MüSƏlmanin 24 saati



Yüklə 0,5 Mb.
səhifə7/9
tarix20.10.2017
ölçüsü0,5 Mb.
#6126
1   2   3   4   5   6   7   8   9

"Yaxşılıqla pislik eyni ola bilməz! Sən (pisliyi) yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən! Bu yalnız səbr edənlərə verilir və yalnız böyük qismət sahiblərinə əta olunur!" ("Fussilət" surəsi, 34-35).
Yaxşı danışmaq, gözəl sözlü olmaq

Bəzi insanların vicdanı onlara qarşı xəta edən birisinə münasibətdə bağışlayan olmağı, pis söz söyləyənə qarşı gözəl bir söz söyləməyi bildirsə də, onlar nəfslərinə uyub bağışlamamağı və ya pis sözə lap pis sözlə cavab verməyi üstün tuturlar. Bu yanlış təsəvvürə sahib olan insanlar tərs davranmağı, təkəbbür və həqarət dolu sözlər söyləməyi, hörmətsiz və kobud cavab verməyi adətən bir üstünlük kimi qəbul edirlər.

Əlbəttə, bunlar Quran əxlaqına tamamilə ziddir. Allah Quranda gözəl sözün nə qədər bərəkətli olduğunu və insanlara həmişə xeyir gətirəcəyini bu nümunə ilə bildirir:

"Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac kimidir. O, Rəbbinin izni ilə bəhrəsini hər vaxt verər. Allah insanlar üçün belə misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar! Pis söz isə yerdən qopardılmış, kökü olmayan pis bir ağaca bənzəyir. Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə sabitqədəm edər. Allah zalimləri sapdırar. Allah istədiyini edər!" (“İbrahim" surəsi, 24-27).

Bu ayələrdən də gördüyümüz kimi, gözəl söz söyləyən və ona uyan adam həm dünya, həm də axirət həyatında çox böyük gözəlliklərlə, bənzərsiz nemətlərlə mükafatlandırılacaq. Ancaq pis söz söyləyən də, ona uyan da sonu cəhənnəm olan qaranlıq bir yola girmiş olacaq.

Mömin adam gün ərzində qarşılaşdığı insanlara gözəl tərzdə xitab edir. Olduğu hər yerdə Allahın dinini izah edir, Quranla öyüd verir, Allahın ayələrini xatırladan sözlər söyləyir və insanları gözəl sözlərlə qürurlandırır. Dostlarını təşviq edib həvəsləndirmək üçün Quran əxlaqına uyğun cəhətlərini dilə gətirir. Ətrafındakı insanların günlərinə daha həvəsli və nəşəli bir şəkildə davam etməsini təmin edəcək şəkildə danışır. Möminin bu davranışını yaxarıdakı ayədə xatırladılan barlı-bəhərli gözəl ağaca bənzədə bilərik.

Halbuki bəzi insanlar başqalarının gözəl xüsusiyyətlərini deyil, onları alçaltmaq məqsədilə çatışmazlıq və qüsurlarını dilə gətirməyi üstün tuturlar. Rəbbimiz yuxarıda bildirdiyimiz “İbrahim" surəsindəki ayələrdə buna da diqqət çəkərək bu cür sözləri fayda verməyən pis bir ağaca bənzədib. Çünki pis söz mövcud olan gözəl münasibətləri pozduğu kimi qarşı tərəfin şövq və həvəsini öldürəcək, onun sıxılmasına, üzülməsinə səbəb olacaq.

Digər tərəfdən, mömin insan bir adamla danışarkən, ona öz çatışmazlıq və qüsurlarını düzəltməsi yönündə öyüd verərkən və ya səhvlərini xatırladarkən sözün ən gözəl olanını seçməyə cəhd göstərir, beləliklə də Allahın aşağıdakı hökmünü yerinə yetirmiş olur:

"Bəndələrimə de: "Gözəl sözlər söyləsinlər". Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən, şeytan insanın açıq-aşkar düşmənidir!" (“İsra" surəsi, 53).

Allahın bu ayədə də bildirdiyi kimi, şeytan insanları gözəl söz söyləməkdən uzaqlaşdırmağa və bu yolla insanların arasına düşmənçilik salmağa çalışır. Pis bir söz söylənən zaman şeytan o an iki tərəfin arasını vurmaq üçün müxtəlif vasitələrə əl atmağa başlayır. Pis sözə məruz qaldığına görə sıxıntı hiss edən insan şeytanın verdiyi vəsvəsələrin təsiri ilə qarşı tərəfə eyni şəkildə cavab verir. Bu da insanların dostluğunun pozulmasına, hətta sona çatmasına səbəb olur. Ancaq gözəl bir söz şeytanın insanları yanıltma ehtimalını aradan qaldırır. Bu səbəblə möminlər şeytana imkan verməmək və ona əlverişli şərait yaratmamaq üçün bir-birinə ən gözəl şəkildə xitab etməyə çalışırlar. Belə bir davranış isə onların bir-birinə olan bağlılıqlarının və yaxınlıqlarının artmasına səbəb olur. Peyğəmbərimiz (s.ə.v.) də möminlərə həmişə gözəl əxlaqı və gözəl sözü əmr etmişdir:



"Sənə zülm edəni əfv et. Səndən küsənlə barış, sənə pislik edənə yaxşılıq et. Əleyhinə də olsa haqqı söylə".

İnsanlarla gözəl əxlaqla rəftar et".


İncə düşüncəli olmaq

Cahil cəmiyyətdə bəzi insanlar kobud, səriştəsiz, düşüncəsiz və hörmətsizdir. Möminlər isə bu cür üslub və davranışlardan şiddətlə qaçırlar, onlar zərif, duyğulu, həssas və incə düşüncəli bir şəxsiyyətə sahibdir. Bunlar eyni zamanda Allahın elçilərinin xüsusiyyətləridir. Quranda Hz.Musanın incə düşüncəli bir davranışına belə diqqət çəkilir:



"Mədyən kənarındakı bir quyuya çatanda onun başında bir dəstə adam və onlardan başqa (qoyunlarını özgə heyvanlara qarışmasın deyə) geri çəkən iki qadın görüb dedi: "Sizə nə olub?" Onlar: "Çobanlar sulayıb getməmiş biz su vermirik. Atamız da ixtiyar bir qocadır", - deyə cavab verdilər. Onlar üçün suladı, sonra da kölgəyə çəkilib dedi: "Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyrə möhtacam!"" ("Qəsəs" surəsi, 23-24).

Hz.Musa qarşılaşdığı xanımların köməyə ehtiyacının olduğunu həssas bir insan olaraq dərhal anlamış və vaxt itirmədən onlara kömək etmişdi. İman gətirənlər Hz.Musanın Quran ayələrində təriflənən bu xüsusiyyətini gün ərzində özlərinə örnək edirlər. Ətraflarındakı insanların çətin və ya sıxıntılı bir vəziyyətdə olduğunu görərkən dərhal onlara əllərindən gələn köməyi etməyə çalışırlar. Bununla bərabər onların şadlanması və gözəl bir mühit təmin etmək üçün xoşlarına gələcək gözəl davranışlar göstərirlər.

Ətrafdakı insanları narahat etməməyə çalışmaq incə düşüncəli bir hərəkətdir. Bir insanın ailədə müştərək istifadə olunan əşyaları və ya yerləri təmiz və səliqəli saxlaması, birinin narahat olması ehtimalının olduğu hallarda yüksək səslə danışmaqdan və ya musiqi dinləməkdən çəkinməsi, söhbət etməyə çalışdığı insanın işinin olub-olmadığını, o anda onu dinləməyə münasib vaxtının olub-olmadığını nəzərə alması, tələsən, bir şeyi harasa çatdırmağa çalışan insanlara mane olmaması gündəlik həyatda tez-tez qarşılaşdığımız incə düşüncəli davranışlarla misal ola bilər.

İncə düşüncəli olmağın mühüm göstəricilərindən biri də başqalarına yer və ya imkan verməkdir. Nəqliyyat vasitələrində oturmağa ehtiyacı olan birinə yer təklif edilməsi, alış-veriş zamanı eyni anda kassaya gələn iki adamdan birinin digərinə yer verməsi insanların bir-birinə yaxınlaşmasına və gözəl dialoq qurmasına səbəb olur. Bir-birinə incə düşüncələrlə yaxınlaşan insanların aralarındakı münasibətlər sağlam sevgi və hörmətə əsaslanır. Bundan başqa, bu insanlar birlikdə yaşamaqdan məmnun olur, bir daha qarşılaşmaqdan böyük zövq alırlar.

Buna əks şəraitdə, yəni yalnız öz mənfəətləri üçün hər kəsin bir-birinə bir şey etdirməyə, bir-birindən yararlanmağa çalışdığı şəraitdə isə insanlar arasında həqiqi dostluğun yaşanması mümkün olmaz. Acıq verməyə yönələn söhbətlər, süni davranışlar dostluğa mane olur. Boş danışıqlarla əmələ gələn söhbətlər sıxıntılı mühit yaradır. Allahın xatırlanmadığı belə yerlərdə əlbəttə ki, heç kim olmaq istəməz.
Qonaqpərvərlik

Hz.İbrahimin qonaq qarşılamaqda göstərdiyi diqqət barədəki ayələr Quran əxlaqına uyğun olan qonaq qarşılama üsulu haqqında bilgi verir:

İbrahimin möhtərəm qonaqlarının söhbəti sənə gəlib çatdımı? Onlar yanına gəlib salam verdikdə o salamı alıb: "Bunlar tanımadığın kimsələrdir!" -dedi. O, ailəsinin yanına getdi və bir buzov gətirdi. Onu qabaqlarına qoyub: "Bəlkə, yeyəsiniz!" - dedi" ("Zariyat" surəsi, 24-27).

Həzrəti İbrahim peyğəmbərin qonaqpərvərliyini nümunə götürən möminlər öncə qonaqlarını salamlayaraq onları gözəl bir şəkildə qarşılayır, onlara hörmət, sevgi və gülər üz göstərirlər. Daha sonra bütün ehtiyaclarını düşünərək onların söyləməsinə və hiss etdirməsinə lüzum qalmadan bu ehtiyaclarını ödəməyə, onları razı salmağa çalışırlar. Bundan başqa, bəhs edilən hörmət və ikramı gecikmədən göstərməyə çalışırlar. Quran əxlaqının daha bir vacib şərti də qonaqlara evdə olan yeməklərin ən gözəlinin verilməsidir.

Halbuki cahil cəmiyyətdə yaşayan bəzi insanlar onlara gələn adamları tanısalar belə, qapını açmırlar. Qonaq etmək məcburiyyətində qaldıqları adamları isə çox zaman istəməyə-istəməyə qarşılayırlar. Bu qarşılanmanı da adət-ənənələrə bağlılığa və ya sosial bir çətinliyə görə yerinə yetirirlər. Bundan başqa, bu insanların qonaqların vəziyyətinə görə davranışları da dəyişir. Yoxsul bir insanı qarşılayarkən hörmət etməkdən çəkinib onu boğazdanyuxarı bir şəkildə ötüşdürməyə çalışırlar. Ancaq əgər qonaq varlı, sözükeçən bir adamdırsa, bu dəfə necə qonaqlıq təşkil edəcəklərini də bilmir, yəni ən gözəl yeməklərini ən gözəl şəkildə təqdim etməyə böyük səy göstərirlər.

Ev sahibinin göstərdiyi qeyri-səmimi və könülsüz davranışlar qonaqları əlbəttə ki, narahat edir, qonaqlığı cansıxıcı bir hala gətirir. Bu da hər iki tərəf üçün tezliklə bitməsi arzulanan bir vəziyyət yaradır. Qonaq gəldiyinə peşman olur, ev sahibi isə qonaq etdiklərinə və itirdiyi vaxta görə heyfsilənir.

Nəticə olaraq deyək ki, insanlar arasında gözəl söhbətlərin və qarşılıqlı gözəl qonaqlıqların, həmrəyliyin, birlik və bərabərliyin artması ancaq Quran əxlaqının tətbiq edilməsi ilə baş verə bilər.
Qarşılıqlı salam və hörmət

Möminlər gün ərzində qarşılaşarkən bir-birinə ən gözəl istək və arzularını deyirlər, başqa sözlə desək, salam verirlər. Allahın "Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya qaytarın!..." ("Nisa" surəsi, 86) ayəsindəki əmrini bu şəkildə yerinə yetirirlər. Başqa bir ayədə isə Allah möminlərə evlərə girərkən salam vermələrini nəsihət edir:



"...Evlərə daxil olduğunuz zaman özünüzü Allah dərgahından bərəkət və xoşluq diləyən bir salamla salamlayın. Allah ayələri sizə belə izah edir ki, düşünüb daşınasınız!" ("Nur" surəsi, 61).

Mömin evindən çıxarkən qarşılaşdığı qonşularına gülərüzlə xeyirli bir gün, Allahdan bir rəhmət və sağlamlıq diləyir. Küçədə rastlaşdığı adamlarla, iş yerlərindəki dostları ilə və digər insanlarla da eyni şəkildə salamlaşır. Ona salam verən insan hər kim olursa-olsun, salamı alır və ona daha gözəl bir şəkildə cavab verir. Möminin bu davranışı Quran əxlaqının sosial münasibətlərə gətirdiyi gözəlliklərdən biridir. Bir-birini tanımayan insanlar arasındakı soyuq və cansıxıcı mühit salamla aradan qaldırılır. İnsanlar bir-birinə yaxınlaşır, bir-birini tanımasalar belə onların arasında isti bir atmosfer yaranır.

Cahil cəmiyyətində isə salamlaşma ümumiyyətlə "adətə görə" edilir. Bəzi insanlar yalnız mənfəət güdən münasibətdə olduqları və ya mənfəət umduqları kimsələrə salam verirlər. Bəzən özlərindən daha kiçik gördükləri adamları alçaltmaq məqsədilə onların hətta salamını da almır və ya özlərini eşitməməzliyə vururlar. Ən önəmli cəhət isə belə pis davranışların cahillərin əxlaq modelində adi qarşılanmasıdır.
Mübahisə etməkdən və hirslənməkdən qaçmaq

Məlum bir həqiqətdir ki, mübahisə insanları bir-birinə zidd salan, ayrılığa, dava-dalaşa və münaqişələrə səbəb olan haldır. Çox yaxın iki dost arasında yaranan kiçik bir mübahisənin böyüməsi ilə bütün gözəl hisslərin yerini qəzəb tutur. Allah "Kəhf" surəsinin 54-cü ayəsində bu pis əxlaqa diqqət çəkərək insanın "ən çox mübahisə edən" olduğunu bildirir. Bu səbəblə möminlər birlik, bərabərlik və qardaşlıq ruhunun zədələnməsinə və ya zəifləməsinə səbəb olan hər cür mübahisə və münaqişədən qətiyyətlə qaçırlar. Çünki Allah bu davranışı qəti olaraq yasaqlamışdır:



"Allaha və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz..." ("Ənfal" surəsi, 46).

Ayədə bildirildiyi kimi, mübahisə və münaqişə insanların gücünü qıran, heç bir məsələni həll etməyən, fayda verməyən, şeytanın vəsvəsəsi ilə edilən bir hərəkətdir. İnsanın vicdanı münaqişəni, davanı qəbul etmədiyi halda nəfsi onu çəkişməyə, münaqişəyə itələməyə çalışır. Buna görə Quranı özünə rəhbər tutan və hər zaman vicdanına uyan bir adam münaqişənin yaranmasına heç vaxt izn verməz. Bir anlıq qəflət nəticəsində çəkişməyə girsə belə dərhal diqqətini toplayar, Allahın hökmünü xatırlayar və gördüyü bu işin Allah tərəfindən bəyənilmədiyini dərk edərək ondan dərhal imtina edər.

İman gətirən insanlar gün ərzində cürbəcür adamlarla qarşılaşa bilərlər. Bununla bərabər onlar hansı şərait olursa-olsun münaqişədən qaçırlar. Məsələn, alış-veriş zamanı qoyulan qiymətlər qarşısında satıcı ilə, vaxtında gəlməyən avtobusun sürücüsü ilə, növbə gözləyərkən yavaş işləyən işçilərlə münaqişə etməzlər. Əgər onlara qarşı haqsızlığın edildiyi bir vəziyyətlə qarşılaşsalar, məsələni münaqişə edib hirslənməklə deyil, gözəl bir üsulla və ağıllı bir metodla həll etməyi üstün tuturlar. Rəbbimiz mömin insanın qəzəblənməməsinin vacibliyini "Ali-İmran" surəsində belə buyurur:

"O müttəqilər ki, bolluqda da, qıtlıqda da xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər" ("Ali-İmran" surəsi, 134).

Quran əxlaqına uyğun yaşayan bir insan özünün əxlaq anlayışını qarşısındakı adamların davranışlarına görə dəyişdirməz. Qarşı tərəf istehza ilə danışa bilər, çirkin sözlər söyləyə bilər, qəzəblənə bilər, pislik edə və ya düşməncəsinə davrana bilər. Ancaq mömin insanın alicənablığı, təvazökarlığı, mərhəməti və mülayimliyi heç bir vaxt dəyişməz. Ona söylənən pis bir sözə pis sözlə cavab verməz. İstehza edənə istehza ilə, qəzəbə qəzəblə cavab verməz. Hirslənən bir insana qarşı sakit olar və özünə nəzarət edər. Peyğəmbərimiz (s.ə.v.) bir hədisində möminlərə bu cür nəsihət etmişdir: "Harada olursan ol, Allahdan çəkin və pisliyin ardından yaxşılıq et, bu, onu yox edər. İnsanlara gözəl əxlaqla davran".

Mömin insan hər an hər şeyin onun imtahan edilməsi üçün yaradıldığını bilir. Bu səbəblə də insanlarla münaqişə etmək əvəzinə gözəl sözlər danışmağı, onlara qəzəblənmək əvəzinə qəzəbini udaraq səbr göstərməyi üstün tutur. Bilir ki, bunlar Allahın razı olduğu davranışlardır və Onun rizasını qazanmağa ümid edir.
Paxıllıq etməmək, Həsəd aparmamaq

Allah insanların nəfsindəki mənfi əxlaq xüsusiyyətlərindən birinin Həsəd, paxıllıq hissi olduğunu və bundan çəkinməyin vacibliyini Quranda belə bildirir:



"...Ancaq nəfslərdə xəsislik həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb çəkinsəniz bu sizin üçün daha yaxşı olar. Şübhəsiz ki, Allah etdiyiniz hər bir işdən xəbərdardır!" ("Nisa" surəsi, 128).

Bəzi insanlar var ki, başqa insanların onlarla müqayisədə maddi və ya mənəvi bir üstünlüyə ya da onlarda olmayan bir şeyə sahib olmaları həmin adamlarda paxıllığa səbəb olur. Məsələn, bir yerdə özlərindən daha gözəl və ya yaraşıqlı bir insanın olması bəzi insanların qısqanclıq hisslərinin qabarması üçün bir səbəbdir. Bəziləri də varlı, bacarıqlı, bilikli, mədəniyyətli, çalışqan, gözəl evlərə sahib olan insanlara Həsəd aparırlar. Etibar, şöhrət və ya mövqe də xəsisliyə səbəb ola bilər. Ancaq Həsəd aparan, paxıllıq edən insanların qulaqardına vurduqları çox mühüm bir həqiqət var. Allah insanlara bu həqiqəti belə xatırladır:



"Yoxsa onlar Allahın Öz nemətindən bəxş etdiyi şeyə görə insanlara həsəd aparırlar..." ("Nisa" surəsi, 54).

Hər şeyin sahibi Rəbbimiz olan Uca Allahdır. Allah istədiyi insana Özünün istədiyi qədər ruzi verir. İnsanın ona verilən ruzinin az və ya çox olmasına heç bir təsiri yoxdur. Gözəlliyin, mal-mülkün, üstünlüyün mütləq sahibi Uca Allahdır. Mömin insan bu həqiqəti dərk edir. Buna görə də gün ərzində özünün sahib olmadığı, ancaq nəfsinin xoşuna gələn nə ilə qarşılaşırsa qarşılaşsın, buna görə heç bir Həsəd Hissi keçirməz. Özündən daha gözəl və ya daha varlı birini görəndə gözəlliyin və zənginliyin əsl sahibinin Allah olduğunu düşünür. Allahın istədiyini seçdiyini, istədiyinə istədiyi neməti verdiyini, seçimin və qərarın yalnız Ona aid olduğunu bilir. Rəbbimizin hər şeyi ən gözəl və ən xeyirli şəkildə yaratdığını, dünyada verilən hər cür nemətin insanlar üçün bir sınaq olduğunu, əsl yurdun axirət olduğunu, Allah dərgahında dəyər ölçüsünün təqva olduğunu qəlbinə yerləşdirərək hərəkət edir. Bundan başqa, sahib olduğu nemətləri digər insanlarla bölüşməyə və ya onlara verməyə qısqanclıq etmir. Məsələn, xoşladığı bir əşyanı birinə hədiyyə etməkdən yaxud da bu əşyanı biri ilə şərik istifadə etməkdən heç bir sıxıntı duymur. Allah bu davranışı iman gətirənlərə bu şəkildə əmr edir:



"Sevdiyiniz şeylərdən sərf etməyincə savaba çatmazsınız. Şübhəsiz ki, Allah xərclədiyiniz hər bir şeyi biləndir!" ("Ali-İmran" surəsi, 92).

Mömin bütün nemətlərin ona dünya həyatında faydalanması və sınaq üçün qısa müddətə verildiyini, xəsislik kimi pis xasiyyətlərin düzgün olmadığını bilir.


Zənndən və dedi-qodudan uzaq olmaq

Cahil cəmiyyətdə bir çox insanlar gündəlik həyatını ayrılmaz hissələrinə çevrilmiş bəzi pis vərdişlərə sahibdir. Bunlar insanın başqaları haqqında müxtəlif mənfi zənnlərə düşməsi, təcəssüs etməsi, yəni onu maraqlandırmayan şeyləri gizlincə öyrənməyə çalışması, qeybət etməsi, yəni başqa adamlar haqqında dedi-qodu etməsi, onları çəkişdirməsidir. Sözügedən bu üç davranış ümumiyyətlə bir-biri ilə bağlıdır. Çünki qeybət edən, yəni bir insanın arxasınca danışan adam onun haqqında sözsüz ki, pis zənnə sahibdir. Eyni şəkildə təcəssüs edən bir adam da müxtəlif zənnlərlə belə bir rəftar edir.

Quran əxlaqında isə bu kimi çirkin davranışlara yer yoxdur. Allah möminlərin bunlardan çəkinmələrini buyurur:

"Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu, sizdə ikrah hissi oyadar. Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!" ("Hucurat" surəsi, 12).

Allahın ayələri möminin hər an ağlındadır, mömin insan Rəbbimizin sevmədiyi davranışlardan gün ərzində qəti şəkildə qaçır. Başqa bir adamın haqqında pis niyyətlə araşdırma apararaq məlumat toplamağa çalışmır. Orada olmayan bir kimsə haqqında xoş olmayan, doğruluğuna əmin olmadığı və eşidən adamın qəlbini qıracaq sözlər söyləmir. Məlumatı olmadığı halda bir insan haqqında gümana düşüb zənnə qapılmır. Bir insan haqqında məlumatı olmayan bir məsələ ilə əlaqədar düşüncələri həmişə xeyir yönündədir. O adamın yaxşı və gözəl cəhətlərini düşünür və danışır. Allah həmçinin möminlərin doğruluğuna qəti olaraq əmin olmadıqları bir mövzu ilə bağlı xeyirli izahatlar verməyin vacibliyinə Quranda mömin qadınlara atılan iftiraya olan cavabı nümunə göstərərək belə işarə edir:



"Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində yaxşı fikirdə olub: "Bu, açıq-aydın bir böhtandır!" - deməli deyildilərmi?" ("Nur" surəsi, 12).

Mömin insan ailəsi, dostları və ətrafındakı insanlar haqqında daim yaxşı düşünməyə, xeyirli olanı danışmağa və insanları da buna istiqamətləndirməyə çalışır. Ancaq insan dünya həyatındakı imtahana görə unutqan yaradılmışdır və xəta edə bilər. Amma bu səhv davranışını dərk edəndə dərhal Allahın rəhmətinə sığınaraq Rəbbimizdən bağışlanma diləyir.


İstehza etməkdən çəkinmək

İstehzalı davranışlar Quran əxlaqından uzaq olan insanların bir hissəsinin gündəlik həyatında çox yayılıb. Cahil cəmiyyətdə insanların qüsur və çatışmazlıqları, xətaları, fiziki qüsurları, qiyafələri, maddi ehtiyacları, diqqətsizlikləri, hər cür davranışları, danışıq tərzləri, sözləri, qısası, hər şeyləri istehza mövzusu ola bilər. İstehza etmək üçün bəzən sözlərdən və əl hərəkətlərindən, bəzən də baxışlardan və mimikalardan istifadə olunur. İstehza edilənin qəlbinin qırılması, kədərlənməsi, dilxor olması, əhvalının pozulması və ya sıxılması istehza edən adam üçün heç bir əhəmiyyət kəsb etmir. Onun nəzərində mühüm olan məsələ yalnız öz qürurunu, şövqünü təmin etmək və başqasını alçaltmaqdır (ətraflı məlumat üçün bax: Harun Yəhya, “İstehza adlanan zülm").

Halbuki Allah insanların bir-birinə istehza etməsini Quranda qəti olaraq yasaqlamışdır:

"Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar o birilərindən daha yaxşı olsunlar. Qadınlar da bir-birinə rişxənd eləməsinlər. Bəlkə, onlar o birilərindən daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalimlərdir!" ("Hucurat" surəsi, 11).

Rəbbimiz bir ayədə də "Qeybət edib tənə vuran hər kəsin vay halına!" ("Huməzə" surəsi, 1) deyə buyuraraq Quran əxlaqına uyğun yaşamayan, hesab gününü və axirəti düşünmədən bu cür çirkin davranış göstərən insanları xəbərdar edir.

Möminlər arasında istehza etməyin heç bir növünə qətiyyən izn verilmir. Onlar gözəllik, zəka, mal-dövlət, bacarıq kimi hər cür xüsusiyyətin insanlara Rəbbimiz tərəfindən verildiyini bilir, bir-birlərində gördükləri gözəl xüsusiyyəti böyük bir məmnunluqla qarşılayırlar. Nəfslərinə deyil, Allahın rizasına uyduqları üçün cahil insanların yaşadıqları təkəbbür, həsəd kimi hissləri yaşamırlar. Buna görə də bir-birinə qarşı həmişə xoşrəftar olur, bir-birinə müsbət, təvazökar bir münasibət bəsləyirlər.

Eyni şəkildə də bir-birlərində gördükləri qüsurları Allahın bir sınağı kimi qəbul edirlər. Buna görə bu qüsurları ortaya çıxarmır, əksinə, bunların əvəzinə gözəl davranışlar göstərirlər. İstehza etməyə yol açacaq ən kiçik bir davranışdan, baxışdan, sözdən qətiyyətlə çəkinirlər.



Fədakarlıq

Həyatın yalnız dünya həyatı ilə məhdudlaşdığını hesab edən insanlar bundan ciddi bir mənfəət əldə etməsələr, fədakarlıq göstərməzlər, ehtiyac içində olan insanlara da yardım etməyə çalışmazlar. Çünki dünyada etdikləri yaxşılıqların və pisliklərin axirətdə eynilə qarşılarına çıxacağını fikirləşmirlər. Allah onların bu yanlış fikirlərinə bəzi ayələrdə belə diqqət çəkir:



"Həqiqətən, insan çox həris yaradılmışdır!" ("Məaric" surəsi, 19).

İndi gördünmü dönəni? Bir az verib xəsislik göstərəni?" ("Nəcm" surəsi, 33-34).



"Onlar xəsislik etməklə bərabər, başqalarını da xəsisliyə təhrik edir və Allahın Öz lütfündən bəxş etdiyi nemətləri gizlədirlər. Biz kafirlər üçün alçaldıcı əzab hazırlamışıq!" ("Nisa" surəsi, 37).

İnsanın nəfsindəki eqoizm və xəsislik kimi pis xüsusiyyətlərdən təmizlənib çəkinməsi lazımdır. Rəbbimiz insanlara belə bildirir:



"Allahdan bacardığınız qədər qorxun, qulaq asın; itaət edin və xərcləyin. Bu sizin özünüz üçün xeyirli olar. Nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr -məhz onlar nicat tapıb səadətə qovuşanlardır!" ("Təğabün" surəsi, 16).

Buna görə də Quran əxlaqına uyğun yaşayan bir insan gün ərzində nəfsinin eqoizmindən çəkinərək sahib olduğu şeyləri ətrafındakı insanlarla bölüşməyə çalışır. Məsələn, yeməyini ac olan bir kəslə bölüşməkdən böyük zövq alır. Çox sevdiyi bir əşyanı özündən daha artıq ehtiyacı olan birinə könül xoşluğu ilə verir ("Bəqərə" surəsi, 219). Bunların ona axirətdə daha gözəl bir şəkildə qayıdacağını bilir. Allah Quranda Peyğəmbərimizin (s.ə.v.) zamanında müsəlmanların bu yöndə olan nümunəvi davranışlarını bizə belə xəbər verir: "Onlardan əvvəl yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. Nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr - məhz onlar nicat tapıb səadətə qovuşanlardır!" ("Həşr" surəsi, 9).

Möminlər göstərdikləri fədakarlığın qarşı tərəfi məmnun etməsindən böyük bir sevinc hissi duyurlar. Vicdanən doğru olan bu davranışdan Allahın da razı olduğunu bildikləri üçün mənəvi bir rahatlıq yaşayırlar. Özləri də ehtiyac içində olduqları halda heç düşünmədən haqlarından imtina edirlər. Göstərdikləri fədakarlıqları dilə gətirərək özlərini heç vaxt tərifləmir və fədakarlıqlarına görə qarşı tərəfə minnət qoymağa heç vaxt çalışmırlar.
Ədalətlə hərəkət etmək

Möminlər şahid olduqları, eşitdikləri, hətta dolayısı ilə xəbərdar olduqları ədalətsiz bir hərəkətə qarşı laqeyd qalmırlar. Əsas götürdükləri Quran əxlaqı onları hər cür zülmə qarşı çıxmağa, məzlumların haqqını qorumağa, onlar üçün mübarizə aparmağa sövq edir. Allah möminlərin üstün ədalət anlayışını "Nisa" surəsində bu şəkildə tərif edir: "Ey iman gətirənlər! Sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan! Allah şahidi olun! İstər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya boyun qaçırsanız, Allah etdiyiniz işlərdən xəbərdardır!" ("Nisa" surəsi, 135).

İnsanlar bütün imkanlarını səfərbər edərək ədalətsizliyə mane olmağa çalışırlar. Buna zidd gedən insanlar çoxluq təşkil etsələr də, onların vicdansızlığı inanan insanları iradəsizliyə sürükləməz. Axirətdə şahid olduqları hər bir hadisədə haqq uğrunda necə səy göstərdiklərinə dair sorğu-sual olunacaqlarını və onlardan bu zülmə mane olmaq üçün nə etdiklərinin soruşulacağını bilirlər. Dünyada bir çox insanların etdiyi kimi "görmədim, eşitmədim, ya da anlamadım" deyərək məsuliyyətdən qaçmağa çalışmırlar.

Vicdansızlıq etdikləri halda itirənin, vicdanlı davrandıqları zaman isə qazananın yalnız özləri olduğunu unutmurlar. Buna görə də istənilən haqsızlığa qarşı heç vaxt tamaşaçı kimi baxıb ona laqeyd qalmırlar. Hər hansı bir haqsızlıq olarkən öz işləri ilə məşğul olaraq özlərini görməzliyə vurmurlar.

Quran əxlaqı insanın nəfsinin onun mənafelərinə zidd də olsa, qüruruna ağır da gəlsə, ana-ata, tanış-yad, varlı-kasıb fərqi qoymadan ədalətin qorunmasını zəruri edir. Buna görə də mömin insan bütün gün ərzində haqsızlıq etməkdən, haqsızlığa göz yummaqdan qətiyyətlə qaçır. Kim nəyə layiqdirsə, ona həmin şeyi verməyə çalışır. Məsələn, avtobusa minmək üçün növbə gözləyən insanların qarşısına keçməyə çalışaraq hörmətsizlik etməz və bunu edən birinə də göz yummaz, buna gözəl əxlaqa yaraşan bir tərzdə, gərginlik yaratmadan müdaxilə edər. O, bir nailiyyətdə haqqı olan bütün insanların layiq olduğu tərifi və mükafatı almasına əhəmiyyət verir. Dostları arasında da fərq qoymadan haqlı olanı müdafiə edir. Haqsızlığa qarşı susmur. Məsələn, özünün və ya dostunun etdiyi bir səhv başqasına zərər veribsə, bunu gizləmir və olduğu kimi söyləyir. Və yaranan ziyanı aradan qaldırmaq üçün əlindən gələni edir.


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə