!
!
!
!
!
!
!
!
!
Eşq Sultanı
!
!
Havanın istiliyindən və günlərdir ac qalan qullar elə bazarın ortasındaca, özlərindən gedirdilər.
Sahiblərinin başları al-verə qarışdığından heç biri burnundan qan açılıb ağzı üstə yerə düşən bu
qullara fikir vermirdi. Həmədan öz qul bazarı ilə məşhurlaşdığından, ağalar və bəylər uzaq yollar
qət edib bu bazara gəlib, öz imarətləri, sarayları üçün qul alıb özləri ilə götürürdülər.
Bu gün bazarda ən çox qulu olan yəhudi İbrahim ağa üçün uğurlu bir gün sayılardı. Çünki, İraq
tacirlərindən biri qul almaq üçün ona müraciət etmişdi. İbrahim ağa tacirin 40 qul istəməsini
duyunca iştahı qabarmış və əlindəki ən yaxşı qulları tacirə satmışdı. Qul bazarında “müftə-
müsəlləm” adlı bir
adət var idi ki, 40 qul alana birini də pulsuz hədiyyə edirdilər. İbrahim ağa
etdiyi alverdən razı olduğundan əlindəki son qulu – heç bir işi bacarmayan, bir əti və sümüyü
olan, tez-tez özündən gedən gənci “müftə-müsəlləm” kimi tacirə hədiyyə vermişdi. Tacir qula
baxıb, çatma qaşlarını büzüb dedi:
– Adın nədir?
– Eldəniz. – qulun səsi dodaqları arasından zorla tökülürdü.
– Gücsüz, qüvvətsiz birisən. Nəsə bir iş bacarırsan? – Tacir Eldənizi iti gözləri ilə süzüb
dedi. Eldənizdən heç bir səs gəlmədi. Zatən günlərdir əli-qolu bağlı yol gələn gənc Eldənizin
danışmağa taqəti yox idi. Onun halını başa düşən tacir öz-özünə dedi: “Zatən müftədir. Nə dəxli
var. Onu da götürüm”.
Tacir aldığı qullarına çörək və su verdi. Axşam hava sərin olduğunda yola rəvan olacaqlarını
bildirdi. Günəşin altında dəriləri qaralmış qullar hərəsi bir ağacın kölgəsində gizlənib
az da olsa
yatmağa çalışırdı. Eldəniz isə yorğun olmasına baxmayaraq, hələ də keçirdiyi şokun təsirindən
çıxmamışdı. Gözünün qarşısında qıpçaq türklərin yaşadığı kiçik kəndə tanımadığı insanlar
tərəfindən hücum olmuşdu. Atası Nüsrət həyatda heç kimlə düşmənçiliyi olmayan atlara nal
vuran bir qoca idi. Ancaq, kəndə hücum edənlər hər kəsi qılıncdan keçirib, uşaqları və qadınları
qul kimi özləri ilə götürdülər. O gündən sonra Eldəniz yollarda süründürülür, döyülür, heç bir işi
bacarmadığına görə tez-tez təhqir olunurdu. Hətta o
qədər zəyif bədəni var idi ki, qullar da öz
heyifllərini çəlimsiz Eldənizdən çıxırdılar. Eldənizin isə gözünün qarşsıından getməyən bir şey –
atasının atların ayağı altında qalan başı idi. Hələ körpə ikən, anasını qarayara xəstəliyindən itirən
Eldəniz indi həyatın keşməkeşli yolunda gənc yaşlarında ayaq üstə durmalı idi. Ancaq, bunun
üçün özündə güc tapa bilmirdi.
Digər qullar ağacların altında yuxuya getmişdi. Eldəniz isə əlindəki quru çörəyi suya batıraraq
yeməyə çalışırdı. Ancaq, yolun digər tərəfində gözləri olmayan bir qocanı dilənərkən görəndə
yediyi çörək boğazından keçmədi. O, kor qocanın yanına gedib çörək
və suyu onun yeməyi üçün
verdi. Kor qoca əlini Eldənizin nazik biləklərindən tutub dedi:
– Ah, bu çörəyi mənə verən Sultandır. – kor qocanın səsi titrəyirdi.
– Yox, baba. Mən Sultan deyiləm. Sadəcə bir qulam. – Eldəniz qeyri-ixtiyari gülümsədi.
– Sənin yolun o qədər parlaq olacaq ki, elə bir mərtəbəyə yüksələcəksən ki,
yer üzündə
gördüyün hər şey sənin iki dodaqların arasında olacaq. Sən padşah olacaqsan, padşah! Ver əlini
öpüm sənin! – Kor qoca Eldənizin əlini öpmək istəyirdi. Ancaq, Eldəniz buna icazə vermədi. O,
heç nə demədən digər qulların yanına getdi və qocanın sayıqladığını düşündü.
Yavaş-yavaş günəş batır, gecə yer üzünə enməyə başlayırdı. Günəşin batması ilə axşam sərini
insanların canına fərahlıq gətirirdi. Yüzlərlə dəvəsi olan tacir qullarını da alıb yola düşdü.
Eldəniz qullar içərisində ən balacası olduğundan, tacir zəyif gənci sonuncu dəvənin belinə
otuzdurmuşdu. Gecənin bir yarısı çölün ortasında Eldəniz dəvənin belindəcə yuxuya gedir. Dəvə
rəməl yeridiyindən Eldəniz dəvənin üzərindən düşür. Karvanı müşaiət edən mühafizəçilərdən
biri sonuncu qulun olmadığını görür. Tacir atını çaparaq, Eldənizi axtarmağa gedir. Eldəniz isə
üzünü yumşaq və isti torpağın üzərinə qoyub özü də bilmədən yuxuya getmişdi.
Tacir onun
ayağına təpik vuraraq oyadır və karvana geri götürür. Heç bir halı qalmayan Eldənizin başına
bu ikinci dəfə də gəlir. O dəvədən yıxılıb yerdəcə qalır. Tacir yenidən Eldənizi tapmaq
məcburiyyətində qalır. O, Eldənizin üzərinə qışqırır və qərara gəlir ki, onu elə bu çölün ortasında
buraxsınlar. Qorxuya düşən Eldəniz, tacirin ayaqlarına sarılıb deyir:
– Yalvarıram ağa, məni burada qoymayın. Bir də olmaycaq, sizə söz verirəm.
– Bir qulun sözünun mənim üçün heç bir əhəmiyyəti yoxdu. Buraq ayağımı. – Tacir onu
itələyərək dedi.
– Ağa yalvarıram sənə, mənə bunu rəva görmə. Məni də apar özünlə. – Eldənizin
gözlərində yaş gəlməyə başladığından, tacirin ürəyi bir qədər yumşaldı. Amma onu
bu dəfə
dəvəyə otuzdurduqdan sonra əllərini yəhərə bağladı ki, düşəndə yerdə qalıb yatmasın. Bu hadisə
bütün qulların kefini açdı. Gecə yarısı kimsəsiz bir çöldə yük daşıyan qulların gülüş səsləri ilə
rəng qatıldı.
Həmin gecə ulduzlar yerə necə də yaxındı… Eldəniz atasından öyrəndiyi duaları ulduzlara baxıb
hıçqıra-hıçqıra deyirdi:
“ Rəbbim, səndən başqa heç kimim yoxdur. Sənə sığınıb, səndən kömək diləyirəm. “
Bağdada doğru yolan düşən karvan bir həftə sonra artıq şəhərə çatmışdı. Füsunkar gözəlliyə
malik olan bu şəhərin üzərində gecə ilə gündüz bərabərləşirdi. Şəhər müxtəlif dillərdə danışılan
insanlarla qaynayırdı.