Nəsib Nəsibli Pəhləvİ rejİmİnİn assİmİlyasİya sİyasətİ və ona müqavİmət Bakı- 2013 I hİssə



Yüklə 401,77 Kb.
səhifə2/4
tarix02.10.2017
ölçüsü401,77 Kb.
#2971
1   2   3   4

II HİSSƏ
21 Azərin ikinci başlıca özəlliyi onun demokratik hərəkat olmasıdır. Azərbaycan Demokrat Firqəsinin rəhbərləri ölkənin demokratikləşməsində məzlum xalqlara muxtariyyətin verilməsini əsas vasitələrdən biri sayırdılar. Azərbaycan Milli Konqresi, Milli Məclis azad seçkilər nəticəsində formalaşmışdı. Bu seçkilərdə İran tarixində ilk dəfə olaraq qadınlar da iştirak etdilər. Bəzi müəlliflərin iddialarının əksinə, 21 Azəri kommunist hərəkat olaraq dəyərləndirmək doğru deyildir. Partiyanın sənədlərində xalq bir-birinə zidd siniflərə bölünmür, mülkiyyət hüququ tanınırdı. ADF-in lideri hərəkat dövründə yazırdı: “Firqəmiz milli bir firqə olduğu üçün sinif və təbəqə nəzərdə tutmayıb, ümum camaatı öz bayrağı altına çağırır...Firqə siyasi və ictimai bir təşkilatdır və xalqı hidayət və təşkil edə bilər. Lakin ona hökumət edə bilməz. Xalqa hökumət edə bilən təşkilat əyalət əncüməni olacaqdır. Bu əncümən gərək demokratik üsul ilə ümumxalq tərəfindən seçilsin. Bütün dövlət idarələri və onların başında duranlar öz işlərində bu ali dövlət təşkilatına tabe olub, onun göstərişlərini icra etməyə məcburdurlar... Firqəmiz xalq firqəsi olub ümum millətə dayandığından xalqın fikrinə çox ciddi surətdə əhəmiyyət verməlidir. Bunu biz həmişə yadımızda saxlamalıyıq.”[1]

21 Azərin ən mühüm özəlliklərindən birisi də onun Güney Azərbaycan Türklərinin milli hərəkatının növbəti mərhələsi olmasıdır. Hərəkat liderləri bütün çıxış və yazılarında Məşrutə hərəkatı və 1920-ci ildəki milli-demokratik hərəkatdan ilham aldıqlarını, həmin hərəkatların başçılarının (Səttar Xan, Bağır Xan, Xiyabani) onlar üçün örnək şəxslər olduğunu vurğulamışlar. Pişəvəri eyni zamanda göstərirdi ki, milli hərəkatın əvvəlki mərhələlərində buraxılmış səhvlər təkrar edilməyəcəkdir. Pişəvəri yazırdı: “Əgər Sərdari-milli Tehrana inanmasaydı, əgər Şeyx Məhəmməd Xiyabani xain, yalançı və min üzlü müşavirlərinin sözlərinə əhəmiyyət verməsəydi, əgər Lahutiyə xəyanət edən yalançı pəhlivanlar dara çəkilsəydi, indi nə tək Azərbaycan, bəlkə bütün İran dünyanın ən mütərəqqi, ən demokratik ölkələrindən biri olmuşdu. Bu səhvlər daima nəzərdə tutulub müzəbzəb [qətiyyətsiz] və mürəddəd [tərəddüd edən] adamların xainanə təlqinlərinə qulaq asmayıb öz gücümüzə bel bağlamalıyıq.”[2]

Milli-demokratik muxtariyyət prinsipi ilə yola çıxmış hərəkat liderləri “İran milləti” anlayışına, yəni birdilli (Farsdilli), birkültürlü (Fars kültürlü) hakim millət anlayışına da münasibət bildirmək zorunda idilər. Milli Konqresdə İran şahına, məclis sədrinə və baş nazirə ünvanlanmış məktubda qeyd edilirdi ki, “Azərbaycan xalqı” milliyyət, dil, adət-ənənə, özünəməxsus xüsusiyyətləri baxımından ayrıca millətdir, dünyanın hər bir həyata qabil milləti kimi “Azərbaycan milləti” də milli hökumət yaratmaq haqqına sahibdir, bu millət özü Azərbaycanı demokratik əsaslarla idarə etmək qabiliyyətinə malikdir.[3] Hərəkatın ilk dövründə qəbul edilmiş başqa rəsmi sənədlərdə, eləcə də hərəkat liderlərinin yazılarında “Azərbaycan xalqı”, “Azərbaycan milləti” anlayışı hakim olmuşdur. Bu anlayış Rza Şah zamanından qalma rəsmi “İran milləti” anlayışına zidd olmuş, sıx-sıx işlədilən “İran milləti” termini İranın bütün əhalisi, xalqı mənasını daşımışdır. İranın çoxmillətli quruluşa malik olması fikri daim qabardılmışdır.

Diqqətçəkən cəhətlərdən birisi də budur ki, bu zaman günlük danışıqda işlədilən “Türk”, “Türk dili” etnonimi və linqvoniminin yerinə, sənədlərdə və yazılarda bir qayda olaraq “Azərbaycan xalqı”, “Azərbaycan milləti”, “Azərbaycan dili” terminləri işlədilir. Bu, Sovet Azərbaycanında yenicə qəbul edilmiş “Azərbaycanlı” konseptinin hərəkat liderləri tərəfindən Güney Azərbaycanda kopyalanması cəhdi idi. Milli tarix haqqında yazılar Sovet Azərbaycanında yenicə çapdan çıxmış “Azərbaycan tarixi” kitabının[4] əsas tezislərini təkrarlamaqda idi. Bu, özəlliklə Firudin İbrahiminin əvvəl Azərbaycan qəzetində seriya məqalələr şəklində, daha sonra ayrıca əsər kimi çap edilmiş Azərbaycanın qədim tarixindən adlı kitabçasına[5] aid idi. Burada Azərbaycan Türklərinin tarixi Midiya dövləti ilə bağlanır və müasirləşdirilir. Müəllif, güman ki, Midiya dövləti tarixini qabartmaqla milli fikri Fars-Türk münasibətlərinin indisinə çəkməyi düşünmüş, Midiyanın acı taleyini yaşamamaq (Həxamənişlərin müstəmləkəsinə çevrilməmək) üçün oxucunu ayıq olmağa çağırmışdır. Rəsmi tarixçiliyin əksinə, müəllif hesab edir ki, Midiyanın Farsların tarixinə dəxli yoxdur, o indiki “Azərbaycanlılar”ın qurduğu dövlət olmuşdur.

21 Azər hərəkatı zamanı üstündə durulan ən önəmli məsələlərdən birinin milli dil olması təbii idi. Milli hərəkatların milli dil və kültür məsələlərinə birinci dərəcəli önəm verməsi ümumi haldır. Bu, Azərbaycanın milli qüvvələrinin özəlliklə həssas yanaşdığı mövzu idi. Çünki Rza Pəhləvi rejiminin Türklüyə münasibətdə uyğuladığı siyasətin ən həssas sahəsi məhz milli dil və milli kültür sahəsindəki yasaq idi. Milli Hökumət ilk başdan işlərini ana dilində qurdu, təhsil sistemini ana dilinə keçirdi, onlarla savadsızlığı ləğvetmə kursları işə başladı, onlarla yeni məktəb tikildi, Təbrizdə dövlət universiteti, dram teatrı və filarmoniya açıldı, şair və yazıçılar əncüməni, bəstəkar və memarlar cəmiyyəti quruldu, ana dilində dərslik və başqa kitablar çap edildi və s. Mir Cəfər Pişəvəri yazırdı: “Bizim dilimiz düşmənlərin iddialarına baxmayaraq çox geniş və qəni bir dildir. Onun kökü xalqımızın qanında və ürəyindədir. Biz onu ana südü ilə əmib vətənimizin ruhnəvaz havası ilə tənəffüs etmişik. Ona tohin [təhqir] edənlər, onu təhmili və məsnui [süni, qəlp] göstərmək istəyənlər bizim həqiqi düşmənlərimizdir... Biz Azərbaycanı hər cəhətdən özünün daxili işlərini idarə etməyə layiq bilirik. Xalqımızın danışdığı dil də Farsi deyildir. Ona görə çalışırıq, öz dilimiz ilə xalqımızı dünyanın mütəməddin [mədəni] xalqlarının məqamına yetirək.”[6] Tehranla danışıqlarda Azərbaycan nümayəndələri dil məsələsindən vaz keçməyəcəklərini bildirmiş, sonda müqavilənin əldə olunması xatirinə Azərbaycandakı orta və ali məktəblərdə tədrisin “Fars və Azərbaycan dillərində icra edilməsi” haqda bəndin artırılmasına razı olmuşlar. Eyni zamanda müqavilənin 5-ci maddəsinə edilən 3-cü əlavədə deyilirdi: “İran məşrutiyyətinə Azərbaycan xalqının etdiyi görkəmli xidmətlərindən, azadlıq və demokratiyanın bərqərar edilməsi yolunda Azərbaycan xalqının göstərdiyi fədakarlıqdan qədirdanlıq etmək məqsədi ilə dövlət Azərbaycandakı gömrük gəlirinin 5 faizinin Azərbaycan Universitetinin ehtiyaclarına sərf edilməsinə razılıq verir.”[7]

Azərbaycanda milli-demokratik hakimiyyət cəmi bir il sürdü. Tehran, 1946-cı ilin payızına doğru toparlanaraq Azərbaycandakı bu hakimiyyətin üstünə getdi. Onun arxasında İranda Sovetlərin güclənməsindən narahat olan ABŞ və İngiltərə durdu, Azərbaycandakı hərəkatı ləğv etmək üçün Tehrana hərbi, maliyyə və diplomatik yardım verdi. Tehran uyğun şərtləri hazırladıqdan sonra 13 iyun tarixli razılaşmanı pozaraq silah gücü ilə Azərbaycandakı muxtar hakimiyyəti ləğv etmək qərarı verdi. Sovetlərin dəstəyindən məhrum olmuş, hətta onun təzyiqləri ilə üz-üzə qalmış Azərbaycan Milli Hökuməti lideri Pişəvərinin dili ilə az öncə “Öldü var, döndü yox!” şüarını irəli sürmüş olsa da, faktik olaraq təslim oldu. Onminlərlə hərəkat üzvü Tehranın silahlandırdığı irticaçı dəstələr və İran ordusunun hissələri tərəfindən qətl edildi, ADF rəhbərliyi və fəalları isə Sovet İttifaqına qaçdı. Azərbaycan (eləcə də Kürdüstan) muxtariyyəti və İranın demokratikləşməsi şansının fəlakətli sonucu haqqında onlarla araşdırma var.[8] Burada mövzumuz üçün önəmli olan bir neçə məqamı qeyd edək.

Birincisi, 21 Azər hərəkatı ilə Azərbaycan Türkü (ya Azərbaycan xalqı) formalaşmış millət olmaq əzmini ortaya qoydu. Yerli muxtar hakimiyyət orqanlarını yaratması və onun tədbirləri ilə bu etnos özünü idarə etməyə layiq və hazır olduğunu göstərdi.

İkincisi, 21 Azər hərəkatı İran Türklüyünün əvvəlki dövrlərdəki (Məşrutə, 1920-ci il) milli hərəkatlarının davamı oldu, amma milli məsələnin daha aydın qoyuluşu baxımından milli hərəkatın əvvəlki dövrlərini aşıb keçdi, milli hərəkatın zirvəsi oldu.

Üçüncüsü, 21 Azər hərəkatı təcrübəsi göstərdi ki, yerli muxtariyyətlərin uğuru ölkə miqyasında qeyri-Farsların milli hərəkatları, eləcə də İranın (ilk növbədə Tehrandakı mərkəzi hakimiyyətin) demokratikləşməsi ilə sıx bağlıdır. Hərəkat liderləri çıxışlarında və yazılarında bu zərurəti vurğulasalar da, bu sahədə müəyyən cəhdlər etsələr də (məsələn, Kürd muxtariyyəti ilə əlaqələrin yaranması) əməldə bu iki qüvvə arasında ittifaqın yaranmasına nail ola bilmədilər.

Dördüncüsü. 21 Azərin nailiyyətlərinin aradan getməsinin, Azərbaycan və Türk millətinin yenidən fəlakət yaşamasının birinci səbəbkarı İranda milli məsələnin həllini istəməyən, ölkənin demokratikləşməsindən hürkən İran irticası idisə, ikinci səbəbkar 21 Azər liderlərinin hərəkatı Sovet siyasətinə bağlamaları oldu. Sovet rəhbərliyinin İrandan neft imtiyazı almaq müqabilində Azərbaycan rəhbərliyini arxasız qoyması, hətta Tehranın Azərbaycana təcavüzünə müqavimət göstərməməsi üçün ona olan təzyiqlər sonralar “satqınlıq” olaraq dəyərləndiriləcəkdi. [9]

Beşincisi, 21 Azər hərəkatı İranda Azərbaycan/Türk məsələsini beynəlxalq siyasət platformuna çıxartdı. Yeni yaranmış Birləşmiş Millətlər Təşkilatının ilk müzakirə etdiyi və böyük güclərin maraqlarının toqquşduğu məsələ məhz Azərbaycan məsələsi oldu.

21 Azər hərəkatının İrandakı Türklüyün millətləşmə sürəcinə qoyduğu mənfi və/və ya müsbət təsir sonrakı onillərdə özünü göstərdi.



Artan milli zülm
İran hökuməti 1945-ci ilin sonlarından etibarən Azərbaycana, savaşda məğlub etdiyi ölkə kimi yanaşmağa başladı. Az əvvəl, Sovet İttifaqı ilə neft müqaviləsi imzalandıqdan sonra hökumət başçısı Qəvamın verdiyi bəyanat – “Azərbaycanda baş vermiş demokratik hərəkatda iştirakına görə əhaliyə və demokratiya xadimlərinə qarşı heç bir repressiya tətbiq edilməyəcəkdir” – unuduldu, repressiya aparatı bir neçə il durmadan işlədi. Öldürülənlərin və sürgünə göndərilənlərin sayı haqqında müxtəlif rəqəmlər var. Azərbaycanda öldürülənlərin və Sovet İttifaqına mühacirət edənlərin, İranın başqa əyalətlərinə sürgün edilənlərin sayı haqqındakı rəqəmlər fərqlənir. Azərbaycan milli-demokratik hərəkatına yaxın nəşrlərdə aşağı-yuxarı 25 min adamın edam edildiyi, xarici ölkələrə pənah aparanların sayının 20 min nəfərdən çox, sürgünə göndərilənlərin sayının isə 100 min nəfər olduğu təxmin edilir.[10]

1947-ci ilin yanvarında hərbi vəziyyət rejimi şəraitində XV çağırış Məclisə seçkilər keçirildi. Bu məclisin də əsas işlərindən biri Sovetlərlə imzalanmış neft müqaviləsinin təsdiqindən imtina, Birləşmiş Ştatlarla bağlanmış müqaviləni təsdiq etmək oldu. Həmin ilin fevral-martında mərkəzi Tehrandakı ordu qərargahında olmaq şərtilə şəhristanlarda “təhlükəsizlık şüra”sının (.............) yerli komissiyaları yaradıldı. Bu komissiyalar “etibarsız ünsürlərin” müəyyən edilməsi və onların sürgünə göndərilməsi ilə məşğul olurdu. Mətbuat üzərində güclü senzura qoyuldu. Azərbaycanda vəziyyət haqqında Tehran qəzeti “Rəhbər” yazırdı: “Əgər Azərbaycanın indiki vəziyyətini təsəvvür etmək istəyirsinizsə, üç-dörd il əvvəl müttəfiqlərin qəzet və jurnallarında və ya səyyar kino-teatrlarında gestapoçuların məğlub olmuş Fransa və Polşanın nəcib və əsil insanlarına qarşı münasibətləri haqqında oxuduğunuz və gördüklərinizi bir daha zehninizdə canlandırın və onda biləcəksiniz ki, indiki Azərbaycanın vəziyyəti ozamankı əsir vəziyyətində olan Fransadan da pisdir.”[11] Azərbaycanda hərbi rejim 1948-ci ildə ləğv edildi. Həmin il milli-demokratik hərəkatın sağ qalmış iştirakçıların bir hissəsinə şahın fərmanı ilə əfv verildi.

Məhəmməd Rza Pəhləvi rejiminin mövcud olduğu bütün dövr ərzində (1979-cu ilədək) İranın siyasi həyatında mühüm proseslərin (məsələn, 1949-53-cü illər demokratik hərəkat, 1962-ci ildən başlayan “Ağ inqilab” adlanan islahatlar) baş verməsinə baxmayaraq, Tehranın Azərbaycana yad münasibəti dəyişmədi. Bununla belə, Azərbaycana yönəlik bu siyasət burada mühüm dəyişikliklərin yaranması ilə nəticələndi. Bu dəyişikliklər də Azərbaycanda millətləşmə prosesinə təsirsiz qalmadı, hətta ona xeyli dərəcədə yön vermiş oldu. Qısaca bu dəyişikliklərə baxaq. Bu dərin proseslərin konsentrik ifadəsi ilk növbədə Azərbaycanın demoqrafik durumunda özünü göstərdi.

1956-cı ilin nöyabrında ölkə tarixində keçirilmiş ilk ümumi sayıma (siyahıyaalmaya) görə, Şərqi Azərbaycan və Qərbi Azərbaycan ostanlarında və Zəncan şəhristanında müvafiq olaraq 2142,3 min, 721,1 min və 386,2 min adam yaşayırdı ki, onlar da birlikdə (3,2 mln) İran əhalisinin (18,9 mln) 17%-ə bərabər idi. 1966-cı ilin noyabrındakı sayım vaxtı Azərbaycanda cəmi 4417,0 min adamın (müvafiq olaraq 2598,0 min, 1087,7 min və 461,3 min) yaşadığı məlum oldu. Növbəti 1976-cı il sayımı Azərbaycan əhalisinin cəmi 5178,6 min adamdan ibarət olduğunu müəyyən etdi ki, bu da ölkə əhalisinin 15,4%-ə bərabər idi.[12]

Sayım materiallarında nə bütün ölkə, nə də onun ayrı-ayrı bölgələri üzrə əhalinin milli tərkibi haqqında məlumat yoxdur. Bununla belə birinci ümumi sayım çərçivəsində “yerli” dillərdə danışan əhalinin hesablanmasının nəticələri “Amar dər İran” (İranda statistika) adlı məcmuədə çap olundu.[13] Bu qaynağa əsasən, ölkə əhalisinin aşağı-yuxarı yarısı dövlət dilindən, Farscadan fərqli 80-ə yaxın “yerli” dildə danışırmış. 1973-cü ildə dil qruplarının sayı haqqında təxmini məlumatlar çap edildi.[14] Bu qaynaqlara görə, 1956-cı ildə Türkcə 3,9 milyon, 1973-cü ildə isə 5,0 milyon adam danışırdı. Bu da müvafiq olaraq ölkə əhalisinin 20,6 (18,9 milyonun) və 15,5%-ə (32,2 milyonun) bərabər idi. Tamamilə və əsas etibarı ilə Türklərlə məskunlaşmış şəhristanların sayı (46) göstərilir, ancaq onların adı açıqlanmırdı. Bu rəqəmlər, birincisi, onu göstərir ki, adı çəkilən inzibatı-ərazi vahidləri – Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Zəncan şəhristanından (müvafiq olaraq 8, 5 və 1 şəhristandan ibarət idilər) başqa Türklər İranın ayrı bölgələrində də yaşayırdılar. İkincisi və daha vacibi, bu rəqəmlər həm onlardan əvvəl, həm də sonra işıq üzü görmüş rəqəmlərə uyğun gəlmir. Belə ki, 1956-cı ilin noyabr ayına qədər keçirilmiş ən mötəbər sayım hesab edilən İran ordusu baş qərargahının 1948-50-ci illərdəki sayımının materialları [15] bu rəsmi rəqəmlərin doğruluğunu şübhə altına alır.

1948-50-ci illərdə yaşayış məntəqələrinin sayım materialları 10 cilddən ibarət idi. Burada bütün məntəqələr haqqında bir sıra məlumatlar, o cümlədən yaşayış məntəqəsinin əhalisi və onun dili haqqında məlumat verilirdi. İlk cildlərdə göstərildi ki, ostanlar üzrə bütün cildlərin çapından sonra ümumiləşdirici cild çap ediləcək, burada hər bir ostanın və bütövlükdə bütün ölkə əhalisinin milli tərkibi haqqında məlumat da olacaq. Ancaq ümumiləşdirici cild çap edilmədi. Ölkə əhalisinin milli tərkibi haqqında cild, görünür, məhz ona görə çap edilmədi ki, bu, ölkədə “İran millətindən” (Fars millətindən) başqa millətin olmadığı haqqında rəsmi doktrini alt-üst etmiş olardı. Bu sayım materiallarının başqa önəmli nöqsanlarından biri də o idi ki, milli baxımdan qarışıq əhaliyə malik yaşayış məntəqələrində əhalinin milli tərkibi dəqiqləşdirilmir, bəzi hallarda hətta əhalinin milli mənsubiyyəti haqqında məlumat ümumiyyətlə yoxdur. Bu və başqa nöqsanlarına baxmayaraq, yaşayış məntəqələrinin sayım materialları əsasında dil mənsubiyyətinə uyğun olaraq əhalinin milli tərkibini təxmin etmək olar.

Mahmud Pənahiyan-Təbrizinin 1948-50-ci illər sayım materialları əsasındakı hesablamalarına görə, ölkənin 16,5 milyonluq əhalisinin 5,3 milyonu (ya 32,1%) Türk dilində danışırdı.[16] Həmin müəllifə görə, Mərkəzi ostanda (Tehran şəhəri olmadan) 503,0 min, Gilanda 731 min, Mazandaranda 101 min, Doğu Azərbaycanda 1845 min, Batı Azərbaycanda 703 min, Kirmanşah və Kürdüstanda 525 min, Xuzistanda 2,6 min, Farsda 349 min, Kirmanda 580 min, Xorasanda 355 min, İsfahanda 167 min Türk yaşayırdı. Türkdilli əhalinin ümumi sayına (5,3 milyon nəfər), o cümlədən Türkmənlər (Q. Petrovun hesablamalarına görə 119,3 min)[17] və Fars ostanında yaşayan Qaşqaylar (1957-ci ildə 300 min nəfər)[18] da daxil idilər.

İranda Türklərin sayı haqqında rəsmi məlumatların çapından sonra üzə çıxmış bir sıra qeyri-rəsmi məlumatlar birincilərin doğruluğunu şübhə altına alır. İslam inqilabı və ondan sonra da bu mövzu diqqət mərkəzində olmuş, Pəhləvi dövrünün rəqəmləri təkzib edilmişdir.[19] Məsələn, 1979-cu ilin martında Müvəqqəti hökumətin baş nazirinin müavini bəyan etdi ki, o dövrdə İranda 13 milyon Türk yaşayır.[20] (bu mövzuya qayıdılacaq)

İranda Türklərin sayı haqqında onlarla məlumatın olmasına baxmayaraq, Azərbaycanın özünün əhalisinin milli tərkibi barədə məlumat, demək olar ki, yoxdur. Üstündən bir neçə onillər keçməsinə baxmayaraq, 1948-50-ci illər sayımı Azərbaycan əhalisinin milli tərkibini müəyyən etmək üçün ən etibarlı mənbə olaraq qalır və üç inzibati-ərazi vahidi – Doğu Azərbaycan, Batı Azərbaycan və Zəncan şəhristanı əhalisinin adı çəkilən mənbə əsasında bizim hesablamalarımız göstərmişdir ki, 40-cı illərin sonlarında ümumi əhalinin (3101 min adam) 88%-i (yaxud 2753 min nəfər) Türk idi. Kürdlərin sayı 290 min nəfər idi ki, bu da ümumi əhalinin 9%-ə bərabər idi. Onlar Batı Azərbaycan ostanının batı sərhədyanı zolağında yaşayırdılar. Qalanları (aşağı-yuxarı 3%) Farslar (bəzi iri şəhərlərdə məskun idilər), Assurlar (Batı Azərbaycan ostanında), Ermənilər (şəhərlərdə), Tatlar (Ərdəbil və Zəncan bölgələrində kənd əhalisi) və başqaları idilər.[21]

Maraqlıdır ki, Azərbaycanın özündə yaşayan Türklər 40-cı illərin sonlarında ölkənin Türk əhalisinin (5,3 milyon nəfər) 52,8%-ə bərabər idi. 1976-cı il sayımına əsaslanaraq ölkə üzrə Türklərin daxilində Azərbaycandakı Türklərin nisbətini müəyyən etmək olar. Şərti olaraq 30 il ərzində (40-cı illərin sonu-1976-cı il) Azərbaycan əhalisinin milli tərkibində prinsipial dəyişikliyin olmadığını fərz etsək, onda Azərbaycandakı Türklər (5,1 mln) bütün İrandakı Türklərin cəmi 40%-ə bərabər olur. (İran əhalisinin - 33 591,9 min nəfərin 32-%-i hesabı ilə). Bunu dolayısı ilə Azərbaycanın ümumi əhalisinin ölkə üzrə xüsusi çəkisinin azalması da təsdiq edir.[22] Fikrimizcə, bu xeyli dərəcədə Azərbaycandan əhalinin intensiv miqrasiyası ilə bağlı idi.

1956-cı il ümumi sayımı müəyyən etdi ki, ölkə əhalisinin 2,1 milyonu (ya bütün əhalinin 10,9%-i) miqrantlar idi. Doğu və Batı Azərbaycan ostnlarından və Zəncan şəhristanından köçən əhalinin sayı müvafiq olaraq 329,3 min (ya ostanın bütün əhalisinin 15,4%-i), 38,6 min (ya 5,4%) və 41,0 min (ya 10,6%) idi ki, bu da ölkədəki bütün miqrantların 19,7%-ə bərabər idi. Azərbaycandan miqrant axınının coğrafi istiqaməti müxtəlif idi. Ən intensiv miqrasiya bölgələri Ərdəbil (70 min adam, ya şəhristan əhalisinin 26,8%-i), Təbriz, Marağa, Həştrud (200 min adam, ya bu üç şəhristan əhalisinin 21,6%-i), Sarab (17,3 min adam, ya şəhristan əhalisinin 13,1%-i), Xalxal (12,5 min, ya 12,6%) və Zəncan (41 min adam, ya şəhristan əhalisinin 10,6%-i) idi. Miqrasiyanın ən az toxunduğu bölgələr Batı Azərbaycan ostanında Kürdlərin də yaşadığı Sayınqala (Şahindej, 495 nəfər, ya şəhristan əhalisinin 9,8%-i), Meşkinşəhr (1970 nəfər, ya 1,2%) və Mahabad (Soyuqbulaq, 3885 nəfər, ya 1,7%) kimi şəhristanlar olmuşdur.[23]

Geriyə axına – başqa bölgələrdən və xaricdən buraya miqrasiyaya gəldikdə, 1956-cı il sayımı aşağıdakı rəqəmləri təqdim edir: Doğu Azərbaycan ostanına 41,8 min, Batı Azərbaycan ostanına 88,6 min, Zəncan şəhristanına 3,1 min adam köçmüşdü.[24] Ən böyük “miqrant cəlb edən” bölgə Mahabad (53 min nəfər, bunlardan 50 mini Doğu Azərbaycan ostanından) və Urmu şəhristanları (25 min nəfər; bunlardan 12 mini Doğu Azərbaycan ostanından, 9 mini isə Batı Azərbaycan ostanının başqa şəhristanlarından) idi.

Yuxarıdakı rəqəmlərin müqayisəsi göstərir ki, ilk ümumi sayımın keçirildiyi vaxt miqrasiyanın əsas istiqaməti əhalinin Azərbaycandan köçü istiqamətində idi. Azərbaycandan köçən miqrantların böyük əksəriyyəti Tehranın payına düşür. 1956-cı il sayımına görə, məsələn, Ərdəbil şəhristanından köçənlərin 75,7%-i (53 min nəfəri), Təbriz şəhristanından – 69,5%-i (93 min nəfəri), Zəncan şəhristanından 72,9%-i (30 min nəfəri), Urmu şəhristanından 47,8%-i (7,3 mini) paytaxtda yerləşmişdi. Miqrasiyanın əks istiqaməti göstərilən çəhristanlar üzrə müvafiq olaraq aşağıdakı rəqəmlərlə ifadə edilirdi: 279, 1371, 302 və 827 nəfər.[25]

Təəssüf ki, sonrakı ümumi sayım materiallarında belə müfəssəl məlumatlar yoxdur. Lakin dolayı qaynaqlar göstərir ki, Azərbaydan köç 1956-cı ildən sonra da İrandakı miqrant kütləsinin əsas hissəsinə bərabər idi. Belə ki, 15 noyabr 1962-ci il tarixli Ettelaat qəzeti yazırdı ki, “son illərdə Azərbaycandan yalnız Tehrana 500 min adam köçüb. Bunlardan 250 mini keçmiş Təbrizlilər idi ki, say baxımından təxminən elə Təbriz əhalisi qədərdirlər.” Bu halın səbəblərinin izahı diqqəti çəkir: ”Maraqlıdır, Xuzistan, İsfahan, Xorasan və Gilandan Tehrana bu qədər adam köçübmü? Cavab mənfidir... Hökumət Azərbaycana diqqət yetirmir, diqqət varsa belə, başqa vilayətlərə nisbətən çox azdır.” 1964/65-ci ildə ölkə üzrə miqrantlarən sayı 4,2 milyona çatdı.[26] 70-ci illərin ortalarından keçən on il ərzində şəhərlərə daha 5 milyon kənd əhalisi köçdü.[27] Rəsmi məlumatlara görə, 1971-1976-cı illər arasında Doğu Azərbaycan ostanından Tehrana 601,2 min adam (5 yaşdan yuxarı), batı Azərbaycan ostanından 113,6 min adam köçmüşdü. Müqayisə üçün göstərək ki, bu rəqəmlər Kirmanşah, Bəlucistan və Kürdüstan üçün müvafiq olaraq 14,8 min, 3,2 min və 66,6 minə bərabər idi.[28]

40-70-ci illərin demoqrafik proseslərinin xarakterik xüsusiyyətlərindən biri də bu idi ki, 60-cı illərin sonlarından etibarən Tehran, köç edən Azərbaycan sakinlərinin böyük hissəsi üçün keçid məntəqəsinə çevrildi, onlar iş dalınca Xuzistana və İran körfəzinin neft istehsal edən ölkələrinə yollanırdılar. Bəzi məlumatlara görə, 70-ci illərin əvvəllərində yalnız Küveytdə 80 min keçmiş Azəbaycan sakini vardı.[29]

Beləliklə, 40-70-ci illərdə Azərbaycanın demoqrafik durumundakı dəyişikliklər mövzusunu yekunlaşdırarkən aşağıdakıları göstərmək gərəkdir. Nisbətən yüksək təbii artım hesabına Azərbaycanın kənd və şəhər əhalisinin hiss ediləcək say artımı (1956-1976-cı illərdə artım 159%) müşahidə olunur.[30] Buna baxmayaraq, İran əhalisində Azərbaycanın xüsusi çəkisi azaldı, Azərbaycan və bütün ölkə arasında şəhərləşmə (urbanizasiya) fərqi daha da artdı ki, bu da Azərbaycandan əhalinin miqrasiyası ilə bağlı idi. 1956-cı il sayımına görə, Azərbaycanda miqrasiya əmsalı (əyalətdən gedənlərlə əyalətə köçənlər arasında fərq) 220 688 nəfərə bərabər idi.[31] Azərbaycan üçün səciyyəvi olan bu hal 60-70-ci illərdə yeni forma və miqyas aldı. Şah rejimi Azərbaycana yönəlik strateji xəttə - hər vasitə ilə bu bölgəni ölkənin mərkəzi rayonları ilə bağlamaq siyasətinə uyğun olaraq, demoqrafik kanallardan da fəal istifadə etdi. Azərbaycan sakinləri (Türklər) kütləvi axınlarla ölkənin mərkəzinə və güney əyalətlərinə köçür, Təbrizdəki bəzi yeni sənaye müəssisələri və Muğan düzündəki yeni iri aqromüəssisələrdə mərkəzi Fars bölgələrindən işçi gətirib burada yerləşdirməyə çalışılırdı.

Azərbaycandan ifrat miqrasiyanın birbaşa nəticəsi olaraq cəmiyyətin sosial-sinfi strukturunda dəyişikliklər baş verdi. Onlardan ən əhəmiyyətlilərini göstərək. Şəhərlərə kənd əhalisinin ifrat axını nəticəsində 70-ci illərin ikinci yarısında Azərbaycanın bir sıra kənd təsərrüfatı bölgəsində işçi qüvvəsinin çatışmazlığı hiss edilməyə başladı. Keyhan qəzeti 5 dekabr 1977-ci il tarixində “son iki ildə 300 mindən çox kəndlinin Xoy, Şahpur, Maku, Mərənd və Girudağ ətrafından köçməsini” qeyd edərək göstərirdi ki, “İşçi qüvvəsinin kəskin çatışmaması üzündən minlərlə ton məhsulu kimsəsiz kəndlərdən istehlakçıya çatdırmaq mümkün olmadı.”

21 Azərdən sonra yerli iş adamlarının Azərbaycandan köç etməsi də az əhəmiyyəti olmayan sosial-siyasi nəticələrə səbəb oldu. İlk növbədə bu, Azərbaycanda iqtisadi həyatın durğunluğuna nədən oldu. İran müəllifi Sarvan Kaviyanpurun qeyd etdiyi kimi, “Tehran, Xuzistan və ölkənin başqa bölgələrində Azərbaycan sərmayəsi abadlıq yaratdığı bir vaxtda... Azərbaycanın özündə qorxulu durğunluq hökm sürürdü.”[32] 60-cı illərin əvvəllərində Azərbaycanda yerli burjuaziya öz fəaliyyətini əsas etibarı ilə tədavül və yüngül sənaye sahələrində cəmləşdirmişdi. O, İrandakı Türk (Azərbaycanlı) burjuaziyasının nisbətən zəif hissəsi idi. Türk burjuaziyasının ən böyük və fəal hissəsi Tehranda və ölkənin başqa yerlərində işləyir, ölkə iqtisadiyyatında önəmli mövqeyə malikdi. Türk burjuaziyasının İran iqtisadiyyatında rolu barədə Keyhan yazırdı ki, “köklü Tehranlılar həqiqətən də Azərbaycanlılara nisbətdə azlıqdadırlar, Azərbaycanlılar öz sərmayələrini Tehrandan çəksələr, ondan bir şey qalmaz, çünki Tehran iqtisadiyyatına həyat verən onların sərmayəsidir.”[33]

Ağ inqilab çərçivəsində sənayeləşmə kursunun elan edilməsindən sonra hakim dairələr Azərbaycan mənşəli burjuaziyanı öz fəaliyyətini Azərbaycana keçirmək barədə çağırış etməyə başladı. Keçmiş şah 1962-ci ildə Azərbaycana səfəri zamanı demişdi: “Məni narahat edən odur ki, Təbrizin və Azərbaycanın digər məntəqələrinin tacirləri öz yurdlarını buraxıb, paytaxta köçmüşlər. Buna son qoyulmalıdır, çünki yaxın vaxtlarda Azərbaycanda işgüzarlıq fəaliyyəti genişlənəcək. Onlar gərək qayıdıb, burada ticarətlərini davam etdirsinlər.”[34] Bizim fikrimizcə, hakim dairələrin məqsədi yerli kapitalın hesabına Azərbaycanın iqtisadi inkişafını təmin etməkdən çox, “Fars məntəqələrində böyük rəqabət qabiliyyəti olan”[35] Türklərin mövqeyini laxlatmaq idi. Hökumətin israrlı təbliğatına baxmayaraq, Türk burjuaziyasının bu hissəsi öz sərmayəsini Azərbaycana qaytarmaqda maraqlı olmadığını göstərdi. Məsələn, Tehran ticarət otağının keçmiş başçısı Senator A. Vəkili və ölkənin böyük iş adamı M. Təvəkküli mətbuat nümayəndələri ilə görüşdə qeyd edirdilər ki, Azərbaycanda sərmayə qoyuluşu sahəsində münasib şəraitin yaranması haqqında hökumətin iddialarına ciddi şübhə edirlər. Odur ki, Azərbaycana qayıtmaq fikrində deyillər.[36] İran mətbuatı materialları göstərir ki, Türk burjuaziyası Azərbaycandan kənarda fəaliyyət göstərməkdə davam etmiş, buraya nəinki özəl sərmayə gəlməmiş, əksinə, 70-ci illərin lap sonunadək Azərbaycandan ölkənin başqa bölgələrinə sərmayə axını davam etmişdir.[37]

Türk (Azərbaycanlı) burjuaziyanın fəaliyyətini Azərbaycandan kənara keçirməsi İran hökumətinin ayrı-seçkilik siyasəti ilə izah edilməlidir. Bu siyasət Azərbaycanın iqtisadiyyatı sahəsində də eyni xarakter daşıyırdı.

1965-ci ilin iyununda İranın Baş naziri Hüveyda 45 ekspertdən ibarət böyük iqtisadi komissiyanın başında Azərbaycana səfər etdi. Səfərin məqsədini komissiyanın başçısı belə formulə edirdi: “Mən Azərbaycana ən yüksək ixtisaslı mütəxəssisləri gətirmişəm və Azərbaycanda iqtisadi vəziyyət qaydasına düşməyincə, bu əyaləti tərk etməyəcəyəm.”[38] Təbrizdə olarkən Baş nazir etiraf etməyə məcbur oldu ki, “Azərbaycanlılar hökumətin fəaliyyətindən razı deyillər.” O, hökumətin diqqətini Azərbaycanın sənaye inkişafının problemlərinə yönəltmək, yerli özəl kapitalın fəaliyyətini genişləndirmək və Azərbaycanda iri dövlət müəssisələrinin tikintisini gücləndirəcəyi haqqında vədlər verdi.[39]

Bu bəyanatlar elan edilmiş yeni iqtisadi siyasətlə səsləşir və ölkənin sənayeləşdirilməsi sahəsində ilk iri planların həyata keçirilməsi ilə xronoloji olaraq üst-üstə düşürdü. Bir sıra sahələr üzrə müasir müəssisələrin yaranmasına İran iqtisadiyyatının texniki təminatının vacib şərti kimi baxılırdı. Qeyd edək ki, tədqiq olunan dövrdə bu istiqamətdə gözə çarpan uğurlar əldə edildi. Sənayeləşmə sahəsində irəliləyişlərin yekun ifadəsi aşağıdakılar idi: 1959/60 – 1972/73-cü illər dövründə daxili məcmu məhsulda (dəyişməz qiymətlərlə) sənayenin payının (neft sənayesi də daxil olmaqla) 27,2%-dən 44,”%-ə qədər artması; 1960/61-ci ildən 1975/76-cı ilə qədər olan 15 ildə (cari qiymətlərlə) sənayedə şərti-təmiz məhsulun illik artım tempinin 17,4% olması; 70-ci illərin birinci yarısında artıq I bölmənin əsaslarının və II bölməyə aid müasir sahələrin yaranması və bütün bunların nəticəsində İran iqtisadiyyatının müstəmləkə strukturunun dağılması.[40]

Milli ucqarlarda, özəlliklə Azərbaycanda sənayenin durumunun öyrənilməsi göstərir ki, bu irəliləyişlər əsasən ölkənin mərkəzi bölgələri üçün xarakterik idi və Baş nazirin yuxarıda göstərilmiş bəyanatına ümumilikdə gerçəkləşməmiş vəd kimi baxmaq lazımdır.

60-cı illərin əvvəllərindəki sənaye sayımı materialları Azərbaycanın sənaye simasının xırda xalça toxuculuğu müəssisələrinin müəyyən etdiyini göstərir. 1963-cü il sayımına görə, Azərbaycan şəhərlərində (Zəncan şəhristanı olmadan) 524 “iri” (10 və daha artıq işçisi olan) emal sənayesi müəssisəsindən 306-ı (58,4%) xalçaçılıq müəssisəsi idi.[41] Bunlardan yalnız 11-də yüzdən artıq işləyən vardı. Ölkədə istehsal olunan xalçaların 30%-dən çoxu Azərbaycan xalçaçılıq sənayesinin payına düşürdü.[42] əsas xalçaçılıq bölgəsi Təbriz və ətrafı, Əhər, Mərənd idi.[43]

Həmin 1963-cü ildə 49 iri toxuculuq sənayesi (xalçaçılıq müəssisələrindən başqa) müəssisəsi vardı. Bunlar ölkə üzrə bu tipli müəssisələrin 11,5%-ə (bütövlükdə 7127) bərabər idi.[44] Bu müəssisələr əsasən az mexanikləşmiş emalatxanalar idi. Bir kiçik dəri zavodu marağada, qalanları isə Təbrizdə yerləşirdi. Azərbaycanda fabrik-zavod sənayesinin pionerləri “Xosrovi” və “Mümtaz” (Təbrizdə) dəri zavodları idi.[45]

1965/66-cı il sayımı göstərdi ki, bu illərdə Azərbaycanda toxuculuq sənayesi (dəri və konfeksiya sahələri də daxil olmaqla) üstün mövqeyə malikdir. Toxuculuq müəssisələri bütün müəssisələrin 45,6-a bərabər idi, bütün işləyənlərin 53,3%-i burada çalışır və şəhır emal sənayesində istehsal edilmiş məcmu məhsulun ümumi dəyərinin 44,9%-i verirdi.[46] Aşağı-yuxarı 10 il ərzində toxuculuq müəssisələrinin sayı xeyli azaldı. Doğu və Batı Azərbaycan ostanlarında “iri” toxuculuq müəssisələrinin sayı – 335 vahiddən 1974-cü ilin 21 martında bütün Azərbaycan üçün 70 vahidə endi.[47] Təəssüf ki, şəhər emal sənayesinin toxuculuq müəssisələrində işləyənlərin sayı və bu sahədə emal olunan məhsulun həcmi haqqında müqayisəli statistik göstəricilər yoxdur. Ancaq əvvəlki müqayisələr Azərbaycan emal sənayesinin əsas sahələrinin böhranlı vəziyyəti haqqında kifayət qədər aydın təsəvvür yaradır.[48]

70-ci illərdə Təbriz və bəzi şəhərlərdə dövlət tərəfindən bir neçə iri maşınqayırma müəssisəsinin tikilməsilə emal sənayesinin bu sahəsi irəliyə doğru mühüm addım atdı. Təbrizdə traktor (1970), bir neçə maşınqayırma müəssisəsi (1971-75), Sofyanda sement zavodu (1971) işə düşdü. Bu müəssisələrin tikintisi nəticəsində 1973/74-cü ildə maşınqayırma müəssisələrinin məhsulları Doğu Azərbaycan ostanının “iri” sənaye müəssisələrinin bütün şərti-təmiz məhsulunun 47,9%-i verirdi.[49] Ancaq bu müəəsisələrin tikintisi ətrafında rəsmi təbliğata baxmayaraq, ölkənin maşınqayırma sənayesində Azərbaycanın xüsusi çəkisi cüzi olaraq qaldı. Belə ki, 1972/73-cü ildə Doğu və Batı Azərbaycan ostanlarının payına İranın “iri” maşınqayırma müəssisələrində hazırlanan şərti-təmiz məhsulun 2,78%-i düşürdü.[50]

Yeni sənaye müəssisələrinin yaranmasının Azərbaycanın sənaye inkişafında mütərəqqi rola malik olmasını göstərməklə yanaşı, onu da qeyd etmək gərəkdir ki, bu maşınqayırma müəssisələrinin işə salınması bu milli bölgənin özündə struktur dəyişməsinə səbəb ola bilmədi.

Bu müəssisələr (maşınqayırma müəssisələrindən başqa) montaj müəssisələri idi, hazır hissələr bütünlüklə, yaxud əsas etibarı ilə həmin zavodları tikən ölkələrdən idxal olunurdu. Məsələn, dizel mühərrikləri zavodlarından biri - İngilis şirkəti “Leyland”ın köməyi ilə tikilmiş zavod – hazır hissələri İngiltərədən, ikincisi (Mersedes-Benz’in iştirakı ilə tikilmiş) Qərbi Almaniyadan, üçüncüsü (Westinhouse Electric şirkətinin köməyi ilə tikilmiş) ABŞ-dan alırdı. Perspektivdə bu montaj müəssisələri tədricən özlərində avadanlıq üçün detallar hazırlamağa başlamalı idi. Ancaq ilkin planların əksinə olaraq, Təbrizdəki yığma müəssisələrinin heç biri tam silsilə istehsala keçə bilmədi. Belə ki, Rumıniya ilə müqavilənin pozulmasından və şahın şəxsi göstərişi ilə İngilis firması Messey Fergusen ilə müqavilə bağlandıqdan sonra traktoryığma zavodu hazır hissələr almağa başladı və bu firmanın markası altında traktor yığılmağa başlandı. Bu barədə Azərbaycan dərgisinin yazdıqları ilə razılaşmamaq mümkün deyil. O təsdiq edirdi ki, “İngiltərədəki Messey Fergussen firmasının buraxdığı hissələri yığmaqla məşğul olan Təbriz traktor zavodu və İran bazarındakı İngilis traktorları sözün tam mənasında milli sənaye müəssisəsi deyildir.”[51]

İranın kapitalist inkişafının eninə və dərininə işləməsi Azərbaycanın insan, maliyyə və digər ehtiyatlarından istifadəni təkidlə edirdi. Ancaq şah rejimi bu məsələni öz siyasətinə uyğun olaraq Azərbaycanın Mərkəzi İranla zorən sosial-iqtisadi inteqrasiyası yolu ilə həll etməyə çalışırdı. Maşınqayırma zavodları üçün lazım olan xammal İsfahandan, Əhvazdan, Mərkəzi və Cənubi İranın digər rayonlarından gətirilirdi. Hazır məhsul da ilk növbədə yerli bazara deyil, ümum-İran tələbatını təmin edirdi. Əsas məhsullar (dizel mühərrikləri, diyircəklər, tokar və dəlmə dəzgahların müxtəlif tipləri, pardaxlayıcı və hamarlayıcı dəzgahlar, məngənələr və s.) ölkənin digər bölgələrində yerləşən müəssisələrə və xaricə göndərilirdi. Belə anklav inkişaf müəssisələrin sahələrarası istehsal münasibətlərini, ilk növbədə onun dönərliyini zəiflədirdi.

Rəsmi şəxslərin fikrincə, Azərbaycanda iri dövlət müəssisələrinin tikintisi yerli özəl kapitalı əlavə və aralıq əmtəə istehsalı müəssisələrinin yaradılmasına həvəsləndirməli idi. Amma bu baş vermədi. Yerli kapital yerli bazarın deyil, ümum-İran bazarının diqtə etdiyi sahələrə sərmayə qoyuluşuna maraq göstərmədi. Özəl sahibkarlıq üçün Tehranda və mərkəzi əyalətlərdə yerləşən istehsal tələbatının ödənilməsinə yönəlmiş məhsul istehsal edən müəssisələrin tikintisi daha etibarlı idi. Bu, onlara daimi satış bazarına malik olmaq təminatı verirdi. Ola bilsin, Azərbaycan üçün daha böyük dərəcədə yerli bazara yönəlmiş başqa “strukturyaradan” sahənin seçilməsi yerli sahibkarlığın dirçəlişinə imkan yaratmış olardı.

Sosial və istehsal infrastrukturunun zəifliyi Azərbaycanda tikilmiş müasir müəssisələrin normal fəaliyyətinə mane olurdu. Daxili bazarın darlığı və xarici bazara çıxışın çətinliyi bu müəssiələrdə istehsalın ixtisarını, hətta dayandırılmasını şərtləndirən səbəblərin cərgəsini tamamlayırdı.[52]

Dövlətin inşaa etdiyi başqa sahə müəssisələrindən 1978-ci ildə istifadəyə verilmiş (İtaliya kapitalının iştirakı ilə) Təbrizdə və Urmuda iki neftayırma zavodunu qeyd etmək olar. Onları xam neft ilə təmin etmək üçün Əhvazdan (Tehrandan keçməklə) Təbrizə qədər uzunluğu 1348 km olan neft kəməri çəkilmişdi. Birinci zavodun gücü gündə 80 min barrel idi.[53]

Beləliklə, Azərbaycanda emal sənayesinin durumunu xarakterizə edən hal iri dövlət müəssisələrinin meydana çıxması və yeni müasir sahələrin – maşınqayırma və neft emalı sənayesinin yaranması idi. Ancaq Azərbaycanın iqtisadi həyatında bu müsbət halların önəmini şişirtmək doğru olmazdı. Müasir sənayenin Təbriz “vahə”sinin yaranmasına baxmayaraq, Azərbaycan emal sənayesinin simasını 70-ci illərin ikinci yarısında da xırda ənənəvi müəssisələrin təmsil edirdi. Statistik materiallar göstərir ki, xırda müəssisələr təkcə müəssisələrin və işləyənlərin sayında mühüm yer tutmurdu, onlar eləcə də şərti-təmiz məhsulun həcmində böyük xüsusi çəkiyə malik idilər. Xırda müəssisələrin əksəriyyəti şəhərdə də, kənddə də xalçaçılıq emalatxanaları idi.[54]

Qeyd etmək lazımdır ki, Azərbaycandakı “iri” sənaye müəssisələri belə digər əyalətlərlə müqayisədə həm işçilərin sayına, həm də buraxdığı məhsulun həcminə görə nisbətən xırda müəssisələr kimi xarakterizə edilirdilər. 1974/75-ci ildə Doğu Azərbaycanda olan sənaye müəssisələrində orta hesabla 27 nəfər, Batı Azərbaycanda 55 nəfər (Mərkəzi ostanda – 77, Mazandaranda – 86, İsfahanda – 110 nəfər) işləyirdi. İstehsal həcmi (bir müəssisəyə düşən şərti-təmiz məhsul) 1974/75-ci ildə Azərbaycanda ölkə üzrə ən aşağı göstərici idi: Batı Azərbaycan ostanında 19 milyon riyal, Doğu Azərbaycanda 14,6 milyon riyal (Mərkəzi ostanda - 109,9, Mazandaranda – 83,3, Xuzistanda - 175,7 milyon riyal və s.).[55] Müəssisələrin xırdalığı əmək məhsuldarlığının aşağı olmasını şərtləndirirdi. 1965/66-cı ildə Doğu və Batı Azərbaycan şəhər emal sənayesində hər bir işləyənin payına düşən məhsulun həcmi orta İran səviyyəsindən çox, Tehran, İsfahan və Yəzd bölgələrindən isə daha çox geridə qalırdı. Adambaşına düşən məhsul istehsalı Doğu Azərbaycanda 43,9 min riyal, Batı Azərbaycanda 52,4 min riyal idisə, İsfahan və Yəzddə bu qəqəm 101,2-yə bərabər idi.[56] 1973/74-cü il statistikası bu fərqin daha da artdığını göstərir. Belə ki, bütün ölkə üzrə adambaşına 365 milyon riyalllıq şərti-təmiz məhsul düşürdüsə Doğu Azərbaycanda bu 225 milyon riyala, batı Azərbaycanda 183, Zəncanda isə 186 milyon riyala bərabər idi.[57]
[1] Mir Cəfər Pişəvəri, Seçilmiş əsərləri, s.275, 281, 297.

[2] Azərbaycan (Təbriz), 12 sentyabr 1945.

[3] Yenə orada, 23 noyabr 1945.

[4] Azərbaycan tarixi. Qısa oçerk. Qədim zamanlardan XX əsrə qədər, Bakı, 1943.

[5] Firudin İbrahimi, Azərbaycanın qədim tarixindən, Təbriz, 1946.

[6] Mir Cəfər Pişəvəri, Seçilmiş əsərləri, s. 277-278, 329.

[7] Müqavilənin tam mətni üçün baxın: Əkrəm Rəhimli (Bije), Güney Azərbaycanda milli-demokratik hərəkat (1941-1946), s. 180-183.

[8] Yuxarıda verilmiş ədəbiyyat siyahısına baxmaq olar.

[9] Ayrıntılı bilgi üçün baxın: Salamulla Cavid, O günün həsrəti ilə. Xatirələr, s. 75-86; Cəmil Həsənli, Güney Azərbaycanda Sovet-Amerika-İngiltərə qarşıdurması (1941-1946),özəlliklə kitabın XVI bölümü, s. 501-542.

[10] Şövkət Tağıyeva, Əkrəm Rəhimli (Bije), Səməd Bayramzadə, Güney Azərbaycan. Məlumat kitabı,s. 239-241.

[11]Yenə orada, s. 272.

[12] Qozareşe moqəddəmatiye cəmaəte İran. Sərşomariye omumiye abanmahe 1345, Tehran, 1345, s.7; Qozareşe xolaseye sərşomariye omumiye keşvər dər sale 1335, celde dovvom, Tehran, 1961, s.5, 9, 10, 165; Qozareşe nətayece moqəddəmati. Sərşomariye omumiye nofus və məskən. Abanmahe 2535. Cəmaəte kolle keşvər, Tehran, 2535, s.7; Nəsib Nəsibzadə, İranda Azərbaycan məsələsi (XX əsrin 60-70-ci illəri), Bakı: Ay-Ulduz, 1997, s. 69, 172.

[13] Amar dər İran. Nəşriyyeye salaneye amare omumi, Tehran, 1338, s. 100-101.

[14] Yenə orada, s. 444.

[15] Fərhənge coğrafiyaye İran (Abadiha), c. 1-10, Tehran, 1949-54.

[16] Məhmud Pənahiyan-Təbrizi, Fərhənge coğrafiyaye melliye torkane iranzəmin, c. 4, [Bağdad], 1972, s. 371-374.

[17]Г. М. Петров, Материалы к социально-экономической характеристике астанов Ирана. Второй астан (центр – город Сари), Краткие сообщения Института народов Азии, ХХХ. Иран, Турция, Москва, 1961, с. 35.

[18] Современный Иран. Справочник, Москва: Из-во АН СССР, 1957, с. 28.

[19] Nəsib Nəsibzadə, İranda Azərbaycan məsələsi (XX əsrin 60-70-ci illəri),s.71-72.

[20] Keyhan, 28 mart 1979.

[21] Н.Л.Насибзаде, «Географический словарь Ирана» как источник для определения национального состава населения Южного Азербайджана, Доклады АН Азербайджанской ССР, том XLI, N 2, 1985, c.83-86.

[22] Nəsib Nəsibzadə, İranda Azərbaycan məsələsi (XX əsrin 60-70-ci illəri),s. 172.

[23]Qozareşe xolaseye sərşomariye omumiye keşvər dər sale 1335, celde dovvom,s. 165-168.

[24] Yenə orada, s. 165, 168.

[25] Yenə orada, s. 172-190.

[26]Bərrəsiye məsaele ensaniye İran, 35, Tehran, 1345, s.247.

[27] Революционный процесс на Востоке. История и современность, Москва: Наука, 1982, с. 294.

[28] A. Aghajanian, Ethnic Inequality in Iran: An Overview? International Journal of Middle East Studies, no 2, vol. 15, 1983, p. 223.

[29] 1963-1964-cü illərdə Rezaiyyənin (Urmunun) Saatlı kəndini tədqiq etmiş Yapon şərqşünasının məlumatına görə, kəndin, demək olar ki, bütün yaşlı əhalisi (kənddə cəmi 314 adam, ya 54 ailə yaşayırdı) 50-ci illərin sonu, 60-cı illərin əvvəlllərində qazanc dalınca kənddən gedirdilər. Onların xeyli hissəsi, xüsusən 60-cı illərdə köçənlər bir daha geri qayıtmadılar. Şərqşünasın göstərdiyi miqrasiya istiqamətlərindən (Küveyt, Bağdad, Abadan, Tehran və s.) başlıcası Küveyt idi.(Tayobunka Kenkyudzyo Kiyo, Tokio, no 38, 1965, s. 105-110).

[30] Nəsib Nəsibzadə, İranda Azərbaycan məsələsi (XX əsrin 60-70-ci illəri),s. 78.

[31] Yenə orada, s. 173.

[32] Sərvan Kaviyanpur, Tarixe omumiye Azərbaycan, Tehran, 1346, s. 347.

[33]Keyhan, 17 fevral 1973.

[34] Yenə orada, 6 oktyabr 1962.

[35]В.В.Трубецкой, Особенности национальной ситуации в Исламской Республике Иран, Национальный вопрос в странах Востока, Москва: Наука, 1982, с. 265.

[36] Keyhan, 29 avqust 1965.

[37] Baxın: Keyhan, 10 iyun 1965, 6 mart 1967, 30 dekabr 1968, 18 fevral 1969, 8 iyul 1969, 16 yanvar 1972, 14 may 1972, 6 iyun 1972, 24 yanvar 1973, 16 noyabr 1974, 8 yanvar 1975; Ettelaat, 10 sentyabr 1962; Tehrane Ekonomist, 2 noyabr 1971.

[38] Keyhan, 22 iyul 1965.

[39] Yenə orada.

[40] А.З.Арабаджян, Рост экономического потенциала Ирана в 60-70-е годы, Иран.Проблемы экономического и социального развития, Москва: Наука, 1980, с. 7, 15.

[41] Rahnəmaye məaden və karqahhaye bozorge sənətiye İran dər sale 1342, celde əvvəl, Tehran, 1965, s. 17-165.

[42] Keyhan, 30 iyul 1965.

[43] Firuz Toufiq, Əbbas Xəqani, Daryuş Behazin, Məntəqeyi qalibafiye Azərbaycan, Tehran: Sazemane bərname, 1969, s. 1-5.

[44] Rahnəmaye məaden və karqahhaye bozorge sənətiye İran dər sale 1342, s. 47-66, 92-103.

[45] Təlaş (Tehran), 1970, no 27, s. 72.

[46] Amare sənətiye sale 1344, Tehran, 1967, s. 1, 29, 36; Nəsib Nəsibzadə, İranda Azərbaycan məsələsi (XX əsrin 60-70-ci illəri),s. 163.

[47] Rahnəmaye məaden və karqahhaye bozorge sənətiye İran dər sale 1342, s. 47-66; Amarnameye ostane Azerbaycane Qərbi, Tehran, 1978, s.61; Amarnameye ostane Azerbaycane Şərqi, Tehran, 1979,s.67; Amarnameye ostane Zəncan, Tehran, 1979, s.43.

[48] Keyhan, 30 iyul 1965, 2 oktyabr 1974; Ayəndeqan, 29 avqust 1977; Azərbaycan (ADP MK-nın – Tudənin Azərbaycandakı yerli təşkilatının jurnalı), 1978, no 7, s. 38-39, 1978, no 12, s. 20.

[49] Amarnameye ostane Azerbaycane Şərqi,s. 67.

[50] Nətayece sərşomari əz karqahhaye bozorge sənətiye 2532, Tehran, 2536, s. 123.

[51] Azərbaycan (ADP MK-nın – Tudənin Azərbaycandakı yerli təşkilatının jurnalı), 1977, no 8, s. 20.

[52] Baxın: Keyhan, 14 may 1972; Ettelaat, 19 iyun 1977, 17 oktyabr 1977.

[53] Keyhan İnternational, 29 iyun 1977; Burs, 17 oktyabr 1979; Keyhan, 28 iyun 1977.

[54] Baxın: Amare karqahhaye kuçeke sənətiye şəhriye sale 1355, Tehran, 1980, s.10, 42, 50, 170; Amare karqahhaye kuçeke sənətiye rustaiye sale 1353, Tehran, 1980, s.10, 33, 41; Nəsib Nəsibzadə, İranda Azərbaycan məsələsi (XX əsrin 60-70-ci illəri),s. 40, 165, 166.

[55] Нина Мамедова, Концентрация производства и капитала в Иране в 60-70-е годы, Москва: Наука, 1982, с. 35.

[56] Amare sənətiye sale 1344, Tehran, 1967, s. “je”; Nəsib Nəsibzadə, İranda Azərbaycan məsələsi (XX əsrin 60-70-ci illəri),s. 40.

[57] Nətayece sərşomari əz karqahhaye bozorge sənətiye 2532, s.27.
Prof. Nəsib Nəsibli


Yüklə 401,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə