"Musiqi dünyası ". 2010.№3 S. 152-154. AŞIq havalarinin təSNİfati məSƏLƏLƏRİNƏ daiR



Yüklə 39,1 Kb.
Pdf görüntüsü
tarix08.12.2017
ölçüsü39,1 Kb.
#14694


“Musiqi dünyası ”.-2010.-№3 - 4.-S.152-154.

AŞIQ HAVALARININ 

TƏSNİFATI MƏSƏLƏLƏRİNƏ DAİR

Maya QAFAROVA

"Azərbaycan  xalqının  mənəvi  qüdrətini  təmsil  edən  unikal  bir  mədəniyyət  hadisəsi  kimi  aşıq  sənəti"

YUNESKO-nun  qeyri-maddi  irs  siyahısına  daxil  edilmişdir.  Bu,  Heydər  Əliyev  Fondunun  prezidenti,

YUNESKO-nun  və  İSESKO-nun  Xoşməramlı  Səfiri  xanım  Mehriban  Əliyevanın  təşəbbüsü  ilə  həyata  keçirilən

geniş miqyaslı bir layihədir. Beynəlxalq əhəmiyyət daşıyan bu ictimai-mədəni hadisə aşıq sənətinin qorunmasına və

inkişafına təkan verən və bu yolda irəliyə doğru atılan mühüm bir addımdır.

Bu layihə aşıq yaradıcılığı problemlərinə yenidən və yeni elmi baxışlarla yanaşmağa  sövq edir. indi bizim

əsas məqsədimiz-bu sənətin böyüklüyünü dünya xalqlarına olduğu kimi çatdırmaq, təbliğ etməkdir. İlk növbədə isə,

bunu  bizim  özümüzün  elliklə  anlamağımız  və  sevməyimiz  gərəkdir.  Alimlər  tərəfindən  "möhtəşəm  bir  fəlsəfi

sistem"  (M.Qasımlı)  kimi  dəyərləndirilən  aşıq  yaradıcılığı,  fikrimizcə,  heç  də  yetərincə  dərk  edilməmiş  və  məhz

sistem halında dürüst şəkildə öyrənilməmişdir. Aşıq sənətinin dərindən dərk olunması üçün bu sənətin bütün vacib

parametrləri,  eləcə  də,  sinkretik  və  sintetik  qatlarının  öyrənilməsi  çox  vacibdir.  Məlum  olduğu  kimi,  sovet

dönəmində  aşıq  sənəti  birtərəfli  araşdırılmış,  sənətin  bir  çox  mühüm  aspektləri  tədqiqat  obyektindən  kənarda

qalmışdır. Aşıq yaradıcılığı bütöv Azərbaycan konstekstində, eləcə də, sənətin türkçülük və onunla bağlı müqayisəli

təhlilləri,  şamançılıq  və  digər  qədim  qaynaqları,  dini,  mifoloji,  fəlsəfi,  əxlaqi,  ideoloji  və  bu  kimi  bir  çox  vacib

tərəfləri öyrənilməmiş və açıq olaraq qalmışdır.

Aşıq  sənəti  haqqında  bir  çox  müəlliflər  -  ədəbiyyatşünaslar,  musiqişünaslar,  teatrşünaslar  və  bir  çox

başqaları tərəfindən çox iş  görülmüş, araşdırmalar aparılmış, bu sənətin əsas elmi müddəaları öyrənilmiş, qiymətli

nəticələr  əldə  edilmişdir.  Bu  əsərlərdə  aşıq  sənətinin  genezisi  problemləri  də  tədqiq  edilmiş,  bu  sənət  hadisəsi

çərçivəsində baş qaldıran sinkretiklik və sintez haqqında dəyərli fikirlər söylənilmişdir. Musiqi elmi sahəsində aşıq

sənətinə  həsr  olunmuş  fundamental  elmi  əsərlər  yaranmışdır.  Ə.  Eldarovanın  "Azərbaycan  aşıq  sənəti",

T.Məmmədovun  "Azərbaycan  aşıqlarının  ənənəvi  havaları",  "Koroğlu  aşıq  havaları",  N.Bağırovun  "Aşıq  Qərib

dastanı", K.Dadaşzadənin "Dastanın işarə sistemi", eləcə də, Azad Ozanın (Kərimli),  F.Xalıqzadə  və  başqalarının

müxtəlif səpkili yazıları aşıq sənətinin öyrənilməsi sahəsində böyük addımlardır.

Bütün  bunlarla  yanaşı,  qeyd  olunduğu  kimi,  açıq  qalmış  problemlər  də  çoxdur.  Bunlardan  biri  də  aşıq

havalarının  təsnifatı  məsələləridir.  Fikrimizcə,  son  dövrlər  yaranan  yeni  elmi  baxışlar  aşıq  sənətinin  daxili

məzmununu əsas götürərək bu məsələyə də yenidən baxılması zərurəti yaratmışdır.

Azərbaycan  musiqişünaslığında,  nəzəri  təhlillərin  nəticəsi  olaraq,  aşıq  yaradıcılığının  yaratdığı  bədii

məhsulun  müəyyən  bir  hissəsini  təşkil  edən  musiqili-poetik  nümunələr  "aşıq  havaları"  adı  altında  qəbul

olunmuşdur.  Çoxları  tərəfindən  yanlış  olaraq  səslənən  "aşıq  mahnıları"  adından  şüurlu  şəkildə  qaçılmış  və  elmi

cəhətdən daha dəqiq düşünülmüş və əsaslandırılmış, milli terminalogiyaya uyğun gələn ifadə seçilmişdir. Bu ad öz

rəngarəngliyi, çoxçeşidliliyi ilə seçilən musiqi nümunələrini daha dar və məhdud çərçivəyə salmaq kimi mənfi halı

aradan  götürmüşdür.  Doğrudan  da,  mövcud  olan  aşıq havaları mahnı deyildir  və  mahnı janrı hüdudlarından  daha

genişdir,  daha  böyük  məna  və  əhəmiyyət  kəsb  edir.  Bu  sənət  nümunələrinin  əksər  çoxluğu  iri  həcmli,  üç  geniş

hissədən  ibarət  vokal-instrumental  əsərlərdir  və  ideya-məzmun  cəhətdən  böyük  mahiyyət  daşıyan  lirik,  epik,

dramatik  musiqili-poetik  kompozisiyalardır.  (Azərbaycan  musiqi  mədəniyyətini  bütövlüklə  və  bütün  incəliklərinə

qədər  dərk  edən  dahi  bəstəkar  Ü.Hacıbəyov  əbəs  yerə  bu  möhtəşəm  kompozisiyaları  "aşıq  dəstəsinin  dəstgahı"

adlandırmamışıdır.) Bu baxımdan, "aşıq havaları" anlayışı ümumi məzmuna uyğundur və əsas gerçəkliyi əks etdirir.

Lakin,  fikrimizcə,  məsələnin  digər  bir  tərəfi  də  vardır.  Bu  adın  özü  də  ümumiləşdirici  ad  olaraq  məqbul

sayılsa da, aşıq havalarının müxtəlifliyini üzə çıxarmır və bu havaların eyni tərkibli, yekcins olması fikrini yaradır.

Halbuki, aşıq havaları, qeyd edildiyi kimi, həm məzmun və obraz, həm forma və quruluş  baxımından müxtəlifdir.

Onlar içərisində, şübhəsiz, mahnılar da vardır (bu addan, demək olar ki, imtina edilsə də). Bunu onunla izah etmək

olar ki, uzun əsrlər boyu incəsənət daşıyıcısı - peşəkar sənətkar olan aşıq bütün bayramların, toy-düyünlərin, kütləvi

tamaşa və mərasimlərin mütləq iştirakçısı olmuşdur. Aşıq - xalqa bir çox janr, növ və formaları əhatə edən müxtəlif

səpkili  sənət  nümunələri  təqdim  etmişdir.  Mahnılar  oxumuş, rəqs  havaları çalmış, oynamış, şeirlər  demiş, dastan

söyləmişdir  və  s.  Aşığın  oxuduğu  bir  çox  havalar  xalq  mahnılarına  çevrilmiş,  başqa  sənət  sahələrinə  də  nüfuz

etmişdir. "Dərbəndi" - "Qaçaq Nəbi", "Mirzəcani - "Yaxan düymələ", "Dübeyti" - "Sarı bülbül", "Yurd yeri" - "Sarı

gül",  "Gödək  donu"  -  "Apardı sellər  Saranı",  "Atlandırma"  -  "Vağzalı",  aşıq  "Çoban  bayatısı" -  "Çoban  bayatı"

muğamı, aşıq "Şikəstəsi" - "Qarabağ şikəstəsi" zərbi-muğamı və s. bu  kimi  transformasiyaları yada  salaq.  "Kitabi

Dədə  Qorqud"  dastanında  qopuzda  çalınan  "Yelətmə"

1

 rəqsinin  adı  çəkilir  və  toy  mərasimində  gəlinin  qopuzun



müşayiəti ilə rəqs etdiyi bildirilir. Dastanda, həmçinin, qopuzda "Şadlıq" havasının çalındığı haqqında məlumat da

vardır. Onu da qeyd edək ki, hal-hazırda toy mərasimlərinin milli səciyyə daşıyan ən vacib atributlarından biri olan

1

Bax: M.Qasımlı. Aşıq sənəti. Bakı, 1996, s. 49-50.




"Vağzalı" rəqsi aşıq havasıdır - "Atlandırma" havasının "müasirləşdirilmiş" instrumental formasıdır.

Bütün  bunlar  bir  daha  göstərir  ki,  "aşıq  havaları" adı altında  toplanmış musiqi  nümunələri  müxtəlifdir  və

janr, forma, tipi etibarilə bir-birindən əsaslı şəkildə fərqlənirlər. Onların içərisində başqaları ilə yanaşı mahnıların,

rəqslərin,  instrumental  havaların  olması  labüddür.  Buna  görə  də  aşıq  havalarının  yenidən  araşdırılaraq  təsnifat

verilməsi günün tələbidir.

Bu sahədə isə artıq təcrübə vardır. Aşıq musiqisinin ilk tədqiqatçısı Ə.EIdarova öz əsərlərində əhəmiyyətini

heç  vaxt  itirməyəcək  elmi  müddəalar  irəli  sürmüş,  aşıqşünaslığın  inkişafına  təkan  verə  biləcək  əhəmiyyətli  və

zəngin  irs  qoyub  getmişdir.  Fikrimizcə,  onun  önə  çəkdiyi  əsas  elmi-nəzəri  fikirləri,  tərtib  etdiyi  təsnifat  və

qruplaşmaları  əldə  əsas  tutaraq  lazımi  nəticələrə  gəlmək  mümkündür.  Aşağıda  Ə.EIdarovanın  "Azərbaycan  aşıq

sənəti"  kitabında  irəli  sürdüyü  aşıq  havalarının  qruplar  üzrə  bölgüsünü  nəzərə  çatdırırıq.  O,  aşıq  havalarını

melodiyalarının şərhinə görə üç yerə ayırmışdır:

1.Reçitativ- deklamasiya tipli havalar;

2.Reçitativ- deklamasiya və mahnıvari havalar;

3.Mahnı xasiyyətli havalar.

Fikrimizcə,  bu  qruplaşma  çox  dəqiq  və  dürüstdür,  onu  əsas  tutaraq,  müxtəlif  janr  xüsusiyyətlərinə  malik

olan  çoxsaylı aşıq  havalarını ümumi  ad  altında  bir-birindən  ayırmaq  və  fərqli  xüsusiyyətlərinə  görə  tərtib  etmək

mümkündür  və  məqsədəuyğundur.  Aşağıda  təqdim  olunan  təsnifatda  ilk  üç  bənd  məhz  Eldarovanın  yuxarıda

sadalanan müddəalarına uyğunlaşdırılmışdır:

1. Bəhrsiz aşıq havaları ("Təcnis", "Zarıncı", "Coban bayatı", "Qaraçı"("Dərvişi") və s.);

2. Qovuşuq bəhrli aşıq havaları ("Azaflı gəraylısı", "Şah Xətai divanisi" və s.);

3. Bəhrli aşıq havaları (bu bəndə aşıq mahnıları da daxildir: "Gilənar", "Dərbəndi", "Şahsevəni" və s.);

4. İnstrumental saz havaları;

5. Aşıq rəqs havaları;

Qeyd  edək ki,  bu  təsnifatda  verilən  adlar  işçi  xarakter  daşıyır  və  müzakirə  üçün  mütəxəssislərin  nəzərinə

təqdim  olunur.  Yada  salmaq  istərdik  ki,  türk  aşıq  sənətində  musiqi  havalarına  tətbiq  edilən  "uzun  hava",  "kırık

hava"  kimi  terminlərdən  istifadə  olunur  və  fikrimizcə,  lazım  gələrsə,  türk  aşıq  terminoloji  lüğətindən  də

bəhrələnmək mümkündür.

Bəndlərlə bağlı olaraq bəzi açıqlamalar vermək istərdik.

1. Birinci  bəndə  aid  olan  aşıq havaları ən  qədim  el  havaları sırasındandır.  Bu  havalar  lirik-fəlsəfi,  epik,

dramatik  məzmunlu  klassik  sənət  nümunələridir.  Mürəkkəb,  improvizasiyalı melodik  ifadə  tərzi  bu  qrup  havaları

səciyyələndirir.

2. İkinci  bəndlə  əlaqədar  olaraq,  qeyd  edək  ki,  bu  növ  havalar  tərkib  etibarilə  bir-birindən  müəyyən

dərəcədə seçilir. Belə ki, a) - havaların bir qrupunda dəqiq ölçülü melodiya və reçitativ-deklamasiya tipli bölmələr

üzvi  xasiyyət  daşıyır  və  havanın  daxili  məzmunu  ilə  bağlıdır,  məhz  melodiyanın  özü  xasiyyət  etibarilə  qovuşuq

bəhrlidir.  Qovuşuq  bəhrli  havalar  içərisində  elə  b)  -  havalar  da  vardır  ki,  onların  melodik  strukturuna  daxil  olan

improvizasiyalı bölmələr ifaçı tərəfindən bir qədər sərbəst şəklində - daha geniş və ya daha məhdud ölçülərdə ifadə

olunmaq imkanına malikdir. Digər qisim nümunələrdə isə, c) - hava həm improvizasiyalı, həm də improvizasiyasız

şəkildə ifa olunur, müxtəlif versiyalarda təqdim olunur.

3. Üçüncü bəndə aid olan havalar da müxtəlifdir. Bunların bəziləri  əsl aşıq mahnılarıdır.  Mahnı janrının

bütün tələblərinə cavab verir. İkincilər isə, mahnı tipli aşıq havalarıdır. Onu da qeyd edək ki, poetik mətnin hər dəfə

yeniləşməsi,  fərqli  olması  xüsusiyyəti  bu  havalara  xas  olan  və  eyni  zamanda  onu  mahnı  janrından  ayıran

xüsusiyyətdir.  Bununla  yanaşı,  bu  havaların  digər  parametrləri  mahnılarla,  demək  olar  ki,  eynidir.  Son  dövrlər

Şirvan aşıqları tərəfindən yaradılan havaların çox hissəsi isə əsl mahnılardır.

4. Məlum  olduğu  kimi,  aşıq  havalarının  əksəriyyəti  vokal-instrumental  havalardır.  İnstrumental  hissələr

havanın  müqəddiməsi  (girişi),  bəndlərarası intermediya  şəklində  çıxış  edir,  vokal  melodiyanı müşayiət  edir,  əsas

musiqili-poetik  ideyanın  açılmasında  üzvi  tərkib  hissəsi  kimi  müstəsna  əhəmiyyət  daşıyır.  İnstrumental  partiya  o

qədər  mühüm  məna  yükünə  malikdir  ki,  müstəqil  ifadə  imkanı  əldə  edir.  Bu  baxımdan  demək  olar  ki,  aşıq

havalarının instrumental bölmələri, zaman keçdikcə, inkişaf etmiş, genişlənmiş, vokal oxumadan ayrılaraq müstəqil

instrumental  kompozisiyalara  çevrilmişlər.  Çağdaş  dövrümüzdə  fəaliyyət  göstərən  instrumentalçı-aşıqların

yaradıcılığı buna  gözəl  misaldır  (Ədalət  Nəsibov  və  başqaları)  və  bu  havaların  mövcudluğu  artıq  bu  günümüzün

gerçəkliyidir. 5. Fikrimizcə, instrumental havaların içərisində və onlarla yanaşı, xalqımızın həyat və məişətinin bir

parçası  olan  aşıq  rəqs  havaları  da  mövcud  olmuşdur  və  indi  də  yaşamaqdadır.  Onları  arayıb-axtarmaq,  janr

xüsusiyyətlərinə  əsaslanaraq  tədqiq  etmək,  müəyyənləşdirmək  alimlərin  üzərinə  düşən  və  həllini  gözləyən

məsələlərdir.

Aşıqşünaslıq elmində, yuxarıda adı çəkilən problemlərlə yanaşı, təəssüf ki, növ, janr, forma, şəkil (aşıqların

istifadə etdiyi "qayda" ifadəsi) kimi mühüm anlayışlar, cığa, yedək, şırğa, güllü qafiyə və s. formayaradıcı vasitələr,

ümumilikdə isə, terminoloji problemlərdə (musiqişünaslar və ədəbiyyatşünaslar arasında) qeyri-müəyyənlik, bəzən

isə tamamilə araşdırılmamış tərəflər özünü göstərməkdədir.

Fikrimizcə,  aşıq  havalarının  təsnifatı  olduqca  vacib  məsələdir  və  onların  öyrənilməsi  yollarının  daha

düzgün  istiqamətlənməsinə  şərait  yaradır.  Çünki,  ilk  növbədə,  öyrənilmə  obyekti  dəqiq  və  düzgün  təyin




olunmalıdır.  Məhz  o  zaman  ən  doğru  və  həqiqəti  ehtiva  edən  nəticəni  əldə  etmək  olar.  Əksinə,  qeyri-müəyyənlik

yanlış  və  yayğın  fikirlərin  ortaya  çıxmasına  gətirib  çıxarır,  hətta  elmi  istiqamətləri  də  sapdırır,  mənfi  məcraya

yönəldir, tədqiqatın səmərəsini heçə endirir. Fikrimizcə, aşıqşünas alimlərin - ədəbiyyatşünaslar, musiqişünaslar və

aşıqların  birgə  iştirakı  ilə  bu  məsələlərə  baxmaq,  fərqli  yanaşmaları  aradan  götürmək,  mühüm  problemləri  həll

etmək, ümumi fikirlərə gəlməyin vaxtı çatmışdır.

Bu  baxımdan  yanaşsaq,  deyə  bilərik  ki,  aşıq  sənətini  vahid  bir  tam  olaraq  dərk  etmək  üçün  sənətin,  ilk

növbədə,  ən  kiçik  detallarından  başlayaraq  bütün  tərkib  hissələri,  onların  ən  mühüm  xüsusiyyətləri,  o  cümlədən

təsnifatı  məsələləri  cəm  halında  öyrənilməlidir  və  yalnız  bundan  sonra  əsas  ümumiləşdirici  nəticələrə  gəlmək

mümkündür. 

Fikrimizcə,  yalnız  dərin,  hərtərəfli  və  kompleks  elmi  yanaşmalar  aşıq  sənətini  olduğu  qədər  böyük,  ulu,

müqəddəs varlıq olaraq sübut edəcəkdir. Millətimizi yer üzündən ilahi aləmə qovuşduran, sazı da, sözü də, səsi də

müqəddəs  olan  aşıqlıq  özü,  bu  müqəddəsliyin  nə  ilə  bağlı olduğunu,  hansı məqsədlə  ötürüldüyünü  (və  məhz  ona



ötürüldüyünü), hansı amala bağlı olduğunu xalqımıza anladacaqdır.

Yüklə 39,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə