K.Bünyadzadə
Gəncliyin
fəlsəfəsi
Bakı – 2009
Könül Yusif qızı Bünyadzadə
Gəncliyin fəlsəfəsi
Bakı, “Nurlar”, Nəşruyyat Poliqrafiya Mərkəzi, 2009, 256 səh.
İki hissədən ibarət olan bu kitabın birinci hissəsində gəncliyə xas bir sıra keyfiyyətlərin fəlsəfi təhlili verilir, hər bir hissin, duyğunun primitiv səviyyədən ən ali dərəcəyə qədər yüksəlməsi, bu yolda hansı mərhələlərdən keçməsi izlənir, cəmiyyətin gənclərin həyatında oynadığı rol araşdırılır. Gəncliyin öz hikmətinin, öz harmoniyasının, öz qanunlarının olması fikrini əsaslandırmaq üçün həm klassik, həm də müasir dövrün Şərq və Qərb filosflarına, şairlərinə müraciət edilmişdir.
Kitabın ikinci hissəsi isə ictimai həyatın və onun ayrı-ayrı hadisələrinin elmi məqalələr, fəlsəfi esse və hekayətlər vasitəsilə özünəməxsus təhlilindən ibarətdir.
Kitab geniş oxucu kütləsi, xüsusilə gənclər üçün nəzərdə tutulmuşdur.
İSBN: 978-9952-450-28-6
”K.Bünyadzadə”, 2009
Müəllifdən
Hər kitab, həcmindən asılı olmayaraq, müəllifin öz oxucusuna demək istədiyi bir sözdür. Zamanından, məkanından, şəraitdən asılı olaraq bu söz müxtəlif formalarda deyilə bildiyi kimi, müxtəlif də qəbul edilir. Yəni hər sözün bir neçə baxış bucağı var. Bu bucağı təyin edən isə ruhun və təfəkkürün səviyyəsidir.
«Gənc» sözü fars dilindən tərcümədə (ﮔﻨﺞ ) «xəzinə, özündən sonra zəngin irs qoymaq», – deməkdir. Görünür, ömrün ən parlaq illəri, həyat enerjisinin aşıb-daşdığı vaxtlar, istedadın, potensialın kəşf olunduğu dövr təsadüfən gənclik adlandırılmır. Kitabın da məqsədi oxucuları məhz bu xəzinə ilə tanış etməkdir.
Xəzinəni, qiymətli daş-qaşları tapmaq, əldə etmək özü də asan iş deyil, amma onu cilalayıb içindəki, mahiyyətindəki nuru, gözəlliyi aşkarlamaq daha böyük səy, ustalıq, məharət tələb edir. Yəni hissin, emosiyanın bolluğu genetik istedadın özündə saxladığı zənginliyi, bu zənginliyin bərq vuran parıltısını ətrafa saçmaq üçün yetərli bir potensiala malik olsa da, hər halda onun cilalanmağa ehtiyacı vardır.
Təsadüfi deyildir ki, gənclər öz qəlbinin potensialını adətən sənət vasitələri ilə ifadə edirlər və bunların arasında poeziya yüksək ülvi duyğuların tərənnümü üçün ən uyğun vasitədir. Lakin bu zəngin duyğu potensialının sadəcə duyğu şəklində deyil, cilalanmış halda, yəni fikir, düşüncə, fəlsəfə səviyyəsində ifadə oluna bilməsi üçün, bir tərəfdən uzun illərin təcrübəsinə, digər tərəfdən də “zər qədrini bilən zərgərlərə”, ustadlara və nəhayət, zəmanənin, mühitin yetkinliyinə ehtiyac vardır.
Gənc-i «cilalayanlar» onu sıradan birinə də, bütün varlığının nuru ilə göz qamaşdıran mükəmməl bir sənət əsərinə və ya kamil bir İnsana da döndərə bilərlər.
Eyni zamanda, hər bir gənci ən qiymətli daşdan daha dəyərli edən bir amil də var ki, bu – ruhdur. Məhz ruhunun saldığı işıqla gənc öz ağlının gücünü hiss edər, iradəsi möhkəmlənər, naqis bir varlıq, yoxsa kamil bir İnsan olmaq arasında düzgün seçim edə bilər.
İki hissəli «Gəncliyin fəlsəfəsi»ni iki ayrı-ayrı hissin ifadəsi də adlandırmaq olar. Birinci – gəncliyə kənardan, obyektiv bir baxışdır. Burada söhbət çox az yaşamış, lakin elə gənc yaşlarından parlamağa başlamış, dünyadan tez köçsələr də böyük estetik-mənəvi xəzinə qoyub getmiş gənclərdən gedir. İkinci isə – gəncliyin subyektiv təqdimatıdır. Birinci – keçilmiş təcrübələrin, yaşanmış ömürlərin təhlili, ikinci – çıxarılmış nəticələrin təzahürüdür. Birinci – həyatın hər üzünə dik baxan gözlərə və həqiqəti görən gözlərdir, ikinci – onların gördüklərini görmək, yaşamaq və yaşatmaq cəhdidir.
I hissə
GƏNClİYİN
fəlsəfəsi
Ön söz
Qurani Kərimdə deyildiyinə görə, Allah yalnız özünün bildiyi bütün adları insana da öyrətdi (Quran 2/31) və bununla onu bütün yaratdıqları arasında ən qüdrətli etdi. İnsan elmlər öyrənir, kəşflər edir, göyün ənginliklərinə uçur, suların dərinliklərinə enir və ruhuna öyrədilən həmin adları (elmləri, həqiqətləri, bilikləri) «yadına salır». Bununla yanaşı, insan Allahdan öyrəndiyi həmin adlardan daha bir yerdə də istifadə edir: övladına ad qoyanda. Peyğəmbər öz hədislərindən birində müsəlmanlara belə bir məsləhət verir: «Övladlarınıza gözəl adlar qoyun». Hələ Kitabi Dədə Qorqudda da xüsusilə vurğulandığı kimi, qədimdə adqoydu mərasimini məhz ağsaqqallar, dünyagörmüş şəxslər keçirirmiş. Hər kəs öz ruhuna, öz təbiətinə uyğun ad daşıyır, adı və özü bir-birini tamamlayır. Bunu dərk edən valideyn ad qoymaqla bir növ öz övladının taleyini yazmış olur və bu səbəbdən o, doğulan körpəsi qarşısında öz məsuliyyətini dərk etməlidir. Yaxud bəlkə də hər ad artıq yazılmış bir taleyin valideynə mistik bir təlqininin nəticəsidir? Bilən Allahdır.
Maraqlıdır ki, bu gün heç bir dərin məna daşımayan, sadəcə səslənməsi gözəl olan adlar çoxalır və müvafiq olaraq… cəmiyyətdə də bir mənasızlaşma, səthiləşmə prosesi gedir.
Gənclik fəlsəfəsini adlarla bağlı düşüncələrlə başlamağım təsadüf deyil. Bu fəlsəfənin qapıları ilk olaraq mənim üçün Ülviyə səbəb açıldı. Mən ülvi sözünün mənasını əvvəllər bilirdim – ucalıq, saflıq. Lakin bu adın tarixçəsini öyrənəndən sonra yuxarıda dediklərimin həqiqət olduğuna bir daha əmin oldum: hər insan öz adının canlı maddi təzahürüdür.
Ülvi Bünyadzadənin adı oxuculara müəyyən qədər tanışdır. Adı deyəndə mən onun şeirlərini, tərcümeyi halını nəzərdə tuturam. Yəni adının zahiri tərəfini.
«Ülvi» adının tarixçəsini və dolayısı ilə mahiyyətini Ülvinin atası nəql edir:
«Məndən həmişə soruşanda ki, bu adın mənası nədir? Niyə məhz Ülvi? Mən həmişə susurdum. Bilirdim ki, desəm də inanmazlar. Bir də, mənim üçün məhrəm, əziz olan bir şeyin başqası tərəfindən adi bir hadisə kimi qəbul edilməsini istəmirdim. Buna görə də, sualların üzərindən sadəcə gülümsəməklə keçərdim. Əsl tarixçə isə budur.
Bu ad Ülvi doğulmamışdan çox illər əvvəl «doğulub». Altmışıncı illərin əvvəllərində. Mən Azərbaycan Neft və Kimya institutunun tələbəsi idim.
Həmin dövrü milli təfəkkürün oyanışı ilə səciyyələndirmək olar. «Bütöv Azərbaycan» ideologiyası hər kəsin düşüncəsini çulğalamışdı. Uzun illərdən sonra ilk dəfə milli bayram olan Novruzun təntənə ilə qeyd edilməsi, hətta uzaq Amerikada Con Kennedinin qətli də xalq arasında bir həyəcan, dirçəliş yaratmışdı. O illər (1962-1964-cü illər) qışın sərt keçməsi, dəhşətli aclıq, çörəyin qıtlığı, gecədən tutulan növbələr belə insanları ruhdan salmır, onların milli mənliyinin get-gedə daha artıq oyanmasına mane ola bilmirdi.
Bu həyəcan gəncləri, xüsusilə tələbələri öz ağuşuna almışdı. Onlar ayrı-ayrı ziyalıların ətrafında birləşir, milli mövzuda söhbətlər aparılır, müzakirələr keçirilirdi. Məsələn, Xəlil Rza Azərbaycan dilinin təmizliyini qorumaq üçün öz ətrafındakılara rus kəlməsi işlətməyi qadağan etmişdi və bu qaydanı pozan 5 qəpik cərimə verməli idi.
Əlbəttə, cəmiyyət arasında milli ruhun, təfəkkürün get-gedə aparıcı qüvvəyə çevrilməsi, ən əsası isə, bu oyanışın, özünəqayıdış prosesinin nəinki baş qaldırması, hətta sürətlə inkişaf etməsi kimlərin isə xoşuna gəlmirdi və ona hər vasitələrlə mane olurdular. Təzyiqlər göstərilir, hansı isə «bədbəxt hadisələr» baş verirdi. Təbii ki, tələbələr də bu «diqqətdən» kənarda qalmırdılar. Onlar yataqxanalardan, hətta institutlardan çıxarılır, təqaüdləri kəsilirdi. Məsələn, iki saat dərs buraxan tələbə bir aylıq təqaüddən mərhum edilirdi. İki aylıq mərhumiyyət isə artıq institutdan qovulmaq idi.
Mən də bu cərəyana qoşulmuşdum. Bütün günü şüarlar, çağırışlar, şeirlər yazırdım. Hətta olmuşdu ki, düz bir həftə dərsdən də qalmışdım. Fakültəmizin dekanı, geologiya elmlər namizədi Faiq Bağırzadə yataqxanaya gəlib mənim dərsdən qalmağımın səbəbi ilə maraqlandı və məni dərsə qayıtmaq üçün xeyli dilə tutdu, ilk növbədə təhsilin tamamlanmasının daha vacib olduğunu izah elədi. Sonra bütün qanunları pozaraq mənim bir həftəlik qaibimi gizlətdi və mən dərsə qayıtdım.
Həmin vaxtlar hərənin bir təxəllüsü var idi. Onda mən ÜLVİ sözünü tapdım. Lakin söz mənə elə bir sehrli təsir bağışladı ki, mən onu bir təxəllüs kimi yox, xeyirxah, gözəl işlərimin kodu olaraq təyinləşdirdim. Sözün mənasını dəqiq bilmirdim. Heç o adda adama da rast gəlməmişdim. Düzdür, Ülvi Rəcəb adlı bir aktyorun olduğunu eşitmişdim, lakin onun mənim ideyamla heç bir əlaqəsi yox idi. Ola bilsin, nə vaxtsa oxuduğum bir şeirdən mənim yaddaşıma həkk olunmuşdu. Mənasını sonralar öyrəndim. Yalnız onu bilirdim ki, o, mənim qəlbimin dərinliyində məskunlaşan, mənim ən saf, yüksək amallarımı, əməllərimi toplayan bir guşə, kod olacaq.
Təbii ki, mənim pis işlərimin də adı var idi, ancaq Ülvi adı elə güclü, elə cazibəli oldu ki, onu unutdurdu.
Bu sözü heç bir yerdə işlətmirdim, sanki bir sehrli sandıq idi, ora hər kəsdən gizli, ən yaxşı şeylərimi yığırdım. Onun varlığından kiminsə xəbər tutmasını istəmirdim. Bir dəfə institutda şahmat yarışı keçirilirdi. Orada bir tələbə ilə tanış oldum. Adı Ülvi idi. Sonralar öyrəndim ki, o, tanınmış bir akademikin oğludur. Çox gözəl, mehriban, tərbiyəli bir oğlan idi. Elə bil mənim düşüncəmdəki Ülvi qarşımda canlanmışdı. Qısqandım. Mənə elə gəldi ki, o, mənim ideyamın bir hissəsini mənimsəyib. Tez ondan aralandım, sanki ideyamın, sirrimin tam oğurlanmasından qorxdum və çalışdım bir də onunla rastlaşmayım.
Qeyd etdiyim kimi, milli dirçəliş hərəkatı maneəsiz ötüşmürdü. Belə tədbirlərdə iştirak edən tələbələrə qarşı ciddi tədbirlər görülürdü, hər yerdə xəbərçilər var idi. Belə bir «agentin» xidməti sayəsində mən də yataqxanadan qovuldum, ancaq buna baxmayaraq, işlərimi yenə davam etdirirdim. Hərəkat artıq öləziməkdə idi. Həmin vaxtlar mən institutumuzun «Neft Kadrları uğrunda» qəzetinin (redaktoru gözəl ziyalı İnqilab Babayev) redaksiyasında yaranan dərnəyin üzvü idim. Dərnəyin məqsədi görkəmli yazıçı və şairlərlə görüşlər keçirtmək idi. Bu istiqamətdə xeyli işlər görürdük: Səməd Vurğunun, Şəhriyarın yubileylərini, Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Nəriman Həsənzadə ilə ədəbi görüşlər, yaradıcılıq gecələri keçirdirdik. Rəsul Rzanın yaradıcılıq gecəsində hətta institutun rektoru İsmayıl İbrahimov da iştirak etdi və həmin görüşdən sonra biz təşkilatçılar bir aylıq təqaüd həcmində mükafat belə aldıq. Belə görüşlərdən ən maraqlısı Səməd Vurğunun yubileyinin keçirilməsi oldu. O vaxt şairin qohumları ilə əlaqə saxlayıb onları dəvət etmək mənə həvalə olunmuşdu. Cəmi 20 yaşım var idi. Mən Yazıçılar İttifaqının məsləhətçisi Osman Sarıvəllinin zəngindən sonra Mehdixan Vəkilovun evinə getdim. Onun Səməd Vurğuna – mənim ən sevimli şairimə bənzəməsi məni elə həyəcanlandırmışdı ki, nə mənə süzülən çayı içə bildim, nə də mənim üçün qoyulmuş şaftalı mürəbbəsini yeyə bildim.
Belə görüşlərimiz biz gəncləri həmin dövrün ən tanınmış simaları ilə tanış edirdi, onlarla yaxından ünsiyyətdə olmağa imkan yaradırdı. Əliağa Kürçaylı, İslam Səfərli, Osman Sarıvəlli, Vilayət Rüstəmzadə, Hikmət Ziya, Məmməd Araz, Zeynəb Xanlarova, Rübabə Muradova, Əbülfət Əliyev və daha kimlər. Bütün bu yaxşı əməllərimi mən Ülvi kodunun altına yığırdım. Bəlkə də Ülvi kodunun xatirinə belə düşündürücü, yaradıcı əməllərə qaçırdım, milli təfəkkürümün cilalanmasına, dilimin, düşüncəmin saflığının qorunmasına xüsusi diqqət yetirirdim.
İnstitutu bitirəndən sonra təyinatla Rusiyanın Sverdlovsk vilayətində işləməyə getdim. Amma 1968-ci ildə ailə qurmaqla doğma el-obamla daha sıx bağlandım. 1969-cu ildə Ülvi dünyaya gəlməzdən 3 ay qabaq Sverdlovskdan mənzil almaq üçün bir arayış lazım oldu. Qayıtdım kəndimizə – Göyçənin Kəsəmən kəndinə. Kənd Sovetindən arayış alanda oraya belə bir məlumat da yazdırdım: oğlu – Ülvi Yusif oğlu Bünyadzadə. Arayışı görən qohum-əqrəba buna çox təəccübləndilər.
…Və Ülvi doğuldu. Sözümün hər mənasında.
Mən hiss etdiklərimi, düşündüklərimi, illər boyu bəsləyib saxladıqlarımı yenicə doğulan körpəyə tez çatdırmaq istəyirdim:
Qızıl güldən dəstə tutcaq səadət
Qızıl payız heyrət etdi, keyindi.
Mən bilmədim gəlişinlə təbiət
Boğçadakı zər donunu geyindi.
Səyyarələr cilvələnsin qoy bu gün
Üzündədi üzlərinin həyası.
Mən günəşdən pay ummuram nur üçün
Gözlərindi gözlərimin ziyası.
Özün gülsən, anan nazlı bir gözəl,
Bəxtiyardı taleyimin bu çağı.
Sənin totuq əllərindən öpüm gəl,
Əllərindi ümidimin dayağı.
Duzlu balam, unutma ki, illərə,
Vicdanını günəş deyə verirəm.
Ürəyimsən, ürəyimi ellərə,
Elə bil ki, mən hədiyyə verirəm.
Qızıl payızın əvvəllərində (sentyabrın 23-də) doğulan Ülviyə yazdığım bu misralar 1970-ci ildə rayon qəzetində, 1974-cü ildə isə mərhum xalq şairimiz Hüseyn Arifin təqdimatı ilə «Azərbaycan gəncləri» qəzetində dərc olundu.
Sonralar Ülvi böyüdükcə sanki illər uzunu qoruduğum «sandığın açılmasını», kodumun reallaşmasını, həyata keçməsini müşahidə edirdim. Hələ kiçik yaşlarından onunla ədəbi qəhrəmanlar, hadisələr haqqında təhlillər aparır, müxtəlif şairlərin yazdığı şeirləri müzakirə edirdik, iki yoldaş kimi mübahisələr edirdik. Mən Ülvidən başqa şey gözləmirdim də.
Mən bu gün də o adı daşıyan hər kəsə xüsusi bir diqqətlə, qısqanclıqla yanaşıram. Bu səbəbdən mən bütün Ülvilərdən yalnız millətinin adını ucaldan xeyirxahlıq, gözəl əməllər, mərdlik gözləyirəm və görəndə çox sevinirəm. Çünki bu adın daşıdığı mahiyyəti, məsuliyyəti bilirəm, onun necə ali bir şəkildə və dəqiqliklə təzahürünün şahidi olmuşam».
Giriş
Cavanlıq, gənclik daha çox dəliqanlılıq, hərdəmxəyallıqla assosiasiya yaradır. Sufi mütəfəkkir Mənsur Həllac şeirlərindən birində gəncin məhz qeyri-sabit təbiətinə, İradəsizliyinə, səbrsizliynə işarə edərək deyir:
Aşiq gənclikdə kamala çatarsa,
Sərxoşluqdan həbibinin vüsalını unudar.1
Bununla yanaşı, insan ömrünün ən qısa, qısa olduğu üçün də ən şirin, ən ziddiyyətli dövrü olan gənclik həm də bütün həyatın təyinatının verildiyi, ömür sarayının təməlinin atıldığı bir çağdır. Deməli, onun öz hikməti, öz harmoniyası, öz qanunları olmalıdır və onlar gözardı edilə bilməz. Biz öz kitabımızda məhz bu barədə söz deməyə çalışırıq. Bunun üçün həm klassik dövrə, həm də müasirlərimizə üz tutmalı olduq.
Bizim müraciət etdiyimiz müəlliflər kimlərdir? 37 yaşlı Şihabəddin Sührəvərdi, 32 yaşlı Eynəlqüzat Miyanəci, 37 yaşlı Aleksandr Puşkin, 36 yaşlı Corc Qordon Bayron, 26 yaşlı Mixail Lermontov, 44 il ömür sürsə də 38 yaşa qədər ən dəyərli əsərlərini yazmış Syören Kyerkeqor, 79 illik ömrünün ilk 33 ilində müdrikliyin zirvəsini fəth etmiş və sonralar yalnız bu zirvənin nuru ilə yaşamış Fridrix Şellinq, 29 yaşlı Mikayıl Müşfiq, 20 yaşlı Ülvi Bünyadzadə.
Bu gənclərdən hər birinin taleyi bir faciə ilə yarıda qırılıb. Sührəvərdi, Miyanəci, Müşfiq edam olunub, Puşkin, Lermontov, Ülvi namərd gülləyə tuş gəlib, Bayron və Kyerkeqorun isə bu dünya ilə vidalaşmasına səbəb xəstəlik olub. Şellinq öz «ilham pərisini», həmfikrini – həyat yoldaşını 33 yaşında itirəndə sanki onun ulduzu da, yaradıcılıq eşqi də öz xanımı ilə bərabər söndü, dəfn olundu. Şellinqin fəlsəfəsini təhlil edən F.Engels onu nəzərdə tutaraq yazırdı: «…Allah tərəfindən vəhy verilmiş peyğəmbər yeni zamanın gəlişini xəbər verirdi. Ona nazil olan ruhla ilhamlanaraq onun özü də çox vaxt öz dediklərini anlamırdı. O, filosofluğun qapılarını geniş açdı və mücərrəd düşüncələrin hücrələrində təbiətin təzə-tər nəfəsi əsdi; isti bahar şüası kateqoriyaların toxumları üzərinə düşdü və onlardakı mürgüləyən qüvvəni oyandırdı. Ancaq ocaq söndü, mərdlik itdi, qıcqırma ərəfəsində olan üzüm təmiz şəraba çevrilməmiş turş sirkəyə döndü».1
Şübhəsiz ki, Engels Şellinqin öz fəlsəfə şöhrətini yaşayandan sonra ömrünün 46 ilini 33 ildə qalxdığı zirvədən enməyə sərf etməsini nəzərdə tutur. Lakin, zənnimcə, onun nədən öz fəlsəfəsinin zirvəsini məhz bu yaşda fəth etməsinin səbəbini və bu yaşdakı zirvənin digər yaşdakı zirvələrdən nə ilə fərqlənməsini, nə ilə əhəmiyyətli olmasını bilmək daha vacibdir.
Bəlkə də kənardan baxana bu talelər qırıq görünür, əslində isə, onlar deyəcəkləri sözü söyləyə biliblər. Bu, hər adama, hətta uzun illər yaşayanlara belə qismət olan bir xoşbəxtlik deyil. Yox, bu, nakam tale, qırıq ömür haqqında bir kitab deyil. Onların fiziki həyatı qeyri-təbii şəkildə süquta uğrasa da, ruhlarının bəşəriyyətə çatdırdıqları daha möhtəşəmdir və onu unudub, arxa plana keçirib yalnız faciəli bir ölümü, nakam gənc ömrü ön plana çıxartmaq həmin gənclərin özlərinə deyil, onların dedikləri sözə qarşı ədalətsizlikdir. Səlahəddin Xəlilov yazır: «Ölməzlik qazananlar ideya müəllifləridir. Başqasının ideyasının ictimai realizasiyası prosesinə qatılaraq real ictimai həyatın uzadılması bir şeydir, sənin ideyanın ictimai prosesə çevrilərək yaşaması başqa şeydir. Bu, artıq sosial-mənəvi sferada ölməzlikdir».1 Gənclik fəlsəfəsinin ən vacib ideyaları gəncliyin ilk baxışda nəzərə çarpan keyfiyyətləri fonunda ya diqqətdən kənarda qalır, ya da bir təsadüf kimi qəbul edilir. Halbuki hər ideyanın özünə xas forması, reallaşma metodları var. Həmçinin elə ideyalar var ki, onlar məhz ömrün gənc çağı üçün nəzərdən tutulur. İllər keçəndən sonra o, nəinki öz formasını, mənasını dəyişə bilir, hətta ümumiyyətlə malik olduğu saflığı, ülviyyəti itirir, mahiyyəti dəyişir. Onların dərinliyinə, əsl mənasına yalnız əqlin, ruhun gənc yaşdakı səviyyəsi çata bilər.
Bu, qısa ömür ərzində deyilmiş böyük hikmət haqqında bir kitabdır. Bu, Allahın pak, ülvi ruhlar vasitəsilə insanlara çatdırmaq istədiklərinin şərhidir. S.Xəlilov yazır: «Tarixdə çox nadir hallarda şairin və ya filosofun əsas yaradıcılıq ideyası, çağırışları onun şəxsi həyat nümunəsi ilə üst-üstə düşür, real təcəssümlə tamamlanır. Belə olanda, ideya hələ kifayət qədər inkişaf edib öz zirvəsinə çatmamış bir həyat həqiqəti bu zirvəni fəth edir».1 Bu, qısa gənc bir ömürə sonsuz müdrikliyi sığdırmaq, dəli-dolu nəfsi dərin düşüncə ilə cilovlamaq, zəif, gənc çiyinlərdə bəşəriyyətin ağır yükünü çəkmək, gəncliyin mənfi, naqis hesab edilən keyfiyyətlərini ən müqəddəs zirvəyə qaldıra bilmək qüdrəti və bunun Allah tərəfindən insana bəxş edilən nemətlərdən, lütflərdən biri olması haqqında təhlildir. Bu, dünənə, yaxud bugünə aid bir həqiqət deyil. Bu, insanın mahiyyətində ta-a yaranışından var olub ona insanlığını anladan, xatırladan bir həqiqətdir. Belə bir səbəbdən biz məkanı, zamanı, milliyyəti heçə sayaraq həm Şərqə üz tutmuşuq, həm Qərbə, orta əsrləri, yeni dövrü bir-birinə qatıb indi-də dayanmışıq. Çünki Allah birdir. Əbu Turxan demiş, «qütblər zirvədə birləşir».
Əlbəttə, müraciət etdiyimiz gənclərdən Ülvi bizə doğma olmaqla yanaşı, həm də zamanca ən yaxın olandır. Lakin Ülvi elə bir hikmət aləminin sakinidir ki, orada yaxın-uzaq anlamları yoxdur. Və bu aləmdən söz açanda bizim üçün Ülvi qədər Sührəvərdi də, Lermontov da, digər söz açacağımız gənclər da doğmadır, yaxındır.
Kitabda şərh edilən mövzularda iki qanunauyğunluğu qoruyub saxlamağa çalışmışıq. Əvvəla, qoyulan hər bir hissin, duyğunun primitiv səviyyədən ən ali dərəcəyə qədər yüksəlməsini və bu yolda hansı mərhələlərdən keçməsini izləmişik. Yəni hər anlamın, həm hissin iki üzü olduğunu və təfəkkür səviyyəsindən asılı olaraq onun hansı tərəfinin təzahür etməsini göstərmişik. İkincisi isə, hər növbəti başlığı özündən əvvəlkinin üzərində qurmuşuq. Konsentrik çevrələr kimi, hər yeni başlıq əvvəlkini də əhatə etməklə yanaşı, gəncliyin əlavə xüsusiyyətlərini də açıqlayır. Məqsədimiz isə gənclik fəlsəfəsinin bütöv bir mənzərəsini yaratmaqdır.
Bu kitabda gənc deyəndə məhz bu missiya daşıyıcıları, öz istedadları ilə nur kimi yanmağı bacaran gənclər nəzərdə tutulacaq, daha doğrusu, gənc müdriklər.
Əslində, bizim təqdim edəcəyimiz hər bir hissi öz missiyasını anlamış və bu missiyasını həyata keçirməklə öz həyat yolunu gedən hər kəs gənc yaşlarında yaşayıb, yaxud yaşamaqdadır. Bəlkə də onlar haqqında oxuduqca tanış duyğular rast gələcək, ya zəif, ya güclü şəkildə. Bu, belə də olmalıdır. Çünki bu bir-iki nəfərin deyil, ümumiyyətlə gəncliyin fəlsəfəsidir və ya fəlsəfənin gənclik çağıdır.
Bu gənclər özlərindən sonra məktəb yaratmayıblar. Bu, onların yaşadıqları qısa müddətdə mümkün də deyildi. Hətta 79 il ömür sürmüş Şellinqə belə bu, qismət olmamışdır. Onun kitabının ön sözündə A.V.Qulıqa yazır: «Şellinq …öz şöhrətini yaşadı və heç bir fəlsəfi davamçı qoymadı. Bu, alman fəlsəfəsində vulqar materializminin üstünlük təşkil etdiyi bir vaxt idi. Tezliklə şüar səsləndi: «Geriyə Kanta doğru!» Neokantçılıqla yanaşı, Almaniyada güclü neohegelçilik, hətta nə isə neofixteçilik kimi bir şey də var idi. Neoşellinqçilik isə olmayıb».1 Lakin bu gənclər başqa bir fəlsəfə çatdırırlar: gənclik fəlsəfəsi – pak, təmiz ruhun mübarizəsi, ilahi aləmlə qovuşması, digər həmyaşıdlarında nöqsan sayıla biləcək bir keyfiyyəti ən ülvi mərtəbəyə qaldırıb, onun kamil formasını nümayiş etdirmək bacarığı, ən qısa ömürdə hikmətli söz demək qüdrəti.
Mən orta hesabla hazırda bizim bu gənclərlə eyni yaşdayam. Əbu Turxan deyir ki, «odun necə yandığını kül yox, sonuncu köz daha yaxşı bilər». Mən də məhz gənclik çağından çıxmaq ərəfəsində gənclik fəlsəfəsindən yazmağa ürək elədim.
İstedad, missiya və cəmiyyət
Allahdan üflənən ruhla qara torpağın vəhdətini təşkil edən insan elə yaranışından ziddiyyətlər, mübarizələr içərisindədir. Allahın insana verdiyi nemətləri düzgün dəyərləndirə bilənlər Allahdan onlara tərəf uzanan ilahi yolun qapısından keçib ucalmağa, kamilləşməyə üstünlük verir. Bu nemətləri yalnız dünya gözü ilə görənlər isə elə yerdəcə, bu maddiyyat hüdudlarındaca vurnuxa-vurnuxa «qapılar» açır, sərvətlər toplayır, elmlər öyrənir və heç xəbərləri də olmur ki, qapalı bir dairə boyu durmadan qaçır, amma nə bir pillə ucalır, nə bir zərrə nurlanır, nə də bir mərtəbə kamilləşirlər.
Maddiyyatın şirin cazibəsindən qopmaq çətin və əzablı bir prosesdir və illərin, uzun təcrübələrin nəticəsi ola bilər. Maraqlıdır ki, təsəvvüf fəlsəfəsində bu yolçuluğa məhz təfəkküründə, imanında müəyyən mərhələyə çatmış kəslər çıxa bilər: iradəsinin, səbrinin, dünyagörüşünün çata biləcəyi bir çağda. Başqa sözlə desək, gənclik dövrünü yaşayandan sonra.
İnsan həyatının müəyyən bir dövründə öz-özündən bu dünyaya nə üçün gəldiyini soruşur. Bu sualı insan təfəkkür səviyyəsindən asılı olaraq uşaqlıq çağında da verə bilər, gəncliyində də, ahıl vaxtında da, …ölüm ayağında da. Bu sualın cavabı da müxtəlif olur və onu verənin təfəkkür səviyyəsi, həyat tərzi və əxlaqı ilə bilavasitə əlaqəli olur. Kimi cavab üçün valideynlərinə müraciət edir, kimi cəmiyyətə, kimi də öz könlünə. Lermontov yazır:
Xeyir və şərin badəsini mənə içirdib
Nəyə hazırlayıb məni Yaradan,
Nədən sədlər çəkib etirazlardan
Mənim gənclik ümidlərimə?
Sənin həyatını mən bəzəyəcəm,
İnsanlar arasında şanın olacaq dedi!1
Ülvi isə özünə bu sualı belə bir şəkildə verir:
Mən bir koram, kor bir rəssam, kor bir şair,
kor bir insan,
Bu cahanı görürəmmi, görmürəmmi?
Bəs nə üçün? 2
Bu sualı verən insanın öz mən-idir və cavabı da, əslində, elə özündədir. Yəni bu, bir növ mən-in öz varlığını insana bəlli etməsi, diqqəti özünə yönəltməsidir. Onu da xüsusilə vurğulamaq lazımdır ki, bu sualı vermək öz mən-inin dərkinə istiqamətlənən ilk addımdırsa, ona cavab verə bilmək ikinci addımdır.
Mən-i görmək gənc yaşında daha rahatdır. Uşaqlıqda təfəkkür hələ tam formalaşmadığından, yaşlananda isə əsl mahiyyətin üzərinə qabıq üzərindən qabıq gəldiyindən mən-i ayırd etmək, onun səsini duymaq, məqsədini anlamaq çox çətinləşir.
Mən – insanda Allahdan olan ilahi zərrədir və ya insanı Allahla vasitəsiz olaraq əlaqələndirən ilahi bağdır. Mən-in səsi əslində ilahidən gələn və məhz bu ruh üçün nəzərdə tutulan hikmətin, həqiqətin səsidir. Bu səbəbdən onun səsini vaxtında eşidəndə, dediklərini vaxtında və olduğu kimi dəqiq həyata keçirəndə buna istedad deyillər. Bəzilərinə bu səs musiqi ilə, bəzilərinə rəqəmlərlə, bir başqasına rənglə, birinə də şeir missraları ilə çatdırılır və buna müvafiq olaraq bəstəkarlıq, rəssamlıq, riyaziyyatçılıq, şairlik istedadı ortaya çıxır. Lakin bu, yalnız böyük bir nurun ilk işartısıdır. Ən çətini isə onun mahiyyətindəki hikməti sezib, onu çatdırmağı bacarmaq lazımdır. Axı qeyd etdiyimiz kimi, bunların heç biri boş, mənasız informasiyalar olmayıb, özlərində əhəmiyyətli, dərin və müqəddəs bir hikmət daşıyırlar. Yəqin buna görədir ki, deyilən ixtisaslar arasında gənc yaşlılara rast gəlmək olur, ancaq filosoflar – çatdırılan informasiyaların, hikmətlərin vəhdətini görüb dərk edən, onu bəşəriyyətə çatdıran şəxslər isə nisbətən yaşa dolmuş, müəyyən həyat yolu keçənlər arasında olur. S.Xəlilovun yazdığı kimi, riyaziyyatla fəlsəfənin əsas fərqlərindən biri də özünü bunda göstərir ki, riyaziyyatçılar yeni söz deməyi, böyük kəşfləri adətən gənc yaşlarında edə bildiyi halda, filosoflar bir qayda olaraq, ən samballı əsərlərini ömür yarıdan keçdikdən sonra yazırlar. Yəni fəlsəfə üçün tək istedad yetərli olmur və insanın özünü dərk məqamına yüksəlməsi də şərtdir. Başqa sözlə desək, Allahın verdiyi istedadı duymaqdan əlavə, onun daşıdığı hikməti də dərk etmək həmin istedadın tamamlanmasıdır. Bu, isə artıq filosofluq zirvəsidir.
Əlbəttə, bu, danılmaz bir faktdır ki, «mən»ini duyanlar duymayanlardan qat-qat azdırlar. Lakin bəzilərinə bu səs o qədər bərkdən, o qədər böyük bir tələblə səslənir ki, onu duymamaq olmur. Məsələn, Bethoven belə hesab edib ki, Allah hər kəsin qulağına nə isə pıçıldadğı halda, onun qulağına qışqırır. Bethoven yalnız öz karlığına işarə etmir. O, həm də bu səsi duymağın qaçılmazlığına, bunun Allah qarşısında bir borc olduğuna və bu səbəbdən seçimin də özünə deyil, Allaha aid olmasına işarə edir. S.Kyerkoqor yazır: «Dahi – qüdrətli Ansichdir ki, bütün dünyanı silkələyə bilər. Buna görə də, onunla bərabər, nizamı qorumaq xatirinə, başqa bir fiqur da yaranır – tale. Tale – Heçnədir; dahinin özü onu görür və bu dahi nə qədər dərindirsə, taleyi də bir o qədər dərindən görür; belə ki, bu obraz sadəcə öngörmədir. Ancaq əgər dahi insan yalnız dahi olmağı inadla istəyirsə, üzünü ətrafa çevirirsə, o, mütləq qəribə şeylər edir və əgər özündən kənarda deyilsə yenə də, yenə də taleyə tabe olacaq».1
Qeyd etdiyimiz kimi, mən-i duymaq yalnız başlanğıcdır. Onun dediklərinin həyata keçirilməsi insan üçün seçilən həyat yoludur. Bu – missiyadır. Bu, Allah qarşısında öz borcunu yerinə yetirməkdir. Missiya – insanın istedadının Allah tərəfindən edilən seçimə yönəldilməsidir. Qurani Kərimin bir ayəsində deyilir: «Biz əmanəti göylərə, yerə və dağlara verdik, onlar onu daşımaq istəmədilər, ondan qorxdular. İnsan onu götürdü (yükləndi), o, zalım və cahil idi (Quran 33/72)». Missiya – dağın, daşın apara bilmədiyi yükdür ki, insan ona boyun olub. Amma bu yükü tanımayana qədər onun ağırlığından da xəbərsiz olursan. Elə ki, tanıdın…
Şəxsiyyət mən-in cəmiyyətin tələblərinə müvafiq təzahürüdür və bir mən-in müxtəlif şərait və zamandakı təzahürləri bir-birindən kəskin şəkildə fərqlənə bilər, bunlardan hər biri vahid substansiyanı – mən-i müəyyən dərəcədə ifadə edir. Məhz cəmiyyətdən asılıdır ki, şəxsiyyət öz mən-ini az və ya çox dərəcədə əks etdirə bilsin. Təbii ki, bəzi hallarda cəmiyyətin tələbləri ilə formalaşan şəxsiyyətin özü üçün seçdiyi (və ya valideynlərin öz övladları üçün seçdiyi) həyat yolu onun daşıdığı missiya ilə üst-üstə düşmür. Belə olan halda insan əziyyət çəkir. İçindəki yaradıcılıq enerjisi, istedadı çıxmaq, yaratmaq istəyir və …reallaşmayanda bu ilahi nur oda çevrilir, sahibini yandırır.
Yeri gəlmişkən, burada bir hal üzərində xüsusilə dayanaq. Öz uşağını daim diqqət mərkəzində saxlayan, onun düşündüklərinə, hərəkətlərinə nəzarət edən valideyn onun istedadını çox erkən yaşlarında görür və onu inkişaf etdirməyə çalışır. Bunun üçün bəzən öz uşaqlarını incitməyə belə razı olur, təki istedad cilalanıb üzə çıxsın, düzgün istiqamətlənsin. Belə uşaqlar əksər hallarda görkəmli şəxsiyyət kimi tarixdə qalıblar. Lakin bunda maraqlı bir məqam var: həmin istedadlı şəxslərdən heç biri sonralar öz övladına (əgər evlənibsə və uşaq sahibidirsə) eyni münasibəti göstərməyib. Niyə?! Öz aqibətini uşağına rəva görmədiyi üçünmü? Öz missiyasından baş açıb, vaxt ayırıb övladının missiyası barədə düşünə bilmədiyi üçünmü? Bir vaxtlar valideyninin ona göstərdiyi qəddar, sərt münasibətdən pozulan psixikasının övladına da qismət olmasını istəmədiyindənmi? Əlbəttə, cəhd edənlər olub. Amma övladının əziyyəti qarşısında dözməyib onu rahat buraxıblar.
Öz missiyasını dərk edən və bu həyat yolu ilə barışan insan çox ziddiyyətli hisslər yaşamaq məcburiyyətində qalır. O, ətrafa sanki rentgen baxışlarla baxır, adi gözlə görünməyən rəngləri seçir, adi qulaqla duyulmayan səsləri eşidir, harmoniyanı duyur, heç kəsin unamadığı yerdə sevinc və ya qəm görür. Kyerkeqorun fikrinə görə, «etik mən-ə ayrı-ayrı, parçalanmış anlara dağılmağa qoymayan mənəvi məsuliyyətdir: burada mən – həyatın müxtəlif şəraitlərinin təsiri ilə fərdlə baş verən bir şey deyil, onun müstəqil seçiminin nəticəsidir və buna görə də, ona aid olan bir reallıqdır. Belə mən daimi cəhdlər tələb edir, çünki onun reallaşması xəyal və arzulardan deyil, kənardan verilən istənilən şərtlərin diqtə etdiyi əxlaqi ardıcılıqdan asılıdır».1 Bu dünyanın hər şeyini öz rəngində görən gənc ilahi vəhdətin parçalanmasını da, zahiri parıltının, yaxud çirkabın əsl mahiyyətin görünməz etdiyini də çox aydın görür. Bayron yazır:
Mən yalana yabanam, mən hələ də bacarmıram
Dəbin laklı örtüyü ilə həqiqəti gizlədim
Bəs bu nifrət dolu baxışlara nədən dözürəm,
İllərimi hədər yerə ötürürəm.1
Dünyanın təzadlarını görən Ülvi isə belə deyir:
Ən dərin dərələr, müdhiş yarğanlar,
Əlçatmaz dağların özülü olur.
Gülüşlər, haraylar, ahlar, amanlar,
Həmişə yan-yana düzülü olur. 2
Bu gənc həm özünün Allah tərəfindən seçildiyini hiss edir. Eyni zamanda, cəmiyyət arasında fərqli olduğunu görür və bundan sıxılır, təcrid olunur. Lermontov yazır:
Yerlərin, göylərin əzəl hakimi
Mənə peyğəmbərlik verəndən bəri,
Açılıb qarşımda bir kitab kimi,
Qəzəbli, qərəzli bəşər gözləri.3
Özünü həm hamıdan yüksəkdə, həm də hər kəsdən bədbəxt görür. Hər kəsin gördüyü onun üçün maraqlı deyil, primitivdir, amma onun gördüklərini də heç kim görmür, anlatdıqlarını hər kəs anlamır. Əbu Turxan yazır: «Böyük insanın faciəsi əslində onun ali xoşbəxtlik məqamına yüksəliş cəhdindən doğur. Bu məqam isə özünü yaradıcılıqda və xilaskarlıq missiyasında büruzə verir». O, əzab çəkir… və xoşbəxt olduğu, sayılıb-seçildiyi, ülviyyət və müqəddəslik dolu dünyasına çəkilir və ətrafı da məhz buradan seyr etməyə, buradan dəyərləndirməyə çalışır. Ülvi insanın bu dünya ilə «ünsiyyətini» belə təsvir edir:
Ağlamaq insanın ilk adətidir,
Danışmaq həyatla ilk vəhdətidir.
Hər şey ilk olsa da, ömrü uzunu,
Bir yalnız ölməyi son heyrətidir. 1
Əlbəttə, gəncin bu günah, çirkab dolu, gözəlliklərin üstü tozla örtülü aləmə döndüyü vaxtlar da olur. Missiyasından asılı olaraq ya öz duyduğu gözəlliyi bölüşməyə, ya da kimi isə xilas etməyə. Amma digərlərindən onun fərqi, üstünlüyü ondadır ki, onun istədiyi vaxt sığına biləcəyi, nurlana biləcəyi, yenə təmizlənib paklaşacağı bir dünyası var. Lermontov yazır:
Varlığın yükü altında
Məğrur ruh heç yorulmur,
… əgər bacarsa,
Minlərlə insana bəxtəvərlik verərdi,
Belə bir ruhla sən ya Tanrısan, ya da zalım.2
Allahın yaratdıqları arasında İnsan ən uca ada, ən yüksək məqama və təbii ki, bütün bu «ən»ləri doğrultması üçün ən ağır yükə sahib varlıqdır. İnsan artıq doğulanda bu keyfiyyətlərlə, bu məsuliyyətlə doğulur və böyüdükcə əlavə keyfiyyətlərə, xüsusiyyətlərə yiyələnir, üzərinə başqa məsuliyyətlər götürməli olur: övlad, qardaş-bacı, valideyn, yoldaş, vətəndaş və s. kimi «vəzifələr». Əslində, ikincilər birincinin yanında qat-qat yüngül, asandır, çünki keçicidir, dəyişkəndir. Lakin əksər hallarda ikincilər birinciləri üstələyir, çünki onları cəmiyyət verir, cəmiyyət tələb edir.
Cəmiyyət müəyyən struktura malik, stabilləşmiş qaydaları, ənənələri olan və sosial münasibətlər üzərində təşəkkül tapan bir «qurumdur». Bu «quruma» daxil olan təfəkkürlər, dünyagörüşləri yonulub, rəndələnib onun tələblərinə uyğunlaşmalıdır. Əks halda kənarda qalmaq, təcrid olunmaq, məhv edilmək təhlükəsi yaranır. Əslində, az adam tapılar ki, belə böyük bir təhlükə ilə üz-üzə durmaq istəsin. Bu cəmiyyətdə doğulan, onun «ənənələri» ilə tərbiyələnib böyüyən hər kəs istər-istəməz mənən də, zahirən də onun formasını mənimsəyir, onun «divarına» hörülüb, onun «rənginə» boyanır.
Onu da qeyd edək ki, məhz bu cəmiyyətdə doğulub böyüdüyünə görə, onun bir saraymı, yaxud bir uçuq hasarmı olduğunu görmək çətindir. Çünki bunun üçün gərək həmin «tikilidən» yüksəyə qalxaraq ona kənardan baxa biləsən.
Bəli, «palaza bürünüb elnən sürünməklə» sakit və stabil bir həyat tərzi keçirmək missiya daşıyıcıları üçün deyil. Bəzən və ya əksər hallarda bu missiya cəmiyyətin qanunları ilə səsləşmir. Bu, ilahi tələblərlə cəmiyyət tələblərinin üz-üzə gəlməsi, ilahi çağrışla vətəndaşlıq məsuliyyətinin çarpışmasıdır. Şellinq bunu mən-in subyektiv və obyektiv tərəfləri kimi şərh edərək yazır: «Mən-də əzəli ziddiyyətlər mövcuddur – subyekt və obyekt; hər ikisi bir-birini inkar edir, amma biri digəri olmadan ola bilmir. Subyekt özünü yalnız obyektə zidd olaraq təsdiq edə bilir, obyektə də subyektə, yəni nə birinci, nə də ikinci digərini məhv etmədən real ola bilməz».1 Cəmiyyət belələrini qəbul edə bilmir. Hazır divarın yanında düşüb qalmış, hörgüyə yaraşmayan bir daş kimi. O, bir almaz dənəsi olsa belə, bu gün onun dəyəri, qiyməti bu hörgüylə ölçülür. Həm də bu hörgü bütünlükdə həmin daşdan qat-qat aşağı səviyyədə olsa belə. Gələcəkdə nə qədər onunla fəxr etsə də, onu tarixinin şanlı səhifəsinə salsa da, cəmiyyət bu gün onu sevmir, rədd edir, yad ünsür kimi onun məhvinə çalışır.
Bu, tədricən, illər uzunu baş verəndə o qədər də ağrılı proses olmur, nəinki qısa müddətdə, anidən. Çünki illər insana həyatın, gerçəkliyin acı həqiqətlərini asta-asta, damızdıra-damızdıra anladır. Gənc isə bu zərbələri qəfil almalı olur və bundan sarsılır, dəhşətə gəlir. Lap Ülvi kimi:
Uran atomunu alimlər böldü,
Uran alovundan şəhərlər öldü,
Amma məhşər günü, məncə, dünyada
Ürək atomları bölünən gündü. 2
Bununla belə, ilahi əlaqəsi gəncə dayaq olur, missiyası qarşısındakı məsuliyyəti onu yıxılmağa qoymur. Bu səbəbdən yaşadığı halların hər birində gənc aşağıdan yuxarıya, naqislikdən kamilliyə, cəmiyyətin bir üzvü olan şəxsiyyətdən daxili mən-ə doğru bir yol keçir. Gənc təbiətən ona bəxş olunmuş keyfiyyətləri, onların ən atəşli, ən enerjili vaxtında özünə tabe edib, içində gizli olan daha yüksək səviyyəsini üzə çıxara bilir: atəşi nura, enerjini qüvvəyə çevirə bilir. Lap nağıllardakı kimi, gənc bir günündə bir ilini başa vurur.
Gerçəklik və ideya dünyası arasında qalan gənc üstünlüyü ikinciyə verir: onun gücünü, qüdrətini, eyni zamanda, ucalığını, saflığını, ən əsası isə doğmalığını dərk etdiyi üçün. Şellinq yazır: «Həqiqi azadlıq müqəddəs zərurətlə barışıqdadır ki, biz onu mahiyyətin dərkində duyuruq, belə ki, öz qanunlarına tabe olan ruh və ürək könüllü olaraq zəruri olanı təsdiqləyirlər».1 Bəlkə də bu gənclərin romantikliyi məhz bundadır: reallığı görə-görə, duya-duya nicatı ideyalar aləmində axtarır.
Lakin onlar yalnız bu seçimlə kifayətlənmir, oraya çəkilib gizlənmirlər, həm də onun vasitəsilə gerçəkliyə təsir göstərməyə, onu çirkabdan təmizləməyə cəhd göstərirlər. Maraqlıdır, Bayronun «Prometey»i doğurdanmı mifik qəhrəman haqqındadır?
…sən istəyirdin
Bədbəxtliyə son qoyasan,
Hər kəsin ağlı nurlansın.
…
İnsan həyatı – nurlu bir axındır
Axıb – çirkabı yuyur. 2
Ülvi də eyni arzularla yaşayır:
Axtarın elmin nər balasını,
Versin haqsızların haqq bəlasını.
Söküb ürəklərin kin qalasını,
Təzədən şəfqətlə qura ağlaya. 1
Gənc – İnsan əzab çəkir. Sınmamaq üçün bütün gücünü-qüdrətini toplayır… və bu, onu gənc yaşında qocaldır, dəliqanlı vaxtında müdrikləşdirir. Bayron deyir:
O! mən qoca deyiləm! Şübhəsiz
Bu dünya mənim üçün yaranmayıb!
…
Gerçəklik! Sən hakim səsinlə
Mənim xəyallarımı qovdun.2
Ülvi isə sanki gerçəkliyin bütün ziddiyyətlərini həll etməyə, bütün sualları cavablandırmağa çalışır:
Özünə gəlməmiş bu zərbələrdən,
Yenə də gün gəlir – götürüb gəlir.
Yeni müəmmalar, yeni suallar,
Axtar cavabını, axtar birbəbir,
Tapmasan üstünü o toppuz alır.3
İstedad bir cəmiyyət, bir xalq, bir millət üçündür və bu çərçivə daxilindədir. Missiya isə daha genişdir. Burada millət, məkan, zaman anlamları yox olur. Onu istəsən də bir cəmiyyət çərçivəsində saxlaya bilməzsən. Burada artıq insan var, bəşəriyyət var.
Vaxtında öz missiyasını həyata keçirmək üçün çarpışıb vuruşan, gəncliklərində müdrikliyin zirvəsinə qalxa bilən və artıq tarixə qovuşan adlar üçün zaman və məkan həddi olmur. Əslində bu missiya sahibləri, bu əmanətin daşıyıcıları keçmişdən bu günə rahatca, hər şeyin fövqünə qalxaraq (cəmiyyətin, dövrünün bütün sərt qadağalarına baxmayaraq) gəldikləri kimi, bugünün məsulları da o rahatlıqla keçmişə – öz sələflərinin yanına və gələcəyə keçə bilirlər. Çünki onların dedikləri, yazdıqları bir günlük, bir qurum üçün deyil. Bu missiya insanlıq missiyasıdır. İnsan yaranandan ta-a bu günə kimi gələn və sonsuza kimi davam edəcək bir əmanət.
Dostları ilə paylaş: |