Neft və Qaz yığımları



Yüklə 8,57 Kb.
tarix07.12.2017
ölçüsü8,57 Kb.
#14263

Neft və Qaz yığımları

Təbiətdə neft-qaz yığımlarının müxtəlif kateqoriya və növlərinə rast gəlinir. Neft və qaz yığımlarının növlərə görə təsnifatı haqqında müxtəlif tədqiqatlar aparılmışdır. Lakin əksər tədqiqatlarda neft və qaz yığımlarının yalnız lokal təsnifatı verilmişdir. Neft-qaz yığımlarının regional təsnifatına dair tədqiqat işləri isə az aparılmışdır. Karbohidrogen yığımlarının regional təsnifatı İ.M.Qubkin, Ə.Ə.Bakirov, İ.O.Brod, İ.V.Vısıtski, N.A.Yeryömenko, N.Y.Uspenskaya, V.Y.Xain və b. tərəfindən verilmişdir. Buna baxmayaraq, neft və qaz yığımlarının vahid təsnifatı mövcud deyildir. Bununla belə, Ə.Ə.Bakirovun neftli-qazlı ərazilərin həm regional, həm də lokal təsnifatı əsasən neftçi geoloqlar tərəfindən qəbul olunmuşdur.

Bu təsnifat yer qabığında rast gələn bütün neft və qaz yığımlarının əsas xüsusiyyətlərini nəzərə aldığından, axtarış-kəşfiyyat işlərində geniş istifadə edilir. Ə.Ə.Bakirova görə neft və qaz yığımları iki kateqoriyaya ayrılır: regional və lokal.

Regional kateqoriyaya neftli-qazlı əyalətlər asossiasiyası yaxud birliyi (platforma ərazilərində), neftli-qazlı qurşaq (geosinklinal ərazilərdə) və hər iki tektonik elementdə əyalət, vilayət, rayon və zona daxil edilir. Regional neftli-qazlı ərazilərin təsnifatı haqqında əvvəldə izahat verilmişdir.

Öz növbəsində lokal neft-qaz yığımları iki növə: neft-qaz yatağına və neft-qaz fərdi yatağına ayrılırlar.

Ə.Ə.Bakirov, İ.M.Qubkinin təsnifat sxemini inkişaf etdirərək neft və qaz yığımlarını mənşələrinə görə aşağıdakı siniflərə (növlərə) ayırır.



Struktur növ yataqlar. Bu sinfə daxil olan karbohidrogen yığımlarını ayırarkən struktur amil əsas götürülür. Karbohidrogen yığımları üçün tələ rolunu müxtəlif mənşəli lokal antiklinal struktur və həmçinin neft-qaz yığımı üçün ekran ola bilən qırılmalar oynayır.

Litoloji növ yataqlar. Bu yataqların formalaşmasında əsas rolu litoloji amil oynayır. Neft-qaz yığımları üçün tələnin xüsusiyyəti, çöküntütoplanma şəraiti, kollektor süxurların quruluşu, onların fiziki xassələri, layların qalxımı istiqamətində pazlaşması, litofasial əvəzolunması kollektorların linzavari yatım formaları ilə əlaqədar olur.

Riflərlə əlaqədar yataqlar. Belə neft və qaz yataqlarının formalaşmasında kollektor rolunu əsasən rif törəmələri oynayırlar. Belə halda qeyri-keçirici süxurlarla əhatə olunmuş rif massivləri tələ rolunu oynayırlar. Bəzi tədqiqatçılar bu növ neft yığımlarını litoloji sinifə aid edirlər.

Stratiqrafik növ yataqlar. Bu yataqların əmələ gəlməsində stratiqrafik bucaq uyğunsuzluğu əsas rol oynayır, platforma ərazilərində isə, hətta coğrafi uyğunsuzluq da. Tələ, yuyulma səthi üzrə kollektorları qeyri-uyğun örtən qeyri-keçirici, nisbətən cavan yaşlı çöküntülər hesabına yaranır. Neft-qaz yığımları isə uyğunsuzluq səthinə örtən nisbətən cavan qeyri-keçirici çöküntülərin altında yatan rezervuarlarda formalaşacaqdır.

Qarışıq növ yataqlar. Bu cür karbohidrogen yığımları struktur, litoloji, stratiqrafik və s. amillərin qarışıqlı iştirakı ilə formalaşırlar.
Yüklə 8,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə