Мювлана ъялаляддин


Şeyx Əhməd Xızruyənin Haqqı Taalanın buyruğu ilə borc halva alması



Yüklə 2,29 Mb.
səhifə4/27
tarix15.03.2018
ölçüsü2,29 Mb.
#31766
1   2   3   4   5   6   7   8   9   ...   27

Şeyx Əhməd Xızruyənin Haqqı Taalanın buyruğu ilə borc halva alması

Bir Şeyx vardı hamıya həmişə borc verirdi,

Comərd idi, onunçun xoşbəxt ömür sürürdü.

On minlərlə borc pulu verirdi insanlara,

Xərcləyirdi dünyada çox kasıb olanlara.

Onun borc köməyiylə bağça-bağ əkirdilər,

Xanımanlar, binalar otaqlar tikirdilər.

Əhməd Xızruyə idi, onun şərəfli namı,

Aşiqə xidmət idi, arzusuyla məramı.

Bağışladığı borcun Haqq əvəzin verirdi,

Necə ki, Haqq Xəlilə, qumdan un yetirirdi.

Nəbi belə söyləmiş: - Hər yerdə, hər bazarda,

Iki Mələk daimi, qışqırıb edər nida.

Tanrı xərcləyənlərə on övlad bağışla Sən!

Xəsis olanlarasa, ah-fəryad bağışla Sən!

Xüsusən o şəxslər ki, canlarını bəxş edər,

Xəllaqa hülqümünü, anlarını bəxş edər.

Hülqumunİsmayıl tək bəxş edənlər Haqqına,

Bıçaq kəsməz hülqumun, Haqq verməz imkan ona.

Şəhidlər də onunçun əbədi-ölməz qalar,

Kafirə qalib demə, şəhidlər qəlbə dolar.

Çünki vermiş onlara Tanrısı əbədi can,

Canı əmniyyətdədir, düşmənlər cəzasından.

Borc verən Şeyx illərlə, bu işin davam etdi,

Gözəl sərvət xərcləyib, yedizdirib, içirtdi.

Əkdi o toxumları, əcəl gününə qədər,

Əcəl vaxt-vədəsində olsun əcələ rəhbər.

Elə ki, Şeyxin ömrü intəhasına çatdı,

Ölüm nişanəsini gördü, günəşi batdı.

Kömək elədikləri, ətrafda dövrə vurdu,

Şeyx də öz atəşində şam tək yandı-qovruldu.

Yedirtdiyi şəxslərin rəngi saraldı-soldu.

Dərdləri bir idisə, artdı birə-beş oldu.

Həmin Şeyxsə söylədi: - Baxın siz bədgümanlar,

Məgər Haqqda yoxmudur, dördcə yüz qızıl dinar?!

Birdən bir halva satan uşaq çöldən səsləndi,

Satmaq ümidi ilə səs verəcək dilləndi.

Şeyx öz xidməçisinə işarəsiylə söylədi:

- Get ordakı halvanın hamısını al, dedi!

Tələbkarlar yesələr həmin halvanı əgər?

Acı baxışla mənə baxmazlar müddət keçər,

Xidmətçi eşidən tək, çıxdı tezcə bayıra,

Dinarla halva alsın gətirsin həmin yerə.

Dedi: - Dükanda olan bütün halva neçəyə?

- Yarım dinar yarıma, halva verməm nisyəyə.

Dedi: - Sən sufilərdən artığını gözləmə,

Yarım dinar verirəm, daha artıq sözləmə.

O tabağı gətirdi, Şeyxin yanına girdi,

Bax gör sən həmin Şeyxin başındakı nə sirdi?

Işarəylə söylədi: - Borclular bu bəxşişdir,

Nuşi-canınız olsun, mənim qəlbim genişdir.

Dəvəti eşidən tək, hamı həlqə vurdular,

Halvanı şən-şən yeyib, bir yanda oturdular.

Tabaq boşalan kimi uşaq ayağa durdu,

Dinarımı veriniz deyərək Şeyxi yordu.

Şeyx uşağa söylədi: - Pulu hardan gətirim?

Borcum Axirətə var, dinar hardan götürüm?

Uşaq hirslə tabağı vurdu yerə səsləndi,

Ağlayıb sısqayaraq, vay-şivənlə dilləndi.

-Kaş sınaydı əllərim, quruyaydı bu ayaq!

Indi mən necə edim, qayıdım mən nə sayaq?!

Kaş ocağa düşəydim, yanıb külə dönəydim,

Bu evin kandarına dönüncə kaş öləydim!

-Sufilər qarın güdən, yalnız qazan dostudur,

Daş ürəkli xəsislər pişik tək nan56 dostudur.

Borc pulu eşidən tək yaxşı-pislər cəm oldu,

Tez uşağı dövrəyə aldılar, həyət doldu.

Uşaq Şeyx qarşısına gəlib dedi: - Ey Şeyxim!

Yəqin bil ustam məni edəcək dilim-dilim!

Ustadımın yanına əliboş getsəm əgər,

Rəva bildin-bilmədin canıma o qəsd edər,

Ordakı borclular da haqsız işi gördülər,

Üz tutaraq o Şeyxə nə oyundur sordular?!

Ehsanı bizlər yedik, günahı sən qazandın?

Özün özünə zülmü edərək haqqı dandın?

Şam namazına qədər uşaq daim ağladı,

Şeyx gözlərin qapayıb uşağa heç baxmadı.

O cəfadan qurtuldu, ziddiyyətdən azadə,

Danlaqları, tənəni gətirmədi heç yada.

Kimin ki, Ruh üzünə şirin-şirin gülərsə,

Xilqətdə turş sifətlik, dərddən edər vəsvəsə!

Əgər ruh busə versə onun iki gözünə,

Yiyərmi qəm Fələkdən qəm çökərmi üzünə?!

Məhtablı gecələrdə səmak57 üstdən Ay parlar,

Itlər hey ulasa da heç Ayda qorxu olar?!

Itin vəzifəsidir ulamaqla incitmək!

Ayın vəzifəsidir, parlamaqla şad etmək!

Hər kəs öz əməliylə həyatda yadda qalar,

Sular öz saflığını, çör-çöpə verməz alar.

Çör-çöplər rəzil-rəzil, sular üstündən üzür,

Saf su əzab çəkmədən nazla-qəmzəylə süzür.

Mustafa gecə yarı, Ayı deşər, şaqqalar.

Əbu Ləhəb kinindən hərzə danışıb qalar!58

Məsih öz hünəriylə ölüyə can bağışlar,

Bir cuhud bunu görüb kindən bığların yolar.

Itin ulamaq səsin Ay «qulağı» eşitməz,

Ayın xasiyyəti də Tanrını əvəz etməz.

Sübhədək Şah mey içər, bir arxın kənarında,

Çığıranı59 eşitməz çığırsa da yanında.

Uşağın paylanmışdı altıda bir dinarı,

Şeyx qadağan etmişdi, verilmişdi bir yarı.

Demişdi verilməsin uşağa əlavə pul,

Baxma ki, o Şeyx idi, düşünmüşdü ayrı yol.

Namaz vaxtı olanda xidmətçi daxil oldu,

Bir tabaq başındaydı, qoydu müntəzir qaldı.

Elə ki, o tabağın örtüyünü götürdü,

Camaat tabaqdakı lütfü ehsanı gördü.

Hamı ah-fəğan edib sonra gəldilər dilə,

Ki, ey Şeyxlərin Şeyxi, axı bu nədir belə?!

Bu nə sirrdir aç bizə bu necə sultanlıqdır?!

Ey sirrlərin biləni, bu nə qəhrəmanlıqdır?!

Bizlər başa düşmədik, gəl bizi əhv eylə Sən,

Artıq sözlər demişik, bizi bilmə böylə Sən.

Biz hamımız kor kimi, əsaları vuranıq.

Lazımi qəndilləri, söndürüb sındıranıq.

Biz o karlardanıq ki, xitab eşitməmişik,

Hərzə danışıb, bənzər cavablar istəmişik.

Biz Musadan nəsihət almamışıq o zaman,

O Xızrı inkar etmiş, saralıb-solmuş haman.

Baxma ki, gözləriylə eşirdi asimanı,

Onun gözünün nuru deşirdi asimanı.

Uzaqgörənliyini ey Musa görməmişik;

Axmaq olduğumuzçun qədrini bilməmişik.

Şeyx dedi: - Bu söz-söhbət, bu danışıq, qeylü-qal,

Biz tərəfdən həll oldu, qurtardı cəngü-cidal.60

Bu işdə sirr belədir, Haqqımdan xahiş etdim,

Haqqım yolu göstərdi, mən həmin yolla getdim.

Dedi: - Haqqım söylədi: - Baxma azdır o dinar,

Uşaq üçün ayrılan bir paydır günahı var!

- Ey qardaş, həmin uşaq öz gözündür, tökmə dil,

Kamına çatmağını uşaq fəğanında bil.

Qəlbi incitmək ilə bir kama çatmaq olmaz.

Itaət etməməklə məqama çatmaq olmaz.

Əgər istəyirsənsə çətinliklər həll olsun,

Məhrumların tikanı gülə dönsün, gül olsun.

Əgər istəyirsənsə, sənə xələtlər çatsın,

Gərək uşaq göz yaşı, qəlbinə təsir etsin?!

Bir şəxsin bir zahidə: - «Az ağla ki, kor olmayasan» – deyərək onu qorxutması
Bir Zahidə yoldaşı, belə söylədi bir gün,

Az axıt göz yaşını, bir gün kor olar gözün.

Zahid dedi: - Məqsədim ikidir, bil halımı,

Gözlə görmək, görməmək Tanrımın camalını!

Gözüm görsə Haqq nurun, mənim heç qəmim olmaz.

Haqqa qovuşaramsa iki gözüm azdır-az!

Haqqı görməzsə o göz, kor olması yaxşıdır,

Belə bədbəxt gözlərin kor qalması yaxşıdır.

Gözlərin qəmin çəkmə,İsa gözü yaş olar,

Əyri yol getməyənə, düz gözlər bağışlanar.

Sənin özİsa ruhun, özünlə birgədir, bil,

Ondan sən kömək istə, o düz yollar görəndir.

Lakin sümüklə dolu, bədən mübarizəsin,

Qoymaİsa qəlbinə, əbədi səsin gəlsin.

Hekayədə dediyim, o əbləh kimi məndə,

Onun zikrini etdim, düzlərlə görüşəndə.

Diriltmək arzusunda olma, oİsanındır!

Firon kamı istəmə, həmin kam Musanındır!

Qəlbində fikirləşmə, maaş fikrində olma,

Eyş-işrətin azalmaz, dərgaha üz tut, qalma!

Bədən alaçıq kimi qəlbdə olan ruh üçün,

Ya da bir gəmi kimi ondan olan Nuh üçün.

Ruh alaçıq taparsa neçin tərk etməlidir?!

Xüsusən Dərgah üçün əzizsə bitməlidir!


Isa Ruhullah (əleyhissalamın) duasıyla sümüklərin dirilməsi əhvalatının sonu
Elə ki,İsa gördü, əbləhdir yol yoldaşı,

Kobudluqdan savayı bir yol bilmir o naşı,

Əbləhlikdən nəsihət eşidəndə qanmayır,

Paxıllıq başa düşür, inadından dönməyir.

Isa Haqqın adıyla sümüyə vird61 oxudu,

Əbləh xahişin etdi, Tanrıya dərd oxudu.

Tanrının hökmü gəldi, xamın işi düzəldi,

Əbləhin istədiyi sümüklər cana gəldi.

Sümüklər arasından sıçradı qara bir Şir!

Əbləhi pəncələdi bilsin Tanrısı kimdir.

Onun başın dağıtdı, beynini səpdi yerə,

Içi boş bir qoz kimi, tulladı – çəkdi nərə!

Beyni olsaydı başın qoymazdı parçalansın,

Şərait yaratmazdı, bədən oda qalansın!

Isa dedi: - Neçin sən əbləhi tezcə əzdin?!

Dedi: - Ona görə ki, Sən əzməyə qoymazdın.

Isa dedi: - Neçin bəs sormadın onun qanın?!

Dedi: - Ruzi payım yox, sormadım onçun qanın?!

Çoxlu insanlar vardır, həmin bu vəhşi şir tək,

Ovlarını yemədən, etmiş dünyasını tərk.

Qisməti saman qədər, tamahı dağ olan var!

Yersiz yerə coşaraq, axirətsiz qalan var!

Var-dövlət toplayaraq, qəbr evinə boş gedər,

Düşmənlər matəmində şadlanıb büsat edər.

Ey bizi bu cahanda qalib, müvəffəq edən,

Döyüşlərdə qalib et, qurtar məğlubiyyətdən.

Bizə ruzi vermisən o bizə tələ olmuş,

Bizi tələdən qoru, tələ çənginə almış!

O şir dedi: - Ey Məsih, mənim etdiyim şikar,

Paytək verilməsə də etibardan payım var.

Bu dünyada qismətim ruzi olsaydı əgər,

Ölülər arasında qalardımı sümüklər?!

Ulaq kimi çay suyu görüb murdarlayana ,

Belə bir cəza layiq,o kəs həddini qana!

Saf suyun qiymətini bilsəydi ulaq əgər,

Başlar qoyulan yerə ayaq qoyardı məgər?!

Əgər başa düşsəydi o belə Peyğəmbəri,

Həyat suyu saxlayıb xalqa verən əlləri,

Yanında olmayanda sən ona əmri eylə,

Ey suların əmiri, can ver, can diri eylə!

Nəfs əgər it nəfsisə, istəmə ki, dirilsin,

Illərlə sənə qənim, olana can verilsin!

Kül olsun o sümüyün, öz kül olmuş başına,

Ki, mane olar itin, canlar ovlamasına!

It deyilsən neçin bəs sümüklərə mayilsən?!

Zəli kimi nədən bəs qan sormağa qayilsən?!

O necə gözdür belə görməyə qadir deyil?

Sorğu, rusvayçılıqdan qeyriyə hazır deyil.

Bəzən zənn etmələrdə yalanlar olsa əgər,

Bu necə zənn olar ki, kor-koranə yol gedər?!

Edirsən özgələrə müddətdir növhəxanlıq,

Əyləşib özünə də ağla, sısqa bir anlıq!

Bulud ağlasa, yarpaq çox yaraşıqlı olar,

Necə şam ağlayarkən daha işıqlı olar!

Harda növhə oxunsa, həmin yerdə əyləş sən,

Çünki əzabkeşlərin daxilində əvvəlsən.

Onlar bu fanilikdə, fəraqda oturmuşlar,

Əbədi ləl kanından iraqda oturmuşlar.

Təqlidin62 xəritəsi qəlblərə hopduğundan,

Sən üz tut göz yaşına, fayda alarsan ondan.

Təqlid hər yaxşılığın afəti olduğundan,

Əgər dağ tək qüdrətli olsan da, çəkin ondan.

Dağ bədənli bir korun yoxsa bəsirət gözü,

Onu ət parçası bil, olsa da iti sözü.

Tükdən də incə sözlər, söyləyərsə o əgər,

Onu beynindən bilmə, boğazındandır xəbər.

Məst olmuş, söylədiyi dilucu sözlərindən,

Lakin zildən-bəmədək deyilməmiş dərindən.

Nə elə bir arxdır ki, sular içilsin ondan,

Ondakı axan suyu içənlər bilsin Ondan!

Arxdakı su əlindən sakit qala bilməyir,

Çünki arxdakı sular yanğı ala bilməyir.

Ney kimi naləvü-zar eyləsədə o əgər,

Həmçinin iş dalınca bazarlıq üçün gedər.

Növhəxanlıq edərək hədislər desə əgər,

Xəbis murada çatsın deyə, tamah cuş edər.

Növhəçi danışırsa can üzücü hədislər,

Öz qəlbi də yanmalı dadmalı qəmli hisslər.

Təqlid edənlər ilə təqlidçidə fərqlər var,

Sanki biri Davuddur, biri səsidir, onlar.

Danışığın mənbəyi, şəksiz bu yanğı olar,

Təqlid edən köhnəlik bilmək, qonağı olar.

Indi qürrələnmə sən, dedi o həzin-həzin,

Yük öküzün üstündə, Tanrı göydə, etmə kin.

Təqlid edən də deyil, məhrum savab payından.

Növhə oxuyanında muzdu hesablayandan.

Kafir də Tanrı deyir, mömin də Tanrı deyir,

Lakin aralarında, arzuları fərqlidir.

Həmin o kafir gəda, nanı63 üçün Haqq deyir,

Mömin olan şəxs isə canı64 üçün Haqq deyir.

Allah-Allah deyirsən, bir tikə çörək üçün,

Tamahsız gəl irəli, Allah söylə Tək üçün.

Gəda öz dediyini başa düşsəydi əgər,

Gözünün qarşısında az-çox olmazdı hədər.

Illərlə Tanrı deyər, həmin o qarıngüdən,

Ulaq təkin anqırar, samançın sinov gedən.

Əgər qəlbə nur ensə dilinə də Haqq gələr,

Zərrə –zərrə dəyişib, daxilən Haqqı bilər.

Cadugərlik işində div adını çəkirsən,

Bəs neçin Haqq adıyla qəpiklər dilənirsən?!


Bir kəndlinin gecə qaranlığında tövlədə vəhşi Şiri öz inəyi bilib tumarlaması
Bir kəndlinin inəyi, axurunda durmuşdu,

Bir Şir onu yeyərək, yerində oturmuşdu.

Kəndli girib tövləyə, getdi axura tərəf,

Bəlkə inək ac qamış, ona versin ot-ələf.

Əllə tumarlayırdı o Şirin bədənini,

Gah arxasın, gah belin uzununu, enini.

Şir qəlbində deyirdi: «Olsaydı gündüz əgər»,

Qorxudan ödün sənin partlardı, ey bixəbər!

Onunçun məni belə, tumarlayırsan ey xam!

Gecə qaranlığında inəyə oxşayıram!

Haqq da belə söyləyir: - Sən ey təkəbbürlü kor?!

Məni görmədiyiyçin, parçalanmamış o Tur!

Əgər nazil etsəydik Biz Quranı bir dağa?

Qorxudan parçalanıb dağılardı sol – sağa.65

Əgər dağlar Tanrıdan, olsaydılar xəbərdar?

Parça-parça olaraq edərdilər ahu-zar.

Siz ey ata-anadan Quranı eşidənlər?!

Neçin qəflətdəsiniz, ey siz qarın güdənlər?!

Əgər təqlid etmədən, xəbərdar olsanız siz?

Qeybdən gələn səsləri asan eşidərsiniz.


Sufilərin yeyib-içib əylənmək məqsədi ilə səfərdə olan bir sufinin ulağını satmaları
Eşit, hədsiz qorxulu olan bu hekayəti,

Ki, sən başa düşəsən, təqliddəki66 afəti.

Sufi səfər zamanı bir xanəgaha67 çatdı.

Mindiyi heyvanını, axura tərəf dartdı.

Əvvəl bəhs etdiyimiz, o sufinin əksinə,

Bu sufi ulağının baxdı ot-ələfinə.

Xəta baş vermələrdən ehtiyat etdi, yenə.

Əgər qəza gələrsə ehtiyatın xeyri nə?!

Sufilər pul- parasız, kasıb dərviş idilər,

Kasıblığın üzündən küfrə tərəf getdilər.

Ey var-dövlət sahibi, özün toxsan gülmə heç,

O dərdli kasıbların qüsurundan sən yan keç.

Sən həmin sufilərin günahını bağışla.

Qonağın ulağını, satdılar canla-başla.

Can boğaza yığılsa, oğurluq haram deyil,

Fitnə-fəsad çox olsa sülhü də lazımlı bil.

O çətin qəmli dəmdə satdılar o ulağı.

Yemək-içmək alaraq, doldurdular otağı.

Yayıldı xanəgaha, sevinc, səs-küy vəlvələ,

Bu gecə yemək-içmək, keyf də olacaq hələ.

Nə qədər səbr edərik, bu günlərdən nə qalar?!

Bu zənbildən nə qədər, neçə yüzlər boşalar?!

Biz də xalq övladıyıq, canımız vardır bizim.

Bu gecənin dövləti, xanımız68 vardır bizim.

Batillik toxumunu məcburən əkirdilər,

Can olmayan bir yerdə, can adı çəkirdilər.

Uzaq yol gələn qonaq, burda dincələn qonaq,

Bu «qəbulu», hörməti görüb oldu qəlbi dağ.

Sufilər ona bir-bir hörmət göstərirdilər,

Nərddə ona uduzub «xidmət» göstərirdilər.

Biri əl-ayağını tumarlayıb ovurdu,

Biri hal-əhval edib, yanında otururdu.

Birisi yatağından toz-torpağı çırpırdı,

Başqası yalancadan əl-üzünü öpürdü.



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə