"Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya"nın təsdiq edilməsi barədə



Yüklə 29,79 Kb.
tarix07.12.2017
ölçüsü29,79 Kb.
#14244

"Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya"nın təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində ölkənin ilbəil artan neft və qaz gəlirlərini qeyri-neft sektoruna yönəltməklə iqtisadiyyatın tarazlı inkişafına nail olmaq, gəlirlərin səmərəli idarə olunmasını və istifadəsini təmin etmək məqsədilə qərara alıram:



1.  "Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya" təsdiq edilsin (əlavə olunur).

2.  Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 27 sentyabr 2004-cü il



№ 128

 

 



 

Azərbaycan Respublikası Prezidentinin

27 sentyabr 2004-cü il tarixli 128 №-li Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli



STRATEGİYA

 

GİRİŞ

Azərbaycan Respublikasında həyata keçirilən islahatlar nəticəsində son illər ölkədə makroiqtisadi və maliyyə sabitliyi əldə edilmiş, iqtisadiyyatda struktur dəyişiklikləri dərinləşmiş, sahibkarlığın inkişafı üçün münbit şərait yaranmışdır. Bütün istiqamətlərdə ardıcıl aparılan işlər ölkənin sosial-iqtisadi inkişafına, o cümlədən əhalinin rifah halının yaxşılaşmasına güclü təkan vermişdir.

1994-cü ildən başlayaraq həyata keçirilən Milli Neft Strategiyasının reallaşması sayəsində Azərbaycan Respublikası neft və qaz yataqlarının inkişafı istiqamətində keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, ölkə iqtisadiyyatına külli miqdarda investisiya cəlb edilmiş, Xəzər dənizinin karbohidrogen ehtiyatlarının Azərbaycandan keçməklə dünya bazarlarına nəqli sahəsində nailiyyətlər əldə edilmiş, 1999-cu ildən etibarən "Əsrin müqaviləsi" üzrə mənfəət neftinin ixracı nəticəsində ölkəyə xarici valyutanın davamlı daxil olması təmin edilmişdir.

Azərbaycanda karbohidrogen ehtiyatlarının geniş miqyaslı istismarı ilə əlaqədar olaraq, bir tərəfdən, neft və qaz gəlirlərinin 2008-ci ildən başlayaraq kəskin artması və digər tərəfdən, mövcud neft-qaz ehtiyatlarının nisbətən qısa müddətdə tükənmə ehtimalı, böyük həcmdə xarici valyutanın daxil olması şəraitində ölkədə bərqərar olan makroiqtisadi sabitliyin qorunması, gəlirlərin bir hissəsinin gələcək nəsillər üçün saxlanması ilə yanaşı, onlardan indiki nəslin rifahının yüksəldilməsi üçün istifadə edilməsi, qeyri-neft sektorunun inkişafının stimullaşdırılması və iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsi neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiyanın qəbul edilməsi zərurətini gündəmə gətirmişdir.

Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya 2005-2025-ci illəri əhatə edir və bu müddət ərzində həmin gəlirlərdən istifadənin əsas prinsiplərini və ortamüddətli xərclər siyasətini müəyyənləşdirir. Bu strategiya aşağıda göstərilən mənbələrə uyğun olaraq neftin və qazın satışından Azərbaycan Respublikasının Dövlət Neft Fondunda və dövlət büdcə-sində toplanan gəlirlərin idarə edilməsini nəzərdə tutur.



1. Neft və qaz gəlirlərinin uzunmüddətli dövr üçün proqnozlaşdırılması

Uzunmüddətli dövr üçün Azərbaycan Respublikasının neft və qaz gəlirlərinin həcmi ölkənin təsdiq olunmuş neft və qaz ehtiyatlarının ehtimal olunan qiymətləri əsasında müəyyən edilir.

Neft və qaz ehtiyatlarının həcmi Azəri-Çıraq-Günəşli, Şahdəniz yataqlarından, hasilatın pay bölgüsü sazişlərində nəzərdə tutulmuş digər yataqlardan, eləcə də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və onun təsisçiliyi ilə yaradılmış müştərək müəssisələrin istismarında olan yataqlardan gözlənilən neft və qaz ehtiyatlarının qiymətləndirilməsi əsasında müəyyən edilir.

Yeni yataqlar kəşf edildikcə Azərbaycanın neft və qaz ehtiyatlarının həcmi ilə bağlı proqnozlar dəqiqləşdirilir.

Neftin və qazın qiyməti pessimist variantda (baza variantında nəzərdə tutulduğundan aşağı qiymətlə) proqnozlaşdırılır (baza variantı - neftin və qazın müvafiq dövr üçün proqnozlaşdırılan qiymətidir).

Neft və qaz gəlirlərinin mənbələri aşağıdakılardır:

a)  hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq Azərbaycanın payına düşən mənfəət nefti və Azərbaycan Respublikası Dövlət Neft Fondunun qanunvericiliklə müəyyən edilmiş digər gəlir mənbələri;

b)  hasilatın pay bölgüsü sazişlərinə əsasən sərmayəçilər tərəfindən dövlət büdcəsinə ödənilən mənfəət vergisi;

c) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neftin və qazın hasilatı ilə bağlı vergi ödənişləri və dövlət büdcəsinə digər ödənişlər;

ç) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təsisçisi olduğu neft və qaz hasilatı ilə məşğul olan müştərək müəssisələrin dövlət büdcəsinə vergi ödənişləri.



2. Neft və qaz gəlirlərindən uzunmüddətli istifadə prinsipləri

Neft və qaz gəlirlərindən uzunmüddətli istifadə prinsipləri aşağıdakılardan ibarətdir:

uzunmüddətli dövr üçün neft və qaz gəlirləri hesabına xərclərin proqnozlaşdırılması zamanı dəyişməz real xərclər prinsipi əsas götürülür və bu strategiyanın əhatə etdiyi dövr ərzində nəzərdə tutulan xərclər üçün illik limit müəyyən edilir;

neft və qaz gəlirlərindən daxilolmalar zirvə səviyyəsinə çatdıqda onların 25 faizdən az olmayan hissəsi yığıma yönəldilir;

neft və qaz gəlirlərinin qəbul edilmiş xərcləmə qaydaları neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiyanın əhatə etdiyi dövr ərzində dəyişməz qalır və bu zaman dəyişməz real xərclər prinsipi əsasında proqnozlaşdırılan xərclər limitinə riayət olunur;

ortamüddətli dövr ərzində xərclərin həcmi uzunmüddətli dövr üçün müəyyən edilmiş limitlər nəzərə alınmaqla, qeyri-neft kəsiri (neft sektoru nəzərə alınmadan ölkənin icmal büdcəsinin gəlirləri və xərcləri arasında fərq) əsasında müəyyən edilir. Növbəti ilin xərcləri ilə əvvəlki ilin xərcləri arasında kəskin artıb-azalmalar arzuolunmaz hesab edilir və qeyri-neft kəsirinin kəskin dəyişməsinə yol verilmir;

investisiya yönümlü xərclər hər il üçün tərtib olunan ortamüddətli Dövlət İnvestisiya Proqramı çərçivəsində həyata keçirilir.

Hazırda Azərbaycanın investisiyaya olan yüksək tələbatının ödənilməsi ilk dövrlərdə xərclərin artması ilə yanaşı, qeyri-neft sektorunun inkişafına və ölkənin tədricən neft və qaz gəlirlərindən asılılığının zəifləməsinə şərait yaradacaqdır.

Qeyri-neft sektorunun uzunmüddətli dövr ərzində neft və qaz gəlirləri hesabına inkişafı ölkənin xarici borclara ehtiyacının azaldılmasına xidmət edəcəkdir.

3. Neft və qaz gəlirlərinin idarə olunması və xərclənməsi üzrə ortamüddətli siyasət

Makroiqtisadi sabitliyin təmin edilməsi və neft və qaz gəlirləri hesabına nəzərdə tutulan prioritet xərclərin əlaqələndirilməsi ortamüddətli siyasət əsasında həyata keçirilir.

Ortamüddətli dövr ərzində real xərclərin həcmi uzunmüddətli dövr üçün nəzərdə tutulmuş limitdən kənarlaşa bilər. Bu, qeyri-neft sektorunun inkişafını sürətləndirməklə bərabər, ayrı-ayrı dövrlərdə inflyasiyanın artımına səbəb olsa da, illik real xərclər müəyyən edilmiş qeyri-neft kəsirinin limitini nəzərə almalıdır.

Real xərclərin və qeyri-neft kəsirinin illik həcmi uzunmüddətli dövr üçün nəzərdə tutulmuş limitə uyğun olaraq müəyyən edilir. Qeyri-neft kəsirinin həcmi dəyişdikdə, bu dəyişikliyi zəruri edən konkret səbəblər göstərilir.



4. Neft və qaz gəlirlərindən istifadənin əsas istiqamətləri

Neft və qaz gəlirlərinin istifadə strategiyası makroiqtisadi sabitliyin qorunub saxlanılması əsasında aşağıdakı əsas istiqamətləri əhatə edir:

iqtisadiyyatın qeyri-neft sektorunun, regionların, kiçik və orta sahibkarlığın inkişafı;

infrastruktur sahələrin genişmiqyaslı inkişafı;

yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsi və digər sosial problemlərin həlli;

iqtisadiyyatın intellektual və texnoloji bazasının səviyyəsinin yüksəldilməsinin stimullaşdırılması;

"insan kapitalı"nın inkişafı (yüksək ixtisaslı kadrların hazırlanması (o cümlədən xarici ölkələrdə), kadrların professionallıq səviyyəsinin artırılması);

ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi;



azad edilmiş ərazilərin yenidən qurulması və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı tədbirlərin həyata keçirilməsi.

 
Yüklə 29,79 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə