Nizami muradoğlu söZÜn məMMƏd araz


Memmed Araz şiirlerinde masal motifleri



Yüklə 1,27 Mb.
səhifə11/11
tarix18.06.2018
ölçüsü1,27 Mb.
#49792
1   2   3   4   5   6   7   8   9   10   11

Memmed Araz şiirlerinde masal motifleri
Xülasə
XX əsr Azərbaycan poeziyasının görkəmli şairi Məm­məd Аraz yaradıcılığında bir sıra nağıl və əfsanə motiv­lə­rindən istifadə etmişdir. Bu məqalədə nağıl motivləri əsa­sında yazılmış “Yeddi bulaq əfsanəsi”, “Altı qızın biri Pəri” və “Görüşməmiş dostlar”şeirlərindən söhbət açılmışdır.

Açar sözlər: Məmməd Araz, pəri, bulaq, çoban.

Сказочные мотивы в творчестве

Мамеда Араза
Резюме
Азербайджанский народный поэт ХХ века Мамед Араз в своем поэтическом творчестве использовал мо­­­ти­вы сказок и легенд. В данной статье представ­ле­ны серии азербайджанских сказок и легенд, таких как, «Йед­ди булаг ефсанеси», «Алты гызын бири Пе­ри», «Герюшмемиш достлар», мотивы которых раскрыты в стихах поэта.

Ключевые слова: Мамед Араз, Пери, родник, пастух.

Fairy-tale motifs in the work of Mammad Araz poetry
Summary

Memmed Araz was the well known poet of Azer­baijan. He used fairy tales and legends in his poetry.This article is dedicated the series of tales and legends of Azerbaijan such as. “Yeddi bulag efsanesi” (The legend of seven springs”),” “Altı gizin biri Peri” (Peri is one of the 6th girls”, “Gorushmemish dostlar” (No met friends)”.



Keywords: Memmed Araz, Peri, spring, shepherd.
Kaynakça:

1. Araz M. Seçilmiş eserleri. 4 cildde, IV cild. Bakı: Ozan, 2003, 356 s.

2. İsmayıl M. Naxçıvan efsaneleri Bakı. Elm. 2008. 208 seh.

3. Araz M. Seçilmiş eserleri. 4 cildde, II cild. Bakı: Ozan, 2003, 332 s.

4. Pala İskender. Ansiklopedik Divan Şiiri Söziügü. İstanbul, Kapı Yayınları, 2004, s. 369.

5. Araz M. Seçilmiş eserleri. 4 cildde, I cild. Bakı: Ozan, 2003, 348 s.

6. Ordubad bölgesinden toplanan folklor nümuneleri. (Nümuneler şehsi arxişimizdedir) .

7. Azerbaycan Folklor antologiyası. 2 kitabda, I kitab / Tertib edeni E.Axundov. Bakı: Azerbaycan EA Neşriyyatı, 1968, 290 s.

8. El çelengi. Toplayıb tertib edenleri T.Ferzeliyev, İ.Abbasov. Bakı: Genclik, 1983.

9. Eliyev R. Mif və folklor; genezisi ve poetikası. Bakı: Elm, 2005, 224 s.



MƏMMƏD ARAZIN HƏYAT YOLDAŞI GÜLXANIM FƏTƏLİ QIZI İLƏ MÜSAHİBƏ
-Müəllimə, Məmməd Arazla bir ömür yaşadınız, nə deyə bilərsiniz?

- Məmməd mənimlə hərdən şeir haqqında söhbət elə­yir­di. Yəni hərdən yox, demək olar, elə cavanlıqdan. Yazdığı şei­ri mənə oxuyardı, əgər beynimə batmasaydı, təriflə­məz­dim, onun da acığı gələrdi. Bir müddət küsərdi məndən, mə­nə şeir oxumazdı. Sonra yenə təzədən başlayardıq. Sonralar ki, özü oxuya bilmədi, yenə də ilk oxucusu mən oldum. Şeir haqqında bizim söhbətlərimiz çox olardı. Hərdən sataşardım ona, deyərdim:

- Məmməd, şairlə­rin çoxu deyir ki, bizə şeiri diqtə eləyirlər, biz də yazırıq, sənə də belə diqtə eləyən varmı? Gülüb deyərdi ki:

- Yox, mənə heç kim diqtə eləmir. Şeir adi bir qığılcımdan doğur, adi bir təbəssümdən doğur, adi bir quşun civiltisindən do­ğur.

Bəzən də deyirdi ki:

-Hansı şair gələcəyə addımlaya bilər?- O şair ki, onun yazdığı şeirlə oxucu arasında divar olmasın.



- Nə gözəl deyib.

- Hə, mənə də elə gəlir. Gərək oxucu şairi dinləsin, onu oxusun, hər misra oxucuyla dərd­ləşsin, üz-üzə dayansın. Oxucu ondan bir şey ala bilsin. Elə olmasa, o şeir şeir deyil, o, qığılcım deyil.

Belə söh­bət­lə­rimiz çox olardı. Bir dəfə Məmməd yenə yazırdı. Soruşdum ki, nədir, poe­ma yazırsan? –dedi:

- Yox, poema deyil, şeirdi. Gül­xa­nım, “Dədə Qorqud”da bir ağac söhbəti var, neçə müddətdi məni narahat edir. Dədəm Qorqud ağaca müqəddəs varlıq kimi baxıbdır. Mən də elə düşünürəm, bu şeirdə də ağac məsələsini əsas götürmüşəm. Dastanda ağac məsələsinə tədqiqatçılar çox da fikir vermirlər.

Burada ağac müqəddəs varlıq kimi götürülür. Yəni bu yaşıllıq, bu təbiətin doğranılması, məhv edilməsi məsələsi in­di ortaya çıxıb, amma Məmməd gör nə vaxt bunun haq­qında fikirləşirdi...

- Görünür nəsə şairi narahat edirmiş...

- Hə, özü də belə deyirdi. Deyirdi ki, ağaca qayıtmaq la­zım­dır. Mən burada - yazdığım şeirdə ağac məsələsini əsas götürmüşəm. Çünki, dastanda ağac məsələsi mühüm əhəmiyyət daşıyır. Bu, çox ciddi məsələdi...

- Bəli, düz deyirsiniz.

- Ona görə də, indi, özündən sonra bilirsiniz, yarımçıq qalan şeirləri var, çətindir mənə bunları redaktə etmək. Çünki eyni variant, eyni fikir­dir, bir neçə formada yazılıb. İndi o formalardan hansını seçim bilmirəm, çaşıb qalmışam. Bilirsiniz, hərdənbir Tuncay mənə zəng edir – mənim nəvəmdir – deyir, oxuyuram babamın şeirlərini... Fikrini de­yir mənə, görürəm ki, şeiri ağıllı-başlı tədqiq edibdir. Deyirəm ki, (mən o uşaqların ikisinə də, nəvələrimə “Mışı” deyirəm) a Mışı, sən ağıllı-başlı tədqiqat aparırsan.

- Allah saxlasın.

- Görürsünüz, mən hələ indi-indi onun fikirlərinə varıram.

- Bəli.

- Bilirsiniz, onun şeirlərində atalar sözləri, məsəllər çox­dur. Şeirlərində elə misralar var ki, zərb-məsəllər onun ya­nında heç nədir.

- Elədir, gərək onu açasan. Məmməd Araz şeirlərində bəzən elə ifadələr işlədir ki, bəlkə oxucuların çox hissəsi onu tama­milə başa düşə bilmir.

- Bilirsiniz, mənim həyat yoldaşımdır, mən tədqiqat işi apar­mamışam, alim deyiləm. Amma mən bir həyat yoldaşı kimi yox, bir ədəbiyyatçı kimi yanaş­mışam ona. Ola bilsin ki, bəlkə də acığa düşüb həyat yoldaşı ki­mi eləməzdim, amma mən gördüm ki, o, bizim ədəbiyyatımızda təkrarolunmaz bir adamdır. Onu yaxşı duya bilmirlər, az tədqiq olunur. Şeilərinin yaranmasında da bir qəribəlik var idi. Bir dəfə Qubada həyətdə oturmuşduq. Mən qubalıyam, bizim Qubada evimiz var. Bir şanapipik uçub bizim həyətə gəldi, bir budağa qondu, başladı çətirini açıb yığmağa. Tez Məmmədə göstərdim:

- Məmməd, şanapipik...

Quş uçub getdi. Məmməd quşa o qədər də əhəmiyyət vermədi, dedi ki:



  • Gözəlliyinə baxma, yaman iyi var onun.

Səhəri gördüm bir-iki misra yazıbdı. Quşun gözəlliyindən yazmayıb, tamamilə başqa məzmunlu bir şeir...

Şanapipik, bu adada çınqıl gəzmə sən,

Baban görən, nənən görən mərzlər yox daha...

Məmmədin belə yazıları vardı, adı ayrı, içi ayrı...



-Bir uşaq şeiri deyirdiniz yazmışdı, yarımçıq qalıb, necəydi o şeir?

-Beləydi, yarımçıqdı amma...

Parisdə bir yuxu gördüm.

Gördüm nənəm un ələyir,

Gördüm babam

çolpalayır qara damı.

Bulağa ilk

cığır salıb qar adamı.

Boz itimiz havalanıb,

zəngir qırıb.

Zəngir izi

qar üstündə qırıq-qırıq.

Tayamıza daraşıbdı

ana dovşan,

Almalıqda yol itirib

bala dovşan...



-Amma gözəl şeirdi...

-Məmməd həmişə deyirdi ki: “Sən kimə gərəksən, mən kimə gərək”- bu sözü ilk dəfə mən demişəm. Yaxud: “Ulu şahım, qılıncına söykənim” sözündə nə böyük bir məna var. Deyirdi ki: “Axı, bu tədqiqatçılar harda yatıblar, bu deyim heç vaxt deyilməyibdir. “Ulu şahım, qılıncına söykə­nim”... bu, mənim deyimimdir.” Belə deyimlər çox var orda, gündəliyimdə. Mən hamısını yazmışam. Ağzından nə çıxıbsa, yazmışam, itməsini istəməmişəm.

- Babəkin qılıncı ilə də bağlı gözəl sözlər deyib.

- Bəli.


- Deyirlər tapılıb Babək qılıncı.

- Çox qəribədir. Mən hərdən fikirləşirəm ki, Məmmədin dedikləri haradan onun ağlına gəlirdi. Məsələn deyir ki, “O Vaqifdi - odasına od düşən, O Zakirdi - səmasına od düşən”. 1981-ci ildə yazıb bu şeiri. O vaxt ki, Qarabağ məsələsi yox idi. Sovet hökümətinin möhkəm dövrü idi, bu şeir­lər yazılanda. Hardan onun beyninə girmişdi ki, Va­qi­fin odası da dağılacaq, Zakirin də səmasına ermənilər od vu­ra­caq. Bax belə...

Qabaqcadan dediyi çox məsələlər var­dı. Bəzən də deyirdi ki:

-Mən sözü oynadan, sözlə oy­nayan şairəm. Mənim tədqiqatıma heç kim dərindən girişməyib hələ ki. İndi bundan sonra girişəcəklər, girişməyəcəklər, deyə bil­mə­rəm. Hə, özü misallar çox çəkərdi. Nə cür sözlər oyna­dar­dı şeir­lə­rində, yaxşı yadımda qalmayıb. Yadımda qalan­ları dedim.



- Təbii.

- Bu şeiri də verirəm sizə, baxarsınız.

(Gülxanım müəllimə şairin ömrünün son günlərində yazdığı, lakin çatdırıb redaktə edə bilmədiyi “Dədəm Qorqud səslə­mə­si” əsərini bizə təqdim edir).

-Çox sağ olun.

- Siz sağ olun ki, Məmmədi yada salıbsınız.



-Borcumuzdur.

Gülxanım müəllimə ilə sağollaşıb ayrılırıq.



QEYD: Gülxanım müəllimə verdiyi əsəri oxuduqdan sonra bu qənaətə gəldim ki, bu əsər şeir yox, poemadır. Həmin Müsahibə və “Dədəm Qorqud səsləməsi” poeması tərəfimizdən ”AZAD AZƏRBAYCAN” qəzetinin 03 iyun 2011-ci il sayında dərc edilmişdir.


Məmməd ARAZ
DƏDƏM QORQUD SƏSLƏMƏSİ

Səsləmə

Özün köçdün, hayın qaldı dünyada.

Səsləmələr payın qaldı dünyada.

Dədəm Qorqud, harayını eşitdim,

Dədəm Qorqud, çağrışına hay dedim.

Dağ dilində, daş dilində səsləmən,

Qaz dilində, od dilində səsləmən,

Yel dilində, sel dilində səsləmən.

Od dilində, qar dilində səsləmən,

Dağ dilində, çay dilində səsləmən,

Hay dilində, bay dilində səsləmən.

Dədəm Qorqud, səsləməni eşitdim.


***

Özün köçdün, səsin qaldı qulaqlarda:

“Bu gəlimli-bu gedimli dünyada.”

Gələn baxdı,

Gedən baxdı,

İgidlərin qanı axdı.

Dağlarının suyu yusun

igidlərin qanını.

Dirsə xanın, Buğacın,

Uruzun qanını.

Döyüşlərdə ərənlərin,

ölməzlərin qanını.

Qorxmayın qan tökəndən,

Öz qanında boğun onu.

Əlləri qurusun,

Ağac kəsənlərin.

Ağacları qurumasın yurdumuzun,

Yaş kəsməyin,

Baş kəsməyin.

Yaşı kəsmək

Başı kəsmək deməkdi.

Köhlənləri yəhərləyin,

Kəhərləri tumarlayın.

Qədrin bilin Köhlən atın

qulun verər.

Kəhər madyanı yormayın

qulun verər.
***

Analar ağlayır hələ,

Göz yaşı tökülürsə,

İnsan vəhşidir hələ.

Analar ağlayırsa,

Torpaq ağlayır hələ.

Torpağı ağlayanın,

Haqqı ağlayır hələ.

İşığı oğurlanır,

Havası oğurlanır.

Dərdinə dərd qatılır.

Hələ ağlı oğurlanır .

Nə qədər ağlayır

analar hələ,

Qanı tökülənlər

Qan alar hələ.

Qəzəb qılıncınızı

Qoymayın paslanmağa.

Hələ iplər toxunur,

Ağacdan aslanmağa.

Əcəl tanrıdan gəlir:

Əcəl gəlməz-

igid ölməz .

Ağacın əcəli yox,

Ağacı insan öldürür.

Ay haray, torpaq ölür,

Torpağı insan öldürür.

Haray, haray qəbirlər,

Tapdanacaq, itəcək,

Üstündə ot bitəcək.

İnsan didir bir-birini,

Öz qəbrini tanımır,

İtib-batana qədər.

İnsan didir bir-birini,

Gölməçələr yaradır,

Qanla dolana qədər.

Yerin varlığını saxlaya bilmir.

Heç nəyə sahiblik eləyə bilmir.

Göyün varlığını anlaya bilmir,

Amma kəllə atır, baş atır hələ.

Dünyanın nizamı necə qurulub-

Bilmir, nizamına daş atır hələ.

Ələk-vələk olur hara daş atsa,

Özünü insandan qoruyan insan.

Pirlik, piranəlik - bitirmədi heç.

Mərdlik, mərdanəlik - bitirmədi heç.

İnsan yedi bir-birini,

Yeyəcək innən belə.

Boğur qundağında körpəsinəcən.

Didir ağbirçəyin birçəyinəcən.


***

Dədəm Qorqud, səsləməni eşitdim,

Dədəm Qorqud, harayına əl atdım.

Mən nə qurdum,

Adın ilə yaratdım.

Yaddaşımda məsəli var türklərin:

“Bu dünyaya tək-tək gəldi yaxşılar.

Fələk qırdı tək qolunu təklərin”.

İnsan yeyir insan əti - görürük,

İnsan yeyir təbiəti - görürük.

Yeyir fərqinə varmadan,

Yeyir dadına baxmadan.

Əl çəkmir insan,

Açmayınca torpaqda yarğan.

Torpağı yellərə yem etməyincə.

Yağışa, sellərə yem etməyincə.

Əl çəkmir insan.

İnsan ölüb torpaqda bitənə qədər,

Sümüklər əriyib itənə qədər.

Əl çəkmir insan.

Gölməçələr qanla dolana qədər.

Özü də yox olub ölənə qədər.

İnsan dişi çeynəməyən daş qalmadı,

Bəlaya bax!

Bu şəhərdə meşə, tala,

Bir ağac da yaş qalmadı,

Bəlaya bax!

İnsana bax!

Göydən yapışmağa,

Yer axtarır,

yeri yoxdu.

Çarəsizdi

qayıtmağa geri yoxdu.

Göyə milləndi tüstülər,

Bəla gəldi susdular.

İnsan göyə əl uzatdı,

əl yetmədi.

Göy üzünə bir daş atdı,

Daş yetmədi.

Ayağı altına dağları yığdı.

Yığdı qayaları, daşları yığdı.

Göyü qatlamaq istədi.

Əlləri çatmadı göyü qatlaya,

Göyə yönələn yolu bağlamaq istədi,

Göy uçdu başına, göydən yerəcən.

Bu harayı bizim dildə kim əkdi?

Əkən gördük,

Biçən gördük,

Gördük qanla suvaranı,

Sonra qanla çiməni də,

Qara qanı şərab kimi içəni də...

Belə yetişdi bizə sədası söyləmənin.

Belə dedi əzəldən bu haray, bu səs.

Dədəm Qorqud, bu haraylar, bu haylar,

Yeri-göyü ucalığa haraylar.

Yetməzmi bəs?!.

Həlim olun, kövrək olun bir az da,

Yetər tikan, ipək olun bir az da.

Bədniyyətin qapısında qurd ulayar,

it hürməz.

Qıvraq qalın, oyaq qalın

son günəcən,

Səsinizi saxlayın,

Özünüzü saxlayın,

son günəcən.

Qayalara söykənin ,

Qaya olun, daş olun,

Daşlara yoldaş olun,

son günəcən.

***


İnsanın içində gizlənir insan.

Dədəm Qorqud,

yazı, qışı boranlıdı,

Buluddu - ikicanlıdı,

Dünya haqdı,

Örkən keçməz doğanaqdı .

Dədəm Qorqud!

İgid ərlər təklənibdi,

Kəhərlərin tüklənibdi.

Köhlən atlar möhtacıdı yolların,

Açılmazmı qolların?!.

Açıq gözlər çox görmüşük,

ayıq gözlərimiz, haray!

Quzu ceyranlar ağlayır.

Yırtıcılar toy dəmində.

Qayalar söykənmək üçündü,

Daşlar güllə əvəzi.

Yırtıcılar

Nahaqqa haqq adı qoyub,

Ağacları kökündən kəsirlər.

Hara belə tələsirlər?!.

Dədəm Qorqud!

İnsan yedi təbiəti,

özünü yeyə–yeyə

Quşları qovdu yuvasından.

Çayları dartıb aramla,

Çıxarıb məcrasından.

Meşəni meymunlar özü böldü.

Pələnglər, şirlər düzü böldü.

Ən yaxşı yer ölçən

qarışqalardı.

Bölgüyə insan da qarışdı.

Itirdi bülbülün səsini.

Qurbağa qurultusunu

ilana bağışladı.

İşi-gücü indi də ağacladı.

Tüstülər göyə millənir,

Qalır ocaq yerləri...

İnsan yeyir təbiəti - görürük.

İnsan yeyir insan əti - görürük.

Vəhşini də yedi insan-

özünü yedi.

Şiri yedi,

Fili yedi-

özünü yedi.

Qarışqanı tapdayanda-

özünü yedi.

Harınlamış,

Qarınlamış

Kötükbaşlar

Bir əyləncə tapmayanda-

özünü yedi.

Buludları ocağına sıxa-sıxa,

Ocaq sönər külə çıxar.

Külünü başına sovurar.

Meşələri bürüyər

Tüstüləri - qapqara.

Od dilində danışar.

Su dilində danışar.

Öz dilində danışmaz.

Köpəkləri hürüyər.

Hürər qaranlıqlara,

İtlər hürər doyunca.

İmam-imam deməklə

Bir iş də olsun - aşmaz.

İmama yalvarınca

Üz tutmalı Allaha.

Alqış gələn sabaha!

Əcəl Tanrıdan gəlir.

Əcəli gəlməyində,

İgid də ölməyində.

İgid hələ sağdısa,

Özü kimi qırx igid

çiyninə qaldırdısa,

igidinə min alqış!

Qəbirlərin başında

Analar ağlayırsa,

Analara min alqış!

Dağlarının suyu yusun,

Şəhidlərin qanını,

Dirsə xanın, Buğacın,

Uruzun qanını.

Döyüşlərdə ərənlərin,

ölməzlərin qanını.


***

Yüz illərdir beləcə,

qovulur, didilir insan.

İnsanın içində gizlənir insan.

Əkinçi xırman tanımır,

Dənçi dəyirman tanımır.

Dədəm Qorqud söyləməsi ata sözü,

İgid sözü,

Tanrı səsi:-

insan hanı?!.

Bir durduran varmı ola axan qanı?!.

Dədəm Qorqud söyləməsi:

-Yerdən yapış,

-Göydən yapış,

-Havadan, nurdan yapış!..

Səsləmələr -

Göyün yeddi qatından gəlir,

Yerin dərin çatından gəlir,

Burdan yapış!

Havadan, nurdan yapış!



Adın ağac
Dədəm Qorqud, igid ərlər təklənibdi,

Bu adamlar hərisliyə köklənibdi.

Yollar köhlən atlarına möhtac qalıb,

Bağlarında bir neçə cüt ağac qalıb.

İnsan yedi ağacları -

Yarpağından ləçəyinə,

Zoğundan çiçəyinə.

Qoşa-qoşa ağaclarım hardasınız?

Gəlin sayaq sərvlərim yan üstə.

Zeytunlarım, narbəndlərim,

Palıdlarım, hardasınız?

Vay, zeytunlarım, vay.

Vay, palıdlarım, vay.

Narbəndlərim, ardıclarım,

Vay, sərvlərim, vay.

Budağına quş qonmaz

Palıdım hey, narbəndim hey.

Qoşa-qoşa zeytunum hey,

Ardıcın odu sönməz...

Qoşa-qoşa doğranan

Zeytunum hey,

palıdım hey,

narbəndim hey...

Palıdım, hey, yıxılmayın,

Zeytunum, hey yıxılmayın.

Narbəndim, hey yıxılmayın.


***

Sevinməyin, meşələri qırmaq ilə,

Tor atmayın ağaclara qarmaq ilə.

Ardıc suya davamlıdır,

Ardıclara tapşırmalı,

Öləziyən ağacları.

Qınayıram qara niyyət, ağ acları.

Dağlardan ardıc gətirin,

Daş bitən yerlərdə ağaclar bitirin.

Bəsdir qara torpaq üstə,

Qara daşlar yığdığınız,

Bəsdir ağac qırdığınız!

Zədələnmiş ağac bitməz,

Ağacsız yerdə ağıl bitməz,

Ağıl göyərməz.

Sellərin üstündə körpüdür ağac,

Nəvaziş istəyən körpədir ağac.

Ulu peyğəmbərdən töhvədir ağac.

“Məkkə ilə Mədinənin qapısı ağac,

Şah Həsənlə Hüseynin beşiyi ağac.

Zülfüqar qılıncın qəbzəsi ağac”.

Nəhəng-nəhəng gəmilərdi,

Tarlalardı, meşələrdi, zəmilərdi,

İnsanın qoşa biləyidir ağaclar.


***

Gördük dar ağacı quranları da,

Ağacın dibini soyanları da...

Gördük axan qanları da....

Cəlladları qansız olan,

Dar ağacı,

Cəlladına yazıq olsun!

Ağac yeyən adamına,

Meşə yeyən insanına,

Hər adına yazıq olsun!

Quruyan ağacların

Kökünün üstü qaldı.

Quruyanın yerində,

Göy üzünə millənən,

Qapqara tüstü qaldı.

Göyə yazıq,

tüstüyə yazıq!
***

Dədəm Qorqud,

kimə deyim bu dərdi?!.

Qırılan ağaclardı,

Ölən meşələrdi.

İnsan yedi təbiəti,

Ağacı əcəl yıxmır, insan yıxır.

Meşələri dibindən,

Ağacları kökündən yedi insan,

özünü yedi.

Harda şaxın gördü,

Şaxını yedi,

Harda düzün gördü,

Düzünü yedi,

özünü yedi...

***


Günah olur, baş kəsməyin,

Qurumayıb yaş kəsməyin.

Ağac da insan kimidir,

Canlıdı, ağac kəsməyin.



Məmməd ARAZ
QƏZƏLLƏR
( Qəzəllər ilk dəfə çap olunur)

Könül sevda əlindən aldısa kam ağlamasın,

Nəşələnmək dəmidir, təbi-ilham ağlamasın.
Eşq odum dağ əridər, göz yaşım səhranı sular,

Mən ki varam, pərvanə yanmasın, şam ağlamasın.


Mənəm eşq göylərinin bir əbədi sönməz ayı,

Doğacaq, yubansa da, o, bu axşam ağlamasın.


Dost əli ağu töksə badəmə, meydir gətirin,

Almaram yad əlindən meyi-cam ağlamasın.


Bir gözəlin oxu dəysə, əgər ölsə Məmməd Araz,

Deyin bu səadətdir, gülsün anam ağlamasın.



Söyləyəni: Zahid Məmməd oğlu Xəlilov,1951-ci il təvəllüdlü, Bakı şəhər sakini, tel.050-202-22-48.

***
Al məni dərd əlindən, ey saqi, piyalə gətir,

Dağıdıb qəm dağını könlümü bir halə gətir.
Çox öyünərsə hilal göstəribən qaşlarını,

Təbiət, yaz hüsnünə bənzəyən bir lalə gətir.


Duya bilsən ahımı qanə dönər sarı-sinəm,

Ey bülbül, bağıma gəl, azca ahu-nalə gətir.


İnsafın varsa, gözəl, bir dəfəyə al canımı,

Az məni ayağına sən sorğu-suala gətir.


Hicranın qucdu məni, qollarınsa özgəsini,

Xəyal olan Arazı barı bir xəyalə gətir.


Söyləyəni: Bağırov Rizvan , Nurs kənd sakini, müəllim, tel. 050-684-53-73.
***
Dedim əhd-ilqar bağlayaq, biilqar istəmədi,

Eşqimin tər çiçəyi soldu da, xar istəmədi.


Dedim: al bu qılınc, bu da canım, öldür, öldür,

Məndən qılınc almağı da o nigar istəmədi.


Bivəfaya könül verdi, bir əğyara yar oldu,

İlk oxu dəycək daşa onu əğyar istəmədi.


Duyub eşqin dadını, sonra dedi: gəl barışaq,

Könül inad elədi, dərilmiş nar istəmədi.


Gör sevda atəşləri nə günə qoydu Arazı,

Kül oldum, canı yoxdu deyə məzar istəmədi.


Qeyd: Qəzəllərii Nurs kənd sakini, müəllim Rizvan Bağı­rov söyləmişdir. Rizvan müəllimin dediyinə görə qəzəllər Məm­məd Arazın böyük qardaşı İbrahimin oğlu Elvin müəllimin ar­xi­vindəndir. Elvin müəllim ilə zəngləşib danışdım. Elvin müəl­lim qəzəllərin, həqiqətən də əmisi Məmməd Araza məxsus oldu­ğunu təsdiq etdi.
Məmməd ARAZ

BELƏ DÜNYANIN

Mikayıl Müşfiqin xatirəsinə
Söz verdim, söz adlı dəfinə verə,

Tək bircə ölümsüz qərinə verə.

Umdum nə verdi ki, küsüm nə verə?

Mən belə dünyanın nəyindən küsüm?


İtirib özünü özündə dünya,

Toyların, yasların özülü dünya...

Əlim ətəyindən üzülü dünya...

Mən belə dünyanın nəyindən küsüm?


Ömrünə vay salar, vaydan utanmaz,

Saç yolub-hay salar, haydan utanmaz,

Günəşdən utanmaz, Aydan utanmaz,

Mən belə dünyanın nəyindən küsüm?


Çaydı dəhnəsində xırsız əjdaha,

Gecəsi salamat çıxmaz sabaha.

İti bazarında atından baha,

Mən belə dünyanın nəyindən küsüm?


Dağ olsan, istəsə qolunda saxlar,

Büküb bir hörümçək torunda saxlar.

Yüz illik odunu qorunda saxlar,

Mə belə dünyanın nəyindən küsüm?


Bir gözü işıqdı, bir gözü buzdu,

Məkrli qadındı, gülçöhrə qızdı.

Həlimdi, kövrəkdi, sərtdi, quduzdu...

Mən belə dünyanın nəyindən küsüm?


Ayağı altına yastıq qoyanar,

Başının altına qumbara qoydu!

Nadanlar dünyanı qumara qoydu!

Mən belə dünyanın nəyindən küsüm?


Olsan öz haqqının köləsi belə,

Əri, öz içində öləzi belə,

Ondan inciyənin beləsi belə...

Mən belə dünyanın nəyindən küsüm?


1989

Nizami MURADOĞLU
DÜNYA BELƏ DÜNYADI

Məmməd Arazın xatirəsinə
Alimindən nadanı çox, naşı çox,

Çiçəyindən kəsəyi çox, daşı çox.

Yerdi, Göydü, hər nədisə yaşı çox,

Küsmə ustad, dünya belə dünyadı.


Hərdən söylən, hərdən hirslən, qız, ara.

Üz qaldımı həyasından qızara?

Dərd anlayan məsum oğlan, qız ara,

Küsmə ustad, dünya belə dünyadı.


Sən gördüyün ədəb-ərkan dəyişib,

Dostlar vardı düşmən olub küsüşüb.

Bazarında it də qiymətdən düşüb,

Küsmə ustad, dünya belə dünyadı.


İndi brend marka küçüklər gəlir,

Bərbəzəkli, rəngli cütlüklər gəlir,

Sözü ötkəm, əli ütüklər gəlir,

Küsmə ustad, dünya belə dünyadı.


At demişkən, at nəyinə gərəkdir.

Arat eylə, şumu çəkdir, yer əkdir.

Bostanları hibrid göyərdəcəkdir,

Küsmə ustad, dünya belə dünyadı.


Toxum itib, ya mayası ayrı cür,

İnsan Haqqa olub asi, ayrı cür.

Toyu toydur, hələ yası ayrı cür,

Küsmə ustad, dünya belə dünyadı.


Ağ divləri cırtdanlara uduzdu,

Heç bilinmir, kim suçludu, suçsuzdu.

Dəhnəsində əjdahalar susuzdu,

Küsmə ustad, dünya belə dünyadı.


Köhnə sazdır, köhnə hava çaldığı,

Bir verəndə beş də olur aldığı.

Məmməd deyil təkcə yola saldığı,

Küsmə ustad, dünya belə dünyadı.



22.04.2013

KİTABIN İÇİNDƏKİLƏR
Müəllifdən................................................................... 7
Şair və xalq yaradıcılığı problemi......................... 14

Giriş.......................................................................... 14



  1. FƏSİL: Məmməd Araz yaradıcılığında folklor

obrazları ......................................................20

1.1. Folklor məsələlərinə baxış.................................. 20

1.2. Əsərlərində əfsanə süjet və motivlərinin

təcəssümü.....................................................31

1.3. İlkin mifoloji obrazların transformasiyası ......... 49

1.3.1. Dağ obrazı ........................................................49

1.3.2.Ağac obrazı........................................................54

1.3.3. Araz (su) obrazı................................................63


II. FƏSİL: Məmməd Araz poeziyasında folklor

ənənələri .....................................................82

2.1. Milli-mənəvi dəyərlərin inikası..........................84

2.2. Şairin poeziyasında Dünya obrazı.....................114

2.3. “Atamın kitabı” poemasında folklorizm............135


III. FƏSİL: Məmməd Arazın əsərlərində xalq

şeirinin işlənmə xüsusiyyətləri................151

3.1. Xalq şeiri şəkillərindən istifadə üsulları ...........151

3.2. Şairin şeirlərində paremioloji vahidlər.............162
Nəticə........................................................................182

Istifadə edilmiş ədəbiyyat ..................................... 188

Əlavələr

Məmməd Arazın Fransa həyatından yazdığı şeirlərində

folklor elementləri.......................................202

Memmed Araz şiirlerinde iktisadi ilişkilerin folklor

kaynaklarina yeni bakiş..................................211

Məmməd Araz poeziyasında İlya Çavçavadze

obrazı...........................................................221

Memmed Araz şiirlerinde masal motifleri................230

Məmməd Arazın həyat yoldaşı Gülxanım Fətəli qızı ilə

müsahibə.......................................................242



Məmməd Araz:

Dədəm Qorqud səsləməsi........................................247



Qəzəllər

Könül sevda əlindən aldısa kam ağlamasın.............260

Al məni dərd əlindən, saqi, piyalə gətir....................261

Dedim: əhdi-ilqar bağlayaq, biilqar istəmədi............262

Belə dünyanın...........................................................263

Nizami Muradoğlu:

Dünya belə dünyadı..................................................265




Nizami Muradoğlu

(Məmmədov Nizami Murad oğlu).

Sözün Məmməd Araz zirvəsi

(şair və xalq yaradıcılığı problemi).

Bakı, “Elm vя тящсил“, 2013.

Nəşriyyat direktoru:



Prof. Nadir Məmmədli
Nəşriyyat redaktoru:

Tahir Orucov
Korrektoru:

Gülnar Osmanova
Kompüterdə yığdı:

Səadət Əliyeva
Kompüter tərtibçisi və

texniki redaktoru



Aygün Balayeva

Kağız formatı: 60/84 32/1

Mətbəə kağızı: ¹1

Həcmi: 268 səh.

Tirajı: 300

Kitab AMEA Folklor İnstitutunun

Kompüter mərkəzində yığılıb səhifələnmiş,

“Elm və təhsil” NPM-də hazır diapozitivlərdən



Ofset üsulu ilə çap edilmişdir.


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə