Niyazi Mehdi



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə18/60
tarix23.08.2018
ölçüsü0,95 Mb.
#63929
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   60

 
38 
Plotin deyir: Bircəlik gerçəkliyin ilkin köküdür, olanların olmasının ən ilkin şərtidir. Buradan çıxan 
sonuc: yuxarıda, varlığın ən başlanğıcında BİRCƏ durub. Bircəni anlamaq, görmək olmaz, çünki o elə tam, 
mütləq Bircədir ki, yanında başqası yoxdur (İslamda deyildiyi kimi: Allahdan başqa Allah yoxdur). 
Görmək, bilmək isə başqası ilə tutuşdurub seçməkdir, ayırmaqdır. Biz deyirik: «ayırd edə bilmədim», 
yəni görəmmədim, anlayammadım. Burada «ayırd etmək», yəni «ayırmaq» anlamağa, görməyə bərabərdir. 
İndi Mütləq Bircənin yanında Ayrısı, Başqası yoxdursa, onu nədənsə ayırd da etmək olmur. 
Varlıqda nəsnələrin, olayların olması üçün Bircə əsasında birgəlik qazanmaq gərəkli olandan sonra 
saylar da gərəkdir ki, düz cızıq, enlilik (müstəvilik), üçbucaqlıq, dördbucaqlıq və b., həndəsi fiqurlar və həm 
də nəqədərlik, neçəlik, yəni kəmiyyət alınsın. 
Deməli, varlığın (dünyanın) törəməsində öncə Bircə durur, sonrakı mərtəbə Saylardır (1, 2, 3 və s.). 
Saylar Bircədən çıxır ki, varlığı düzəldən, düzümə, nizama salan olsunlar. 
 
(Burada Plotin Pifaqordan istifadə edir, çünki Pifaqor nəsnələrin nəsnəliyi üçün sayların gərəyini 
tapandan sonra demişdi ki, şeylərin əsasında materiya-filan yox, saylar durur. İndiyənəcən fərqinə 
varılmamış bir oxşartını da deyək. Tövratın birinci Kitabı «Varlıq», ikinci Kitabı «Saylar» adlanır. «Qopma» 
adlanan üçüncü kitab isə lap Plotinin «emanasiya»sını qabaqlayır).  
 
Plotinə görə, saylar dünya üçün gərəkli olan nöqtələrliyi, neçəliyi (kəmiyyəti) versə də keyfiyyəti (nəliyi) 
vermir. Üçbucaq hara, böyük rəssam Modilyaninin çəkdiyi bəzi portretlərdəki üçbucaq üzlər hara (bax 
«Lolott», «Jan Kokto» portretlərinə). 
Həndəsi fiqurun nəsnəyə çevrilməsi üçün bu fiquru həmin nəsnənin nəliyini (dağlığını, torpaqlığını və 
s.) verən tanıdıcılar, özəlliklər, göstəricilər «ətə-qana» gətirməlidirlər. Deməli, fiqur filan cisim olmağın 
mahiyyətini almalıdır. Plotindən qabaq yaşamış Platon deyərdi: nəsnələrin mahiyyət tanıdıcılarını özünə 
yığmış anlayışlar yalnız sənin-mənim şüurumda deyil. Onlar ideyalar şəklində dünyaüstü aləmdə 
düzülüblər və materiyanın harasındasa nəsnə əmələ gələndə özünə uyğun İdeyadan, məsələn, Dağ 
ideyasından mahiyyət tanıdıcılarını, necə dağ olmağın göstəricilərini götürür. Bir sözlə, dağlar, daşlar, 
adamlar olmaq keyfiyyətlərini, necəliyini ideyalardan alırlar. 
İdeya, anlayış ağılın yaradıcılığı, tapıntısıdır (yerdə insan ağlının, dünya qatında Tanrı Ağlının, 
Düşünüşünün). Ona görə də Plotin göstərir ki, dünyada nəsnələrin olması üçün anlayış, ideya adlanan 
anagörklər (ilkin obrazlar) gərəkdir. Məsələn, bütün dağların görünüşlərinin kökündə duran anagörk. Və 
deməli, dünyadakı nəsnələrin, soyların olması üçün Ağıl, Nus (əski türkcə Us) gərəkdir. Plotinin 
ontologiyasında Ağıl Varlıq törədiciliyinin üçüncü qatını tutur. Beləcə, aşağıdakı mərtəbələr alınır: 
 
Bircə 
Saylar  
Nus (Ağıl) 
 
Ancaq Plotində Varlıq ierarxiyası (yəni tabelik əsasında pillə-pillə sıralanması) Ağıl qatında bitmir. Bəs, 
sonrakı qat hansıdır?  
Cavab tapmaq üçün yenə gerçəkliyə sual verək, görək, gerçəkliyin olması üçün daha nə gərəkdir? 
Varlığın olması üçün hərəkət (devikmə, dəyişgi) də gərəkdir. Hərəkət olanda təsir, təsiri alanda dəyişmə, 
qurulma və s. baş verir. Etgiyə (təsirə) görə şeylər biri-birini çəkirlər, birgəlik yaranır. Etgiyə görə nəsnələr 
biri-birini itələyirlər, ayrılmalar, dürlü-dürlü olmalar yaranır. Hərəkətin sonucunda dəyişməyə görə bir 
cisim, bir hadisə bir vəziyyətindən, bir nəliyindən, bir görünüşündən başqasına çevrilir. Dünya çevrimlər 
(transformasiyalar) dünyasıdır. 
Hər şey hərəkəti başqasından alır, - bu, dünyadakı hərəkətdir. Yalnız heyvanlara, insanlara durub nəyə 
tərəfsə yerimək üçün nəyinsə onları itələməsi həmişə gərək deyil. İstəyirlər və özləri durub gedirlər. Bir çox 


 
39 
əski yunan filosofları buna «nə üçün» sorusunu yönəldib, cavabı belə verirdilər: çünki onlarda ruh var. Ruh 
canlını özü-özündən, qıraqdan itələnmədən hərəkətə gətirəndir. 
Plotin yəqin düşünürdü: Ağıl bu gerçəkliyi yaratmaq üçün, bir nəsnədən başqasına ilişgilər atmaq üçün 
özü-özündən hərəkətə gəlməlidir ki, işləyib dünyanı yapsın, dünyaya hərəkət, devikmə versin. Bunu ruhun 
vasitəsi ilə etmək olar. Deməli, dünyaya dünya olmaq üçün bir də Ruh gərəkdir. Ona görə də Plotin deyirdi: 
Varlıqtörədiciliyinin ierarxiyasında Ağıldan sonra Dünya Qutu gəlir. Dünya Qutu sayəsində Nus eyləmək, 
fəaliyyət göstərmək işinə düşür və beləcə, dünyaya hərəkət verir. 
Bəs, Dünya Qutundan sonra nə gəlir? Plotinə görə, sonrakı qatda kosmos durur. Kosmos əski yunanca 
düzümü, nizamı bildirir, yəni dünyada nəsnələr bir-biri ilə qayda-qanunlar əsasında ilişgiyə girib 
düzümlənirlər. Dünya Qutu özü-özünü devikdirən (hərəkətə gətirən) varlıqdır. Kosmos isə hərəkət ondan 
alır.  
Plotin Aristotelin Kosmos öyrətisinə söykənərək dünyanı bu modeldə verirdi: Kosmosun mərkəzində 
tərpənməz Yer durur, onu ayrı-ayrı planetlərin bərkidiyi fələklər (göy qübbələri, dairələri) çevrələyir. Ən 
yuxarı fələyə ulduzlar «taxılıb». 
Kosmosdan aşağıda – ierarxiyanın ən aşağı pilləsində Materiya durur. Materiyada nə say biçimində 
ayrımlanmalar, nə də Nusdan gəlmə anlayışlar əsasında görkə, şəklə düşmələr, forma almalar var. Ona görə 
də o görünməzdir. Demək olmaz ki, heç nədir. Materiyanın içində heç nə olmadığı üçün heç nədir. Ancaq 
öncə Platon, Aristotel, sonra isə Plotin göstərdi ki, Materiyanın heç nəliyində nəsə olmağa hazır durmaq var. 
Bu, nəsnələşməyə, olaylaşmaya hazır olmaqdandır ki,  Saylardan, Nusdan (Ağıldan), Qutdan gələn 
formalar materiyanın qaranlığına düşən kimi nəsə yaranır. 
Materiya ilkin və teyxa imkandır, yəni nəsə olmağa hazırdır, təki ona forma gəlsin. 
Gəlin bunu anlayaq. Götürək gili. Gilə küpün formasını verəndə küp yaranır, üzün formasını verəndə 
heykəldə üz yaranır, gül formasını verəndə isə gül (fiquru) yaranır. Deməli, gil elə bir imkandır ki, həmin və 
başqa formaların hamısına düşə bilir. Ancaq gil təmiz, teyxa imkan deyil. Çünki həmin formaları almazdan 
qabaq da gilin öz forması var, yəni onda molekulalar müəyyən ilişgidə, düzümdə düzülüb, bağlanıb, gilliyi 
əmələ gətiriblər. Ona görə də gil küpə çevrilməmişdən öncə də özünə görə bir şeydir, nəsnədir, (gil 
parçasıdır), öz forması olduğu üçün də seçilir, ayırd edilir. 
Materiyanın da hər tərəfi gil kimi dürlü biçimlərə düşə bilir. Hətta gildən fərqli olaraq saysız biçimlərə 
düşür. Gildən qılıncın fiqurunu yapmaq olar, qılıncın özünü yox. Materiyanın imkanı isə adam olmağa, 
qılınc olmağa, dağ olmağa və s.-yə çevrilir. Ancaq özü-özünə qalanda, gildən fərqli olaraq, materiyada heç 
bir öz ilkin forması yoxdur, onun üçün də o, nəsnə deyil, tamam, teyxa imkandır. 
Plotinin qurduğu fəlsəfi sistemə Neoplatonizm deyilir, yəni yeni Platonçuluq, hərçənd gördük ki, bu 
fəlsəfədə Pifaqor, Aristotel filosofemləri də (biz, başlıca fəlsəfi ideyalar anlamını verən bu termini ilk dəfə 
Hegeldə oxumuşuq) iştirak edir. 
Tanrı haqqında Plotin fəlsəfəsi çox uzun ömür sürüb, Sufizm, Fərabi, İbn Sina, Bəhmənyar fəlsəfəsi 
Neoplatonizmin qurduğu varlıq ierarxiyasını bu və ya başqa dərəcədə saxlayıb. Məsələn, Azərbaycan 
filosofu Şihabəddin Sührəvərdi Neoplatonizmə söykənərk özünün İşraqi (işıq) fəlsəfəsini qurmuşdu. 
Plotin vaxtilə göstərirdi ki, Bircədə elə sonsuz bolluq, dolğunluq var ki, o özündən aşıb-daşır, 
varlıqverici gücünü özündən süzərək bütün aşağı pillələri (Sayları, Nusu, Ruhu, Kosmosu) törədir. Özü də 
ondan nə qədər güc çıxsa da (emanasiya etsə də) o bitmir, tükənmir. Nəinki bitmir-tükənmir, heç azalmır 
da. Sonralar Bircədən emanasiya etməyi (çıxmağı) nurların ələnməsi kimi yozdular. Bircəni oxşatdılar elə bir 
nur qaynağına ki, Materiyanın qaranlığına işıq salıb, orada dürlü varlıqlar törədir. Sührəvərdinin İşıq 
(işraqi) fəlsəfəsi Neoplatonizmin bu yozumunu irəlilətdi. Azərbaycanlı filosof soruşurdu: necə olur ki, Bircə 
özündən varlıqverici gücü nurlandırır, ancaq bununla azalmır? Və belə aydınlaşdırırdı: bəyəm, yanan 
fitildən od götürəndə fitilin odu azalır? Yaxşı örnəkdir. 
 
 
Orta yüzillərdə və yeni çağda Tanrı ideyası 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə