22
Nə üçün?
Onun üçün ki o da istəyirdi elə bir ilkin maddə tapsın ki, dünyanı özündə, içində olanlar əsasında törədə
bilsin. Heraklit göstərirdi ki, hər yerdə biz dəyişməni, zidd tərəflərin (qarşıtların) çəkişməsini, çarpışmasını
görürük. Bu isə durmazlıqdır, hərəkətdir. Deməli, ilkin maddə elə olmalıdır ki, hərəkət, dəyişkənlik onun
canında olsun. Belə bir maddə isə Oddur. Od alışandan sonra heç nə ona toxunmadan dilləri özü-özünə
titrəşməyə başlayır.
Əski fəlsəfi ideyaları indiki elm əsasında yozmağa çalışanlar Heraklitin Odu arxemateriya kimi
seçməsində ayrıca bir dərinlik görürlər, çünki fizika da söyləyir ki, materiya enerji olduğu üçün törədici
gücün yiyəsidir.
Demokrit materiyanı atomlar çoxluğu kimi açıqlayırdı və nəsnələrin səbəbini, necəliyini, nəliyini belə
əsaslandırırdı: istənilən cür biçimləri, formaları olan atomlar var, onlar boşluq içində uçurlar. Bir-birinə
rastlaşanlar , - formaları qoyursa, - bir-birinə pərçimlənirlər. Beləcə, atom üstünə atom, atom yanına atom
yığıldıqca topa böyüyür-böyüyür, gözə görünən nəsnəyə çevrilir. Deməli, Demokritə görə, materiyanın
nəsnələri törətməsi üçün iki şey gərəkdir. Hərəkətdə olan saysız atomlar, bir də boşluq ki hərəkət üçün yer
verir.
«Materiyanın özündən yaranan gücü yoxdur» deyən əski filosoflar
Ancaq materiyanın özü-özünə etginliyi (fəallığı) heç də hamını inandırmırdı. Pifaqor, Platon, Aristotel,
Plotin üçün daha inandırıcısı gerçəkliyin başqa ontoloji görkü (obrazı, şəkli), modeli idi.
Bu model sənətə çox doğma idi. Məsələn, götürək heykəltəraşın heykəl yapmasını. O, yaratmaq istədiyi
ərənin (qəhrəmanın) görünüşünü gözünün qabağına gətirir, sonra əlləri ilə palçığı bu görünüşə oxşar
biçimə salır. Palçıq özü-özündəki proseslərlə həmin görünüşə düşə bilməz. Heykəltəraşın bilinci gərəkdir ki,
görkü (obrazı) tapsın, əlinin bacarığı gərəkdir ki, həmin obrazın biçimini, oxşarını palçığa keçirsin.
Pifaqor, Platon, Aristotel, Plotin kimi filosoflar materiyanı bu palçıq kimi görürdülər və sayırdılar ki,
ontoloji planda (yəni varlıq, varolanlar planında) onun törədici daxili gücü yoxdur.
Materiyaya bu baxımı bir çağdaş Amerika düşünəri (mütəfəkkiri) belə söyləyib: «Deyirlər ki, bitkilər,
heyvanlar, insanlar materiyanın içindəki qanunauyğun proseslər sonucunda yaranmışdır. Ancaq soruşmaq
gərək: ola bilərmi ki, dəmir tullantılarında gedən proseslər bir gün «Mersedes» yaratsın?»
Mersedesdən xəbərləri olmasa da adlarını çəkdiyimiz yunan filosofları mateiyaya təxminən həmin sualı
verirdilər. Ona görə də onların, özəlliklə, Platonla, Aristotelin fəlsəfəsində materiya qaranlıq, içi, dışı
bilinməz bir sahədir, nəsədir. Ona görə qaranlıqdır ki, onda heç nə seçilmir. Platona görə materiya
durmadan axmadır, dəyişmədir. Onda hərəkət elə dayanmazdır ki, nəyinsə peyda olması ilə yox olması bir
olur. Halbuki görünmək üçün bir şey gərək bir az dayansın,
yan-yörəsindəkilərdən seçilsin.
Materiyadan o tayda ideyalar aləmidir. Burada hər ideya nəsnələrin, hadisələrin hansı bir soyununsa
(qəbilininsə), növününsə (dürününsə) mahiyyətini özündə saxlayır. Məsələn, dağların necə olsa, dağ ola
bilməsi prinsipləri Dağ ideyasındadır. Eləcə də suların, dənizlərin, adamların, ağacların. İdeyalar aləmi
insanüstü şüur, bilinc aləmidir. Burada mahiyyətlər yazılmış anlayışlar (ideyalar) bir-birinə sistem kimi
bağlanıb. Həmin ideyalar öz işıqlarını, öz şəkillərini, biçimlərini qaranlıq materiyanın ayrı-ayrı yerlərinə
salıb bu şəkillərə, biçimlərə uyğun cisimlər, olaylar yaradırlar.
Beləcə, yunan fəlsəfəsinin «idealist» qolu materiya kateqoriyasında maddiliyi içində yaradıb-törətmə
gücü olmayan passiv bir qaranlıq kimi götürürdü.
Platon Demokrit arasında olan deyişmələr, çəkişmələr həm də materiya anlayışında məzmunun necə
olması üstündə olan didişmələr idi.
Qabaqlar marksistlər fəlsəfə tarixində asanca Demokriti materialist, Platonu isə idealist adlandırırdılar.
Ancaq iş burasındadır ki, Demokritin ontologiyasında (varlıq haqqında öyrətisində) Tanrılar da var. Eləcə
23
də ondan qabaq Heraklitdə Tanrıya rast gəlmək olar. O ki qaldı Platona, görkəmli rus filosofu A.F. Losev
göstərir ki, onun fəlsəfəsində ideal olanın (ideya təbiətində olanın) ancaq üstünlüyündən danışmaq olar,
çünki onun ontologiyasındakı ideyalar materiyadan tam arınmayıb. Hər ideyanın özünün zərif materiyası
var, necə ki, həndəsi fiqurların cizgisi, məkan biçimi onların çox incə maddəsidir.
Materiya: Odun, Suyun, Torpağın və s.,-nin fəal birgəliyi kimi
Götürək əski çin fəlsəfəsində materiya anlayışını. Miflərin və fəlsəfi düşüncələrin toplandığı «Şu-sizin»
(«Tarix kitabı») toplusunda materiya beş başlanğıcın birgəliyi kimi qavranılır: Su, Od, Ağac, Metal, Torpaq.
Deyilir ki, hərəsinin öz təbiəti var: Suyunku nəmlik və aşağı axmaqdır, Odunku yanmaq və yuxarı
qalxmaqdır, Ağacınkı qıraq təsirlə əyilmək və düzəlməkdir, Metalınkı qıraq təsirə tabe olmamaqdır,
Torpağınkı isə əkilmək və məhsul verməkdir.
Beləliklə, əski Çin fəlsəfi düşüncəsi bu başlanğıclar və onların özəl təbiəti əsasında materiyaya törədici
güc vermək istəyirdi.
Əski Çində ilkin materiyaya «Si» də deyirdilər və sonra belə hesab edirdilər ki, onun altı durumu var: İn
(qaranlıq başlanğıc), Yan (işıqlı başlanğıc), külək, yağış, işıq və s. Materiyanın özünü iki dürə bölürdülər:
Yansi (göyə məxsus yüngül materiya) və İnsi (yerə məxsus ağır materiya).
Hind fəlsəfəsində çarvaklar təxminən oxşar şəkildə materiyanı belə anladırdılar: bütün olanları dörd
ilkin başlanğıca aparıb çıxarmaq olar. Bu başlanğıclara onlar dörd böyük mahiyyət deyirdilər. Əski hind
dilində böyük mahiyyət ”mahabhuta”dır. Torpaq, Su, Hava, Od mahabhutalardır. Onların dürlü
birləşməsindən bütün olanlar yaranır.
Onu da deyək ki, dörd və ya beş, altı ilkin elementlər əsasında materiyanı içi boş yox, içində dürlü
tərəfləri olan və bunun sayəsində işləyib, özündən törədən yaradıcı başlanğıc kimi təsəvvür etmək bir az
Aristoteldə, sonralar isə müsəlman filosoflarında və hətta Nizamidə, Füzulidə də var.
Marksist fəlsəfə materiya haqqında
Avropada fəlsəfənin sonrakı inkişafı «materiya» kateqoriyasına ta XIX yüziləcən prinsipial yenilik
vermir.
Marksist fəlsəfəsinin fəlsəfə tarixinə verdiyi böyük yetənəklərdən (yəni yetilənlərdən, nailiyyətlərdən)
biri, görünür, materiya kateqoriyasını xeyli dərindən anlamasıdır. Dialektik materializm deyir ki, olma,
varlıq biçimləri zamandan, məkandan, hərəkətdən gəlir. Yəni bütün nəsnələr məkan biçimindədirlər.
Məkan biçimində olmaq nə deməkdir? O deməkdir ki, hər cisim özü nədəsə yerləşib və özündə nələrisə
yerləşdirib. Yəni materiyada nəsnə üçün, nəsnədə də materiyanın başqa nəsnələri üçün yer, məkan var.
Məkan en, hündürlük uzunluq deməkdir. Maddi olan məkandan dişarı ola bilməz. Yəni cisim laməkan
(məkansız) ola bilməz. Düzdür, Dialektik materializm bundan bir başqa sonuc da çıxarır: olmaq məkanda,
zamanda, hərəkətdə bulunmaqdır. Onun üçün də laməkan şey var ola bilməz. Onun üçün Tanrı da ola
bilməz, çünki gəlişmiş dinlər üçün Tanrı məkan biçimindən dişarıdır. Bunu yeri gələndə açıqlayacağıq.
Hələliksə qayıdaq marksizmdə məkan probleminə.
XVII-XVIII yüzillərin Avropa fəlsəfəsində materiyaya tanım verəndə (yəni tərif verəndə, tərif nədir?
Tanıtmaqdır) onun əsas tanıdıcısı (tanıdan əlaməti, göstəricisi) kimi genliyi, genişliyi götürürdülər.
Marksizm genişliyi məkan anlayışı ilə əvəz edir və məkanı maddiliyin tanıdıcılarından bir kimi götürür.
Məkan, hərəkət, zaman bir-biri ilə elə bağlıdır ki, ancaq birinin içindən o birisini anlamaq olur. Məkan
biçimində olmaq nəsnə üçün o deməkdir ki, onun nöqtələri eninə, uzununa, hündürlüyünə düzülüblər. Bax,
Dostları ilə paylaş: |