MüSƏlmanin 24 saati



Yüklə 0,5 Mb.
səhifə4/9
tarix20.10.2017
ölçüsü0,5 Mb.
#6126
1   2   3   4   5   6   7   8   9

"Onun üçün nə istəsə - uca qəsrlər, heykəllər, böyük hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən iri qazanlar düzəldirdilər. Siz ey Davud ailəsi! Şükranlıqla itaət edin! Bəndələrimdən şükür edəni azdır!" ("Səbə" surəsi, 13).

Alış-veriş edərkən

Alış-veriş bu gün bir çox insanlar üçün mühüm bir məşğuliyyətdir. Məsələn, bəzi insanlar dostları arasında öyünə biləcəkləri pal-paltar əldə etmək məqsədilə saatlarla, hətta günlərlə mağazaları gəzir, həyatlarında yalnız bir neçə dəfə geyəcəkləri geyimlərə çoxlu pullar xərcləyə bilir, qarderobları tamamilə dolu olsa da bitib-tükənmək bilməyən bir həvəslə yeni geyimlər ala bilirlər. Alış-veriş belə adamlardan ötrü ehtiyaclarını ödəyəcək bir vasitə olmaqdan da öncə həyatlarında mühüm bir yer tutan məqsəd halına gəlmişdir. Alış-veriş edərkən adətən özlərini itirərək çox zaman aldıqlarına sonradan peşman olacaqları əşyanı satın almaq da bəzi cahil insanlara xasdır.

Əlbəttə, alış-veriş hər bir insan üçün lazımlı və zövq verən bir işdir. Ancaq burada xətalı olan bir məsələ var ki, bu da insanların axirəti tamamilə unudaraq bu işləri dünyaya olan tamahkarlıq içində etmələridir. Və bir çox insanların bütün həyatlarını, düşüncələrini, planlarını bu işlər üzərində qurmaları və onları yaradan Allahı razı etməyin yollarını axtarmaq əvəzinə gündəlik həyatın alış-veriş kimi kiçik məşğuliyyətləri ilə qane olmağa çalışmalarıdır.

Quran əxlaqına uyğun yaşayan bir insan isə hər şəraitdə olduğu kimi alış-verişdə də Rəbbimizin yaratdığı gözəllikləri və hadisələrdəki hikmətləri görməyə çalışır. Alış-veriş ondan ötrü həvəslə yerinə yetirilən bir məşğuliyyət deyil, sadəcə olaraq ehtiyac duyduğu şeyləri təmin etmə fürsətidir. Alış-veriş insanı Allaha olan borcunu yerinə yetirməkdən əsla uzaqlaşdıra bilməz. Allah Quranda möminlərə belə əmr etmişdir:



"Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar. Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan çevirmə. Qəlbini Bizi xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan bir kimsəyə itaət etmə!" ("Kəhf" surəsi, 28).

Hər hansı bir şeyi satın almaq üçün bazara çıxan mömin insan bu həqiqətləri ağlından çıxarmır. Allah Öz qulları üçün cürbəcür qidalar, geyimlər və daha bir çox nemətlər yaratmışdır. Ancaq bəzi ölkələrdə insanlar işsizlik, səfalət və münaqişələr səbəbi ilə qida tapa bilmirlər. Nemətlərin bol olduğu ölkələrdə yaşamalarına baxmayaraq bu nemətləri ala bilməyənlər də var. Bunların hamısı Allahın nəzarətindədir və Allahın insanlara istədiyi qədər ruzi verməsində müxtəlif hikmətlər var. Allah bu məsələyə Quranda belə işarə edir:



"Məgər onlar hələ də bilmirlərmi ki, Allah istədiyinin ruzisini artırar, azaldar. Həqiqətən, bunda iman gətirən bir qövm üçün ibrətlər vardır!" ("Zumər" surəsi, 52).

Allah insanlar üçün fərqli imtahan şəraitləri yaradır. Ancaq mömin insan hansı şəraitdə və ya vəziyyətdə olursa -olsun ona verilənlərə şükür edir. İmtahan edildiyini və bu vəziyyətin müvəqqəti olduğunu bilir. Buna görə də hər an Allahın razı olacağı şəkildə davranır. Sahib olduğu nemətlər üçün Allaha olan şükrünü qəlbi ilə, dili ilə, hərəkətləri ilə ifadə edir. Ona verilənləri xeyir işlərə sərf edir. Əgər Allah ruzisini azaldarsa, bu vəziyyət qarşısında da səbir edir və yenə səmimiyyətlə Allaha şükür edir. Yoxsulluqla imtahan olunduğunu bilir və ona səbir verməsi üçün Allaha dua edir. Mömin hər bir şəraitdə Allahdan razı olur və Allahın da ondan razı olması üçün çalışır.

Cahil cəmiyyətin adət-ənənələrini, təcrübəsini və dəyərlərini mənimsəyənlər isə ən kiçik bir sıxıntı ilə qarşılaşdıqları zaman o an nankorlaşırlar. Uca Allah bu davranışı Quranda belə bildirir:

İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir nemət versə, o: "Rəbbim mənə ehtiram göstərdi!" - deyər. Amma nə zaman onu imtahana çəkib ruzisini əskiltsə: "Rəbbim məni alçaltdı!" - söyləyər" ("Fəcr" surəsi, 15-16).

Yer üzərindəki saysız nemətləri yaradan Allahdır. Ancaq bunu dərk etməyən insanlar satın aldıqları ərzaq və geyimlərin onlara əslində Allahın izni və istəyi ilə çatdığını unudurlar. Allaha şükür etmir, daima öz eqoist istək və arzularının təsiri altında hərəkət edirlər. Belə adamların alış-veriş edərkən, bir geyim alarkən haqqında düşündükləri yeganə məsələ dostlarına, yoldaşlarına, onları tanıyanlara hansı geyimdə daha çox "fors" verə biləcəkləri məsələsidir. Beyinlərini tez-tez məşğul edən məsələlər ilin modasının, ən çox bəyənilən geyimin, rəngin hansı olması və ya ən keyfiyyətli, ən gözəl, ən son model geyimlərin harada satılmasıdır. Tez-tez digər insanların sahib olduqları əşyalar haqqında danışır və ya düşünür, onlara sahib olduqları əşyalara görə qibtə edirlər. Yoxsulluğa dözə bilmirlər. Mal-mülk sahibi olmaq üçün böyük səy göstərirlər. Onlara verilən ruzini digər insanlara verilən ruzi ilə müqayisə edirlər, özlərinə haqsızlıq edildiyini düşünərək səbir göstərmir və şükür etmirlər. Sahib olduqları ilə qane olmayıb daima daha artığını istəyən bu insanların bir nankor davranışını Allah Quranda "həqiqətən sənin Rəbbin insanlara mərhəmətlidir, lakin onların əksəriyyəti şükür etməz" ("Nəml" surəsi, 73) ayəsi ilə bildirir.

Quran əxlaqına uyğun yaşayan və ətrafındakı nemətlərin Allahın bir nemət və ikramı olduğunu bilən mömin isə lazımsız yerə pul və vaxt sərf etməməyə çalışır. Alış-veriş edərkən israf etməkdən səylə qaçır. Allahın "...Yeyin-için, lakin israf etməyin, çünki Allah israf edənləri sevməz!" ("Əraf" surəsi, 31) ayəsində bildirdiyi kimi davranır. İsraf edərək pulu göyə sovuranları Allahın Quranda "şeytanın qardaşları" kimi təsvir etdiyini də əsla unutmur (“İsra" surəsi, 27).

Alış-veriş edərkən və ya pul xərcləyərkən israf etməmək kimi xəsis davranmamaq da Quran əxlaqının bir vacib şərtidir. Allah bu davranışı "Furqan" surəsinin 67-ci ayəsində "Onlar xərclədikcə nə israfçılıq edər, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar" şəklində bildirir. Nəticə olaraq bu ayədə möminlərin alış-verişdəki davranışı hikmətli bir şəkildə izah olunmuşdur.
İdman edərkən

İman gətirənlər bədənlərinin onlara dünya həyatında qısa bir müddət ərzində faydalanmaları üçün verildiyini və bu əmanətə ən gözəl tərzdə baxmağa görə məsuliyyət daşıdıqlarını bilir, sağlamlıqlarına diqqət edirlər. Bu səbəblə gündəlik fəaliyyətləri arasında idman və ya gimnastika etməyə mütləq vaxt ayırır, bu işdə ciddi bir cəhd göstərirlər. Çünki idman vücudun güclənməsinə, müqavimət gücü qazanmasına, nizamlı və sağlam bir şəkildə çalışmasına köməkçi olacaq, bu isə mömin insanın Allah rizası üçün daha çox çalışmasına və xeyirli işlər görməsinə imkan yaradır.

İnsan bədənində gedən maddələr mübadiləsi sabit deyil, hərəkətli bir quruluşa uyğun şəkildə yaradılmışdır. Bu gün idmanın vücudun müdafiə, qan dövranı, tənəffüs və həzm sistemlərini gücləndirməsi, bədənin mikroblara və xəstəliklərə qarşı müqavimətini daha da artırması, hormonal sistemin, ürəyin və damar sisteminin nizamlı şəkildə işləməsini təmin etməsi, əzələləri və oynaqları daha da gücləndirməsi, kondisiyanı artırdığı, bədənə dinclik qazandırdığı, qandakı şəkərin tarazlığının qorunmasına, "pis xolesterol"un enməsinə və "yaxşı xolesterol"un yüksəlməsinə köməkçi olması faktları və daha bir çox faydalarının olması məlumdur.

İman gətirən insanların bu məsələdə göstərdikləri cəhdlərin digər bir səbəbi isə fiziki gücün Allahın Quranda diqqət çəkdiyi bir xüsusiyyət olmasıdır. Məsələn, Allahın özü ilə danışaraq insanlar arasından seçdiyi ("Əraf" surəsi, 144) Hz.Musanın güclü bir fiziki quruluşa malik olması onun barəsində olan ayələrdən də başa düşülür. Bundan başqa, bir qövmə hökmdar kimi göndərilən Talutun güclü bir fiziki quruluşa sahib olması bir ayədə belə xəbər verilir:



"Peyğəmbərləri onlara dedi: "Allah Talutu sizə padşah göndərdi". Onlar isə: "Biz hökmdarlığa daha layiq ikən və ona var-dövlət verilmədiyi halda, o necə bizə padşah ola bilər?" - deyə cavab verdilər. O dedi: "Allah sizdən ötrü onu seçmiş, elm və bədəncə ona üstünlük vermişdir. Allah Öz mülkünü istədiyinə verər. Allah genişdir, biləndir!"" ("Bəqərə" surəsi, 247).

Bunlarla bərabər, möminlərin idman etməyə səy göstərmələrinin başqa bir səbəbi də var. Quran əxlaqını təbliğ edən bir insanın bədən cəhətdən güclü və gözəl bir görünüşə sahib olması məsələsi bunun qarşı tərəfdə oyadacağı təəssürat baxımından da çox önəmlidir. İnsanın xarici görünüşündəki heybətli və estetik görkəm təbliğatın hələ əvvəlində digər insanlarda müsbət təəssürat oyadacaqdır.

Bu səbəblə möminlər hər zaman güclü və sağlam bir görünüşə sahib olmaq və sahib olduqları bu görkəmi qorumaq üçün səy göstərirlər. Bu məsələdə tənbəllik, umsuqluq və ya üşügənlik etməzlər.

İbadətlərini yerinə yetirərkən

"Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım" ("Zariyat" surəsi, 56) ayəsi Allahın insanları Ona qulluq etmələri üçün yaratdığını bildirir. Digər bir ifadə ilə desək, insanın yaradılış məqsədi hər şeyin yaradanı olan Rəbbimizə Quranda bildirildiyi şəkildə qulluq etməkdir. Bu səbəblə Quranı rəhbər tutanlar Allaha lazımınca ibadət etməyi hər şeydən üstün tutur, təxminən 60-70 illik qısa ömürlərini axirət üçün ciddi çalışaraq və Allahın rizasını qazanmağa səy göstərərək keçirərlər. Bu hal özünü onların gündəlik həyatının hər anında göstərir.

Mömin insan Quran əxlaqına uyğun yaşamağın dünya həyatının bir qismini, müəyyən anlarını və ya səhifələrini deyil, hamısını əhatə etdiyini bilir. Allahın əmrlərini diqqətlə yerinə yetirir və daha çox xeyir iş görərək davamlı şəkildə saleh əməllərlə məşğul olur. Mömin insan vaxtını Allahın Quranda bildirdiyi ibadətlərlə keçirir, bir işi bitirən kimi yeni bir işə başlayır. Mömin insan Allahın "De: "Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!"" ("Ənam" surəsi, 162) ayəsində də bildirdiyi kimi, davamlı olaraq xeyir və gözəllik axtarışındadır. Bu cəhdlər arasında bir fasilə, ara vermə, məhdudiyyət yoxdur. Bir işin tamamlanması mömin üçün yeni bir işə başlamağın vacibliyinin göstəricisidir. Çünki mömin insan dünyada ona verilən hər saniyəni Allahın rizasını qazanmaq üçün cəhd göstərərək keçirməyin lazım olduğunu və axirətdə dünyada keçirdiyi hər anın hesabını verəcəyini bilir. Bu səbəblə də sadəcə olaraq Allahın rizasını qazana bilmək ümidi ilə hər dəqiqəsini Allahın ən çox razı olacağı işləri görərək keçirir. Allah möminlərin bu cür cəhd göstərməsini Quranda belə əmr edir:



"Elə ki azad oldun, qalx! (çalış)" (“İnşirah" surəsi, 7).

Möminin Allah rizası üçün göstərdiyi fəaliyyət gündən-günə artır və davamlı şəkil alır. Bu hal Allahın "Allah doğru yolda olanların doğruluğunu artırar. Əbədi qalan yaxşı işlər isə Rəbbinin yanında savab etibarilə daha xeyirli, nəticə etibarilə daha yaxşıdır!" ("Məryəm" surəsi, 76) ayəsinin ortaya qoyduğu bir zərurətdir. Rəbbimiz Özünün istədiyi davranış şəklinin ibadətlərdə qərarlılıq, qətiyyət və davamlılıq olduğunu bir ayədə belə bildirir:



"O, göylərin və yerin, onların arasında olan hər şeyin Rəbbidir! Yalnız Ona ibadət et və Onun ibadətinə səbirli ol! Heç Ona bənzərini görmüsənmi?" ("Məryəm" surəsi, 65).

Cahil insanların bu mövzudakı qənaəti isə axirətin varlığına şübhə etmək kimi azğın bir məntiqə əsaslanaraq ara-sıra bəzi ibadətləri yerinə yetirməkdən ibarətdir.

Bəzi insanlar özlərinə yeganə hədəf kimi müəyyən etdikləri dünya nemətlərini əldə etməyə çox böyük bir cəhd göstərirlər. Belə adamlar varlanmaq, zəngin olmaq, yüksək status qazanmaq və ya başqa mənfəətlər üçün əllərindən gələn hər şeyi edirlər. Çox qısa müddət ərzində hamısı əllərindən çıxacaq "ucuz qiymətə" ("Tövbə" surəsi, 9) görə böyük bir yarışa başlayırlar. Allahın rizası və cənnəti ilə qənaətlənən mömin insan isə yalnız Allah üçün ciddi cəhd göstərir. Allah möminin bu xüsusiyyətini Quranda belə tərif edir:

"Mömin olub axirəti istəyən və onun uğrunda çalışanların zəhməti qəbul olunar" (“İsra" surəsi, 19).

Bütün gününü Allahın rizasını qazanmaq üçün çalışaraq keçirən mömin insan ibadətlərində də son dərəcə həvəsli və istəklidir. Mömin gün boyunca bütün düşüncələrində və davranışlarında Allahı xatırlayır və Onu anır, Rəbbimizin sonsuz qüdrəti, ağlı, elmi, sənəti və digər sifətləri barədə dərindən düşünür. Bu davranış əslində "...Rəbbini çox yada sal və səhər-axşam Onun şəninə təriflər de, şükür et!" ("Ali-İmran" surəsi, 41)"Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et..." ("Əraf" surəsi, 205) ayələrindəki hökmün həyata keçirilməsidir. Belə davranan mömin daima rahat və xoşbəxtdir. Çünki "...Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapmışdır" ("Rəd" surəsi, 28) ayəsində Rəbbimiz qəlblərin yalnız Onu anmaqla rahatlıq tapacağını xəbər vermişdir.

Quran əxlaqını özünə rəhbər tutan bir insan Allahın əmr etdiyi namaz qılmaq, oruc tutmaq, dəstəmaz almaq kimi əməli ibadətlərini diqqətlə yerinə yetirir. Məsələn, o, namazlarını vaxtında qılmaq məsələsində çox həssasdır. Dünyəvi işlərinin namaz qılmağına mane olmasına icazə vermir. Özünü Allaha yaxınlaşdıran bir ibadəti hər dəfə sevinclə, zövq alaraq və huşu içində yerinə yetirir.

Allaha ürəkdən yönəlmədən, özünü nümayiş etdirmək, başqalarına göstərmək, necə deyərlər, özünü gözə soxmaq məqsədilə və ya "insanlar nə deyər?" deyə narahat olub namaz qılanlar isə Allaha ibadətin həzzini yaşaya bilməzlər. Belə adamların ibadətlərini yerinə yetirərkən zehinlərində özlərini Allaha yaxınlaşdıracaq düşüncələr yoxdur. Beyinləri Allahın adını anmaq və ucaltmaqdan daha çox gündəlik işlərlə məşğuldur. Allah Quranda bu şəkildə namaz qılanlara belə xəbərdarlıq edir:



"Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər. Onlar riyakarlıq edərlər" ("Məun" surəsi, 4-6).

Bu şəkildə sözdə Allah adına hər şey etdiklərini sanaraq və Allahdan qorxmadan, Onu düşünmədən, Onun varlığını və yaxınlığını hiss etmədən ibadət edənlər yanlışlıq içindədirlər. İnsanı Allaha yaxınlaşdıran davranışlar ibadət zamanı onun səmimiyyəti, Allah qorxusu, itaəti, xuşusu, yəni təqvasıdır.

Cahil insanların doğru olmayan ibadət məntiqi əlinizdəki kitabda müfəssəl şəkildə göstərilməyəcək. Bu mövzu haqqında daha əhatəli məlumat əldə etmək istəyənlər “İnsanlıq dini" adlı kitabımıza müraciət edə bilərlər.

Burada üzərində xüsusi şəkildə dayanılması lazım olan bir məqam vardır: bəzi insanlar ibadət anlayışını çox məhdud şəkildə, xəsisliklə qiymətləndirir, gün ərzində Allahın bir neçə əmrini yerinə yetirməyin kifayət etdiyini zənn edirlər. Halbuki Qurana görə, ibadət yalnız namaz, oruc, həcc, zəkat kimi insanın üzərində fərz olan hökmlərlə məhdudlaşmır.

İbadət qulluq mənasını ifadə edir. Yəni insanların qul olaraq Allah üçün etdikləri hər bir hərəkət, danışıq, hal və davranış bir ibadət deməkdir. Namaz bir insan üçün necə mühüm və fərz olan bir ibadətdirsə, hirsini boğmaq, gözəl söz söyləmək, insanları xəbərdar etmək, zənnə qapılmamaq və ya münaqişə etməmək də eynilə bir ibadətdir (ətraflı məlumat üçün bax: Harun Yəhya, "Qulaqardına vurulan Quran hökmləri"). Bu səbəblə dəqiqliklə və qətiyyətlə qorunması, həyata keçirilməsi vacib olanlar həm əməli ibadətlər, həm də əxlaqi hökmlərdir. Qısası, möminlər Allahın Quranda bildirdiyi hökmlərin hamısına həyatlarının hər anında lazım olan diqqəti artıqlaması ilə göstərirlər. İman gətirənlərin gün ərzində ən mühüm ibadətlərindən biri isə təbliğ, yəni insanları doğru yola çağırmaq, yaxşılığı tövsiyə edib pislikdən çəkindirmək, onları Qurana dəvət etməkdir. Belə ki, bu ibadət möminlərin gündəlik həyatının ayrılmaz bir hissəsidir. Mömin həyatının hər anında Allahın dinini digər insanlara öyrətməyə və İslam əxlaqını təmsil etməyə görə sözləri ilə, halı ilə, davranışı ilə məsuliyyət daşıyır. Üstəlik bu məsuliyyət yalnız dini tanımayanlara yönəlmir. Mömin ətrafındakı möminlərə qarşı da ən gözəl davranışları göstərərək nümunə olmağa çalışır. Bəhs edilən həqiqətləri Rəbbimiz bu ayədə belə tərif edir:

"Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət, hikmət sahibidir!" ("Tövbə" surəsi, 71).

Möminlər digər insanları gözəl əxlaqa dəvət etmək üçün hər imkandan istifadə etməyə çalışır, onları Allahın varlığı, birliyi, sifətləri, insanın yaradılış məqsədi, Allahın bəyəndiyi ideal rəftar, davranış və həyat tərzi, Quran əxlaqına görə yaxşı, pis, doğru, səhv anlayışları, qiyamət, cənnət, cəhənnəm və bu kimi məsələlər barədə məlumatlandırırlar.

Möminlərin öz aralarındakı danışıqları da əslində qarşılıqlı bir təbliğdir. Onlar da bir-birini Allahın Quranda bildirdiyi hökmlərə uymağa və İslam əxlaqını gözəl şəkildə yaşamağa dəvət edirlər. Qısası, möminin əsas üslubu təbliğdir.

Möminlər həm şifahi, həm də yazılı təbliğ metodlarını tətbiq edirlər, bundan başqa, bizim dövrümüzdə son dərəcə inkişaf etmiş kütləvi kommunikasiya vasitələrindən istifadə edirlər. İnsanları Quran əxlaqına dəvət edərkən televiziya, radio, kitab, qəzet, məktub, internet kimi vasitələrdən ən gözəl şəkildə faydalanırlar.

Quran əxlaqına uyğun yaşayan möminlərin gün ərzində təbliğ qədər vaxtlarını alan digər bir məsələ də təbliğə hazırlıq görməkdir. Allah Quranda Onun yolunda məfkurə mübarizəsi aparmaq istəyənlərin əvvəlcədən bu iş üçün hazırlıq görmələrinin vacib olduğuna işarə edir. Bu səbəblə də aparılan təbliğat üçün insanın özünü hərtərəfli hazırlaması son dərəcə əhəmiyyətlidir.

Təbliğ üçün möminin vacib olan işlərindən biri özünü inkişaf etdirməsi, Allahın dinini öyrədə biləcək hər cür bilgiyə sahib olmasıdır. Yəni insanın özünü həm mənəvi, həm də bilik cəhətdən yetişdirməsidir. Dolğun, düzgün, ehtiyaca yönələn, əmin və qaneedici, təsirləyici, hikmətli bir şəkildə danışmaq və yazmaq üçün çalışmaq lazımdır. Müsəlmanın Quran ayələrini çox yaxşı öyrənməsi, Peyğəmbərimizin (s.ə.v.) sünnəsini anlaması bu hazırlığın ana xəttini təşkil edir. Bütün bu hazırlıqlar və çalışmalar möminin gündəlik həyatının müəyyən bir hissəsini əhatə edir.



Gecə yatarkən

Düşünən bütün insanlar üçün gecənin yaradılmasında bir çox hikmətlər var. Rəbbimiz "Gecə də onlar üçün bir dəlildir. Biz gündüzü ondan sıyırıb çıxardan kimi onlar zülmət içində olarlar" ("Yasin" surəsi, 37) ayəsi ilə bu həqiqəti insanlara xəbər vermişdir. Haqqında bəhs edilən hikmətlərdən biri yavaş-yavaş günəşin itməsində və sonra da havanın get-gedə qaralmasında gizlənir. Canlılar gecə və gündüz arasındakı işıq və istilik fərqlərinə bu yavaş, tədrici keçidlər sayəsində asanlıqla öyrəşir, beləliklə də bu fərqə görə zərər çəkmirlər. Üstün bir elmə və qüdrətə sahib olan Allah qullarına və bütün canlılara mərhəmət etmiş, bir çox insanları onların həyatlarında bircə dəfə də olsun diqqət yetirmədiyi, üzərində düşünmədiyi bu nemətlə faydalandırmışdır.

Quran əxlaqına sahib olan bir insan bunların üzərində düşünərkən Allahın "...O, rəhm edənlərin ən rəhmlisidir!" ("Yusif" surəsi, 92) ayəsi ilə bildirdiyi həqiqətin daha bir dəlilini görür. Şübhəsiz ki, gecə və gündüzün bir-birinin ardınca gəlməsi də Allahın insanlar üçün yaratdığı saysız nemətlərdən biridir. İnsanların bunu daha yaxşı anlamaları üçün Rəbbimiz Quranda bunlara diqqət çəkir:

"De: "Bir deyin görək, əgər Allah gecəni qiyamətə qədər üstünüzə uzatsaydı, Allahdan başqa hansı tanrı sizə bir işıq gətirə bilərdi?! Məgər eşitmirsinizmi?" De: "Bir deyin görək, əgər Allah gündüzü qiyamətə qədər üstünüzə uzatsaydı, Allahdan başqa hansı tanrı istirahət etdiyiniz gecəni sizə gətirə bilərdi?! Məgər görmürsünüzmü?"" ("Qəsəs" surəsi, 71-72).

Gecənin də, gündüzün də yaranmasına səbəb olan şərtləri, tarazlıqları və sistemləri yaradan Uca Allahdır: bunlardan birinin yoxluğu şəraitində də insanlara yardım edə biləcək yeganə güc də Allahdır. Allah istəsə, arası kəsilmədən gecəni və ya arası kəsilmədən gündüzü yarada bilər. Ancaq canlılar buna dözə bilməzlər. Belə bir hal baş versə, yer üzündəki həyat sona çatar. Şübhəsiz ki, Allah gecə ilə gündüzü qüsursuz bir nizam içində yaratmış, bütün canlılara yaşaya biləcəkləri bir mühit bəxş etmişdir. Rəbbimiz yuxarıdakı ayələrin ardınca gələn ayədə belə buyurur:



"Öz mərhəmətindən dolayı sizin üçün gecəni və gündüzü yaratdı ki, dincələsiniz, Onun lütfündən ruzi diləyib axtarasınız. Bəlkə, şükür edəsiniz!" ("Qəsəs" surəsi, 73).

Gecə ilə gündüzün nizamlı olaraq bir-birinin ardınca gəlməsindəki hikmətləri anlayanlar isə yalnız ağıllarından istifadə edən insanlar, Allahdan qorxub çəkinənlər, düşünənlər, yəni Quran əxlaqına uyğun yaşayanlardır. Allah bu vəziyyəti bəzi ayələrdə belə bildirir:



"Həqiqətən, Göylərin və yerin yaradılması, gecə ilə gündüzün bir-birini əvəz etməsi ağıl sahibləri üçün qəti dəlillərdir" ("Ali-İmran" surəsi, 190).

"Gecə ilə gündüzün bir-birinin ardınca gəlməsində, Allahın göylərdə və yerdə yaratdıqlarında Allahdan qorxan bir tayfa üçün dəlillər vardır" ("Yunus" surəsi, 6).

"Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları onun hər tərəfinə yaymasında, küləyin bir səmtdən başqa səmtə əsməsində, göylə-yer arasında əlamətlər vardır" ("Bəqərə" surəsi, 164).

Allah insanın maddələr mübadiləsini gecələri yatmağa və istirahət etməyə uyğun bir şəkildə yaratmış və bu halı ayələrdə bu şəkildə bildirmişdir:



"Gecəni dincəlməyiniz üçün, gündüzü işıqlı edən Odur. Həqiqətən, bunda eşidənlər üçün dəlillər vardır" ("Yunus" surəsi, 67).

"Sizin dincəlməyiniz üçün gecəni və gündüzü işıqlı yaradan Allahdır, Allah insanlara lütfkardır, lakin insanların çoxu şükür etməz!" ("Mömin" surəsi, 61).

Gecənin istirahət vaxtı olması ilə bərabər çox mühüm olan daha bir xüsusiyyəti var. Gecənin yaradılışındakı hikmətlərdən biri də yer üzərində ümumi bir səssizliyin və durğunluğun hakim olduğu bu saatların bəzi ibadətlər üçün ən səmərəli saatlar olmasıdır. Allah gecə vaxtının hərəkətli olan gündüzə nisbətən düşünmək, oxumaq və ya dua etmək üçün daha əlverişli olduğunu Quranda belə bildirir:



"Şübhəsiz ki, gecə qalxmaq daha əlverişli və oxumaq daha münasibdir! Çünki gündüz sənin uzun-uzadı davam edən işlərin vardır. Rəbbinin adını zikr et və Ona tərəf yönəl" ("Muzəmmil" surəsi, 6-8).

Allahın yaradılış dəlilləri üzərində dərindən düşünmək, Quran oxumaq, Allaha dua etmək kimi bəzi ibadətlər üçün fikri gecələr daha tez və daha asan cəmləmək mümkün olur. Bunu dərk edən bir mömin gecə vaxtının hamısını istirahət etməklə və ya yatmaqla keçirmir. Ehtiyaclarına, xətalarına və ya çatışmazlıqlarına görə təkbaşına və için-için Allaha dua edir. Keçirdiyi günü qiymətləndirir, gün ərzində etdiyi xətaları gözdən keçirir və bu xətalara görə tövbə edir, Allahdan bağışlanma diləyir. Vaxtını Allahın razı olacağı şəkildə keçirir, Onu xatırlayır və Ona yaxınlaşmağa çalışır. Allahın varlığı və ucalığı, ayələr, kainatdakı qeyri-adi nizam, yer üzündəki canlılar, bunların sahib olduğu qüsursuz sistemlər, Allahın dayanmadan yaratdığı nemətlər, cənnət, cəhənnəm, sonsuzluq... kimi bir çox mövzular üzərində düşünür. Rəbbimiz gecələrinin bir qismini ibadətlərə ayıran möminlərin davranış tərzlərini bəzi ayələrdə belə tərif edir:



"Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirər" ("Furqan" surəsi, 64).

"Onlar ibadət üçün yataqlarından qalxar, qorxu və ümid içində Rəbbinə dua edər..." ("Səcdə" surəsi, 16).

"Məgər axirətdən qorxan, Rəbbinə ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirən (müti bəndə kafirlə birdirmi)?! De: "Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! Yalnız ağıl sahibləri ibrət alar!"" ("Zumər" surəsi, 9).

Möminlər bu şəkildə gecənin bir hissəsini dua, zikr və ibadətlə keçirən Peyğəmbərin (s.ə.v.) bir sünnəsini də yerinə yetirmiş olurlar. Bir ayədə bu barədə belə bəhs edilir:



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə