MüSƏlmanin 24 saati



Yüklə 0,5 Mb.
səhifə8/9
tarix20.10.2017
ölçüsü0,5 Mb.
#6126
1   2   3   4   5   6   7   8   9

Doğruluq

Bəzi insanlar etdikləri səhvi gizlətmək, mənfəət əldə etmək, özlərini çətin bir vəziyyətdən xilas etmək və ya insanları öz istəklərinə görə istiqamətləndirmək üçün yalan söyləməkdə bir qəbahət görməzlər. Etdiklərinin səhv olduğunu və yalanlarının hər an aşkara çıxacağını bilsələr də, bu çirkin üsuldan istifadə edirlər. Hesab günündə hər söylədiklərinə və hər etdiklərinə görə sorğu-sual olunacaqlarını düşünmürlər.

Möminlər isə doğruluq və dürüstlükdən əsla geri çəkilməzlər. Onlar Allahın "Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin!" ("Əhzab" surəsi, 70) ayəsində də bildirdiyi kimi, həmişə dürüst olmağın vacibliyini bilirlər. Bu əmrə gün ərzində diqqətlə itaət edirlər. Məsələn, əvvəlki mövzuda bildirdiyimiz kimi, etdikləri bir səhvi ört-basdır etmək məqsədilə yalan danışmırlar. Xətalı bir davranış göstərdikdə dərhal üzr diləyir, səhvlərini düzəltməyə çalışırlar. İnsanlar tərəfindən daha çox hörmət görmək və ya sevilmək üçün yalan söyləmirlər. Hansı səbəbə əsaslanırsa -əsaslansın, yalanı bir həll yolu kimi görmürlər. Buna görə də Quran əxlaqına uyğun yaşayan bir adam gün ərzində nə yalan söyləməyin, nə də yalanın ortaya çıxmasının sıxıntısını çəkməz, doğruluğun və səmimiyyətin gətirdiyi gözəl, etibarlı və rahat bir həyat yaşayar. Sözügedən gözəl davranışı dünya həyatında mənimsəyən birinin axirətdə alacağı mükafat isə çox gözəldir. Allah doğruları belə müjdələyir: "Allah buyurdu: "Bu elə bir gündür ki, düz danışanlara düzlükləri fayda verər. Onları altından çaylar axan cənnətlər gözləyir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Bu, böyük qurtuluşdur!"" ("Maidə" surəsi, 119).

NƏTİCƏ
Kitab boyunca gördüyümüz kimi, möminlər Allahın Quranda bildirdiyi gözəl əxlaqı, günlərinin 24 saatını ən mükəmməl şəkildə yaşamağı özlərinə ən əsas məsələ hesab edirlər. Şərtlər və şərait nə olursa-olsun, gözəl əxlaq göstərməkdən qətiyyən yorulmurlar. Onların əxlaqı dəyişkən deyil, həmişə Allahın öyüdlərinə və əmrlərinə əsaslanır. Rəbbimizin Quranda "Doğrudan da sən böyük bir əxlaq sahibisən!" ("Qələm" surəsi, 4) şəklində təriflədiyi Hz.Muhəmmədi (s.ə.v.) özlərinə nümunə hesab edirlər.

Dünyada hüsrandan, axirətdə isə sonsuz əzabdan xilas olmağın yeganə bir yolu var: Quran əxlaqına uyğun yaşamaq. Çünki Allah insanlara "əsl şan və şöhrəti" bu əxlaqla qazandırır. İnsanları cahillikdən, əsas məntiq yanlışlığından, sıxıntılı vəziyyətlərdən, mənfi xusüsiyyətlərdən, əsassız qorxulardan, yanlış etiqadlardan və bütün bunların səbəb olacağı cəhənnəm əzabından qurtarır. Bunların əvəzinə təmiz bir ağıl, gözəl bir əxlaq, cənnətə bənzər şərait və ən mühümü də sonsuz nemətlərlə dolu olan sonsuz bir cənnət həyatı qazandırır.

Yer üzərində yaşanan bütün sıxıntıların, müharibələrin, davaların, yoxsulluğun, səfalətin, qəzəbin aradan götürülməsinin də yalnız bir çarəsi var: Quran əxlaqına uyğun yaşamaq... İnsanlara arzuladığı xoşbəxtliyi, rahatlığı, ədaləti, sevgini və sülhü gətirəcək başqa bir həll yolu yoxdur. Ədalətsizlik, ixtilaf, qeyri-bərabərlik, çəkişmə, dava, haqsızlıq, israf, zülm, əxlaqsızlıq və bunlar kimi saysız-Hesabsız problemlərlə bağlı Quran əxlaqının yaşanması insanların həyatını asan, rahat və xoşbəxt edəcək ən əsas, ən ədalətli, ən mükəmməl və ən köklü həll yollarını gətirir.

Bu həqiqətlərə baxmayaraq insan kiçik hesablar, dünyəvi mənfəətlər, nəfsani zəifliklər səbəbi ilə haqq dindən üz çevirdiyi təqdirdə ən böyük zərəri yenə özü görəcək. Çünki insanın Qurandan üz çevirməsi onun özü üçün lazım olan ən həyati həqiqətlərdən xəbərsiz qalması mənasına gəlir. Halbuki nə özünün, nə də özü kimi gəlib-getmiş insanların daşıdıqları bu dünyada qarşısına çıxacaq şərtlərlə və problemlərlə başa çıxmasına yetməyəcək. Bütün həyatı sıxıntı, narahatçılıq, stress, ziddiyyət və çarəsizliklə keçəcək. O da bir müddət sonra bu vəziyyəti qəbul edəcək, dinə uyğun yaşamamasının cəzası olan əzablarla dolu həyatını "həyatın bir həqiqəti" sanaraq ömrünü böyük bir aldanış içində bitirəcək. Allahın Quranda tərif etdiyi üstün əxlaq modelini mənimsəyən və onu həyatlarının hər dəqiqəsinə hakim edən möminlər isə ən gözəl şəkildə yaşayacaqlar. Allah bu möminləri belə müjdələyir:



"Sizi bizə yaxınlaşdıran nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Yalnız iman gətirib yaxşı işlər görənlərin əməllərinə görə mükafatları qat-qat artıq olacaq və onlar cənnət otaqlarında əmin-amanlıq içində yaşayacaqlar" ("Səbə" surəsi, 37).

İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin Rəbbi yanında mükafatları vardır. Onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!" ("Bəqərə" surəsi, 277).



"O kəslər ki, Allaha verdikləri vədi yerinə yetirir və əhdi pozmurlar. O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir, Rəbbindən və pis haqq-hesabdan qorxurlar. Və o kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün səbir edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir, pisliyin qarşısını yaxşılıq etməklə alırlar" ("Rad" surəsi, 20-22).



TƏKAMÜL YALANI

Darvinizm, yəni təkamül nəzəriyyəsi yaradılış həqiqətini inkar etmək məqsədilə ortaya atılmış, ancaq heç bir müvəffəqiyyət qazana bilməmiş elmdən uzaq bir sayıqlamadan başqa bir şey deyil. Canlı aləmin cansız maddələrdən təsadüfən əmələ gəldiyini iddia edən bu nəzəriyyə elmin kainatda və canlılarda çox açıq bir "nizam" olmasını sübut etməsi ilə çürümüşdür. Beləliklə, bütün kainatın və canlıların Allah tərəfindən yaradılması həqiqəti elm tərəfindən də sübut olunmuşdur. Təkamül nəzəriyyəsini ayaqda saxlaya bilmək üçün bu gün bütün dünyada aparılan təbliğat yalnız elmi həqiqətlərin təhrif edilməsinə, bu həqiqətlərin birtərəfli şəkildə izah olunmasına, elm görüntüsü altında söylənən yalanlara və yol verilən saxtakarlıqlara əsaslanır.

Ancaq bu təbliğat da həqiqəti ört-basdır edib gizlədə bilmir. Təkamül nəzəriyyəsinin elm tarixindəki ən böyük yalan olması faktı son 20-30 ildə elm dünyasında getdikcə daha yüksək səslə dilə gətirilir. Xüsusilə 1980-ci illərdən sonra aparılan tədqiqatlar darvinistlərin iddialarının tamamilə yanlış olduğunu ortaya qoymuş və bu həqiqət bir xeyli alim tərəfindən qeyd edilmişdir. Ələlxüsus da ABŞ-da biologiya, biokimya, paleontologiya kimi müxtəlif elm sahələrində çalışan alimlər darvinizmin artıq öz qüvvəsini itirdiyini görür, canlıların mənşəyini artıq yaradılış ilə açıqlayırlar.

Təkamül nəzəriyyəsinin süqutunu və yaradılışın dəlillərini başqa əksər çalışmalarımızda bütün elmi təfərrüatları ilə qeyd etdik və qeyd etməyə davam edirik. Ancaq bu məsələ çox əhəmiyyətli olduğu üçün burada da bir çox məsələləri xülasə etmək zəruri və faydalıdır.


Darvini yıxan çətinliklər

Təkamül nəzəriyyəsi tarixi kökləri ilə qədim Yunanıstana qədər gedib çıxan bir təlim olsa da, o, yalnız XIX əsrdə əhatəli şəkildə ortaya çıxdı. Nəzəriyyəni elm dünyasının gündəminə salan ən mühüm hadisə Çarlz Darvinin 1859-cu ildə nəşr edilən "Cinslərin mənşəyi" adlı kitabı oldu. Darvin bu kitabda canlıların müxtəlif növlərinin Allah tərəfindən ayrı-ayrılıqda yaradılması gerçəyinə qarşı çıxırdı. Darvinə görə, bütün cinslər müştərək bir atadan gəlirdi və onlar zaman ötdükcə kiçik dəyişikliklər sayəsində bir-birindən fərqlənmişdilər.

Darvinin nəzəriyyəsinin heç bir maddi dəlili yox idi. O, özü də bunu qəbul edirdi ki, bu nəzəriyyə yalnız "ortaya atılan məntiqi fikir" idi. Hətta Darvinin öz kitabındakı "Nəzəriyyənin çətinlikləri" başlıqlı geniş hissədə də etiraf etdiyi kimi, bu nəzəriyyə bir çox mühüm sual qarşısında aciz qalır.

Darvin zənn edirdi ki, onun nəzəriyyəsinin qarşısında dayanan çətinliklər elmin inkişafı ilə aradan qaldırılacaq, yəni elmi kəşflər bu nəzəriyyənin elmi əsaslarını gücləndirəcək. O, bunu kitabının bir çox yerində bildirmişdi. Ancaq durmadan inkişaf edən elm Darvinin bu ümidlərinin tam əksinə olaraq, həmin nəzəriyyənin başlıca müddəalarını bir-birinin ardınca sarsıdırdı.

Darvinizmin elm qarşısındakı məğlubiyyəti üç əsas başlıqda incələnə bilər:

1. Bu nəzəriyyə həyatın Yer üzündə ilk dəfə necə ortaya çıxdığını heç cür açıqlaya bilmir.

2. Darvinizm nəzəriyyəsinin ortaya atdığı "təkamül mexanizmləri"nin həqiqətdə təkmilləşdirici təsirə malik olduğunu göstərən heç bir elmi sübut yoxdur.

3. Daşlaşmış bitki qalıqları və torf qatları təkamül nəzəriyyəsinin irəli sürdüyü proqnozların tam əksini ortaya çıxarır.

Bu bölümdə qeyd edilən əsas müddəaları onların mahiyyəti baxımından incələyəcəyik.
Keçilə bilməyən ilk pillə: həyatın mənşəyi

Təkamül nəzəriyyəsi bütün canlı növlərini ibtidai dünyada təxminən 3,8 milyard il əvvəl meydana çıxan yeganə bir canlı hüceyrədən əmələ gəldiyini iddia edir. Tək hüceyrənin milyonlarla kompleks canlı növünü necə meydana gətirməsi və belə bir təkamül əgər həqiqətən də olubsa, bunun izlərinin daşlaşmış bitki qalıqlarında, torf qatlarında niyə tapılmaması darvinizm nəzəriyyəsinin cavablandıra bilmədiyi suallardır. Ancaq bütün bunlardan əvvəl iddia edilən təkamül mərhələsinin ilk pilləsində dayanmaq lazımdır: bəhs edilən o "ilk hüceyrə" necə ortaya çıxmışdır?

Təkamül nəzəriyyəsi yaradılışı rədd etdiyi və heç bir fövqəltəbii müdaxiləni qəbul etmədiyi üçün "ilk hüceyrə"nin heç bir plan və nizam-intizam olmadan, təbiət qanunları çərçivəsində təsadüfən meydana gəldiyini iddia edir. Yəni bu nəzəriyyəyə görə, cansız maddə təsadüflər nəticəsində ortaya canlı bir hüceyrə çıxarmalıdır. Ancaq bu, məlum olan ən əsas bioloji qanunlara zidd iddiadır.
"Həyat həyatdan gəlir"

Darvin öz kitabında həyatın mənbəyi barədə heç nə qeyd etməyib. Çünki onun dövründəki ibtidai elm canlıların çox sadə bir quruluşa malik olduğunu güman və iddia edirdi. Orta əsrlərdən bəri böyük etimad bəslənən və "spontan generasiya" adlanan nəzəriyyənin tərəfdarları cansız maddələrin təsadüfən bir yerə yığışıb canlı bir varlıq meydana gətirməsinə inanırdı. Bu dövrdə böcəklərin yemək qalıqlarından, siçanların isə buğdadan əmələ gəldiyinə şübhə etmirdilər. Bunu isbat etmək üçün hətta qəribə təcrübələr də aparmışdılar. Çirkli bir parçanın üstünə bir az buğda qoyulmuş, bir qədər gözləyərlərsə, bu çulğaşmadan siçanların meydana gələcəyi zənn edilmişdi.

Çiy ətin qurd salması da həyatın cansız maddələrdən meydana gəlməsinə dəlil sayılırdı. Halbuki daha sonralar məlum olacaqdı ki, ətin üstündə yaranan qurdlar öz-özünə meydana gəlmir, milçəklərin gətirib ora qoyduğu gözlə görünməyən sürfələrdən çıxırlar.

Darvin özünün "Cinslərin mənşəyi" adlı kitabını yazdığı dövrdə isə elm dünyası belə hesab edirdi ki, bakteriyalar cansız maddədən meydana gəlir. Halbuki məşhur fransız bioloqu Luis Paster təkamülün əsası olan bu inancı Darvinin kitabının nəşr edilməsindən beş il sonra qəti olaraq rədd etdi. Paster apardığı çalışma və təcrübələrdən sonra gəldiyi nəticəni belə xülasə edirdi: "Cansız maddələrin həyat əmələ gətirməsinə dair iddia daha qəti olaraq tarixin arxivinə verilmişdir" (Sidney Fox, Klaus Dose, Molecular Evolution and The Origin of Life, Marcel Dekker, New York, 1977, səh. 2).

Təkamül nəzəriyyəsinin tərəfdarları Pasterin gəldiyi nəticələrə qarşı uzun müddət mübarizə apardılar. Ancaq inkişaf edən elm canlı hüceyrənin mürəkkəb quruluşunu ortaya çıxarandan sonra həyatın öz-özünə meydana gəlməsi iddiasının çürüklüyü bir daha və qəti şəkildə aydın oldu.
XX əsrdəki nəticəsiz səylər

XX əsrdə həyatın mənşəyi mövzusu ilə bağlı proseslərin önündə gedən ilk təkamülçü məşhur rus bioloqu Aleksandr Oparin oldu. Oparin 1930-cu illərdə ortaya atdığı bəzi tezislərlə canlı hüceyrənin təsadüfən meydana gələ biləcəyini isbat etməyə çalışdı. Ancaq onun bu axtarışları nəticəsiz qaldı. Oparin bunu etiraf etməyə məcbur oldu: "Təəssüf ki, hüceyrənin mənşəyi problemi təkamül nəzəriyyəsini bütövlükdə əhatə edən ən qaranlıq məsələni təşkil edir" (Alexander I. Oparin, Origin of Life, Dover Publications, New York, (1936), 1953 (reprint), səh. 196).

Oparinin arxasınca gedən təkamülçülər həyatın mənşəyi mövzusunu bir yerə çıxara bilmək üçün təcrübələr aparmağa səy göstərdilər. Bu təcrübələrin ən məşhuru amerikalı kimyagər Stenli Miller tərəfindən 1953-cü ildə aparıldı. S.Miller ibtidai dünyanın atmosferində olduğunu iddia etdiyi qazları bir təcrübə vasitəsilə birləşdirərək və bu reaksiyaya enerji əlavə edərək proteinlərin tərkibindəki bir neçə üzvi molekulu (aminoasit) sintez etdi. Həmin illərdə əhəmiyyətli bir mərhələ kimi təqdim olunan bu təcrübənin nəticəsiz qalması və təcrübədə istifadə edilən atmosferin gerçək dünya atmosferindən çox fərqli olması gələcək illərdə ortaya çıxacaqdı ("New Evidence on Evolution of Early Atmosphere and Life", Bulletin of the American Meteorological Society, c. 63, noyabr 1982, ss. 1328-1330).

Uzun müddət davam edən bu səssizlikdən sonra Millerin özü də istifadə elədiyi atmosferin həqiqi olmadığını etiraf etdi (Stanley Miller, Molecular Evolution of Life: Current Status of the Prebiotic Synthesis of Small Molecules, 1986, səh. 7).

Həyatın mənşəyi məsələsini açıqlamaq üçün təkamülçülərin XX əsrdə apardığı bütün səylər nəticəsiz qaldı. San Dieqo Skripps Institutundan olan tanınmış geokimyaçı Ceffri Bada təkamülçü "Earth" jurnalında 1998-ci ildə nəşr edilən bir məqalədə bu həqiqəti belə qəbul edir: "Bu gün XX əsri arxada qoyarkən hələ XX əsrə daxil olanda malik olduğumuz ən böyük həllini tapmamış problemlə qarşı-qarşıyayıq: həyat Yer üzündə necə başladı?" (Jeffrey Bada, Earth, fevral 1998, səh. 40).
Həyatın kompleks quruluşu

Təkamül nəzəriyyəsinin həyatın mənşəyi mövzusunda çox ciddi çətinliyə düşməsinin əsas səbəbi ən sadə hesab edilən canlı orqanizmlərin inanılmayacaq dərəcədə qarmaqarışıq quruluşa malik olmasıdır. Canlı varlığın hüceyrəsi insan övladının düzəltdiyi texniki məhsullardan daha mürəkkəbdir. Belə ki, bu gün dünyanın ən inkişaf etmiş laboratoriyalarında da cansız maddələri bir yerə yığaraq canlı hüceyrə əldə etmək mümkün deyil.

Bir hüceyrənin meydana gəlməsi üçün lazım olan şərtlər heç vaxt təsadüflərlə izah edilməyəcək qədər çoxdur. Hüceyrənin əsaslarından biri olan proteinlərin təsadüfi olaraq sintezləşmə ehtimalı isə 500 aminoasitlik yuvarlaq bir protein üçün 10950-də 1-dir. Ancaq riyaziyyatda 1050-də 1-dən aşağı olanlar "imkansız" sayılır. Hüceyrənin nüvəsində yerləşən və özündə genetik bilgini gizlədən DNT molekulu isə inanılmaz bir məlumat bankıdır. Hesablamalara əsasən, insan DNT-sinin ehtiva etdiyi məlumat kağıza köçürülə bilsə, 500 səhifədən ibarət 900 cildlik bir kitabxana meydana gələ bilər. Bu nöqtədə çox maraqlı bir dilemma da var: DNT ancaq bəzi xüsusiləşmiş proteinlərin köməyi ilə cütləşə bilir. Ancaq bu proteinlərin sintezi də ancaq DNT-dəki məlumatlara uyğun olaraq həyata keçir. Bir-birinə bağlı olduqlarına görə cütləşmənin meydana gələ bilməsi üçün onların ikisinin də eyni anda mövcud olması lazımdır. Bu isə həyatın özü-özündən meydana gəlməsi barədəki ssenarini çətinliyə salır. San Dieqo Kaliforniya Universitetindən məşhur təkamülçü alim, professor Lesli Orgel (Leslie Orgel) "Scientific American" jurnalının 1994-cü ilin oktyabr ayındakı sayında bu həqiqəti belə etiraf edir:

"Son dərəcə kompleks quruluşlara sahib olan proteinlərin və nuklein turşularının (RNT və DNT) eyni yerdə və eyni vaxtda təsadüf nəticəsində əmələ gəlməsi hətta ehtimaldan da həddindən artıq uzaqdır. Ancaq bunların biri olmadan digərini əldə etmək də mümkün deyil. Dolayısı ilə insan həyatın kimyəvi yollarla ortaya çıxmasının heç vaxt mümkün olmaması nəticəsinə gəlmək məcburiyyətində qalır" (Leslie E. Orgel, "The Origin of Life on Earth", Scientific American, c. 271, oktyabr 1994, səh. 78).

Şübhəsiz ki, əgər həyatın təsadüflərlə ortaya çıxmasının qeyri-mümkünlüyü təsdiqlənirsə, bu vəziyyətdə onun fövqəltəbii şəkildə yaradıldığını qəbul etmək lazımdır. Bu həqiqət isə əsas məqsədi yaradılışı rədd etmək olan təkamül nəzəriyyəsinin açıq-aşkar mənasızlığını ortaya çıxarır.
Təkamülün xəyali mexanizmləri

Darvinizm nəzəriyyəsini puç edən başqa ikinci böyük məsələ bu nəzəriyyənin "təkamül mexanizmləri" kimi ortaya atdığı iki anlayışın da əsl həqiqətdə heç bir təkmilləşdirici gücə malik olmamasının sübuta yetirilməsidir. Darvin ortaya atdığı təkamül iddiasını tam şəkildə "təbii seleksiya" mexanizminə bağlamışdı. Onun bu mexanizmə verdiyi əhəmiyyət kitabının adından da görünürdü: "Cinslərin mənşəyi təbii seleksiya yolu ilə".

Təbii seleksiya təbii seçmə deməkdir və təbiətdəki həyat mübarizəsində təbii şərtlərə uyğun olan güclü canlıların həyatda qalacağı düşüncəsinə əsaslanır. Məsələn, yırtıcı heyvanlar tərəfindən hürküdülən bir maral sürüsündə daha sürətli qaça bilənlər həyatda qalacaqlar. Beləliklə, maral sürüsü sürətlilərdən və güclülərdən meydana gəlməlidir. Ancaq bu mexanizm maralları əlbəttə, təkmilləşdirməz, onları başqa bir canlı növünə, məsələn, atlara çevirməz.

Dolayısı ilə təbii seleksiya mexanizmi heç bir təkmilləşdirici gücə malik deyil. Darvin də bu həqiqətin fərqində idi və "Cinslərin mənşəyi" kitabında "faydalı dəyişikliklər meydana gəlmədiyi vaxtda təbii seleksiya heç nə edə bilməz" demək məcburiyyətində qalmışdı (Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, səh. 189).


Lamarkın təsiri

Yaxşı, bəs bu "faydalı dəyişikliklər" necə meydana gəldi? Darvin öz dövrünün ibtidai elm anlayışı daxilində bu suala Lamarka əsaslanaraq cavab verməyə çalışmışdı. Darvindən əvvəl yaşamış fransız bioloqu Lamarka görə, canlılar həyatları boyu məruz qaldıqları fiziki dəyişiklikləri sonrakı nəslə ötürürlər, nəsildən-nəslə ötürülərək yığılan bu xüsusiyyətlər nəticəsində isə yeni cinslər meydana çıxır. Məsələn, Lamark deyirdi ki, zürafələr ceyranlardan əmələ gəliblər. Belə ki, hündür ağacların yarpaqlarını yemək üçün səy göstərərkən onların nəsildən-nəslə boyları uzanıb.

Darvin də buna oxşar misallar gətirmiş, məsələn, "Cinslərin mənşəyi" kitabında qida tapmaq üçün suya girən bəzi ayıların bir müddət sonra balinalara çevrildiyini iddia etmişdi (Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, səh. 184).

Amma Mendel tərəfindən kəşf olunmuş və XX əsrdə inkişaf edən genetika elmi ilə öz qəti təsdiqini tapmış atavizm qanunları qazanılmış xüsusiyyətlərin sonrakı nəsillərə ötürülməsi əfsanəsini qəti olaraq darmadağın etdi. Beləliklə, təbii seleksiya bütünlüklə təsirsiz bir mexanizm olaraq qaldı.


Neodarvinizm və mutasiyalar

Darvinistlər isə bu vəziyyətdən bir çıxış yolu tapmaq üçün 1930-cu illərin axırlarında "Müasir sintetik nəzəriyyə"ni, daha məşhur adı ilə desək, neodarvinizmi ortaya atdılar. Neodarvinizm təbii seleksiya konsepsiyasına "faydalı dəyişikliklərin səbəbi" kimi mutasiyaları, yəni canlıların genlərinə radiasiya kimi xarici təsirlərin, ya da köçürmə səhvləri nəticəsində meydana gələn pozuntuları əlavə etdi.

Bu gün dünyada təkamül adına hələ də qəbul edilən model neodarvinizmdir. Nəzəriyyə Yer üzündə olan milyonlarla canlı növünün, bu canlıların qulaq, göz, ağciyər, qanad kimi saysız kompleks orqanlarının "mutasiyalara", yəni genetik pozuntulara əsaslanan bir mərhələ nəticəsində əmələ gəldiyini iddia edir. Ancaq nəzəriyyəni kəsərsiz edən açıq bir elmi həqiqət var: mutasiyalar canlıları inkişaf etdirməz, əksinə, onlara həmişə zərər verərlər.

Bunun səbəbi çax sadədir: DNT çox kompleks bir quruluşa malikdir. Bu molekul üzərində meydana gələn hər hansı təsadüfi təsir ancaq zərər verir. Amerikalı genetik B.G.Ranganathan bunu belə açıqlayır:

"Mutasiyalar kiçik, təsadüfi və zərərlidirlər. Çox nadir hallarda meydana gəlirlər və ən yaxşı ehtimalla təsirsizdirlər. Bu üç xüsusiyyət mutasiyaların təkamülçü bir inkişafa səbəb ola bilməyəcəyini göstərir. Onsuz da yüksək dərəcədə əlahiddələşmiş bir orqanizmdə meydana gələn təsadüfi bir hal ya təsirsiz olacaq, ya da zərərli. Bir qol saatında meydana gələcək təsadüfi dəyişiklik onu inkişaf etdirməyəcəkdir. Böyük ehtimalla ona zərər verəcək və ya ən yaxşı ehtimalla təsirsiz qalacaq. Bir zəlzələ bir şəhəri inkişaf etdirməz, əksinə, onu dağıdar" (B.G. Ranganathan, Origins?, The Banner Of Truth Trust, Pennsylvania, 1988).

Bu günə qədər heç bir faydalı mutasiya nümunəsi olmayıb. Bütün mutasiyaların zərərli olduğu müəyyənləşdi. Aydın oldu ki, təkamül nəzəriyyəsinin "təkamül mexanizmi" kimi göstərdiyi mutasiyalar həqiqətdə canlılara ancaq ziyan verən, onları şikəst edən bir genetik hadisədir. (İnsanlarda mutasiyanın ən çox görünən təsiri xərçəng xəstəliyidir). Əlbəttə, zərərverici bir mexanizm "təkamül mexanizmi" ola bilməz. Təbii seleksiya isə Darvinin də qəbul etdiyi kimi, "özbaşına heç nə edə bilməz". Bu həqiqət bizlərə təbiətdə heç bir "təkamül mexanizmi"nin olmadığını göstərir. Təkamül mexanizmi olmadığına görə isə təkamül deyilən xəyali mərhələ də ola bilməz.


Daşlaşmış qalıqlarda keçid formalarının izi yoxdur

Təkamül nəzəriyyəsinin iddia etdiyi ssenarinin baş verməməsinin ən açıq sübutu isə daşlaşmış bitki qalığı qatları, torf laylarıdır. Təkamül nəzəriyyəsinə görə, bütün canlılar bir-birindən törəmişdir. İlk canlı növü vaxt keçəndən sonra başqa formaya çevrilmiş və bütün cinslər bu şəkildə ortaya çıxmışdır. Nəzəriyyəyə görə, bu dəyişiklik yüz milyon illər boyu sürərək mərhələ-mərhələ davam etmişdir.

Bu vəziyyətdə iddia edilən uzun dəyişiklik müddəti boyunca saysız-hesabsız "ara cinslər"in meydana gəldiyini və yaşadığını qəbul etmək lazımdır. Məsələn, keçmişdə özündə balıq xüsusiyyətlərinin olmasına baxmayaraq, bir yandan da bəzi sürünənlərin xüsusiyyətlərini qazanmış yarı balıq-yarı sürünən canlılar yaşamış olmalı idi. Yaxud da sürünənlərin xüsusiyyətlərinə malik olarkən bir yandan da bəzi quş xüsusiyyətləri qazanmış sürünən-quşlar ortaya çıxmalı idi. Ancaq onlar keçid mərhələsində olduqları üçün şikəst, nöqsanlı və qüsurlu canlılar olmalı idilər. Təkamülçülər keçmişdə yaşadıqlarına inandıqları bu nəzəri məxluqlara "ara keçid forması" adını verirlər.

Əgər həqiqətən keçmişdə bu cür canlılar yaşayıbsa, onda onların sayları və növləri milyonlarla, hətta milyardlarla olmalı idi. Və bu qəribə canlıların qalıqlarına mütləq daşlaşmış qalıqlarda, torf laylarında rast gəlinməli idi. Darvin "Cinslərin mənşəyi"ndə bunu belə açıqlamışdır: "Əgər nəzəriyyə düzdürsə, cinsləri bir-birinə bağlayan saysız ara keçid növləri mütləq yaşamalıdır... Bunların yaşamasına dair sübutlar da təkcə daşlaşmış bitki qalıqları qatları arasında tapıla bilər (Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, səh. 179.).


Darvinin puç olan ümidləri

XIX əsrin ortalarından etibarən dünyanın dörd bir tərəfində daşlaşmış qalıqlar tədqiq edilsə də, həmin laylarda bu ara keçid formalarına heç vaxt rast gəlinməyib. Aparılmış qazıntı və araşdırmalar zamanı əldə edilən bütün tapıntılar təkamülçülərin gözlədiklərinin əksinə olaraq göstərdi ki, canlılar Yer üzündə birdən-birə, nöqsansız və qüsursuz bir şəkildə ortaya çıxıblar.

Tanınmış ingilis paleontoloqu Derek U.Eger özü təkamülçü olsa da bu gerçəyi belə etiraf edir:

"Problemimiz budur ki, geoloji layları, daşlaşmış qatları bütün təfərrüatı ilə araşdıranda, istər cinslər, istərsə də siniflər səviyyəsində olsun, davamlı olaraq həmişə eyni həqiqətlə qarşılaşırıq: mərhələli təkamüllə inkişaf edən deyil, Yer kürəsində birdən-birə meydana gələn qruplar görürük (Derek A. Ager, "The Nature of the Fossil Record", Proceedings of the British Geological Association, c. 87, 1976, səh. 133)

Yəni bütün canlı növləri daşlaşmış laylarda aralarında heç bir keçid forması olmadan, nöqsansız şəkildə ani olaraq ortaya çıxırlar. Bu isə Darvinin düşüncülərinin tam əksi və canlı növlərinin yaradıldığını göstərən çox güclü dəlildir. Çünki bir canlı növünün özü-özündən təkmilləşməsinin, heç bir ata olmadan bir anda və qüsursuz olaraq ortaya çıxmasının yeganə izahı, o cinsin yaradılmasıdır. Bu həqiqət məşhur təkamülçü bioloq Duqlas Futuyma tərəfindən də qəbul edilir:

"Yaradılış və təkamül hazırda yaşayan canlıların mənşəyi haqqında iki mümkün açıqlamalardır. Canlılar dünya üzərində ya tamamilə mükəmməl və nöqsansız bir şəkildə ortaya çıxmışdır, ya da belə olmamışdır. Əgər belə olmayıbsa, onda bir dəyişiklik mərhələsi sayəsində özlərindən əvvəl mövcud olan bəzi canlı növlərinin təkamülü yolu ilə meydana gəlməlidirlər. Amma onlar əgər qüsursuz və mükəmməl bir şəkildə ortaya çıxıblarsa, o halda sonsuz güc sahibi bir ağıl tərəfindən yaradılmalıdırlar (Douglas Y. Futuyma, Science on Trial, Pantheon Books, 1983, səh. 197).

Daşlaşmış qalıqlar da canlıların Yer üzündə qüsursuz və mükəmməl şəkildə ortaya çıxdığını göstərir. Yəni cinslərin mənşəyi Darvinin iddiasının əksinə olaraq təkamül deyil, yaradılışdır.


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə