10
Araşdırmalar da var ki, öncəki anlayışın adını, üzünü, formasını saxlayır, içini isə xeyli dəyişdirir, deyir,
məzmunu bu yox, odur. Məsələn, müsəlman filosofları Əşarilər, yəhudi filosofu Maymoniddən gələn
sorağa görə, Demokritin «atom» anlayışına bir az başqa anlam (məna) vermişdilər. Onlar üçün atom olan
kimi də ölən zərrəcikdir (Demokritgildə isə atom bölünüb yox olmur). Allah hər yox olan zərrəciyin yerində
həməncə elə o cürünü də var edəndə nəsnələr öncəki kimi qalır. Ancaq harada ki, yox olmuş filan qədər
zərrəciyin yerinə eynisini qoyur, az sayda atomların yerinə isə tamam başqa cürlərini əta edir, onda biz
nəsnələri dəyişmiş və ya dəyişməkdə olan görürük.
Allahın möcüzəsi isə belə baş verir: hansı anda isə yox olmuş atomların yerinə tamam başqa sayda,
tamam başqa düzülüşdə atomlar əta edilir: məsələn, Həzrət Musanın əsasını əmələ gətirmiş atomlar yox
edilir, əvəzinə elə atomlar və onların elə düzülüşü əta edilir ki, ilan alınır.
Hər an dünyanı yoxluqdan qurtaran Allah istəsə, onu başgicəlləndirici bir dəyişkənliyə salar. Yəni birinci
anda bir görünüşdə olan dünyanı ikinci anda atomların başqa düzümü ilə tamam başqa görünüşə salar və
beləcə, hər an yeni mənzərə peyda olar. Ancaq Əşarilərə görə, Allah insanlara öz böyük yaxşılığını edərək
nəinki hər an dünyanı yoxluqdan qurtarır, həm də elə edir ki, dünyada çox şeylər bir an qabaq olduğu kimi
qalsın. Dəyişmələr çox yerdə yavaş-yavaş getsin, möcüzələr isə hər an baş verməsin. İnsan, axı, belə
dünyada yaşaya bilər!
Görürsünüzmü, Əşarilərdə «atom» anlayışı necə dəyişir və nəticədə hansı fəlsəfi sistemə gətirir?
Demokritin atomları dünyada olanların işinə Allahın qarışmasına yer qoymur: kosmosun boşluğunda
atomlar uçurlar, bir-birinə rast gələndə formaları pərçimlənib birləşməyə imkan verirsə, filan qədər atom
bir-birinə pərçimlənir. Sonucda, yığılan atomların törətdiyi quruluşdan asılı olaraq dağlar, dərələr, adamlar
və s. əmələ gəlir. Əşarilərdə isə hər an Allahın əli dünyanın üstündədir və dünyanı Yoxa uçrumlaşmağa
qoymur.
İndiyəcən dediklərimizi yığcamlaşdıraq: biz «anlayış», «anlantı», «ümumi», «təkcə», «mahiyyət»,
«zahir», «nəlik», «nəsnə» kimi fəlsəfi anlayışları öyrəndik. Bu anlayışların hamısı min cür bağlarla bir-birinə
bağlanıb, ona görə də bir-birini anladır. Cümləyə fikir verin: «Anlayanda nəliyi anlayıram, bundan
anlayışlar düzəldirəm, anlayışlar nəsnələrin nəliyi haqqında mənə bilgi verir, anlayışlarda mən təkcələrdən
ümumiyə, bütünə qalxıram».
Anlayışlar və danışıq qabiliyyəti
Bəzi adamlar bilinclərində olan qıtlığı və ya anlayışların elmsizliyini, yanlış olaraq, danışıq bacarıqlarının
olmaması kimi anlayır. Onlara elə gəlir ki, bilirlər, ancaq bildiklərini deyə bilmirlər, çünki natiq deyillər.
Aldanışdır bu.
Gözəl danışmağı bacarmadıqları üçün yox, düşünüb-düşündürmək üçün anlayışları olmadıqlarına görə
danışa bilmirlər. Adam dilcə nə qədər köntöy olsa da dərin düşüncəsi varsa, bu düşüncə ən yöndəmsiz
deyimlərin içindən qızıl külçəsi kimi parlayacaq.
Anlayışları bilməyən isə dəqiqədə bir «onun adı nədir..?» «zaddır...şeydir...» deyəcək.
İkinci yandan, belə düşünmək düz deyil ki, sənin anlayışları bilməyin bərabərdir sözlüklərdən,
dərsliklərdən, terminalogiya lüğətlərindən onların mənasını əzbərləməyə. Əzbərləmək hələ bilmək deyil.
Bax, nə vaxt onları işlədib-danışmağı bacarırsansa, o vaxt da özünə deyə bilərsən ki, mən anlayışları bilirəm.
Anlayışlar dünyanı doldurmuş nəsnə növlərinin, soylarının adıdır. Bir şeyi bildirməyin ən asan yolu
onun özünü darta-darta gətirib göstərmək yox, adını çəkməkdir. Nəsnəni min cür bildirmək olar, məsələn,
barmaqla göstərməklə, ancaq bunun bir çatışmazlığı var, cisim, əşya görünməyəndə barmaqla onu
bildirmək çətindir.
Nəsnəni şəkli ilə də bildirmək olar, ancaq şəkli çəkmək üçün xeyli iş görmək gərəkdir.
11
Əşyaya ad qoyub adı ilə bildirmək isə ən rahatıdır. Anlayışlar belə adlardandır və biz onları biləndə
nəsnələrə tərəf boylanmadan nəsnələrdən söhbət edə bilirik, danışığımızda çevikcə dənizi qoyub söyüdü
götürürük, dağı qoyub, aranı götürürük.
Anlayışlar və fəlsəfi kateqoriyalar
Fəlsəfə çoxlu anlayışlardan istifadə edir, hətta bunların arasında gündəlik (elə-belə) şüurdan alınmış
təxmini, elmsiz anlayışlar da az olmur; fəlsəfi söhbətində filosof da «yüngüllük», «ağlıq», «çeviklik» kimi
anlayışları işlədir və bu zaman çox vaxt onların mənasının təxmini də olsa, fərqinə varmır.
Ancaq elə anlayışlar da var ki, onları yox etsən, fəlsəfi düşünüş əlsiz-ayaqsız qalar, «yeriyə» bilməz.
Çünki onlar özlərinə fəlsəfəyə gərəkli ən əsas nəsnə və olayların ən önəmli yönləri haqqında bilgi
toplayıblar. Fəlsəfə daha çox nəsnə və olayların bu tərəflərindən danışmalıdır, ona görə ona həmin
anlayışlar gərəkdir.
Bu anlayışlara fəlsəfənin kateqoriyaları deyirlər. «Kateqoriya» yunanca «deyim», «mühakimə», «əlamət»
anlamlarını (mənalarını) verir. Sonralar Aristotelin sayəsində fəlsəfə bu «kateqoriya» sözünü götürüb,
onunla özünün və başqa bir çox elmlərin ən əsas, gərəkli anlayışlarını adlandırıb.
Fəlsəfənin kateqoriyalarına «materiya», «şüur» (Anadolu türkcəsində «bilinc»), «qanun», «nəsnə»,
«gerçəklik», «səbəb» (və ya «nədən»), «nəticə» (və ya «sonuc») kimi anlayışları aid etmək olar. Onların
sayəsində fəlsəfə dünyanı görükdürmək, yəni modelləşdirmək üçün öz dilini (anlayışlar sistemini,
aparatını) yaradır. Onların sayəsində fəlsəfə nələrisə necəsə və nə üçünsə düşünür.
İndi görək fəlsəfə nəyi öyrənir, necə öyrənir və nə üçün öyrənir.
Fəlsəfə nəyi, necə, nə üçün öyrənir
Hikmət və fəlsəfə
Fəlsəfə haqqında ilkin söhbətlərdə həmişə bu «fəlsəfə» adının haradan gəlməsi haqqında soraq verməyi
hamı özünə borc bilir. Biz də bu qaydanı pozmayaq: «filo-sofiya» yunan sözüdür. «Sofiya» hikmət
deməkdir, «filo» isə sevmək. Deməli, «filosofiya» hikməti sevmək anlamını (mənasını) verir. «Fəlsəfə» isə
Ortaçağ müsəlman alimlərinin bu yunan sözünü ərəb dilinə uyğun demələrindən yaranıb.
Deyirlər ki, birinci dəfə Pifaqor özünü «filosof» adlandırıb və bununla demək istəyib ki, mən öz yerimi
bilirəm, bilirəm ki, hikmət yalnız Tanrı biliyidir, məndə ola bilməz. Mən ancaq hikməti sevə bilərəm.
«Fəlsəfə» sözünün hikmətlə bağlı olması indiki çağda fəlsəfənin nə olduğunu anlamaq üçün dəyərini
saxlayıb, ya yox? Bu sorunu düşünək.
Filosoflar, fəlsəfi məktəblər var ki, əsasən, insanın özünü, yaşayışını necə qurması məsələsinə
bağlanırlar. Nəyi anlamaq istəsələr də - istəyir buludları, istəyir heyvanlar aləmini, istəyir kosmosu, -
hamısını yönəldirlər insanın özünübilmə, dünyada yaşama, davranma məsələsinə. Elə hikmət də yaşamaq
gedişində rastımıza çıxan problemləri ya çözmək, ya da mənasız saymaq bacarığı üçün gərəkli biliklərə
deyilir. Hikmət bilicisi müdrik adam (əski türklər buna «bilgə» deyirdilər, yəni bilgin) ayı-ulduzu bildiyi
üçün müdrik deyil, bundan özü üçün, adamlar üçün ibrətlər, örnəklər çıxardığı üçün bilgədir. XVIII yüzilin
ingilis filosofu Deyvid Yum müdrikliyi belə yozanlardan idi.
Ancaq fəlsəfəni elmi düşünüş, elmi gerçəklərin (həqiqətlərin) çərçivələrinə salanlar da var. Və onlar
üçün, artıq, hikməti sevmək hələ əsl fəlsəfə deyil.
Dostları ilə paylaş: |