Naxçıvan”. 2009.№19. S. 21-34. Naxçivan muxtar respublikasinin yaranmasi: tarix və MÜASİRLİK



Yüklə 52,18 Kb.
tarix01.09.2018
ölçüsü52,18 Kb.

Naxçıvan”.-2009.-№19.-S. 21-34.
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ YARANMASI:

TARİX VƏ MÜASİRLİK
İsmayıl HACIYEV,

AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor
Bu il Naxçıvanın muxtar respublika kimi təşkilinin 85 ili tamam olur. Naxçıvan Muxtar Respublikasının yaradılmasının Azərbaycanın, habelə bölgənin tarixində böyük əhəmiyyət kəsb etdiyini və onun xalqımızın həyatında əlamətdar hadisə olduğunu nəzərə alan ölkə Prezidenti cənab İlham Əliyev bununla əlaqədar 2009-cu il fevralın 6-da xüsusi sərəncam imzalamışdır. Sərəncamda deyilir: "Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik Naxçıvan diyarı çətin, mürəkkəb və eyni zamanda parlaq inkişaf yolu keçmişdir. Əsrlərdən bəri Şərq aləminin elmi-mədəni mərkəzlərindən biri olaraq şöhrət tapmışdır"(l).

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası çox mürəkkəb tarixi inkişaf yolu keçmişdir. Bütün dövrlərdə Naxçıvan nəinki qonşu dövlətlər, həmçinin dünyanın digər dövlətləri üçün də çox böyük coğrafi-siyasi və strateji əhəmiyyət kəsb etmişdir. Xüsusilə, XX əsrin əvvəllərində yaranmış şəraitdən istifadə edən erməni daşnakları Naxçıvana qarşı ərazi iddiaları irəli sürmüşlər. Uzun müddət Naxçıvan diyarına göz dikən, bu ərazini "Böyük Ermənistan"a qatmaq üçün cəhdlər göstərən erməni daşnaklarının arzuları gözlərində qalmış və bu xülyalarmı reallaşdıra bilməmişlər. Çətin və mürəkkəb mərhələlərdən keçən Naxçıvan Azərbaycanın əzəli və əbədi tərkib hissəsi kimi qorunub saxlanılmış, ona muxtariyyət statusu verilmişdir. Naxçıvanın muxtariyyət statusu qazanması bu bölgədə 1918-1921-ci illərdə cərəyan edən proseslərin, onlara təsir edən daxili və xarici amillərin, regionun geosiyasi vəziyyətinin və iki mühüm beynəlxalq müqavilənin sayəsində olmuşdur. Naxçıvanın muxtariyyət statusu qazanması həqiqətən də çox çətin və mürəkkəb mübarizənin, bilavasitə isə ayrı-ayrı görkəmli şəxsiyyətlərin diplomatik səylərinin nəticəsində əldə edilmişdir. Naxçıvanın muxtar respublika statusu əldə etməsinin böyük tarixi əhəmiyyəti olmaqla, bu diyarın sonrakı taleyində çox mühüm rol oynamışdır. Bu cəhəti nəzərə alan görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev demişdir: "Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyət idi"(2).

XX əsrin əvvəllərində dünyada baş verən sosial-siyasi proseslər, xüsusən I Dünya müharibəsinin nəticələri, Rusiya imperiyasının dağılması, siyasi həyata yeni müstəqil dövlətlərin gəlməsi Naxçıvan diyarının da taleyində dərin iz buraxdı. Bir sıra özünəməxsus xüsusiyyətlərinə görə Naxçıvan XX əsrin ikinci və üçüncü onilliyində Cənubi Qafqazda baş verən tarixi dəyişikliklərin əsas mərkəzlərindən birinə çevrildi.

XX əsrin 20-ci illəri, xüsusilə 1918-1920-ci illər Naxçıvan üçün çətin inkişaf dövrü olmuşdur. Rusiyada çarizm devrildikdən sonra imperiyanın əksər əyalətlərində olduğu kimi, Naxçıvan bölgəsində də ikihakimiyyətlilik meydana gəlmiş, bir sıra iri kapitalist dövlətləri yaranmış mürəkkəb vəziyyətdən istifadə edərək Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu diyara yiyələnmək üçün cəhdlər göstərmişlər.

Milli burjuaziyanın və demokratik ziyalıların təşəbbüsü ilə Naxçıvanda Müsəlman Milli Şurası yaradılmışdı. Bu Şura yalnız Naxçıvanda deyil, eləcə də Mehridən Uluxanlıya qədər ərazidə yaşayan azərbaycanlıları ermənilərin silahlı quldur basqınlarından qoruyurdu. Erməni daşnakları bu bölgəni "Böyük Ermənistan"a qatmaq üçün fasiləsiz basqınlar edirdilər. Lakin istər Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu illərdə, istərsə də ondan sonrakı dövrdə Naxçıvan diyarının әһаlisi bütün bunlara mərdliklə sinə gərmiş, bölgəni Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab etmiş, böyük Vətənlə - Azərbaycanla birləşmək uğrunda inadla mübarizə aparmışlar. Naxçıvan diyarının əhalisi həb о vaxt öz qəti fikrini bildirərək and içmişdir ki, "Biz Avropanın mədəni ölkələrinin alovları içərisində yanmağa razı olarıq, lakin Naxçıvanı Azərbaycandan ayırmağa qoymarıq"(3).

Naxçıvan məsələsi һәm daxildə, һәm də beynəlxalq aləmdə müxtəlif mənafelərin toqquşduğu, ziddiyyətlərin kəsişdiyi kəskin düyün nöqtələrindən biri olmuşdur. Ermənilərin təqsiri üzündən Naxçıvan diyarında baş verən ictimai-siyasi hadisələr faciəli bir vəziyyətə çatmışdı. Ona görə də Naxçıvan məsələsi beynəlxalq aləmi düşündürən mühüm bir problemə çevrilmişdi.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və Azərbaycanın müstəqil dövlət elan edilməsi Naxçıvan diyarı əhalisində müəyyən ümidlər yaratmışdı. Naxçıvan bölgəsinin qarşılaşdığı problemləri həll etmək və çətinlikləri aradan qaldırmaq üçün istər yerli əhali və onun başçıları - Cəfərqulu xan, Rəhim xan, Kəlbalı xan və başqaları, istərsə də AXC hökuməti tərəfindən müəyyən işlər görülmüş, ermənilərin torpaq iddialarının və etnik təmizləmə siyasətinin reallaşdırılması istiqamətində göstərdikləri ilkin cəhdlər dəf olunmuşdu. Lakin bütövlükdə Azərbaycan Xalq Cümhuriyyəti çox mürəkkəb və çətin vəziyyətə düşən Naxçıvan diyarmı Azərbaycanın tarixi torpaqları olduğunu elan edə bilmədi. Əksinə, Azərbaycan Milli Şurası Ermənistan nümayəndələrinin yardım üçün müraciətlərini qəbul edərək əzəli Azərbaycan şəhərini - İrəvan şəhərinin onlara paytaxt kimi güzəşt edilməsinə razılıq verdi(4). Azərbaycan hökuməti bu güzəştə getməklə Ermənistanın ölkəmizə qarşı ərazi iddialarından əl çəkəcəyini zənn edirdi.

Lakin bundan istifadə edən Ermənistan Naxçıvan diyarına yiyələnmək üçün öz fəaliyyətini daha da genişləndirdi. Erməni silahlı quldur dəstələri bölgədə azərbaycanlı dinc əhaliyə divan tutur, yerli azərbaycanlıların sayını süni surətdə azaltmaq üçün һәr cür vasitələrə əl atır, Naxçıvanın әn yaxın vaxtlarda Ermənistana birləşdiriləcəyi barədə məlumatlar yayır, bu yerlərin Ermənistanın bir hissəsi olduğunu iddia edirdilər.

1919-cu ildə regionda İngiltərənin və ABŞ-ın rolu artdı. Bundan istifadə edən ermənilər Naxçıvan ərazisinə sahib olmaq arzusu ilə daha fəallaşdılar. Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyü uğrunda mübarizədə müəyyən uğurlara baxmayaraq, səhvlərə də yol verildi. AXC hökuməti Ermənistanla 1919-cu il 23 noyabr sazişinə inanaraq qoşunlarmı Zəngəzurdan çıxardıqda, ermənilər oranı tutdular. Yalnız böyük səy bahasına Naxçıvanı müdafiə etmək mümkün oldu.

Naxçıvan əhalisinin inadlı müqaviməti və qardaş Türkiyənin siyasi səyləri, qətiyyətli mövqeyi ermənilərin və onların havadarlarının Naxçıvan bölgəsi ilə bağlı planlarını alt-üst etdi. Xüsusilə, bölgə əhalisi misilsiz maneələrə, təqiblərə, müsibətlərə sinə gərərək, milli ləyaqəti uca tutdular, diz çökmədilər, erməni silahlı quldur dəstələrinə layiqli cavab verdilər.

Amma istər sovetləşməyə qədər, istərsə də sovetləşmədən sonra ermənilər yaranmış vəziyyətdən istifadə edərək Azərbaycanın bir sıra bölgələrinə sahib olmaq üçün ərazi iddiaları irəli sürmüşlər. Bu sahədə bolşevik Rusiyası ermənilərin әn yaxın müttəfiqləri olmuş, "Böyük Ermənistan" ideyasının gerçəkləşdirilməsi istiqamətində onlara hər cür yardım etmişdir. Nəticədə ermənilərin "...torpaq iddiaları bolşevik işğalından sonra daha da güclənmiş, bu dəfə Azərbaycan Zəngəzur mahalını itirməli olmuşdur"(5). Bununla da Naxçıvan diyarı Azərbaycanın əsas ərazisindən aralı düşmüş, nəticədə onun muxtariyyət məsələsi gündəliyə gəlmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin qeyd etdiyi kimi, "əgər Zəngəzur mahalının Ermənistana verilməsi olmasaydı, bəlkə də Naxçıvanın muxtariyyəti də lazım deyildi və Azərbaycan vahid əraziyə malik olan bir ölkə idi"(6).

1920-ci ilin aprel işğalı nəticəsində AXC devrildi, Azərbaycanda Sovet hakimiyyəti bərqərar edildi. Naxçıvanda Sovet hakimiyyəti həmin ilin iyulun 28-də quruldu və Naxçıvan Sovet Sosialist Respublikası yaradıldı. Respublikanın Ali orqanı Hərbi İnqilab Komitəsi oldu. İnqilab Komitəsinin Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri N. Nərimanova 1920-ci il 10 avqust tarixli məktubunda deyilirdi ki, Naxçıvan diyarı, zəhmətkeşlərin böyük əksəriyyətinin arzu və tələblərini nəzərə alaraq, özünü Azərbaycan SSR-in ayrılmaz tərkib hissəsi elan etmişdir.

Azərbaycanın digər mahalları ilə birlikdə Naxçıvanın da Ermənistana verilməsinə dair 1920-ci il 1 dekabr Bəyanatına qarşı yerli əhali kəskin etirazlarmı bildirdi. Vəziyyətin kəskinləşdiyini görən Azərbaycan rəhbərliyi respublika İnqilab Komitəsinin üzvü və Ədliyyə komissarı B. Şahtaxtınskini Naxçıvana göndərdi. Əhali ilə görüşlər zamanı 1920-ci il 1 dekabr tarixli Bəyanatla bağlı B. Şahtaxtınski açıqcasına demişdir: "Azərbaycan sizi torpağınızla birlikdə Ermənistana satıb, əgər mən Bakıda olsaydım, buna qəti surətdə razılıq verməzdim... Siz torpağınızla birlikdə öz müstəqilliyinizi saxlamaq istəyirsinizsə, burada istinad edə biləcəyiniz yeganə qüvvə Türkiyə qoşunlarıdır. Xalq bu qoşunların ətrafında sıx birləşməlidir. Sizin müstəqilliyinizi və torpağınızı yalnız onlar qoruyacaqlar və sizi ağır fəlakətlərdən xilas edəcəklər"(7).

Naxçıvanın Azərbaycandan ауrı düşməmək istəyinin nəticəsi idi ki, Ermənistan İnqilab Komitəsi 1920-ci il dekabrın 28-də Naxçıvanı müstəqil Sovet respublikası ki­mi tanımış və bu ərazi ilə əlaqədar iddialardan imtina etdiyini bildirmişdir(8).

Naxçıvan diyarının əhalisi Azərbaycan SSR tərkibində muxtariyyət tələb edirdi. Ona görə də "1921-ci ilin əvvəlində Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin təşəbbüsü ilə keçirilmiş rəy sorğusunda bölgə əhalisinin 90 faizindən çoxu Naxçıvan diyarının muxtariyyət statusunda Azərbaycanın tərkibində qalmasına səs verdi"(9).

1921-ci ilin əvvəllərində bu sahədə müəyyən irəliləyişlər əldə edilmişdir. Bunun üçün isə ilk əvvəl Türkiyəуә Naxçıvanın Azərbaycan tərkibində muxtariyyət alacağı barədə təminat verməli və buna Moskvanın razılığı əldə olunmalı idi.

Naxçıvan diyarının muxtariyyət statusu məsələsində N. Nərimanovun prinsipial mövqeyi, onun adından B. Şahtaxtınskinin Moskvada apardığı danışıqlar Moskvanın Naxçıvan məsələsinə münasibətini dəyişməsinə və nəticə etibarı ilə Naxçıvana Azərbaycan tərkibində muxtariyyət statusu verilməsinə təsir etmişdi. Ümumiyyətlə, Naxçıvan Diyar İnqilab Komitəsinin və Xalq Komissarları Sovetinin sədri, Azərbaycanın Ədliyyə komissarı, Türkiyə və Rusiyada Azərbaycanın səlahiyyətli nümayəndəsi, Azərbaycan Xalq Komissarları Sovetinin sədr müavini kimi çox məsul vəzifələrin öhdəsindən ləyaqətlə gələn, çox böyük nüfuz sahibi olan, hər V.İ. Leninin, həm də M.K. Atatürkün hüsn-rəğbətini qazanan Behbud bəy Şahtaxtınskinin Naxçıvanın muxtariyyət statusu qazanmasında çox böyük xidmətləri olmuşdur. Belə ki, onun 1921-ci il martın l-də V.İ. Leninə göndərdiyi məktubda Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ... ərazilərinin gələcəyindən duyulan rahatsızlığı çatdırmış, bu mahalların milli tərkibi, coğrafiyasına dair arayışları da əlavə etmiş, Cənubi Qafqazda sərhəd məsələləri və xüsusilə də Naxçıvan bölgəsi ilə bağlı faydalı təkliflər vermişdir(10).

B. Şahtaxtınskinin 1921-ci il martın l-də V.İ. Leninə göndərdiyi məktub əsasında Siyasi Büroda Naxçıvan SSR yaradılması və onun Azərbaycanın himayəsi altında qalması barədə qərar qəbul edilmişdi.

Naxçıvanın Azərbaycanın himayəsi altında olan muxtar ərazi statusu RSFSR ilə Türkiyə arasında imzalanan Moskva müqaviləsində təsbit edildi. Həmin müqavilənin üçüncü maddəsində deyilirdi: "Razılığa gələn һәг iki tərəf Naxçıvan vilayətinin hazırkı müqavilənin I (B) əlavəsində göstərilən sərhədlərdə Azərbaycanın protektoratlığı altında muxtar ərazi yaratmasına razıdırlar, о şərtlə ki, Azərbaycan bu protektoratlığı üçüncü dövlətə güzəştə getməməlidir"(l 1). Bu maddə Naxçıvanın taleyinin həll edilməsində tarixi rola malik oldu.

1921-ci il oktyabrın 13-də RSFSR-in iştirakı ilə Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR və Türkiyə arasında imzalanmış Qars müqaviləsinə əsasən Naxçıvanın ərazisi, sərhədləri daha da dəqiqləşdirildi. Müqavilənin 5-ci maddəsi və 3-cü əlavəsi Naxçıvanın ərazi məsələsini bir daha təsdiqlədi, onun sərhədlərini qəti surətdə müəyyənləşdirdi. Burada göstərilirdi ki, Naxçıvan vilayəti bu müqavilənin 3-cü əlavəsində müəyyən edilmiş sərhədlərdə Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil edir(12).

Naxçıvan diyarının tarixi taleyini, yəni onun Azərbaycan SSR-nin tərkibində muxtar respublika kimi qalmaq imkanlarmı Moskva və Qars müqavilələri reallaşdırdı. Bu müqavilələr beynəlxalq müqavilə kimi Naxçıvanın Azərbaycanın tərkibində muxtar ərazi statusunu təsbit etmişdir. Moskva və Qars müqavilələri ilə Rusiya, Türkiyə, Gürcüstan, Ermənistan və Azərbaycan Naxçıvanı Azərbaycanın tərkibində muxtar qurum kimi tanımış və ona beynəlxalq hüquqi təminat vermişlər.

Göründüyü kimi, Naxçıvan diyarına muxtariyyət statusunun verilməsi, iki beynəlxalq müqavilənin, daxili və beynəlxalq şəraitin nəticəsində mümkün olmuşdur. Naxçıvan əhalisinin qətiyyəti, dönməz iradəsi, Türkiyənin prinspial mövqeyi və Behbud bəy Şahtaxtinski kimi milli mənafedən çıxış edən siyasi xadimlərin səyləri ilə Naxçıvan Azərbaycanın tərkibində saxlanıldı.

Qeyd etməliyik ki, Azərbaycanın tərkibində Naxçıvan diyarının muxtariyyət təşkil etməsi, bölgənin spesifik ərazi mövqeyi - geosiyasi şəraiti ilə bağlı idi. Çünki üç tərəfdən Ermənistanla sərhəd olması Naxçıvanı Azərbaycanın digər torpaqlarından ayırırdı. Həmçinin o, cənubda və cənub-qərbdə İran və Türkiyə ilə həmsərhəd idi və ərazi baxımından Azərbaycandan aralı düşmək Naxçıvanın inzibati idarəçiliyini, qəza və rayon hüquqlarında təşkil etməyə imkan vermirdi(13).

Ona görə də Naxçıvan diyarına muxtar respublika statusunun verilməsi milli əlamətə görə yox, daxili və xarici amillərə, coğrafi mövqeyinə, geosiyasi vəziyyətinə, beynəlxalq müqavilələrə əsasən mümkün olmuşdur.

Muxtar qurumlar yaranma əsaslarına görə milli-ərazi və inzibati-ərazi növlərinə ayrılır. Naxçıvan muxtar respublikası dövlətin əsas ərazisindən tam təcrid olunmuş "anklav" ərazi kimi geosiyasi əsasa görə yaranmışdır. Belə coğrafi-siyasi əlamət tarixi zərurət kimi Naxçıvana muxtar hüquqların verilməsini şərtləndirmiş və qismən özünüidarə hüququnun tanınmasına yol açmışdır.

Naxçıvana muxtariyyət statusunun verilməsi ilə Azərbaycan SSR Naxçıvan üzərində hüquqlarından irəli gələn vəzifələri həyata keçirirdi. Lakin Naxçıvanın Azərbaycan SSR tərkibində muxtar respublika hüququnun qanuni yolla təsbit edilməsi 1924-cü ilin fevralınadək ləngidildi. 1924-cü il fevralın 9-da isə Azərbaycan SSR MİK-in dekretinə əsasən, Naxçıvan Muxtar ölkəsi Azərbaycan SSR tərkibində Naxçıvan MSSR-ə çevrildi. Bununla da, Naxçıvanın statusu qəti şəkildə müəyyənləşdi.

Naxçıvan 1921-ci ilin martın 16-dan Naxçıvan So­vet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-da Azərbaycan MİK-in dekreti ilə Naxçıvan MSSR, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılıbdır.

Ümumiyyətlə, Naxçıvanın muxtariyyət statusu qazanması mürəkkəb və çox çətin şəraitdə əldə olunmuş mühüm tarixi nailiyyətdir. Naxçıvanın muxtar respubli­ka statusu bu bölgənin sonrakı tarixi taleyində, onun ərazisinin qorunub saxlanılması və təhlükəsizliyində çox böyük rol oynamışdır.

Naxçıvanın muxtariyyət statusunun hüquqi bazasının yaradılması 1924-cü ilin aprelində Azərbaycan SSR MİK tərəfindən təsdiq edilmiş Naxçıvan MSSR haqqında Əsasnamənin (14) qəbulu ilə başlanmışdır. Əsasnaməyə görə Naxçıvan Azərbaycan SSR-in tərkib hissəsi kimi, ona Mux­tar Respublika şəklində daxil olurdu. Naxçıvanın Azərbaycanla qarşılıqlı münasibətləri Azərbaycanın Konstitusiyası ilə müəyyənləşdirildi. Qeyd etməliyik ki, bu Əsasnamə Mux­tar Respublikanın ictimai, siyasi, iqtisadi həyatını tənzimləyən əsas qanunverici akt olmuşdur. Bununla da Naxçıvan özünün qanunverici orqanları, icra hakimiyyəti olan mux­tar quruma çevrilmişdi. Bu isə 1926-cı il aprelin 18-də qəbul edilmiş Naxçıvan MSSR-in I Konstitusiyasında hüquqi cəhətdən təsbit olundu. Naxçıvan MSSR-in sonrakı Konstitusiyalarında da Naxçıvan Azərbaycan SSR-in tərkibində muxtar respublika kimi təsbit olunmuşdur. Naxçıvan MSSR-in Konstitusiyasında Naxçıvanla Azərbaycan arasında qarşılıqlı münasibətlər dəqiq müəyyənləşdirilmişdi. Həmin Konstitusiyanın 52-ci maddəsində göstərilirdi ki, "Naxçıvan SSR Azərbaycan SSR-in tərkib hissəsidir və onun protektoratlığındadır"( 15).

Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdikdən sonra ilk müstəqil Konstitusiyasını qəbul etməsi, burada Naxçıvanın muxtar dövlət adlandırılması, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının qəbul edilməsi və ən nəhayət, Naxçıvan MR-in 75 illiyi haqqında Azərbaycan Respublikasının Prezidentinin fərmanı (1999, 4 fevral) cəmiyyətdəki bəzi müxalif qüvvələr tərəfindən düzgün qarşılanmamışdır.

Bəzi siyasi partiyaların nümayəndələri belə bir fikir irəli sürürdülər ki, Azərbaycan unitar dövlətdir və onun tərkibində Konstitusiyaya malik ikinci bir qurum ola bilməz(16). Guya bu hal Azərbaycanı federativ dövlətə çevirir.

Qeyd etməliyik ki, dövlətlər quruluş formasına görə daha çox unitar və federasiya tiplidir. Azərbaycan da uni­tar tipli dövlətdir. "Unitar" sözünün hərfi mənası vahid, tək deməkdir. Dünya təcrübəsində unitar dövlətlərin tərkibində muxtar qurumların yaradılması qeyri-adi hal deyildir. Bu cür muxtariyyətlər milli, yaxud inzibati-ərazi prinsiplərinə əsasən yaradılır. Hazırda İspaniya, İtaliya, Finlandiya, Portuqaliya və başqa bu kimi unitar dövlətlərin tərkibində müxtəlif səviyyəli muxtar qurumlar mövcuddur.

Müasir beynəlxalq hüquqda muxtariyyətin əsasən üç forması-mədəni, iqtisadi və siyasi formaları göstərilir(17).

Naxçıvan Muxtar Respublikası iqtisadi xarakterli siyasi muxtariyyətə aiddir. İqtisadi muxtariyyət müəyyən inzibati-ərazi sərhədləri çərçivəsində iqtisadi məsələlərdə avtonom qərarlar qəbul etmək səlahiyyətinə malik olur. Naxçıvan MR bundan əlavə dövləti əlamətlərə də malikdir ki, bu da onun siyasi muxtariyyətinə şərait yaradır. Onun xüsusi adı, Konstitusiyası və qanunları, ali hakimiyyət orqanları və s. atributları mövcuddur. Muxtariyyətin siyasi xarakteri onun dövlət rəmzlərinə malik olmasını nəzərdə tutsa da, muxtar qurum beynəlxalq münasibətlərdə heç bir hüquqların daşıyıcısı ola bilməz. Ona görə də Naxçıvana muxtariyyət inzibati-ərazi çərçivəsində geosiyasi əsasla verildiyindən, suverenliyə malik olmadığı və formal dövləti atributlarla kifayətləndiyinə görə unitar dövlət üçün bir təhlükə törədə bilməz.

Ümumiyyətlə, unitar dövlətlərə xas olan əlamətlər bunlardır: vahid Konstitusiya, vahid qanunvericilik, vahid ali dövlət hakimiyyət orqanları, vahid vətəndaşlıq, vahid hüquq sistemi, dövlət ərazisinin inzibati-ərazi vahidlərinə bölünməsi və onların hakimiyyət orqanlarının statusunun ümumdövlət hüquq normaları ilə müəyyən edilməsi, vahid büdcə və s.

Naxçıvan MR Konstitusiyasındakı bütün maddələr Azərbaycan Respublikası Konstitusiyasının əsas müddəalarından irəli gəlir və unitar dövlətin tələblərinə uyğundur. Həm də Naxçıvanın ərazi baxımından Azər-baycandan ayrı düşdüyünü və ermənilərin Naxçıvanı ələ keçirə bilməməsi üçün ona muxtariyyət statusunun verildiyi məlumdur. Naxçıvanın muxtariyyətinin ləğv olunmasını istəyən qüvvələr heç olmazsa Qərbi Azərbaycan torpaqları - Göyçə, Zəngəzur, İrəvan, Ağbaba mahallarının, Dağlıq Qarabağın taleyini düşünməli və dövlətimizin strateji siyasi istiqamətinin əhəmiyyətini anlamalıdırlar. Muxtariyyətin ləğvi beynəlxalq Qars müqaviləsinin ləğvi deməkdir. Onda bu, Naxçıvanın siyasi vəziyyətini pisləşdirər və diyarın gələcəyini təhlükə altına alar. Müasir dövrümüzdə Naxçıvana ermənilərin ərazi iddialarının əvvəlki kimi qalması Muxtar Respublikaya verilən statusun vacibliyinə bu gün daha çox ehtiyac olduğunu göstərir. Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev Naxçıvanın muxtariyyət statusundan bəhs edərək demişdir: "Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq"(18).

90-cı illərdə "Naxçıvana bütün sahələrdə əlahiddə müstəqil hüquqların verilməsi" barədə də qeyri-dəqiq fikirlər söylənilirdi. Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Konstitusiyalarının qəbul edilməsindən sonra belə yalnış mülahizələr irəli sürülürdü.

Əslində isə 1926-cı ildə qəbul edilmiş Muxtar Respublikanın ilk Konstitusiyası ilə Naxçıvan diyarına bəzi sahələrdə daha geniş səlahiyyət verilmişdir, nəinki 1998-ci il Konstitusiyasında. Tәkсә belə bir faktı qeyd etmək kifayətdir ki, 1926-cı il Konstitusiyasına görə Təbriz, Maku, Xoy şəhərlərində Naxçıvanın konsulluqları, Cənubi Qafqaz respublikalarının paytaxtlarında nümayəndəlikləri, Qarsdakı Rusiya Konsulluğu yanında müvəkkilliyi olmuş, 1938-ci ilə kimi muxtar respublikada Türkiyənin hərbi nümayəndəliyi, İranın konsulluğu fəaliyyət göstərmişdir (19).

Naxçıvanın muxtariyyət statusuna malik olması onun gələcək təhlükəsizliyi üçün mühüm təminatdır. Belə ki, Naxçıvan bölgəsinə edilən hər hansı bir təcavüz və ya torpaq iddiası, hüquqi statusuna yönəlmiş qəsd təkcə Azərbaycanın deyil, müqavilə iştirakçısı olan bütün re­gion dövlətlərinin və beynəlxalq təşkilatların mənafeyini pozduğu üçün indiki müharibə vəziyyətində, belə üstünlük əvəzedilməz siyasi-hüquqi imtiyazdır.

Ümumiyyətlə, Naxçıvan diyarına muxtariyyət sta­tusunun verilməsi mürəkkəb və çətin bir şəraitdə aparılan gərgin mübarizələrin nəticəsində əldə edilmiş böyük tarixi nailiyyətdir və bu nailiyyət qorunub saxlanılmış, onun təhlükəsizliyini təmin etmiş və bu gün də etməkdədir.


ƏDƏBİYYAT
1. "Azərbaycan" qəzeti, 2009, 7 fevral, №29 (5133).

2. Qədim Naxçıvanda bayram - 75. В., Azərnəşr, 1999, s.6.

3. Naxçıvan tarixinin səhifələri ("Uluslararası qaynaqlarda Naxçıvan" beynəlxalq simpoziumun materialları), ADPU-nun mətbəəsi,B., 1996, s.29.

4. Həsənov C. Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər). В., 1993, s.29.

5. Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA), f.970, siy.l, iş 190, v. 18.

6. Əliyev Heydər. Müstəqilliyimiz əbədidir. 14-cü kitab, B. Azərnəşr, 2005, s. 75. |

7. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi (NMR DA), f.314, siy.5, sax.vah.17, iş 18, vər.l.

8. "Azərbaycan kommunisti" jurnalı, 1990, №11, s.71.

9. NMR DA, f.l, siy.3, iş 13, v.79.

10. "Azərbaycan kommunisti" jurnalı, 1990, №11, s.76.

11. Azərbaycan Respublikası Siyasi Partiyalar İctimai Hərəkatlar Dövlət Arxivi (ARSPİH DA), f. 609, siy.l, iş 94, v. 59.

12. ARDA, f.28, siy.l, iş 69, v.16.

13. Musayev İ. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgəsində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti (1917-1921-ci illər). В., "Bakı Universiteti", 1996, s. 313.

14. NMR DA, f. 314, siy.5, sax. vah. 66; Əsgərov Z. Naxçıvan Muxtar Respublikasının Konstitusiya statusu. В., "Bakı Universiteti", 1999, s. 16-17.

15. Azərbaycan tarixi. 3 cilddə. 3-cü cild, I hissə, В., 1973, s. 316.

16. "Həqiqət" qəzeti, 1998, 15-22 dekabr, №37 (121).

17. История Советского государства и права (1921-1935 гг.) Кн.2, Москва, 1968, с. 17.

18. Əliyev Heydər. Müstəqilliyimiz əbədidir. 14-cü kitab. В., Azərnəşr, 2005, s. 89.



19. Musayev İ. Göstərilən əsəri, s. 314.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə