oktyabrında - 662 min; Kerç - 1941-ci ilin noyabrında - 100 min;
İzyum-Xarkov-1942-ci ilin mayında - 107 min; Macarıstanda - 1945-ci ilin
fevralında - 100 min. (348)
Müharibə illərində iki milyon yarım insanın itkin düşdüyü bildirilirdi.
Onların müəyyən sayının Rusiyanın meşələrində və bataqlıqlarında itkin
düşdüyünü qəbul etsək, onda bəs qalanları hardadır?
Alman statistikası təsdiqləyirdi ki, əsir düşənlərin 280 mini düşərgələrdə
həlak oldu, 1 milyon 157 mini qaçmaq cəhdinə görə edam edildi, qalanları isə
Almaniyanın şaxtalarında, zavodlarında ağır işlərdə məhv oldu. 1941-ci ilin
noyabrından dekabrına qədərki dövrdə 400 min sovet əsiri həlak oldu. Müqayisə
olaraq götürdükdə, beşillik müharibə dövründə Almaniyada olan 235 min 473
amerika və ingilis hərbi əsirindən 8 min 348 nəfəri həlak olmuşdu. Bizim əsirlərin
belə çox sayda həlak olmasının səbəbi nə ıdi?
Qərb tədqiqatçıları sübut edirdilər ki, sovet əsirlərinin belə çox sayda
həlak olmasının səbəbi faşizmdə deyil, Stalin sisteminin özündə idi. Əsirlərin çoxu
acından həlak olurdu və onları xilas etmək mümkün idi. Lakin Stalin onları Vətən
xainləri adlandırmış və Beynəlxalq Qırmızı Xaç vasitəsi ilə ərzaq göndərməkdən
imtina etmişdi.
Həqiqətən də Sovet dövləti hərbi əsirlərin hüquqi statusunu
müəyyənləşdirən Cenevrə Konvensiyasını imzalamamışdı. (370, s. 31-164-166;
289, 293) Stalinin fikrincə, konvensiyadakı bəzi müddəalar dünyada “ən azad olan
ölkəsi”nin mənəvi-əxlaqi cəhətləri ilə uyğunlaşmırdı. Çünki, konvensiya
zəhmətkeşlər kimi hərbi əsirlərin hüququna təminat vermirdi: aşağı əmək haqqı,
istirahət gününün olmaması, iş gününün qeyri-müəyyənliyi, hərbi əsirlərin
xəbərdarlığı, saxlanılması və s.
Əlbəttə ki, bu, Stalinin ictimai fikri çaşdırmağa yönəlmiş növbəti
uydurmaları idi. Çünki, sovet əsir düşərgələrində hansı hüquqi normalardan
danışmaq mümkün idi?
Qeyd edək ki, 1941-ci ilin avqustunda Hitler Qırmızı Xaça Hammerşdatda
yerləşən sovet hərbi əsirləri düşərgəsinə getməyə icazə verdi. Yalnız bu.
əlaqələrdən sonra Sovet hökumətinə öz əsgər və zabitləri üçün ərzaq göndərmək
çağırışları ilə müraciət edildi. Lakin Moskva Cenevrə Konvensiyası normalarına
əməl etməyə hazır olduğunu bildirsə də, ərzaq göndərməkdən imtina etdi. Qırmızı
Xaç nümayəndələri Stalinin bu cavabını anlaya bilmədilər. Çünki, həmin vaxtda
Stalinin 1941-ci ilin avqustun 16-da verdiyi 270 saylı əmrdən xəbərləri yox idi.
Stalinin məlum 270 saylı əmrində yazılmışdı: “Əgər Qızıl Ordu hissəsi
müqavimət təşkil etmək əvəzinə, əsir düşürsə, onu bütün yer və havadakı
vasitələrlə məhv etmək lazımdır. Əsir düşmüş Qızıl Ordu əsgərlərinin ailəsi isə
dövlət yardımlarından və köməyindən məhrum edilməlidir. Əsir düşən komandir
və siyasi işçiləri fərari hesab etməli, andı pozmuş, vətəni satmış hesab olunan bu
fərarilərin ailəsi həbs edilməlidir...” (348)
Müharibə illərində Stalinin haqsızlığı o həddə çatmışdı ki, hətta həlak
olanları belə cinayətkar sayırdılar. General-leytenant Vladimir Kaçalov yanmış
vəziyyətdə 12 gün tankın içində qalmışdı. General haqqında verilən əmrdə isə
yazılmışdı: “Öz qərargahı ilə mühasirədə olarkən qorxaqlıq göstərib, alman
faşistlərinə əsir düşmüşdür. Kaçalovun dəstəsi mühasirədən çıxmış, general özü isə
əsir düşməyə, düşmənə fərarilik etməyə üstünlük vermişdir.” (348)
1940-cı ilin iyunun 4-də Qızıl Orduda general rütbəsi bərpa olundu və 966
zabitə bu yüksək ad verildi. Müharibə illərində isə 50-dən çox general əsir düşdü.
1945-ci ilin aprel-mayında müttəfıq qoşunları tərəfindən azad olunub Sovet
İttifaqına verilən Pavel Pondelin, Nikolay Kirillov kimi generallar sonradan
güllələndilər. Sovet İttifaqında yaşayan yüz minlərlə uşaq və qoca məhz ata və
oğulları əsir düşdüyündən acından öldülər, sürgünə göndərildilər. Mənbələrdə
göstərilirdi ki, sovet əsgərləri bir-birindən xahiş edirdilər ki, əgər həlak olsalar,
sağ qalanlar onların necə öldürüldüyünü gördüklərini təsdiqləsinlər. Yalnız bu
halda onların ailəsini incitmir, sakit buraxırdılar.
K. Simonov xatirələrində yazırdı ki, komandirlər əsgərlərə hətta istehkam
qazıb güllədən qorunmağı qadağan edirdilər. Səbəbi də belə izah olunurdu ki,
istehkam qazmaq əsgərin hücum ruhunu öldürür. (348)
Qeyd edək ki, müharibə başlandığı ilk gündən etibarən Azərbaycanın
şəhərlərində, rayon mərkəzlərində, qəsəbələrdə və kəndlərdə çağırış səfərbərlik
məntəqələri təşkil edilməyə başladı. (169, s.20) Respublikada yaradılan xalq
qoşunu dəstələrinə fəhlələr, kolxozçular və qulluqçularla yanaşı, alimlər, yazıçılar,
incəsənət işçiləri daxil edilirdi.
Azərbaycan K(b)P MK-nın rəhbərliyi ilə ordu hissələrində siyasi-tərbiyə
işləri aparmaq üçün bütün partiya işçiləri səfərbər edilirdi. Təbliğat işləri aşağıdakı
mövzuları əhatə etməli idi: 1) Bütün dünya zəhmətkeşləri SSRİ ilədir. 2) SSRİ-
dost xalqların böyük ailəsidir. 3) Azərbaycanın, Gürcüstanın, Ermənistanın
zəhmətkeşləri Sovet xalqlarının dost ailəsidir. (28, v.12)
Cəbhə bölgələrinə göndərilən mühazirəçilər bu mövzularda çıxış etməyə
məcbur idilər: 1) Sovet xalqının faşizmə qarşı mübarizəsi ən ədalətli müharibədir.
2) Stalin yoldaşın sərkərdəlik fəaliyyəti. 3) Rus əsgərinin Prussiya ilə yeddiillik
müharibədə qəhrəmanlığı və şücaəti. 3) Böyük rus sərkərdəsi Suvorov. 4) Vətəndaş
müharibəsinin qəhrəmanları - Çapayev, Şors, Kotovski. 5) Slavyan xalqlarının
alman faşizminə qarşı mübarizəsi. (28, v-22; 29, v-23; 30, v-25)
Göründüyü kimi, azərbaycanlı mühazirəçilər yalnız rusların və rus
sərkərdələrinin fəaliyyətini, qəhrəmanlığını təbliğ etməli idi. Azərbaycan xalqının
şanlı və şərəfli tarixinə aid olan onun qəhrəman oğullarının, şəxsiyyət və
sərkərdələrinin şücaətini təbliğ edən mövzulara isə imkan verilmirdi.
Maraqlıdır ki, müharibənin ilk illərində vətənpərvərlik ruhunda olan
əsərlərə ciddi ehtiyac olduğundan, süni yazılmış kitabların təsiri olmadığından
başqa xalqların hazır materiallarından istifadə olunması haqqında göstərişlər vardı.
Dostları ilə paylaş: |