Nəsib nəSİBLİ Güney azərbaycan XIX yüzilin qaranlıqlarında Qacar dövlətində Türklərin və Azərbaycanın yeri



Yüklə 151,31 Kb.
səhifə2/2
tarix11.03.2018
ölçüsü151,31 Kb.
#31145
1   2

(ardı)

Talıbov, yaradıcılığının ilk dövründə İran ictimaiyyətini Qərb siyasi-ictimai təlimləri və Qərbin elm və texnika sahəsindəki nailiyyətləri ilə tanış etməyə çalışmışdır. Bu məqsədlə o, Fransız maarifçilərinin əsərlərini Farscaya tərcümə edib yaymışdır. Yazdığı orijinal əsərlərdə isə müəllif alovlu İran millətçisidir. Talıbov qəti əmindir ki, “əsas məsələ İranlıların milli şüurunu, onlarda şəxsi ləyaqət hissini oyatmaqdır”.[51] İranın irəliləməsinin qarşısını alan birinci səbəb kimi o, dini və din xadimlərini göstərir. Onun fikrincə, ruhanilər cəmiyyətin mənəvi həyatı üzərində hakimdirlər; onlar ölkənin ən böyük torpaq sahibləri və sələmçiləridirlər; öz mülklərini bəst, yəni müqəddəs elan edən ruhanilər əhalini qəddarcasına istismar edir, ölkənin özləri kimi başqa tör-töküntülərinə və istismatçılarına himayədarlıq edirlər. Talıbov İranın ikinci böyük bəlası kimi despotik rejimi ən sərt şəkildə tənqid edir, hakimiyyətdə təmsil olunanları “vicdansız” adlandırır. Geriliyin üçüncü səbəbi kimi o, milli iqtisadiyyatın aqrar xarakterini, kəndlinin feodaldan tam asılı olduğunu göstərir.[52]

Hacı Zeynalabdin Marağayi 1837-ci ildə Marağada zəngin tacir ailəsində anadan olmuş, ilkin dini təhsilini bitirdikdən sonra Qafqaza (Kütaisə) gəlmiş, daha sonra Krıma gedib, orada da ticarətlə məşğul olmuşdur. Burada yaşayarkən Rus dili və ədəbiyyatını öyrənmiş, tərcümə ədəbiyyatı vasitəsilə Avropa siyasi fikrini əks etdirən əsərlərlə tanış olmuşdur. Marağayinin yazdığı üç cildlik “İbrahim Bəyin səyahətnaməsi” əsərinin birinci cildi 1897-ci ildə çap olunmuşdur. Bu əsər roman janrında yazılsa da ictimai-siyasi traktatdır. XIX yüzilin sonları İran maarifçiliyinin ən görkəmli nümunələrindən biridir. “Səyahətnamə” İrandakı mövcud siyasi-ictimai vəziyyəti, despotik idarəçiliyi, xürafatı tənqid etdiyinə görə İranda yasaqlanmışdı. Onun tənqidi Axundzadə, ya Mirzə Melküm Xanın əsərlərindəki tənqidlə səsləşir, ölkənin geriliyinin aradan qaldırılmasına yönəlmiş ideyalar təxminən eynidir. Diqqət çəkən fərqlərdən birisi Yapon inkişaf modelinə heyran olan müəllifin əlifbanın dəyişməsinin zəruri hesab etməməsi, “əlifbanın çətinliyinin mətləbə dəxli olmadığını” göstərməsidir.[53] Mirzə Melküm Xandan fərqli olaraq müəllif, Qərb meylli deyil, Qərbin ölkələrinin daxili işlərinə qarışmasına, İran iqtisadiyyatına sərmayə qoyulmasına qarşıdır. Mövzumuz üçün maraqlı olan ən diqqətçəkən cəhət odur ki, Marağayinin tarixi keçmiş konsepti Axundzadənin tarixi görüşləri ilə üst-üstə düşür.

Əsərin qəhrəmanı, İbrahim Bəy - əslində müəllifin idealı – qatı İran millətçisidir. Onun “iranlılıq təəssübü” o qədər güclüdür ki, “özünü tanıyan gündən etibarən İsgəndərin İrana qoşun yeridib, oranın bir çox şəhərlərini xaraba qoyması və qədim İranın paytaxtı olan İstəxr şəhərinə od vurması, Daranın öldürülməsi üzündən İsgəndər adını dilinə gətirmək istəməzdi.” Misirdə yaşayan bu şəxs “əgər İsgəndəriyyə şəhərindən ad çəkmək məcburiyyətində qalsaydı da, onu “Misir torpağının limanı” adlandırardı.[54] Müəllif hazırki bərbad vəziyyətə qarşı qədim İranın “dünya sivilizasiyasının mərkəzi” olması fikrini qoyur. “Möhtərəm cənab” adı ilə ideallaşdırdığı bir ziyalı deyir:”Axı məgər bu haman İran deyil ki, bir gün bütün yer üzünün gülşəni və cənnətin nümunəsi idi?! Bəs nə üçün indi otlu, tikanlı çöl-biyabana çevrilmişdir? Məgər bu torpaq əsrlər boyu dünya mədəniyyətinin beşiyi olan müqəddəs torpaq deyil?! Bəs necə oldu ki, onun vaxtı ilə başqalarının tərbiyəçisi olan əhalisi indi tərbiyəsiz adlandırılır?! İranlılar öz elm və mədəniyyəti ilə geniş şöhrət qazandıqları zamanlarda Avropa xalqları divlər və yırtıcı heyvanlar kimi vəhşiyyət dövrünü keçirirdilər. Pişdadilərin ədalətli qanunları indi də adil hökmdarlar üçün örnək ola bilər. Ənuşirvanın ədalətinin şöhrəti hələ də dünyada səslənir.”[55] İbrahim Bəy - Zeynalabdin Marağayi üçün İran tarixinin ən möhtəşəm dövrü Əhəməni və Sasanilərin hökmranlığı dövrüdür. Müəllifə görə, “Pişdadi sülaləsinin ilk padşahı olan Kəyumərsdən tutmuş Sasani sülaləsinin sonlarınadək bu abad ölkə ədalətin mənbəyi olmuş, onun saçdığı mədəniyyət işıqları başqa ölkə xalqlarının gözünü qamaşdırmışdır.”[56] Müəllif, “cənnətməkan” Firdovsini çox vəsf edir, çünki o, “bir millətin (Farsların – N.N.) ölmüş dilini diriltdi, millətin tarixinə dəyərli xidmət etmiş oldu.” Müəllif elə buradaca Qəznəli Sultan Mahmudu pisləməyi uyğun görür, Firdovsiyə mükafat vədi deyilən əfsanəni “boş vəd” adlandırır.[57] Zeynalabidin Marağayi İran tarixinin ən möhtəşəm dövrlərindən birini də Səfəvilərin, xüsusilə Şah Abbasın hökmranlığı dövrü sayır, onları vəsf edir, Çingiz övladlarının hakimiyyəti dövrünü isə bədbəxtliklər dövrü sayır.[58]

Əsərin üçüncü cildində müəllif “bıçağın sümüyə dayandığını” bildirib, Qacarları və Qacar hakimiyyətini nəzərdə tutaraq haray çəkir: “Ey Çingiz tayfasının qalıqları! Bilin və agah olun ki, sizin hökmranlıq dövrünüz başa çatmışdır.”[59] Hakimiyyətin mənşəyinə bu cür etnik yanaşma “İbrahim Bəyin səyahətnaməsi” üçün xarakterik deyildir. Əsərdə İran bütöv olaraq ələ alınır, ölkənin etnik quruluşu haqqında demək olar heç nə deyilmir. Əsərin bir yerində etnik münasibətlər haqqında kiçik işarə var. Romandakı surətlərdən biri deyir ki, “bunlarla işiniz olmasın, Türkdürlər. Bunlar sadəlövh və tərbiyəsiz olurlar.”[60] Əsərin üçüncü cildi, müəllifin tərcümeyi-halı haqqında hissədə isə müəllif özünü təqdim edir:”Əlqərəz, başdan ayağa günahkar olan bu müəllif Zeynalabdin ibn-Məşədi Əli ibn-Hacı Rəsul ibn-Hacı Abdulla ibn-Həmzə Xan Savucbulaq Kürdlərindən və o mahalın xanlarından idi.”[61]

İranın fikir həyatına mühüm təsiri olmuş görkəmli mütəfəkkirlərin ideyalarının nəzərdən keçirilməsi ilə yanaşı, dövri mətbuatda yer almış mövzuların qısaca araşdılmasının da mühüm önəmi var. Iranda ilk qəzet – “Ruznameye-vəqayeye-ittifaqiyye” 1851-ci ildə Əmir Kəbirin təşəbbüsü ilə Tehranda çıxmağa başladı. Ondan yeddi il sonra isə Təbrizdə başqa bir rəsmi dövlət qəzeti çıxdı. Bu qəzetin adındakı “Azərbaycan” sözü dəyişməz qalsa da, o, müxtəlif dövrlərdə müxtəlif adlarla – “Əxbare-darüssəltəneye-Azərbaycan”, “Ruznameye-məmləkəte-məhruseye-Azərbaycan”, “Ruznameye-melliye-məmləkəte-Azərbaycan” çıxmışdır. 1893-96-cı illərdə isə Təbrizdə “Nasiri” adlı başqa qəzet çap edilmişdir. [62]Bu qəzetlərin səhifələri əsasən saray məlumatları, şahın səyahət və ov səfərləri, vəliəhdin müxtəlif tədbirləri haqqında xəbərlərlə, dövlət adamlarının mənasız tərifləri ilə doldurulurdu. Xarici xəbərlər də eyni dərəcədə maraqsız idi. Qəzetin çapını təmin etmək üçün məmurlara bu qəzetə abunə olmaq tapşırılırdı. Buna baxmayaraq orta əsrlər feodal zeyniyyətinin və dini fanatizmin hökm sürdüyü şəraitdə, mürtəce ruhanilərin qəzet oxumağı haram buyurduqları bir vaxtda qəzetlərin bu cür çıxması belə mütərəqqi iş sayılmalıdır. Bu mənasız rəsmi qəzetlər gələcək mütərəqqi mətbuatın yaranmasına zəmin hazırlayırdı.[63]

Uzun müddət özəl qəzetlərin çıxmasına icazə verməyən şah hökuməti nəhayət 1880-ci illərdən etibarən xüsusi nəzarət olmaqla qeyri-rəsmi, qeyri-dövlət qəzetlərinin çıxmasına icazə verdi. Ölkənin başqa yerləri ilə yanaşı Təbrizdə də özəl qəzetlər meydana çıxmağa başladı. 1880-ci ildə “Təbriz”, 1884-cü ildə isə “Mədəniyyət” adlə qəzetlər çıxmağa başladı. Bunlar özəl olmasına baxmayaraq, ölkədəki real vəziyyəti olduğu kimi işıqlandıra bilməzdi. İctimai-siyasi fikri əks etdirmək və ona təsir etmək baxımından xarici ölkələrdəki mühacirlərin nəşr etdiyi qəzetlərin rolu böyük idi. Xaricdəki mühacir qəzetləri arasında həm davamlı çıxdığına, həm də məzmununa görə “Əxtər” (İstanbul, 1875-ci ildən), “Şahsevən” (İstanbul,1888-ci ildən), “Qanun” (London, 1890-cı ildən), “Hikmət” (Qahirə, 1892-ci ildən), “Həblülmətin” (Kəlkətə, 1893-cü ildən) fərqlənirdi. Sonuncu qəzetin çıxmasına Bakı milyonçusu Zeynalabdin Tağıyev də maddi yardım etmişdir. Bunlardan birinci, ikinci və dördüncü qəzetlərin təsisçi və əsas yazarları Türklər idi. Həm ölkə daxilində, həm də ondan xaricdə çıxan qəzetlər istisnasız olaraq Farsca idi.

Mühacir qəzetləri mövzu seçimi və mövzuların əks olunmasında nisbətən sərbəst idilər. Mühacir qəzetləri İran həyatına ayna tutmağa çalışmış, ölkənin ən aktual problemlərinə toxunmuşdur. Mühacir ədəbiyyatında (Mirzə Melküm Xan, Əbdürrəhim Talıbov, Zeynalabdin Marağayi və b.) qaldırılan mürtəce feodal rejiminin zülmü, imperialist ölkələrin soyğunçuluğu, despotik hakimiyyətin konstitusiyalı quruluşla əvəz edilməsi, ölkədə islahatların keçirilməsi, xüsusilə yeni təhsil sisteminin yaradılması zərurəti kimi məsələlər qaldırılırdı. Məhəmmədəli Tərbiyət “Əxtər” qəzetinin əhəmiyyəti haqqında sonralar yazırdı: “Mədəniyyət şüası “Əxtər” səhifələrindən xalqın ürəyinə saçdı. Qəzet oxumaq marağı ondan nəşət etdi. “Əxtər” həmişə öz varlığının bütün dövrlərindən mərifətli insanların məclislərində bir çıraq kimi nur saçırdı.”[64] İran hökuməti və diplomatik nümayəndəlikləri bu qəzetlərdən məmnun olmadıqları üçün yerli hökumətlərə təzyiqlər edir, bu qəzetlərin nəşrinin dayandırılmasına nail ola bilirdi.

Diqqəti çəkən mühüm cəhətlərdən biri də bu idi ki, mühacir qəzetləri ölkənin mövcud vəziyyətinə qarşı İranın “möhtəşəm keçmişini” qoyur, ondan ibrət almağa, İran vətənsevərlərini birlik yaratmağa və fəal olmağa çağırırdı. “Qanun” qəzeti ölkə hakimlərini “yırtıcılar”, “məvacib quzğunları” adlandıraraq yazırdı: “Onlar Cəmşidin səltənət sarayını hərrac bazarına çevirmişlər...[Onlar] xalqın hüququnu, ölkənin ticarətini, dövlətin istiqlaliyyətini çox aşağı qiymətə satdılar.”[65] Fars dili və ədəbiyyatının təbliği də vətən və millət şüurunun yaranmasında həssas amil hesab edilirdi.

Güney Azərbaycanda milli həyatın gedişatının ən yaxşı göstəricisi təhsil sistemindəki durumun araşdırılması ola bilər. XIX yüzildə də ənənəvi məktəb və mədrəsələr yüksək səviyyəli savad və dünyəvi biliklər deyil, dini məfkurə və feodal ideologiyası, itaətkarlıq, şahpərəstlik aşılayırdı. İran maarifçi mütəfəkkirləri əski təhsil sistemini ölkənin geriliyinin əsas səbəblərdən biri, eyni zamanda müasir təhsili inkişafın əsas vasitəsi hesab edirdilər. İranın qabaqcıl ziyalılarının istisnasız olaraq hamısı əsərlərində maarifin mövcud bərbad vəziyyətinə və onun dəyişdirilməsi zərurətinə xüsusi önəm verirdilər. Onlar təhsilin ruhanilərin inhisarından alınıb, dövlətin vəsaiti hesabına müasir dünyəvi təhsil ocaqlarının yaradılmasını tələb edirdilər. XX yüzil boyu durum demək olar ki, əvvəlki kimi qaldı, yalnız 80-90-cı illərdə bəzi yeniliklər özünü göstərməyə başladı.

1877-ci ildə Təbriz dövlət mədrəsəsi açıldı. Bu, bir qədər əvvəl Tehranda yaradılmış darülfünun tipli ali təhsil müəssisəsi sayılırdı və ona bəzən “Təbriz darülfünunu”, ya “Müzəffəriyyə mədrəsəsi” də deyilirdi. Təbriz mədrəsəsində əczaçı, həkim və zabit hazırlanırdı. Mədrəsənin tədris proqramına tibb, həndəsə və hərbi dərslərlə yanaşı, Fars, Ərəb və Fransız dilləri də daxil idi, onu 40-45 tələbəsi vardı.[66] Dövlətin bu və bunun kimi bir neçə təhsil ocağı yaratması ölkənin ehtiyaclarını ödəmək iqtidarında deyildi. Hökumətin və ruhanilərin təhsil sahəsinə qısqanclıqla yanaşmasına baxmayaraq, artan bu ehtiyacı qarşılayacaq fədakar insanlar ortaya çıxdı. Tək Azərbaycanda deyil, bütün İranda yeni özəl təhsil ocaqlarının yaradılması fədakarlığını boynuna götürmüş bu şəxslərin başında Mirzə Həsən Rüşdiyyə gəlir.

Mirzə Həsən Beyrutdakı Fransız müəllimlər institutunu bitirdikdən sonra yeni tipli ilk məktəbini İrəvanda açmışdır. Daha sonra, 1888-ci ildə “Dəbestan” adlı məktəb açan Rüşdiyyə, zahirən ənənəvi təhsil görüntüsünü saxlasa da yeni metodlar tətbiq etmişdir. Burada əlifba səs üsulu ilə öyrədilmiş, fiziki cəza (fələqqə) ləğv edilmiş, sabit dərs qrafiki müəyyən edilmiş, bir sözlə Avropa məktəblərindəkinə yaxın qaydalar qoyulmuşdu. Bu, Təbriz irticaçılarını qəzəbləndirmiş, “Dəbestan” məktəbinin dağıdılmasına səbəb olmuşdur. Bir neçə dəfə yeni metodlu məktəb təşkil etməyə müvəffəq olmuş, amma müxtəlif bəhanələrlə məktəbinin qapadılmasına, hətta talan edilməsinə baxmayaraq, Rüşdiyyə inadla müasir təhsili təmsil edən təhsil ocaqlarının qurulması işini davam etdirmişdir. Tehranda, Təbrizdə, Qumda yaradılmış bu məktəblər təsisçisinin adı ilə “Rüşdiyyə” məktəbləri adlanmışdır.[67]

Rüşdiyyənin davamçılarından Mirzə Hüseyn Kamal 1897-ci ildə Təbrizdə “Mədrəseyi-Kamal” adlı yeni qaydalı məktəb təsis etdi. Amma bu məktəb də uzun müddət davam edə bilmədi, 1903-cü ildə irticaçılar onu qarət etdilər. 1900-cu ildə yaradılmış “Maarif əncüməni” də açıq və geniş fəaliyyət göstərə bilmədi.[68] Beləliklə, yeni metodlu məktəblərin yaranması istiqamətində bəzi addımların atılmasına baxmayaraq, XIX yüzil İran, eləcə də Güney Azərbaycan təhsil sistemi ənənəvi məktəb və mədrəsələrlə təmsil edilmiş oldu. Ən vacibi isə burada əski dərs proqramı və əski təhsil dili (Farsca, qismən Ərəbcə) qaldı. Aşağı siniflər üçün yazılmış iki Türkcə dərslik bu mənada istisnadır. 1893-cü ildə Mirzə Sadıq ibn Molla Əsəd Təbrizi “Dəftəre ədəbiyyə” adlı dərslik nəşr etdirdi. Müəllif uşağa öz ana dilində sadədən mürəkkəbə keçmək yolu ilə təlim verməyi məsləhət görürdü. “Vətən dili” adlı ikinci dərsliyi Mirzə Həsən Rüşdiyyə tərtib etmiş (1894), öz məktəbində istifadə etmişdir.[69] Amma bəzi müəllimlər nəinki ana dilində dərsliklərdən istifadə etmir, hətta Fars dilini “daha tez öyrətmək” üçün dərsdə Türkcə danışmağı belə yasaq edirdilər. [70]

XIX yüzil Güney Azərbaycanda yazılı Türkcə yalnız ədəbiyyatda yaşadı. Məmməd Əmin Rəsulzadə Türklərin Farscaya aludəçiliyi haqqında yazır: “Türkçe konuşulur, Türkçe nutuk edilir, Türkçe va’zlar söylenir. Fakat yazıya gelince hep Farisi kesilir.”[71]

Yüzil boyu ana dilində nəsr əsəri meydana çıxmadı, amma bir neçə şair diqqətədəyər ədəbiyyat nümunələri yaratdılar. Bu şairlər həm ənənəvi divan ədəbiyyatı formalarında, həm də öz mənbəyini aşıq yaradıcılığından alan qoşma, gəraylı formasında əsərlər yazdılar. İkinci qrup ədəbiyyat bir qayda olaraq Türkcə olub, dil sadəliyi, gerçək həyata yaxınlığı ilə birincidən fərqlənirdi. Dövrün ən görkəmli şairləri Mehdi Bəy Şəqqaqi, Məhəmmədxəlifə Aciz, Əndəlib Qaracadaği, Fazil Xan Şeyda, Seyid Əbülqasim Nəbati (ölümü 1852), Məhəmmədbağır Xalxali (1812-1874), Hacı Mehdi Şükuhi (1829-1897), Rza Sərraf (ölümü 1907), Mirzə Əbdülhüseyn Xazin, Mirzə Əli Xan Lə’li (1837-1907) idilər. Bu şairlərin əsərlərində eşq, təbiət kim lirik mövzularla yanaşı, haqsızlıq, zülm və bərabərsizlik, din xadimlərinin tamahkarlığı və mürtəceliyi kimi ictimai mövzular da vardı.[72]

Beləliklə, XIX yüzildə Güney Azərbaycanda fikir həyatı və mədəniyyət mövzusunu yekunlaşdırmış olsaq, millətləşmə istiqamətində bu yüzilin itirilmiş zaman olduğunu göstərməliyik. Oxumuş kəsim arasında hələ Fars dili və ədəbiyyatı ənənəsi hakim idi. Eyni yüzildə Quzeydəki gəlişmələrlə müqayisə etdikdə, Azərbaycanın iki hissəsi arasında fərqin yarandığı görünür. M.Ə.Rəsulzadənin 1912-ci ildə yazdıqları XIX yüzil üçün də keçərlidir: “İran’da Türkler, ne Rusya’da olduğu gibi mahkum ve ne de Türkiye’de olduğu gibi hakim bir millet değildirler. İran Türkleri, asıl İranlı olan Farslarla hukukta müsavi (bərabər-N.N.) vatandaş halinde bulunuyorlar: Aynı hakları, aynı imtiyazları haizdirler; ögeylik çekmezler. Beş yüz seneden beri İran’da hükümran olan padişahlar hep Türk ırkından geldiler; bugün icra-yi saltanat eden Kaçar sülalesi de Türkmen kabilelerinden bir kabileye mensuptur. Fakat İran hükümdarlarının Türk olması Türklere hususi bir imtiyaz bahşetmediği gibi, Fars milletinin tazyikine de sebep olmamıştır.”[73]

XIX yüzil Azərbaycan Türklərinin həyatında dramatik hadisələrlə başladı. Azərbaycanın bir hissəsini Rusiya İmperiyası işğal etdi. Quzey Azərbaycan müstəmləkə rejiminin bütün ağrılarını yaşadı. Rus hakimiyyəti tarixi keçmiş, kültür, din baxımından özündən fərqli bu Müsəlman xalqından, eləcə də onun elitindən şübhələnir, onun dirçəlməsini imperiya maraqları üçün təhlükəli bilirdi. Qraf Vorontsovun Qafqaz canişini olduğu dövrdə yerli “milli kültürə qayğı”sı da məhz bu qorxu ilə izah edilməlidir. Yüzilin sonlarına doğru Quzey Azərbaycan, Avropa bir yana qalsın, hətta qonşu Gürcülər və Ermənilərdən millətləşmə səviyyəsinə görə geri qalmaqda idi. Məsələn, sonuncular Rus hakimiyyətinin verdiyi nisbi üstünlüklərdən istifadə edərək milli şüur problemini yaxşı-pis həll etmiş, artıq siyasi təşkilatlanma mərhələsinə qədəm qoymuş (Qnçaq partiyası, 1885, Daşnaksütyun 1890), milli iradəsini ciddi şəkildə ortaya qoymağa başlamışdılar.

Bununla belə Quzey Azərbaycanda da yeni ziyalı və burjuaziya təbəqələri yaranmağa başlamışdı. Ziyalıların Zərdabi nəsli “zindəganlıq cəngində” uduzmamaq üçün çağırışlar edir, nalə çəkirdi. Bu çağırışlara Hacı Zeynalabdin Tağıyev və bir neçə başqa xeyriyyəçi burjuaziya nümayəndəsi müsbət yanaşıb, təhsil və kültür sahəsində milli ziyalıların təşəbbüsünə dəstək verdilər. Milli kimliyin dərk edilməsi sahəsində bəzi mühüm işlər görüldü. Quzey Azərbaycan kültürü Fars kültür orbitindən əsasən qopdu. Məhdud da olsa milli mətbuat yarandı, anadilli ədəbiyyatda müəyyən irəliləyişlər oldu. Amma hələ millətin yaranmasının iki mühüm ön şərti – tarix şüurunun və millətin gələcəyi ilə bağlı ortaq konseptin formalaşması haqqında iddia irəli sürmək doğru deyil. Bu proses yenicə başlamışdı və onun formalaşması yeni yüzilə qalırdı.

Güney Azərbaycanda isə milli həyat daha sükunətli idi. Qacar hakimiyyətini etnik baxımdan yad saymayan Türk əhalisi arasında XIX yüzildə milli oyanışın təzahürləri hələ görünmürdü. Siyasətdə olduğu kimi, kültür həyatında da əski ənənə davam etməkdə idi.

[1] Ayrıntılı bilgi üçün baxın: Əmine Pakrəvan, Ağa Məhəmməd Xan Qacar, Tehran: Nəşre-ruz, 1363.

[2] Peter Avery, Modern İran, London, 1963, p.30.

[3] Нина Кузнецова, Политическое и социально-экономическое положение Ирана в конце XVIII – первой половине XIX в. – Очерки новой истории Ирана (XIX – начало XX в.),Москва: Наука, 1978, с. 16.

[4] Faruk Sümer, Türk Devletleri Tarihinde Şahıs Adları, I cilt, s.287-288.

[5] Ayrıntılı bilgi üçün baxın: Əminə Pakrəvan, Abbas Mirzə və Azərbaycan, Farscadan çevirən Güntay Cavanşir, Bakı: Qanun, 2010.

[6] И.Ф. Бларамберг, Статистическое обозрение Персии, составленное в 1841 г. СПб, 1853, с.64-67.

[7] G. Curzon, Persia and the Persian Question, vol. 1, Cambridge, 1914, p. 435; М.С. Иванов, Очерк истории Ирана, Москва: Наука, 1952, с. 123.

[8] Baxın: П. A. Риттих, Политико-статистический очерк , С.Петербург, 1896, с. 36.

[9] Л.К Артамонов, Северный Азербайджан. Военно-географический очерк, СПб, 1890, с. 19-20.

[10] Yenə orada, s. 23.

[11] [Владимир] Минорский, Отчет o поездке в Макинское ханство, Материалы по изучению Востока,выпуск 1, СПб, 1909, с. 1-62.

[12] Mary-Jo DelVecchio Good, Social Hierarchy in Provicial İran: The Case of Qajar Maragheh, İranian Studies, X, no 3, Summer 1977, pp. 130-138.

[13] А.И Медведев, Персия. Военно-статистическое обозрение, СПб, 1909, с. 432.

[14] Mehmet Emin Resulzade, İran Türkleri, İstanbul: Türk Dünyası Araştırmaları Vakfı, 1993. s.17.

[15] Yenə orada, s.18.

[16] Vidadi Mustafayev, Cənubi Azərbaycan. Milli şüur (XX əsrin I yarısı), Bakı: Əbilov, Zeynalov və oğulları, 1998, s. 140.

[17] Yenə orada.

[18] Vidadi Mustafayev, Cənubi Azərbaycan. Milli şüur (XX əsrin I yarısı),s.140.

[19] Yenə orada.

[20] Yenə orada, s. 32-33, 140-141.

[21] Yenə orada, s. 32-33.

[22] Yenə orada, s.33-34.

[23] Əminə Pakrəvana görə, Abbas Mirzə vəliəhdliyi dövründə Azərbaycanda vəzifələrin satılmasına qarşı olmuşdur. Əminə Pakrəvan, Abbas Mirzə və Azərbaycan, s. 261.

[24] П.И.Аверьянов, Я. Ф. Шкинский, Отчет о поездки по Северному Адербейджану, Тифлис: Типография Штаба Кавказского военного округа, 1900, с. 19. İcarə-rüşvət sistemi haqqında həmçinin baxın: Атрпет,Мамед-Али Шах. Народное движение в стране Льва и Солнца Александрополь: Ширак, 1909, с.106-129.Rüşvətin dövlət həyatında normaya çevrilməsi haqqında A. Medvedevin verdiyi lətifəyə oxşar təsvir çox maraqlıdır: “Tehrandakı Avropa koloniyasının yaşlı bir Fransiz üzvündən “İranda İngiltərəmi, Rusiyamı daha artıq nüfuza malikdir?” soruşulduqda o, İrandakı pul vahidi qranı nəzərə alaraq deyibmiş:“Rusofillər, ya da anqlofillər deyil, qranofil İranlılar.” А.И Медведев, Персия. Военно-статистическое обозрение, c. 438.

[25] А.И Медведев, Персия. Военно-статистическое обозрение, c. 419, 457.

[26] Yenə orada, s. 421, 457.

[27] Нина Кузнецова, Политическое и социально-экономическое положение Ирана в конце XVIII первой половине XIX в.,c. 24-25.

[28] Vidadi Mustafayev, Cənubi Azərbaycan. Milli şüur (XX əsrin I yarısı),s. 36.

[29] Л.К.Артамонов, Северный Азербайджан. Военно-географический очерк,с. 78-79.

[30] Əminə Pakrəvan, Abbas Mirzə və Azərbaycan, s.47-49, 60-94 və b. s.

[31] Təfərrüat üçün, məsələn, baxın: Fereydun Adəmiyyət, Əmire-Kəbir və İran, Tehran, 1969.

[32] А.И Медведев, Персия. Военно-статистическое обозрение, c. 421.

[33] Ruhanilərin siyasi fəaliyyət haqqında müfəssəl bilgi üçün, məsələn, baxın: Hamid Algar, Religion and State in İran. 1785-1906. The Role of Ulama in the Qajar Period, Berkeley- Los Angeles, 1969; Michael Fischer, İran from Religous Dispute to Revolution, Cambridge: Harvard University Press, 1980.

[34] Hamid Algar, İranın Dini Düşüncesinde Değişim ve Devrim, İslam’da Gelenek ve Yenileşme sempozyumu,İstanbul: TDV yayınları, 1996, s. 212.

[35] А.И Медведев, Персия. Военно-статистическое обозрение, c. 425.

[36] Yenə orada, s. 423, 432.

[37] Л.К.Артамонов, Северный Азербайджан. Военно-географический очерк,с. 85-86. Əminə Pakrəvana görə, Vəliəhd Abbas Mirzənin Azərbaycana xüsusi sevgisi vardı və buranın gəlişməsi üçün əlindən gələni əsirgəmədi. Əminə Pakrəvan, Abbas Mirzə və Azərbaycan, məsələn, s. 331.

[38] М.С.Иванов, Антифеодальные восстания в Иране в середине XIX в.,Москва: Наука, 1982,с. 103-112.

[39] Süleyman Əliyarlı (red.), Azərbaycan tarixi, s.620-623; Советско-Иранские отношения в договорах, конвенциях и соглашениях, Москва: Министерство Иностранных Дел, 1946, с.29-38.

[40] Л.М.Кулагина, Экспансия иностранного империализма в Иран и превращение его в полуколонию (70-е годы XIX – начало ХХ в.), Очерки новой истории Ирана (ХIX – начало XX в.), Москва: Наука, 1978, с. 124.

[41] Yenə orada.

[42] Yenə orada, s. 138-144.

[43] G.H.Curzon, Persia and the Persian Question, vol. 2, p. 614.

[44] Л.М.Кулагина, Экспансия иностранного империализма в Иран и превращение его в полуколонию (70-егоды XIX – начало ХХ в.), s. 133.

[45] Geniş bilgi üçün baxın: N. M. Keddi, Religion and Rebellion in Iran. The Tabacco Protest of 1891-1892,London, 1966.

[46] Mirzə Fətəli Axundzadə, Əsərləri, III cild, Bakı: Şərq-Qərb, 2005, s. 225-281.

[47] Mirza Yusef Xan Mostəşarəddoule, Yek kələme, Tehran, 1325.

[48] “Fəramuşxana”nın və Mirzə Melküm Xanın bu sahədə fəaliyyəti ilə bağlı geniş bilgi almaq üçün baxın: Mohit Təbatəbai, Məcmueye asare Mirza Melkum Xan, ğesməte əvvəl, nəzme cədid, Tehran, 1327, s. “ze”; Hidayət Hatəmi, Mühacir İran qəzetlərinin müstəmləkəçilik və imperializm əleyhinə mübarizəsi, Bakı: Azərbaycan SSR Elmlər Akademiyasının nəşriyyatı, 1964, s. 50-61; Н.А.Талипов, Общественная мысль в Иране в XIX –начале XX в., Москва: Наука, 1988,с. 50-55.

[49] Н.А.Талипов, Общественная мысль в Иране в XIX – начале XX в., Москва: Наука, 1988, с. 105.

[50] Səid Nəfisi, Şahkarhaye nəsre Farsiye moaser, Tehran, 1343, s. 18-19.

[51] Əbdürrəhim bin Əbu Taleb Neccar, Səfineyi Talebi, ya ketabe Əhməd, Eslambul, 1312, s. 2-3.

[52] Н.А.Талипов, Общественная мысль в Иране в XIX – начале XX в., с. 191.

[53] Zeynalabdin Marağayi, İbrahim bəyin səyahətnaməsi və ya Təəssübkeşliyin bəlası, Tərcümə edəni HəmidMəmmədzadə, Bakı:Elm, 1983, s. 385-387.

[54] Yenə orada, s. 34.

[55] Yenə orada, s. 136-137.

[56] Yenə orada, s. 237.

[57] Yenə orada, s. 244.

[58] Yenə orada, s.62-63, 160-161, 267, 288-289.

[59] Yenə orada, s. 433.

[60] Yenə orada, s. 159.

[61] Yenə orada, s. 437.

[62] Hacı Hoseyn Nəxcevani, Tarixçeye enteşare ruznameha və məcəllat dər Azərbaycan, Nəşriyeye daneşkədeye ədəbiyyate Təbriz, şomareye 1, 1342 (No 1, 1963), s. 2-3.

[63] Cənubi Azərbaycan tarixinin oçerki (1828-1917), Bakı: Elm, 1985, s. 236.

[64] Hidayət Hatəmi, Mühacir İran qəzetlərinin müstəmləkəçilik və imperializm əleyhinə mübarizəsi,s.80.

[65] Yenə orada, s. 171.

[66] Hoseyn Ommid, Tarixe fərhənge Azərbaycan, Təbriz: Fərhəng, 1332, s. 29-46.

[67] Geniş bilgi üçün baxın: Hoseyn Ommid, Tarixe fərhənge Azərbaycan, s. 46-51; Şəmsələddin Rüşdiyyə,Səvanehe omr, Tehran: Nəşre tarixe İran, 1362, s. 23-150.

[68] Cənubi Azərbaycan tarixinin oçerki (1828-1917),s. 224-225.

[69] Ş. İ. Şəmsi, Xalq müəllimi Mirzə Həsən Rüşdiyyə, Azərbaycan məktəbi, 1976, No 12, s. 70.

[70] Vidadi Mustafayev, Cənubi Azərbaycan. Milli şüur (XX əsrin I yarısı),s. 45-46.

[71] Mehmet Emin Resulzade, İran Türkleri,s. 31.

[72] Baxın: Cənubi Azərbaycan tarixinin oçerki (1828-1917), s.260-268.

[73] Mehmet Emin Resulzade, İran Türkleri,s. 17.



Nəsib NƏSİBLİ, tarix elmləri doktoru, professor

N.S

© 2010-2012, Güney Azərbaycan Televiziası

001 773 388 01 00 | obali@gunaz.tv


Yüklə 151,31 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə