Nizami muradoğlu söZÜn məMMƏd araz


I FƏSİL MƏMMƏD ARAZ YARADICILIĞINDA FOLKLOR OBRAZLARI



Yüklə 1,27 Mb.
səhifə2/11
tarix18.06.2018
ölçüsü1,27 Mb.
#49792
1   2   3   4   5   6   7   8   9   10   11

I FƏSİL
MƏMMƏD ARAZ YARADICILIĞINDA FOLKLOR OBRAZLARI
1.1. Folklor məsələlərinə baxış
Ötən əsrin əllinci illərinin ortalarından başlayaraq Azər­bay­can ədəbiyyatında sovet dövrünün tələblərin­dən fərq­li olan, yeni məzmunlu, insanın psixoloji düşüncəsi, da­xi­­li nara­hat­­lığı, “milli mən”inin taleyi, keçmişə münasibəti, azad duru­mu, fərdi və ümumi baxışları əks olunan əsərlər meydana çı­xır­­dı. Ədə­biyyatımıza yeni nəfəs, yeni məzmun gətirən ədə­bi qüv­vələr içərisində Anar, Elçin, Möv­lud Süley­man­lı, Sabir Əhmədov, Fikrət Qoca, Ramiz Rövşən və başqa yazarların tə­şəb­büskarlığı nəzər-diqqəti cəlb edirdi. Be­lə yazarlardan biri də xalq yaradıcılığından bəhrələnən, folk­lor ənənələrini gözə çar­pan və çarpmayan qəliblərdə ədə­biyyata gətirən, yazıları na­ğıllar və bayatılar qədər şirin olan, yadda qalan Məmməd Araz idi. Müasir oxucu tərə­fin­dən ən oxunaqlı, ən çox sevilən şair­­lər­dən olan Məmməd Ara­zın yaradıcılığı rəngarəng və tək­rar­sız­dır. Məmməd Araz poe­ziyasının bu qədər şirinliyi və ecaz­kar qüv­vəyə malik ol­ması, ilk növbədə, duyduğu, yaşa­dı­ğı gözəl­lik­lərin xalq ilə tə­masından qaynaqlanmış, xalq yara­dı­­cılığı süz­gəcindən ke­çə­rək ələnmiş, arıdılmış duyğu düzü­mün­­də təqdim olun­ma­sı ilə əlaqədardır. Düşünmək olar ki, məhz xal­qın için­dən çı­xan, onun kəndlisi, çobanı, maldarı ilə otu­rub-du­ran, nə­nə­­lə­rin şirin nağılları ilə yuxuya gedən, xoruz ba­nı ilə yu­­xudan qalxan, ciyərlərinə tərtəmiz dağ havasını çə­kən bir in­sa­nın du­yum və düşüncə tərzi məhz belə təmiz və ay­dın ola bi­lərdi.

Şairin uşaqlıqdan göz açıb gördüyü nənəsinin cəhrəsi, babasının qılıncı, xışı idi. Cəhrə cırıldadıqca nənəsi gah nağıl danışar, gah da nəğmə oxuyardı. Babası xışın qulpundan ya­pı­şıb yer şumladıqca holavar deyərdi. Bu nağılların sehri, ecaz­kar qüvvəsi şairin yol yoldaşına, məslək sirdaşına çev­rilir, bir an da olsa, onu tərk etmir, yaradıcılığına işıq tutur, şeir­­lərinə bir şirinlik, həzinlik gətirir, ona şeiriyyət aləmində bələdçilik edən kitaba dönürdü. Şair “Nənəmin kitabı” şei­rin­də bu böyük xəzinəni belə xatırlayırdı:

Könül nə danışdı, nə dedi mənə-

Uçdu körpəliyə xəyalım yenə…

Durdu gözlərimdə ixtiyar nənəm,

Vüqarı dağ nənəm, saçı qar nənəm…

Elə bil saçımı darayırdı o,

Qəlbimi, fikrimi arayırdı o.

Duyurdu üzünə dikilən baxış,

Deyir ki, ay nənə, bir nağıl danış… (17, 21)

Məmməd Araz vətənə, xalqımızın adət-ənənəsinə, söz xəzinəsinə bağlı olan, bu sonsuz maraq və məhəbbətini yara­dı­cılığında dəfələrlə ürək yanğısı ilə qələmə alaraq, bu incə­likləri yetişməkdə olan nəsillərə ötürməyə çalışan sənət­kar­lardan idi. Azərbaycan dilinin şirinliyinə, ənənəvi adətlərə, folklor qaynaqlarında qorunub saxlanılmış xalq müdrikliyinə dərindən bağlılığı onu içəridən tərpədir, bu axına qoşulmağa vadar edirdi. Şairin anası Cahan xanımın, atası İnfil kişinin təbirincə desək, “Mahmud qızının” sinəsi ağız söyləmələri ilə dolu idi. Anasının söyləmələri uşaqlıqdan Məmmədin ha­fi­­zəsinə köçür, onun gələcəkdə bir vətəndaş, bir xalq sənət­karı kimi yetişməsinə öz müsbət təsirini göstərirdi. Təsadüfi deyildir ki, şairin ilk kitablarından biri anasına həsr edilmiş “Anamdan yadigar nəğmələr” adı ilə məşhurlaşıb müasir ədə­biyyatımızın tarixində özünəməxsus yer qazanmışdır.

Şairin yaradıcılığını diqqətlə izlədikdə məlum olur ki, bütün həyatı boyu xalqın yaratdığı müdriklik çesməsinin təş­nəsi olan Məmməd Araz bu çeşmənin sərin sularından heç vaxt ayrıla bilməmiş, ona görə də yetkinlik çağlarında nəşr et­dir­diyi ən sanballı poemasını «Atamın kitabı» adlan­dırmışdır. Məmməd Araz yaradıcılığında qazandığı uğurlara görə valideynlərinə, nənə-babalarımıza, atalarımızdan yadi­gar qalan mənəviyyatımıza və əvəzedilməz söz xəzinəsi olan folklorumuza borclu olduğunu dəfələrlə açıqlamışdır. Ümu­milikdə ədəbiyyatı bayatı, holavar, dastan, nağıl, əfsanə, ləti­fə, zərb-məsəllərsiz təsəvvürünə gətirə bilməyən Məm­məd Araz folklordan kifayət qədər yararlanaraq sonradan öz şeir­lə­rində yeri gəldikcə həmin mənbələrdən yaradıcı şəkildə is­ti­fadə edə bilmişdir. Şair 1973-cü ildə “Aşıq Ələsgər yük­sək­liyi” məqaləsində yazmışdı: - “Ələsgər mənim ilk poezi­ya əlifbam, ilk ədəbiyyat müəllimim olub. Aşıq Ələsgər “kur­sunu” mənə ilk dəfə heç bir əlifba-hərf tanımayan sa­vad­sız anam oxuyub. O, darayıb cəhrənin yanına yığdığı əl­çim yunu iyə düyünlər, cəhrəni fırladıb səsini yoxlar və yo­lu­na davam edərdi… Əvvəl sinəsində gumuldanan nəğmə yavaş-yavaş avaz alar, cəhrənin səsini batırardı:

Axşamdan yağan qar çıxıbdı dizə,

Kəsilib bulaqdan yolu qızların” (21, 60).

Məmməd Araz məqalədə Aşıq Ələsgərdən öyrəndiyini qeyd etməklə yanaşı, həm də aşığın söz və saz sənətinin yük­sək qiymətini verməyə çalışmışdır. Şair yetmiş iki saz havası olmasına baxmayaraq, Aşıq Ələsgərin sintez yolu ilə yüzdən artıq hava çala bilməsi haqqında məlumat vermiş, onun qoş­malarının bədii xüsusiyyətlərindən maraqlı detalları oxucular ilə bölüşdürmüşdür.

Məmməd Arazın əsərləri şifahi xalq ədəbiyyatından gələn motivlər, nağıllar, ədəbi üsullar, atalar sözləri, məsəl­lər, aşıq poeziyası şəkilləri ilə zəngindir. Bu zənginlik şairin təkcə poeziyasında deyil, həmçinin publisist yazılarında da özünü qabarıq şəkildə göstərir. Təsadüfi deyildir ki, Məm­məd Araz yaradıcılığının böyük bir hissəsini təşkil edən bu məqalələrdə xalqa, vətənə, torpağa bağlılıq kimi tərbiyəvi, əxlaqi keyfiyyətlər aşılanmaqla yanaşı, folklor nümunələri və motivlərindən geniş istifadə edildiyinin də şahidi oluruq. Odur ki, şairin publisist yazılarından bir neçəsi haqqında burada məlumat verməyi məqsədə müvafiq hesab edirik.

Şairin 1967-ci ildə qələmə aldığı “Naxçıvan albomu” məqaləsində çox maraqlı və Naxçıvan ərazisində uşaqdan bö­yüyə hamının bildiyi bir əfsanə ilə tanış oluruq. Bu əfsanə əza­zil padşah Dağ Yunisin adı ilə ilə bağlıdır. Dağ Yunis öz za­lımlığı ilə Naxçıvanda və ətraf ərazilərdə ad çıxarmışdır. Söy­ləyirlər ki, Dağ Yunisin atının ayaq izləri və özünün va­hi­məli səsinin əks-sədası hələ də dərələrdə gizlənib qalır. Müəl­lif yazırdı: “Dağ Yunis bu torpaqda 300 il hökmranlıq et­mişdir. Xalq isə min illər boyu zamanın hökmdarlarından gör­düyü zülmün çoxunu ümumiləşdirib onun adına yazmış­dır...

...Dağ Yunisə qarşı üsyanlar, çıxışlar olmuş, qəhrəman oğulların çoxu onunla vuruşmada ad qazanıb, əfsanə qəhrə­ma­­nı olmuş, ona gücü çatmayan nər igidlərin bəziləri də “qey­­bə çəkilib” daş heykəllərə dönmüşlər; gələcək illərin bi­rin­­də məqam tapıb baş qaldıracaq və intiqam alacaqlar” (15, 5).

Məmməd Arazın həmin süjeti məqaləsinə gətirməkdə məqsədi nə idi? Çox qəribə nüanslar bizi qədim zamanlara aparır. Əfsanə ilə tanışlıqdan sonra müəllifin qəlbindəki arzuların, xeyirxahlıq missiyasının müasirlərinə və gəncliyə bir ağsaqqal nəsihəti xarakteri daşıdığının şahidi oluruq. Əf­sanə belədir: “Qədim zamanlarda Təmleyxa və Yunus adın­da iki çoban var idi. Bunlar qoyun-quzu otarırdılar. Bir gün dostlar bulaq başına enirlər. Təmleyxanı yuxu aparır, o yatır. Yunus da qoyunları sağıb, südü qoyur bulağa sərinləsin. Yu­nus görür ki, Təmleyxanın burnundan bir milçək çıxdı, onla­rın yanında olan daş kələyin içərisinə girdi. Xeyli keçəndən sonra milçək yenidən daş kələyin içindən çıxıb Təmleyxanın burnuna girir. Yunus Təmleyxanı oyadır. Təmleyxa bildirir ki, yaxşı yuxu görürdüm. Düşmüşdüm süd gölünə, göldən çıx­dım, gördüm bu daşın altında qızıl var. Axşam dostlar ev­lərinə gedirlər. Ancaq Yunus yata bilmir, durub Təmleyxa gös­tərdiyi daşın yanına gəlir, daşın ətrafını qazıb ordan çoxlu pul tapır. Səhər Yunus çobanlığa getməkdən imtina edir, Təm­leyxa çobanlığa tək getməli olur.

Yunus tezliklə varlanıb, şan-şöhrət sahibi olur. Təm­ley­xaya xəbər verilir ki, Yunus padşahın qızı ilə evlənir, onu da toya çağırır. Təmleyxa toya getmək istəməsə də, qonşu­la­rın təkidi ilə getməli olur. Yunus öz dostunu toyunda görüb onu yanından buraxmır. Bir müddət keçəndən sonra xəbər yayılır ki, padişah ölübdür. Əvvəlcə padşahın öz əcəli ilə öl­dü­yünü düşünən insanlar gec də olsa, padşahın Yunus tərə­fin­dən zəhərləndiyindən xəbərdar olurlar. Yunusun məqsədi hakimiyyəti ələ keçirmək, taxta-taca sahib olmaq idi. Belə də olur. Yunus şahlığı ələ keçirir, Təmleyxanı da vəkil təyin edir. Yunusun yavaş-yavaş gözünü qan örtür, iştahı çoxalır. Çox­larının ürəyinə dağ çəkir. Ona Dağ Yunus, yəni ürəklərə dağ çəkən Yunus deyirlər. Çox keçmir ki, Yunus, hətta al­lahlıq iddiasına düşür. Deyir ki, burada yaşayanların hamı­sı­nın Allahı mənəm. Kim mənə itaət etməsə, mənim allah­lı­ğı­­ma şübhə ilə yanaşsa, yox desə, boynu vurulacaqdır. Hər gün yüz­lərlə adam öldürülür. Təmleyxa Dağ Yunusun hərə­kətlərinə dözə bilmir, özü ilə altı nəfər də götürüb Dağ Yu­nu­sun zülmündən qaçıb dağların qoynunda bir mağaraya sı­ğınır. Bu mağara “Əshabi-Kəhf” adlanır” (39,70). Əfsanə haq­­qında müqəddəs kitabımız “Qurani-Kərimin “Əl-Kəhf” (Ma­ğara) surəsində” (116, 293) də məlumat verilir. Göstə­ri­lir ki, bu sağlam əqidəli, imanlı gənclər Allah tərəfindən se­vi­lib mü­kafatlandırılır. Gənclər mağarada 309 il yatdıqdan son­ra oyananda qısa bir zaman içərisində yatdıqlarını zənn edə­rək ər­zaq dalınca şəhərə adam göndərirlər. Onların isti­fadə et­dik­ləri pul Diqyanusun (Dağ Yunus Qurani-Kərimdə belə ad­lanır - N.M.) zamanından qaldığına görə şəhər əh­lin­də çaş­qınlıq yaradır. “Gənclər isə uzun müddət yatdıqlarını bil­dik­dən sonra yenidən mağaraya qayıdıb Allaha yalvarır və ora­da qeyb olurlar” (120, 39). O zamandan da gənclərin qeyb olduqları ma­ğara müqəddəs bir məkana - ziyarətgaha çevrilir.

Şair yolüstü gördüyü Narbənd ağacı haqqında da da­nı­şır, bu müqəddəs ağacın nəslinin kəsilməkdə olduğunu yana-yana oxuculara xatırladır. Naxçıvanda tək-tük qalmış Nar­bənd ağacı son günlərini yaşayır, elə bil taleyin amansız rəftarı ilə ba­rışaraq ömrünün sonlarında insanlara yaxşılıq et­mək, sərin­lik vermək istəyir. Adamlar isə onun qol-buda­ğı­nı kəsib doğ­ra­yıblar. Bu yaxşılığa qarşı pisliyin, təbiətə, ya­şıllığa, təbii sər­vətlərə qarşı ögey münasibətin kökündə nə da­yanırdı?-Tə­bii ki, müəllif Naxçıvanda aparılan quruculuq işlərini də gö­rürdü, onu alqışlayırdı, amma bununla bərabər ürəyini ağrı­dan məsələlərdən yanaraq söhbət açır, baba­lar­dan qalan yadi­gar­lara sədaqətli olmağı, onları qorumağı tövsiyə edirdi:

- “Yoldaş memar! Sizinlə söhbət etdikdə babalar, nakam babalar yadıma düşür. Yazıqlar texnikanın, elmin ka­sad olduğu bir dövrdə dırnaqları ilə yer qazıb, su tapıblar. Nax­çıvan kimi suyu olmayan bir şəhəri kəhriz sularına qərq ediblər. Su haqqında yaranmış bu nəğmə də illər boyu dil­dən-dilə keçmişdir:

Sərindi, səlamətdi,

Buzludu, qiyamətdi.

İç suyu, çıxsın başa.

Gör nə əlamətdi” (15, 8).

Narahat şairin dərdinin üstünə dərd qoyan tarixi yadi­gar­ların baxımsızlıqdan məhv olmasıdır. Min illərlə insan­la­ra həyat, sərinlik bəxş edən kəhrizlər artıq yoxa çıxmış, göz­ləri tutulmuş, quyuları uçub dağılmış, bəziləri yeni tikilən çox­mərtəbəli binaların altında itib batmışdır. Bu hələ hara­sı­dır? Məmməd Araz yayın ən isti vaxtında 1967-ci ilin iyul ayının 23-də belə bir mənzərənin şahidi olur. Şəhər camaatı yayın istisindən qorunmaq, həm də müalicə məqsədi ilə ya­xınlıqdakı Sirab dağına gedib Sirab suyunda yuyunmaq, bu sudan içib şəfa tapmaq istəyirlər. Ancaq milis işçiləri yolları kəsib, maşınları saxlayır, sürücülərin sənədlərini alır, özlə­ri­ni də geri qaytarırlar. Şair bir milis leytenantından soruşur:

- “Yoldaş leytenant, bu maşınları niyə saxlayırsınız?

- Dağa gedirlər.

- Niyə gedirlər?

- Nə bilim, istirahətə, kefə!

- Bəs neynəsinlər? Şəhər ətrafında əylənmək üçün bir yer varmı?

- Yoxdur... o bizim işimiz deyil” (15, 13).

Müəllif, əslində, dövrün xüsusiyyətlərinə görə deyə bil­mirdi ki, adamları maşınlardan endirib pambıq tarla­ların­da işləməyə aparırdılar. Axı hər kəsin öz işi olmalıydı, pam­bıqçı pambığını becərməli, xəstə müalicəsini almalı, müəllim də yay tətilində istirahət etməliydi. Bəla burasında idi ki, raykom katibləri hakimi-mütləq idi, insanlar ilə istədikləri kimi rəftar edirdilər. Şair müraciət olunası yer tapa bilmir, Dağ Yunusun hekayəsini xatırlatmaqla, Dağ Yunus zülmü­nün bu yerlərdə davam etdiyini sətiraltı mənalarda oxucuya çat­dır­maq istəyirdi. Təbiətə, cəmiyyətə qarşı olan bu hücum, bu dağıdıcılıq, insafsızlıq şairin publisistikasında bir etiraz notası kimi səslənirdi. Şair həm də yeni Təmleyxaların doğu­la­cağına inanırdı, çünki Təmleyxa kimi zülmə qarşı çıxan­la­rın Allah yanında mərtəbəsi uca idi. Kimsə allahlıq iddiasına düşərsə, ona qarşı olmaq, onun zülmünə boyun əyməmək uca­lıq əlamətidir, müqəddəslik əlamətidir. Təmleyxa və yol­daşları da Dağ Yunusun zülmünə qarşı çıxdıqlarına görə Al­lah tərəfindən “seçilmişlərdən” oldular. İndi də gənclərin qeyb olduğu Əshabi-Kəhf dağında insanlar bu yeddi kimsəni xatırlayır, onları ziyarət edir, dua oxuyur, onların adına qur­ban kəsirlər, Dağ Yunusu isə lənətləyirlər.

Müəllif sovet quruluşunun “hakimi-mütləqlərini” də ta­rixdən ibrət almağa çağırır, ”Süleymana qalmayan dünya kimsəyə qalmaz” (25, 598 ) – deyirdi. Təqribən, otuz ildən son­ra, doğrudan da, sovet quruluşu dağıldı, “hakimi-müt­ləq­lər” də ölüm dənizində qərq oldular, onlardan bir iz, nişanə qalmadı, ancaq kəhrizlər də dağılıb sıradan çıxdı, Narbənd ağa­cı da acı taleyini yaşadı, hətta müəllif özü də əbədiyyətə qovuşdu. Ancaq şairin xatirəsi Təmleyxanın xatirəsi kimi əziz­dir, unudulmazdır, hər zaman yada salınır, xatırlanır, ziyarət edilir.

Məmməd Araz “Aman ovçu, vurma məni” (21,191), “Cey­ranı hürkütmək hünər iş deyil” (21,216) adlı məqalə­lə­rində keçmişə nəzər salır, ana təbiətin qoynunda harayı dağ­la­rı-daşları lərzəyə gətirən nadir ceyran, cüyür, maral növlə­rinin nəslinin kəsilməsinə yönəlmiş “soyqırıma” yox deməyə çağırırdı. Bu çağırışına cavab almayan, zalım ovçuların, in­saf­sız “insanəlli, insanayaqlı, canavar başlı adamların” bərə­dən keçən maralları necə “dənlədiklərindən” dəhşətə gələn şair öz üzərinə yeni bir missiya götürərək yazırdı: “İlahi, bu necə dəhşətdi, “kaş yuxu olaydı!”- deyirəm. Əsrin dərin yu­xu­suna getmiş insafı qalmışları səslədim. “Çox yatmışıq, dedim, - belə getsə, yuxudan ayıla bilməyəcəyik. “Görüm ayıl­maya gec ayılanlar”. Mən özüm də qundağa yatdım. Bu vəzifəni də öz üzərimə götürdüm:

Balalı ceyrana, zahı marala,

Tuşlanan gözlərə güllə tuşlayam” (21,196).

Göründüyü kimi, Məmməd Arazın publisist yazılarının əksəriyyətində folklor izləri müşahidə edilməkdədir. “Bahar düşüncələri”(21,176), “Nur xonçası” (21,197) məqalələrində şair Novruz bayramı ilə əlaqədar öz fikir və düşüncələrini di­lə gətirir, adət və ənənələrimizi xatırlayır, əmək nəğmələ­ri­nin, holavarların yaranmasından danışır, Səməngül, Tərgül, Gülsənəm, Gülyaz, Gülçöhrə, Güllü kimi qız adlarının az qa­la unudulması halına gəldiyi nigarançılığını yaşayırdı.

Şairin “Sözün yaşı, sazın yaşı” (21, 70) məqaləsi bö­yük sənətkar Aşıq Şəmşirin səksən illiyi ilə əlaqədar olaraq 1973-cü ildə yazılmışdır. Məqalədə Aşıq Şəmşirin yaradı­cı­lı­ğına işıq tutulur, sənətkarın yaradıcılığındakı xalq ruhunun doğ­ma­lığından, aşıq poeziyasının incəliklərindən, Aşıq Ələs­gər ir­­sinə sədaqətindən söhbət açılır. Aşıq Şəmşirin böyük­lü­yü on­da­dır ki, özündən əvvəl yazılmış yüzlərlə dastanı, öl­çü­lü-biçili şeirləri öz rəngi, öz forması ilə, yüzə qədər saz havasını öz ahən­gi ilə yaddaşına köçürüb bu günə gətiribdir, üstəlik özü­nün yeni nəğmələrini də həvəslə oxuyur. Məm­məd Arazın fik­rincə, “Aşıq Şəmşirin sözü və sazı qoca sənət­karı sağ­lı­ğın­da sənətin əbədiyyət dünyasına qovuşdurmuş­dur” (21, 72).

“Kür qovuşur Salyana” (14, 29) məqaləsi yeddi his­sədən ibarətdir: “Kürün nəğməsi”, “Birinci katiblə müsa­hi­bə”, “Cavan, toyun mübarək”, “Torpaq dərsi”, “Bol məhsul uğ­runda”, “Vəlican məhəbbəti” və “Kür qovuşur Salyana”. Mə­­qa­lə ayrı-ayrı süjetlər əsasında qurulsa da, bütün his­sə­lərdə folklor elementlərindən geniş istifadə edilibdir. “Kürün nəğməsi” hissəsində Kürün gur sulu çay olduğundan danışan şairin kükrəyib daşdığı zamanlar ətrafa dəyən ziyana görə Kü­rü qınayanlara cavabı belədir: “Onun dilini tap - üstündən körpü versin, onun dilini tap - çevrilib səhranın məcnun ge­yi­­mini al qumaşa döndərsin. Onun dilini tap - “Qızıl balıq na­ğılı”nı (121, 37-65; 122, 316-318) nağıllıqdan çıxartsın. Kürün nə günahı var ki…

Bu dünyada kələğay yox, kətan yox,

Sinəm buta, müjgan oxun atan yox.

Sərxoş durub bir nəzakət satan yox,

Heç sövdəgər fayda bulmaz bu yerdə” (14, 29).

Məqalənin daha çox oxunaqlı, daha çox folklor ilə əla­qə­ləndirilmiş hissəsi “Vəlican məhəbbəti” adlanır. Məqalədə Boyat kəndindən olan gənc şair Soltan Abbasın Məmməd Ara­za söylədiyi Vəlican adlı bir igidin məhəbbəti haqqında dastandan danışılır. Soltan Abbas bildirir ki, dastanı 103 yaş­lı atası danışmışdır.

Vəlican Cənubi Azərbaycandan Muğana gələn ovçu­dur. Ceyran sürüsünü qovub yorulan ovçu burada könlünün ovu ola biləcək bir gözəl qıza rast olur və ona vurulur. Vəli­can ipək qarılara dərdini deyir, müdrik qocalardan imdad di­lə­yir. Beləliklə, Vəlicanla bu yerlərdə çox məşhur olan, var­lı bir bəyin qızının eşq macərası dillərə düşür. Söz gedib bəyə çatır. Bəy Vəlicana hədə-qorxu gəlirsə də, onun təqsi­ri­ni qə­rib­liyinə bağışlayır. Vəlican cənuba, doğulduğu əyalətə qayı­dıb həmin əyalətin ağasından kömək diləyir. Ağa da ona bir yaxşı at verib, yeddi nökərini də atlandırıb ona qoşur. Və­li­ca­nın məqsədi sevdiyi bəy qızını qaçırmaq idi. Lakin Və­li­can çox yubanmışdı, artıq gec idi. Qızı başqasına ərə ve­rir­dilər. Gecikdiyini başa düşən, həm də el adətinə hörmətlə ya­­na­­­şan Vəlican və dostları geri dönməyi də ar eləyib, qı­lınc­­­larını yerə sancıb Boyat kəndinin qonşuluğunda Ballı­ca­lı kəndinin bünövrəsini qoyurlar.

Şair bu əfsanənin tarixi həqiqətə söykəndiyini xatır­la-dır. Soltanın atası demişkən, onların kəndinin “bünövrəsi əsl məhəbbətdən, Muğana məhəbbətdən qoyulub”. Bu mə­həb­bə­ti bu yurda Vəlican gətirib, Vəlicanın davamçıları mərd ya­şa­malı, ondan ibrət almalıdırlar. Məqalənin sonuncu hissə­sində Məmməd Araz Kür gözəlinə müraciət edərək: “Kür gözəli, dara zülfün, sal yana. Sənin gur sevgini bir gənc sinə­sinə sıxıb. Ah çəkmə, Kür üstünün körpüləri çoxdur. Kür nə qədər daşır daşsın, o gəlib vədə gününə çatacaq. Əvvəlcə Kür məhəbbət, sonra gur məhəbbət, sonra da toyunuza səpi­lən gül məhəbbət olacaqdır” (14, 47) – deyir.

Məmməd Araz ölkənin gəzdiyi, gördüyü hər qarışının tarixini, etimologiyasını öyrənir, nağıl və rəvayətləri yazıya alır, onu bu günümüzlə əlaqələndirməyə çalışırdı. Aparılmış tədqiqatlar nəticəsində məlum olur ki, şairin eşitdiyi nağıl və əfsanələri məqalələrinin leytmotivinə çevirməsində məqsədi bu ibrətamiz əhvalatların ilk növbədə yaddaşlara köçürül­məsinə vasitəçi olmaqdır. Digər tərəfdən şair hər bir əhva­la­tın, nağılın, əfsanənin həmin yerin toponomikasının, etno­qra­­fiyasının, ərazidə yaşayan toplumun genetik xüsusiy­yət­lərinin öyrənilməsində çox böyük əvəzsiz mənbə olmasını dərk edirdi. Bu anlamda folklor materiallarının Məmməd Araz yaradıcılığında yer alması təqdirəlayiq hadisə kimi qiy­mət­ləndirilməlidir.
1.2. Əsərlərində əfsanə süjet və motivlərinin təcəs­sümü

Məmməd Araz şifahi ədəbiyyatın, klassik və müasir poeziyamızın ən mütərəqqi ənənələrinin layiqli davamçısı idi. O, parlaq istedada malik olmaqla bərabər, xalqın adət-ənə­­nəsinə diqqətlə yanaşan, folklor nümunələrini yaradıcı­lı­ğın­da novatorcasına işlətməyi bacaran, folklora qırılmaz tel­lərlə bağlı sənətkar idi. Şair mövzu axtarışında folklora daim diq­qət göstərmiş, bu zəngin xəzinədən öz dünyagörüşünə, ru­huna uyğun gövhərləri seçib götürmüşdür. Şair dostu “Məm­məd Aslana” müraciətlə yazırdı:

“Könül ayrılmayır haça gədikdən,

Baxışı, duruşu köhnə əlikdən.

Hərdənbir xəbər ver o köhnəlikdən:

O dağlarda itən izimdən mənim” (18, 260).

Şairin səmimi olaraq tərənnüm etdiyi o köhnəlik, əs­lində həmişə təzə-tər olan xalq yaradıcılığı idi. Bu baxımdan Məm­məd Araz poeziyasının xalq yaradıcılığından qidalan­dı­ğını tədqiqatçı Aytək Abdullayeva “Məmməd Araz poeziya­sında folklor” məqaləsində belə mənalandırmışdır: “Xalq sə­nətindən yaradıcı surətdə bəhrələnən, bu həmişəsərin bu­laq­dan su içən şairlərdən biri Məmməd Arazdır” (5, 184). Gö­rün­düyü kimi, köhnəliyin, qədim adət-ənənələrin yaşadıl­masının, xalqın həyatının, məişətinin, işinin onun folklor ya­ra­dılıcığı ilə birlikdə öyrənilməsini arzulayırdı. Məmməd Araz həmişə xalqın içərisində olmuş, babalardan bizə əma­nət qalan nağılları, dastanları, hikmətli sözləri şərəflə yaşat­mağa çalışmışdır. Xalqın həyat, yaşayış, məişət tərzini dərin­dən öyrənən və təbliğ edən Məmməd Arazın yaradıcılığı xal­qın taleyi ilə qoşa addımlayırdı. Şair həm şeirlərində, həm də publisist yazılarında bu ənənəyə sədaqətli qalmış, yeri gəl­dikcə foklor süjetlərindən istifadə etmiş, diqqətəlayiq möv­zuları gündəmə gətirmiş, müasirlərinə keçmişdən “ibrət dərsi alın” deməyə çalışmışdır.

Məmməd Araz uşaqlıq çağlarından iliyinə işləyən xalq yaradıcılığına olan istək və marağını öz poeziyasında dəfə­lərlə nümayiş etdirmişdir. Əfsanə süjetləri əsasında yazdığı “Ərim gəldi” qayası” (18, 101), “Altı qızın biri Pəri” (18, 110), “Görüşməmiş dostlar” (17, 34) şeirləri və “Yeddi bu­laq əfsanəsi” (20, 38) poeması və s. bu cəhətdən xarakterik­dir.

Məmməd Araz gözəl Qarabağın ən səfalı guşəsi olan Şuşaya gəlmiş, “Ərim gəldi” qayasını görüb xəyala dalmış­dır. Şair “Ərim gəldi” qayası haqqında olan rəvayəti eşidib, nənəsini xatırlamış, qayanın ətrafında olan daşları ərini göz­ləyən gəlinlərə bənzətmişdir.

“Ərim gəldi” qayası Şuşada çox da hündür olmayan, dik bir yerdir. Rəvayətə görə, ərləri uzaq məmləkətlərə səfə­rə çıxan və ya çörək dalınca gedən qadınlar bu dikə qalxıb bu­radan uzaqlara baxar, ərlərinin yolunu gözləyərmişlər. Uzaq­dan bir adam gəldiyini görəndə “ərim gəldi, ərim gəldi” - de­yib sevinən gəlinlər gələnin əri olmadığını biləndə bu qa­ya­nın ətrafında gözləyə-gözləyə daşa dönüblər. Müəllif bu daş­­laşmış gəlinləri səsləyib danışdırmış, onları sorğu-suala tut­muş, Azərbaycan qızlarının acı taleyinə acıyıb, onlara ha­yan olmaq, sirdaş olmaq, dərddaş olmaq, qardaş olmaq istəmişdir:

“Bir əlləmə tulazlamaq istəyirəm,

Qədim daşlar aləminə.

Bəlkə də daş sualımdan daşlar dinə:

- Ərin hara, gedib bacı?

Ərin niyə gedib, bacı?” (18, 102)

Aydın olur ki, kiminin əri “xan qızına lələk üçün”, ki­minin əri “Kəbəyə bir dilək üçün”, biri “Qəsri-Qacarın” kün­cünü qızdırmağa, biri qan batırmağa, biri də Həcərin ha­rayı­na gedibdir və bu gəlinlər də onların yolunu gözləyə-göz­ləyə daşa dönüblər:

Daşlar dinir acı-acı...

Həyatımda mən ilk dəfə,

Daş xoruna qulaq asdım,

Daş xorunun naləsini lentə yazdım:

- Ərim gedib: ehtiyac bir yola gələ!

- Ərim gedib: qanlı köynək ola gələ!

- Ərim gedib: xan qızına lələk üçün!

- Ərim gedib: Kəbəyə bir dilək üçün! (18, 102)

Bu gəlinlər hər səhər “ərim gəldi” - deyib o dik qa­yanın yanına qaçırdılar, amma heç biri “ərin gəldi!” harayını eşitmədi. Qisməti, taleyi daşa dönmüş, nahaq döyüşlərdə ər­ləri həlak olan, ərini gözləyə-gözləyə qarıyan Azərbaycan qız­larının acınaqlı taleyi şairi narahat edirdi. Şair fikirləşirdi ki, bu, “tarixin utancı” olmalıdır. Çox qəribə, təzadlı bir səh­nə ilə rastlaşırıq. “Ərim gedib” deyən daş gəlinlərin heç biri “ərim gəldi” deyə bilməsələr də, bu dik qayanın adı “ərim gəldi” qayası adlanır. Daş gəlinlər yüz illərdir yol göz­ləyir­lər, bəlkə nə vaxtsa ərləri gələ bildi...

Belə yazılardan biri də xalq ədəbiyyatından qaynaqla­nan “Altı qızın biri Pəri...” (18, 110) şeiridir. Erkən gənclik çağlarından Pəri haqqında eşitdiyi əfsanələr, mahnılar şairi rahat buraxmamış, onun qulaqlarında cingildəyib yolunu də­yiş­dirmiş, xatirələr bulağına aparmışdır. Bulaq su dodağı ilə pıçıldamışdır ki, Pərinin gülüşləri, öpüşləri məndə qalıbdır. Şair xatirə dəftərini vərəqləyib, qırıq-qırıq sətirləri yadına salmağa çalışmışdır. Şeirin lirik qəhrəmanının ilk dəfə gör­düyü, arxasınca at çapdığı, lakin yarı yolda itirdiyi Pəri öz­gəsinə qismət olmuşdur. Lirik qəhrəman bir də Pərini görən­də artıq Pəri o Pəri deyildi, sınıxmışdı, solmuşdu:

Altı qızın biri Pəri

Heyif, onu atıb əri.

Altı qızın biri nədi,

Pəri nədi, əri nədi...

O zamandan yas tutmuşam,

Neçə kərə

ağlamışam bu nəğməyə.

Qulağımı

bağlamışam bu nəğməyə (18, 111).

Lirik qəhrəman indi nə qədər ağlasa, qulaqlarını bu nəğ­məyə bağlasa da, vicdanının səsini eşitməyə bilmir, çün­ki insanın içərisində bir bəsirət gözü vardır ki, gözlərini yum­san da, görə bilirsən, qulağını tutsan da, eşidə bilirsən. O sə­sin sədaları, o işığın şüaları heç vaxt səni rahat buraxmaz, tutar, silkələyər, ömrünün sonuna qədər yandırıb yaxar.

“Altı qızın biri Pəri” şeiri tamamilə xalq yara­dıcı­lığın­dan qidalanaraq yazılmışdır. Fikrimizcə, bu mənbələrdən də birinin “Əsli və Kərəm” dastanında altı qızla bağlı söylənən əhvalat olduğuna şübhə yeri qalmır. Dastanda göstərilir ki, Kərəm Əslinin ardınca diyarbədiyar gəzərək gəlib Qeysəriy­yə şəhərinə çıxır. Burada Qeysəriyyə sultanının bacısı Hüs­ni­yə xa­nım tərəfindən Kərəm imtahana çəkilir. Hüsniyə xa­nım Kərəmə üz tutaraq deyir ki, “İndi sənin gözlərini bağla­yıb qarşından hamısı bir boyda olan altı qız keçirəcəyəm, onları tanıya bilsən, doğrudan da, haqq aşığı olduğuna ina­naram.” Belə də olur. Kərəm sazı götürüb qızları bir-bir nişan verir:

Altı qızın biri Banı,

Altı qızlar, altı qızlar!
Bizə məhəbbətin hanı?

Altı qızlar, altı qızlar!


Altı qızın biri İnci,

Gözəllikdə lap birinci.

Qoynunda iki turuncu,

Altı qızlar, altı qızlar!


Altı qızın biri Püstə,

Dərdinnən olmuşam xəstə.

Qoy qədəmin sinəm üstə,

Altı qızlar, altı qızlar!


Altı qızın biri Ceyran,

Olum gözlərinə heyran.

Sizlə kaş sürəydim dövran,

Altı qızlar, altı qızlar!


Altı qızın biri Xədcə,

Qəddi əlif, beli incə.

Gözəl görməmişəm səncə,

Altı qızlar, altı qızlar!


Altı qızın biri Bəsdi,

Gözləri canımın qəsdi.

Bu dərdlər Kərəmə bəsdi,

Altı qızlar, altı qızlar” (57, 153-154).

Kərəmin qarşısında Pəri adlı qız keçirilməsə də, amma altı qız keçirilir. Digər bir xalq nəğməsində isə altı qızdan bi­rinin adı Pəridir, qalan beş qız; Gözəl, Göyçək, Bahar, Fat­ma, Nisədir. Hər iki nümunədə altı rəqəmi xüsusi olaraq vurğulanır, amma Pərinin adı keçən bənddə isə Pəri adı daha da mühüm mahiyyət daşıyır, nəqarət rolunu oynayır:

Altı qızın biri Gözəl,

Könlüm onu sevdi əzəl.

Ellər gülün dərib getdi,

Bizə qaldı quru xəzəl.
Altı qızın biri Bahar,

Özü bahar, sözü bahar.

Oğrun-oğrun baxışları,

Ürəyimi oda yaxar.


Altı qızın biri Fatma,

Qaşları var çatma-çatma.

Bu sevdaya tutulandan,

Mən yatmıram, sən də yatma,


Altı qızın biri Pəri,

Qulac-qulac hörükləri.

Bulaq üstə sabah-sabah,

Canım alar işvələri.


Altı qızın biri Göyçək,

Yanağında yumru birçək.

Nə müddətdir görüşmürük,

Həsrət bizi öldürəcək.


Altı qızın biri Nisə,

Neyləmişəm məndən küsə?

Bir sözümdən incisə də,

Könlüm yenə onu istər”(131).

Pəri sözündə bir qeyri-adilik vardır. Pəri mələk, ilahi bir gözəl anlamında geniş yayılmış məfhumdur. Adətən bə­ni-in­san­­dan qaçan, təsadüflər nəticəsində nağıl qəhrə­man­la­rı­nın gö­­zünə görünən su pəriləri bəzən dəryadan çıxar, günə­şin ilıq şüa­ları altında daranardılar. Pərilərin gözəlliyi qarşı­sında hu­şu­nu itirən nağıl qəhrə­man­ları bu gözəlliyi unuda bil­­mirdilər. Təsadüfi deyildir ki, çox zaman gözəl qızları Pə­ri adlan­dırar­dı­lar. Beləliklə, Pəri dilimizdə insan adına çev­rildi, əfsanə, na­ğıl, dastan qəhrəmanı oldu. “Qurbani”, “Alı­xan-Pəri”, “Xan Çoban” dastanlarının da baş qəh­rəmanı Pə­ri­dir. Pəri gözəllik, saflıq, təmizlik, paklıq ilahəsidir (36; 48; 51; 53; 101). Azər­baycan dilinin izahlı lüğətində “Pəri” sö­zü­nün izahı belə veri­lir: Pəri; 1.Əsa­tirlərdə cinlərin çox gö­zəl və cazibəli qadın şək­lində təsəvvür olunan qismidir. 2.məc. mənada gözəl, mə­sum, xoşxasiyyət qadın və ya qız haqqında deyilir (34; 35).

“Bilmirəm mələksən, mələkzadəsən,

Yoxsa ki, bəşərsən, bəşərzadəsən.

Ver içəyim, yar, əlindən badə sən,

Ərəstun içirdi loğmana, Pəri” (117, 90).

Qurbani

Pəri adının XVIII - XX əsrlərdə yaşamış digər Azər­bay­can şairlərinin yaradıcılıqlarında da tez-tez işlən­diyinin şahidi oluruq:

“Boyun sürahıdır, bədənin büllur,

Gərdənin çəkilmiş minadan, Pəri.

Sən ha bir sonasan güda düşübsən,

Bir bölük yaşılbaş sonadan, Pəri (151, 45).



M.P.Vaqif
“Həcər sənin doğma qızın, Aşıq Pəri övladındır.

Nər şahinlər oğulların, gənclik sənin qanadındır”(137,67).



N.Rəfibəyli

“Şimdi sənsiz xəstə könlüm sərsəri,

Dolaşıyor durur qürbət elləri.

Ey məni bir dəfə güldürən pəri,

Ağlar neçin qoydun illərcə məni?” (75, 42)

Ə.Cavad

“Nə lüzum var dəlil, sübut bulmaya?

Mən hazıram sənin qulun olmaya.

Heç deyildir gözlərin də bəşəri;

İnandım ki, sən pərisən, sən pəri”! (75, 51)

Ə.Cavad

Türkiyə Respublikasının İstanbul Kültür Universite­ti­nin müəllimi, professor, doktor İskəndər Palanın tərtib etdiyi “Divan şeiri sözlüyü ensiklopediyası”nda “Pəri” sözünün iza­hı belə verilmişdir: “Cinlərin dişilərinə verilən ad. Bunları görən olmadığı üçün çox gözəl və cəzbedici olduqlarına ina­nılır. Pərilər cadu ilə ortaya çıxa bilərlər. Çeşmə, bulaq, ha­mam kimi yerlər pərilərin yurdu sayılır. İnsanlardan qaçar və gözə görünməzlər. Bəzi insanları özlərinə aşiq etmələri və müxtəlif görüntülər ala bilmələri, bir görünüb bir qeyb olma­ları və s. xüsusiyyətləri ilə sevgilinin xüsusiyyətlərini daşı­yarlar” (163, 369).

“Altı qızdan biri Pəri”dən danışıq getdiyindən 6 (altı) rəqəmi haqqında da ətraflı məlumat verməyi əhəmiyyətli he­sab edirik. Altı rəqəmi qeyri-adidir. Altı rəqəminin həndəsi ifadəsi heksaqramdır. İki üçbucaqlının birləşməsindən yara­nan heksaqramın üçbucaqlarından biri yuxarı, digəri isə aşa­ğı baxır. Tarixi mənbələrdən gələn bilgilərə görə, milad­dan 800 il öncə yaşayan Həzrəti Davudun qalxanında hek­saqra­mın təsviri əks olunmuşdur. Müxtəlif təbiət hadisə­lərində də heksaqramla rastlaşırıq. Belə ki, bal arılarının toxuduğu şan­ların, tək-tək yağan qar dənəciklərinin qeyri-adi formaları var­dır. Bu forma heqsaqramın kənarlarının birləşdirilməsi ilə ortaya çıxan heqsaqon şəklindədir.

Heksaqram altı rəqəmini simvolizə edir. Altı isə mə­həb­bətin, sağlamlıq və gözəlliyin, uğurun əlaməti kimi qəbul olunmuşdur. Kainatda tarazlığın saxlanılması da altıya nis­bətdə təmsil edilmişdir. Günəşin 6 (altı) şüasının olması, 6 (altı) keçməli üçbucağın mövcudluğu, 6 (altı) sivri ulduzun varlığı rəqəmin qeyri-adiliyinin göstəricilərindəndir. Gecə və gündüzün 6 (altı) dönəmi, dünyanın 6 (altı) gündə yara­dıl­dığı Tövrat (148) və Quranda (116) bəşərə xəbər verilmişdir. Qədim türk əsatirlərində Oğuz xanın altı oğlunun iki pəridən doğulması haqqında da məlumat verilir. Oğullardan Gün, Ay, Ulduzun bu pərilərin birindən, Göy, Dağ, Dənizin isə di­gər pəridən doğulduğu göstərilmişdir. Oğuz xanın altı oğlu­nun da altı nişanlısı vardır. Dənizin nişanlısı pəridir. Də­niz ilə pərinin sevgisi reallıqda artıq qəbul edilməkdədir. Hazır­da dənizlərdə su pərilərinin olması faktı elm tərəfindən təs­diq edilmişdir.

Məmməd Arazın “Altı qızın biri Pəri” şeirində gözəl Pərinin nağıl və dastanlardan fərqli olaraq qədrinin bilin­mə­mə­sini, əri tərəfindən atılmasını qəbul edə bilməyən lirik qəh­rə­manda Pəriyə qarşı məhəbbət oyanır və bu ülvi sevgi ilə Pəriyə pərilik məqamı geri qaytarılmış olur. Həm də şair altı qızdan birinin Pəri olmasını xüsusi olaraq vurğulayır. Al­tı qız seçilmişlərdəndir. Seçilmiş qızların içərisində Pəri­nin özünəməxsus yeri vardır. Şairin də Pəriyə qarşı qeyri-adi sev­gisi əsərin ümumi ruhunda hiss olunur. Pəriyə olan bu sevgi əsərin sonunda onun yenidən hər anlamda gözəllik mü­cəssəməsinə çevrilməsinə, könlünə vurulmuş yaraların sağal­dılmasına kömək etmək məramına yönəlmişdir. Eyni zaman­da Pəriyə qarşı oxucunun qəlbində də bir sevgi hissi yaranır. Pəri vəfalı, sədaqətli, yüksək əxlaqi məziyyətləri ehtiva edən gözəllik ilahəsi olaraq unudulmur.

Məmməd Arazın əfsanə süjetləri əsasında yazdığı əsər­lərindən biri də iki çobanın həyatından müəyyən fraq­ment­ləri əks etdirən “Görüşməmiş dostlar” şeiridir. Şirin təhkiyə yolu ilə nağılvari söylənən şeir yazıldığı zamanın tələblə­rindən yanaşdıqda sosialist həyat tərzinin tərənnümünə həsr edilmiş minlərlə bu formalı bədii parçalar kimi ilk baxışda diqqətdən kənarda qalır. Sanki burada şair iki həyat tərzini, iki baxışı, iki ayrı-ayrı sistemləri müqayisə etməklə, Arazın sol sahilində şimal tərəfdə yaşayan Baş Çoban Əmir dayının döşündən asılan qızıl qəhrəmanlıq nişanının parıltısı ilə göz­ləri qamaşdırmağa çalışırdı. Belə təsəvvür yaranır ki, baş çoban şaddır, xürrəmdir, çatdığı ocaq ilə öz sevincini, şadlı­ğını sağ sahildə - cənubdakı dostu ilə bölüşmək istəyir:

Gecə vaxtı Böyükdüzdən,

Tələsik də keçsən əgər,

Qəlbin sənə bir anlığa,

“Qəlbsiz olma, dayan”-deyər.

Yaxşı baxsan sahil boyu,

Mürgüləyən lal gecəyə.

Görərsən ki, bir vadidə,

İki ocaq salmış iki

xal gecəyə (17, 34).

Arazın sağ sahilindəki çoban da ocaq yandırıbdır, an­caq çox fikirli-xəyallıdır. Bu çobanlar dostdurlar, onlar gö­rüş­məsələr də, söhbət edə bilməsələr də, dost olublar. Bax­mayaraq ki, onların yaşayışında böyük fərqlər var, bəlkə də dünyagörüşləri də fərqlidir, ancaq bir-birlərini anlayır, başa düşürlər. İki ayrı-ayrı mühitdə yaşayan çobanların dostlu­ğu­nun əsasında nə dayanır? Nədir bu insanları ortaq məxrəcə gətirən, birləşdirən? Şairin iki çobanı qarşılaşdırmaqda məq­sədi nədir? Şeirin folklor qaynaqları ilə bağlılığı nədir? Bu sor­ğuları cavablandırmaq məqsədi ilə şeirdən daha bir parçaya müraciət edək:

Bəzən yayır tütəkləri,

Araz boyu Araz kimi,

İki qəlbin nidasını.

Bəzən onlar bir çalırlar,

“Gəl, ey Bənək” havasını (17, 35).

Artıq gün kimi aydındır ki, Məmməd Arazı da, ictimai mənşəyindən asılı olmayaraq, çobanları da birləşdirən “Gəl ey Bənək!” havasıdır. Məhz “Gəl ey Bənək!” havası şairin azadlıq eşqi və amalı ilə üst-üstə düşdüyünə görə çobanların ortaq məxrəcə gətirilməsində stimula çevrilir. Əslində ço­ban­ların istək və arzuları qollarındakı buxovlardan azad ol­maqdır. Məmməd Araz da bunu istəyirdi. Elə buna görə də xalq yaradıcılığına dərindən bələd olan şair bu şeirdə zahi­rən sovet həyat tərzini tərənnüm etsə də, bircə kəlmə ilə “Gəl ey Bənək!” deyərək əsl məqsədini, məramını oxucuya çat­dırmaq istəyirdi. Qanlı sovet rejiminin hələ çox möhkəm ol­duğu, otuzuncu illərin yaralarının hələ təzəcə qaysaqlamağa başladığı, göz yaşlarının tamamilə qurumadığı bir dövrdə azadlıq məramını dilə gətirmək inqilabi bir hərəkata bərabər sayılırdı. Sovet rejiminin cansıxıcı çərçivəsində nəfəsi təngi­yən şair elə bir ifadə seçib işlədir ki, lazım gələndə özünü müdafiə imkanları öz əlində olsun. Bu məqsədlə, hətta indi­nin özündə də oxucuların çoxuna qaranlıq olan “Gəl ey Bə­nək!” havası haqqında daha ətraflı məlumat verməyi məq­sə­də müvafiq hesab edirik. Arazın sağ və sol sahilində ta qə­dim zamanlardan məşhur olan “Gəl ey Bənək!” havası Bə­nək adlı çoban itinin şərəfinə yaradılmış və oxunan mahnı­dır. Bənək çox güclü, qorxmaz, canavarlarla döyüşdə həmişə qalib çıxan, sahibinə sədaqətli, qoyun sürülərinə etibarlı qo­ru­yuculuq edən bir itdir.

“Belə söyləyirlər ki, çoban Bənəyi arxacda saxlayıb heyvanları dağa qaldırır. Yağılar çobanı silahsız və Bənəksiz görüb ona hücum edirlər, çobanı öldürüb heyvanları apar­maq istəyirlər. Yerdən-göydən ümidi üzülən çoban ölüm aya­ğında tütəkdə bir hava çalmaq arzusunu yağılara bildirir. Yağılar xeyli gülürlər və bir az da kefləri şad olsun deyə çobanın qollarını açıb tütək çalmasına icazə verirlər. Çoban tütəkdə “Gəl ey Bənək” havasını çalır:

Gəl ey Bənək, hey Bənək,

Qardaşımdan yey Bənək!

Haramı pisdi, Bənək!

Yolları kəsdi, Bənək!

Dağları aşdı, Bənək!

Qoyunu basdı, Bənək!

Qoyunu qaytar, Bənək!

Bizi də qurtar, Bənək!..

Tütəyin səsini eşidən Bənək özünü yetirib yağılar ilə döyüşə atılır, onları qanlarına qəltan eləyir, yağılar qaçırlar, çoban sürüsü ilə birlikdə xilas olur” (131).

Bənək mifləşdirilmiş qəhrəmandır. Müxtəlif bölgələrdə Bənəyin şərəfinə çoxlu rəvayətlər və əfsanələr də söylən­mək­­dədir. 1968-ci ildə Əhliman Axundovun toplayıb tərtib etdiyi Azərbaycan Folkloru Antologiyasının birinci kitabın­da bu mahnı aşağıdakı şəkildə verilmişdir: “Çoban” havası və mahnısı çobanlar tərəfindən oxunur və tütəkdə çalınır. Bu mahnı da çox qədimdir. “Çoban” mahnısı qoyunlar və çoba­nın sədaqətli yoldaşı it (Bənək) üçün yaradılmışdır və “Ço­ban və Bənək” adlanır. Bu mahnıda da söz azdır. Lakin musiqisi çox təsirlidir:

Haramı gəldi,

Qoyunu basdı,

Bənək ha, a Bənək ha,

Bənək ha, a Bənək ha… (38, 14)

1983-cü ildə Təhmasib Fərzəliyev və İsrafil Abbaso­vun toplayıb tərtib etdikləri “Dünya uşaq ədəbiyyatı” seri­yasından olan “El çələngi” kitabında Bənək haqqında mahnı “xalq tamaşaları” bölümündə səhnələşdirilmiş, rollara ayrıl­mış bir formada təqdim edilmişdir. “Salam əlik, say bəylər” adlanan sayaçı oyun-tamaşasının əsas iştirakçılarından biri də Bənək­dir. Bənək onun şərəfinə oxunan mahnının musiqi­si­nə uyğun olaraq rəqs edir. Mahnı dəstəbaşı və xor tərəfin­dən ifa edilir:

Bənək ha, a Bənək ha,

Bənək ha, a Bənək ha (82, 221).

Bənək haqqında rəvayətlərdən biri də folklorşünas Ra­mil Əliyevin 2005-ci ildə çapdan çıxmış “Mif və folklor: genezisi və poetikası” kitabında verilmişdir. Müəllifin Oğuz rayonu, Daşağıl kənd sakini Əhməd Saat oğlundan topladığı “Qara itlə Bənək” adlı mifdə deyilir: “Keçmişdə bir çoban varmış, onun bir qara iti, qara itin də Bənək adlı balası. Çoban sürüləri qara itlə Bənəyə tapşırıb yatarmış. Qoyunlar sarıdan arxeyin olan çobanın gecə yarısı sürüsünə canavar (qa­rabalıq) dəstəsi daraşır. Qış vaxtı, soyux, tüpürsən yerə buz parçası düşərdi. Qoyun-quzu hürküp hərəsi bir tərəfə da­ğılıtdı diyənə onnarı ipə yavux gətirmək olmurdu. Qara it ca­na­varın bir-ikisini yaraladı, sora canavarrar da hücum çəkib qara iti ölümcül yaraladı. İt zingildəyəndə çobanın helə bi­lərsən kin, ürəyi oyulurdu. Çoban bilmirdi köməyə kimi ça­ğır­sın. Bənək arxacda yatmışdı, xəvərdən xəvəri yoxuydu. Əlacsız çoban vəfalı dostu Bənəyi həblə çağırdı:

Qara it qana düşdü!

Quyruğu yana düşdü!

Aman, Bənək, gəl yetiş.

İşim yamana düşdü” (87, 58).

Deməli, şair Bənək obrazını “Görüşməmiş dostlar” şei­rin­də təsadüfi işlətməmişdir. Bənək xalqın təxəyyülündə mif­ləşmiş qəhrəmanlıq, azadlıq simvoludur. Bu səbəbdən də hər iki çoban eyni vaxtda tütəklərində “Gəl ey Bənək” hava­sı­nı çalırlar. Onlar bu milləti azad edəcək, tikanlı sərhəd məf­­tillərini qırıb, ayrı düşmüş elləri birləşdirəcək, yüz illər­dir Vətənin qan axıdan yaralarını sarıya biləcək əfsanəvi ağ atlı qəhrəmanı səsləyirlər. Təbii ki, o qəhrəman Bənək olma­yacaqdır, ancaq kim olacaqsa, xalqın yaddaşında əbədi ola­raq yaşayacaqdır. Şairin də arzusu, amalı bu qəhrəmana yet­mək, o müqəddəs günü görmək idi. Bu arzu, istəyi qəlbində yan­dıra-yandıra şair 1957-ci ildə yazdığı “Arazın nəğməsi” şeirində yenidən Bənəyi xatırlamışdır:

De, hansı çağlardır çıxmır yadından?

Bəzən xəyallara dalırsan, Araz!

Bəlkə Xançobanın qəlbindən qopan,

“Bənək” havasına dalırsan, Araz (17, 159).

Beləliklə də, gətirdiyimiz nümunələrdən aydınlaşır ki, Məmməd Araz sovet dövründə yaşamasına baxmayaraq, hə­mi­şə əsərlərində xalq yaradıcılığına üstünlük vermiş, müx­təlif atalar sözləri, məsəllər, əfsanə, rəvayət və nağıl motiv­lərindən istifadə etmişdir. Həm də qeyd etmək lazımdır ki, şairin əsərlərindəki mətinaltı mətləbləri dərk etməkdə nə qə­dər folklorun önəmli rolu varsa, folklorun dərkində də Məm­məd Arazın əsərləri o qədər əhəmiyyətlidir.

Məmməd Araz humanist şair idi. Eşitdiyi hər nağıl, əf­sa­nə, lətifə, söhbət onun qəlbini narahat edir, fikirlərinə ha­kim kəsilir, bu əhvalatları öz içindən keçirərək münasibət bil­dirirdi. “Yeddi bulaq əfsanəsi”ni də müəllif ürəyinin süz­gə­cindən keçirdib, öz dərdi edəndən sonra poeziyasına gə­tirmişdir:

Üzərində dayandığım,

Su içdiyim yeddi bulaq,

Deyirlər ki, yeddi qızın,

Göz yaşından yaranmış, ah (20, 39).

“Yeddi bulaq”əfsanəsində deyilir ki, qədim zamanlarda bir çobanın yeddi gözəl qızı varmış. Bu qızlar ətraf yay­laq­larda, dağlarda gəzib dolaşar, gül-çiçək yığıb dəstə bağla­yar­dılar. Hər qızın da özünün istəklisi var idi. Bir səhər qızlar yenə ətrafdakı dağlara gəzməyə çıxırlar, xeyli gəzib dolaş­dıqdan sonra yeddi çiçək dərirlər. Bu xəbər zülmkar Şahmar bəyə çatır. Özünü mütləq hakim sayan, çoxdan çobanın qız­la­rını ələ keçirməyə çalışan Şahmar bəy belə bir fürsətdən ya­rarlanmaq istəyir, qızlara mümkün olmayacaq xəbər gön­də­rir. Bəy göstəriş verir ki, dərilən çiçəklər öz yerlərində bit­məlidir. Əks təqdirdə, qızlar onun hüzuruna gəlib onun ol­ma­lıdırlar, yoxsa dar ağacından asılacaqlar. Nəql olunur ki, qızlar bu ağır hökmü bildikdən sonra xeyli ağladılar. Dərilən çiçəkləri yenidən bitirmək mümkün olmadığından, yeddi gözəl, bakirə qızın özlərini dağdan atmaqdan başqa çarələri qalmadı. Şahmar bəy kimi zalım bir adamın qarşısında baş əymək, namuslarını ləkələməkdən ölüm daha yaxşı idi. Mərd, cəsarətli, şərəfli yeddi qızın atıldıqları dağın ətəyindən yeddi bulaq çağlamağa başladı. Deyilənlərə görə, həmin bu­laqlar yeddi bakirə qızın göz yaşlarından yaranmışdır.

Məhsəti İsmayıl “Naxçıvan əfsanələri” kitabında “Yed­­di bulaq” əfsanəsinə münasibət bildirərək qeyd edir ki, “əfsa­nənin ideya məzmununda qızlar öz namuslarını qoru­maqdan ötrü Tanrıya yalvarır, yüksək dağa sığınaraq aman diləyir, amansız düşməndən qorunmağın yeganə yolunu öz­lə­rini dağdan atmaqda görürlər. Burada baş verən ölümlər yox olmaq deyil, daha çox çevrilmə xarakteri daşıyır. Çünki yüksək ülvilik və saflıq duyğusu ilə dolu bacıların göz yaş­la­rından öldükləri yerlərdə bulaqlar yaranır. Bulaq isə canlı həyatın özülü, ilkin başlanğıc olan sudur. Demək, “Yeddi bulaq” əfsanələrinin ictimai məzmunu onu mifoloji kök­lə­rin­dən ayırmır və əksinə bu bağlılıq ümumtürk anlayışındakı su müqəddəsliyində birləşərək ümumiləşdirilir. Belə ki, insanın təbiətindəki zülm və zalımlıq elə yenə də insanın düşüncə­sin­də müqəddəsləşdirdiyi güclərlə dəf edilir” (106, 83).

Şair də bu aspektdən çıxış edərək yeddi qızın taleyinə acıyır, nahaq verilən fərmana qarşı çıxır, öz hiddətini bil­di­rirdi. Doğrudan da, qızlara edilən bu zülm yerdə qalmır, el-oba ayağa qalxıb, Şahmar bəyin taxt-tacını tar-mar edir. Şair ənənəvi yolla gedərək Şahmar bəy ilə, taxt-tac ilə çobanı, yə­ni xalqı qarşılaşdırmışdır. Bəyin adı da, göründüyü kimi, ilan adıdır. Dilimizdə “şahmar ilan” deyilən ifadə işlədilir. Elm aləminə məlumdur ki, bu ilanlar çox qorxuludur, öl­dü­rücü zəhərə malikdirlər. Görünür, Şahmar bəyin adının se­çi­min­də xalq müdrikliyinin əsas rolu olmuşdur. Çoban və ço­ba­nın qız­ları isə saflığın, təmizliyin timsalıdır, sadə xalq küt­ləsi tərə­findən sevilir, əzizlənir. Xalqın yaratdığı, şairin də us­talıqla bəhrələndiyi bu seçim bütün zamanlarda aktual ol­muş, sonda xeyirin şər, gündüzün gecə, işığın qaranlıq üzə­rində qələbəsi ilə nəticələnmişdir.

Poemanın sonunda Məmməd Araz əfsanəni bugünkü həyatımıza gətirmiş, müasirlərimizi düşündürən problemləri sonuclandırmağa çalışmışdır. Qeyd etməliyik ki, Məmməd Ara­zın yaradıcılığında hadisələri bu günlə səsləşdirmək, müa­sirləşdirmək meyli güclüdür. Bu da şairin birbaşa hadi­sələrə şəxsi düşüncəsi, fikirləri ilə nüfuz etməyinin əlamət­ləri kimi ortaya çıxır, oxucunu düşündürür, intizar içərisində saxlayır, hətta bir müddət onu öz aləmindən ayırır, özgə bir mühitə aparır.


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə