verilir. Ancaq mömin imkanları nə olursa olsun hər zaman Allahın razı olacağı şəkildə hərəkət edir və Ona bütün səmimiyyəti ilə şükür edir. Varlıdırsa, buna görə lovğalanmır, təkəbbür göstərmir, həddini aşmır. Əgər kasıbdırsa, buna görə hətta azacıq da olsa kədərlənmir və bunun sıxıntısını yaşamır.

Mömin Allahın onu sınadığını və dünya həyatındakı hər şeyin müvəqqəti olduğunu anlayır. Həmçinin Allah Quranda insanları xeyirlə və şərlə sınayacağını "...Biz sizi şər və xeyirlə imtahana çəkərik. Və siz ancaq bizim hüzurumuza qaytarılacaqsınız!" ("Ənbiya" surəsi, 35) ayəsi ilə bildirir. Bu səbəblə Quran əxlaqına uyğun yaşayan bir insan ona verilən nemətlərin deyil, nemətlərin müqabilində nümayiş etdirdiyi davranışının Allah dərgahında bir əvəzinin olduğunu bilir. Mömin insan imkanları məhdud olsa da Allaha qəlbən şükür edir. Allah Quranda səmimiyyətlə şükür edənlərə nemətlərini artıracağını bildirmiş, nankorluq edənlərə isə əzabının şiddətli olduğunu xatırlatmışdır:



"Yadınıza salın ki, o zaman Rəbbiniz bunu bildirmişdi: "Əgər şükür etsəniz, sizə artıracağam. Yox, əgər nankorluq etsəniz, Mənim əzabım, həqiqətən, şiddətlidir!"" (“İbrahim" surəsi, 7).

Ətrafdakı qüsursuz yaradılış dəlilləri barədə düşünən insan bunları asanlıqla yeyə bilməsi üçün yaradılmış olan ağzının quruluşundakı və funksiyalarındakı hikmətləri də görür. Belə ki, insanın yemək yeyə bilməsi üçün onun dodaqları, dişləri, dili, çənə sümüyü, tüpürcək vəziləri, milyardlarla hüceyrəsi bir harmoniya şəklində fəaliyyət göstərir. Burada söhbət elə bir mükəmməl təşkilatdan gedir ki, bir çox proseslər bir anda heç bir qüsur olmadan həyata keçirilir. Dişlər qidanı qoparıb parçalayarkən dil dayanmadan onu təkrar-təkrar çeynənməsi üçün dişlərin arasına daşıyır. Çənə sümüyü sahib olduğu güclü əzələlərin köməyi ilə dişlərin qidanı çeynəməsinə kömək edir və dillə ahəngdar bir şəkildə hərəkət edir. Dodaqlar isə yeməyin çölə çıxmaması üçün qapı rolunu oynayır.

Bundan başqa, bu orqanların hər birini əmələ gətirən parçaların öz içərisində də qüsursuz bir işbirliyi var. Məsələn, dişlərin hər biri yerləşdiyi yerə və quruluşuna görə qoparma, çeynəmə kimi vəzifələri yerinə yetirməlidir. Bütün dişlər yerlərinə və vəzifələrinə uyğun və nizamlı bir şəkildə sıralanmış, hamısı qarşısındakı dişlə ortaq bir şəkildə fəaliyyət göstərə biləcəkləri qədər uzanmış və sabit bir boyda qalmışdır.

Əlbəttə, bu orqanlar ağıla və şüura malik deyillər, onların öz aralarında ortaq qərara gəlib işbirliyi qurmasından söhbət belə gedə bilməz. Yuxarıda qısaca bəhs edilən xüsusi və üstün nizamlanma təsadüflər nəticəsində də əmələ gələ bilməz. Çünki hər parçanın müəyyən bir məqsədə görə tam olması lazımınca planlaşdırılmışdır. Şübhəsiz ki, bu möhtəşəm plan "Hər şeyi yaratmış və onu tətbiq etmiş" ("Furqan" surəsi, 2) olan Rəbbimizə aiddir. Allah bunların hamısını insanın rahat və zövq alacaq şəkildə yemək yeməsini təmin etmək üçün yaratmışdır.

Möminin haqqında düşündüyü digər bir məsələ də mətbəxdəki yeməklərin qoxularının və dadlarının heç bir çətinlik çəkmədən hiss etməsidir. Bu, insanın malik olduğu mükəmməl sistemlər sayəsində mümkün olur. Dad və qoxubilmə duyğuları bir ömür boyu dayanıb dincəlmədən və heç bir xəta etmədən onun adından fəaliyyət göstərir. Üstəlik bunlar üçün hər hansı bir əvəz ödəməmiş, belə bir bacarığı əldə etmək üçün heç bir təhsil almamış, xüsusi bir cəhd göstərməmişdir.

İnsan əgər dadbilmə sistemi ilə təchiz edilmiş olmasaydı, bu halda çeşid-çeşid yeməklərin, şirniyyatların, ətlərin, balıqların, tərəvəzlərin, şorbaların, salatların, pirojnaların, çörəklərin, meyvələrin, içkilərin, mürəbbələrin, dondurmaların şübhəsiz ki, heç bir mənası olmazdı. Bundan başqa, bunlar ləzzətli olmaya, dadsız, yavan, naxoş, mədə bulandırıcı və ya narahatedici ola bilərdi. Şübhə yoxdur ki, dadlar və dadbilmə sistemi insan üçün xüsusi olaraq yaradılmışdır. Allah gözəl və təmiz qidaları insanlar üçün yaratdığını Quranda belə bildirir:



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə