Мустягил тящсил сийасяти



Yüklə 412,92 Kb.
tarix26.09.2017
ölçüsü412,92 Kb.
#1786


HİSS VƏ İNTELLEKT



Fikir hələ fikir səviyəsinə

çatana qədər hiss halında olur.

K.Stanislavski


Ənənəvi olaraq Şərq düşüncə tərzində hissin, Qərb dü­şüncə tərzində isə intellektin aparıcı rol oyna­dı­ğı ön pla­na çəkilir. Əslində isə ağıl və hiss bir-birini tamam­lamasa, məqsədə çatmaq mümkün deyil. Jübran Xəlil Jüb­ranın Pey­ğəm­bərin dili ilə dediyi kimi, hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir1. Biri hərəkətə gətirir, o biri – istiqamətləndirir.

Adi danışıq dilində intellekt “ağıl” anlayışına uyğun gəlir. Bu anlayış elmi istilah kimi qəbul edilmə­di­yindən onun dəqiq əhatə dai­rəsi müəyyənləşdiril­məmiş­dir və yerindən asılı olaraq müxtəlif mənalarda iş­lədilir.

Fəlsəfi ədəbiyyatda “intellekt“ anlayışı müxtəlif dövr­lərdə müx­tə­lif mənalar daşımışdır. Qədim yunan fəlsə­fəsində (Platon və Aristo­tel) intellekt insanı bütün digər varlıqlardan fərqləndirən əsas xüsu­siy­yət, ilahi başlanğıcın əlaməti kimi qiymətləndirilir. Əgər duyğu, qav­rayış bir sıra digər canlı orqanizmlər üçün də sə­ciy­yə­vidirsə, in­tellekt yalnız insana məxsusdur. Həm də intel­lekt adi düşüncədən, elementar abstraksiya qabi­liyyətindən yüksəkdə du­rur. Platona görə insan şey­lərin əsasında daya­nan anlayışları dərk et­məklə ideyalar alə­minə ya­xınlaşa bilər ki, bu da intellektual qa­­biliy­yət adlanır. Yəni in­tellekt şeylərin hissi qavrayışından asılı olmadan – fövqəlhissi surətdə dərk olunmasıdır.

Kant və Hegel isə intellekt anlayışını adi müha­kimə qabiliy­yə­ti, abstrakt-analitik düşüncə tərzi mənasında işlətmiş, onu zəka ilə mü­qa­yisədə təfəkkürün nisbətən aşağı pilləsi kimi başa düş­müşlər. Bura­ya yalnız formal məntiq prinsipləri, 2+2=4 qətiyyəti aid edilir.

Bu mənada intellekt hiss və duyğu ilə bilavasitə heç bir əla­qə­si ol­mayan, yalnız özlüyündə qəti şəkildə müəyyən olan məntiq qanun­larının formal tətbiqini əhatə edən və deməli, mahiyyəti üzə çıxarmağa imkan ver­məyən idrak tərzi kimi çıxış edir. Belə idraki qa­biliyyət in­sanı heyvandan fərqləndirmək üçün kifayət etsə də, onu “düşünən ma­­şın”lardan fərqləndirmir, onun fərdiyyətini, təkrarlan­maz­lığını, özü­nəməx­sus­lu­ğunu ifadə etmir. Zira məntiqi formalar hamı üçün eyni­dir.

İntellekt, ağıl anlayışları haqda biz yuxarıda söh­bət etdik. Fəhm və zəka anlayışlarına gəldikdə isə, on­ların Azərbaycan dilin­də işlə­dilməsi və geniş yayılması (başqa dillərdə bu sözlərin qarşı­lı­ğı­nı tap­maq çox çə­tindir) xalqımızın qədim fəlsəfi fikir ənənələri ilə bağlıdır. Məsələn, ağıl və fəhmin müqayisə edilməsi, qarşılaşdı­rıl­ma­sı bizim el fəlsəfəsi üçün həmişə sə­ciyyəvi mövzu­lardan biri ol­muş­dur. Bu və ya digər nağılda, lətifədə kah ağıla, kah fəhmə üstünlük ve­rilmiş, on­­ların hər biri­nin özünəməxsus üstünlükləri gös­tərilmişdir. Biz bu an­layış­la­rın elmi analoqlarını müqayisə et­dik­də də əmin ola bilərik ki, bütün fəl­səfə tarixi boyu rasional fi­kir­lə hiss arasında, intellektlə emo­siya ara­sında, məntiqi tə­fəkkürlə intuisiya arasın­dakı münasibət mə­sə­ləsi diq­qət mərkəzində olmuş, böyük diskussiyalar doğurmuşdur. Hissi fəaliyyətin (primitiv duy­ğu) rolunu əsas tutan cərəyan fəl­səfə ta­rixində sensualizm (başlıca nümayəndələri F.Bekon, Lokk, Berkli, Yum, Didro və s.), ağlın, ra­sional idrakın rolunu üstün tutan cərayən isə ra­sionalizm (Pla­ton, Aristo­tel, Dekart, Spinoza, Leybnis, Kant və s.) kimi məlum­dur. Hər iki cərayən məsələyə birtərəfli yanaşdığı üçün id­ra­kın həqiqi elmi mənzərəsini yarada bilməmişdir. Məsələ­nin düzgün həlli hissi olanla rasional olanın vəhdətdə götürülməsini tələb edir.

Elə məsələlər var ki, onu sövq-təbii surətdə, vərdiş və ya fəhm hesabına həll etmək mümkün deyil; burada məntiqi mühaki­mə intel­lekt tələb olunur; riyaziyyat məsələləri, abst­rakt elmi kon­struk­siyalar və s. bu qabildəndir.

Elə məsələlər də var ki, onları ağılla, intelektlə dərk etmək ol­maz. Bunlar iki qrupa bölünür:

1. Emosional hadisələr (gözəllik, məhəbbət, hörmət, şöhrət və s.); onları yalnız duymaq müm­kündür. Bu sahədə hər cür əqli mü­ha­kimə isə mütləq təhrifə gətirib çıxarır. On­lar haqqında ümu­mi­ləşmiş fikir də ağıl yox, yalnız zəka vasitəsi ilə mümkündür.


  1. Mürəkkəb (işlədilən intellektual aparatdan daha mürək­kəb ha­disələr nəzərdə tutulur) hadisələr; məsələn kon­kret həyat ha­disələri. Onlar dəyişkən və təkrarlanmaz ol­duqlarından xüsusi təd­qiqata nə elmi tələbat, nə də imkan var. Belə məsələləri fəhmlə və ya hissin hök­mü ilə həll et­mək lazım gəlir. Ağıl nə qədər güclü ol­sa da burada aciz­dir. “Ağıllı düşünənə qədər dəli vurub payını gö­türür” müdrikliyi də buradan yaranıb.

İnsanda fəhm qabiliyyəti əsasən irsiyyətlə bağlı olsa da, onun for­­­malaşmasında praktikanın, həyat təcrübə­sinin çox böyük rolu var.

Həm abstrakt-məntiqi, həm konkret həyati, həm də emo­sio­nal-estetik xarakterli informasiyaların ümumiləşdi­rilməsi, gerçək­li­yin ən ümumi mənzərəsi­nin yaradılması üçün idrak pillələrindən bu və ya digəri ayrılıqda kifayət deyildir. Bunun üçün primitiv duy­ğu və intel­lekt pillələ­rindən başqa, fəhm, estetik qiymətlən­dir­mə və s. idrak mə­qamlarından da istifadə edilməsi zəruridir. Dia­lek­­tik id­rak metodu­nun əsa­sında məhs abstraktla konkretin vəh­də­ti şərti durur. Abstrakt konstruksiyalar intellekt vasitəsilə yara­dıl­­dığı kimi təkcə intellekt va­sitəsilə də dərk edilə bilir. Abstrakt olan intellektsiz, konkret olan isə fəh­msiz, emosiyasız dərk edilə bilməz.

Zəka – hiss və ağlın, fəhm və intellektin vəhdətidir. Müəyyən bir məsələnin öyrənilməsində abstrakt təfəkkür, formal məntiq qaydaları ilə yanaşı, müəyyən bir sövq-təbii hiss, fəhm (fəlsəfi dildə desək “qey­ri-şüuri” idrak ) də iştirak edir.

“Qeyri-şüuri” anlayışı heç də hərfi mənada başa düşül­mə­mə­li­dir. Bu anlayışın məzmunu ilə adı arasında bir paradoksallıq var­dır. Belə ki, “qeyri-şüuri” əslində insan şüurunun ən ali təzahürü, ən yüksək pilləsidir.

“Qeyri-şüuri” idrak fəaliyyti olduqça böyük miqyaslı, mü­rək­kəb bir psixi-fizioloji prosesin nəticəsidir ki, onun ideal kon­struk­siyasını, modelini qurmaq, onun gedi­şini izləyə bilmək müa­sir im­kan­lar da­xilində deyil. Biz yalnız bu fəaliyyət sayəsində alı­nan in­for­masiya ilə, ye­ni məlumatla tanış oluruq, bütün naməlum idraki əməliyyat isə “qey­ri-şüuri”, “sövq-təbii” anlayışlar ilə ifadə olu­nur. Beynin sövq-tə­bii “intellektual” fəaliyyətinin nəti­cəsi artıq intellekt yox, yeni key­fiyyətli hadisə kimi tə­zahür edir ki, bunu da xarakterindən asılı olaraq emosiya, hiss, fəhm adlandırırlar.

Duyğunun, hissin ikinci, yüksək mənası adi danışıq dilində və ədə­biyyatda da geniş yayılmışdır. Məsələn, S.Vurğun “dünən bir duyğusuz soruşdu məndən”, – deyərkən “duyğu” anlayışı bila­va­sitə inikas momenti kimi deyil, yüksək “intellektual” (əgər belə de­­mək mümkündürsə) duyğu mənasında işlədilir. Yaxud hissin ikiməna­lılığına uyğun olaraq həssaslıq sözü də iki mənada işlədilir. Həssaslıq – duyğu üzvlərinin yaxşı inkişafı; iti görmə, yaxşı eşitmə, iy­bilmə qabiliyyəti və s. kimi və həssaslıq – situa­siyanı qeyri-şüuri olaraq düz­gün qiymətləndirmək, sövq-tə­bii olaraq ən optimal çıxış yolu tapmaq və s. kimi.

“Qeyri-şüuri” anlayışı həm estetik, emosional hadisə­ləri, həm də elmi idrakın bir məqamı olan intuisiyanı əhatə edir. Azər­bay­can­ca adi danışıq dilində emosiya və intui­siya terminlərinə hiss (ikin­ci, “intel­lektual” hiss mənasında) və fəhm sözləri uyğun gəlir. Bun­lar idrakın key­fiyyətcə fərqli sahələri olsa da təbiətləri etibarilə bizə bəlli olma­dıqlarından hər ikisi “qeyri-şüuri” adı altında ümu­mi­ləşdirilir.

“Qeyri-şüuri” fəaliyyət heç də həmişə mümkün olmur. Bu­nun üçün xüsusi şərait lazımdır, fikrin tam sərbəst bu­raxılması, be­yi­nin “öz-özünə”, tam müstəqil fəaliyyətinə imkan yaradılması la­zım­dır. Nəyi isə müşahidə edirsən, müxtəlif situasiyalarda olursan və birdən indiki məqamda üzərində fikirləşmədiyin, lakin nə vaxt­sa səni narahat et­miş bir məsələ yada düşür, axtarılan sualın ca­va­bı gözlə­nilmədən ta­pılmış olur... Bu baxımdan, məntiqlə həll oluna bilməyən çətin bir mə­sə­lənin həllini tapmaq üçün eyni məntiqi çər­çi­və daxilində uzun-uzadı düşünməkdənsə, həmin məsələni unut­maq, tamam başqa sahələrdə müşahidələr aparmaq daha faydalı ola bilər.

Belə bir fakt da maraqlıdır ki, ayıq vəziyyətdə (ağılın, intel­lek­tin istiqamətlənmiş fəaliyyəti) həll oluna bilməyən bir sıra prob­lem­lər yarıyuxulu vəziyyətdə asan­lıqla həll olunur; bu vəziyyətdə göz­lənilməz kəşflərin sayı daha çoxdur.

Tədqiqat göstərir ki, insan yatarkən beyinin fəaliyyəti nəinki da­yanmır, əksinə, onun ən intensiv fəaliyyət dövrü bu vaxta düşür. İn­san kənardan heç bir informasiya alma­dığı və məntiqi təfəkkü­rün fəa­liyyəti dayandığı bir vaxtda beyində müstəqil, sərbəst fəa­liy­yət üçün imkan yaranır; gündüz alınmış informasiya bir növ qab­qarılır, yer­bəyer edilir. Bu zaman bütün passiv hafizə tutumu işə düşür (yuxu ha­disəsi də bununla izah olunur), yeni məlumatlar nə vaxtsa görmüş, eşit­miş və öyrənmiş olduğu, lakin sonralar unut­­duğu (tam unutma mümkün deyil – məlumat passiv hala keç­mək­lə beyində həmişə qalır) məlumatlar, biliklər küllüsü içərisində yerləşdirilir. “Birdən-birə yada düşmək”, “ağlına gəlmək” və s. məhz belə passiv yerləşdirmə prose­sin­də olur; nə vaxtsa axtarı­lar­kən hələ çatışmayan bir de­talın əlavə olunması sayəsində tam kon­struk­siya yaranır, o vaxt yarımçıq qalmış model tamamlanır və s. Ya­xud da gördüyün yeni bir mənzərə, duy­du­ğun yeni ahəng, struk­tur və s. axtarı­lan məsələ ilə qeyri-şüuri su­rətdə anologiya ya­ra­dılmasına (assosiasiya) gətirir ki, bu da yeni “mən­­zərə”nin daha mükəmməl olan strukturunun başqa bir modeldə isti­fadə edilmə­sinə imkan yaradır...


* * *

Bədii təfəkkür isə hamı üçün eyni olan məntiqi for­malardan kənara çıxır. Deməli, bədii yaradıcılıq ma­şın üçün əlçatmaz ol­ma­lı­dır. Bəs son vaxtlarda maşın­ların mahnı bəstələməsi, şer qoşması faktları bu fik­rin əley­hinə deyilmi? Xeyir. Bu faktlar yalnız onu göstərir ki, sən demə musiqi, şer və s. təkcə bədii tə­fəkkür yox, in­tel­­lekt vasitəsilə də yazıla bilərmiş. Əslində bu heç də süni in­tellek­tin açdığı yeni imkan olmayıb, təbii intellektin də imkanları daxi­lin­də olan bir hadi­sədir; incəsənət ta­ri­xində rasional idrak mər­hələsində (rasional üslubda) şer yazılması və s. bu kimi faktlara həmişə rast gəlmək mümkündür.

Etiraf etmək lazımdır ki, xüsusi şairlik istedadı, təbi olma­yan, lakin şairlik iddiasında olan adamlar (onlar yəqin ki, “şair­lərin” bö­yük əksəriyyətini təşkil edirlər) yalnız intellekt pilləsində şer ya­zırlar. Yəni qabaqcadan məlum olan müəyyən fikir və ya məqsəd müəyyən şer növünün forma tələblərinə (heca, vəzn, qafiyə və s.) uyğun şəkildə şərh edilir. Bunun üçün hətta fikri əvvəlcə nəsr­­lə yazıb, sonradan heca və qa­fiyə qəlibinə salmaq mümkün­dür. Belə şerlərdə, əgər müəl­lif tapmaca üsulundan is­tifadə et­mir­sə, fikir ay­dın və anlaşıq­lıdır. Lakin belə şer oxucuda nə hey­rət, nə ülvi hiss yarada bilər. On­ları yalnız başa düşmək mümkündür. Bu zaman informasiya emo­sional, estetik yolla deyil, rasional yolla ötürülmüş olur.

Bax, maşın da şeri eyni prinsiplərlə yazır. Həm də bu sahədə maşının imkanları daha böyükdür. “Estetik təsir” yaratmaq üçün ma­­şın “intellektual şair”lə müqayi­sədə daha mürəkkəb və ahəng­dar qu­ruluş tapmaq imkanına ma­likdir. Çünki süni intellektin müəy­yən isti­qamətdəki fəa­liyyətini qeyri-məhdud olaraq geniş­lən­dirmək müm­kün­­dür ki, bu, təbii intellekt üçün mümkün deyil.

Deməli, maşının şer yazması və musiqi bəstələməsi onun elə in­tellektual fəaliyyətinin nəticəsidir və bu qa­biliyyəti yeni mahiy­yətli bir hadisə (bədii təfəkkür) ilə qarışdırmaq olmaz.

Marksizm fəlsəfəsində intellekt bir termin kimi işlədilmir, la­kin bu və ya digər münasibətlə intellekt an­layışından istifadə edi­lər­kən o, təfəkkürün sinonimi kimi başa düşülür. Müasir elmi ədə­biy­yatda in­tellekt an­layışına təzədən qayıdılması və onun məzmun və əhatə dai­rəsinin dəqiqləşdirilməsinə ehtiyac yaranması süni in­tellektin kəşfi ilə əlaqədardır. Bu halda intellekt sözü əsasən Kant və Hegel terminolo­giyasına uyğun mənada işlə­dilir. Belə ki, müasir imkanlar çərçivə­sində maşın ən yaxşı halda yalnız abstrakt tə­fək­kür qabiliyyətinə malik ola bilər. Obrazlı düşüncə, bədii təfəkkür onun üçün yad­dır, əlçatmazdır. Buna uyğun olaraq ümumiyyətlə in­tellekt anlayışının əhatə dairə­sini məhdudlaşdırmaq, onu bütöv­lük­də təfəkkürlə deyil, yalnız məntiqi tə­fəkkürlə müqayisə etmək lazım gəlir.

Hiss, emosiya qabiliyyətinə malik olmamaq maşının id­rak qa­biliyyətinin insan idrakı ilə müqayisədə başlıca məhdudiyyətidir. Zi­ra onun bütün idrak qabiliyyəti yalnız intellekt pilləsindən iba­rət­dir. Düzdür, müasir dövrdə ro­botların ən yeni nəsli – inteqral robotlar “duy­­ğu üzvləri” ilə də təchiz olunur, süni görmə, eşitmə və s. imkan­lara malik olur və bu baxımdan onların idrakı intellekt­lə ya­naşı pri­mitiv duyğu mərhələsini də əhatə edir. Lakin yüksək duy­ğu qabiliyyəti inteqral robotlar üçün də əlçatmaz­dır.

Süni intellektin ümumiyyətlə insan idrakından deyil, onun in­tellekt pilləsindən, yəni təbii intellektdən fər­qinə gəldikdə isə on­lar ara­sında oxşar cəhət­lər çoxdur. Fərq əsasən forma və kəmiyyət xa­rakteristi­kalarında tə­zahür edir.

Təbii intellektlə müqayisədə süni intellektin məh­dud cə­hətlə­rin­dən biri budur ki, onun vahid, universal tex­niki daşıyıcısını dü­zəlt­mək mümkün deyil. Yalnız ayrı-ayrı in­tellektual funksiyaları icra edən xü­süsi ma­şınlar düzəlt­mək mümkündür. Yəni hər bir ki­ber­netik ma­şın növü düzəl­dilərkən o, qabaqcadan düşünülmüş bir fəaliyyət istiqamə­tinə uyğunlaşdırılır və yalnız həmin “tədqiqat sa­hə­sində çalışa bilir”. Baş­qa “tədqiqat sahə­ləri” üçün isə başqa tip ma­­şınlar düzəldilir və s. Düz­dür, maşınların müəyyən nisbi müs­tə­qil­liyi, seçki imkanı da olur. Məsələn, şərai­tin və vəzifənin dəyiş­mə­­si ilə əlaqə­dar bir proqram başqa proqramla əvəz edilə bilər. La­­kin maşının texniki kon­struksiya imkanları həmişə müəyyən məh­­dudiyyət qoyur və ta­mam başqa xa­rakterli intellektual funk­si­ya­­ların icrası üçün istifadə edildikdə təkcə pro­qramı deyil, maşının qu­­ruluşunu da dəyişmək, yəni əs­lində başqa tip maşına müraciət et­mək lazım gəlir. Tə­bii intellekt isə universal­dır, yəni tamam müx­tə­­lif key­fiyyətli intellektual əmə­liyyatların icrası eyni bir insan bey­ni üçün prinsipcə im­kan daxilindədir. İnsanların müxtəlif tədqiqat sa­hələ­rində ixtisaslaşması isə praktik səbəblərlə bağlıdır və heç də be­yinin prinsipial məhdu­diyyətindən, qeyri-univer­sallığından irəli gəlmir.

İkincisi, kibernetik maşın və insan beyninin intel­lektual fəa­liy­yətinin nəticələri eyni olsa da (birincidə nəticə informasiya di­lin­də, ikincidə təbii dillə verilir; lakin qarşılıqlı keçid, “tərcümə” hə­mi­şə mümkündür), bu nəticələrin alınma üsulları müxtəlifdir. Hər iki halda prosesin formal mexanizmi belədir ki, müəyyən əmə­liy­yat­­lar vasitəsilə ilkin informasiya toplusundan yeni infor­masiya alı­nır. Lakin insanda bu proses psixi-fizio­loji, fiziki-texniki yolla ge­dir. Birinci sistem daha mürəkkəb hərəkət formasına uyğundur və burada mexaniki de­ter­minasiya im­kanı yoxdur. İkincidə isə ya birqiymətli de­terminasiya, ya da heç olmazsa məsələnin sonlu həlli prin­sipcə həmişə mümkündür.

Süni intellekt müəyyən cəhətlərinə görə təbii intel­lektlə mü­qa­yisədə bir sıra üstünlüklərə də malikdir. Bu, ilk növbədə ki­ber­ne­tik maşının müəyyən rasional əmə­liyyatları təbii intellektlə mü­qa­yisədə çox böyük sürətlə yerinə yetirmək imkanında özünü gös­tə­rir. Sürətin böyüklüyü sayəsində süni intellekt keyfiyyətcə fərqli ye­­ni əla­mətlər əldə edir. Təbii intellekt üçün qeyri-mümkünlük də­rə­cəsində çətin olan bir sıra əqli əməliyyatlar maşın tə­rəfindən asan­lıqla yerinə yetirilir. Bu qabiliyyətinə görə kibernetik maşın həm elmdə, həm də bir sıra praktik fəa­liyyət sahələrində misilsiz əhəmiyyət kəsb etmişdir.

Maşın həm də bütün əməliyyatları yorulmaq bilmədən, mün­tə­zəm və “səliqəli” şəkildə icra edir ki, bu baxımdan ən soyuqqanlı və təmkinli insan da onunla müqayisə oluna bilməz.

Süni intellektin ən mühüm üstünlüklərindən biri də onun ver­diyi məlumutların şərh üçün yararlığıdır. Çünki burada maşın di­li ilə onun rasional məlumatları ara­sında tam birqiymətli uyğun­luq vardır və hər cür məlumat tərəddüdsüz və qeyd-şərtsiz olaraq “ma­şın di­linə”, ora­dan da elmi dilə “tərcümə” edilə bilər. İn­san isə bir çox məlumatları emosiyalarla, obrazlı şə­kildə və ya “qeyri-şüu­ri” yolla aldığından on­ları rasio­nal şəkildə şərh et­mək heç də həmi­şə mümkün olmur. Hətta adi intellektual fəaliyyətin nəticələrini tə­bii dil vasitəsilə şərh etmək də çox vaxt çətin olur, çünki bu halda di­lin özü rasional­lıq tələblərinə cavab vermir. Təbii dillə şərh pro­sesi yalnız o halda normal gedir ki, ya müvafiq elmi dil qəti şəkildə for­­malaşmış ol­sun, ya da riyazi dildən istifadə etmək mümkün olsun.

Nəhayət, intellektual inkişafın perspektivləri ən çox süni in­tel­lekt sahəsindədir, daha doğrusu, ondan is­ti­fadə edilməsi sayə­sin­də müm­kündür. Belə ki, insan in­tel­lektinin təbii inkişafı çox ləng bir proses ol­duğu halda (məsələn, antik dövrün adamları ilə indiki adam­lar ara­sında intellektual fərq çox azdır; Lui de-Broy­lun fik­rincə isə, belə fərq ümumiyyətlə yoxdur), süni intellekt böyük addımlarla inkişaf edir. O bir sıra sa­hələrdə təbii intellekti artıq keçmişdir, bəzi sahə­lərdə də keçmək əz­mindədir. Çünki ona mə­nəvi qida verən təbii mənbə insa­nın təkcə intellekti deyil (belə olsa, təbii intellekt hə­mişə üstün olmalı idi), həm də fəhmi, zəkasıdır.

Lakin bütün bu üstünlüklərinə baxmayaraq, süni intel­lekt müs­təqil şəkildə, təbii intellektlə əlaqəsi olmadan heç bir fayda verə bilməz. Ayrıca götürülmüş bir hadisə və ya hadisələr sinfi üçün maşın, robot intellektual sistem rolunu oynaya bilirsə də, bu cür müxtəlif intellektual sis­temləri və onların nəticələ­rini öz arala­rın­da əlaqələn­dirmədən gerçəkliyin az-çox dərəcədə tam mənzə­rə­sini ya­ratmaq mümkün deyil; belə bir əlaqələndirmə və ümumiləş­dirmə üçün yenə də təbii in­tellektə ehtiyac var. Yəni son nəticədə təbii (universal) in­tellektin köməyi olmadan süni (diferensial) intel­lekt ciddi fayda verə bilməz. Onun başlıca funksiyası tə­bii intel­lek­ti bu və ya digər konkret istiqamətdə tamam­la­maq, həmin isti­qa­mət­də güclən­dirici vasitə kimi çıxış etməkdir.

Əgər tarixi ardıcıllıqla yanaşsaq insanın forma­laşması pro­se­sin­də ilk ciddi addım onun istehsal vasi­tə­lərindən istifadə etməklə öz fiziki imkanlarını ar­tır­ması olub. İkinci addım müxtəlif eks­pe­ri­men­tal-tex­niki vasitələrlə (mikroskop, teleskop, lokator və s.) öz duy­ğu qa­biliyyətini tamamlaması, üçüncü addım isə ki­bernetik ma­­şın­lar sayəsində öz intellektual qabi­liyyə­tini müəyyən is­tiqamət­də artırmaq olmuşdur.

Bu üç “addım” bir növ insandan ayrılıb öz aralarında bir­ləş­məklə inteqral robotları təşkil edir. O, müəyyən məh­dud şərait­də müəy­yən funksiyaları müstəqil surətdə icra edə bilir. Bu, böyük nailiyyətdir. Lakin nis­bətdə götürdükdə robot dəmirdən olsa da zəif və miskin­dir. Həmin texniki vasitələrlə silahlanmış insan isə güclü və əzəmətlidir.
İdrakın ayrılmaz tərkib hissələrindən bu və ya digə­rinin ön pla­na çəkilməsi, onun rolunun həddən artıq qiy­mətləndirilməsi halla­rın­dan biri də intellektualizm cə­rəyanında təzahür edir. Belə ki, müasir dövr­də elmin icti­mai həyatda rolunun artması, elmi-texniki inqilabın bü­tün fəaliyyət sahələrinə güclü təsir göstərməsi elmi idra­kın digər idrak növlərinə nəzərən üstün olması illüziyasını doğurur. Guya elmi-tex­niki inqilab müasir dövrü səciyyələn­dirən əsas hadisə olduğundan bü­tün fəaliyyət sahələrində müasirlik ruhu elmlə, texnika ilə, onların müx­təlif nai­liyyətləri ilə bağlılıq dərəcə­sinə görə ölçül­məlidir. Bu ba­xımdan, incəsənət də istisna təşkil etməməli, müasir elmi-texniki in­kişaf səviyyəsi ilə səsləşməlidir. Lakin bu səsləşmənin, bir qədər pri­mitiv başa düşülməsi aşağı­dakı iki istiqamətin, meylin inkişafına tə­kan vermiş­dir.

Birinci istiqamət özünü bədii yaradıcılıqda elmi id­rak metod­la­rından, xüsusən məntiqi təfəkkürdən – intel­lektdən istifadə et­mək tə­şəb­büsündə göstərir. Bu meylin spesifikası onun əsas nüma­yən­də­lərindən biri olan V.Bryusovun fikrində çox gözəl ifadə olu­nur: “Belə əsərlə­rin müəllifləri daha çox dərəcədə təsəvvürlərdən deyil, an­layış­lardan istifadə edir, öz nəticələrinə xalis məntiqi yolla gə­lir, emo­siya­dan daha çox mühakiməyə müraciət edir­lər”.1 Tə­səv­vür pilləsindən yük­səkdə dayanmaq, intellektin gücündən is­ti­fadə etmək yaxşıdır. La­kin təkcə intellekt vasitəsilə yaradılan “bə­dii əsər”, “sənət əsəri” son­suz zə­nginliyə malik “qeyri-şüuri” idrak fəaliyyətinin verdiyi imkan­lardan məhrum olur və sonlu, məhdud bir mənəvi alə­min ifadəsi ol­maqla heç bir ülvi hiss yarada bilmir. Bu baxımdan robotların yarat­dığı “sənət əsərləri” belə əsər­lərdən nəinki geri qal­mır, hətta, yuxarıda artıq izah etdiy­imiz kimi, prin­sip­cə daha böyük perspektivlərə ma­likdir.

Müasir dövrdə bədii yaradıcılıq bayrağı altında yara­dılan, əs­lin­də isə bədii xarakter daşımayan əsərlər iki böyük qrupa bölünə bilər:


  1. Primitiv duyğu – qavrayış və təsəvvür mərhələsində yara­dı­lan əsərlər. Belə əsərlər incəsənətin inkişafına mənfi təsir göstərir, onu cılızlaşdırır.

  2. İntellektual səpkidə yazılan əsərlər. Onlar bədii əsər sayıla bilməz, lakin kütlələrdə elmi idrak qabiliyyə­tinin yaranması və in­ki­şafına, onların məlumatlarının genişlənməsinə xidmət etmək ba­xı­mın­dan təqdirəlayiq ha­disədir. Bu sahədə elmi idrakın nai­liy­yət­lə­rindən və süni intellektin köməkliyindən istifadə etmək mümkün olduğuna görə, onun böyük perspektivləri vardır.

Əsil bədii yaradıcılıq da öz növbəsində iki qismə ay­rıla bilər: İntellektəqədərki, lakin yüksək duyğuya əsasla­nan idrak pilləsində yaradılan əsərlər (buraya ən çox lirik əsər­lər və sentimental ruhlu epik əsərlər aiddir) və intel­lekti ehtiva edən, lakin ondan yüksəkdə daya­nan, intel­lekt­lə emosiyanın vəhdətini təşkil edən zəka pillə­sində ya­ra­dı­lan əsərlər (buraya ən çox fəlsəfi qayəli bədii əsərlər da­­xildir). Bir sözlə, bədii yaradı­cılıq iki müxtəlif idrak pil­ləsində mümkündür: xalis emosional pillə və zəka pil­ləsi. Xalis intellekt isə bədii yaradıcılıq üçün bir növ “qadağan olunmuş zona”dır.

İntellektualizmdə ikinci meylə görə incəsənətin möv­zusu, ini­kas obyekti dəyişilməli, burada ilk növbədə elm və texnikanın nai­liy­yətləri öz əksini tapmalıdır. Bu hadi­sələrin incəsənətdə inikası doğ­rudan da vacibdir, lakin məsələyə primitiv münasibət zamanı unu­dulur ki, bu ini­kas heç də traktorun və ya kosmik raketin lirik plan­da şər­hi, müəy­yən elmi nəzəriyyənin və ya elmi-texniki fəa­liy­­yə­tin “bədii” təsviri formasında olmamalıdır. Zira elmi müd­­dəa­la­rın şərhi üçün ən əlverişli dil elə elmin öz di­lidir, onun bədii dilə “tər­cümə olunmağa” ehtiyacı yoxdur və bu təşəbbüs mü­vəf­fə­qiy­yət­sizliyə məhkumdur.

Müasir hadisələri qələmə almaq üçün onların zahiri gö­rünüş və ya mexanizmlərini şərh etmək deyil, onların ic­timai mahiyyət­lə­rini açmaq və buna müvafiq bədii for­ma­­lar tapmaq tələb olunur. S.Vur­ğunun “Muğan” poe­ma­­sında yeni texnikanın ictimai funksi­ya­sının poe­tik təs­vi­­ri, N.Hikmətin “Kəllə” əsərində doktor Dalba­ne­zonun ta­leyi timsalında mövcud cəmiyyətin elmin inkişafına zidd mahiy­yətinin açılması və s. buna ən parlaq misallar­dır. Bu əsər­lərdə heç bir saxta intellektualizm meyli yox­dur; onlar öz bə­dii­liyində qalmaqla müasir ictimai pro­blemləri əks etdirirlər. Əsə­rin qəhrəman­ları isə ilk növ­bədə öz hiss və həyəcanları ilə, mənə­viy­yatı ilə ön plana çəkilən insanlardır. Zira intellektin rolu nə qə­dər ar­­tırsa artsın, insanın mahiy­yəti, onun böyüklük və əzə­mə­ti in­tel­lektdən sonrakı mərhələdə, yüksək hiss və zəka mərhə­ləsində tə­za­hür edir. Əsil insanlar dünyasını ro­botlar və ro­botsayağı adam­lar dünyasından fərqlən­di­rən də məhz his­sdir, emo­siyadır, zəkadır.

İntellektual və estetik

məqamların vəhdət şərtləri

Texniki tərəqqi ən çox intellektual aspektin inten­siv­ləş­məsinə və obyektiv mühitin özü tərəfindən də məhz bu is­ti­qamətdə təsirin güc­lənməsinə gətirir ki, bu da daxili mə­nəvi tarazlığı birtərəfli ola­raq po­za bilər. Ümumiy­yət­lə, müxtəlif təsir istiqamətləri koordina­si­ya olun­madıqda, qar­şılıqlı surətdə əlaqələndirilmədikdə, habelə sin­tetik tə­sir amillərinin diferensial təsiri nəzərə alınmadıqda bir is­ti­­qamətdə inten­sivliyin artması başqa istiqamətlərə mənfi tə­sir gös­tərə bilər və şəx­siyyətin inki­şa­fında ahəngdarlıq po­zula bilər.

Məhz ahəngdar inkişafın təmin olunması naminə in­sa­nın in­ki­şafına olan müxtəlif təsir istiqamətləri vahid möv­­qedən öyrənil­mə­li və müxtəlif tipik situasiyalar üçün ko­ordinasiya olunmalıdır. Bu baxım- dan, estetik aspektin xü­susi mövqeyini nəzərə almağın bö­yük əhə­miyyəti var­dır.

İnsan mənəvi varlığı yalnız estetik hiss sayəsində vahid, bü­töv bir proses olur. Estetik hiss sintetik funksi­ya­ya malikdir. İnsa­nın fizi­ki inkişafı, onun əxlaqi-mənəvi keyfiyyətləri, habelə intel­lek­tual in­kişaf səviyyəsi bir-biri ilə hər halda müəyyən əlaqəyə ma­lik olsalar da, bir-birini yalnız dolayısı ilə şərtləndirir, bütöv bir ha­di­sənin ayrıl­maz tərkib hissələri kimi çıxış etmirlər.

Bu tərəflər arasında qırılmaz daxili əlaqəni, bütövlü­yü, ümu­mi ahəngi yalnız estetik hiss yaradır. Bu, ən çox es­tetikliyin öz tə­biə­tin­dən irəli gəlir; zira estetik hiss in­sa­nın dünyaya, dünyanın ümu­mi ahən­ginə qovuş­ma­sı, insa­nın öz bütövlüyünü, dünya ilə vəh­dətini hiss et­mə­sidir.

Estetikliyin ikili cəhəti – inkişaf aspektlərindən biri ol­maqla ya­naşı, sintetik funksiya daşıması şəxsiyyətin in­ki­şafındakı ahəng­dar­lı­ğın, hərtərəfliliyin təmin edil­mə­sin­də mühüm amildir. Təsa­dü­fi deyil ki, bir çox tədqiqatçılar in­sanın inkişafında ən mühüm amil ki­mi əməyi qeyd edər­kən onu estetik tələbatla eynitərtibli hadisə kimi gö­tü­rür­lər. Geniş mənada estetik hissin sintetik təbiətini Hegel də qeyd edir: "Mən əminəm ki, bütün ideyaları əhatə edən ali zə­ka məqamı estetik şüurdur. Həqiqət və fayda doğma tel­lərlə ancaq gözəllikdə birləşir. Estetik hissə malik ol­ma­dan hər hansı sahədə mənəvi cəhət­-

dən inkişaf etmək müm­kün deyil".1

Estetikliyin universal funksiyası, onun insanın digər in­kişaf as­pekt­lərinə göstərdiyi təsirdə daha konkret şə­kil­də ortaya çıxır. Məsə­lən, insanın əxlaqi-mənəvi keyfiyyət­lə­rinin təkcə rasional deyil, həm də emosional en kə­si­yin­də tərbiyə olunması üçün ən əsas vasitə məhz estetik his­sin təsirindən istifadə etməkdir. Müasir dövrü səciyyə­lən­di­rən cəhətlərdən biri – əxlaqa da çox vaxt intel­lek­tual va­si­tələrlə, başqa söz­lə, rasional en kəsiyində təsir gös­tər­mə­yə çalışmaqdır. Bu zaman əxlaqın ictimai funksiyası ilə, möv­­cud cəmiyyətdə hakim əxlaq nor­ma­­larının mənim­sə­nil­məsi ilə ya­na­şı, əxlaqın fərdi xarakterinin nəzərə alın­ma­sına, onun insanın emo­sional-psixoloji halı ilə əla­qə­si­nə, fikir­lərin instinkt və emosi­ya­lara çevrilməsi zərurətinə də diqqət veril­məlidir.

Estetiklik dar mənada xüsusi professional fəaliyyət­lə, ən çox incəsənətlə bağlı olduğu halda, geniş mənada in­sa­nın bütün fəaliy­yət sahələrində təzahür edir və özünü­dərk­etmənin başlıca göstəri­ci­si kimi çıxış edir. İntel­lek­tu­al inqilab şəraitində hər iki estetik as­pektin ro­lu­na ehtiyac ar­tır. Bir tərəfdən, insanın inkişafında da­xili tarazlığı tə­min etmək, onun rasional fəaliyyət tər­zi­nin birtərəfliliyə apar­maq meylini kompensasiya et­mək üçün dar mənada estetik hiss ayrıca bir aspekt kimi inkişaf et­di­rilməlidir. Digər tərəfdən, in­sa­nın texniki sub­yek­tin bir par­çasına çevrilməsi təhlükəsinin qar­şı­sı­nı al­maq üçün, onun dünya ilə bütöv, müstəqil bir tərəf kimi qar­­şı­lıqlı tə­si­rini, təma­sı­nı təmin etmək üçün geniş miq­yas­da estetik hissdən is­ti­fa­də olunmalıdır.

İnsanın estetik hissinin formalaşması, onun mənə­viy­yatının ahəng­darlığının təmin olunması prosesində əsas yollardan biri in­cə­­sənət vasitəsilə təsirdir. Texniki tə­rəq­qi dövründə şəxsiyyətin ro­lu­nu öyrənmək üçün isə ilk növ­bədə incəsənət və texnika ara­sın­da­kı əla­qəni ümumi şə­kildə nəzərdən keçirmək lazım gəlir.

İncəsənət və texnika arasındakı əlaqə qədim tarixə ma­lik ol­maq­la bərabər, çox dərin köklərə də malikdir. Biz heç də təkcə bu­na istinad etmək istəmirik ki, qədim yu­nan dilində incəsənət və tex­nika sözlərinin kökü (texne) də eyni olmuşdur və bu, yəqin ki, müəy­­yən ümumi cə­hət­lər­lə bağlıdır. Əsas məsələ burasındadır ki, in­cə­­sənət heç də təkcə ideya-mənəvi hadisə olmayıb, heç də təkcə in­sa­nın mənəvi fəaliyyətinin ifadəsi, nəticəsi olmayıb, həm də sin­tetik hadisədir, yəni həm də müəyyən fiziki və sosial fəa­liyyət tələb edir. Belə ki, maddi təcəssüm mərhələsi ol­ma­dan sənətkar ide­yası xalqa çatdırıla bilməz. Sənətkar tə­xəyyülünün məhsulu olan əsər, onun ideya modeli küt­lə­yə çatdırılmaq üçün mütləq mad­diləşdirilməlidir. Bəzi in­cə­sənət növləri və nümunələri üçün bu proses bilavasitə, yə­ni yalnız insanın öz fiziki imkanları vasitəsilə həyata ke­çi­rilir, bəzi növlər simvolik ötürücü vasitələrinə istinad edir, bəzi növlər isə xüsusi maddi fəaliyyətlə – sə­nət alət­lə­ri­­nin kö­mə­yi ilə həyata ke­çir. (Sonuncu variantda sənət alət­lərinin yaxşı ha­zır­lan­ma­sı və onlardan istifadə edil­mə­si, məhz bu məq­sədə xid­mət edən yeni texnika sahələrinin ya­­radılması, habelə mü­va­fiq istehsal sahələrinin ge­niş­lən­di­rilməsi bilavasitə in­cə­sə­nət əsərinin key­fiyyətinə təsir edir. Sənətdə istifadə olu­nan texnika isə ümumiy­yətlə tex­ni­ki inkişaf səviyyəsi ilə şərt­lənir.)

Texnikanın son nailiyyətlərindən istifadə edilməsi sayəsində müə­llif ideyasının çatdırılmasının maddi vasi­tə­ləri təkmilləşdirilir ki, bu da əsərin bədii təsir gücündə öz ək­sini tapmış olur. Məsələn, təsviri sənətdə, heykəltə­raş­lıq­da, arxitekturada və s. əsərin daha yax­şı çat­dırıl­masına xid­mət edən materialların və texniki vasitə­lə­rin hazır­lan­ması və istifadə olunmasında müasir elm və texnikanın ro­lu böyük­dür. Teatr sənətində səhnənin effektli və ope­ra­tiv su­rət­də qurul­masın­da, dinamikasında, tərtibatında, qrim­lərin keyfiy­yə­tin­də və s. müasir elm və texnikanın bu və ya digər nailiyyətindən is­ti­fadə olunur. Kino çəkili­şin­də filmin texniki tərtibatı xüsusi pro­fes­sional texniki key­fiy­yətlərlə yanaşı, çəkilişdə istifadə olunan mü­va­fiq tex­ni­ki aparaturanın mükəmməlliyi baxımından bütöv­lük­də tex­niki inkişaf səviyyəsi ilə də şərtlənir. Bu isə öz növ­bə­sin­də müəllif fikrinin çatdırılmasında və de­məli, tamaşa­çı­ya olan istiqa­mət­lənmiş təsir, estetik və etik tərbiyənin effek­tivliyində öz ək­sini tap­mış olur. Müasir kino sənə­tin­də tama­şaçıya olan emosional-este­tik təsir əsərin ideyası, sse­narinin məz­munu ilə yanaşı, bir tərəf­dən, rejissor və akt­yor işin­dən və deməli, xüsusi – professional tex­nika­dan, digər tə­rəf­dən də, çəki­lişdə istifadə olunan texniki va­­si­tələrin sə­viy­yəsindən asılıdır. Habelə filmə nə qədər ada­mın ta­ma­şa etməsi və deməli, nə qədər adamın hərtə­rəf­li inkişaf üçün im­puls alması da xeyli dərəcədə maddi-texniki amil­lərdən asılıdır.

Bir sözlə, yeni texnikanın tətbiq olunması, elmi-tex­ni­ki inqi­la­bın son nailiyyətlərinin istifadə edilməsi ayrı-ayrı incəsənət növ­lə­rinin geniş xalq kütlələrinə çatdırıl­ma­sı işinin mühüm tərkib ünsürüdür.

İncəsənətin kütləviləşməsi sahəsində elm və tex­ni­ka­dan istifa­də edilməsi, məhz bu məqsədə xidmət edən yeni texniki sahələrin yara­dılması, müvafiq istehsal sahələrinin genişləndirilməsi və son dövr­lərdə bu istiqamətdə bir sıra nailiyyətlər (rəngli filmlər, stero­film­lər, rəng­li televiziya, və s.-in kütləviləşdirilməsi) əldə olun­ma­sı­na imkan ver­miş­dir.

Bu mövzuya həsr olunmuş əsərlərdə, bir qayda ola­raq, bədii fəa­liyyətin, incəsənətin elmi fəaliyyətə, elmi işin ef­fek­tivliyinə təsiri mə­sələsinə geniş yer verilir. Elm ada­mı­nın, elmi-texniki işçinin ahəngdar inkişafı məsələsi­nə isə çox az toxunulur. Digər tərəfdən də, elmi işin özün­dən alı­nan emosional-estetik təsir hadisəsini və ra­­sional fəa­liy­yə­tin incəsənətlə, sənət əsərinin bədii təsiri ilə ta­mam­­lan­ma­sını müqayisə etmək də maraqlı və çox az öy­rə­nilmiş sahədir.

Elmi və elmi-texniki yaradıcılıq prosesində, axtarış­lar­da, kəş­fə aparan yolun labirintlərində alimin keçirdiyi hiss­lər, emosio­nal­lıq, ahəng elmi işin nəticələrində, hazır düsturlarda öz əksini tapa bil­mir. Düzdür, elmi nəticələ­rin şərhində, riyazi ifadəsində müəy­yən simmet­riya, la­ko­nik­lik, ahəng vardır. Lakin elmi yaradıcılıqda bundan fərq­li olaraq dinamik gözəllik, bilavasitə fəaliyyətdən, əmək­­dən alınan este­tik həzz, yaradıcılıq sevinci vardır ki, bunları tək­rar etmək (burada tam təkrar mümkün deyil, hər bir yaradıcılıq yolu, özünəməxsus, uni­kal, təkrarlan­maz xüsusiyyətlərə malikdir) üçün həmin yolu ikinci dəfə, tam müstəqil surətdə keçmək, yeni axtarışlar aparmaq lazımdır. Artıq tapılmış olanları öyrənmək isə yal­nız mən­ti­qi ardıcıllığın izlən­məsidir, bir növ emosional, sub­yek­tiv, individual momentlərdən tə­miz­lənmiş xalis rasional, ümumi yo­lun keçilməsidir. Rasional yol, de­mək olar ki, heç bir fərdi cə­hət­lə səciyyələnməyən, hamı tərəfindən ey­ni­lə təkrar olunan yol­dur. Bu cür yol əsasən elmi kəşflər ar­tıq təsdiq olunduqdan, yaşa­maq hüququ qazandıqdan sonra dərsliklərdə şərh olunur. Ona gö­rə də dərslikdən öyrənmək, xüsusən yalnız yekunların şərhindən iba­rət olan informatik materialı öyrənmək, əgər bu öy­rənmə pro­se­si fərdi fantaziya ilə, assosiativ təfəkkürlə müşayiət olun­mursa, yal­nız yadda saxlamaqla məhdudlaşırsa, emos­sional təsirdən məh­rum olan, quru, yorucu, yek­nə­səq işdir. Bu zaman insanın bilik dünyasına nə isə təzə kom­ponentlər əlavə olunsa da, onun mənəvi aləmi, in­tel­lek­tual və emosional dünyası bütövlükdə işə düşmür, pas­siv qalır. Yaradıcılıq prosesində isə, bütün mənəvi aləm fəa­liy­yət­də olur, insan öz bütövlüyünü hiss edir, özünü bir tam kimi real­laşdırır ki, bu da geniş mənada estetik hissin təzahürünə ekvi­va­lentdir və şəx­siy­yətin ahəngdar inkişafı üçün, onun mənəvi-əx­la­qa, intellektual, habelə fiziki keyfiyyətlərinin vəhdət halında fəaliy­yət­də olması üçün imkan yaradır. Lakin elmi yaradıcılıq zamanı təza­hür edən estetiklik elm adamının fərdi, intim dünyasına qarşı bi­ganədir, intim hisslərin təzahürünə, özünü real­laş­dır­masına im­kan yaratmır. Halbuki, hər bir elmi işçi, alim ümumiyyətlə insan ol­maqdan başqa, həm də fərd­dir və dar mənada estetik ehtiyacı var­dır. Buna gö­rə də, in­cə­sənətlə, ən çox lirik sənət əsərləri ilə kon­takt elm adam­ları üçün zəruridir.

Digər tərəfdən də, elm adamlarının çox az qismi ya­ra­dıcı əmək­lə məşğul olur; əksəriyyət hesablama tipli, em­pi­rik-yardımçı xa­rakterli işlə məşğul olur ki, bunun da həm geniş, həm də dar mə­na­da estetik hisslə əlaqəsi zəif­dir. Buna görə də, müasir dövrdə dar ix­tisas sa­hələrində ixtisaslaşmış elmi və elmi-texniki işçilərin pro­fe­sio­nal fəa­liy­yətdən ayrıldıqdan sonra is­tiqamətlənmiş estetik tə­si­rə, sə­nət əsərləri ilə, təbii gö­zəl­liklə kontakta böyük eh­ti­yac­la­rı var­dır. Ümu­miy­yətlə, elmi-texniki inqilabın təsiri nə­ti­cə­sində istə­ni­­lən fəaliyyət sahəsində ixtisaslaşma dif­fe­ren­siasi­ya­ya uğra­dıq­ca asu­­də həyatın emosional as­pektini zəngin­ləş­dir­mək zərurəti də ar­tır. Deməli, hərtərəfli və ahəng­dar inkişaf üçün asudə vaxtın rolu da artmış olur.

Bilavasitə incəsənət sahəsində çalışan, bədii yaradı­cı­lıqla məş­ğul olan adamların hərtərəfli inkişafı və burada es­tetik aspek­tin tutduğu yerin öyrənilməsi də spesifik prob­lemdir. İlk baxışda elə görünə bilər ki, sənət adam­la­rı iş müddətində onsuz də bədii ya­radıcılıqla məşğul ol­duq­larından sonrakı vaxtda onların daha çox dərəcədə in­tellektual fəaliyyətə, mənəvi aləmlərinin rasional as­pekt­də zənginləşdiril­məsinə ehtiyacları vardır. Lakin sə­nət adam­­larının heç də hamısı bədii ya­radıcılıqla məşğul ol­mur; yara­dı­cı sənətkarların incəsənət sahəsində çalışan adam­lar arasında nisbi payı çox azdır. Əksəriyyət yar­dımçı xarakterli işlə məşğul olur ki, burada fəaliyyət sa­hə­sin­dən asılı ol­madan yenə də rasional kom­ponent emo­s­sional komponentə nəzərən üstünlük təşkil edir. Buna görə də, onların məhz asudə vaxtlarında ger­çəkliklə emo­sio­nal-estetik kontaktda olmalarına böyük ehtiyac vardır. İş vaxtında bu çür adamlar sənət əsərləri ilə bütövlükdə ta­nış ola bil­mir, onun bu və ya digər lokal hissəsi ilə tə­mas­da olurlar. Es­tetik həzz isə yalnız əsər bütövlükdə mə­nim­sənilərkən alına bilər. Bədii əsərin ide­ya təsiri iştirakçı yox, tamaşaçıya ünvanlanmışdır.

Digər tərəfdən də, bilavasitə yaradıcı fəaliyyətlə məşğul olan sə­nət­karların da fəal istirahəti rasional fəaliy­yət­lə, elmi və ya elmi-texniki fəaliyyətlə deyil, məhz tə­biət­lə, bədii ədəbiyyatla, musiqi və di­gər sənət əsərləri ilə ta­nışlıq tələb edir.

Belə düşünmək düz olmazdı ki, guya əgər elm adam­la­rı öz mə­nəvi bütövlüyünü musiqi hesabına, bədii ədə­biy­yat, poeziya hesabına təmin edirlərsə, əksinə, sənət adam­ları da elmi informa­si­ya sayəsində daxili bütövlük əl­də edə bilərlər. Xeyr, elmi informa­si­ya həmişə məh­dud, lo­kal xarakter daşıyır (bütövlük məziyyəti ayrı-ayrı elmi bilik­lərə deyil, yalnız ümumelmi nəzəriyyələrə və fəl­sə­fi ümumiləşdir­mələrə xasdır) və daxili aləmin bütövlüyünü təmin etmək üçün heç nə verə bilməz. Yuxarıda artıq qeyd etdiyimiz ki­mi, yalnız estetik hiss ahəng­darlığın, daxili vəhdətin təmin olun­ma­sına yönəlmişdir. Gözəl­liklə tə­mas, incəsənət isə bu baxımdan ən qiymətli vasitədir, çünki onlar es­tetik hiss yaratmaqla daxili ahəngdarlığın formalaşmasına xid­mət edir­lər. Nils Borun fikrincə, incəsənətin insanı zənginləşdir­mək siqləti sistematik təhlil üçün əl­çat­maz olan ahənk və harmoniya­ları çatdıra bil­mə­si ilə bağlıdır. Asu­də vaxtda məhz təbii gözəlliyə, in­cə­sənətə, ahəng­dar sistemlərə müraciət ixtisasdan asılı ol­ma­dan daxili vəhdətin təmin olunması üçün zəruri şərt­dir.

Şəxsiyyətin ahəngdar inkişafında estetik aspekt nəin­ki elmin və texnikanın inkişaf səviyyəsindən asılı ol­ma­dan öz əhəmiyyətini sax­layır, əksinə, elmi-texniki sə­viy­yə yüksəldikcə estetikliyə olan ehtiyac da artır və onun tə­min olunması yeni şəraitdə yeni metod və axtarış­lar tə­ləb edir.

Lakin sosial-iqtisadi inkişafın əsas hərəkətverici qüv­vəsi elm­dir. Bu həqiqəti dərk etməyənlər tərəqqidən geri qalmağa məh­kum­­durlar. Xudu Məmmədovun haqlı ola­raq qeyd etdiyi kimi, elm və incəsənət qöşa qanaddır. Bu qanadlardan birindən məhrum olanda uçmaq müm­­kün deyil.

Elm və sənət arasında kəskin uyğunsuzluq yarandığı bir vaxt­da, gəncliyin ideya-siyasi, mənəvi və intellektual tər­biyəsi sa­hə­sində nə kimi sistemli tədbirlər görülür? Bəl­kə bizə heç elmi-fəl­sə­fi fikir lazım deyil? Kim isə düşünə bi­lər ki, bizə tək sənət də bəs­dir. Hətta, bunu tarixi keç­mi­şi­miz və milli ənənələrimiz ilə əsas­lan­dır­mağa çalışar. Və bu zaman, əksinə, bu günümüzün tariximizə necə təsir et­di­yini və onu necə təhrif etdiyini nəzərə alma­mış olar.

Məsələ burasındadır ki, hər xalq öz tarixinə də bu­gün­kü inki­şaf səviyyəsindən, üstün tutduğu meyardan çı­xış edərək qiymət ve­rir. Biz isə bu gün şair xalq oldu­ğu­muz­dan (hələ bu, şükranədir, bə­ziləri fəxrlə yazırlar ki, biz rəqs edən xalqıq) öz keçmişimizdən də seçib məhz bu cə­həti önə çəkirik.

Mədəniyyət tariximiz doğrudanmı yalnız şer və mu­si­qidən iba­rətdir, yoxsa biz keçmişimizə elə bucaq al­tın­da və elə prizma­dan ba­xırıq ki, yalnız şairləri görə bi­li­rik? Gö­rəsən, neçə Nəsi­rəd­din Tusi bu prizmadan keç­mək şə­rə­finə layiq bilinməyib? Görəsən, gənclərimiz bə­zən, hət­ta, yüzüncü dərəcəli bir şairi də tanıdığı hal­da Bəh­mən­yar, Sührəvərdi və Şəbüstəri kimi nəhəngləri niyə ta­nı­­mır­lar? Əsərlərini öy­rənmək və hikmətlərindən bəhrə­lən­­mək sə­viy­yə­sində olmasalar da, elmi-fəlsəfi fikrin inki­şa­­fındakı bö­yük xid­mət­ləri ilə niyə fəxr etmirlər?

Əgər ədəbiyyat və incəsənət, elm və fəlsəfə ilə qarşı­lıq­lı təsir və tamamlanma şəraitində inkişaf etməsə, çox da uzağa gedə bil­məz. Əgər elmi-fəlsəfi fikir o dərəcədə nü­fuzdan düşübsə ki, mət­bu­at, tele­viziya, nəşriyyatlar qa­pı­sını onun üzünə bağlamağı üstün tu­tur, onda heç ol­maz­sa, belə nüfuz sahibi olan sənət adamları bir­lə­şib bu ahəng pozğunluğuna qarşı çıxmalı, elmin taleyinə acıma­sa­­lar da, sənətin aqibətini nəzərə alıb, uzaqgörənlik göstərmə­li­dir­lər. Zira, elmi-fəlsəfi fikir ka­sad­lığı vaxtında aradan qaldırılmasa, gec-tez bədii ya­ra­dı­cı­lıq sahəsinə də öz təsirini göstərəcəkdir.



1 Дж.Х.Джебран. Мятежные души. М.: 2002, стр.52.

1 В.Брюсов. Избр. соч. в 2 томах, т. 2, М., 1955, стр. 367.

1 Гегель. Работы разных лет. Т.1, М., 1970, стр. 212.




Yüklə 412,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə