103
Hegel söyləyirdi: «Dünyada olmaq hələ doğrudan da var olmaq deyil. O qədər nəsnələr, hadisələr var ki,
olan deyillər, öləndirlər, ölümlərinə görə də doğrudan da olanlar siyahısına düşmürlər. Yalnız ağılauyğun
olanlar doğrudan da vardırlar».
Azərbaycanca biz deyəndə ki, «filan şey (düşüncə yox, xəbər yox, nəsnə) doğrudur», əslində bilməzə
idealizmə yol veririk. Dilin, danışığın da öz idealizmi var<
Doğru, həqiqət nədir? Artıq, biz demişik ki, Aristotel anladandan sonra hamı görüb ki, həqiqət, gerçək
şüurdakı düşüncələrə, görklərə, anlayışlara aid xarakterizəedici «damğadır». O düşüncə, o anlayış, o obraz
ki haqqında olduğu nəsnələri düz göstərir, onlara oxşayır, həqiqi, doğru düşüncə, anlayış, obraz adını alır.
Anlayışın (fikrin və s.,-nin) gerçəkliyi onun haqqında olduğu nəsnələri doğru göstərməsidir, yəni onlara
oxşamasıdır. Hegel isə bunun tərsini deyir.
Görün nə deyir.
Dünya heç nədən asılı olmayan, heç nə ilə tutuşmayan (yəni mütləq, absolyut olan) İdeyanın
törətməsidir. Filosof Platondan gələn modelə söykənir: dünyada ağacın olması üçün qabaqca «necə olsa,
ağac olar», «nəlik ağacı törədir» biliyi, «fikri» olmalıdır. Ağacın nəliyi haqqında bilik və ya anlayış ağacın
özündən qabaq gəlir. İdeya nəsnədən qabaqdır.
Bir çoxları üçün anlayış nədir? Bunu yada salaq.
İnsanın nəsnələri anlamasının sonucunda şüurunda anlayış yaranır. Yəni insan ayrı-ayrı nəsnələrə baxıb
onların qohumluğunu, ortaq cəhətlərini tapır. Yəni ayrı-ayrı ağaclarda (təkcələrdə) bütün ağacları ağac edən
əlamətləri tapıb, tanıyır. İnsan ağacların tanımını biləndə ağac anlayışını tapır. Anlayış sanki insana deyir:
necə olur ki, dünyada ağaclar olur. Və ya anlayış insana ağacın nəliyini açıb anladır.
Ağac anlayışını bildiyi üçün insan hər dəfə yeni ağaca rast gələndə onu tanıyır, daha çaşıb qalmır.
Platon, sonra isə Hegel belə hesab edirdilər ki, insanların bilincində olan anlayışlardan başqa anlayışlar da
var. Onlar varolanların kökündə durur. Deməli, hər ağac ağac olmaq üçün Tanrının Şüurunda, Mütləq
İdeyada olan ağac anlayışına oxşar olmalıdır. Oxşar olduğu qədər də ağacdır.
Ona görə də Hegel söyləyir: Dünya Mütləq İdeyada gedən düşünüşdən törəyir. Bu dünya Bilinci özü-
özündə düşünə-düşünə anlayışlar tapır. Bu anlayışlar isə törədici güclə dolğun olduqları üçün öz
prinsiplərinə uyğun (ağılauyğun) nəsnələr törədir. O nəsnə doğrudur ki, Mütləq İdeyadakı anlayışına
uyğundur.
Deməli, Aristoteldə nəsnəyə oxşayan düşüncə doğrudur. Hegeldə isə fikrə uyğun nəsnə doğrudur,
həqiqətdir (sözsüz, insan fikrinə yox, Mütləq İdeyadakı fikrə). Bu mənada biz azərbaycanlılar deyəndə ki,
«filan şey (düşüncə yox, xəbər yox, məhz nəsnə) doğrudur» Hegel idealizminə yol veririk.
Alman filosofuna görə, Mütləq İdeya bir bilik pilləsindən o birinə çıxır, bir anlayışdan o birisini tapıb
çıxarır (necə ki biz yaxşılıq və pislik anlayışlarından əxlaqın başqa anlayışlarını çıxara bilərik). Bax, bu
Mütləq İdeya özündə nəyi tapırsa, həməncə o tapıntı təbiətdə öz nəsnələrinin, öz növlərinin yaranmasına,
peyda olmasına gətirib çıxarır.
Biz, artıq, göstərmişik ki, XX yüzildə fenomenologiya fəlsəfəsinin yaradıcısı Husserl açırdı: hər düşüncə
nəyisə düşünməkdir. Deməli, düşüncə - haqqında olduğu nəsnədən ayrılmazdır. Nəsnələrin
görüntülərindən, nəsnə haqqında soraqlardan arınmış bom-boş düşüncə ola bilməz.
Bu ideyanı yadda saxlayaq və qayıdaq Hegelə.
Din və idealizm üçün çox ciddi, çətin bir sual var. Tanrı niyə bu dünyanı yaratmışdır? Öz sonsuz
Ucalığından niyə aşağı düşüb, bu dünyaya əlini «bulamışdır»?
Desən ki, darıxdığı üçün, gülməli çıxar, çünki darıxmaq yarımçıq varlıqların alın yazısıdır.
Desən ki, maraq üçün, yenə gülməli çıxar, çünki maraq «nəyisə bilmədiyinə görə öyrənmək istəyi ilə»
bağlıdır. Tanrı isə hər şeyi gün kimi aydın bilir.
Xristianlıqda deyilir: Tanrı sevgi ilə dolu və dolğun olduğu üçün sevdiyini (insanları və dünyanı)
törədib.
Hegeldə bu sualın güclü cavabı yoxdur. Ancaq bir cavabını Husserlin deyimindən sonra anlamaq olur.
Mütləq İdeya Düşünüşdür. Düşünüşdə tapmadır, düşünüşdə gəlişmə, irəliləyişdir. Düşünüş həmişə nəyisə
104
düşünmək olduğu üçün Mütləq İdeyada, Düşünüşdə yaranan anlayış da bir düşünüş halqası kimi öz
nəsnələrini özündən törədir ki, nəyinsə haqqında olsun və deməli, düşünüş olsun.
Sübutların ardıcıllığına baxın. Düşünmək həmişə nəyi isə (nəsnəni, olanları) düşünməkdir. İnsana
düşünüşü üçün bu nələrsə, əsasən, hazır verilir. Hərçənd yaradıcı kəslər, görürsən ki, öz düşünüşlərini yeni
nəsnələrə bağlamaq üçün, yeni nəsnələrlə doldurmaq üçün özləri də yeni nəsnələr yaradırlar. Örnək kimi
memarın yaratdığı tikilini göstərmək olar.
Mütləq İdeya isə ilkin durumunda Tək olur, hələ onun qarşısında Dünya durmur. Bax, o zaman ki
Mütləq İdeyada düşünmək eyləmi işə düşür, Düşüncə düşüncə olmaq üçün özündən düşündüklərini
(dünyadakı nəsnələri, olayları) törətməyə başlayır. Beləliklə, düşüncə üçün gərəkli olan iki tayın ikisi də
yaranır: düşüncənin özü və düşüncənin haqqında olduğu.
Deməli, Mütləq İdeya Düşünüş olduğu üçün də Dünyanı yaratmalıydı ki, düşünə bilsin, düşünüş olsun.
Düşünüş biri o birisindən ayrılan nəsnələri, olayları anlamağa yönəlib. Bu nəsnələr, olaylar arasından
fərqlənmələri, sərhədləri götür, onda konkretlik tam itəcək, heç nə bilinməyəcək. Bir şey başqasından
ayrılanda, fərqlənəndə görünür, bilinir. Zülmətdə niyə görmürük? Ona görə ki heç nəyi heç nədən ayıra,
seçə bilmirik.
Elə Hegel özü də deyir. Yatanda niyə düşünüş yox olur? Çünki yatmışlıqda, artıq, heç nə bizə bilinmir.
Yuxugörmələrdə isə düşünüş yenidən işə düşür, çünki konkret (təkcə) nəsnə, hadisə görünüşləri peyda
olur. Təbiət Mütləq Ağılın, Düşünüşün törəməsidir. Memar proyekti düşünüb-tapır, sonra onun əsasında
ustalar bina tikirlər. Çünki proyektə baxıb-bilirlər, necə etsələr, nə olsa, bina olacaq. Eləcə də varlıqlar<
onları Düşünüş tapır və onun əsasında nəsnələr var olur.
Biz, hələ ki bu sualların həndəvərində fırlanırdıq: «Hegel idealizmi necədir?», «Hegeldə Dünya
Düşünüşdən niyə törəyir?» İndi isə başqa bir suala cavab verək.
Hegeldə Dünya Düşünüşdən necə törəyir?
Hegel qəribə bir fikir söyləyir. Adi, elmsiz, biliksiz şüur abstrakt düşünür.
Ona görə qəribədir ki, biz öyrəşmişik deyək: elmi düşüncə abstrakt, mücərrəd düşüncədir. Əgər insan
bilinci abstraktlaşdırmağı öyrənməsəydi, dünyanı elmi yolla öyrənməyi də bilməzdi.
Alim insan problemini dərindən düşünəndə Məmməd, Vəli demir, «insan» anlayışından,
bütüncələşdirməsindən istifadə edir. «Filankəsin dünənki öfkəsi (hirsi)» demir, ümumiyyətlə öfkə deyir.
Biz, artıq, bilirik ki, abstraksiya etmək ayrıntı aparmaqdır, yəni təkcə nəsnələrdən qurtulub, onların
hamısında olan cəhətləri onlardan ayırıb çıxarmaqdır. Elmə bu çox gərəkdir.
Hegel isə deyir: gündəlik bilinc, elə-belə şüur abstrakt düşünür. Ancaq görün, bu düşüncə sonra nə
maraqlı açılır. Adi şüur pəncərədən görür ki, oğrunu aparırlar, cəza versinlər. Düşünür ki, yaxşı edirlər.
Oğru kimdir? Başqasının malını yiyəsinin icazəsi olmadan ələ keçirən. Adi şüur «oğru» anlayışını bu cür
abstrakt şəkildə bilir və dərinə getmədən cəzanı düz sayır.
Bilgin adam isə həm «oğru» anlayışının mücərrəd tanımını bilir, həm də «oğru» anlayışının dərinində
gizlənmiş zənginliyi, konkretliyi bilir. Bilir, oğru var ki, acından ölən bir uşağı doydurmaq üçün oğurluq
edir və «oğru» damğasını qazanır. Ona görə də bilgin şüur oğurluqları da konkretlikdə anlamağa çalışır və
ona görə də onun bilincində «oğru» anlayışı zəngin biliklərə qapı olur.
(Bu yaxınlarda «Lens Morrou» adında bir nəfər Hegelin bu anlatdığından çıxış edərək marksist «sinfi
mübarizə» ideyasının maraqlı tənqidini vermişdir. O, XX yüzildə əsas bəlalardan biri kimi kateqoriyalarla
düşünməyi göstərir. Örnək kimi deyir: Marksizm burjua sinfini insanlığın düşməni adlandıranda bu burjua
sinfinin içində cürbəcür adamlar olmasını, ürəyi yumşaq, millətini sevən və s. adamların olmasını
unutdururdu. Burjua sinfi kateqoriyası nifrətin hədəfi edilirdi, sonra isə ağına-bozuna baxmadan hər bir
Dostları ilə paylaş: |