NəŞRİyyatdan



Yüklə 1,21 Mb.
səhifə14/14
tarix19.11.2017
ölçüsü1,21 Mb.
#11038
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   14

Bir tərəfdən ata məhəbbəti Adili susmağa çağırırdısa, o biri tərəfdən haqq, ədalət, vətəndaşlıq borcu onu dillənməyə vadar edirdi. Bu dəqiqə onun üçün hər ikisi – susmaq da, danışmaq da çətin idi. O, şiddətlə döyünən ürəyini sakit etmək üçün stəkanı götürüb çaydan bir qurtum içdi. Lakin çay isti idi, dilini yandırdı. Tez stəkanı yerə qoyub azacıq qırağa çəkildi. Adil özü istəmədən yenə evin divarına göz gəzdirdi. Divardakı böyük xalçanı görcək ürəyi yenidən çırpındı. Daha susa bilmədi. Üzünü atasına çevirib təmkinlə danışmağa çalışaraq:

−Ata, o divardakı xalçanı təzə almısan? – deyə soruşdu.

Rəhman başını qaldırdı.

−Hansını, oğlum? Hə, onu səninçün alıb hazırlamışam.

Adil başını tərpətdi.

−Bəs mıxdan asılan o kostyum kimindir?

−O?.. – Rəhmanın dili dolaşdı. – Onu Diləfruz xanım tikdirib mənimçün... Xoşuna gəlir, qurbandır sənə.

−Çox sağ ol.

Adili hirs boğurdu. Sözünün dalını gətirə bilmədi. Onun bu cür sükut etməsi Rəhmanla Diləfruzu daha çox narahat edirdi.

Adilin bu sualları nə məqsədlə verdiyini bilən Mənsurənin ürəyi titrəyirdi. Qız öz ürək döyüntüsünü saxlamağa çalışırdısa da, bacarmırdı.

Adil nə düşündüsə, ayağa qalxdı. Kostyumu mıxdan alıb öz üstünə tutdu.

−Ata, bunu nə böyük tikdirmisən?

−Həri, elə qəsdən bir az gen-bol eləmişəm, − deyə Rəhman qeyri-müəyyən bir tərzdə cavab verdi.

Adil kostyumu ona uzatdı.

−Gey bir baxım.

Diləfruzun rəngi duruldu.

−Bəyənirsənsə, özün gey, Adil.

−Doğru deyir, oğul, deyəsən gözün tutub. Bağışladım sənə!

−Yox, ata, mənim üçün çox böyükdür.

−Elə mağazadakıların hamısı belə idi. Bilsəydim, xoşuna gələcək bir az kiçiyini alardım. – Rəhman birdən ayıldı və tez sözünü dəyişdi: − Elə mənə də bir az böyük kimidir...

Adil sınayıcı nəzərlərlə atasına baxıb soruşdu:

−Bəs deyirsən əynimə tikdirmişəm...

−Əşi, rəhmətliyin oğlu, indiki dərzilərdə bəyəm bir dərzilik qalıb ki, əyninə də tikə bilələr?

−O, hansı dərzidir, ata?

−Hə?.. Nə bilim, vallah... Əlqərəz, otur bir yaxşı-yaxşı söhbət eləyək.

Rəhman kostyumu aparıb yerindən asanda Adil onun əllərinin titrədiyini aydın görürdü.

−Maşallah, o uduş pulu evimizə xeyli kömək olub! – deyə Adil atasına eşitdirdi. Bu söz kişini yenidən cürətləndirdi:

−Allah hökumətin cibini dolu eləsin, oğul! – deyə stəkanı əyib onsuz da soyumuş çayı nəlbəkiyə tökdü. – Səndən sonra lap kasıblamışdım. İş o yerə çatmışdı ki, bir yol Saleh müəllimə də ağız açmalı oldum. O, insafını allah kəsmiş də...

−Vermədi?

−Yox, əşi! Sən hələ bu adamları yaxşı tanımırsan.

Diləfruz ərinin sözünü tamamladı:

−Allah ona verdiyi canı ala bilmir, Saleh müəllimdən borc almaq olar?

Adil məqsədini büruzə verməmək üçün özünü etinasız göstərməyə çalışaraq:

−Ata, − dedi, − uduş pulunu nə vaxt almısan?

−Hə? Zayomun pulunu! Elə o vaxt! Udannan bir az sonra.

−Neçə gün sonra!

−Heç dəxli mətləbə var? Bu nə sözdür, oğul?! İndi hər haçan, axır ki, almışam da, xərcləmişəm də.

“Daha bəsdir! – deyə Adil mətləb üstünə gəlməyi qət elədi. – Deyəsən mən bütün düşündüklərimin əksinə hərəkət edirəm. Acizlik göstərirəm. Əgər belə isə, daha bu söhbəti başlamaq nəyə gərəkdi. Danışacağam! Özü də çox ciddi danışacağam!” Adil sifətinə ciddi bir ifadə verdi:

−Ata! Bunları öyrənmək mənə lazımdır.

Rəhman darıxdığını hiss edib köynəyinin yaxasını açdı, acıqla oğluna baxdı:

−Yəni çox vacibdir, biləsən? Sənə atçot verməliyəm?

−Əslinə baxsan mən Bakıya elə buna görə gəlmişəm. Bu dəfə Diləfruz xanımla sən mənə haqq-hesab verməli olacaqsınız!

−Bura bax ey, − deyə arvad səsini ucaltdı, − aşna-aşna çıxdın ocaq başına! Fikrin nədir, balam, açıq danışsana!

Adil mənalı bir tərzdə Diləfruzu süzərək asta-asta başını tərpətdi.

−Tələsmə, hər şeyi biləcəksən.

Vəziyyətin gərginləşdiyini görən Mənsurə stəkanları stolun üstündən yığışdırıb mətbəxə apardı. Adil qalxıb onun dalınca getdi. Mənsurəni Saleh müəllimi çağırmağa göndərib yenə öz yerinə qayıtdı. Lakin oturmadı. Stolun dalında dayanıb bir atasına, bir də Diləfruza baxdı.

−Siz onu bilin ki, mən hər şeydən xəbərdaram! – deyib alt dodağını dişlərinin arasında sıxdı.

Diləfruz özündən çıxdı:

−Nə olub? Adam öldürməmişik, oğurluq eləməmişik! Nə eşitmisən deginən! Xux! Qorxduq! Sən Moskvadan gəlmisən deyə, biz Bakıdan çıxacağıq?! – Adil atasının sifətinə baxanda bir anlığa onun halına acıdı, lakin Rəhman bunu hiss etdiyi üçün tez özünü doğruldub kinlə oğlunu süzdü.

−Sən deyəsən gedib oxuyub adam olmaqdansa, daha da axmaqlamısan! Başa düşə bilmirəm fikrin nədir.

Aynabənddən öskürək səsi eşidildi. Evin qapısı astadan döyüldü.

−Buyurun! – deyə Adil dilləndi. Saleh müəllim paltosunu çiyninə salmış halda içəri girdi.

−Baho... Adil! – Lakin o evdəkilərin üzündən vəziyyəti başqa cür görüb səsini dəyişdi. – Xoş gəlmisən.

Adil müəllimlə əl tutub öz yerini ona verdi:

−Nə təhərsiniz, Saleh müəllim?

Kişi başının hərəkətilə razılığını bildirdi. Diləfruz dalını müəllimə çevirdi. Mənsurə qapını örtüb kandarda dayandı.

−Sizə zəhmət verdiyim üçün üzr istəyirəm, − deyə Adil, Saleh müəllimə müraciət etdi.

Müəllim heç bir şey anlamayıb gözlərini döydü, paltosunu çiynindən sürüşdürüb stulun söykənəcəyinə saldı. Sonra papağını çıxarıb dizinin üstünə qoydu.

−Buyur, − dedi, − sənin üçün nə zəhmət çəksəm, mənə xoşdur.

Diləfruz hövsələdən çıxdı.

−Bura bax, müəllim! Bəlkə xalqın öz xarabasında bir gizli söhbəti var, gərək sənə elə deyəm dur çıx get?!

−Müəllimi mən çağırmışam! – deyə Adil cavab verdi. – Sən dilini gödək saxla!

Diləfruz “a-a” deyərək sağ əlini sol əlinin dalına vurub yanağına söykədi. – Bu nə sözdür! Gedə elə bil bizi məhkəməyə çəkib!

Adil səsini ucaltdı:

−Bəli, düzünü bilmək istəsəniz, mən bu gecə sizi mühakimə edəcəyəm!

– Adil, oğlum... – deyə Rəhman onu sakit etməyə çalışdı.

Yataq otağından “Ay mə...” deyən Məmmədin səsi eşidildi. Azacıq sonra o ara qapını açıb içəri girdi və anasının yanına qaçaraq onun dizlərini qucaqladı.

−Qorxma, bala, qorxma, − deyə Diləfruz uşağın başını sığalladı. Məmməd yuxulu gözlərini geniş açıb təəccüblə evdəkilərə baxdı.

Saleh müəllim stola dirsəklənərək hərəkətsiz oturmuşdu. Hələ də qapıda dayanmış Mənsurə qorxudan tir-tir əsirdi. Adil üzünü atasına tutaraq səsinə daha da qüvvət verdi.

−Mən daha üç-dörd il qabaqkı adam deyiləm! İndi hər şeyi başa düşürəm. Düzünü de, ata, o divardakı xalçanı hansı pulla almısan? O mıxdan asılan kostyumu öz əyninəmi tikdirmisən? Niyə susursan? Danışsana! – O, nəfəsini dərib kinayə ilə əlavə etdi: − İstiqraz vərəqəniz udmuşdu?! Sən o istiqrazı Moskvadan gələndə mənim yoldaşımdan pulla almısan! Alverlə qazandığınız haram mal-dövlətinizi qorumaq üçün camaatın gözündən əski asmaq istəmisən! Əgər bu doğru olsaydı, sən o istiqraz vərəqəsini üç ay cibində gəzdirib gedib-gələnə göstərməzdin!

Rəhman xəstə adam kimi zarıldadı:

−Heç dəxli mətləbə var. Axı, sən nöşün hər sözə inanırsan?

Diləfruz üzünü Adilə tutub yumruğunu stola çırpdı:

−Gözünün içinə kimi yalan deyirsən!

−Sus! – deyə Adil onun üstünə çığırdı. – Sənin cinayətlərin onunkundan da artıqdır. Bu evə gələndə sən özünlə murdar əməllər gətirdin! Atamı bu yola sən oldun. Sənin nəfsin oldu! Hər ikiniz – o da, sən də xalqın qanını sorursunuz, mən hər şeydən xəbərdaram! Camaatı soyub taladınız. Siz mənim başımı dost-aşna arasında yerə soxdunuz! Axırı sorağınız Moskvaya gəlib çıxdı. Daha bəsdir!

Adilin yanaqlarında və gözlərinin altında puçur-puçur tər damcıları parıldayırdı. Qıvrım saçları alnına dağılmışdı. Nəfəs aldıqca geniş sinəsi aramsız qalxıb enirdi.

−Demək, məndən sonra o qədər ehtiyac içində qalmısınız ki, axırı Saleh müəllimdən borc istəmisiniz, eləmi?! Müəllim də bilə-bilə sizə pul verməkdən boyun qaçırıb? Elədirmi?

İndiyə kimi bir kəlmə belə danışmadan yerində sakit əyləşən müəllim, nəhayət hərəkətə gəldi. Özünəməxsus bir təmkinliklə, mülayim səslə dilləndi:

−O doğrudur ki, başqasının ailə işinə qarışmaq yaxşı deyil. Buna heç mən də razı olmazdım. Ancaq indi görürəm ki, Adil məni çağırmaqda çox düzgün hərəkət eləyib. Sən otur, oğlum, − deyə o, Adilin əlindən tutub aşağı dartdı. – Heç hövsələdən çıxma. Hər işi sakit görmək lazımdır. – O, üzünü Diləfruza tutdu. – Sən də xahiş edirəm, mənə gözlərini çox bərəltmə! Mən sənin üçün Rəhman deyiləm. Üstünə bir kəlmə də qoymayacağam. Eşitdiklərimə inanmıram, elə bildiklərimi, gördüklərimi desəm kifayət edər!

Saleh müəllim, Rəhmanın Moskvadan satmağa nələr gətirdiyini, qırmızı kirəmidli evə kimlərin gəlib Diləfruzla alver elədiyini və axırda bu cinayətə göz yummamaq üçün milis idarəsinə xəbər verdiyini aram-aram Adilə danışdı.

−Hələ, siz, − deyə o, barmağı ilə Rəhmanla Diləfruzu göstərdi, − üstəlik məni evimdən-eşiyimdən də uzaqlaşdırmaq istəyirdiniz. Mən axmaq deyiləm! Nə qədər az bilsəm, yenə Rəhmanla Diləfruzdan çox bilirəm. Əslinə baxsan, elə bu təqsirin bir qismi də məndə olub. Sizinlə qonşu olmaq daha məndə də abır-həya qoymadı.

−Yaxşı, bura bax a!.. – Diləfruz yanıb tökülürdü. – Axır sözünüz nədir? Nə istəyirsiniz, balam, bizdən?!

Müəllim bu dəfə adəti xilafına, çox kəskin cavab verdi:

−Daha bəsdir, camaatı soyduğunuz! – O, əsəbiləşib yerindən qalxdı, əlləri əsə-əsə paltosunu çiyninə salıb yenə oturdu.

−O dəfə mən özüm axmaqlıq edib sizinlə möhkəm başlamadım! Siz milis orqanlarına min kələk gəlib yaxanızı qurtardınız.Adil bu evin uşağı olmasaydı,çoxdan öz cəzanızı çəkmişdiniz!..

−Mənə görə onları heç kəs bağışlamayacaq,−deyə Adil qarşısında oturan Diləfruza nifrətlə baxdı. − İndiyə kimi evimizdə üstüörtülü qalan bu cinayəti mən özüm açacağam!

−Nə cinayət?! Mən kimin nevini soymuşam?! – deyə Rəhman oğlunun üstünə qabardı. – Kimin malını oğurlamışam?!

Adil cəld yerindən qalxıb kostyumu mıxdan aldı.

−Bəs bu nədir?

O, şkafı açıb ipək, şal parçaları, əcərlı qadın, kişi ayaqqabılarını bir-bir yerə çırpdı.

−Bəs bunlar nədir? Bunlar nədir?! Siz xalqın cibini soyursunuz! Azdırsa, yenə göstərim!

O cavab gözləmədən aynabəndə yüyürdü, cib fənərini çamadandan çıxarıb tələsik həyətə düşdü. Bayaq mətbəxdə Mənsurə ilə görüşərkən qızın nişan verdiyi yerə cumdu.

Otağa gərgin bir sükut çökmüşdü. Məmməd anasına sarılaraq dörd gözlə qapıya baxırdı. Saleh müəllim əsəbi halda barmaqlarilə stolu taqqıldadırdı. Diləfruz başındakı şalın saçaqlarını didirdi. Rəhman bığlarının ucunu çeynəyirdi. Mənsurə evin aşağı başında küncə qısılaraq tez-tez gözlərini qırpırdı.

Qapıya zərblə elə bir təpik vuruldu ki, divarların malası töküldü. Adil əlində iri bir bağlama cəld içəri girdi.

−Bəs bunlar nədir?! – deyə o, bağlamanı ortaya tulladı.

Rəhman ilan vurmuş kimi ayağa durdu. Diləfruz uşağı qucaqlayıb yerindən qalxdı.

−Baxın! – Adil bağlamanı açıb şeyləri yerə tökdü. İçindəki qab-qacaqdan bir neçəsi parça-parça oldu, rəngbərəng kişi, qadın tufliləri, ipək parçalar, kapron corablar, xəz papaqlar, modalı rediküllər pərakəndə halda döşəməyə səpələndi.

Mənsurə nə fikirləşdisə cəld o biri evə keçdi. Saleh müəllim şeyləri görcək üzünü Rəhmana tutaraq:

−Tfu! – deyə stulunu geri çəkdi.

Mənsurə o biri evdən gətirdiyi şadlanka parçanı yerdəki şeylərin üstünə fırlatdı.

−Bu da mənə lazım deyil! – Mən haram pulla alınan parçadan özümə paltar tikdirmərəm. Qoy bunu Diləfruz öz boyuna biçdirsin!

−Bunlarıdamı özünüz üçün almısınız?! – deyə Adil əlindəki fənəri acıqla stolun üstünə atdı. – Niyə dinmirsiniz? Sənin ki, səsin həmişə həyət-bacanı başına götürərdi, Diləfruz xanım?!

Arvad çiyinlərini əsdirib yerində fırlandı:

−Öz atanla danış, mənim təqsirim-zadım yoxdur!

−Xeyr, sənin günahın çox böyükdür! Onu bu yola çəkən əgər bir tamahdırsa, bir də sənsən! Anamın sağlığında mən evimizdə belə şeylər görməmişdim. Qonşular bizə bu gözlə baxmamışdılar. Sən bu evə ayaq basandan məni məhv etmək istədin. Axırı evdən getməyə məcbur oldum. Sənə görə nə əzablar çəkdiyimi özüm bilirəm. Mən yenə salamatam! Sən saxlamasan da, ana kimi qayğımı çəkənlər tapıldı.

Rəhman stulu təpiklə vurub aşırdı. Üzünü Adilə tutaraq çənəsini qabağa verdi:

−Axır sözünü de!

−Axır sözüm odur ki, mən öz evimizdəki bu cinayətə göz yumub susmayacağam!

−Əbləh – deyə Rəhman stol üstündəki fənəri götürüb var gücü ilə ona atdı. Adil tez aşağı əyildi. Fənər pəncərəyə dəydi, şüşələr cingilti ilə yerə töküldü. Adil alnını tutdu. Şüşənin qırığı onu qaşının üstündən yaralamışdı. Qan Adilin barmaqları arasından axıb yanaqlarına süzüldü. Məmməd çığıraraq stolun altına girmək istəyəndə, Diləfruz onu qucağına alıb bayıra qaçdı. Saleh müəllim yaşına uyğun olmayan cəldliklə irəli atılaraq Rəhmanın qabağını kəsdi.

Mənsurə cumub Adilin yarasını tutdu. Qanın dayanmadığını görüb o biri evə yüyürdü. Bir parça əski götürüb Adilin başını sarıdı.

−Bəli, ata, − Adil qəti bir səslə qışqırdı, − mən bir müstəntiq kimi ilk mühakiməmə öz evimizdən başlayacağam!

Adil qan sızan barmaqlarının arasından atasına baxdı. Bu an o, çox qəribə hisslər keçirdi. İstər-istəməz atasının keçmiş günlərini, anasını xatırladı. Adil o vaxt Rəhmanı da Nərgiz qədər sevərdi. Ürəyində ona qarşı nifrət hissi ilə birgə məhəbbət də artdı. Sanki o, atasını bu gün sonuncu dəfə görürdü. Yarasının sancmasına baxmayaraq, Adil atasının halına yanırdı. O, öz-özünü məhv etmişdi! Bu yol gec-tez Rəhmanı nəhayətsiz bir uçuruma yuvarladacaqdı. Adil atasını bu qorxulu yoldan geri qaytarmaq istəmişdi. Ancaq gecikmişdi...

Deyəsən Rəhman tutduğu işə peşman olmuşdu. Qan Adilin alnından sızdıqca kişinin kədəri artır, gələcək təhlükəsindən çox oğlunun indiki vəziyyətinə acıyırdı. Əgər o keçmişi, Diləfruza qədərki təmtəraqsız, sakit həyatını geri qaytara bilsəydi, bu vaxta kimi bütün qazandıqlarının hamısını verərdi. Rəhman hər şeyi ancaq indi, indi başa düşürdü...

Sanki evin bir divarı uçmuşdu. Şiddətli külək pəncərənin sınıq gözündən qarı içəri vurur, künc-bucağı dolanıb otağı soyudurdu.

Bir az sonra Rəhman da, Diləfruz da tir-tir əsirdi. Bu qaranlıq çovğunlu qış gecəsi, indi onların qəlbinə bir üşütmə gətirmişdi.

E P İ L O Q

O qarlı qış gecəsindən sonra qırmızı kirəmidli evdə həyat tamam başqa cür başlamışdı.

Laloçka Adilin göndərdiyi parçadan tikdirib geydiyi təzə paltarını sevimli rəfiqəsinə göstərmək üçün onlara gələndə, qızı dəhşət bürümüşdü. Evin əmlakı müsadirə olunmuş, Rəhmanla Diləfruz məsuliyyətə cəlb edilmişdi.

Laloçka bu xəbərdən təşvişə düşərək, birbaş evlərinə qaçmış və həmişə medalyonunda gəzdirdiyi şəkli cırıb atmışdı. Onun “məhəbbəti” də bununla qurtarmışdı.

İndi o vaxtdan xeyli keçirdi. O qarlı qış gecəsindən sonra qırmızı kirəmidli evdə həyat tamam başqa cür başlamışdı.

İsti sentyabr günləri idi.

Moskva universitetini bitirmiş Adil, işləmək üçün Bakıya gəlmişdi. O, atasını xatırladıqca ürəyində bir ağrı duysa da, vətən, xalq qarşısında alnı açıq idi. O, müqəddəs sovet qanunlarının keşiyində namusla durmuş, öz vətəndaşlıq borcunu yerinə yetirmişdi. Başqa cür ola da bilməzdi! O, heç vaxt cinayətə göz yummayacaqdı. Universitet Adili belə öyrətmişdi!

Saleh müəllim Məmmədi aparıb özünün dərs dediyi məktəbə qoymuşdu. Evdə uşağın tərbiyəsiylə Mənsurə ilə Adil məşğul olurdu.

Bu gün qırmızı kirəmidli evin həyətinə su səpilib tər-təmiz süpürülmüşdü. Otaqlar da, aynabənd də səliqəyə salınmışdı. Nərgizin şəkli yenə əvvəlki yerindən asılmışdı.

Texnikumu qurtardıqdan sonra kitabxana müdirəsi təyin olunmuş Mənsurə işdən yenicə gəlmişdi. Lakin içəri girmirdi. Həyətdə ayaq saxlayaraq, aynabənddə oturub tar çalan Adilə baxırdı. Onun mehriban gözlərində məhəbbət qaynayırdı. Mənsurə özünü heç vaxt bu günkü qədər xoşbəxt sanmamışdı.

Borislə Nataşa təyyarə ilə Moskvadan uçduqları barədə Adilə teleqram vurmuşdular. Sabah axşam onlar Adillə Mənsurənin toy məclisində iştirak edəcəkdilər.

Saleh müəllimin isə fərəhi yerə-göyə sığmırdı. Kişi elə bil doğma oğlunu evləndirirdi.

Adili bir şey düşündürürdü: “Görəsən sabah Ceyranı da çağırımmı?” O, bunu qət edə bilmirdi. Əlbət ki, Mənsurə istəməzdi. Adil bütün olub-keçənləri ona danışmışdı.

Mən, Ceyranın gözlərilə başladığım bu hekayətimi Adilin sözlərilə bitirmək istəyirəm:



−Görəsən çağırsam, gələrmi Ceyran?..

Moskva – Bakı

1953 – 1956.
Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə