«Nə yaxşı ki, sizin klubla müqaviləmi uzatmadım» Ervin Bulkudan 300 min dollarlıq lağ



Yüklə 238,39 Kb.
tarix06.05.2018
ölçüsü238,39 Kb.
#42715

«Nə yaxşı ki, sizin klubla müqaviləmi uzatmadım»

Ervin Bulkudan 300 min dollarlıq lağ

AZAL-la müqaviləsini uzatmayan Ervin Bulku özünə yeni iş yeri tapıb. Albaniyalı karyerasını İran çempionatında davam etdirəcək. “Sepahan”la anlaşan 31 yaşlı yarımmüdafiəçi artıq qonşu ölkə təmsilçisi ilə 1-illik müqavilə bağlayıb. Şüvəlan klubunda 22 oyuna 3 qol vuran Bulku 2002-ci ildən bəri Albaniya yığmasına 42 dəfə çağırılıb. Vaqif Sadıqovun özünü aparmasından xoşlanmadığı üçün ölkəmizdən gedən təcrübəli oyunçu qərarına peşman deyil. Məşqlərin birində özündənrazı mütəxəssisə cavab qaytaran Bulku məsləhət görüb ki, «Anji»dəki qısamüddətli və uğursuz karyerasından çox danışıb, futbolçular arasında yerli-yersiz müqayisə aparmasın. Sadıqovun «qara siyahı»sına düşsə də, «təyyarəçilər»in rəhbərliyi onunla müqaviləni daha 1 il uzatmaq fikrindən daşınmayıb və 150 min dollar təklif edib. Baş məşqçi ilə yola getməyəcəyini anlayan legioner «Sepahan»la anlaşdığı günün ertəsi AZAL-ın vitse-prezidenti Fikrət Hüseynova telefon açıb və «nə yaxşı ki, sizin klubla müqaviləmi uzatmadım» deyib. İranda çempionluq uğrunda mübarizə aparan «Sepahan» ona illik 300 min dollar verib.

21 daxili, 1 kənar

21 yaşlılardan ibarət yığmanın baş məşqçisi Bernard Lippert avqustun 15-də Estoniya ilə keçiriləcək oyuna 22 futbolçu çağırıb. Almaniyalı “Dalğa Arena”da saat 20:00-da başlayacaq yoldaşlıq görüşünə dəvət olunanlardan 21-i Premyer Liqamızda oynayan, yalnız 1-i kənarda çıxış edəndi. Söhbət bu il əsas millimizdə debüt edən “Anji”nin əvəzedici komandasının müdafiəçisi Bədavi Hüseynovdan gedir. Cari mövsümdə “Xəzər Lənkəran”ın əsas qapıçısı olmaqla diqqət mərkəzinə düşən Orxan Sadıqlı ilk dəfə U-21-ə çağırılıb. Ümumi siyahı: Mirhüseyn Seyidov, Eşqin Quliyev, Araz Abdullayev, Elvin Yunuszadə, Cavid İmamverdiyev, Tərlan Quliyev, Emin Mehtiyev (hamısı “Neftçi”), Səlahət Ağayev, Murad Ağayev (hər ikisi "Sumqayıt"), Orxan Həsənov, Ruslan Tağızadə, Cavid Tağıyev (hamısı AZAL), Elnur Abdulov, Tural İsgəndərov, Osman Umarov, Qara Qarayev (hamısı “Qarabağ”), Abdulla Abasiyev ("İnter"), Orxan Sadıqlı ("Xəzər Lənkəran"), Ürfan Abbasov ("Qəbələ"), Rəhman Hacıyev ("Bakı"), Amit Quluzadə ("Rəvan”), Bədavi Hüseynov ("Anji", Rusiya).

Ehtiyatda qalan kapitanın gözünü kim qorxudub?

«Azər oyunu satıb»

İlk iki tur “Kəpəz” üçün biabırçı nəticələrlə yadda qaldı. Əvvəlcə qərb derbisində “Turan”a uduzan gəncəlilər, ardınca Lənkəran səfərində darmadağın oldu və Fuad İsmayılovun postu dibindən laxladı. İndi daha bir məğlubiyyət lazımdı ki, komanda uğursuzluq zolağına yuvarlansın, baş məşqçi isə qovulsun. Son hadisələri ehtiyat skamiyadan izləyən kapitan Azər Məmmədov «Kəpəz»i rüsvay edən proseslərindən gedişindən halidi. Çox bilir, az danışır. İsti yerini soyutmaqdan çəkinən müdafiəçi şər-böhtanla üzləşməsindən də qorxur. Niyəsini özü deyəcək. Başına gələnlərdən başmaqçı olan Azər klubun pulunu sağanların baş məşqçiyə etibar etməsinin səbəbini də bizə aça bilmədi.

Elxan

Xəzər Lənkəran”a biabırçı hesabla məğlub olduz. Azər, komandada nə baş verir?



- Vallah, sualınıza bilmirəm nə cavab verim.

Hər-halda kapitansan. Yəqin ürəyin doludu.

- Evdə “Turan” uduzub, Lənkəranda da darmadağın olmaq... Ağır sualdı. Nə deyəcəyimi bilmirəm.

Ürəyindən keçəni de!

- Düzdü, “Xəzər” çempionluğa oynayan komandadı, onlarda hər şey bizdən üstündü. Ancaq nə qədər güclü olsalar da, biz onlara 0:4 uduzmamalıydıq. 35 dəqiqədə 4 top buraxmaq mənə ağır gəlir.

Mövsümə uğursuz startın günahı kimdədi: futbolçularda, yoxsa baş məşqçidə?

Özünüz də bilirsiz ki, hər iki oyunda mən meydana çıxmadım. Özümə görə demirəm, açığı, sanki uşaqlarda inam yoxdu. Onlar düşünmürdülər ki, biz oynaya bilərik. Kənardan elə görsənirdi ki, sanki komandamız oyun başlamamışdan təslim olmuşdular. Bilmirəm “Xəzər”in adından qorxdular, yoxsa nə idi bu. Amma adama çox pis təsir edir.

Psixoloji cəhətdən hazır deyilsiz?

- Yox, demirəm komandada psixoloji baxımdan problem var. Uşaqlarda özünəinam hiss olunmur. Komanda güclü də ola bilər, zəif də. Uda da bilər, uduza da. Amma hər şeydən əvvəl futbolçularda inam olmalıdı, düşünməlidi ki, mən nəyə görə 35 dəqiqəyə 4 top buraxmalıyam.

Futbolçularda inamsızlıq ola bilər, düz deyirsən. Ancaq istənilən halda Fuad İsmayılovun işi hiss olunmalıdı. Baş məşqçi komandanı yalnız məşq elətdirmir, eyni zamanda onları psixoloji cəhətdən oyuna hazırlayır. Deməli, problem ondadı.

- Komanda uduzanda günah baş məşqçinin üstünə atılır. Mən dediyim kimi yazacaqsansa... Sonra dostluğumuzu pozmayaq. Çünki mən heç vaxt heç nədən qorxan oğlan deyiləm. Xoşlayıram ki, hər şey dediyim kimi yazılsın.

Narahat olma. Nə demisənsə, elə də yazacam.

- Təki elə olsun, qardaş! Uduzanda deyirlər ki, günahkar baş məşqçidi, ancaq hərdən futbolçularda da problem olur. Ya baş məşqçi, ya da futbolçularımız - heç kim istəməzdi ki, biz bu hesabla uduzaq. Komandada 11 hazır futbolçu var. Onlar da çıxdılar oynadılar, “Turan”a uduzdular. Bundan sonra heyətdə bəzi dəyişiklik edib, “Xəzər Lənkəran”l oyuna da hazır olan 11 nəfəri buraxdılar. Elə fikirləşməyin ki, mən baş məşqçinin tərəfini saxlayıram. Dediyim odu ki, komandada kim hazırdısa, meydana da onları buraxırlar. Çıx, oyna da! Bizdə Məhərrəm adlı futbolçu var, 7-8 nəfər onun kimi canını qoysa, nə böyükhesabla uduzarıq, nə də öz meydanımızda “Turan”a məğlub olarıq. Açıq danışaq, “Turan”ın güclü heyəti yoxdu ki, gəlib bizi udsun. Rusda “jelaniya” deyilən söz var. Son iki oyunda mən «Kəpəz»də xarakter görmədim.

Fuad İsmayılovda günah görmürsən?

- Sözümün əvvəlində də dedim ki, komanda uduzanda birinci günahkar baş məşqçi hesab olunur. Mən bu fikirlə razıyam. Ancaq bütün günahı onun üstünə atmıram. Gərək futbolçular da meydanda mübarizə aparsınlar.

Onda niyə Gəncənin sənin kimi təcrübəli futbolçuları ayağa qalxıb, İsmayılovun istefasını tələb eləmir?

- Bilmirəm məni çoxdan, yoxsa təzə tanıyırsan, nə qədər oynamışamsa, belə halların əleyhinə olmuşam. Sualı verirsiz, amma bilmirəm sonrasını fikirləşirsiz, yoxsa yox. Məsələn, mən ayağa qalxıb dedim ki, Fabio Kapello gəlsin. Sizcə, gələr? Ona görə də deyirəm ki, mən burda nə məşqçini çıxaran, nə də təyin edənəm.

Kim deyir ki, Fabio Kapellodan yapış? Babat bir məşqçi gəlsin. Heç bir gəncəli futbolçu İsmayılovu bəyənmir. Bir nəfərin ki adı “Zepiş” ola, ondan “Kəpəz”ə nə məşqçi?

- Böyükağa Hacıyevin ləqəbi “Zəif”di. Amma “Neftçi”ni çempion elədi. “Zepiş”lə “Zəif” arasında fərq var ki? Sözümün canı odu ki, hər bir insanın ləqəbi ola bilər.

Rəhbərlik pul yemək üçün Fuad İsmayılovu vəzifəsində saxlayır?

- Yox, mən onu bilmirəm. Məni elə şeylərə qatma. Neçə ildi başımı aşağı salıb, sakitcə futbolumu oynamışam. Özünüz nəsə bilirsizsə, əlinizdə sübutunuz varsa, başqa məsələ. Ancaq mən görməmişəm. Ona görə də yalan danışa bilmərəm. İnsan var, bilir, insan var, bilmir. Burda oynaya-oynaya adıma 100 dənə söz çıxardırlar. Ötən çempionatda “Simurq”la oyunda öz qapımıza qol vurdum, dedilər, Azər oyunu satıb. Göydə Allah, yerdə məni tanıyan adamlar bilirlər ki, ömrüboyu elə şey eləməmişəm, həmişə əleyhinə olmuşam. Mən elə şeylərə gedənləri həyatda ən axırıncı adam bilirəm. Hansısa baş məşqçi mənə deyə bilər ki, oyunu bizə ver? O, heç buna risk də edə bilməz. Çünki məndən belə bir şey istəyən adam gözünün qabağına nəsil-nəcabətini gətirə bilər.

Lal Badri uşaq bağçası

Gəncəlilər ayaq üstədi. «Kəpəz»in ardıcıl məğlubiyyətləri şəhəri qarışdırıb. Fuad İsmayılovun istefası an məsələsidi. Bir zəngə qovulacaq. Badri Kvaratsxeliyanın gizlicə Azərbaycana gəlib-getməsi, namizədliyini irəli sürən şəxslə görüşüb-öpüşməsi «Kəpəz»in dəyişikliyinə məruz qalacağına gümanları möhkəmlədib. İsmayılovun durumu zarafatdan keçib, o, güclü qüvvənin təqibindədi. Ramin Musayev əlini artıq ona bulayıb. Bakıdan gecəylə Gəncəyə gedən PFL prezilenti, təbii ki, bu dəyişiklikdə öz marağını güdür. Paytaxtdakı oyunları izləməyən Musayevin «Kəpəz»i Elxan Məmmədovun çətiri altından uzaqlaşdırmağa çalışması medalın görünən üzüdü. Qərb klubunun sponsorlarını özünə inandırmaq anlaşmanın asan tərəfidi. «Sumqayıt»ın olmasından AFFA-nın baş katib öz xeyrini götürüb, bir qarnıac, bir qarnıtox «Kəpəz»dən xeyir gəlməsə belə, cibi boşalmayacaq.

Kvaratsxeliyanın təyinatı Ramin Musayevin yaxın qohum-əqrabasına əlavə gəlir mənbəyidi. «Kasıbların atası» statusunu özəlləşdirmək çabasında olan PFL-in birinci şəxsi, sirr deyil ki, genişçaplı menecerlik fəaliyyətindən ayrıla bilmir. «Kəpəz» isə «az olsun, həmişə olsun» prinsipinə bab gəlir. Gürcü həm onun həmyerlisi çoxdankı tanışıdı. Baş məşqçi postuna əyləşdi ki, «Kəpəz» bazarı digər menegerlərin üzünə bağlanacaq bir «kanal»dan qidalanacaq. Yeməyə çörək tapmayan Badri quruca maşa razılaşır ki, Musayev hər vəchlə onu arxasınca sürüyür. «Neftçala»nin yiyələri nədənsə bu şəxslə yanaşı çox addımlamadı. Musayev «Turan»ın həkimini «Neftçala»ya düzəltdisə , komandanın sükanını öz adamını, Kvaratsxeliyanı əyləşdirəmmədi. Bütün variantlarda yerlisini klubların birinə düzəltmək təşəbbüsündə israrından va keçməyən vəzifə sahibi, bəli, artıq vəzifə səlahiyyətləri aşmaqdadı.

Lənkərandakı darmadağın Fuad İsmayılovun «torbasını böyütdü». Hələ ilk hissədə 4 qolun «soyuq duş»unu qəbul edən «Kəpəz»ə ikinci 45 dəqiqədə qol üzüntüsü yedizdirilmədi. Elmir Əliyevin qarnını dolduran sancılar isə get-gedə şiddətlənməkdədi. Azərbaycanın ən ağırçəkili klub prezidenti rinqdə rəqibindən dalbadal yumruq yemiş boksçudan ağır nokaut vəziyyətindədi. «Turan» silləsi onu noqdauna salmışdısa, cənub səfəri onu daha ağır zərbəyə tuş gətirdi. İsmayılovun istefaya göndərilməsi Əliyevin prezidentlikdən isiefasını qaçılmaz edəcək. Qapısı möhürlənmiş bazarın girəcəyinə piştaxta düzməyindənsə, uşaq bağçasının müdiri olmaq xeyirlidi. Transfer əməliyyatlarının təşkilatçılığını ondan alacaqlar, körpə deyil ki. Tələnin sapları incədi.

O istefa ki Gəncədə səslənib, ardı-arası kəsilməyəcək. Kvaratsxeliyanın təyinatı olsun, komanda uduzmaqda davam eləsə , gürcünün xətrinə dəyilməyəcək. Güldən ağır tənə ilə üzləşməyəcəklər. Musayev onu gətirib, qohum-əqrabasının menecerlikdən qazanması naminə «Kəpəz»i təhlükəli zonadan uzaqlaşdıracaq. Bu praktikanın o biri üzü «Simurq»du. Həmkəndisi Cəmil Soltanov yolunda Zaqatalaya göndərdiyi hakimlərə killerliyi öyrədən Musayev üçün buun Gəncədə etmək heç bir problem törətmir. Gəncədə rəqiblərin anasını ağlatmaq ənənəsi 20 illik yaxın keçmişə söykənir.

Onlara quyu qazmayın!

Elvin ƏHƏD



l-win-85@mail.ru

Bax belə, Azərbaycan müstəqillik dönəmindən bu yana qatıldığı 6-cı Olimpiadanı 10 medalla başa vurdu. Medal sayında ədədi silsiləni son gündə sərbəst güləşçimiz Xetaq Qazyumov pozdu. Çünki buna qədər konkret ardıcıllıq olmuşdu – 1, 3, 5 və 7 medal. Xülasə, London-2012-də bizlərə sevinc hissi yaşadan bütün idmançılara şəxsi təşəkkürlərimi çatdırıram. Əyarından asılı olmayaraq, işlərinə peşəkar yanaşıb, qərib ölkədə vətən - Azərbaycan adını uca tutanlara eşq olsun!

Ayrı-seçkilik etmək fikrim yoxdu, ölkəmizin adı naminə qazanılan uğura kimsə də kölgə sala bilməz. Gərək, vicdansız biri olsun. Təəssüf ki, bu yolu seçənlər kifayət qədərdi. Elə olimpiya oyunlarının ilk bir neçə günündə yaşadığımız uğursuzluqlar, məyusluqlar məhz bunun «təntənə»si idi. Ar olsun, milləti aldadan, dövlətin pulunu cibinə sovuran şərəfsizlərə!

Böyük Britaniya paytaxtına 53 idmançı ilə yollanan komandamızın heyətində 22 nəfər özümüzünkü idi. Say göstəricisi legionerlərin xeyrinədisə, bunun medallarda da əksini tapması qeyri-adi hal deyil. 10 medaldan yalnız 4-nü azərbaycanlı idmançılar qazandılar. Söz yox, istənilən halda hər birinə təşəkkür, minnətdarlıq düşür. amma...

Əmması budu ki, Olimpiya çempionu olmuş 19 yaşlı bir gəncin ayağının altını özümüz qazırıq. Bəli, özümüz. Hələ sentyabrda 20 yaşını qeyd edəcək Toğrul Əsgərovluq bir şey yoxdu. Onun yerində kim olsa, 600 min manatdan sonra «şişmə əməliyyatı» gedər. Gərək, nə qədər gözütox, nəfsinə qalib gəlməyi bacaran insan olasan ki, bu yola getməyəsən. Bu da çətin mümkün ola. Belə götürək, idman onsuz da biznes kimidi. Gəlir çoxaldıqca, insan kifayətlənir. Böyük ticarətlə məşğul olan kəs birdən-birə 600 min manat qazansa, əlbəttə ki, uçuruma gedəcək. Üstəlik, bir məqamı da vurğulamağı özümə borc bilirəm. Heç olmasa, hər hansı bir turnirdə Azərbaycan bayrağı altında çıxış edən idmançılara dövlət himnimizdən bir parça, əvvəli və axırını öyrətsinlər. Ayıbdı axı.

Şərif Şərifovun çempionluğu naminə Azərbaycan himni bütün dünyanı ayağa qaldırır, lakin qızıl medalçının özü bundan xəbərsizdi. Kimsə məni səhv anlayar. Ancaq billahi, fikrim başqa yerə yozulmamalıdı. Sevincimi bütün tanışlarla, dostlarla bölüşmüşəm, hansı hissləri yaşadığımı bilirlər. Sosial şəbəkələrdə də qeyd etmişəm. Təmsilçilərimizin uğursuzluqlarına ayrı-ayrılıqda məyus olub, inamlı çıxışlarına da belə sevinmişəm. Mənə görə, 15 günlük London həyəcanımı Rövşən başlatdı, daha gənc və təcrübəsiz Emin Əhmədovla Teymur Məmmədov davam etdirdi, ardını isə...

Davamını 19 yaşlı pəhləvanımız Toğrul Əsgərov gətirdi. Çünki bunların hamısı mənim vətənimdə yaşaayır, mənim dilimdə danışır, damarlarında mənim qanımdan axır...

Hərənin şəxsi fikri var və başqalarının düşüncələrinə hörmətlə yanaşaraq təkrar edirəm ki, Azərbaycan adına uğur qazandıran həm yerli, həm də legioner idmançılarımıza, başda Mariya Stadnik olmaqla, qazandıqları pullar halal olsun. Ölkə rəhbərliyinin işinə qarışmaq fikrindən uzağam. Amma deməsəm, ölləm, bu qədər pulu vermək idmançılarımızı mükafatlandırmaq yox, onlara quyu qazmaqdı. Bir də o pulları sərf edib sağır əcnəbilərdənsə, yerli uşaqları qabağa çəkin. Axı əsl azərbaycanlı onlardı!



Tüpürdüyünü yalayan Mahir

Axır ki, tapdı. Mahir Şükürovdu tapan. Su da axıb çuxurunu tapar. Qayıtdı «Neftçi»yə. Üstündən 5 il keçəndən sonra. Yaxşı ki, tapdı. Bu. onun axırıncı tapmağıdı. Başqa yer tapmadı. Axtardığını da «Neftçi»də tapdı. «Neftçi» elə Mahirin yeridi. Utanmayan abrına qısılmaz. Vaxtilə pis getmişdi «Neftçi»dən, görünür, ya özünün yadından çıxıb bu, ya da onu ora dürtüşdürənlərin.

Sözümün canından qara qanlar axır. Çünk Mahir tüpürdüyünü qaşıqladı. «Futbolu ataram, bir də Azərbaycanda oynamaram» demişdi o. demişdi, deməmiş oldu. Sözünün arxasından qaçdı. Dabanına da tüpürərək. Mahir hər şeyə tüpürürək, «Neftçi»nin yolunu tutdu. Bu da mənim milli forma geyinəm futbolçum. Öz sözünü ayaqlar altına atıb, dəyər atlı mənlik atına qamçı vurduran Mahirə uğur arzulamıram. Adi oyunçu olsaydı, millidə kapitanlıq eləməsəydi, bu qayıdışını önəmsəməzdim. Ölkənin bir nömrəli yığmasının liderlərindən biri o cür yekə-yekə bəyanatlar verib, sonra özünü ucuzlaşdırmamalıydı. Heç olmasa, şərəfini qoruduğu milliyə görə.

Getdinsə, yaxşı yol! Çörək taparsan. «Neftçi»də sənə çörək verəcəklər. Sadıq Sadıqova Tahir Süleymanov kimi vitse-prezident, sənin kimi vitse-kapitan lazımdı. O, sözü olmayanları, dilini ağzında tüpürdüyünü yalamaq üçün bəsləyənlərin yanındadı. Sən də oldun onun yanında. Rail Məlikovu əvəzləyərsən. «Neftçi»nin «Hapoel»ə uduzmasından qazanan sən oldun. Qiymətini bilmədiyin sözün verdiyi bütün mənalarda. Yapışma ucundan.

Fermanı də «Neftçi»nin bazasına köçürə bilərsən. Tahir Süleymanov vitse-prezident oldu qoyun-quzu ferması açdı, sən də toyuq-cücələrinin sayını artıra bilərsən. Sadıq Sadıqovun sayəsində. Sözünü pula satansan. At da futbolu, niyə atmırsan?!

Yox, artıq atma! «Neftçi»nin formasını geyinmək elə futbolu atmaq deməkdi. Qaç indi pulun dalınca. Qaç, dayanma! Qaçmaq sənə yaraşır. Dinmə, yeri, qaç, tərlə! Nə baxırsan, gözlərini döyürsən? Elə baxırsan, elə gözlərini döyürsən ki, güya, həmişə pulun dalınca yeriyən, qaçan, tərləyən sən olmamısan. Sürüş.

Xaricə gedəcəkdin dediyinə görə. İlk gündən bilirdim ki, sözdü, buraxırsan havaya. Sözün səninçün qara qəpiklik dəyəri yoxdu. «Neftçi»yə keçməklə özünü sözün düşməni etdin. Artıq o da sənə kin bəsləyir. Sözün sözünü hörmətdən saldığın üçün.

Keçmə o körpüdən. Sözü baha alıb, ucuz satmağına görə. «Neftçi»nin qılıncının altından keçən futbolçusan, yalan ki demirəm? Dediklərimi başa düşməzsən. Başa düşən idinsə, «Qəbələ»dən qovulandan sonra söylədiklərinin hansı anlama gəldiyini başa düşərdin. Başına düşdün. Düppədüz «Neftçi»nin başına. Sözdən sənə qədir ağacı düzəldəcəklər. Bir budağında oturub, min budağını silkələyərsən.

Xoşbəxtsən? Xoşbəxt olduğunu iddia edərsən də. Sözünü yeyib, qarşılığında pul almısan.

Xoşbəxtliyi «Neftçi» forması geyinməklə ölçürsənsə əgər, arxasında durmadağın sözün çəkisini də ölç bununla, bil, nəyə tüpürmüsən, tüpürdüyünü yalayan!

Mir Varvodiç «Köln»dən ayrılmaq qərarına 3 səbəb gətirdi

«Almanlar qiymətimi şişirdib»

Yay “transfer pəncərəsi”nin ən səs-küylü keçidlərdən birini “Qarabağ” gerçəkləşdirdi. Ötən mövsüm “Köln”ün qapısını qorumuş Miro Varvodiçin Azərbaycana gəlişi elə-belə hadisə deyildi. Düzdü, ölkəmizdə bunadək bir neçə adlı-sanlı legionerlər çıxış ediblər. Hər halda Miro «böyük beşlik»dən transfer olunan ilk əcnəbi kimi üstünlüyə malikdi. Premyer Liqanın ilk turunun “İnter”lə qarşılaşmasında son dəqiqələrdə qapısında qol görən xorvatiyalı qolkiper “Neftçi” ilə derbidə qapısını toxunulmaz saxladı. Daha doğrusu, “ağ-qaralar” Varvodiçin qoruduğu «çərçivə»yə yaxın düşə bilmədi. Almaniya bundesliqasının ab-havasını ciyərlərini hopdurmuş 23 yaşlı qapıçı Azərbaycanın ən prinsipial oyunlarından birinin bu ab-havada, yəni ki, boş tribunalar qarşısında keçiriləcəyinə inanırdı? Ondan öncə 1:0-ı xəbər aldıq.

Elxan


- “Neftçi”dən həmin gün biz daha güclü idik. Bütün göstəricilərdə! Bunun nəticəsində də qələbə qazandıq. Birinci turda son dəqiqədə buraxdığımız qolla “İnter”lə xalları bölüşdürmüşdük. Ona görə də “Neftçi” ilə oyuna ciddi hazırlaşmışdıq. Biz bu qələbəyə layiq idik. Düşünürəm ki, mən səhv demirəm.

“Qarabağ” – “Neftçi” oyunu derbi xarakteri daşıyır. Amma belə bir matçı boş tribunlar qarşısında keçirdiz?

- Oyun boş tribunalar qarşısında keçmədi. Müəyyən qədər maraq var idi, azarkeşlərlər az da olsa, gəlmişdilər. Fikir verirəm ki, Azərbaycanda hələ də insanların beynində futbolla bağlı sual işarələri var. Buna görə də stadionlara az adam gəlir. İnanıram ki, gələcək illərdə tribunalarda azarkeşlərin sayı artacaq. Bu da bizlərdən asılıdı. Klublarınız nə qədər yaxşı, tanınmış legionerlər alsa, çempionatın marağı bir elə artar.

Bəs matçın sənin üçün belə rahat keçəcəyi ağlına gələrdi? Oyun ərzində sənə tərəf çox az top gəldi. Boş-bekar dayanmışdın.

- Əlbəttə, yox. Çünki oyundan əvvəl hamı deyirdi ki, “Neftçi” ciddi rəqibdi. Baş məşqçimiz bizi oyuna yaxşı hazırlamışdı. Açığı, mənim üçün də matçın belə rahat keçəcəyi gözlənilməzdi. Təsəvvür edin ki, “Neftçi” ilə oynayırsız və qoruduğunuz qapıya doğru cəmi iki zərbə gəlir. Yəqin avrokuboklarda oyunları olduğu üçün belə zəif oynadılar.

“Qarabağ”a transfer olunduğun ərəfədə Almaniya mətbuatı yazmışdı ki, Azərbaycanda ilinə 800 min avro qazanacaqsan. Düzgün məlumatdı?

- Hərdən mətbuat belə informasiyalar yazır. Yüz faiz deyirəm ki, doğru deyil. Dəqiq rəqəmi açıqlamayacam. Almanlar qiymətimi bir qədər şişirdib.

Bura “Köln”dən gəlmisən. Azərbaycan və Almaniya çempionatlarını heç müqayisə belə etmək olmaz.

- Sözsüz. Bundesliqa Avropanın 5 ən aparıcı çempionatından biridi. Onu Azərbaycan Premyer Liqası ilə müqayisə etmək düzgün deyil. Almaniyada yüksək səviyyəli klublar var, heyətlərində güclü futbolçular çıxış edirlər. Müqayisə aparmaq çox çətindi. Orda 5 il çıxış etmişəm. Ancaq Azərbaycan çempionatı da yaxşıdı.

Mənlə zarafat edirsən? Hansı mənada yaxşıdı deyirsən?

- Eyni güclü komandaların sayı çoxdu. Çempionluq uğrunda mübarizə, bildiyimə görə, 7-8 klubun iştirakıyla keçir.

Premyer Liqamız Almaniyanın 3-cü, 4-cü Bundesliqası ilə ayaqlaşa bilər?

- Hardasa olar. Amma məncə, hətta Azərbaycan çempionatının ilk “altılığ”ını II Bundesliqa ilə də müqayisə etmək olar. Bəzi klublarınız Almaniyada çıxış edə bilər. Ancaq Bundesliqada yox. Məsələn, “Neftçi” orda oynasa, ən yaxşı halda 15-ci yeri tuta bilər.

Axırdan birinci yeri desəydin, inanardım. “Qarabağ” necə?

- Məncə, mövsüm sonunda “Qarabağ” 14-cü olar (gülür). Zarafat bir yana, «Qarabağ» hər tur diqqətli oynasa, orta pillələrdə qərarlaşa bilər. Çünki komandanın Qurban Qurbanov kimi baş məşqçisi var.

Bundesliqa Azərbaycan Premyer Liqasından səviyyəlidi. Bəs onda niyə “Köln”ü “Qarabağ”a dəyişdin?

- Birincisi, oynamaq istəyirdim. “Köln”də nadir hallarda meydana çıxırdım. Qapıçı üçün oyun praktikası çox vacibdi. İkincisi, “Köln” aşağı dəsətəyə düşdü. Üçüncüsü isə “Qarabağ”dan aldığım təklif məni qane elədi və gəldim. “Qarabağ”da yaxşı insanlar var və bu, mənim üçün çox vacibdi.

Yeni komandan ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağı təmsil edir. «Qarabağ»dan məlumat toplayanda müharibə haqda nə dedilər sənə?

- «Qarabağ»ın hansı zonanı təmsil etdiyini bilirəm. Klubdan mənə kifayət qədər məlumat veriblər. Təəssüf ki, komanda öz stadionunda oynamır. Gələndən ancaq Bakını görmüşəm. O torpaqları gəzmək, dolaşmaq istərdim. Bakı elə gözəl şəhərdi ki, ilk dəfə görəndə çox təəccübləndim. İnanıram ki, Azərbaycanda uğurlu karyeram və gözəl günlərim olacaq.

Neftçi” üçün gözəl fürsət

“Qarabağ”ın “Neftçi” ilə oyununu izləyə bilməsəm də, qısa icmalına baxdım. Əmin oldum ki, bu komanda APOEL-i keçə bilməyəcək. Belə oyunla Kipr klubunu məğlub etməyə inanmaq sadəlövhlükdü. Yəqin, “Neftçi”nin başbilənləri də bunu çox gözəl anlayırlar. “Qarabağ”la qarşılaşmada meydanda varlığı ilə yoxluğu bilinməyən «donqıli çempion» hətta səfərdə “Hapoel”ə 0:4 hesabı ilə məğlub oldğu görüşdə daha yaxşı təsir bağışlamışdı. İndi özünüz müqayisə aparın, görün, “Neftçi” Ağdam klubu ilə necə oynayıb. Əgər buna oynamaq demək mümkünsə. Deyirəm, bu 4:0 “ağ-qaralar”ı yaman girinc edib. Bunun ağrısı, deyəsən, hələ çox davam edəcək. Meydanda pulla aldıqları “Zestafoni”yə qarşı oynayan komandadan əsər-əlamət yoxdu. Supertransferlər hesab olunan Kanales, Ramos, Bertuççi heç bir p... da deyil.

Səhv başa düşülməsin ha! Üç nöqtə o deməkdi ki, legionerlər onlara verilən pula dəymir. Çilili hüçümçu “Qarabağ” müdafiəçilərinin arasında itib-batmışdı. Paraqvaylı Ramos meydanın mərkəzində gəzişməklə məşğul idi. Bertuççi isə... Azərbaycanın Roberto Karlosu adlandırılan bu “sambaçı” həmyerlisinin çölə atılan dırnağı da ola bilməz. Kimsə həyəcanlanıb, belə bir bənzətmə edib. Normal qarşılamaq lazımdı. “Neftçi”nin zəhmi qarşısında hər adam davam gətirə bilmir. Amma görünən odu ki, bu “Neftçi” APOEL-lə oyunda “Hapoel” məğlubiyyətini unutduracaq. Necə? Kipr klubundan daha çox qol yeməklə. Bəli, ancaq bu yolla İsrail faciəsini yaddan çıxarmaq olar. İki oyunun nəticəsinə görə, APOEL-ə 0:10 uduzursan, hər şey unudulur. Yeni “tema” açılır: “Neftçi” Kiprdə biabır oldu. Daha bundan sonra inanmıram ki, kimsə İsraildəki məğlubiyyəti biabırçılıq adlandırsın. Ondan sonra hamı deyəcək ki, komanda “Hapoel”ə qarşı yaxşı oynamışdı. Ona görə də cəmi 4 top buraxmışdı. Gördüyünüz kimi, hər şeyin çox sadə həlli var. Amma gərək, Böyükağa Hacıyev bir az «kafa» işlətsin. Məncə, bacarar. Çünki beyin əməliyyatından yeni çıxıb. Allah şəfa versin. Yəqin, başı əvvəlkindən yaxşı işləyir. Vəziyyətdən çıxış yolunu tapsa, o tapacaq. Eşitdiyimə görə, komandanı APOEL-lə oyuna da məhz “Zəif” çıxaracaq. Belə yerdə “Neftçi” rəhbərliyinə gözaydınlığı vermək yerinə düşər: “Gözünüz aydın, Sadıq Sadıqov sağ olsun”.

Bu qayıdışın bir qarşılığı olmalıdı. Bunu ancaq qrup mərhələsinə düşməklə yumaq olar. Əgər kiprlilər “Neftçi”ni ağ yuyub, qara sərməsələr. Hələ ki, avrokuboklarda bəxt bu komandanın üzünə gülür. Deyirəm, bir dənə də Əfqan Həmzəyev kimi hakim olsa, lap yerinə düşər. Əvvəl “Neftçi”ni qrupa salar, sonra da Tahir Süleymanovun qucağına hoppanar. Hərçənd Tahir özü qucaqda oturmağı çox sevir. Ondan düşüb, buna minir. Nəysə, Süleymanova “ilişməyəcəm”. O, olmasa, “Neftçi”yə “səviyyəli legionerləri” kim gətirər?! Başına dəysin gətirdikləri. Öz hakimliyi necə olubsa, transfer etdiyi oyunçular da o cürdü. ÇL-in vitrini bunları «zay» elədi.

“Bakı”nın gənc istedadını nə dilxor edib?

«Heç kimin üzünə baxmaq istəmirdim»

İlk tur “Neftçi” Çempionlar Liqasındakı çıxışı ilə əlaqədar təxirə salındığından, “Bakı” yeni mövsümü “Simurq”la açdı. Amma paytaxt təmsilçisi doğma meydanda zaqatalalıların müqavimətini qıra bilmədi və qarşılaşma qolsuz bərabərliklə başa çatdı. Bu qarşılaşmada komandanın heyətində bir nəfər var idi ki, hər kəsin diqqətini çəkdi. Söhbət yarımmüdafiənin sağında çıxış edən Namiq Ələsgərovdan gedir. 17 yaşlı istedad meydanda sərbəst hərəkətləri, topla rəftarı və baxımlı oyunu ilə seçilirdi. Elə həmin gün oyunun ən yaxşısı da o idi. Ələsgərov “Sport Favorit”ə müsahibəsində həm əsas komandadakı ilk oyunundan, həm də “Simurq”la heç-heçə bitən qarşılaşmadan danışdı:

Elnur

“Simurq”u məğlub etməyə borclu idiz. Niyə borcunuzu ödəmədiz?



- Birinci oyun olduğu üçün qələbə qazana bilmədik. Komandamıza təzə gələnlər bir-birinə hələ uyğunlaşmayıb. Gələcək oyunlarda, inşallah, hər şey yaxşı olacaq.

Ancaq nəzərə alaq ki, bu, “Bakı”nın ilk oyunu deyildi. Komandanız bundan əvvəl “Mura” ilə 2 dəfə qarşılaşıb.

- Avroliqada iki oyun keçirəndən sonra komandada bəzi dəyişikliklər olub. Hər şeyə yenidən başlamışıq. Ola bilsin, buna görə xal itirdik. Əhval-ruhiyyə, ümumi vəziyyət yaxşıdı. «Simurq»u udmağa nə mane olduğunu mən də başa düşmədim.

Səncə, 2 xalı “Bakı” itirdi, yoxsa “Simurq”?

- Məncə, biz. Çünki biz qələbəyə daha çox layiq idik, bunu daha çox istəyirdik. “Simurq” isə ancaq meydanda vaxt «öldürürdü». Hiss olunurdu ki, heç-heçəyə oynayırlar. Əl vurmamış hamısı yıxılırdı yerinə. Gah bellərini tuturdular, gah ayaqlarını. Udmaq istəyən belə oynamaz.

Səhv eləmirəmsə, bu, “Bakı”da ilk rəsmi oyunun idi.

- Demək olar ki, hə. Ötən mövsümün son oyununda axırıncı dəqiqələrdə meydana çıxmışdım.

Komandanın meydanda ən çox mübarizə aparan, qaçan oyunçu sən oldun. Ümumiyyətlə, həyəcanlanmışdın?

- Birinci hissədə, oyun təzə başlayanda bir az həyəcan oldu. Bu da normaldı. Çünki ilk oyunum idi. O dəqiqələrdə yavaş-yavaş çalışdım ki, həyəcan olmasın. Sonradan isə hər qaydasına düşdü. Oyunun sonlarına doğru yorğunluq var idi. Çünki yüksək dəstədə 90 dəqiqə oynadığım ilk dəfəydi bu qədər meydanda qalırdım.

Bandoviç matçdan əvvəl və sonra sənə nə dedi?

- Oyundan sonra elə bir söhbətimiz olmadı.

Ümumiyyətlə, heç nə demədi?

- Sağ olsun, oyundan əvvəl mənimlə danışdı, psixoloji cəhətdən dəstək verdi. Oyundan sonra isə heç nə demədi. Üzücü nəticədən sonra paltardəyişmə otağında ab-hava necəydi? Sıxılmırdın ki?

- Heç-heçəyə görə pis olmuşduq. Qələbəni qaçırmağımız hamımızı dilxor etmişdi. Heç kimin üzünə baxmaq istəmirdim.

Birinci hissədə boş qapıya topu vura bilsəydin, “Simurq”u darmadağın eləmək olardı.

- Hə, o qolu vursaydım, ardı gələcəkdi. Özüm də bilmədim ki, niyə elə ələdim. Topu saxlayıb, sonra qapıya vurmalıydım. Tələsdim. Bu da təcrübəsizliyimdəndi.

Bu qədər legionerin əhatəsində oynamaq necədi? Asandı, çətindi, yoxsa qəribədi?

- Nə bilim. Mən əsasən öz cinahımda Cəmşidlə oynayırdım. Amma hamısı yaxşı oyunçulardı, çətinlik yaratmırdılar.

Top itirəndə, ehtiyatlanmırdın ki, yaşlı futbolçular üstünə qışqırar?

- Yox, onlar mənim böyük qardaşlarımdı. Heç biri mənə acı söz deməz. Qışqırmaq, acılamaq bizimkilərdə yoxdu.

Adada cütləşmək

Tərlan Əhmədov da gəvəzəymiş. Nə dərddi bu, bilmirəm. "Neftçi"nin bayrağına bürünüb, şərfini boynuna keçirənlərin 99 faizi ən qısa müddətdə dəyişir. O da dəyişib. Quşa quş demir, bir-bir ötürür içəri. APOEL-i "İnter"dən zəif bilir. Bilmir ki, bilmir. Bilən bilən kimi danışardı. Tərlanın Cənubi Kipr klubunu Milan "İnter"indən aşağıda görməsinin səbəbini isə izah etməyə gücüm çatmır. Çatar e, qorxduğum odu ki, sonrası Tərlanın özünə çatmaz. Adam 20-ci əsrdən təzə gəlib. Artıq ilin 2012 olmasından xəbərsizdi. Nə bilsin yazıq, gərək, ona da bunu deyən olsun. Varıb "Neftçi"yə, özündən gedib. Getdiyi, gördüyü "Zestafoni"di. Burdan-buradı Gürcüstan. Bir maç-maç, quc-quca "Zestafoni"ni keçiblər, üz-üzdən utanmır, bıçağı sümüyə dirəyiblər ki, bəs biz böyük zəfər qazanmışıq. Qaşqanızın ortasına dəyməsin belə zəfər. Udanıydız, "Hapoel"i udardız. Uddurdular sizə. Dördünü orda, ikisini burda. Yeri olmadı, "dabavka"sını əskik etməzdilər.

Avroliqanın qrup mərhələsinin açarı APOEL-dədi. Bu komandanı Tərlan Əhmədovdan azı min kərə yaxşı tanıyıram. Əşşi, o, nə bilir ki, bunu da bilsin. Bildiyi özündən Böyükağa kimi gəvəzələməkdi. Günün nəbzini demirəm, futbolun nəbzini tutammır. Tutduğu qarğadı, sərçədi, bildirçindi. Ta ondan məlumatsızdı ki, APOEL-in son 2 ildə qazandıqlarının yanında "İnter" boş qazan da qazanmayıb. Kiprlilərin ötən mövsüm Çempionlar Liqasının 1/4 final mərhələsinə necə gedib çıxmasını Əhmədova çatdıran lazımdı. Lazımdı ki, nəyi nəylə müqayisə etməsinin fərqinə varsın. APOEL istənilən halda dərsini verəcək onun. Tərlan elə etməlidi ki, odəfəki müsibət bu dəfə təkrarlanmasın.

Kiprdə "Neftçi" ilə cütləşməyə seviniblər. Kim olsa, sevinər də. Avroliqanın qrupundadı bir ayaqları. Məni həyəcanlandıran adalıların "Neftçi"ni topun ucuna əyləşdirmək barədə planlarıdı. Allah o gündən qorusun Azərbaycanı. APOEL-in "Neftçi"yə vurduğu hər qol ölkəmizin imicindən bir daşı lay divardan sökəcək. Cırtdan boyda Cənubi Kipr, di gəl, qitənin ən nüfuzlu klub yarışında varlar. Pulları tükənsə də, futbolları ilə dirəniş göstərirlər Avropaya. Parayla deyil ki hər iş!



"Neftçi" ilə APOEL 17 il öncə üz-üzə gəlib ilk dəfə. Birinci oyunu 3:0 udmuşdular. O vaxtdan bəri APOEL ildırım sürətli inkişafdadı. ÇL-in qrupunda "Portu"nu, "Zenit"i, "Şaxtyor"u, "Lion"u üstələyən komandanı Tərlan Əhmədov "Neftçi"nin dişinə görə rəqib adlandırır. Gülməyin, dostlarım! Bu bənzətməyə ağlamaq da azdı. "Hapoel" Əhmədovun yuxusunu yaman qarışdırıb, günün günorta çağı sayıqlayır. Ayıqbaşlı məşqçi bu oxşatma ilə özünü gülünc etməz. Keçib artıq. APOEL qollarını "Neftçi"nin qapısına keçirəndə, Tərlanı görəcəm.

Son 10 ilin ən yaxşı komandası "Hapoel"in qabağından qaçdı. Bu bənzətmə də ondandı, yəni, "Neftçi"nin məşqçisindən. "Zestafoni"ni onun üçün kabinetdə udublar, şirəsi qalıb damaqlarında. APOEL 5 qol atsa, yuxulu Əhmədovun "bu, son 10 ilin ən zəif "Neftçi"sidi" etiraf-üzrünü qəbul etməyəcəm. O yuxusuz dişli müqayisəyə görə.
Yüklə 238,39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə