Neft gəLİRLƏRİ



Yüklə 57,3 Kb.
tarix05.04.2018
ölçüsü57,3 Kb.

Azərbaycanın Amerika Məzunları Cəmiyyətinin

İqtisadi Təkliflər Paketi





NEFT GƏLİRLƏRİNDƏN İSİTİFADƏ EDƏRƏK

RƏQABƏTQABİLİYYƏTLİ AZƏRBAYCAN

QURMAQ BARƏDƏ BƏZİ DÜŞÜNCƏLƏR

1994-cü ildən bəri Azərbaycanda neft sənayesində xarici tərəfdaşlarla birgə aparılan uğurlu işlərin nəticəsi kimi, ölkəmizə böyük miqdarda neft gəlirləri daxil olmağa başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev Xəzər-2006 Neft və Qaz sərgisinin açılışında bəyan etdi ki, növbəti 20 ildə Azərbaycanın neft və qaz layihələrindən əldə etdiyi gəlirlər 140 milyard ABŞ dollarından artıq olacaq. 2006-cı ildən başlayaraq bu gəlirlərin həcminin dəfələrlə artması gözlənilir. (BP Azərbaycan şirkətinin Prezidenti Deyvid Vudvordun qeyd etdiyi kimi, neftin bir barelinin qiyməti 60 ABŞ dolları olacağı təqdirdə, Azərbaycan neft layihələrinin reallaşmasından 2006-cı ildə 3 milyard ABŞ dolları, növbəti 3 ildə isə hər il əvvəlki illə müqayisədə təxminən iki dəfə artıq gəlir əldə edəcək və 2009-cu ildə Azərbaycanın neft layihələrindən əldə etdiyi gəlir bu ilki ÜDM-dən 2-3 dəfə çox olacaq.) İri həcmdə neft gəlirləri Azərbaycan üçün parlaq inkişaf imkanları açır, amma bunun üçün böyük neft gəlirlərinin yarada biləcəyi iqtisadi və sosial riskləri hökmən irəlicədən həll etmək lazımdır.


Hal-hazırda ölkəmizdə ən çox müzakirə olunan məsələlər neft pullarını necə və hara xərcləməklə bağlı olan məsələlərdir: 1) qeyri-neft istehsal sahələrini necə inkişaf etdirib rəqabətqabiliyyətliliyini təmin etməli; 2) neft gəlirlərindən bütün əhali təbəqələrinin faydalanmasını necə təmin etməli; 3) “neft qarğışından” necə xilas olmalı.
Bir sıra ölkələrdə bu məsələlərin ən optimal həlli neft fondu yaratmaq hesab edilir.

Neft fondunu yaratmaq və düzgün idarə etməklə aşağıda sadalanan problemlərin həllinə nail olmaq mümkündür:



  • Milli valyutanın real mübadilə məzənnəsinin kəskin artmasının qarşısını almaq

  • Fiskal intizamı qoruyub saxlamaq

  • Gələcək nəsillər üçün yığım

  • Fiskal stabilizasiya

Ümumiyyətlə desək, neft fondu yaratmaqda əsas məqsəd indiki neft gəlirlərilə, indiki xərcləri bir-birindən bacardıqca çox ayırmaqdan ibarətdir. Bu o qədər də asan olmayan bir məsələdir. Belə ki, indiki nəsil istəyir ki, qısa müddətdə neft gəlirlərinin bəhrəsini görsünlər. Bu isə o zaman mümkün olardı ki, neft gəlirləri ya əhali arasında bölünsün, ya da istehlak məqsədilə dövlət tərəfindən təşkil olunmuş şəkildə xərclənsin. Amma, dünya ölkələrinin tarixi təcrübəsi göstərir ki, zəif qeyri-neft sektoru və tam inkişaf etməmiş maliyyə sistemi olan ölkələrdə neft gəlirlərinin indiki nəsil vətəndaşlar arasında bölünməsi və ya istehlaka xərclənməsi neft gəlirlərinin ümumi faydasını ciddi şəkildə azaldır və həm də böyük makroiqtisadi sarsıntılara səbəb ola bilər.
Neft fondları adətən iki cür olur:

  • Yığım fondu: təbii sərvətlərin istismarından əldə edilən gəlirləri yığıb gələcək istifadəyə saxlamaq üçün

  • Stabilizasiya fondu: təbii sərvətlərin istismarından dövlətin əldə etdiyi gəlirlərin stabilləşdirilməsi üçün.

Azərbaycan Dövlət Neft Fondu əsasən yığım məqsədilə yaradılan bir fonddur. Azərbaycanda Dövlət Neft Fondunun yaradılması çox düzgün və vaxtında atılmış bir addım idi. Hökumət ARDNF-nun yaradılması və onun vəsaitlərindən istifadə edilməsi istiqamətdə həm institusional, həm də proqram xarakterli bir sıra uğurlu işlər görüb. Hazırda, ADNF həm tədqiqatçılar, həm də iqtisadi siyasətlə məşğul olanlar tərəfindən ən düzgün tərtib edilmiş bir neft fondu kimi misal gətirilir. Amma bütün yığım fondları kimi ARDNF qarşısında da belə bir problem dayanır: artan neft gəlirləri fonunda əhali öz gəlirlərinin də eyni sürətlə artmasını görmək istəyir, bu isə öz növbəsində neft fondunun yığım fəlsəfəsi ilə uyğun gəlmir.


Neft gəlirlərinin necə və hara xərclənməsi barədə gedən müzakirələrdə, QHT-lər və ictimai-siyasi qüvvələr də fəal iştirak edirlər. Bu çox arzuolunan bir haldır. Amma, təssüf ki, əksər hallarda bu müzakirələr siyasi dividendlər əldə etmək məqsədilə aparılır və konkret təkliflər əvəzinə populist siyasi şüarlar səsləndirilir. AAA təşkilatı kimi biz heç bir siyasi xətt yürütmürük və bizim əsas məqsədimiz təşkilatımızın üzvlərinin dünyanın qabaqcıl universitetlərindən, şirkət və təşkilatlarından əldə etdikləri bilik və təcrübədən istifadə edərək, hökumətimizə uğurlu iqtisadi siyasət aparmaqda yardımçı olmaqdır.
Azərbaycanda neft gəlirlərinin istifadəsində üç mühüm məsələni fərqləndirmək lazımdır:


  1. Neft gəlirlərinin hansı hissəsinin indi istehlak üçün xərclənib, hansı hissəsinin isə gələcək nəsillər üçün yığılıb saxlanması

  2. Neft gəlirlərinin qeyri-istehlak üçün xərclənən hissəsinin hansı layihələr üçün istifadə edilməsi

  3. Neft gəlirlərinin isitifadə edildiyi layihələrdə xərclərin səmərəli və şəffaf şəkildə istifadə edilməsi

İndi isə bu məsələlərin hər üçünü ayrı-ayrılıqda araşdıraq:




  1. Nə qədər indi xərcləməli, nə qədər gələcək nəsillərə saxlamalı?

Azərbaycanın neft və qaz ehtiyatları sonsuz deyil: 2005-ci ilin sonuna olan məlumata əsasən Azərbaycanın təsdiq olunmuş neft ehtiyatı 7 milyard barel, qaz ehtiyatı isə 1,38 trilyon kubmetrdən bir az artıqdır (BP şirkətinin 2005-ci ilin sonuna olan məlumatı: Statistical Review of World Energy 2005). Hazırkı hasılat planlarına əsasən demək olar ki, mövcud təsdiq olunmuş ehtiyatlar ancaq 2-3 növbəti onillik ərzində tükənəcək.



Şəkil 1.


Ona görə də neft gəlirlərindən elə isitifadə edilməlidir ki, həm indiki nəsilin, həm də gələcək nəsillərin rifahı yüksək şəkildə təmin edilsin. Bu səbəbdən hər il dəqiq müəyyən edilməlidir ki, neft gəlirlərinin hansı hissəsi xərclənməli, hansı hissəsi isə gələcək üçün yığılmalıdır. Burada əsas prinsip nəsillərarası istehlakın optimallaşdırılması olmalıdır. Son vaxtlar bəzi Azərbaycanlı iqtisadçılar (parlamentdə və hökumətdə təmsil olunan iqtisadçılar) neft gəlirlərinin 75%-nin cari istehlak üçün xərclənib, 25%-nin isə yığılmasının tərəfdarı olduqlarını bildirirlər. Fikrimizcə bu məsələyə qeyri ciddi yanaşmadır, belə ki, neft gəlirlərinin çox böyük hissəsinin xərclənməsi aşağıdakı ciddi problemlərə gətirib çıxarar:


  • “Holland Xəstəliyi”. Neft gəlirlərinin böyük hissəsinin qısa müddətdə Azərbaycanda xərclənməsi Azərbaycan iqtisadiyyatında “Holland Xəstəliyi”nin kəskin meydana çıxıb şiddətlənməsinə səbəb olar:

    • milli valyutanın real mübadilə məzənnəsi daha da güclənər

    • xarici ticarətdə iştirak edən qeyri-neft istehsal sahələri daha da tənəzzülə uğrayar

    • xarici ticarətdə iştirak etməyən istehsal sahələri daha da güclənərək ölkənin gələcək iqtisadi təhlükəsizliyini kölgə altına alar

“Holland Xəstəliyi”iqtisadiyyatda əsasən iki formada özünü büruzə verir: 1) Xərclər Effekti; 2) Resursların Hərəkəti Effekti.

Xərclər Effekti

Xərclər Effekti, təbii sərvətlərin ixracından əldə edilən gəlirlərin əsasən ölkə daxilində xərclənməsi halında baş verir. İxrac gəlirlərinin ölkə daxilində xərclənməsi birbaşa olaraq xarici valyutaların yerli valyutaya çevirməsi ilə baş verir. Bu isə yerli valyutaya tələbi artırdığı üçün onun dəyərini də artırmış olur.

Yerli valyutanın yüksək məzənnəsi isə o deməkdir ki, yerli məhsullar beynəlxalq bazarda bahalaşır və xaricdə istehsal olunmuş məhsullar daxili bazarda ucuzlaşır. Nəticə etibarilə, xarici ticarətdə iştirak edə bilən malların istehsalı azalır və ölkəyə idxal artır.

İnkişaf etmiş ölkələrdə, məzənnənin dəyər qazanması adətən xarici ticarətdə iştirak edən malların istehsalını azaldır. Bir çox inkişaf etməkdə olan ölkələrdə təbii sərvətlər ixracından gələn gəlirlərin kəskin artması dövründə onların yaxsı inkişaf etmiş digər sənaye istehsalı çox az olur. Amma, “Holland Xəstəliyi” belə ölkələr üçün vacib ixrac sahəsi olan kənd təsərrüfatına da mənfi təsir edir. Əlavə olaraq, bu fenomen ən azından subsidyalarsız fəaliyyət göstərə bilən istehsal sənayesinin inkişafına böyük əngəl ola bilər.


Resursların Hərəkəti Effekti
Bu effekt o zaman baş verir ki, iqtisadiyyatda bum sektoru (neft sektoru) çoxlu miqdarda digər məhsullar və xidmətlər tələb edir ki, bu da bütün sahələrdə həmin məhsulların qiymətini və onların istesalında istifadə olunan istehsal amillərinin qiymətini qaldırır.

Yuxarıda izah olunan məzənnə effektinə oxşar olaraq, ümumi vəziyyət qeyri resurs sektorunda istehsal edilən məhsulların qiymətinin qalxması və onların beyləlxalq reqabətliliyini azalması ilə nəticələnir.

Amma belə bir fakt da mövcuddur ki, “Holland Xəstəliyinin” bu təzahürü neft bumu ilə xarakterizə olunan inkişaf edən ölkələrdə o qədər də güclü deyil. Bu onunla izah edilir ki, inkişaf edən ölkələrdə neft layihələri yerli mal və xidmətlərin təchizatçıları ilə az əlaqədə olurlar. Neft sektoru o qədər də məşğulluq yaratmadığından, nəticə etibarilə ölkədə əməyin qiyməti qalxmır. Buna baxmayaraq neft sektorunun inkişafı mütəxəssislərə (mühəndislər), və infrasturuktur qurmaq üçün tikinti materiallarına tələbi artıra bilər.

İndi isə Azərbaycan iqtisadiyyatına nəzər salaq. Aşağıdakı cədvəl 1994 cü və 2020 ci illərdə Azərbaycanın dövlət büdcəsinin qeyri neft gəlirləri və xərclərinin dinamikasını göstərir.




Şəkil 2.
İndi isə Azərbaycanın valyuta bazarında manatın nominal olaraq əsas ticarət partnyoru ölkələrin valyutalarına nisbətən effektiv məzənnəsinin dinamikasına nəzər yetirək.



Şəkil 3.


Göründüyü kimi üzən valyuta məzənnəsi sistemində tələb-təklif əsasında formalaşan manatın nominal effektiv məzənnəsi əsas ixrac partnyoru olan ölkələrin valyutalarına nisbətdə möhkəmlənmişdir. Aşağıdakı cədvəl isə istehlak qiymətlərinin artım faizini göstərir. Cədvəldən göründüyü kimi 2003-cü ilin sonuna qədər inflyasiya əvvəlki ilə nisbətən 2% ətrafında dəyişmişdir. Amma bu dövrdən sonra yəni 2003 cü ilin sonuna və 2004 ilin əvvəllərində Milli Bankın manatın təklifini artırması nəticəsində bazarda inflaysiya daha da artıq olmuşdur. İstehlak qiymətləri indeksi 2005 ci ilin ikinci yarısında 11.5%-lə maksimum həddə çataraq həmin ilin sonuna 9.5% olmuşdur.

Şəkil 4.
Manatın nominal effektiv məzənnəsinin qısa müüdətdə ucuzlaşmasından sonra 2005 ci ilin ortalarında yenidən bahalaşmağa başlamışdır. Bunun səbəbi isə artıq xarici valyutanın təklifinin daha da artması nəticəsində baş vermişdir. Manatın nominal effektiv məzənnəsinin artması isə “Holland Xəstəliyinin” xərclər effektinə uyğun gəlir. Amma nominal effektiv məzənnənin artması hələ ölkənin dünya bazarında rəqabət qabiliyyətinin tam göstəricisi deyildir. Ölkənin dünya bazarında rəqabət qabiliyyətinin əsas göstəricisi real effektiv məzənnədir ki bu da nominal effektiv məzənnənin ölkədə və dünyada olan inflyasiyaya uyğunlaşdırılmasıdır. Yəni ölkədə olan inflyasiya manatı digər valyutalara nisbətən real olaraq bahalaşdırdığı halda digər ölkələrdə olan inflyasiya isə manatı digər valyutalara nisbətən real olaraq ucuzlaşdırır. İndi isə manatın real effektiv məzənnəsinin dinamikasına nəzər yetirək.



Şəkil 5.


Cədvədən göründüyü kimi manatın real effektiv məzənnəsinin nominal effektiv məzənnənin bahalaşması dövründə, digər valyutalara nisbətdə ucuzlaşmasının səbəbi isə dünyada, yəni Azərbaycanın əsas ticarət partnyoru olduğu ölkələrdə olan inflyasiyanın Azərbaycanda olan inflyasiyadan böyük olması ilə izah edilir. Amma 2003 cü ilin sonu və 2004 cü ilin əvvəlində baş verən iflyasiya Azərbaycanın əsas ticarət partnyoru olduğu ölkələrdə olan inflyasiyanı üstələmiş və manatı real olaraq bahalaşdırmışdır. Bu da son nəticədə Azərbaycanın dünya bazarında rəqabət qabiliyyətini müəyyən edir. 2003 cü ilin sonundan başlayan bu bahalaşma həm nominal olaraq həm də real olaraq baş vermişdir.

Şəkil 6.


Son nəticədə manatın real effektiv məzənnəsinin ixraca təsirini müəyyənləşdirək. Yuxarıdakı grafik ixracin struktur dinamikasınıı göstərir. İxrac neft sektoruna və qeyri neft sektoruna bölünmüşdür. Gördüyümüz kimi hər il ixrac artmaqdadır. Birinci xətt ixrac xəttidir ki o da hər il artır. Bu xəttdən aşağıdakı xətt isə neft ixracının həcmini göstərir. Neft ixracının həcmi ümumi ixracla birgə artdığı halda qeyri neft istehsalı sabit bir trendlə hərəkət etməkdədir. 2005-ci ilin II rübündə ildə qeyri-neft ixracı 195 milyon ABŞ dolları olduğu halda bu rəqəm 2005-ci ilin İİİ rübündə 10 % azalaraq 174 milyon ABŞ dolları olmuşdur və həmin rəqəm 2005-ci ilin İV rübündə ildə 15 % azalaraq 146 milyon dollara düşmüşdür. Elə bunu da 2004-cü ilin sonunda və 2005-ci ilin əvvəllərində ölkədə baş verən inflyasiya nəticəsində manatın əsas ixrac partnyorları ölkələrinin valyutalarına nisbətdə real bahalaşmasının nəticəsi kimi izah etmək olar.

Sonda belə bir nəticəyə gəlmək olar ki artıq neft gəlirləri elə bir həcmdə iqtisadiyyata daxil olmağa başlayıb ki, onu idarə etməyin çətinlikləri asta-asta üzə çıxır:



  • Neft gəlirlərinin böyük hissəsinin indi xərclənməsi (əsasən də istehlak məqəsədilə) Azərbaycan iqtisadiyyatını gələcəkdə neftin qiymətindən kəskin asılı vziyyətdə qoyar

  • Neft gəlirlərinin böyük hissəsinin indi xərclənməsi iqtisadi islahatların aparılmasının vacibliyindən diqqəti yayındırar, fiskal, vergi və mübadilə məzənnəsi siyasəti sahələrində bir arxayınçılığa gətirib çıxarar ki, bu da Azərbaycanın qlobal miqyasda rəqabət apara bilən iqtisadiyyat qurması niyyətini puç edər.

  • Neft gəlirlərinin əksər hissəsinin indi xərclənməsi, nəsillərarası ədalət baxımından düzgün olmazdı – gələcək nəsillərə ancaq korlanmış ətraf mühit və lazımsız, paslanmış infrastruktur qalar (neft sənayemizin indiki müstəqillik dövrümüzə qədərki vəziyyəti buna misaldır)

  • Harrod-Balassa-Samuelson effektinin mənfi təsiri (ümumi qiymət səviyyəsinin və istehsal amilləri qiymətlərinin sürətlə artması səbəbindən) orta və uzun müddətdə qeyri-neft istehsal sahələrinə ciddi ziyan vura bilər

Yuxarıda sadalananları nəzərə alaraq, təklif edirik ki, neft gəlirlərinə “göydəndüşmə” gəlirlər kimi baxaraq, həmin pulları əsasən ölkənin insan kapitalının artırılması, yığım, bir qismini isə ölkənin iqtisadi gücünü artırmağa xidmət edən iri infrastruktur layihələri üçün sərf edilməsi məqsədəuyğun olardı. Xərc-yığım bölgüsü indi bəzilərinin barmaqhesabı təklif etdiyi kimi 75-25 deyil, bele bir prinsipə əsasən aparılmalıdır ki, Azərbaycanın neft gəlirləri həm indiki, həm də gələcək nəsillərin həyat səviyyəsinin yüksəldilməsinə və rəqabətqabiliyyətli iqtisadiyyatın qurulmasına sərf edilməlidir.


Neft gəlirlərinin yığım üçün olan hissəsini isə, yüksək gəlir gətirmək məqsədilə yerli və xarici fond idarəçilərinə həvalə etmək olar. Bu yolla həmçinin Azərbaycanı gələcəkdə güclü regional maliyyə xidmətləri mərkəzinə çevirmək mümkündür.


  1. Neft gəlirlərini necə və hara xərcləməli?

Neft pullarının hara xərclənməsi məsələsi ən mürəkkəb məsələlərdən biridir və bu məsələdə edilə biləcək səhv, vətəndaşlarımızın Azərbaycanın parlaq gələcəyi ilə bağlı ümidlərinin puça çıxması demək olardı. Səhvə yol verməmək və xərclənən neft pullarının səmərəli istifadəsi üçün, fikrimizcə aşağıdakı addımlar atılmalıdır:




  • Mütəxəssisləri cəlb edərək qabaqcıl dünya təcrübəsindən öyrənməklə qısa müddətdə Azərbaycanın Ümumi İnkişaf Konsepsiyası hazırlanmalıdır

  • Azərbaycan Prezidenti yanında, bu Konsepsiyanın ardıcıl və uğurla həyata keçirilməsinə nəzarət edəcək İnkişaf Əlaqələndirmə Şurası yaradılmalıdır

  • Neft pullarının xərclənməsində Dövlətin və Özəl Sektorun rolları dəqiq müəyyən edilməlidir

    • Dövlət əsasən mikro- və makroiqtisadi əlverişli mühitin yaradılması və iri vacib infrastruktur layihələrinin həyata keçirilməsi ilə məşğul olur

    • Özəl Sektor isə yaradılımış əlverişli rəqabət və açıq iqtisadiyyat mühitinə öyrəşib inkişaf etməlidirlər

  • Sosial və iqtisadi inkişafın prioritet istiqamətləri müəyyənləşdirilməlidir və istifadə olunacaq resurslar məhdud olduğu üçün, hər iki sahədəki prioritetlər uzlaşdırılmalıdır

  • Uzunmüddətli iqtisadi inkişaf planları və hədəfləri müəyyən edilməlidir

  • Amma, dövlətin neft pullarından istifadə edərək biznes layihələrində birbaşa iştirakına yol verilməməlidir!

İqtisadi siyasət elə qurulmalıdır ki, guya ki, heç neft gəlirləri yoxdur. Ancaq bu halda neft gəlirləri ümumi iqtisadi inkişafa müsbət təsir edə bilər.
Neft gəlirləri dövlət tərəfindən əsasən üç məqsəd üçün xərcələnsə yaxşı olar:


  1. İnsan kapitalının inkişafına

  2. İri infrastruktur layihələrinə

  3. Ölkədə münbit mikroiqtisadi mühitin yaradılmasına

Fikrimizcə, neft pullarının inkişaf üçün xərclənməsi, ölkəmizin coğrafi şəraiti (regionda yeri, təbii ehtiyatları və iqlim şəraiti), iqtisadi inkişaf səviyyəsi, sosial sahədəki vəziyyət, iqtisadi, siyasi və sosial institutların hazırkı inkişaf səviyyəsini nəzərə alaraq aşağıdakı istiqamətərdə istifadə edilməsı çox məqsədəuyğun olardı:




  1. Neft-kimya sənayesinin inkişafına:




    • Yüksək ixtisaslı idarəetmə və texniki rəhbər kadrların hazırlanmasına

    • Neft-kimya sənayesinin elmi-texniki bazasının müasirləşdirilməsinə

    • Azərbaycanın neft-kimya sənayesinin texnoloji baxımdan müasirləşdirilməsinə

    • Azərbaycanın neft maşınqayırması sənayesinin müasirləşdirilməsinə və ixrac qabiliyyətinin artırılmasına

    • Regional neft sənayesi üçün tikinti və quraşdırma mərkəzinə çevrilməsinə

    • Azərbaycanın tədricən digər regionlarda neft istehsaı edən ölkəyə çevrilməsinə

    • Kimya sənayesinin regional kənd təsərrüfatı üçün gübrələr istehsal etməsinə

    • Plastik əmtəələrin müasir texnologiyaya əsasən istehsalı üçün lazımi şəraitin yaradılmasına



  1. Təhsil sahəsinə:




  • Azərbaycanın gələcək əsas iqtisadi inkişaf istiqamətlərinə uyğun olan sahələrdə yüksək ixtisaslı mütəxəssislərin dünyanın qabaqcıl təhsil müəssisələrində hazırlanmasına

  • Azərbaycanda təhsil müəssisələrinin müsair tələblərə cavab verən mühəndis-texniki mütəxəssisləri hazırlamasına

  • Müxtəlif sənaye sahələri üçün yüksək ixtisaslı işçilər yetişdirən ixtisaslaşdırılmış peşə təhsili ocaqlarının yaradılmasına

  • Təhsil müəssisələrinin təmirinə və maddi-texniki bazasının möhkəmləndirilməsinə

  • Təhsil kreditləri sisteminin yaradılmasına


Şəkil 8. Azərbaycanın Təhsil və Səhiyyə xərclərinin müqayisəli təhlili


  1. Səhiyyə sahəsinə:




  • Xəstəliklə mübarizə almağa yönələn səhiyyə sistemindən, xəstəliklərin qarşısını almağa yönələn səhiyyə sisteminə keçilməsinə

  • Səhiyyə sahəsində idarəetmə mütəxəssislərinin yetişdirilməsinə

  • Ölkədə səhiyyə infrastrukturunun müasirləşdirilməsinə

  • Tibbi sığorta sisteminin realist əsaslarla qurulmasına

  • Regional əhəmiyyətli əczaçılıq və gigiyena sənayesinin təşəkkül tapmasına




  1. Nəqliyyat infrastrukturunun inkişafına:




  • Regional neft-qaz tranzitində Azərbaycanın rolunu gücləndirən infrastruktur layihələrinə

  • Mal və xidmətlər, informasiya nəqlində Azərbaycanı regional mərkəzə çevirə biləcək infrastrukturun gecikmədən yaradılmasına

  • Biznes xidmətləri sektorunun yaradılıb inkişaf etdirilməsinə




  1. Kənd təsərrüfatının inkişafına:




  • Mikromaliyyələşmənin geniş tətbiqinə

  • Maddi-texniki bazanın möhkəmləndirilməsinə

  • Kəndli sahibkarların ixraca daha yaxından qoşulmasına kömək üçün təhsil və biznes xidmətlərinin təşkilinə

  • Dünyadakı qabaqcıl aqrotəcrübənin Azərbaycana gətirilməsi işinin səmərəli təşkilinə

  • Qida və Yüngül sənaye sahələrinin inkişafı üçün lazımi şəraitin yaradəlmasına

6. Turizmin inkişafına:




  • Ölkədə turizmin inkişafı üçün vacib olan infrastrukturun müasirləşdirilməsi və ya yaradılmasına

    • Aviasiya nəqliyyatı infrastrukturu

    • Avtomobil nəqliyyatı infrastrukturu

    • Dəmiryolu nəqliyyatı infrstrukturu

    • Energetika infrastrukturu

    • Poçt və rabitə infrastrukturu

  • Azərbaycanın diplomatik nümayəndəlikləri, dövlət təşkilatları və şirkətləri vasitəsilə Azərbaycanın turizm imkanlarının xaricdə geniş təşviqinə

  • Turizm bazarının liberallaşdırılması və xarici sərmayələrin cəlb edilməsi işinə


7. Gələcəyin texnologiyalarının Azərbaycanda istehsalının təşəkkül tapmasına və Azərbaycanın qlobal biznes xidmətləri bazarına yaxından qoşulmasına


  • Elektron sənayesinin inkişafına

  • Biotexnologiya sənayesinin inkişafına

  • İKT istehsalı mərkəzlərinin yaradılmasına

    • Lazımi mütəxəssislərin hazırlanmasına

    • Müvafiq infrastrukturun yaradılmasına




  1. İqtisadi və insan inkişafı ilə bərabər dayanıqlı inkişafın digər mühüm amili olan Ekoloji balansın qurunub saxlanmasına

    • Yerli və regional ekoloji layihələrin maliyyələşdirilməsinə

Yuxarıda sadaladıqlarımız ancaq ümumi sahələrdir və bu sahələrin prioritetləşdirilməsi və inkişafı üçün konkret dövlət proqramlarının hazırlanmasına ehtiyac var.




  1. Neft Pullarının Xərclənməsinə Necə Nəzarət Etməli?

Neft pullarının xərclənməsinə nəzarət ilə büdcə vəsaitinin xərclənməsinə nəzarət arasında fərq qoymaq düzgün deyil: belə ki, bu vəsaitlərin hər ikisi ictimai vəsaitlərdir və onlara nəzarət mexanizmləri də eyni olmalıdır. Təəssüflər olsun ki, bir çox keçid ölkələrində olduğu kimi Azərbaycanda da ictimai vəsaitlərin xərclənməsinə nəzarət mexanizmi mükəmməl deyil.


Neft pullarının və digər ictimai vəsaitlərin xərclənməsinə nəzarəti gücləndirmək və Neft Fondundan ayrılan vəsaitlərin xərclənməsinin səmərəliliyini təmin etmək üçün aşağıda sadalanan tədbirləri təklif edirik:


  • Vətəndaş cəmiyyəti institutlarının neft pullarının xərclənməsinə nəzarət işinə daha yaxından cəlb edilməsi

  • Mətbuatın neft pullarının xərclənməsinə nəzarəti üçün aşkarlıq şəraitinin yaradılması

  • Neft pullarının xərclənməsinin birbaşa təsir etdiyi icmaların nəzarət işinə qoşulmasına imkan yaradılması

  • Müvafiq dövlət orqanları və müstəqil beynəlxalq audit təşkilatları tərəfindən müntəzəm audit və yoxlamaların keçirilməsi və nəticələrin geniş ictimaiyyətə mətbuat və hesabatlar vasitəsilə açıqlanması

  • Ölkə xaricindən kənarda saxlanılan neft pullarının kimə, hansı şərtlərlə idarəyə verilməsi və nəticələr barədə müntəzəm məlumatların dərci

Biz inanırıq ki, neft pulları Azərbaycanın uzunmüddətli iqtisadi tərəqqisində və qüdrətli ölkəyə çüvrilməsində effektiv bir vasitə rolunu oynayacaq. Azərbaycanın uzunmüddətli iqtisadi inkişafının elmi-texniki bazasının yaradılması, indiki və gələcək nəsillərin həyat səviyyəsinin daimi olaraq yüksəldilməsi, ölkədə siyasi demokratiyanın dönməz şəkildə bərqarar edilməsi və Azərbaycanın regionda və dünyada nümunə götürüləcək bir ölkəyə çevrilməsi üçün, neft gəlirləri böyük imkanlar açır. Bir məsələni heç zaman yaddan çıxarmaq lazım deyil ki, ölkələrin qloballaşan dünyada rəqabətqabiliyyətli və müstəqil qalmalari üçün əsas amil insan amili olaraq qalacaq və inanırıq ki, ölkəmizin neft gəlirləri məhz rəqabətqabiliyyətli Azərbaycan qurulması məqsədi üçün istifadə ediləcək. Azərbaycanın Amerika Məzunları Cəmiyyəti bu şərəfli vəzifənin həyata keçirilməsində uyğun qaydada iştirak edib öz köməyini gösətərməyə daim hazırdır!








Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə