91
təfəkkürlə uzlaşmasaydı, bu, tam ağılsızlığa gətirib çıxarırdı: təxəyyül dağınıq obrazlar səpintisinə çevrilib,
çaşqınlıqda qalardı. Sənətkar isə təxəyyülündə peyda olan ən əcaib bir obrazda belə öz ağılı üçün böyük
tapıntılar, çoxlu düşüncələr imkanı duyur və bu düşüncələr eyni anda çox olduğu üçün, sayrışdığı üçün heç
cürə anlayışa sığmır. Bədii əsərlər yalnız estetik ideyaların dili ilə özlərini bildirirlər.
Kanta görə dahilik yalnız sənətdə ola bilər
Könisberqli filosofun fikrincə yalnız dahi yüksək, güclü estetik ideyaların yaradıcısı ola bilər. Kant hətta
məsələni belə qoyur: dahilik yalnız incəsənətdə mümkündür, elmdə isə yox.
Burada Könisberqli filosofun arqumenti: alimliyi öyrənmək və öyrətmək olar, dahiliyi isə nə öyrənmək,
nə də öyrətmək olar. Ona görə əsl sənətkarlığı da öyrənmək mümkün deyil.
Bəs dahilik üçün hansı tanıdıcılar özəldir, xarakterikdir?
Kant bu suala belə cavab verir: dahi əsl estetik ideyaların yaradıcısıdır. Deməli, öncə açmaq gərəkdir ki,
bədii əsər necə olsa, estetik ideyalar verər, estetik ideyalar necə olsa, zəngin düşüncələr törədər və dahi necə
olsa, bütün bunları yarada bilər.
Göstərilən sorularla bağlı Kantın tapıntıları: bədii əsərin formasında düzüm-biçim hər hansı şərti qayda-
qanunun buxovundan, bütünlükdə, hər hansı məcburilikdən azad görünür. Bədii əsərdə amacauyğun
düzüm bilərəkdən verilsə də əsərin formasında təbiətdəki kimi özü-özünə alınmış düzüm donunda
görünməlidir. Deməli, dahi də təbiətə bənzəyir, onun kimi yaradır: yüksək yetkinlikləri hər hansı bir
anlayışa (bilimə, idraka) əsaslanan qaydalar yolu ilə gedib yaratmır. Bədii əsərdə ağılsız dağınıqlıq olmasın
deyə o, sözsüz, qaydalara əsaslanmalıdır. Ancaq dahinin sayəsində bu qaydalar qıraqdan, başqasından
götürmək, öyrənmək yolu ilə alınmır. Dahi hər əsəri üçün daxili, özgün (orijinal) qaydalar tapır. Bu
qaydalar düşüncə ilə, anlayışlarla tapılmır. Dahinin bilincində spontan şəkildə (özü-özünə) törəyir, təbiətin
spontanlığının davamı kimi, təbiətin dahiyə verdiyi vergi kimi törəyir.
Kant və «sənət sənət üçündür» estetik prinsipi
Beləliklə, Kanta görə, bədii əsərdən doğan estetik ideya qıraqdan, başqasından götürülmüş hazır, bəlli
qaydalara tabe olmadığı üçün həmin qaydaların dili, aydınlığı və açarı ilə açılmır. Ancaq əvəzində, estetik
ideyanın «nəfəsi» hər hansı bir anlayışa toxunanda onun çərçivəsini əridir və o, aydınlığını itirib, başlayır
özündən min çalarlı mənaları göstərməyə. Doğrudan da, yadınıza salın, tarixin hər çağında mədəniyyət
«suç», «peşmanlıq», «yaxşılıq», «yanımcıllıq», «ləyaqət» və s. haqqında aydın mənalı anlayışlar hazırlayır,
incəsənət isə ortaya atdığı estetik ideyalarla (bədii obrazlarla) həmin anlayışları olmazın sınaqlarına salır və
bu zaman gözlənilməz sonuclar alınır. Məsələn, sənətin sayəsində insanlar günah anlayışına öncələr aid
etmədikləri hadisələrdə birdən-birə qorxunc günahlar tapırlar, birdən-birə görürlər ki, indiyənəcən
alışdıqları filan işləri, əslinə baxsan, dərin peşmanlıq hissi ilə yaşamalıdırlar və s.
Kantın anlayış və estetik ideyanın ilişgisi haqqında sözləri elm və incəsənət ilişgisini də maraqlı yöndən
açır: incəsənət anlayışlarla deyilməmiş, adi gözə görünməyən çoxlu anlamlar verir və anlayışların dönüb, bu
zənginliyə çevrilmək imkanını həzzlə duymamız bizim dünyanı öyrənmək bacarığımıza can verir.
Kantın incəsənət haqqında öyrətisinə, ən çox, dekorativ sənət uyğun gəlir. Doğrudan da naxışlar
düzgünlük (məqsədəuyğunluq) prinsipi ilə qurulur, ancaq bu məqsədəuyğunluq üçün konkret praktiki
məqsəd göstərmək olmur. Hərçənd kim istəsə, təxəyyülü ilə təfəkkürünü naxışların oynaşmasında dürlü
əlaqələrə sala bilər. Və nəhayət, naxışlar, dekorativ sənət ictimai gerçəkliyin əxlaqi-siyasi dərinliklərini
anlamaqla məşğul olmur, yəni məqsədsizdir.
İndi götürək bizim Ortaçağ miniatür, xəttatlıq, xalçaçılıq sənətlərini. Kantın dedikləri bu sənət
növlərində yaradan sənətkarların və onların yaradıcılığını qavramış Ortaçağ adamlarının mənəvi halını,
92
durumunu yaxşı açır. Naxışlarla, miniatürlərlə orta əsr adamı toplumun dərdi üzərində baş sındırmırdı.
Çox nadir hallarda siyasi məqsədlər güdürdü. Ona görə də kimlər üçünsə belə sual ortaya çıxır: incəsənət
durmadan gerçəkliyi öyrənməlidir və əgər miniatür sənəti, Ortaçağ dekorativ-tətbiqi sənəti bu işi
görməyibsə, deməli, onlar sənətdə formalizm axımına aid olublar. Deməli, onlar «sənət sənət üçündür»
prinsipinə söykəniblər.
Ancaq bu sualın əvəzində başqasını verək: bəyəm çağdaş memarlıq dünyanı öyrənməklə məşğuldur?
Biz bir şeyi qarışdırmamalıyıq. İncəsənətin mərkəzində, əsasında dünyanı siyasi, əxlaqi, hətta iqtisadi
tərəflərdən bilmək istəyən janrlar, cərəyanlar durur. Onların sayəsində bədii mədəniyyətin huşuna,
yaddaşına varlıq haqqında zəngin bilgilər toplanır və incəsənət bu bilgilərlə toplumun qulluğunda durur.
Belə sənət hətta toplumsal sifarişlə işləyir və onu anqaje olunmuş sənət də adlandırırlar.
Ancaq incəsənətdə elə növlər, janrlar da var ki, onun özünə qulluq edir.
(Məsələn, parodiya – imkanını itirmiş janrları gözdən salıb, sənəti onlardan arındırır. Yanılmırıqsa, bu Y.
Tınyanovun fikridir).
İncəsənətin özünə xidmət edən əsərlər dünyanı anlamaq, siyasi-əxlaqi problemlərdən baş çıxarmaq üçün
onun istifadə etdiyi vasitələrin korşalmışlarını dağıdaraq, təzələrini sənətin dilinə gətirir. Dünya, insan
incəliklərinin sənətdə göstərilməsi üçün sənətin görükdürmə həssaslığını artırır. Nəticədə belə bir durum
yaranır: toplumsal sifarişlə və hətta buyuruqlarla işləyən incəsənət birbaşa topluma qulluq edir və bunun
sayəsində dolayısı sənətin özünə xeyir verir. İncəsənətin özünə birbaşa qulluq göstərən sənət isə dolayısı
topluma xidmət edir. Modilyani, Pikasso, Kandinski, Leje kimi sənətkarların bir çox əsərlərinin dəyərləri
sənətə xidmətləri ilə, sənət dilini zənginləşdirmələri ilə ölçülür. Ortaçağ təsviri sənətimizi, dekorativ-tətbiqi
sənətimizi də belənçinə dəyərləndirmək gərəkdir. Bir də yadda saxlamalıyıq ki, əgər incəsənətin dünyanı
özəl yolla öyrənməsinə miniatürlərdə oxşartı tapmaq istəyiriksə, bunu demək yetər: Ortaçağ təsviri
sənətimiz gerçəkliyin gözəlliyini öyrənib tapırdı. Əslində, 80-ci illərdə rəssamlarımızın İçərişəhərdəki
Miniatür sənətləri mərkəzində göstərdikləri işlərdən görünür ki, onları miniatürün bədii dili gözəlliyi
öyrənmək, bədii görükdürmə çərçivələrini genişləndirmək baxımından onları özlərinə çəkirdi.
İndi yenidən qayıdaq Kanta. Yuxarıda dediyimiz kimi, dünyanın estetik qavrayışı, gözəllik və sənət
əsərinin bədiiliyinin necəliyi haqqında onun söylədikləri ən güclü şəkildə özlərini naxışlarda (arabesklərdə),
dekorativlikdə doğruldur. Bu sənət növlərində məzmunun nə və necə olmasını sözlə, anlayışla göstərmək
çox çətindir, formaları isə göz qamaşdırır. Ona görə də bir çox araşdırıcılar haqlı olaraq hesab edirlər ki,
sənət haqqında formalizmi doğruldan bilgilər, arqumentlər Kantdan öz fəlsəfi özülünü, söykəncini almışdır.
Ancaq bir şeyi unutmayaq. Bütün bunlarda Könisberqli filosofun özünün suçu hamıdan azdır. Əslində o,
bədiiliyin özəlliyini anlayışların, sübutların dili ilə açıb-anlatmaq istəmişdi: incəsənət toplumda min iş görə
bilər. Bunun üçün əski Çin filosofu Lao-szının bir deyimini yenə söyləyək: su çox yumşaqdır, ona görə də
qüdrətlidir, axıb, hər şeyi basa bilər. Eləcə də incəsənət su kimi yumşaqdır, axandır. Ona görə də toplumun
mənəviyyatında, bilmək, duymaq, dəyərləndirmək, əylənmək işində harada bir çatışmazlıq, əskiklik olursa,
«çökək» əmələ gəlirsə, incəsənət axıb oranı tutur. Şellinq deyərdi ki, təbiət boşluğu sevmir, onun üçün də
hara boşalsa, həməncə oranı tutur. Oxşar olaraq incəsənət də mədəniyyətdə boşluğu sevmir, boşalan yerləri
tutur: əgər fəlsəfə zəifdirsə, onun işini özü çiyninə götürür. Əgər vicdan ölməyə başlayırsa, onu dirildir,
duyğular korşalıbsa, onlara həssaslıq, duyğunluq verir, hadisələri sənədləşdirib, qeyd etmək və saxlamaq
yetərincə deyilsə, sənədləşdirmək işini öz üzərinə götürür (Soljenitsinin romanları kimi). Bir sözlə, incəsənət
hər işi, - qara işi də, ağ işi də görə bilir və ölən mənəvi güclərə can verir.
Bəs bu çevikliyi incəsənətə verən nədir?
Kant bizə, bax, burada kömək edir. İncəsənətin, gözəlliyin törətdiyi estetik ideya heç bir anlayışa tam
sığmadığı üçün hər şeydən danışa bilir. Deməli, incəsənət estetik ideya (yəni bədii obraz) dili ilə hər yerə,
hər kəsə, hər şeyə üz tuta bilir.
İndi götürək bədii əsərin məqsədsiz məqsədəuyğunluğunu. Əsər ən müxtəlif, qısa və uzun ömürlü
amaclara xidmət edə bilər. Hətta ola bilər ki, onu pis məqsədlərə çəksinlər (faşist elitası Vaqneri özlərinə
Dostları ilə paylaş: |