Naxçivan abiDƏLƏRİ "molla nəSRƏDDİN" jurnalinin səHİFƏLƏRİNDƏ



Yüklə 53,11 Kb.

tarix19.07.2018
ölçüsü53,11 Kb.
növüYazı


 

GÜLBƏNIZ BABAYEVA 

AMEA Nizami adına  Ədəbiyyat İnstitutu 

gulbeniz-babayeva@mail.ru 



 

NAXÇIVAN ABİDƏLƏRİ "MOLLA NƏSRƏDDİN" JURNALININ SƏHİFƏLƏRİNDƏ 

 

  

Bəşər  mədəniyyətinə  böyük  dövlət  xadimləri,  yazıçı,  alim  və  ziyalılar  bəxş  etmiş  zəngin 



Naxçıvan  torpağı  Azərbaycanın  ayrılmaz  bir  hissəsi  və  qədim  yaşayış  məskənlərindən  biridir. 

Rəvayət  və  miflərdə,  antik  və  orta  əsr  tarixçilərinin  yazdığı  qaynaqlarda  əbədiləşən  Naxçıvan 

toponimi  haqqında  Ptolomeydən  başlamış  Məhəmməd  Naxçıvani,  Həmdullah  Qəzvini,  Katib 

Çələbi, Övliya Çələbi və başqa alim və səyyahların əsərlərində maraqlı faktlara rast gəlirik. "Nəqşi-

cahan" toponimi kimi təqdim edilən, "dünyanın bəzəyi" anlamını verən bu yaşayış məskəninin çox 

qədim  tarixə  söykəndiyi  bir  çox  qaynaqlarda  göstərilmişdir.  Naxçıvan  torpağını  məşhurlaşdıran 

həm  də  onun  islam  mədəniyyətini  özündə  ehtiva  edən  tarixi  memarlıq  abidələri,  qalaları, 

ziyarətgahlarıdır.  Möminə  xatun  türbəsi,  İmamzadə  kompleksi,  Yusif  ibn  Küseyir  türbəsi,  Zaviyə 

məscidi, Cümə məscidi və s. möhtəşəm milli-memarlıq abidələri, muzeylər və dini ziyarətgahlar bu 

qədim  diyarın  keçdiyi  tarixi  mərhələləri  gözlərimiz  qarşısında  canlandırır.  Zaman-zaman 

yadellilərin,  xüsusilə  erməni  daşnaklarının  işğal  və  soyqırımlarına  məruz  qalan  Naxçıvan  xalqı 

ölkəni  alınmaz  bir  qalaya  çevirərək  döyüşlərdən  mərdanəliklə  çıxmışdır.  Ümummilli  liderimiz 

Heydər  Əliyev  demişdir:  "Azərbaycanın  qədim  və  zəngin  tarixə,  mədəniyyətə  və  çoxəsrlik 

dövlətçilik ənənələrinə  malik olan Naxçıvan diyarı mürəkkəb və çətin inkişaf yolu keçmişdir. Orta 

əsrlərdə Şərqin iri elm, mədəniyyət, ticarət və sənətkarlıq mərkəzlərindən  biri kimi şöhrət qazanmış 

Naxçıvan dünya sivilizasiyasına dəyərli töhfələr vermişdir. 

 

Naxçıvanlıların  öz  fədakarlığı,  işgüzarlığı  hesabına  Naxçıvan  yaşayır,  inkişaf  edir, 



Naxçıvanda quruculuq prosesləri gedir". (5) 

 

Ulu  öndərimizin  qeyd  etdiyi  kimi,  "mürəkkəb  və  çətin  inkişaf  yolu  keçmiş"  Naxçıvan  və 



onun  zəngin  mədəniyyət  abidələri  haqqında  təkcə  tarixi  mənbələrdə  deyil,  həm  də  ədəbi-bədii 

əsərlərdə də geniş söhbət açılmışdır. Bu baxımdan  Azərbaycan  satirik  mətbuatının  ilk orqanı olan 

"Molla  Nəsrəddin"  jurnalının  rolu  danılmazdır.  Naxçıvan  türk-islam  mədəniyyət  abidələrinə 

"Molla-Nəsrəddin"  in  baxış  bucağından  nəzər  salmaq  bu  gün  də  maraqlı  görünür.  Əslində  satirik 

üslublu "Molla Nəsrəddin"  jurnalının  ən  böyük   missiyalarından  biri də  məhz  Azərbaycanın  milli-

mənəvi dəyərlərinin, onun tarixi abidələrinin qorunması idi. Buna görə də jurnal fəaliyyət göstərdiyi 

25 ildə  daim  Azərbaycanın  hər bir bölgəsində  olan tarixi  yaşayış  məskənlərini, şəhərləri, kəndləri, 

məscidləri, pirləri, elm və mədəniyyət mərkəzlərini, teatrları, kitabxanaları və s. qoruyub saxlamaq 

üçün  mübarizə  aparmış,  onlara  qarşı  biganə  qalan  hakim  dairələri,  məmurları,  məsul  şəxsləri  bu 



 

sərvətləri qorumağa səsləmişdir. "Molla Nəsrəddin"  jurnalı  ənənəsinə  sadiq qalaraq bu cür  əvəzsiz 



abidələrimizi, zəngin xəzinəmizi məhv etməyə çalışan, onları xalqın nəzərindən salmağa meyl edən 

məhdud dünyagörüşlü insanları ciddi tənqid atəşinə tutmuşdur. 

 

Jurnalda Naxçıvan, Culfa, Ordubad, Şərur, Noraşen, Şahtaxtlı, Qarxun, Kosaca, Qarabağlar, 



Xanlıqlar,  Əylis,  Bilov,  Yengicə,  Maxta,  Çərçiboğan,  Nüsnüs,  Düz    Ərmi,  Dizə,  Vərməziyar, 

Ələkli,  Vənənd,  Xankənişin  və  başqa  qədim  yaşayış  məskənlərinin  adlarına  tez-tez  rast  gəlmək 

mümkündür.  "Molla  Nəsrəddin"  də  geniş  yer  tutan  teleqraf  xəbərlərində,  felyetonlarda,  satirik 

şeirlərdə,  elanlarda  və  digər  janrlı  yazılarda  Naxçıvan  və  onun  ayrı-ayrı  şəhərləri,  kəndləri,  idarə, 

təşkilat, elm, təhsil ocaqları, müqəddəs yerləri haqqında zəngin məlumatlar vardır. 

 

Jurnalda  yaşayış  məskənləri  ilə  yanaşı  məscidlər,  pirlər,  müqəddəs  məkanlar  da  geniş  yer 



alır,  həmin  toponimlərlə  bağlı  olan  din  xadimləri,  mollalar,  ruhanilər  də  diqqət  mərkəzində 

saxlanılırdı. Hadisə və əhvalatlara, yalançı din  mübəlliğlərinə satirik tərzdə, parodiyalarla yanaşan 

mollanəsrəddinçilər islam pərdəsi altında öz şəxsi mənafeyini güdən riyakar insanları tənqid atəşinə 

tuturdu.  Naxçıvandan  verilən  "Teleqraf  xəbərləri"ndə  deyilir:  "Yarımçıq  qalan  Zaviyə  məscidi 

qayrılmağa başladı. Eşitdiyimizə görə guya  məscidin pulundan bir  ədəd  yüzlük bir nəfər axundun 

cibinin  bucağında  düşüb  qalmış  imiş.  Evdə  axundun  paltarını  yuyanda  arvadı  ciblərini  axtarıb 

tapmışdır" (8,6). Müqəddəs bir yerə gəlir mənbəyi kimi baxıb xəyanət edən, haramçılıqla məscidin 

təmiri  üçün  ayrılmış  pulları  mənimsəyən  axundun  satirik  tipə  çevrilməsi,  tənqid  obyekti  kimi 

seçilməsi anlaşılandır. 

 

"Ticarət və ekonomi xəbərləri" başlığı altında verilmiş məlumatda "Molla Nəsrəddin" jurnalı 



Ordubadın  "Yəhya  bəy"  məscidi  ilə  bağlı  problemləri  ön  plana  çəkir  və  minilliklər  boyu  xalqın 

inanc  yeri kimi  səcdəgaha çevrilən  müqəddəs  məkanın  hərraca çıxarılmasını ürək ağrısı  və  təəssüf 

hissilə  geniş  oxucu  auditoriyasının  nəzərinə  çatdırır.  Eyni  zamanda  bu  satirik  ittiham  həm  də 

əlaqədar  təşkilatları  və  cavabdeh  şəxsləri  mübarizəyə  səsləyən  sərt,  ciddi  xəbərdarlıq  idi.  Jurnal 

yazır:  "Bu  yavuq  vaxtlarda  Odubadda  Yəhya  bəy  məscidinin  üçdən  bir  hissəsi  satılacaqdır,  çünki 

məscidə  üç  dənə  həsir  alınıb  və  məscid  borclu  düşüb.  Torqa  gələn  əşxaslardan  təvəqqe  olunur  ki, 

tərəfgirlik  eləməyib  insaf  ilə  qiymət  versinlər,  ta  ki  məscidə  xəyanət  olmasın,  necə  ki,  neçə  vaxt 

bundan  irəli  həmin  məscidin özgə  mülkü  satılanda hacılar, seyidlər, mollalar və  kərbəlayılar  dilbir 

olub  Allahın  evinə  xəyanət  elədilər  və  məscidin  mülkünü  ucuz  qiymətə  öz  təsərrüflərinə 

keçirtdilər".  (9,7)  Ordubaddan  verilən  bu  ticarət  və  ekonomi  xəbərində  maddi  nemətlərin  alğı-

satqısından  deyil,  minlərlə  insanın  tapındığı,  ziyarət  etdiyi  mənəvi  sərvətdən,  Allahın  evinin 

satılmasından söhbət gedir. Məscidin mülkünü talan edənlər isə özünü pak vücud adlandıran, islam 

dininin  keşiyində  durmalı  olan,  fəqət  bu  müqəddəs  missiyanı  yerinə  yetirmək  əvəzinə  xəyanət 

yolunu tutan yalançı din mübəlliğləridir. 




 

 



"Molla Nəsrəddin" də  elm, təhsil,  maarif  məsələləri  jurnalın  əsas  leytmotivini təşkil edirdi. 

Buna  görə  də  XX  əsrin  əvvəllərində  hələ  də  savadsızlığın  hökm  sürdüyü  bir  vaxtda  məktəblə 

məscid,  elmlə  din  çox  vaxt  qarşılaşdırılırdı.  Guya  bunlar  bir-birinə  əks  qütbdə  dayanan 

məfhumlardır.  Bu  yanlış  təbliğat  cəmiyyətdə  ziddiyyətlər,  qarşıdurmalar  yaradır,  yeni  tipli 

məktəblərin  açılmasına,  kütləvi  savadsızlığın  artmasına  gətirib  çıxarırdı.  Buna  görə  də  "Molla 

Nəsrəddin" də geniş miqyas almış bu ciddi problemlər diqqət mərkəzində idi. İslam dini ilə məktəb 

arasında  dərin  bir  uçurum  yaradan  fırıldaqçı,  riyakar  mollalar  hər  vəchlə  bu  ziddiyyətlərin 

dərinləşməsinə  çalışırdılar.  Çünki  avam,  savadsız,  cahil  insanları  aldatmaq  onların  var-dövlətini 

müxtəlif  vasitələrlə  əlindən  almaq  və  istədiyi  kimi  idarə  etmək  daha  asan  idi.  Bütün  bu  neqativ 

hallarla barışmaq istəməyən "Molla Nəsrəddin" demək olar ki, az qala hər nömrədə dönə-dönə bu 

taleyüklü  məsələlərə  qayıdırdı.  Jurnal  bu  qarşıdurmanı  belə  şərh  edir:  "Ordubad  şəhəri  Vənənd 

kəndinin  sakini  bir  dövlətli  Rusiya  hökümətindən  Əshabülkəhfə  ikixətli  bir  dəmir  yolu  çəkmək 

üçün imtiyaz istəmiş. Hərgah bu yol başa gələrsə, Naxçıvan mollaları Əshabülkəhf ziyarətinə asan 

gedə biləcəklər, bu şərt ilə ki, ziyarətdən sonra Naxçıvanın qız məktəbini dağıtmaq üçün bir neçəsi 

xətm tutsunlar" (9,7). Burada Əshabülkəhf ziyarətinin adının çəkilməsi, hətta Rusiyadan ora dəmir 

yolunun  çəkilməsinə  göstərilən  cəhdlər  müsbət  haldır.  Lakin  Naxçıvandakı  qız  məktəbinin 

dağıdılması kimi mənfi hallar "Molla Nəsrəddin" də ciddi sarkazmla tənqid hədəfinə çevrilir. 

 

Məktəb  və  məscid  qarşılaşdırılması  məsələsi  jurnalın  "Məzəli  xəbərlər"  başlığı  altında 



verilmiş  digər  bir  məlumatda  da  əks  olunmuşdur.  Xəbərdə  deyilir:  "Yaycı  kəndində  (Ordubad) 

cəmaət bir məscidi kulub, o biri məscidi məktəb etmək istədikdə allah dostlarından qəssab Əli oğlu 

Hüseyn  buna  etiraz  edub,  öz  yaşadığı  evini  kulub  və  məktəb  üçün  verib  məscidlərə  əl 

vurulmamasını  tələb  etmişdir".  (4,5)  Müqəddəs  ibadətgahlara  verilən  böyük  dəyər  Şərq  aləmində 

həmişə  diqqət  mərkəzində  olmuşdur.  Sovetləşmənin  ilkin  mərhələlərində  mövcud  rejim  xalqı 

məscidlərdən, pirlərdən uzaqlaşdırmağa çalışsa da, buna nail olmamış,  əsrlərcə  insanların qəlbində 

yaşayan bu müqəddəs hissləri heç bir qüvvə yaddaşlardan silə bilməmişdir. Çağdaş dövrümüzdə də 

Azərbaycan  dünya  dövlətləri  içərisində  tolerant  ölkə  kimi  müxtəlif    dinlərə  sitayiş  edən  xalqların 

demokratik  hüquqlarını  qoruyur,  multikultural  dəyərlərə  böyük  önəm  verir.  Respublikamızda 

multikulturalizm  ilinin  elan  olunması,  dünya  xalqlarının  bu  mötəbər  tədbirə  qatılaraq  

Azərbaycandakı  dini,  irqi  azadlıqlara  şahidlik  etməsi  dövlətimizin  bəşəri  dəyərlərə  yüksək  qiymət 

verməsinin bariz nümunəsidir. 

 

"Molla  Nəsrəddin"  jurnalı  nəşrə  başladığı  dövrdən  islam  dinini  deyil,  xurafatı  yayanları, 



xalqı  kölə  vəziyyətində  saxlamağa  çalışan  qaragüruh  insanları  şiddətli  tənqid  atəşinə  tutmuşdur. 

Məhz belə qüvvələr də jurnala və onun redaktoru Cəlil Məmmədquluzadəyə qarşı yersiz hücumlar 

etmiş və dinsizlikdə ittihamlandırmışlar. Buna görə də jurnalda həmin məsələlərə münasibət də öz 

əksini tapırdı. Orada deyilir:  "Biz Naxçıvan camaatı  Molla Nəsrəddindən təvəqqə edirik ki, bizə 




 

dolaşmasın. Hərgah dolaşa, işi ayrı cür başlarıq. Nəsihət qəbul etmək ədəbdəndir. Vəssalam". (6,6). 



"Molla  Nəsrəddin"ə  qarşı  edilən  təhdid  və  hədə-qorxular  onu  həqiqət  yolundan  çəkindirməmiş, 

cəmiyyətdə hökm sürən çatışmazlıqlar onun tənqid hədəfindən yayına bilməmişdir. 

 

Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra  mədəniyyətimizə,  milli-mənəvi 



dəyərlərimizə  ağır  zərbələr  vuruldu.  Xalqımızı  öz  soykökündən  uzaqlaşdırmağa  çalışan  qara 

qüvvələr  bir  çox  tarixi,  dini  abidələrimizi  yerlə  yeksan  etdilər.  "Molla  Nəsrəddin"  jurnalı  öz 

səhifələrində  sovet  rejiminin  planlı  şəkildə  həyata  keçirdiyi  bu  dağıdıcı  aksiyanı  pisləmiş,  xalqın 

minilliklər  boyu  qoruyub  saxladığı  dini  abidələrin  məhv  edilməsinə  qarşı  çıxmışdır.  Hətta  bir 

zamanlar  xalqımızın  milli  bayramlarının  -  Novruz,  Qurban,  Orucluq  keçirilməsinə  qadağalar 

qoyulub,  onlara  dini  don  geydirərək  yaddaşlardan  silməyə  çalışanlara  "Molla  Nəsrəddin"  jurnalı 

biganə  qalmamış,  öz  münasibətini  bildirmişdir.  Jurnal  yazır:  "Orucluqda    Ordubad  mollaları 

məscidləri  belə  təqsim  etmişlər:  Came  məscidinə  Ağ  Seyidin  oğlu,  Yəhya  bəy  məscidinə  Şeyx 

Qəffar  axund,  Hüseynxanaya  molla  Məhəmməd,  Girdətan  məscidinə  molla  Yəhya  gedəcəkdir. 

Qalan  məscidlər  kluba  verildiyindən  Mir  Yəqub  ilə  molla  Hacı  yersiz  qalmışlar"  (10,3).  Burada 

"Molla  Nəsrəddin"  ayrı-ayrı  məscidlərin  mollalar  arasında  bölüşdürülməsi  məsələləri  ilə  onların 

tamahkarlığını  nəzərə  çatdırmaq  istəsə  də,  mətnin  sonunda  müəllifin  sətiraltı  eyhamla  məscidin 

kluba  verilməsi  xəbərini  təəssüflə  yazması  milli  vətənpərvərlik  və  ziyalı  təəssübkeşliyindən  irəli 

gəlirdi. Çünki burada dövrün ictimai qüsurları tam reallığı ilə əks olunmuşdur. 

 

Xalq  etimologiyasında  tarixi  abidələrimizlə,  ziyarətgahlarımızla  bağlı  möcüzələr 



uydurulmuş, onların yaradılmasında qeyri-adi qüvvələrin rolundan geniş bəhs olunmuşdur. "Molla 

Nəsrəddin"də  dərc  olunmuş  "Möcüzə"  yazısında  da  xalqın  mifləşdirdiyi  belə  ziyarətgahların  necə 

yaranmasından danışılır: "Bu gün Şərur uyezdində, Qaratəpə dağında üç ov var imiş: Təpədən yola 

səmt yenirmişlər. Bunu ermənilər görürlər, bir neçə güllə atırlar, heç birisi dəymir,  onlar düzəlirlər 

yola.  Düz  Ərmi  kəndindən  o  yana  olan  müsəlman  kəndi  Dizədə  Mirsəlimin  evinə  gedirlər  və 

həyətdə başlayırlar otlamağa. Otlayandan sonra gediblər evdə olan taxçada yatıblar. İndi üç gündür 

ki,  hər  yandan  ziyarətə  gəlirlər"  (3,7).  Yazıda  erməni  kafirlərinin  atdığı  güllənin  ova  dəyməməsi 

xalq təfəkküründə qeyri-adi bir möcüzənin baş verdiyini göstərir və həmin seyid ocağının müqəddəs 

bir  ziyarətgaha  çevrildiyini  sübuta  yetirir.  Jurnalda  digər  məkanlarda  da  belə  möcüzələrin  baş 

verdiyi  göstərilir.  Ordubaddan  verilən  xəbərdə  deyilir:  Buğkar  piri  ilə  Düylün  pirində  möcüzə 

olduğuna  görə  ziyarətə  gedənlərin  sayı  dörd  qat  artmışdır"  (2,6).  "Molla  Nəsrəddin"  də  Ordubad 

yaxınlığında olan "Malik İbrahim" pirinin yaradılması ilə bağlı məlumat da yer almışdır. Felyetonda 

Molla Gürzümalının yozumunda İmam Hüseynin düşmənlərin təqibi nəticəsində Ordubad diyarına 

gəlməsi  və  orada  qeyb  olması  rəvayəti  söylənilir.  Bundan  sonra  həmin  müqəddəs  məkanın  pirə 

çevrilməsi oxucuların nəzərinə çatdırılır. 



 

 



"Molla  Nəsrəddin"də  pirləri,  ziyarətgahları  öz  gəlir  mənbəyinə  çevirən,  xalqı  müəyyən 

xoflarla  qorxudaraq  özündən  asılı  vəziyyətə  salan  mollalar  tənqid  hədəfinə  tuş  gəlir.  Jurnaldakı 

"Yengicədən"  yazısında  Şərur  dairəsinin  Yengicə  kəndinin  Böyük  məscidində  toplaşan  mollaların 

kəndləri öz aralarında bölüşdürməsi məsələsindən bəhs olunur. Orada deyilir: "Şeyx Molla Cəlil ağa 

cavan  olduğu  üçün  ona  Qarxun,  Məhəmməd  Sabir,  Siyaqut,  Aralıq  kəndlərini  vermişlər.  O 

kəndlərin  alçısı  da,  tovxanı  da  bu  ağanındır.  Yalnız  bir  Alışa  kəndi  Seyid  Mir  Cəlal  üçün 

verilmişdir.  Onun  müctəhiddən  kağızı  olduğu  üçün  bu  biri  mollalar  ziddiyyət  edərək  ona  artıq 

kəndlər verməyiblər" (11,3). 

 

"Molla  Nəsrəddin"  də  Naxçıvanla  bağlı  dərc  olunmuş  materiallarda  hadisə  və  əhvalatların 



baş verdiyi məkanlarla yanaşı, həm də konkret şəxs adları da həmin yazılarda əksini tapır. "Nuhun 

gəmisi" xəbərində deyilir: "Culfada Mirzə Ələkbər ağa ki xeyli mömin və müqəddəs bir vücuddur - 

isbat  eliyir  ki,  Nuhun  gəmisi  İrəvanın  yanında  olan  Ağrı  dağın  üstündə  dayanıb"  (7,5).  Mirzə 

Ələkbər ağanın fikirlərinə satirik fon verən "Molla Nəsrəddin" həm də bir həqiqəti - İrəvanın əzəli 

Azərbaycan torpağı  olması  faktını təsdiqləmişdir. Jurnal  bu cür tarixi  məlumatları öz səhifələrində 

yazmaqla  həm  də  xalqımızın  taleyüklü  problemlərini  qabartmış,  qədim  torpaqlarımızın 

unudulmamasına çalışmışdır. 

 

Jurnalda konkret yer və şəxs adları ilə bağlı elanlar da diqqəti cəlb edir. Əlbəttə ki, jurnalın 



satirik  üslubda  qələmə  aldığı  kiçik  həcmli  yazı  yenə  də  konkret  faktlıdır:  "Ordubad  mahalında, 

Nüsnüs kəndində Hacı Mirağa Hacı Mircəfər oğlu ki əsl ocaq seyid nəslindəndir, hər gün ətrafdan 

ağanı  ziyarət  etməyə  gələnləri  qəbul  edir.  Qəribə  budur  ki,  kor  gələn  gözlü  gedir,  şikəst  salamat 

yola düşür..." (1,6). 

 

Ümumiyyətlə,  "Molla  Nəsrəddin"  jurnalının  nəşrindən  bir  əsrdən  artıq  vaxt    keçməsinə 



baxmayaraq,  bu  mətbu  orqanımızın  tarixi  xidmətləri  indi  də  öz  əhəmiyyətini  qoruyub 

saxlamaqdadır.  Çünki  25  il  fəaliyyət  göstərən  "Molla  Nəsrəddin"  jurnalı  Azərbaycanın  digər 

əraziləri  ilə  yanaşı, Naxçıvanın tarixi  məkanlarının, türk-islam  mədəniyyətinin zəngin abidələrinin 

tanıdılmasında və qorunub gələcək nəslə çatdırılmasında müstəsna rol oynamışdır. 



ƏDƏBİYYAT 

 

1Elan. "Molla Nəsrəddin", 1909, №3. 

 

2. Hər yerdən. "Molla Nəsrəddin", 1929, №33. 



 

3. Möcüzə. "Molla Nəsrəddin", 1910, №18. 

 

4. Məzəli xəbərlər. "Molla Nəsrəddin", 1929, №6. 



 

5. Naxçıvan ensiklopediyası. Bakı, 2002, 594 səh. 

 

6. Naxçıvan. "Molla Nəsrəddin", 1909, №38. 



 

7. Nuhun gəmisi. "Molla Nəsrəddin", 1909, №4. 

 

8. Teleqraf xəbərləri. "Molla Nəsrəddin", 1908, №42. 



 

9. Ticarət və ekonomi xəbərləri. "Molla Nəsrəddin", 1908, №18. 

 

10. Təqsimat. "Molla Nəsrəddin", 1929, №8. 



 

11. Yengicədən. "Molla Nəsrəddin", 1927, №28. 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə