51
Biz gördük ki, hindu dinində (və fəlsəfəsində) qutun hətta brahman gövdəsinə keçməsi də tam rahatlıq,
dinclik, azadlıq deyil. Nəsnəl dünya bütün qatlarında qut üçün acıdır. Ona görə də son amac ruhu
samsaradan, bədəndən-bədənə keçməkdən qurtarıb, karma zəncirindən (mükafat və cəza qismətindən)
çıxarmaqdır. Ruhun samsaradan, karma zəncirindən qurtulmasına mokşa (azad olma, özgürləşmə) deyirlər.
Samsaradan çıxmış ruh bir daha (özü istəməsə) bədənə qayıtmır.
Göründüyü kimi, Hinduizm insanın necəliyini həm də onun ruhunun başqa bədəndən gəlməsi ilə
bağlayır. «İnsan necə etməlidir?, «necə yaşamalıdır?» suallarına cavab verəndə deyir: insan karmadan
qorxub, öz varnasının dharmalarına boyun əyməlidir. «İnsan nə üçün yaşayır?» sualının cavabında isə
söyləyir: mokşa üçün, ruhunun hər hansı bir gövdəyə bir daha düşməməsi üçün yaşamalıdır.
Metempsixoza ateistlərin (dinə inanmayanların, Allahı qəbul etməyənlərin) verdiyi başlıca suallardan
biri budur ki, əgər ruh bir bədəndən o birisinə köçürsə, bəs niyə öncəki adam haqqında heç nəyi anlamır?
Bu cür suallara metempsixozda cavab var. Məsələn, deyilir ki, yuxularda bizə tam tanış olmayan
adamların, mənzərələrinin peyda olması ruhun öncəki bədəndə gördüklərinin canlanmasıdır.
Başqa cavab da var: bu cavab üçün qutu bədən və duyğularla bağlı qata, bir də daha dərin qata ayırırlar.
Və deyirlər: bədənlə, duyğularla bağlı olan qat öz tutqunluğu ilə dərin qatı pərdələyir. İnsan özündə onu
bilməz olur. Yalnız ruhuna bədənin, duyğularının çəkdiyi pərdələri çıxarmaq üçün bədənin etgilərindən
(təsirlərindən), qoyduğu tələlərdən qurtulanda həmin dərin və təmiz qatı bilmək olur. Bu zaman insan hətta
ruhunun öncələr kimlərin bədənində qalmasını da bilir (Platonun yozumu belədir).
Pifaqor deyərmiş ki, xəbəri var, öncələr qutu kimlərin bədənində olub. Deyilənlərə görə Budda da bodh
ağacının altında oturub, dərin düşüncələrə dalanda (meditasiyon edəndə) ruhunun düşdüyü öncəki
adamları bilib. Həmin düşünüşlərin içində nurlananda isə ona dörd nəcib, ərdəmli gerçək, həqiqət açılmışdı
ki, bax, onlar da sonralar Buddizmin özülləri, sütunları oldu. Budda birdən-birə anladı ki, dörd gerçək,
həqiqət var:
Birinci gerçək: həyat başdan-ayağa əzabdır, acılardır.
İkinci gerçək: həyat bu acıların səbəbidir.
Üçüncü gerçək: əzabları dayandırmaq olar.
Dördüncü gerçək: əzabları dayandırmağın səkkizlik yolu var.
Görürsünüzmü, çox adi səslənən həqiqətlərdir. Ancaq niyə onlara dörd nəcib gerçək deyilir, niyə Şərqdə
onlara belə heyranlıq var?
Buddanın tapdığı birinci və ikinci gerçək dinlərdə və fəlsəfi öyrətilərdə çoxdan vardı. Hindu dinində
samsara, qutun bədəndən-bədənə keçməsi və beləcə, çarxdaymış kimi fırlana-fırlana maddi dünyada
yaşaması əzab sayılırdı, onun üçün də ruh üçün məqsəd mokşa, yəni samsaradan qurtulmaq olurdu.
Və ya götürək İudaizmi (yəhudilərin dinini). Adəm və Həvva əhvalatı Xristianlığa və İslama yəhudilərin
dini kitabı olan Tövratdan (yəhudicə Toradan, Musanın beş kitabından) keçmişdir. Tövratın birinci kitabı, –
bu bölüm «Varlıq» adlanır, – Tanrının (yəhudicə Elohimin, yəni İlahinin) işığı, yeri-göyü, Adəmi, Həvvanı,
canlıları necə yaratmasını danışır. Sonra Cənnətdə (Ədndə) Adəmlə Həvvanın xoşbəxt yaşamından xəbər
verilir. Elohim (İlahi) onlara tapşırır ki, Cənnətdə hər nə istəsələr etsinlər, bircə yaxşı-pisi bilmə ağacının
meyvəsindən yeməsinlər. İlan Həvvanı, Həvva Adəmi yoldan çıxarır və onlar bu ağacın da meyvəsini
yeyirlər. Yeyən kimi də anlayırlar, yaxşı nədir, pis nədir. Ən öncə biri-birinin çılpaq olduğunu anlayıb, əncir
yarpağı ilə ayıblarını örtürlər. Elohim Cənnətə gələndə və onların beləcə ayıblarını örtdüyünü görəndə başa
düşür ki, bilim ağacının meyvəsini yeyiblər (yeməsəydilər, nəyin ayıb olduğunu bilməzdilər). Tanrı bu
günahlarına görə Adəmlə Həvvaya çox qəzəblənir və onları Cənnətdən qovanda qarğışlayır: «Və Rəbb
Allah ilana dedi: bunu etdiyin üçün sən bütün mal-qara, bütün çöl heyvanları qarşısında qarğışlısan; sən öz
qarnının üstündə gəzəcəksən və ömrün boyu toz-torpaq yeyəcəksən. Və düşmənçilik salacam səninlə
arvadın arasına və sənin toxumunla onun toxumu arasına; o sənin başından əzəcək, sən isə onun
dabanından sancassan.
52
Arvada dedi: artıraraq artıracam sənin dərdini sənin hamiləliyində; xəstəlik içində doğacaqsan uşaqları,
və sənin canatımın ərinə sarı olacaq və o sənin üzərində xaqanlıq edəcək.
Adəmə isə dedi: arvadına qulaq asıb, ağacdan yediyin üçün, – Mən isə buyurmuşdum, yemə, – yer
qarğışa tutuldu; ömrünün bütün günləri kədər içində yerdən yem alacaqsan; O, tikanlar və qanqallar
bitirəcək sənin üçün və çöl otları ilə yemlənəcəksən; çörəyini qan-tər içində yeyəcəksən, ta götürüldüyün
torpağa qayıdanacan, çünki sən torpaqdansan, torpağa da qayıdacaqsan».
Görürsünüzmü, Tövrata görə, insanın yer üzündə dolanışığı başdan-ayağa əzab-əziyyətdir, yaşamağı
qocalığa, xəstəliyə görə əziyyətdir, yeməyin, qidanın ağır zəhmətlə başa gəlməsinə görə əziyyətdir. Bəs
nədən insan bu əziyyətlərə düçar olur? Əcdadı Adəm, Həvva suça batıb bilim ağacının meyvəsini
daddıqlarına görə, Elohimin buyuruğunu pozduqlarına görə. Tanrı bu suçun cəzası kimi insanı Cənnətdən
qıraqda, əziyyətlərlə dolu Yer üzündə yaşamağa düçar edib.
İudaizmə görə, insanlar hamısı (hər yeni nəsil) yer üzündə bu əzablı həyatı yaşamaq zorunundadır,
çünki onların əcdadları – Adəm və Həvva Tanrı qarşısında ağır sözəbaxmazlıq günahını işlədiblər. Adəmlə
Həvvanın suçu hər anadan olan uşağın (insan balası olduğu üçün) boynuna düşür və bu, onun yer
üzündəki əziyyətlərində özünü göstərir. Deməli, İudaizm Adəmlə Həvvanın etdiyi ilk günahı ilkin suç kimi
bütün Adəm övladlarının boynuna qoyur və sonucu kimi dünyada insanın həyatının məşəqqətli olmasını
verir. Bundan başqa, bir də fərdi, onun-bunun etdiyi günahlar var ki, öləndən sonra cəzaya gətirib çıxarır
(əgər tövbə ilə bağışlanmırsa). Bu, İudaizmdə insan əziyyətlərinin səbəbinin necə açıqlanmasıdır. İndi
qayıdaq Buddizmə.
Buddizmdə dörd həqiqət, səkkizlik qurtuluş yolu
Budda söyləyirdi: doğulmaq, xəstələnmək, ölmək əzabdır. Xoşagəlməz şeylərə toxunmaq əzabdır,
xoşagələn şeylərdən ayrılmaq əzabdır. Bir sözlə, pis şeylər pisliklərinə görə əzabdır, yaxşı şeylər ya əvvəl-
axır itdiklərinə görə, ya da əlçatmazlıqlarına görə əzabdır. Bu, birinci gerçəyin (həqiqətin) açımı.
İkinci gerçəyin açımı belədir: yaşamaq dünyada nələrisə istəmək, nələrəsə bağlanmaqdır. Var olmaq
yanğısı bağlanmaqdır. Sevgili qadına bağlanmağımız, dünyada yaxşı şeyləri sevməyimiz əzabdır< onlara
bağlandıqca isə birinci gerçəkdən gördük ki, əzablarımız, acılarımız artır.
Üçüncü gerçək deyir ki, əgər dünya əzablarını dayandırmaq istəyirsənsə, özündə dünya bağlılığını,
dünya istəyini öldür.
Dördüncü gerçək isə açır ki, bu istəyi, bağlılığı səkkizlik yolla yox etmək olar:
Birincisi, düzgün baxış gərəkdir, yəni görməlisən ki, dörd nəcib gerçəyi bilib, onlara əməl etsən,
əzablardan qurtulmağın necəliyini anlarsan.
İkincisi, düzgün canatım gərəkdir, yəni bilməlisən ki, bütün etdiklərin Nirvanaya çatmaq üçün olmalıdır.
Nirvana söz anlamına görə yoxolma deməkdir. Buddizmdə isə şüurun, psixikanın hər şeydən boşalmış
durumudur.
Üçüncüsü, doğru danışmaq, yalandan qaçmaq gərəkdir. Gəlin düşünək, yalan Adama nə zaman gərəkir?
O zaman ki dünyaya bağlıdır, kimlərdənsə nəsə qoparmaq istəyir və s. Heç nə istəməyənə doğru danışmaq
qorxulu deyil.
Dördüncüsü, düzgün davranış (heç bir canlıya ziyan vurmamaq) gərəkdir. Doğrudan da, nəsnəl
dünyadan nələrisə istəyəndə, umanda canlılara ziyan vurursan (məsələn, yemək üçün ov edirsən). Budda
isə səkkizlik yolun dördüncüsündə buyuranda ki heç bir canlı varlığa ziyan vurma, xətər yetirmə, bilir ki,
bu da insanın dünya ilə bağlılığını qırır. Çünki ziyan vurmamaq üçün gərək insan nəsnəl dünyanın içində
özünü yığışdırsın. Azərbaycan dilinin «özünü yığışdırmaq» sözü Buddanın istədiyi mənanı yaxşı anladır.
Özünü yığışdırmaq aktivlikdən, vurnuxmadan əl çəkib sakitləşməkdir.
Dostları ilə paylaş: |