Мустягил тящсил сийасяти



Yüklə 330,89 Kb.
tarix11.07.2018
ölçüsü330,89 Kb.



MİLLİ RUH VƏ

VƏTƏNDAŞLIQ TƏRBİYƏSİ
Ən böyük şəxslər özündən çox mənsub

olduğu xalqı düşünən, onun xoşbəxtliyi

yolunda həyatını verən insanlardır.

Atatürk


Empirik bilik və ibtidai duyğu səviyyəsindəki vətən­daş­lıq və və­tən sevgisi dayanıqlı ola bilməz. İnsan xarici öl­kə­lərə səfər edər­kən şüur­lu olaraq və ya təhtəlşüur sə­viy­yəsində öz yetişdiyi mühit­lə, artıq içində olanlarla yeni gördükləri arasında müqayisə­lər apa­rır. Mü­qa­yisə apara bil­mək, özünü məhz öz ölkəsi timsa­lın­da fərq­lən­dirə bil­mək üçün, heç şübhəsiz, əvvəlcə milli Məni, Vətə­ni həm duy­ğu, həm də təfəkkür səviyyəsində tanımaq tələb olu­nur. Özün­dən (öz ölkə­sin­dən) ayrılmaq, başqa diyar, baş­qa ölkə ilə ta­nış­lıq duyğu səviyyəsində bir nisgil, vətən həs­rəti yaradırsa, tə­fək­kür sə­viyyəsində özünə kə­nar­dan baxmaq şansı verməklə özünü­dərk üçün obyektiv şərait yaratmış olur.

Əks halda doğma və yadı fərqləndirmək, sənə məxsus olanı baş­qalarına məxsus olandan ayırmaq mümkün olmaz. Təəssüf ki, əksər adamlar özünü (öz milli varlığını) ya heç fərqləndirə bilmir, ya da an­caq duyğu səviyyəsində fərqləndirir. Öz ölkəsi üçün darı­xır, vətə­nini sevir, lakin bunun səbəbini dərk etmir. Öz vətəni, öz xal­qı üçün nə isə etmək istəyir, lakin məhz nə etməli olduğunu bil­mir. Əlbəttə, kimə isə elə gəlir ki, bilir; lakin bilmədiyini dərk et­mək bildiyini zənn etməkdən yaxşıdır. Çünki müxtəlif adamların ayrı-ayrılıqda, öz ağlı ilə, öz vətən modeli əsasında gördüyü işlər, va­hid bir istiqamətə yönəlməyərək, bir-birinin üzərinə toplanmaq əvəzinə, çox vaxt bir-birinə qarşı dayanır.

Dərk olunmuş vətənpərvərlik, təbii ki, daha dayanıqlı və daha fay­dalı olur. Vətəni, xalqı, milləti sevərəkdən və bəzən hətta məhz sev­diyinə görə ona ziyan da vurmaq mümkündür. Vətənin, millətin nə ilə fərqləndiyini bilmədikdə, onun rasional simasını görmədikdə, onun mənafeyini dərk etmədikdə, sadəcə sevgi notları üzərindəki fəaliyyətin fayda gətirmək şansı ziyan gətirmək şansına bərabər olur.

Vətənə şüurlu sevgi, milli özünüdərk və fərdi fəaliyyətlərin bu kontekstə salınması tələbi hər bir adamın üzərinə ağır yük qo­yur. Və bunu hər bir adamdan tələb etmək də düzgün deyil. Yəni, hər bir adam əvvəlcə filosof olub sonra fəaliyyət göstərə bilməz. Mil­lətin, və­tənin elmi-fəlsəfi özünüdərk konsepsiyası bü­tün millət­lər deyil, milli intellektin səfərbər olunması sayəsində, mil­li filosof­lar, ictimai-siyasi liderlər tərəfindən işlənib hazırlan­ma­lı və geniş küt­lələrin sərəncamına verilməlidir. Lakin elmi-fəlsəfi dil­də yox, elmi-kütləvi, fəlsəfi-publi­sistik, poetik dildə, bədii ob­raz­lar vasitə­si­lə, ədəbiyyatın, sənətin, küt­ləvi informasiya vasi­tə­lə­ri­nin bütün müm­kün imkanlarından istifadə etməklə!

Milli ideologiyaya söykənməyən, vahid konsepsiyaya əsas­lan­ma­yan kortəbii fəaliyyətlər, hətta sevgidən və millətçilik hisslə­rin­dən doğ­sa da son nəticədə ancaq ziyan gətirə bilər. Deyilənlər bədii ədə­biyyat və sənət sahələrindəki fəaliyyətə, habelə kütləvi in­for­ma­siya va­sitələrinin, KİV-in fəaliyyətinə də aiddir.

Biz bununla heç də insanları fəaliyyətsizliyə, milli duyğula­rın, və­tən­pərvərlik hissinin təsiri ilə atılan addımların məhdudlaş­dı­rıl­masına səs­ləmirik. Lakin əvvəlcə ölçmək lazımdır. Əvvəlcə dü­şü­nül­müş bir kon­sepsiya lazımdır. Əvvəlcə milli ideologiya la­zım­dır. Və bu milli ideolo­giyanın da əsasında milli fəlsəfi fikir dayan­ma­lıdır.

Lakin həyat dayanıb gözləmir. İctimai proseslər hansı isə is­ti­qamətlərdə baş alıb gedir və baş-başa gəlir. Eyni sevgidən doğan müx­təlif hərəkətlər qarşılaşaraq bir-birinin təsirini heçə endirir.

Vahid milli ideyanın təsir sahəsinə düşüb istiqamətləndirilə bil­mə­yən, bir-biririni tamamlaya bilməyən, bir növ kortəbii pro­ses­lərə çev­rilən fəaliyyət aktları özümüzün də xəbərimiz olmadan, qlo­bal miqyas kəsb etmiş başqa milli ideyaların ilk növbədə qlo­bal­­laşma qay­dalarının təsir dairələrinə düşərək lokal güc mər­kəzləri yaradır.

Milli-mənəvi dəyərlərin, əxlaqın, adət-ənənələrin yeni nəslə çat­dı­rılması, davam etdirilməsi üçün mədəni abidələrin, bədii ədəbiy­ya­tın, milli fəlsəfi fikrin rolu böyükdür. Lakin milli ruhu qorumaq, in­kişaf etdirmək və yeni nəsillərə çatdırmaq üçün ən yax­­şı mühit milli dövlətçilik şəraitində yaranır. Milli dövlət ancaq əra­zinin, maddi sər­vət­lərin deyil, həm də milli-mənəvi dəyərlərin qo­runmasına xidmət edir. Və bu zaman milli ruh həyat tərzinə çev­rilir. Dövlətçilik ideo­logiyası da milli ideologiya da eyni bir təməl üzərində – milli fəlsəfi fikir zəminində formalaşır.

Bir millət üçün canlı tarix haradasa qırılanda, onun inkişa­fı­nın daxili hərəkətverici qüvvələri məhdudlaşdırılanda, inkişaf kənar qüv­vələrlə məqsədyönlü surətdə başqa səmtə istiqamətləndi­riləndə mil­li ge­nin heç olmazsa başqa ampluada, fövqəltarixi for­ma­larda; fikir­lər­də, xatirələrdə, ədəbiyyatda, incəsənətdə yaşa­dıl­ma­sı zərurəti yaranır. Xalq başqa imperiyaların işğalı altında qal­dıq­da, başqa əqidələrin rəsmi təsir dairəsinə düşdükdə həqiqi bö­yük ziyalılar estafeti öz əllə­rinə alır və milli ruhu öz şəxsi həyatı ba­­hasına, diri-diri yandırılması, dərisinin soyulması hesabına da ol­sa yaşadaraq və bir əmanət kimi yeni nəsillərə ötürürlər. Dövlət xa­­dimləri, siyasətçilər, sərkərdələr öz ta­rixi ziyalılıq missiyasını ye­ri­nə yetirə bilməyəndə, milli ruh milli var­lığın himayəsindən məh­rum olanda, qılınc qələmlə vaxtında birləş­məyəndə bütün ağırlıq qə­lə­min, yaradıcı ziyalıların üzərinə düşür. Mil­li dövlətçilik kə­sil­məz bir proses kimi davam etsin deyə dövlət­lərarası dövrdə kəsilməzliyi milli-mənəvi körpülər təmin etməli olur.


Müstəqillik və milli dövlətçilik ona görə lazımdır ki, dövlət qu­ruculuğu və sosial təşkilatlanma artıq hansı isə başqa bir sub­yek­­tin deyil, xalqın, millətin öz maraqları istiqamətində yönəldilə bilsin, ümum­milli ahəng üstündə köklənsin. Yəni bütün daxili po­ten­sial; təbii sərvətlərdən tutmuş intellektual gücə, mədəni-mənəvi də­yərlərə qə­dər bütün imkanlar elə səfərbər edilməli və elə is­ti­qa­mət­ləndiril­məlidir ki, hər bir vətəndaş ümummilli tərəqqi kon­tekstində öz şəxsi maraqlarını da realizə edə bilsin.

Lakin kütləvi siyasiləşmə və ifrat siyasi qarşıdurmalar təbii ki, qüvvələrin vahid amal uğ­runda səfərbər edilməsinə, ümummilli tərəq­qiyə xidmət etmir. Müstəqillik əldə etdikdən son­ra daxili enerjinin qu­ru­culuq işlərinə deyil, başqa səmtə yönəldilməsi, görü­nür, kimlərəsə la­zım imiş. Qondarma Dağlıq Qarabağ problemi də bu siyasiləşməni güc­ləndirmək və azadlığa çıx­mış xalqların milli tərəqqisinə mane ol­maq üçün törədilən məqsədyönlü aksiyalardan biri idi. Lakin biz hələ də böyük dövlətlərin coğrafi-strateji planla­rın­dan doğan siyasi burul­ğandan çıxa bilmirik.

Bax, belə bir şəraitdə siyasi təbəddülatların fövqünə yüksəl­mə­yə, fəaliyyətlərin ümum­mil­li tərəqqi naminə yönəlməsinə böyük ehtiyac vardır. Nə yaxşı ki, hələ sovet dövründə də kommunist ideo­­lo­giya­sının yaratdığı labirintlərdən məharətlə keçərək, milli mə­dəniyyətin tə­rəqqisi, xalqın maarifləndirilməsi, ədəbi-bədii və fəl­­səfi təfəkkürün in­kişaf etdirilməsi sahəsində böyük xidmətlər gös­­tərən ziyalılarımız bu gün də cari problemlərin cazibə dairəsinə düş­­mədən, heç bir konyuk­turaya uymadan bəşəri və milli-mənəvi də­yərlərimizi tədqiq və təbliğ etməklə ümummilli tərəqqiyə xidmət edirlər.

Bu gün siyasiləşmiş cəmiyyət və qütbləşmiş təfəkkür öz eh­ti­yac­larına uyğun yeni ədəbiyyat tələb etdiyi üçün klassik ədəbiy­ya­tın və klasik mədəni-mənəvi dəyərlərin ön plana çəkilməsi heç də müqa­vimətsiz qarşılanmır. Lakin, bizcə, siyasiləşmiş təfəkkürün tələblərinə uyğun yeni ədəbiyyat axtarışına çıxmaqdansa, siyasi dü­şüncənin özü­nü ümumbəşəri və milli dəyərlərin prioritetliyi kon­tekstinə yönəltmək cəhdləri daha əhəmiyyətlidir.


Etnik-milli təfəkkürdən milli dövlətçilik şüuruna gedən yol milli və ümumbəşərinin sintezindən keçir. «Milli» anlayışı iki fərqli məz­mun yükünə malikdir. Birincisi, hər bir millət üçün spesifik olan, onu fərqləndirən xüsusiyyətləri, ikincisi, fərqli cəhətlərlə ümumi cəhətlərin vəhdətini ehtiva edir.

İnsan müəyyən bir millətə mənsub olmazdan əvvəl insandır. Və milliyyətindən asılı olmadan bütün insanlar üçün ümumi, zə­ru­ri olan cəhətlər vardır. «Etnik-milli» anlamı müxtəlif qrupların in­san­larını fərq­ləndirən cəhətləri əhatə etdiyinə görə məzmunca ka­sıb­dır, solğun­dur. Sözün geniş mənasında «milli» anlamı isə hər bir insana məxsus zəruri şərtləri də əhatə etdiyindən, zəngin və daha tutumludur.

İnsanı səciyyələndirən keyfiyyətlərdən çoxu, onun maddi eh­ti­yac­ları, intellekti, bilik və əməli vərdişləri ümumbəşəri səciyyə da­şı­yır. Əsrlər boyu əvvəlki nəsillərin fəaliyyəti ilə yaranmış elm və texno­logiya, maddi-texniki sərvətlər bütün insanlar üçün ünvan­lan­mışdır. Lakin bu və ya digər millətə mənsub olan adamlar müəy­yən dildə da­nı­şır, müəyyən adət-ənənələri qoruyub saxlayır­lar. Bunlar etnik-milli xü­su­siyyətlərə aiddir. Milli dildən fərqli ola­raq riyaziyyatın dili, kom­püterin dili, texnikanın dili qlobal səciyyə daşıyır. Daha doğrusu, bu dilləri bilən insanlar da millətlər kimi qruplaşıb öz aralarında ünsiy­yətə girirlər.

Bu baxımdan, biz artıq elə bir dövrə qədəm qoymuşuq ki, yeni ictimai birlik normaları yaranır və onlar hətta «etik» birliklərə nis­bətən daha dayanıqlı ola bilərlər. Xüsusən, qloballaşma şərai­tin­də in­ternet və s.-nin açdığı məkan məhdudiyyətindən azad olan be­lə yeni birliklərin formalaşması və bəşəriyyətin elə bil ki, çal­xa­la­nıb yeni strukturlar kəsb etməsi olduqca əlamətdar proseslərdir və bunlara bi­ganə qalmaq olmaz.

Bu yeni rakursdan baxdıqda «milli» anlayışının da yenidən də­yər­ləndirilməsinə, onun məzmununa daxil olan yeni məna çalar­la­rına xüsusi diqqət yetirilməlidir. Ona görə də, yenidən «fərdi Mən», «milli Mən» və «ümumbəşəri Mən» anlayışlarına qayıtmaq, «mil­li» anlamının mahiyyətinə də yenidən nəzər salmaq tələb olunur.

Milli fəlsəfi fikir dünyanın bir insanla münasibətini, bir insanın dünyaya şəxsi, fərdi münasibətini əks etdirməkdən fərqli olaraq milli Mənlə dünya arasındakı münasibəti ifadə edir. «Milli Mən» «fərdi Mən»dən və «ümumbəşəri Mən»dən fərqli olduğu kimi onun dünyaya münasibəti də fərqlidir.

Bəs dünya milli Mən prizmasından necə görünür?

Əlbəttə, əsl böyük fəlsəfə fərdi Mənlə dünya arasındakı mü­na­sibəti əks etdirir. Belə ki, fərdi Mən ümumbəşəri milli Mənləri ehtiva etmək imkanına malik olduğundan, daha zəngin­dir. Lakin fərdi Mən heç də həmişə özünü dərk edə bilmir. Ayrı-ayrı fərdlərin özünüdərk yolu milli və ümumbəşəri özünüdərklərin ancaq müəy­yən element­ləri­ni ehtiva edir. Daha doğrusu, fərdi özü­nü­dərkdə duyğu komponenti, intiutiv komponent, irrasional kom­po­nent daha böyük sahəni əhatə edir. Rasionallaşmış məqamlar isə azlıq təşkil edir. Bu baxımdan, fərdi şüur daha zəngin olsa da, daha çox qeyri-müəyyəndir və rasio­nallaşmış hissənin faizinə görə geri qalır. Ümumbəşəri şüur, ümum­bə­şə­ri özünüdərk əsrlər boyu insanların dünyaya münasibətinin rasio­nal­laşmış ifadəsidir. Bura­da duyğu­dan, emosiyadan (xatirədən, nisgil­dən və s.) daha çox koqnitiv biliklər əhatə olunur. Lakin insanın dün­ya haqqın­dakı bilikləri müxtəlif iyerarxik pillələrdə təzahür edir. Fəl­səfə məhz ən ümumi biliklər əsasında, ən ümumi qanunların dərki sayəsində dünyanın ümumiləşmiş mənzərəsini yaratmağa çalışır.

Hansı ölkədə yaşamasından, hansı milləti təmsil etməsindən asılı olmayaraq filosoflar dünyanı bir insan meyarı ilə, insan priz­ma­sından, ümumbəşəri dəyərlər mövqeyindən dərk etməyə çalı­şır və dün­yanın, insan-dünya münasibətlərinin müxtəlif modelləri­ni, kon­sepsiyala­rı­nı hazırlayırlar.

Lakin insan öz milli və fərdi prizmalarından dünyaya müna­si­­bətini bildirirsə burada da ümumiləşdirmək üçün yararlı olan rasional biliklər toplanır. Hər bir fərdin öz dünyası olduğu kimi öz fəlsəfəsi də var. Müxtəlif fərdlərin fəlsəfəsini yığıb, vahid ortaq məxrəcə gətirmək müm­kün deyil. Daha doğrusu, fəlsəfənin özünəməxsus toplanma qay­­daları vardır. Bu qaydalar elmi biliklərin toplanması və sənət əsər­lərinin, bədii təəssuratların toplanmasın­dan fərqlidir.

Millətin fəlsəfi fikri onun hər bir üzvünün fəlsəfi fikrindən top­lanmayaraq, milləti təmsil et­mək səlahiyyəti olan, milli ruhun daşı­yıcısı olan, milli özünüdərk baryerini keçmiş olan tək-tək şəxsiyyət­lərin – filosofların fəlsəfi konsepsiyalarından, bu konsep­si­ya­la­rın şə­bə­kə­sindən ibarət olur.

Əlbəttə, emosiyadan, hissiyatdan təəssüratın irrasional mə­qam­­la­rın­dan azad olmuş rasional biliklər toplusu fəlsəfi duyumun, insanın dünyaya münasibət mənzərəsinin tam təsfirini verə bilməz. Konkret münasibət, küll halında təəssurat rasionallaş­dıqca kasad­la­­şır, solğun­laşır və informasiyanın çox cüzi hissəsi sax­lanılmış olur. Lakin idrak prosesi də elmi səviyyədə bununla sə­ciy­yələnir ki, burada birinci fokus məsafəsindəki rasional biliklər ay­rı, ikinci fo­kus məsafəsindəki rasio­nal biliklər ayrı və sair və s. yı­­ğılaraq son­radan toplana bilirlər. Və toplanmadan alınan mən­zə­rə hər biri ay­rılıqda solğun olan infor­masi­yaları gücləndirir, yeni­dən mü­rək­kəb iyerarxik bir strukturun rasional obrazı yaranır. Bu­rada bir növ interferensiyaya uyğun tamamlama gedir.

Milli-fəlsəfi fikir milli ruhun nəzəri-konseptual şərhidir. Ən əsas məsələ milli ruhun özünün mövcudluğudur. Elə xalqlar vardır ki, on­ların nümayəndələri fəlsəfi traktatlar yazır, lakin onları sə­ciy­yə­lən­dirən, özəlləşdirən, fərqləndirən ruh yoxdur. Onlar çoxdan başqa ruh­lara qatışıb, onların içində itib-batıblar. Başqasına qatıl­maq, başqa­sında itmək heç də ilk baxışdan göründüyü kimi pis şey deyil. Bu, çoxların əqibətidir. Bütün kiçiklərin aqibətidir.

Bu böyük dünyada, böyük xalqların yaşadığı dünyada, bö­yük ta­rixlər yaradan və böyük nəzəriyyələr yaradan xalqlarla birgə yaşa­yıb onlara qatılmamaq, fərqli qalmaq asan məsələ deyildir. Di­gər tə­rəfdən də, sual olunur ki, fərqlənmək lazımdırmı?

Son vaxtlar, xüsusilə müstəqillik əldə etdikdən sonra tez-tez sual olunur ki, «biz kimik?» və «bizim milli birliyimiz vardırmı?».

Müasir azərbaycanlı üçün kim ideal ola bilər? Bəhmənyar, Fi­zu­li, yoxsa Koroğlu? Səməd Vurğun, Yusif Məmmədəliyev, yox­sa Həzi Aslanov? Əlbəttə, kimsə deyə bilər ki, müxtəlif sahələrdən olan adam­ları müqayisə etmək düzgün deyil. Haqlı fikirdir və bi­zim məqsədimiz heç də onları müqayisə etmək deyil. Əsas məsələ bun­dan ibarətdir ki, xalqın məhz hansı sahədən olan böyük şəx­siy­yət­lərə daha çox rəğbət bəsləməsi onun milli təfəkkürünün və duy­ğu dünyasının strukturunda hansı sahəyə meylin güclü olduğunu aş­kar etməyə imkan verir. Məlik-Məmmədin, Dədə Qorqudun, Ko­­roğlunun timsalında tərbiyə almış gənclik, Nizaminin, Füzu­li­nin, Vaqifin timsalında tərbiyə almış gənc­likdən nə ilə fərqlənir? Bəs bunlar vəhdətdə götürüldükdə necə? Bəs muğamatın, sazın tə­si­­ri nə dərəcədədir? Məhz belə bir təsir dairəsi ola bilsin ki, bizi bir in­gilisdən, rusdan fərqləndirə bilər. Lakin onların da Şekspiri, Bayro­nu, yaxud Puşkini, Tolstoyu vardır. Onların da Robin Qu­du, Kral Arturu, yaxud İvan Qroznısı, İlya Murometsi, Suvorovu vardır.

Önəmli olan odur ki, hər hansı millətin formalaşmasında fəl­sə­fənin, elmin, şerin-sənətinmi, yoxsa ticarətin, yaxud müharibə­lə­rin­mi rolu böyük olmuşdur? Milli nağıllar, dastanlar, laylalar, mah­nılar insanlara nəyi daha çox təlqin etmişdir? Sevgini, şəfqəti, ya­xud cəsur­luğu, qəhrəmanlığı, yoxsa tədbiri, hiyləni?

Hər bir millətin qəhrəmanlıq eposu da, sevgi dastanları da var­dır, milli Həmzəsi də, milli Koroğlusu da vardır, satqını da, hiy­lə­gəri də, qəhrəmanı da vardır. Lakin Həmzələri müdrik sayanlar kim­dir, ona nifrət edənlər kimdir? Lakin əsl sual bundan ibarətdir ki, milli şüurun strukturunda onların nisbi payı nə qədərdir? Fərdi millətçi şüurdan fərqli olaraq, statistik orta göstərici necədir?

Milli mentalitet də, milli şüur da, hətta milli-fəlsəfi fikir də bütün bu göstəricilərdən asılı olaraq formalaşır. Hər şey fərdi və sosial idealın yönümü ilə müəyyənləşir. Başqa cür ola da bilməz. Çünki həyatın mənasını arayan fəlsəfə bu mənanı milli idealın fövqündə tapa bilməz.

Digər tərəfdən, hər hansı bir xalqın keçmişini əks etdirən fəlsəfi fikir tarixi ilə həmin xalqın müasir düşüncə tərzi və milli idealı arasında, tam bir uyğunsuzluq da ola bilər; müasir millətin öz tarixi sələflərinə nisbətən irəli getməsi, tənəzzülə uğraması, ya da başqa tə­sirlərə məruz qalması nəticəsində. Antik fəlsəfi fikri orta əsrlərdə yu­nanlar deyil, ərəblər, yeni dövrdə isə almanlar ya­şat­dılar. Deməli, fəl­səfi fikir nisbi müstəqilliyə malikdir və hər han­sı bir xalqdan, mil­lət­dən ayrılaraq, başqaları tərəfindən əxz olun­maq və davam etdiril­mək və hətta, sosial ideala, həyat norma­sına çevrilmək imkanına ma­likdir.

Müasir millətlərin istifadəsində olan təkcə öz yaratdıqları sərvət de­yil. Bütün millətlərin həm elmi-fəlsəfi yaradıcılığı, həm də si­vi­lizasiyanın inkişafına olan digər töhfələri ümumiyyətlə bəşəriy­yə­tin istifadəsinə verilmişdir. Tarix boyu ümumbəşəri fi­kir və mədəniyyət xəzinəsinə çox şey verib, indi ondan az fayda­la­nan­­­lar olduğu kimi, tarixi keçmişdə xidmətləri az olmasına bax­ma­­ya­raq, indi bu ümu­mi xəzinədən hamıdan çox faydalananlar da vardır.

Burada çox maraqlı bir məqamla rastlaşırıq. Milli mentali­tet­də nəyə isə yiyələnməyə, mənimsəməyəmi, yoxsa verməyə, xid­mət gös­tər­məyəmi meylin daha çox olması bu məsələdə də özünü ümumxalq, ümum­mil­lət sə­viy­yəsində göstərir. Əl tutmaq, kömək etmək, xid­mət göstər­mək istəyənlər özlərinin indi nə qədər geridə qaldıqlarını unu­daraq, ye­nə də başqalarına qarşı səxavət və qonaqpərvərlik nü­mayiş etdir­məyə çalışırlar. Fərdi miqyasda həqiqətən çox gözəl olan bu keyfiyyət ümummilli miqyasda, xüsusi dövlətçilik mövqe­yin­dən yanaşdıqda çox mənfi nəticələrə gətirir.

Halbuki, öyrənməyin, mənimsəməyin də öz texnologiyası var. Bu özü bir mədəniyyətdir və ona yiyələnmədən müasir qlobal­laş­ma şəraitində ancaq ziyan çəkmək olar.

Bəli, qloballaşma şəraitində milli-mənəvi dəyərlərimiz həqi­qə­tən böyük təhlükələrlə üzlə­şir və milli-fəlsəfi fikrə istinad etmə­dən, milli ideologiyanın formalaşmasını təmin etmədən və milli-sosial özünü qo­ru­ma şüuru formalaşdırmadan bu təhlükədən xilas olmaq çox çə­tindir.

Müasir dövrdə bütün dünya xalqlarının fəlsəfi fikrinin struk­tu­run­da Qərb fəlsəfəsi üstün yer tutur. Qloballaşma, qərbləşmə heç də sadəcə olaraq Qərb texnikasının, Qərb investisiyası­nın eks­pan­siyası ilə məhdudlaşmayıb, həm də Qərb fəlsəfəsinin, siyasi dü­şüncə tərzinin təca­vü­zü ilə səciyyələnir. Bir əli ilə müasirlikdən, Qərb­dən möhkəm-möhkəm yapışanlar o biri əlin­də Bəhmənyarın, Nə­si­minin ideyalarını saxlamağa çalışırlar. Lakin həyat yolunu se­çər­kən fəa­liy­yət proq­ramı­nı müəyyənləşdirərkən aktiv düşüncə tər­zi olaraq məhz birinci əlin­dəkini seç­mə­li olurlar. Çünki formaca və bəl­kə həm də məzmunca arxaikləşmiş Şərq fəlsəfi fikri bizi əha­tə edən texnogen dünyasında kara gəlmir. Biz o biri əlimizdəkini an­caq bir rəmz kimi, bir ek­zo­tika kimi saxlayırıq. Əgər saxlayırıqsa!?

Bəs çıxış yolu nədədir? Milli-mənəvi dəyərlərimizi bir rəmz edə­rək real proseslərə formal surətdə əlavə etmək, yoxsa milliliklə müa­sirliyin məzmun müstəvisində vəhdətinə nail olmaq?!


* * *
Poeziya da, şifahi xalq ədəbiyyatı da, mahnılarımız da, epik düşüncə və siyasi təfəkkür də – dillə sıx surətdə bağlıdır. Dil ümu­mi­liyi həmin dildə yaradılmış mədəni sərvətlərin də ümu­miliyinə, bə­dii-estetik düşüncənin də vəhdətinə səbəb olur. Təsadüfi deyildir ki, türk xalqları öz mədəniyyətləri, ədəbiyyatları ilə də sıx surətdə bağ­­lıdırlar. Bir sıra hallarda eyni bədii-es­tetik abidələrə ma­lik­dirlər. “Də­də Qor­qud”, “Koroğlu”, aşıq ədəbiyyatı və s. buna mi­sal ola bilər.

Dil nə qədər böyük rol oynasa da, milli birliyin yeganə göstə­ricisi deyil. Burada təfəkkür tərzi, ictimai şüurun səviyyəsi, adət-ən­ənə, dini etiqad, həyat tərzi mədəni-mənəvi abidələrin, xü­su­sən yazılı ədəbiyyatın, fəlsəfi fikrin siyasi və iqtisadi təfəkkür mə­də­niyyətlərinin də nəzərə alınması lazımdır.

Coğrafi şərait, iqlim və relyeflə bağlı həyat tərzində özünü gös­tə­rən xüsusiyyətlər və bunlardan irəli gələn rituallar, məra­simlər, bayramlar və s. də az əhəmiyyətli deyil.

Əslində həyat tərzinin, zövqün, bədii-estetik, hətta mifik və fan­­tas­tik düşüncənin, müqəddəslik duy­ğu­sunun, düşüncədə ra­sio­nal­­lı­ğın dərəcəsinin, kütləvi təd­birlərin, etnik xüsusiyyətlərin, ənə­nə­vi ge­yim­lərin, mu­­siqilərin, rəqslərin – bütün bunların qərarlaş­ma­sı, ənə­nəviləş­məsi və ictimai şüurla vəhdəti ərazi ilə, iqlim şəraiti ilə, üstün təsər­rüfat növləri ilə, texnoloji inkişaf səviyyəsi ilə də bağ­lıdır. Lakin coğ­rafi amil, ərazi də, et­nogenez də milli müəyyən­lik məsələsində əsas kimi gö­türülə bilməz. Ziya Göyalpın dediyi ki­mi, millilik müasir vəziyyətə görə və ilk növbədə kültür və mədə­niy­yət ümu­miliyi əsa­sında təyin edilməlidir.1

Düşüncə tərzi, mənəvi mədəniyyət, əxlaqi nor­malar bütöv­lük­də nisbi müstəqilliyə malik olduğu üçün bir ərazidən başqa əra­ziyə keç­dikdə insanlar əvvəlki maddi mühitin təsiri ilə formalaşmış mənəvi key­fiyyət­ləri, bayramları, ritualları və s. özləri ilə daşıyırlar ki, bu da maddi mühitlə mənəvi keyfiyyətlər arasında uyğun­suz­luqlar yarada bilir.

Din coğrafi bölgələrdən asılı olmadan yayılır və hamı üçün eyni olan ehkamların, ayinlərin ümumi­ləş­dirici rolu özünü gös­tərir. Şəriət də ərazidən asılı olma­dan əsasən saxlanılır.

Dil də insanlar bir yerdən başqa yerə köçərkən o saat yaddan çıx­mır və uzun bir dövr ər­zində lokal mü­hitlərdə, ailələrdə saxlan­maq­da davam edir. Başqa öl­kəyə köçmüş insanlar üçün rəsmi dil, işlək dil dəyişsə də, ana dili məhz mədəni-mənəvi irsin açarı kimi qo­­runub saxlanılır.

Coğrafi məkan dəyişilir, siyasi məkan dəyişilir, vətəndaşlıq də­­yi­şi­lir, ixtisas, təsərrüfat fəaliyyəti, ra­sional düşüncə, peşə vər­diş­lə­ri və s. – bütün bunlar də­yişilir, mənəviyyat isə uzun müddət sabit qa­lır. İn­san ya­şa­dığı yeni ictimai mühitin əxlaq normalarına, yeni me­yarlara, ilk növbədə hüquq normalarına riayət etmək məc­bu­riy­yətində qalır. İctimai münasibətlərdə bir cür, özü ilə ünsiy­yət­də isə başqa cür olur. Qürbət eldə be­yinin tələbləri ilə qəlbin tə­ləb­ləri, ra­sional düşüncə ilə hissiyyat arasında yaranan uyğun­suz­luq, daxili mənəvi mühitlə, xarici ictimai mühitin tələbləri ara­sın­da­kı mü­cadilə insanın tam xoşbəxt olmasına mane olur. İnsan özü ilə bir nisgil, vətən həsrəti daşıyır. Hü­quqi-siyasi vətənlə milli-mənəvi vətən arasındakı fərq insanı iki­ləş­mək, özgələşmək təhlü­kəsi qar­şı­sın­­da qoyur. Lakin insan xarici ölkə­də də yaşasa, əgər o, öz daxili mə­nəvi mühitini qoruyub saxlayıbsa, bu mühitin böyük miq­yaslı pro­obrazı ilə – Böyük Vətənlə əlaqə saxla­maq, vətənə xidmət etmək imkanı bu faciəni kompensasiya etməyə, dəf etməyə şərait yaradır.


* * *
Milli fəlsəfi fikir millətin özünüdərk mərhələsində üzə çıxır. Bu isə heç də bütün millətlərə nəsib olmur. Bu baxımdan, “millət” an­layışını etnosdan fərqləndirən əlamətlərdən biri məhz milli-etnik tə­fək­kürlə milli-siyasi təfəkkürün vəhdətindən doğan milli fəlsəfi fikrin forma­laş­masıdır.

Bir sıra millətlərdə milli-fəlsəfi fikrin nəzəriyyə ha­lında üzə çıx­maması heç də onun tamamilə yoxluğuna dəlalət etmir. Milli özü­nüdərk məqamları ədəbi-bədii fi­kir vasitəsilə də ifadə oluna bilir.

Azərbaycan xalqının milli inkişafında ədəbi-bədii fikrin rolu hə­mişə böyük olmuşdur. Obrazlı düşüncə bir təfəkkür tərzi kimi ra­sional elmi düşüncəni həmişə üstələmişdir. Xal­qı­mı­zın milli-fəlsəfi fikri də çox vaxt öz əksini elmi traktatlar və monoq­rafi­ya­lar­da deyil, bədii ədə­biy­yatda tapmışdır. Ona görə də, fəlsəfi təfək­kü­rə gedən yol da əsasən ədəbiyyatdan keçmişdir.

Fəlsəfi fikir çox vaxt konkretlikdən uzaq olduğuna görə milli özünəməx­susluğu, xüsusiyyətləri ifadə etmək üçün heç də əlverişli vasitə sayılmır. Böyük fəlsəfi fikir məktəbləri olan bir çox xalqla­rın, məsələn, yunanların, almanların, ingilislərin, fransız­ların milli-et­nik özü­nü­təs­diqi də daha çox dərəcədə bədii ədəbiyyatda öz əksi­ni tap­mışdır. Geniş kütlələrə Şekspir Bekondan, Höte He­gel­dən, Ni­za­mi Bəhmənyardan, Səməd Vurğun Heydər Hüseynovdan da­ha çox təsir gös­tərmişdir. Ümumbəşəri ideallara xidmət edən, ümu­miy­yətlə in­sanın mahiyyətin­dən çıxış edən fəlsəfi fikir daha çox milli-mənəvi kon­kret­liyin özünütəsdiqi kimi üzə çıxan ədəbi-bə­dii fikrin tamamlan­ma­sına xidmət etmiş, fikirdə konkretliklə ümu­­mi­liyin vəhdəti gerçəklikdə milliliklə ümumbəşə­ri­li­yin vəhdə­tini əks etdirmişdir.

Bəşəriyyətin inkişaf yoluna ümumi bir nəzər saldıq­da belə tə­səv­vür yaranır ki, bəşər tarixi etnik-millidən milli dövlətə, oradan isə ümu­mbəşəri ideallara, bütün in­sanlar üçün eyni olan hüquqi və­təndaş cə­miyyətinə, Vahid Avropa ideyasına keçilməsi isti­qa­mətində davam edir. Təsadüfi deyildir ki, Kant bu prosesi təbiət tərə­fin­dən insan cinsinin üzərinə qoyulmuş bir mis­siya kimi dəyər­lən­dirir. Bəşəriyyətin öz qarşısına qoyduğu və ya Allahın, təbiətin, müt­ləq ide­yanın bəşə­riyyət qarşısında qoyduğu bu missiyanın kon­tur­ları artıq aydın şəkildə gö­rün­mək­dədir. Hadisələrin inkişaf səm­ti­nin etnik-milli təfəkkürdən insanların hüquq və azad­lıq­la­rı­na, ümum­­bəşəri dəyərlərə əsaslanmış planetar vətəndaş cəmiyyə­tinə yönəl­diyi şübhə doğurmur.

Lakin qədim dövrə diqqət yetirdikdə məlum olur ki, ilk döv­lət­lər və onların elmi-fəlsəfi anlaşılması məhz ümumbəşəri təsəv­vür­lərə, milli konkretlikdən uzaq olan mücərrəd insan-dövlət mü­na­si­bətlərinə əsaslanmışdır.

Platon dövlət haqqında yazarkən hansısa konkret milli real­lıq­dan deyil, ümumiyyətlə insanlar arasındakı münasibətin opti­mal tən­zimlənməsindən danışır. Pla­ton­­da insanlar arasındakı fərq milli yox, olsa-olsa sosial səciyyə daşıyır. Aristoteldə dövlət anlamı milliliyin nə­zərə alınması baxımından bir qədər konkretləşsə də, yenə də mücərrəd insan-dövlət münasibətləri üstünlük təşkil edir.

Siseron ictimai birliyin əsası kimi hüquq normaları ilə yanaşı ictimai faydanı da nəzərdə tutur ki, bu sonuncu da insanların va­hid xalq kimi birləşməsinə xid­mət edən ümumi təsəvvürlər, əsa­tir­lər, adətlər, məra­sim­lərlə bağlıdır. Buna baxmayaraq, ədalət hamı­ya eyni münasibət tələb edir. Ədalət prinsipləri, birgə yaşayış qay­daları hansı milli mədəniyyətə mənsubluğundan asılı olmaya­raq, hamı üçün ey­nidir. Beləliklə, Siseronda da ümumbəşəri prin­sip­lər, qaydalar, hüquq milli fərq­lərdən daha vacib, daha üstündür.

Roma imperiyası dövründə dövlətin tərkibində milli mə­dəniy­yətlərin ehtiva edilməsi də Roma hüququnun aliliyinə mane ol­murdu. Müxtəlif dinlər, adət-ənənələr, mədəniyyətlər vahid sink­retik bir sistemdə birləşirdi. La­tın dili rəsmi dövlət dili olsa da, eli­tar dairələrdə yu­nan dili istifadə olunurdu. Dillər və mədəniy­yət­lərin to­lerantlılığı, mədəniyyət müxtəlifliyi şəraitində vahid hü­quqi dövlətçilik prinsip­lərinin bərqərar olması – müasir dövrdə bəşəriyyətin nail olmağa ça­lış­dığı sosial-siyasi idealı xatırladır.

Beləliklə, bəşəriyyət öz inkişafında bütöv bir tsikl keçərək, in­ka­rı inkar məqamına, sintez mə­qamına qədəm qoymuşdur. Lakin bu­rada sintez mərhələsini da­ha dolğun təsəvvür etmək üçün Hegel tri­adasında ikinci mərhələ olan antitezisin xeyli mürəkkəb struk­tu­ra malik ol­du­ğu­nu da nəzərə almaq lazım gəlir. Klassik dövlət­çilik nü­mu­nələrinin təhlili göstərir ki, antitezis mər­hə­ləsi də öz növ­bə­sində iki pilləyə ayrılır; dinlə başlayıb milliliklə bitir. Roma im­pe­ri­ya­sın­da xris­tian dini yayıl­dıqdan və nəhayət dövlət dini kimi qəbul edildikdən sonra din tədricən hü­ququ sıxışdırır. Sadə dövlətçilik sxemləri mürəkkəb kilsə dövlət münasibətləri ilə əvəz olunur.

İslam dünyasında isə xəlifə dini rəhbər və dövlət başçısı funk­si­yalarını özündə birləşdirdiyindən bu ziddiyyət, heç olmazsa, for­mal surətdə aradan götürül­müşdür. Bunun səbəbi islamda dinlə hüququn vəhdət­də olması, şəriətdə (fiqhdə) ehtiva olunması idi. İslam özü sinkretik səciyyə daşıyırdı və ona görə də hüquq, əx­laq və mədəniyyət də vəhdət halında idi. Din həm də həyat tərzi olmaqla, millilik elementlərinin müstəqil inkişafına yol vermirdi. Nəticədə, Avropada dövlətlər dindən ayrılaraq, milli dövlət­çi­lik mərhələsinə keçdiyi dövrdə İslam dünyası hələ də dinin təsiri altında idi.

Müasir dövrdə Avropa artıq antitezis mərhələsini başa vurub inkarı inkar məqamına, yenidən hüquqi dövlət mərhələsinə qədəm qoy­duğu və bu əsasda birləşmək əzmində olduğu bir vaxtda şərq dün­yası hələ təzə-təzə milli dövlət quruculuğu mərhələsinə yeni qə­dəm qoyur.

Bu addımı İslam dünyasında ilk dəfə Azərbaycan (1918-ci ildə), daha sonra isə Türkiyə (1923-cü ildə) atmışdır. Bundan son­ra Azər­baycan dövlətçiliyi yetmiş il ərzində müstəqilliyini itirsə də, bu gün ye­nə məhz Azərbaycan Avropanın daha əvvəl keçmiş oldu­ğu yolu qısa müddətdə qət etmək əzmində olduğunu sübut edir. Ona görə də, müa­sir dövrün tələblərinə uyğun ideolo­giyanın for­ma­laşması da məhz Azər­baycanda həyata keçir.

Azərbaycan artıq iki əsrdir ki, Qərb dünyası ilə, Qərb mədə­niy­yəti ilə sıx təmasdadır. Və Qərblə Şərqin sintezi deyilən möcüzə üçün Ya­poniyadan sonra ən gözəl şərait məhz Azərbaycandadır.

Azərbaycanın müstəqil respublika olmasından on dörd il keçib. Bu tarix üçün kiçik müddətdir. Lakin indi zaman sürətlə keçir. Bu gün biz gözümüzü açıb özümüzü Avropanın qoynunda görürük. Biz özümüzü bu yeni ampluada dərk edənə qədər, Avropa əlimizdən dar­tıb bizi yeni dünyaya aparır. Proseslər bizim götür-qoy etməyimizi, öl­çüb-biçməyimizi gözləmir. Ona görə də, ya biz özümüzü sadəcə ola­raq yedəyə verərək rahat­lanmalı, ya da bütün intellektual gücü­müzü top­layıb keçməli olduğumuz yolu öz idrakımız və öz iradəmizlə qət et­məliyik.

Və bu zaman bu yolu yaxın Şərqdə ilk dəfə (Türkiyə ilə təx­mi­nən eyni vaxtda) keçmək istəyən tərəf gərək bütövlükdə Şərq-Qərb münasibətlərinə aydınlıq gə­tirsin, bütövlükdə islama münasibətdən doğan təbəddüatları ara­dan qal­dırmaq missiyasını da öz üzərinə götürsün.

Bu gün Azərbaycana təkcə öz daxili problemləri çərçivəsində bax­maq düzgün deyil. Azərbaycanın seç­diyi, həyata keçirməyə ça­lış­dığı siyasi kurs, inkişaf yolu – onun Şərq dünyasında, xüsusən, is­lam ölkələri içə­risində mövqeyinin və rolunun ilkin müəy­yən­liyini tələb edir. Şərq ilə Qərb arasında vəhdət modelinin təbii nü­munəsi olmaqla, Azərbaycan xüsusi strateji mövqeyə malikdir.
İslam dünyasının qabaqcıl ölkələrində gedən ic­timai-siyasi və ideoloji proseslərin mahiyyətini Qərb priz­­masından görmək çox çətindir. Ona görə də, Qərb siyasətçiləri hüquqi dövlətə, vətəndaş cə­miyyətinə doğru üz tutmuş bir sıra ölkələrin spesifik prob­lem­lə­rini və xüsusiyyətlərini nəzərə ala bilmirlər. Onlar bu ölkələri sadə­cə olaraq Qərb standartlarına uyğunlaşdırmaq siya­səti yürüdürlər. Nə­ticədə öz daxillərində ideologiya­sız­laş­dırma tərəfdarları olan Qərb dövlətləri, ola bilsin ki, bizə yeni ideologiya təlqin etdiklərini ağıl­larına da gətir­mirlər. Belə ki, inkişaf etmiş Qərb ölkələrində ar­tıq icti­mai gerçəkliyə çev­rilmiş siyasi-hüquqi dəyərlər sistemi bi­zə kə­nardan təlqin olunar­kən, həm də nəzəri səviyyə­də yox, artıq konk­ret tətbiqi reseptlər şək­lində təlqin olu­nar­kən məhz ideolo­giya rolunu oynayır.

Əslində isə başqa ünvandan transfer olunan hər hansı bir ideo­logiya yox, konkret ictimai gerçəkliyin öz inkişaf məntiqindən doğan milli bir ideologiya tələb olunur. Burada milli siyasi liderin üzərinə Şərq düşüncə tərzi ilə Qərb düşüncə tərzinin vəhdətinə nail olmaq, milli ideologiyanı ümumbəşəri dəyərlər kontekstinə sal­maq kimi çətin bir vəzifə düşür. Bu vəzifə Şərqlə Qərb arasında İpək yolunu bərpa et­mək qədər və bəlkə ondan daha çətindir.

Müasir dövrdə qərbləşmək, Avropaya qatılmaq istəyən ölkələr qarşısında duran vəzifələrdən biri də elm və texnologiyanın inkişaf et­dirilməsindən ibarətdir. Lakin milli fəlsəfi fikir olmadan, sadəcə Qər­bin elmi mühitinə daxil olmaq və onu təqlid etməklə ictimai inkişafa nail olmaq mümkündürmü? Hələ XIX əsrin axırlarında böyük mütə­fəkkir Cəmaləddin Əfqani bu məsələyə toxunaraq yazırdı: «Bir millət­də fəlsəfə yoxdursa, əgər o millətin hamısı alim olsa da, o millətdə elm­lər intişar tapa bilməz və həmin millət ayrı-ayrı elmlərdən lazımi nəticə çıxarmaqda çətinlik çəkər»2. C.Əfqani öz fikrini Şərq ölkə­ləri­nin praktikasına müra­ciətlə əsaslandırır: «Osmanlı dövləti, eləcə də Misir 60 ildir ki, elmlərin təlimi üçün məktəblər açmışdır və hələ də ondan bir xeyir götürməmişdir».3 Səbəbini isə o, haqlı olaraq, fəlsəfi ruhun çatışmamasında görür.

Elmi biliklər pozitiv ictimai qüvvəyə o zaman çevrilir ki, onları düzgün yönəldən, ictimai tələbatla uzlaşdıran istiqamət­ləndirici fəlsəfi ideya olsun. Bütün zamanlar və xalqlar üçün ümumi olan ümum­bəşəri fəlsəfi fikirdən fərqli olaraq, burada söhbət məhz milli fəlsəfi özü­nüdərkdən gedir.



1 Ziya Göyalp. Türkçülüyün əsasları. B., Maarif, 1991, səh. 33

2 Cəmaləddin Əfqani. Seçilmiş əsərləri. Bakı, 1998, səh.29.

3 Yenə orada.






Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə