Nizami muradoğlu söZÜn məMMƏd araz


II FƏSİL MƏMMƏD ARAZ POEZİYASINDA FOLKLOR ƏNƏNƏLƏRİ



Yüklə 1,27 Mb.
səhifə4/11
tarix18.06.2018
ölçüsü1,27 Mb.
#49792
1   2   3   4   5   6   7   8   9   10   11

II FƏSİL
MƏMMƏD ARAZ POEZİYASINDA FOLKLOR ƏNƏNƏLƏRİ
Müasir Azərbaycan poeziyasında folklor ənənə­lə­rindən istifadə bir mənalı olmadığından, ziq­zaqlı hərəkət xəttini xatırladır. Bu xətt XX əsrin əvvəllərində bir çox mütəfəkkir yazıçı və şairlərimizin yaradıcılığında xalq ədəbiyyatından gələn mövzuların əhəmiyyətli dərəcədə yer aldığını göstə­­rir­di. Qədim əfsanə və əsatirlərin yazılı ədəbiyyata gətirilməsi meyli Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Əhməd Cavad, Yusif Vəzir Çəmənzəminli, Cəfər Cabbarlı (23; 74; 85; 118) kimi ədiblərin poetik düşüncəsində güclənir və inkişaf edir­di. Lakin otuzuncu illərin sonlarına yaxın ziyalılara qarşı baş­layan repressiyalar, təqiblər sonrakı yazarlar arasında xey­li müddət folklora münasibətdə bir ehtiyatlı davranış tər­zi yaratdı. Bu dövrdə yaranan əsərlərdə ya folklor nümunə­lə­rindən istifadə edilmir, yaxud da bu istifadə o qədər sönük olurdu ki, nəzər-diqqəti cəlb etmirdi. Ədəbiyyatşünasların bu dövr ilə əlaqədar qənaətləri belədir ki, təqribən iyirmi illik bir müddət ərzində Azərbaycan sovet ədəbiyyatı əsasən kol­lektivləşmə, kolxoz quruculuğu, sovet quruluşunun tə­rən­nümü, dinsizlik və müharibə mövzularının gündəmdə sax­la­nılması ilə məşğul olmuşdur. İosif Vissarionoviç Stali­nin ölü­­mü ilə şəxsiyyətəpərəstişlik ideyasının meydana atıl­ma­sı cəmiyyətdə bir sakitlik yaratdığı kimi ədəbiyyat aləmin­də də bir mülayim cərəyan dolaşmağa başladı.

Bu dövrdən başlayaraq ədəbiyyatşünaslıqda folklor ilə bağlı tədqiqat əsərləri yazılmağa başladı. Paşa Əfəndiyevin «Cəfər Cabbarlı və xalq yaradıcılığı», Cəlal Abdullayevin “Səməd Vurğun və folklor”, Kazım Ələkbərlinin “Nizami və xalq ədəbiyyatı”, Nizami Xəlilovun “Əbdürrəhim bəy Haq-ver­diyev və folklor”, Bəhlul Abdullayevin “Yusif Vəzir Çə­mən­zəminli və folklor”, Çərkəz Quliyevin “Süleyman Rəhi­mov və folklor” və bu kimi tədqiqat işləri ədəbiyyat­şü­nas­lıqda folklorun yerini müəyyənləşdirdi (4; 83; 115; 140). Da­ha sonra Asif Hacıyevin “Sovet nəsrinin poetikası”, Qulu Xəlilovun “Azərbaycan romanı”, Xanımana Manaflının “70-ci illər nəsrində folklorizm (Anar, Elçin və Ə. Mustafayevin yaradıcılığı əsasında)” və “60-cı illər nəsrində Elçin” və di­gər tədqiqatçıların bu sahədə problemin öyrənilməsi, şifahi xalq ədəbiyyatının tədqiqi ilə bağlı mülahizə və fikirləri, bədii ədəbiyyatda folklor, onun formaları haqqında məlumat qıtlığını aradan qaldırdı (118; 127; 128; 155).

Bu dövr ədəbi mühitini xarakterizə edərkən deməliyik ki, yeni fikir, yeni düşüncə tərzi ötən əsrin altmışıncı il­lə­rin­də ədəbi arenada üzə çıxan ziyalıların yaradıcılığında özü­nü daha bariz şəkildə göstərməyə başladı. 60-cı illər ədəbiy­ya­tı­mızın tarixinə yeni dövrün başlanğıcı kimi girdi və möh­kəmləndi. Bu dövrün çox sevilən və oxunan şairlərindən biri də Məm­məd Araz idi. Şairin poeziyasında folklorizm ənə­nələrindən geniş istifadənin şahidi oluruq. Məmməd Araz xal­qın zəngin folklor yaradıcılığını milli dəyər kimi qiy­mət­ləndirib məna­lan­dırır, poeziyaya gətirib cəmiyyətin mənəvi qidasına çevirə bilirdi. Bu, artıq özünü tanımaq, dünənin, bu günün və gələ­cəyin bir-birindən ayrı düşünülməzliyinin baş­lan­ğıcı anlamın­da qazanılmış prinsiplərin ortaya qoyulduğu qənaət idi.

2.1. Milli-mənəvi dəyərlərin inikası

Məmməd Araz yaradıcılığının əsas xüsusiyyətlərindən biri milli mənliyin dərki, milli mənə qayıdışdır. Cəlil Məm­mədquluzadənin, Mirzə Ələkbər Sabirin, Əbdürrəhim bəy Haqverdiyevin ədəbiyyatımıza gətirdikləri xalq ruhu, xalq adət-ənənələrinə məhəbbət (97;119) 30-40-cı illərin uzun fa­siləsindən sonra əllinci illərdən başlayaraq yenidən hiss edil­məyə başladı. Poeziyamızda və nəsrimizdə Səməd Vur­ğun, Rəsul Rza, Süleyman Rüstəm, Məmməd Rahim, Süleyman Rəhimov, Mirzə İbrahimov (23; 74; 104) kimi şairlərin və yazıçıların yenidən xalq ədəbiyyatına, xalq müdrikliyinə müraciət etmələri 60-cı illərin yazarları içərisində əhvali-ruhiyyənin yüksəlməsinə səbəb oldu. Bu dövrdə Anar, Sabir Əhmədov, Sabir Azəri, Elçin, Mövlud Süleymanlı, Fikrət Qo­ca, Söhrab Tahir, Bəxtiyar Vahabzadə, Məmməd Araz ki­mi yazarların vətən sevgisi, yurd-yuva məhəbbəti, Araz həs­rəti, cənub dərdi onların daxili aləmini tərpədir, iç dünyasını təlatümə gətirir, qaynayan söz çeşməsinin gözünü açırdı. So­sialist prinsipləri, sosializm realizmi bir qandal olaraq ədə­biyyatımızın qollarında çarpazlaşmışdısa da, milli heysiy­yə­ti­mizin dirçəlişi yolunda addımlar atılırdı. Bu dövrdə Anarın “Molla Nəsrəddin-66” (7,101-159), “Dörd çahar” (8,62-71), “Qaravəlli” (8,97-122), “Adamın adamı” (8,122-195) tipli əsər­lərində həyatımız üçün zəruri olan gülüşlə bərabər ger­çəkliklər və millilik əsas yer tuturdu. Məmməd Arazın da bu dövr yazılarında milli ruhun, xalqın taleyi ilə bağlı məsə­lə­lərin inikası genişlənir, yazdığı hər bir şeir oxucunu düşün­dü­rürdü. Folklor obraz və motivlərinin şeirə gətirilməsi, onun fəlsəfi mahiyyətinin xalq yaradıcılığı aspektində poetik təsviri, soykökünə bağlılıq, milli heysiyyətin dərki və təbliği şairin yaradıcılığında başlıca leytmotivə çevrilirdi. Bu ba­xımdan şairin “El üçün ağlayan”, “Məndən ötdü qardaşı­ma dəydi”, “Ata millət, ana millət, ağlama”, “Bizi Vətən çağı­rır”, “Babək qılıncı”, ”Ulu şahım, qılıncına söykənim” və s. şeirləri, “Üç oğul anası”, “Qayalara yazılan səs” poemaları səciyyəvi xarakter daşıyır (13; 16; 22).

Məmməd Arazın “El üçün ağlayan”... (18, 245) şeiri sər­bəst vəzndə yazılmış, şairin duyğularını folklor şirinliyi ilə özündə ehtiva edən, düşündürən bir bədii nümunədir. Şei­rin adı “El üçün ağlayan iki gözündən olar” (42, 469) atalar sözünün birinci hissəsindən (El üçün ağlayan) götürül­müş­dür. Qonşuda ağlayan uşağın səsinə oyanan şair el üçün ağ­la­yan adamın gözləri ilə özü üçün ağlayan uşağın gözləri ara­sında müqayisə aparır, onu mənalandırmağa çalışır. Təbii ki, insan doğulan gündən ömrünün sonunadək onun gözlə­ri­nin fəaliyyət funksiyalarından biri də ağlamaqdır. Ağlamaq özü də üç cür olur:

1. Ağrıdan ağlamaq;

2. Dərddən ağlamaq;

3. Sevincdən ağlamaq.

Ağlamaq insanın hiss və həyəcanlarının, dərd və kədə­rinin, sevinc və xoşbəxtliyinin ifadə vasitələrindən biridir. Qon­şuda ağlayan uşaq da hiss etdiyi ağrını biruzə verməsi üçün ağlamaq məcburiyyətindədir, ancaq o ağlaya - ağlaya da xoşbəxtdir, çünki atası, anası onun başının üstündədir, onun ağrısına, sancısına çarə edəcəklər, tezliklə bu uşaq kiriyəcək, yenə də xoşbəxtcəsinə mışıl – mışıl yatacaqdır:

Qonşuda ağlayan bir uşaq,

Yuxuma daş atdı bu gecə.

Fikrimdə qəribə

Duyğular oyatdı bu gecə.

Özü üçün ağlayır indi o,

Gör necə xoşbəxtdi… (18, 245)

Bura qədər o uşaq xoşbəxtdir, heç bir nigarançılığı yox­dur, amma bu uşaq böyüyüb sabah ağlayanda da ona bu qədər məhrəm olanlar tapılacaqmı? Şairi narahat edən, ürə­yini ağrıdan da elə bu dərddir, bu fikirdir. Bu ikinci ağla­maqdır, yəni dərddən ağlamaqdır. Yeniyetməlik çağlarında dərddən ağlayan, ağladıqca insanlardan biganəlik görən şai­rin xəyalı pərvazlanır, ötən günləri xəyalına gətirir, bu günə baxır və gələcəyi düşünür:

Bəs sabah görəsən,

Bəs sabah,

Böyüyüb ağlasa o uşaq?

Onun göz yaşına,

Qonşu olan tapılacaqmı?

Onun el dərdinə qoşulan

tapılacaqmı? (18, 245)

Şeirin uşaqlıqdan yeniyetməliyə təzəcə qədəm qoyan qəhrəmanını sıxan, incidən, ağladan onu erkən, vaxtından əv­vəl ağır zəhmətə qatlaşmağı deyil, dünyagörmüş, ağsaqqal kəndlinin qonşusunun dərdinə biganəliyidir. Bütün ömrü xış arxasında, əkində, biçində keçən macqal da, az-çox islamı öy­rənib, cəmiyyətdə seçilib, sayılan din adamı Məşədi İbrahim də, digər əmilər də biganədirlər. Ən dəhşətlisi də odur ki, biganəliyə bir hüquqi don geyindirib, onu dədə-babaların adı ilə gənc nəslə yedirmək istəyirlər - “el üçün ağ­la­yan gözsüz qalar”... Bu sözü hansı atanın, babanın nə za­man, harada deyib - deməməsindən asılı olmayaraq, bu fikir və ideyanın təbliği cəmiyyətdə xoşagəlməyən bir əhvali-ruhiy­yənin formalaşmasına təsir etmiş, millətin, Vətə­nin rifa­hının yaxşılaşdırılması əleyhinə yönəlmiş düşmən ideolo­giya­sına xidmət edən bir vasitədir:

Ağlayıram bir gün

hi...hi...

Özünü yetirir

Məşədi İbrahim.

- Nədi, bala, nədi.

Nə vanəvsədi?..

-Fatma xalanın bircə inəyi vardı,

Onu da sel apardı.

-Yüyür naxırı hayla.

-Hayla, bala, hayla!

El üçün ağlayan gözsüz qalar... (18, 246)

Qəhrəmanın qəlbində bir atəş var, bir yanğı var, yax­şılıq etmək, yıxılanı qaldırmaq istəyi var, çünki bu yeni­yet­mə gənc bütün xəbisliklərdən, şərdən, hiylədən uzaq, səma­lar qədər aydın, su qədər təmiz və pakdır. O, hamının dər­di­nə şərik olmaq istəyir, Fatma xalanın sel aparan inəyini selin cəngindən alıb azad etmək, od düşüb yanan zəminin odunu sön­dürmək istəyirsə də, töhmət, qapaz və yumruqlara məruz qalır, kütləşir, ətrafda baş verən hadisələrə münasibəti mən­tiqsiz bir mövqe ilə əvəzlənir:

Görürəm alışıb

yanır bir zəmi.

Qışqırıq salıram:

-Ay əmi, ay əmi,

Gəl, gəl...

-Nə olub, gədə?

-Nə olacaq,

yanır bax!

Başıma bir selə qapaz,

Bir yumru yumruq.

Ehmallı ilişdi...

(bunlardan bir neçə cütü də

əvvəllər dəymişdi...) (18, 247)

Bax, belə bir zamanda qonşuda uşaq ağlayırdı. Uşaq ağ­­la­yır, şeirin qəhrəmanının yatmış vicdanını oyadır, ruhunu sil­kə­ləyirdi. Bu məqamda yadıma ulularımızın dediyi bir bayatı düşür:

Mən aşiqəm bir başa,

Bu yol gedir bir başa.

Tanrı rəva görməsin,

İki qapaz bir başa (42, 592).

Nə qədər müdrikcəsinə deyilibdir: - bir başa iki qapazı Tanrı heç kəsə göstərməsin. Çox qəribə təzad yaranır. Bu qədər müdrik bir ideyanın əksinə olaraq, el üçün ürəyi yanan gənc oğlanın başına ətrafdakı bəzi adamlar qapaz vurmaqla kifayətlənmir, hətta bir neçə cüt yumruq da ilişdirirlər. Bax, belə bir zamanda qonşuda uşaq ağlayır. Uşaq ağladıqca şei­rin artıq yaşlaşmış qəhrəmanını gənclik çağlarına qaytarır, yat­mış vicdanını oyadır, ruhunu silkələyir. Sevinir ki, uşaq ağlayır, uşağa ağlama demir, əksinə “ağla” deyir, “böyüyüb ağ­lın­la ağla” deyir. Vaxtı ilə özünə “hayla, bala, hayla!” de­yil­mişdi, bu dərdlərə “ağla” deyilməmişdi. Halbuki millətin o qədər ağlamalı dərdləri vardır ki...

Oyatdın - əmini oyatdın!

Oyatdın, fikrində bükülüb,

Uyumuş qəmini, oyatdın!

O vaxtdan gözlərim pis görür, bala.

Fəqət sən ağla!

Böyüyüb ağlında ağla! (18, 247)

Belə bir bayatı var:

Ana, mənə az ağla,

Dərdlərimi düz, ağla

El üçün şəhid olsam,

Ağ kağıza yaz ağla (131).

Məmməd Araz da bu mövqedən çıxış edərək uşağa “ağ­la” deyirdi. İki gözündən olsan da, belə el yolunda “ağla” deyirdi, onu bir ər olaraq görmək arzusu ilə yaşayırdı. Bu ağ­lamaq üçüncü ağlamaqdır, dərdin sevincindən ağlamaqdır. Nə qədər millətin, vətənin dərdi var gərək ağlayasan və dü­şü­­nəsən:

Gözündən ellərə su çəkən ərləri,

Uyutmaz nağıllar.

Nağıllar önündə,

Uyuyan ağıllar.

Hırıltı sevərlər,

Hayqırtı sevməzlər.

Nə qədər ölməyib,

Koroğlunu,

Nə qədər itməyib,

Qıratı sevməzlər (18, 247).

Müəllifin fikrincə, vaxtında heç nəyin qədrini anla­ma­dıq, qiymətini verə bilmədik, nə Koroğlunu, nə də onun Qı­ra­tını lazımi qədər sevə bilmədik. Hətta acınacaqlısı odur ki, Koroğlu meydanda olanda cəmiyyətin əksər üzvləri Ko­roğ­lu­nun, Qıratın belində olanda Koroğlu özü də Qıratın qədir-qiymətini bilməyibdir. Burada Qırat keçəl Həmzənin əlinə keçəndən sonra Koroğlunun Qırata verdiyi tərifi xatırlamaq yerinə düşər:

Əylən deyim Qıratın qiymətini,

Səksən min sərkərdə mala da vermə!

Səksən min ağ tüklü qəmər öyəcə,

Səksən min xəzinə pula da vermə!.. (111, 171)

Xalq qəhrəmanlarından Qaçaq Nəbi də dara, çətinə dü­şən­də Bozatın qiymətini anlamış, “At igidin qardaşıdır, at muraddır” - fəlsəfəsini dərk etmişdi:

Bozat, səni sər tövlədə bağlaram,

Ayağına qızıl, gümüş nallaram.

Məxmərə tutaram, ipək çullaram.

Bozat, məni apar uzaq ellərə,

Tərifin düşəcək hamı dillərə (113, 31).

Məmməd Araz Koroğlu və Qırat adını düşünərək şei­rinə gətirmişdir. Yerli-yersiz hədyan və lazımsız, bayağı ləti­fələr söyləyib hırıldayan, Koroğlu nərəsini, bir igid hay­qırtı­sını unudanları, Qırat kimi köhlənləri itirənləri qınayırdı. Şair təəssüflənirdi ki, bəzən bu cür qəhrəmanlar unudulur, xəyanətə tuş olur, etibarsızlıqlarla üzləşirlər. Necə ki, Koroğ­lu tərk edilmiş, Nəbi xəyanətin qurbanı olmuş, eləcə də son­da vətən, torpaq müxtəlif xəyanətlərin nəticəsində parçalan­mış, işğal olunmuş, hazırda düşmən tapdağında inləyir. Sağ­lı­ğında qəhrəmanlar qəhrəman kimi qarşılansaydı, igidlərə qiymət verilsəydi vətən də basılmazdı. Xalq şairi Cabir Nov­ruz demişkən:

Sağlığında qiymət verin insanlara,

Yaxşılara sağlığında yaxşı deyin,

Sağlığında yaman deyin yamanlara! (129, 53)

Qeyd etmək lazımdır ki, şair xalq yaradıcılığından nə qədər yararlansa da, bəzən “el üçün ağlayan gözsüz qalar” tipli deyimlərə qarşı çıxırdı. Qəlbinin sahillərinə sığmayan fikir və düşüncələrini oxucuya aşılamağa çalışırdı. O bir də­niz kimi coşur, dalğalanır, təlatümə gəlirdi. Dəniz təlatümə gələndə pislikləri alt qatlarda dəfn etdiyi kimi Məmməd Araz da babaların adı ilə hansısa soysuz bir adamın ortaya atdığı, nakəs adamların işinə yarayan nə varsa dağıdıb, tö­kür, tufandan sonra dənizin günəş şəfəqləri ilə nurlanan bül­lur sularında, hətta qumların sayıla biləcəyi qədər bir aydın­lıq yaradırdı. Bu mənada xalq şairi Bəxtiyar Vahabzadəyə it­haf etdiyi “Məndən ötdü qardaşıma dəydi”... (18, 13) şeiri şai­rin yaradıcılığında əvəzedil­məz poetik nümunələrdən sa­yı­la bilər. Şeirin məziyyətlərindən da­nışmazdan əvvəl qeyd edək ki, şeir Bəxtiyar Vahabzadəyə yö­nəl­miş sovet höku­mə­ti­nin irticaçı rejiminin təqiblərinin davam et­diyi 1967-ci ildə ona dəstək olmaq, şairin yanında olmaq an­la­mın­da yazıl­mış­dır. Belə ki, həmin vaxtlar Bəxtiyar Vahab­za­də­nin “Gülüs­tan” poeması Şəki rayon qəzetində çap olu­na­raq, əldən-ələ gə­zirdi. Poemada Azərbaycanın taleyindən, və­tənin iki yerə bö­lün­məsində rus və fars şovinizminin oyna­dığı iyrənc roldan söhbət açılırdı:

Kağıza həvəslə o da qol atdı,

Dodağı altında gülümsəyərək.

Bir qələm əsrlik hicran yaratdı,

Bir xalqı yarıya böldü qılınc tək.

Öz sivri ucuyla bu lələk qələm,

Dəldi sinəsini Azərbaycanın! (150, 367)

Xalq arasında şairin nüfuzu yüksəldikcə, dövlət tərə­fin­dən sıxışdırılan Bəxtiyar Vahabzadə ədəbi mühitdə tək­lən­miş, unudulmuş bir vəziyyətlə üzləşmişdi. Şairin ağır gün­­lərində Məmməd Araz onun səsinə səs verir, “Məndən ötdü, qardaşıma dəydi” şeiri ilə yaranmış boşluğu doldur­ma­ğa çalışırdı. Şeir tezliklə oxucu kütləsinin rəğbətini qazanır və Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasından sonra Vətən möv­zusunda yazılmış əsərlərin şedevr nümunələ­rin­dən biri olur.

Ey daşlaşan, torpaqlaşan,

Ulu babam!

Bu günümdən dünənimə uzaqlaşan,

Ulu babam!

Küləkləşən, dumanlaşan, ruhunla sən,

Ayağa dur, səninləyəm!(18, 14)

Məmməd Araz tarixin yaddaşını vərəqləyib ölkənin xanlıqlara parçalandığı zamanları xatırlayır, mənəmlik his­si­nin gətirdiyi bəlaların ölkəmizdə, mənəviyyatımızda, iqti­sa­diy­yatımızda, siyasətimizdə açdığı yaraları göstərməyə çalı­şır­dı. Elə burada da Məmməd Araz dühası üsyana qalxır, ba­ba­ların, ataların adından istifadə edən, elin, yurdun, Vətə­nin parçalanmasına gətirib çıxaran, bir dövləti müxtəlif feo­dallıqlara parçalayan soysuz “ataları” günahlandırır, kimli­yin­dən asılı olmayaraq, onu vicdan məhkəməsinə çəkirdi. Əgər bu “soysuz ata” folklor qəhrəmanları kimi tanıdığımız Qaraca Çoban, Dəli Domrul, Xan Eyvaz, Giziroğlu Mustafa bəy (2; 80; 108; 109; 111) olsaydı belə, şair onları bağışla­mazdı. Çünki bu “məndən ötdülər” Səttar Xanın tifaqını da­ğıdıbdır. “Səttar xanın tifaqı” böyük anlamda Azərbaycan döv­lətçiliyidir, milli hökumətdir, cənublu, şimallı Azərbay­canın bütövlüyü, birliyi yolunda Şah İsmayıl Xətaidən sonra atılmış ən böyük addım idi. Məmməd Araz yadelli işğal­çı­ları, xəfiyyə sistemini yaddan çıxarmırdı, bilirdi ki, Vətənə də­yən zərbələr məhz yad toplardan açılan atəşlərin nəti­cə­si­dir. Ancaq bununla belə şair bilirdi ki, içimizdən yad dəyir­manına su tökənlər daha qorxuludur, daha iyrəncdir, daha qə­vidir. Bu, Şəki xanıdır, Bakı xanıdır, Fətəli xandır, Kəlbəli xandır, İbrahim xandır, hər kimdirsə, o, Azərbaycanın düş­mə­­nidir. Elə bu daxili düşmənlərin ucbatından Vətənimiz Azər­baycanı parçaladılar, millətimizi didərgin saldılar, tor­paqlarımızı iki yerə ayırdılar:

Əgər ki, siz

Bu məsələ qol çəkdiniz!

Sonra, sonra hansınızsa,

Xalqa gələn bir qəzadan,

Öz başını yana əydi,

O qəza bir topa dönüb,

Səttar xanın tifaqına

Yaman dəydi (18, 14).

Şair burada Qaraca çoban, Dəli Domrul, Eyvaz xan, Mustafa bəy kimi xalq qəhrəmanlarının adını sadalamaqla bu igidlər şəcərəsinin sonunda gələn Səttar xanın tifaqının da­ğıl­masında babalarımızdan kimlərinsə günahkar olmasını duyur və göstərməyə çalışırdı. Kim idi bu xəyanət burul­ğa­nı­na yu­varlanan? Dirsə xanın oğlunun ətrafında olan oğuz bəy­lərimi? “Dirsə xanın oğlu Buğac xan boyu”nda bu məsələyə bir ay­dınlıq gətirilmişdir. Dirsə xanın oğlu buğa ilə güləşib onu yıx­dıqdan sonra Dədə Qorqud gəlib oğlana “Buğac” adı­nı verib, “adını mən verdim, yaşını Allah versin” - dedi (110, 134).

Dirsə xan oğlana bəylik verdi, taxt verdi. Oğlan taxta çıx­dı, atasının qırx igidini unutdu. O qırx igid həsəd apardı, kin saxladı. Bir-birinə söylədilər: “Gəlin oğlanı atasının gö­zündən salaq, bəlkə atası onu öldürə, hörmətimiz onun atası yanında yenə xoş ola, artıq ola,” - dedilər (110, 134-135). Bə­­li, oğuz bəyləri xəyanət yolunu tutdular, kin saxladılar, hə­səd apardılar. Elə o vaxtdan da nəsil-nəsil ötürülən bu xə­ya­nət Azərbaycan adlı məmləkətin parçalanmasının əsasını qoydu:

O məstliyin baş fırladan

Havasından qopan daşdı –

Azərbaycan torpağında

Araz boyda şırım açdı (18, 15).

Kimdir o? – O, iblisdir. Bir millətin faciəsinə yalnız ib­­lis qəhqəhə çəkib gülə bilərdi. Millətin mənliyini ayaqlar altına atıb, “mən-mən” deyənlərin hamısı iblisə uymuş, mə­nə­viyyatını itirmiş vətən, millət məfhumlarını yadırğamış, gözünün önündən qırağı görməyən məxluqlardılar. Şeirin so­nunda şair yenidən ulu babaların ruhuna müraciət edir, onları səsləyir, bir təəssüf xatirəsini dilə gətirirdi:

Səndən ötən mənə dəydi,

Məndən ötən sənə dəydi,

Səndən, məndən ötən zərbə

Vətən, vətən, sənə dəydi... (18, 16)

Azərbaycan demokratik fikrinin banilərindən olan Cə­lil Məmmədquluzadə ötən əsrin əvvəllərində başı bəlalı məm­­lə­kətin dərdlərini dərindən duyaraq “Ax, unudulmuş vətən, ax, yazıq vətən”… naləli “Azərbaycan” məqaləsində yazırdı:

“Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fik­rə gedirəm, xəyalata cumuram, özümdən soruşuram ki:

-Mənim anam kimdir?

Öz –özümə də cavab verirəm ki:

- Mənim anam rəhmətlik Zöhrabanu bacı idi.

- Dilim nə dilidir?

- Azərbaycan dilidir.

- Yəni vətənim haradır?

- Azərbaycan vilayətidir,

Demək, dilimin adı türk - Azərbaycan dilidir, belə mə­lum olur ki, vətənim də Azərbaycan vilayətidir” (129, 221-222).

Bəli, istər “böyük demokrat” Cəlil Məmməd­quluza­də­nin düşüncəsində, istərsə də onun kimi qəlbi vətən eşqi ilə yanan digər mütəfəkkirlərin mənəvi varisi olan Məmməd Ara­zın mənəvi dünyasında vətən dərdi qaysaqlanmayan bir ya­raya dönmüşdü. XX əsrin sonlarında bu yara daha da də­rinləşməyə başlamışdı. Azərbaycan adlanan, dədə-baba yur­dumuzun, bu qədim məmləkətin başının üstünü qara bulud­lar almışdı, ölüm-dirim mübarizəsi gedirdi. 1990-cı ilin 20 yan­var gecəsində işğalçı rus qoşunları Bakıya soxuldular. Yenicə birlik tapmış, öz müstəqilliyi, azadlığı uğrunda mü­ba­rizəyə qalx­mış azərbaycanlıların mübarizə əzmini qırmaq, millətin qürurunu sındırmaq məqsədi ilə mənfur sovet rejimi qan tökür, qırğınlar törədirdi. Belə bir məqamda cismani cə­hətdən zəifləmiş, qocalmış Məmməd Arazın səsi gurlayır, hay­qırır. “Ata millət, ana millət, ağlama!” (19, 256) – deyirdi:

Bu döyüşdü - əzilən var, əzən var,

Ölüm hökmü qoltuğunda gəzən var.

Burda “bizik,” nə “mən” vardır, nə “sən” var,

Yox, ağlama, ana millət, ağlama!

Qorxuram ki, sına millət, ağlama! (19, 256).

Dünən “ağla, bala, ağla” deyən şair bu gün “ağlama” de­yirdi. Dünən “mən-mən” deyənlərin bu gün “bizik” dedik­lərinin şahidi oluruq.

Hayqır, könül, bundan betər çağ hanı?

İnsan yanır, torpaq yanır, dağ yanır.

Bacım, indi ağlamağa vaxt hanı?

Qardaş deyib, yurddaş deyib, ağlama!

Ağlamağın yeri deyil, ağlama! (19, 256).

Millətin mətinləşdiyi, qanı, canı bahasına azadlığına qo­vuşduğu bir zamanda Məmməd Araz ruhunun aynası olan bu şeirdəki məna, fikir yükü tamamilə aşağıdakı bayatının məzmunu ilə üst-üstə düşür və bir-birini tamamlayır:

Qızılgül olmayaydı,

Saralıb solmayaydı.

Ölüm Allah əmridir,

Ayrılıq olmayaydı (72, 117).

Əslində bütün insanlar ölüm hökmü qoltuğunda gə­zir­lər, amma döyüş vaxtı gərək döyüşəsən, özünü əzil­mək­dən qoruyasan. Bunun üçün də “mənlikdən”, “sənlikdən” çı­xıb “biz” olmağı bacarmalıyıq. Vətənin ağır günlərində xalq içə­risində yaranmış daha bir folklor nümunəsinə diqqət yetirək:

Bu davadı, döyüşdü,

Sənin bəxtinə düşdü.

Onsuz da dünya puçdu,

Ağlama!


Hər tərəfin yağıdı,

Yurdumuzu dağıdır.

Vuruş, qeyrət çağıdır,

Ağlama! (131).

Açıq-aydın görünür ki, folklor nümunəsi ilə Məmməd Araz şeirinin ciddi oxşarlıqları vardır. Bu da, şair dühasının xalq yaradıcılığından qaynaqlandığının, xalq ruhuna doğma­lığının nişanəsi kimi qəbul edilə bilər..

Burada şairin “Bizi Vətən çağırır!” (19, 257) şeirində­ki Vətən oğluna müraciətlə “Koroğlu” dastanında Koroğlu­nun dəlilərinə olan çağırışını müqayisə etmək də yerinə dü­şər. Məmməd Araz yazırdı:

İndi bizim ölümlə,

Çarpışan çağımızdı.

Ölümün boğazından,

Yapışan çağımızdı.

Ölümlə tərcümansız

Danışan çağımızdı.

Qılınc qap, Vətən oğlu,

Bizi Vətən çağırır! (19, 257).

Koroğlu da belə ağır zamanlarda dəlilərinə səslənirdi:

Hoydu, dəlilərim, hoydu,

Yeriyin meydan üstünə!

Havadakı şahin kimi,

Tökülün al qan üstünə (111, 137).

Gətirdiyimiz nümunələr formaca müxtəlif olsa da, məzmun etibarı ilə bir-birini tamamlayır, bir-biri ilə səsləşir, eynilik təşkil edir. Sadəcə olaraq Koroğlu dəlilərini xanlara, bəy­lərə qarşı mübarizəyə səsləyirdisə, şair Vətən övladlarını işğalçılıq məqsədi ilə torpaqlarımıza soxulub qarətçilik edən, dinc əhaliyə zülm edən düşmənlərə, erməni şovinistlərinə qar­şı döyüşə çağırırdı və bu çağırış ictimai məzmun kəsb edir, Vətənin ağır günlərində Vətənə dayaq olmaq, onu qo­ru­­maq kimi mənəvi, tərbiyəvi və vətənpərvərlik hissləri aşılayır.

Məmməd Arazın vətənpərvərlik hissləri ilə aşılanmış “Babək qılıncı” (18, 158) şeiri Azərbaycan xalqının qəhrə­man­lıq, mərdlik, cəsarət simvolu olan, əsrlərdir adı millətin qürur mənbəyi, and yerinə çevrilən, on iki əsrlik bir zaman içində heç vaxt unudulmayan, hər il Ərk qalasında xatirəsi anılıb yada salınan Babək Xürrəminin xatirəsinə həsr edil­miş­dir. Babək Xürrəmilərin ərəb işğalçılarına qarşı 61 illik mübarizəsinin, 816-cı ildən başlayaraq 837-ci ilin avqust ayınadək olan 21 ilinə rəhbərlik etmişdir. Ərəb xilafətinin sütunlarını sarsıdan Xürrəmilər üsyanı müxtəlif xəyanətlərin nəticəsində məğlub edildi. Bəzz qalasının süqutundan sonra Arazı keçib Arana gələn Babək burada Səhl Sumbatla rast­laşdı. “Hadisələrdən xəbəri olan Səhl Sumbat Babəki aldadıb öz mülkünə apardı və xəyanət yolu ilə ərəblərə təhvil ver­di.” (69, 267). 838-ci il martın 14-də Xəlifə Mötəsimin hök­mü ilə Babək edam edildi.” (69, 268).

Babəkin adı ilə Azərbaycanın müxtəlif guşələrində qa­la­­lar, tikililər, yerlər vardır. Belə qalalardan biri də Naxçıvan MR-nin ərazisində yerləşir. “Babək qalası Ordubad rayonun­da, Biləv kəndinin yaxınlığında, Gilançayın sağ sahilində, II-XIV əsrlərə aid arxeoloji abidədir. Rəvayətə görə, xalq qəh­rə­manı Babək bu qalaya sığındığından onun adı ilə adlan­dı­rıl­mışdır” (125, 35). Ordubad rayonunda Babək haqqında yayılmış rəvayətlərdən birində belə nəql edilir: “...Babək hərə­katı Ərəb xilafətinə qarşı müharibədə məğlub olduqdan sonra Babək yenə də Arazın bu biri tayına keçir və burada erməni “dostu” Səhl Sumbata rast gəlir. Səhl Sumbat Ərəb xilafəti döyüşçülərinin sərkərdəsi Afşinə xəbər göndərib Ba­bəki ələ verir. Bu erməni satqınlığı və xəyanətinin nəti­cə­sin­də Oğuz türklərinin milli qəhrəmanı Babək tutulub məhv edilir. O tarixdən 1167 il ötməsinə baxmayaraq, bu gün də əha­li arasında Səhl Sumbatın satqınlığından danışılır, ona nifrət yağdırılır” (120, 69). Bu xəyanətin mükafatı olaraq Gilançayın sahilində yerləşən indiki Baş Dizə kəndi ərəb xilafəti tərəfindən Səhl Sumbata verilir. İndi də rayon əhalisi arasında Baş Dizə kəndi “Sumbatan Dizə” adlandırılır.

Babək əfsanələşmiş qəhrəmandır. Onun haqqında çox­lu rə­va­yətlər, nağıllar yarandığı kimi, yazılı ədəbiyyatda da Ba­bə­kin qəhrəmanlığının tərənnümünə dair şeirlər, heka­yə­lər, tarixi və elmi əsərlər yazılmışdır (65; 68; 69). “Azər­bay­canfilm” “Ba­bək” kinofilmini çəkmişdir. Məmməd Ara­zın da “Babək qılıncı” şeiri şairin milli qəhrəmana sev­gisindən yaranan bir bal­ladadır. Babəkin qılıncının tapılması haq­qın­da xəbər yayılır, bu xəbəri sevinclə qarşılayan şair sanki bay­ram şənliyi keçirir, qarı nənələri muştuluq paylamağa səsləyirdi:

Bir alim dilindən qopdu qığılcım,

Oyandı hövlnak daş qərinələr.

Deyirlər tapılıb Babək qılıncı,

Muştuluq paylayın, qarı nənələr! (18, 158)

Şair uca dağ zirvələrini yallı oynamağa çağırırdı. Bu­ra­da şair həm sevincini, şadlığını dağlarla əl-ələ, qol-qola tutub yallı oynamaqla bölüşmək istəyir, həm də “Araz” çayı bo­yun­ca yerləşən dağların təbii düzümünü yallı gedən dəstəyə bənzədərək təşbeh yaradır. Məlumdur ki, qədimdə yallı ge­dən dəstənin önündəki aparıcı sağ əlində şallaq tutur, sol əli ilə dəstənin ikincisindən yapışır, dəstənin axırda gələni isə sağ əli ilə özündən əvvəlkinin əlindən yapışıb, sol əlində dəs­mal tuturdu. Buradan görünür ki, Məmməd Araz nəinki folklorun nağıl, dastan, bayatı, qoşma, oxşama, layla, hola­var və s. janrlarını, həmçinin xalq oyunlarını da yaxşı bilirdi:

Gəlin, a zirvələr qayalı-yallı,

Qol-qola yapışaq, yaman çağımdı.

Yallı gedəsiyəm, bir dəli yallı,

Araz dəsmalımdı, Kür şallağımdı (18, 158).

Yallı müxtəlif növləri olan qədim rəqsdir. Yallı rəqsinin çox yayılmış növlərindən biri məhz qol-qola yapışıb yallı getməkdir. Bu yallı növü “Tənzərə” adlanır. Burada qollar dirsəyin bükümündən iç-içə keçirilib, əllərin barmaq­ları bir-birinə pərçim edilir. Bu oyunda dəstənin hər hansı bir üzvünü dəstədən çəkib ayırmaq mümkün deyildir. Dəstənin bütün üzvləri bir-birinə sıx şəkildə yapışaraq sanki bir dağ sil­siləsini xatırladır. Dəstə üzvlərinin başları arasında olan mə­sa­fələr-boşluqlar və başların dik duruşu zirvələri xatır­ladır. Şeirdə bir-birini qucaqlayan dağların təsviri, müəy­yən məsafədə zirvələrin yerləşməsi, aralıqda boşluq­ların olması böyüdülmüş formada yallı dəstəsinin görün­tü­sü­nü əmələ gətirir. Şair bu yallı oyunu ilə dağları, daşları lərzə­yə salmaq, hay-harayını Nəsimiyə, Nəimiyə çatdırmaq istə­yirdi. Bu şad xəbərə minlərlə Xürrəmi döyüşçülərinin ruhu da torpaqdan qalxıb sevinəcəkdi, axı, “Babək qılıncını yerə atanda, min igid qolunu torpağa atdı” (18,159). İndi o qılıncı yerdən qal­dırmaq, o qılıncı yüz yaşlı bir anaya təltif vermək, o qılınc ilə Babəkin ruhu gəzən dağlarda, onun heykəlinin altında Babək adı yazmağın zamanıdır:

Babəkin məzarı düzəndi, dağdı,

Bu dağlar, düzənlər qazılsın gərək.

Babək heykəlinə Babəkin adı,

Babək qılıncıyla yazılsın gərək! (18, 159)

Məmməd Araz “Babək qılıncı” şeirini 1970-ci ilin sent­yabr-oktyabr aylarında yazmışdı. Bundan sonra ədə­biy­yatımızda Babəkin adı ilə bağlı çoxlu şeirlər yazıldı. Belə şeirlərdən biri də Ənvər Əhmədin “Babəkin qolları” şeiridir. Ənvər Əhməd də Məmməd Araz kimi şeirində Babəkə olan el sevgisindən danışır, Babək-Vətən birliyini ortaya qoyur. Müəllif bu qənaətə gəlir ki, əgər Babək sağ olsaydı, parça­lanmış vətənin həsrət çayı Arazın üzərindən qollarını körpü edər, sahilləri birləşdirərdi:

Qeyrət köhlənimiz bir an kişnəsə,

Sərhədlər dizini yerə qoyardı.

Qılıncla sözünü deyə bilməsə,

Babək qollarını körpü yerinə,

Arazın üstündən qoşalayardı! (84, 93)

Məmməd Arazın xalqın taleyi, tarixi ilə bağlı Babək möv­zusuna müraciət etməsi müasirləri içərisində təsirsiz qalmadı. Ötən əsrin 70-80-ci illərində Babək mövzusu ak­tual­laşdı, onun adının əbədiləşdirilməsi üçün tədbirlər görül­dü. 1988-ci ildə Naxçıvan şəhərində xalq qəhrəmanı Babəkə at belində möhtəşəm bir heykəl ucaldıldı, Məmməd Arazın arzuları çin oldu.

“Qılınc” mövzusu şairin yaradıcılığında onun ruhunu aydınlaşdıran, milli mənliyimizdə dəyərli yer qazanan atribut kimi qiymətləndirilir. Şairin qılıncla bağlı yazdığı şeirlə­rin­dən biri də “Ulu şahım, qılıncına söykənim!” (19, 311) şeiri­dir. Şeir 1994-cü ilin sentyabr ayında yazılmışdır. Şair xəya­lən “Şah Xətainin ruhu qarşısında” dayanaraq sanki ona hesa­bat verir və məsləhət istəyirdi. Tarixdən məlumdur ki, Şah İsmayıl Xətai Azərbaycan Səfəvilər dövlətinin əsasını qo­yub və 23 il hakimiyyətin başında durmuşdu. Səfəvilər döv­ləti Azərbaycanın tarixində çox böyük rol oynamışdı. Azər­baycan dövlətçiliyinin tarixində ilk dəfə Azərbaycan dili Azərbaycan dövlətinin rəsmi dövlət dili elan edilmişdir, Şah İsmayıl Xətai böyük bir hökmdar olmaqla bərabər, həm böyük bir sərkərdə-döyüşçü, həm də böyük şair idi. Qılınc və qələmin birliyindən yaranmış Səfəvilər dövlətinin Azər­baycan xalqının tarixində şərəfli yeri vardır (67, 473).

XX əsrin sonlarında Azərbaycan dövləti yenidən müs­tə­qilliyinə qovuşduğu bir zamanda, xarici irticanın və erməni daşnaklarının Dağlıq Qarabağda apardıqları müharibə və işğalın təsiri ilə respublikada yaranan xaos, müstəqil­liyimi­zin itirilməsi təhlükəsi Məmməd Arazı bir vətəndaş - şair kimi narahat edirdi:

Şah Xətai, qüvvətimiz haçalanır,

Qüdrətimiz, qeyrətimiz haçalanır,

Varlığımız çiliklənir, parçalanır,

Ulu şahım, qılıncına söykənim! (19, 22)

Narahat şair ölkəmizdə 90-cı illərin əvvəllərində baş ve­rən hərc-mərcliyin necə fəlakətlərə səbəb ola biləcəyini görür, ona görə də millətin nümayəndələrini Ulu Şah İsmayıl Xətainin qılıncına söykənməyə çağırırdı. Şair fikirləşirdi ki, vətənin dar günündə, ağır günündə mərd, cəsur, igid vətən oğullarının yolu ancaq döyüş meydanından keçə bilər. Bu mey­dan qədim qılınc meydanı, cəsarət meydanıdır. Şərq dün­yasının müharibə meydanlarında əsas silah vasitəsi qılınc olubdur. Şah İsmayıl Xətai özü də bir döyüşçü kimi həmişə qılınc bağlayıbdır:

Ulu Şahım,

qılınc çalmaq öyrət bizə!

İçimizdə şeytan səsi,

Yalan səsi, böhtan səsi-

Didir bizi, yeyir bizi,

Ulu şahım,

Qibləmizə çevir bizi! (19, 22)

Azərbaycan xalqının təfəkkür tarixində dörd qılınc növü mövcuddur və bu qılınclar həmişə hörmətlə xatırlanır. Bunlar Koroğlunun misri qılıncı, Həzrət Əlinin zülfüqar qılıncı, Babəkin və Şah İsmayıl Xətainin qılınclarıdır. Həzrət Əlinin qılıncının dili iki haçalı idi, bu qılınc zülfüqar adlanır. Bu qılınclar xüsusi metaldan düzəldilmiş qılınclar olubdur. Hətta “Şah İsmayıl Çaldıran döyüşündə (1514-cü il 23 av­qust) öz məğlubiyyətini gördükdə, qəzəbindən qılıncını to­pun lüləsinə zərblə çırpır, zərbədən topun lüləsi qırılır. Bunu eşidən Sultan Səlim həmin qılıncı gətirtdirir və özü də həmin hərəkəti təkrar edir. Lakin topun lüləsi kəsilmir. Belə olduq­da sultan deyir ki, İsmayıl mənə başqa qılınc verib, bu o qılınc deyil. İsmayıl bunu eşidir və “qılınc həmin qılıncdır, əfsus ki, qol həmin qol deyil,”– deyir” (69, 408).

Qılınc babalardan bizə miras qalmış kutsal əmanətdir. Onun şöhrəti var. O şöhrəti qorumaq üçün indi yataq otaq­la­rın­da başımızın üstündə xalçalara bərkidib asdığımız qılınc­ları zamanında belimizə bağlamağı bacarmalıyıq. Qılıncın qoru­yuculuq funksiyasını özünə və özümüzə qaytarmalıyıq:

Ulu Şahım,

qılıncına söykənim!

Biz düşmənlik bacarmadıq,

Düşmənləri tanımağı öyrət bizə.

Biz nifrəti

qanımızla yoğurmağı bacarmadıq.

Qələminlə sən mələklik öyrətmisən,

Qılıncınla əzrayıllıq öyrət bizə (19, 24).

Süfrəmizin başında oturtduğumuz nankor ermənilərin başımıza açdığı müsibətlər unudulmayacaqdır. Ermənilər xa­rici havadarlarının köməyi ilə Dağlıq Qarabağı ələ keçirdi, azərbaycanlıları dədə-baba yurdlarından qovub çıxartdılar. Hazırda bütün əmlakını itirmiş, əcdadlarının əbədi məskun­laşdığı bölgələrdən kənarda qalan bir milyondan artıq qaç­qın soydaşımız doğulduqları yurdlarından didərgin düşüb­lər. Məmməd Arazın qocalıq və xəstəlik keçirdiyi dövrə tə­sa­düf edən bu hadisələr dərdli şairin dərdinin üzərinə dərd qoyurdu. Çarəsizlik içərisində çırpınan şair ürəyinin səsinə qulaq asır, üzünü Allaha tutur, Şahını köməyə çağırır, milləti babalardan yadigar qalan kutsal əmanətə - qılınca söy­kən­məyə səsləyirdi:

Bu millətin süfrəsini duzsuz qoyma,

Bu millətin kürsüsünü sözsüz qoyma!

Namərdi sən elə yatırt,

Qoy bir yolluq ayılmasın.

Ulu Şahım, ruhun bizdən ayrılmasın (19, 24).

Atalardan qalma bir məsəldə deyilir: “Yüz gün yaraq, bir gün gəzək” (25, 245). Bəli, qılınc yaraqdır, onu yüz illər boyu qoruyub saxlamaq, gərək olanda işlətmək lazımdır. Məm­­məd Arazın da elinə, obasına, vətəninə məhəbbəti olan­ların hamısına tövsiyəsi bu idi.

“Üç oğul anası” (20, 13) Məmməd Araz yaradıcı­lığın­da poema janrının başlanğıcı hesab olunur. 1957-ci ildə şai­rin qələmə aldığı bu əsər Böyük Vətən müharibəsinə üç oğul yola salmış Gülsənəm ananın simasında Azərbaycan qa­dı­nının taleyi və yaşantılarını əks etdirir. Əsərdə görün­mə­sə də, hiss olunur ki, həyat yoldaşını vaxtsız itirmiş Gülsə­nəm ana min zəhmət bahasına üç oğlunu sevə-sevə böyüdür. Şirin arzularla yaşayan ana böyük oğlunun toyunu edib evinə gəlin gətirdiyi üçüncü gün müharibə başlayır. Ananın oğul­la­rını cəbhəyə aparırlar:

“Gedin, tez qayıdın! - söylədi ana,-

Gedin, qapımızı yağı döyməsin.

Ancaq unutmayın, igid olana,

Gərək arxasından güllə dəyməsin (20, 18).

Elimizdə məsəl var, deyərlər; “Qorxaq gündə yüz yol ölər, igid ömründə bir yol” (25, 217). Gülsənəm qarı da öv­ladlarını igid böyütmüşdü, onları igid kimi də görmək is­tə­yirdi. Ana oğullarını müharibəyə yola salanda “arxanızı düş­mənə çevirməyin, düşmənin üzərinə yeriyin” deyirdi. Ana bilirdi ki, arxadan vurulan döyüşçünün şərəfi, heysiy­yə­ti tap­danmış olur, heç bir ana arxadan vurulana “oğul” de­məz. Gülsənəm ana üzü Tomris ana zamanından gələn Burla xa­tun, Banı Çiçək, Nigar, Sara xatun kimi Azərbaycan qadın­la­rının vüqar, mərdlik, mətanət ortağıdır. Ayrılıq zamanı ana­nın qəlbi pərişan olsa da, könül bağçasının gülləri solsa da, ancaq Ana vüqarını sındırmır, gözlərimiz qarşısında Gülsə­nəm ananın mübariz siması canlanır. Oğullarından birinin “toy evi qurulu” qalsa da, biri “sevdiyi qızın əlini son dəfə sıx­sa da”, digəri çoxdan könlündə gəzdirdiyi arzusunu ilk dəfə dilinə gətirib “bir qıza sevirəm” desə də, ananın ümid­ləri böyükdür, oğullarının qayıdacağı günü gözləyirdi. Ana xəyallar aləminə qapılırdı. Oğlanlarından gələn məktublar ana qəlbinə təsəlli verirdi. Böyük oğlu Kerç boğazından, or­tancıl oğlu Moskva altından, kiçik oğlu da Dunay sahil­lə­rin­dən məktub yazırdı. Ortancıl oğlunun məktubu həsrət çə­kən bir aşiqin intizarını əks etdirən xarakterik cizgilər ilə seçilirdi:

Güllə yağa-yağa anıram bəzən,

“Dilqəmi” üstündə saz havasını.

Ah, görəsən bir də, görəcəyəmmi,

Şahbulaq dağının yaz havasını? (20, 21)

Aşıq, söz sənətindən məlumdur ki, “Dilqəmi” saz ha­va­sı Yəhya bəy Dilqəmlə Telli (Dostu) xanımın arasında həsrətli eşq macərasının tərənnümünə həsr edilmişdir. Yəhya bəylə Telli (Dostu) xanımın məhəbbəti bir intizar, həsrət yan­ğısı ilə süsləndiyindən Yəhya bəy həmişə qəmli olarmış. Qara Namazov “Aşıqlar” kitabında yazır:-“Dilqəmin şeirlə­rində şən, şux, bayağı, əyləndirici misralar yoxdur. Əksinə, bu şeirlərdə həzin bir lirizm, hüzn, kədər hissləri, Kərəmsa­ya­ğı bir yanğı mövcuddur. “Dilqəmi” havası da bu kövrək notları tamamlayır” (126, 107). Məhz bu kədər, həsrət yanğısı, qəm notları ilə bəstələnmiş havanı da Yəhya bəy öz nakam məhəbbətinə həsr edərək “Dilqəmi” adlandırmışdır.

Gülsənəm ananın ortancıl oğlu da anasından, sevgili­sin­dən, Şahbulaq dağından ayrı düşmüşdür. Bu həsrət, bu kə­dər, bu intizar onun qəlbini sıxır, “Dilqəmi” saz havasını, Yəhya bəy Dilqəmin qısa və kədərli ömür yolunu, qəmli eşq ma­cərasını, özünün vüsala yetməmiş məhəbbət bağçasında hicran küləklərinin əsdiyini yada salıb kövrəlir. Beləliklə, həftələr, aylar keçir, məktubların arası kəsilir. Ümid, təsəlli gətirən məktublar nədən xəbər verirdi. Bəs niyə o məktublar daha gəlmir? Ana nigarandı. Bəlkə, məktublar yolda yuba­nır, bəlkə, oğlu sözünü küləklərə deyibdi, bəlkə, məktub yazan­da oğlu son sözünü yaza bilməyib, ömrünün sonu yetişib­di? - Yox, yox!

Ancaq o, ölümü salmadı yada,

“Haqqın” ətəyindən dörd əlli tutdu.

Yığıldı başına qonum-qonşu da,

Məktubun yerini təsəlli tutdu (20, 23).

Məmməd Araz poemada canlı xalq dilinin müxtəlif xüsusiyyətləri ilə çıxış edirdi. Hitler faşizminə qarşı nifrət və qəzəbini insanlar gah söyüş söymək, gah qarğış tökməklə bildirirlər. Xalq arasında hələ lap qədim zamanlardan başla­ya­­raq insanlara pislik edənlərə qarşı şər, uğursuzluq, pislik və öz əməllərinə bərabər əməllərə tuş olmaq istəyi ilə qar­ğışlar yaranmışdır. Bu qarğışlar və söyüşlər qocaların dilin­dən birbaşa Hitlerin, faşizmin ünvanına yönəlmişdir:

Qocalar bir nifrət, bir kin səsində,

Gah söyüş yağdırır, gah da ki, qarğış:

- Əkinin, biçinin bu vədəsində,

Bir qara yel oldu bu yurdu yanmış (20, 24).

Yaxud:

Vallah, Nikolayı yıxan bu torpaq,



Hitleri-mitleri itlə qovacaq...(20, 25).

“Bu yurdu yanmış”, “Hitleri-mitleri itlə qovacaq” ifa­dələri faşizmə qarşı nə qədər kin və nifrəti bildirirsə, “bir qara yel oldu…” ifadəsi də faşizmin bütün bəşəriyyətə bö­yük bir bəla olduğuna işarə edir. Ancaq bütün təsəllilər, bu faşizmin ünvanına deyilən söyüşlər, qarğışlar ananın dərdini azaltmadı, ana “kədər-qəm atına” minib dağı, aranı dolaşdı, qarşısına çıxan güldən, çiçəkdən, bənövşədən balalarını so­ruş­du. Ananın “gecələr gözünə yuxu gəlmədi, yatmadı, yatsa da, o dincəlmədi” (20, 25). Düşündü: “qonşunu inəksiz istə­mə­mişəm, kasıbı çörəksiz istəməmişəm, əlini tutmuşam dara düşənin”, Allaha yalvardı: “- Ey Allah, əvəzin budurmu sənin?” (20, 26). Ana yatmadı, şimalda havaların soyudu­ğu­nu eşidəndə isti yatağında üşüdü, ayağa durdu, cəhrənin ar­xasına keçdi “yanıqlı-yanıqlı” nəğmə oxudu”, cəbhədə dö­yüşən əsgərlərə “o, köynək toxudu, corab toxudu” (20, 26).

Çox şeylər düşündü ana ürəyi,

Bəlkə də, bəzisi bunu ar bilər.

Sevmirəm hər yerdə məsəl deməyi,

Analar çəkəni, analar bilər (20, 27).

Şair “Analar çəkəni, analar bilər” ifadəsi ilə anaların dərdi haqqında sərrast təsəvvür yaratmaq bacarığını nümayiş etdirmişdir. Doğrudan da, Gülsənəm ananın dərdini özü kimi dərd çəkən ana bilər ancaq. Gülsənəm ananın qonşusu Gül­gəz də anadır. Gülsənəm ana hərdən Gülgəzi çağırırdı, dərdini bölüşmək istəyirdi, amma Gülgəz onun kimi dərdli deyildir. Arada zarafat da olurdu, qeybət də. Gülsənəm ana bir gecə yuxu gördü, səhəri gördüyü pis yuxunu Gülgəzə danışdı. Ana yuxuda böyük bir hana toxuduğunu görmüşdü. Hananın bir ucu yerdə, bir ucu göydə idi, toxunduqca toxu­nurdu. Ana danışırdı: - “Birdən göy kişnədi, hava qaraldı, ildırım şığıyıb toxuduğum hananı yandırdı”.

Belə ki, adətə görə, yuxular öncə suya deyilməlidir. Ana da bu bəd yuxunu gərək suya deyəydi, axı su bəd yuxu­ları yuyub apara bilərdi. Müəllifin azadlıq duyğularından qay­naq­lanan bu nisgil əsər boyunca oxucunu müşayiət edir. Yer­lə Göyü birləşdirən hana od tutub yanır, Araz sahillərini birləşdirə bilmir.

Ana özü də bilmədən bu qaydanı pozdu. İllər gəlib keç­sə də, ananın qəlbinin təsəllisi olmadı, ana hicran oduna yandı. Ana rayonun hərbi komissarına üz tutdu, müraciət etdi, lakin komissar da bir müsbət cavab verə bilmədi, onun da sorğularına qara xəbərlər gəldi. On üç illik hicrandan son­ra Gülsənəm ananın üç günlük gəlini də ayrıldı, Gülsənəm ana tək və yalqız qaldı.

Günlər atlı oldu, günlər tez ötdü,

Nə vaxtsız, vədəsiz qocaldı arvad!

Gözünün yaşıyla oğul böyütdü,

Ocaqlar başında tək qaldı arvad (20, 32).

Ömrünü küləklərə verən, qara saçlarını qara günlərin ağartdığı Gülsənəm ananı axır ki, dərd yıxdı, yorğan-döşəyə saldı, ana üç gün, üç gecə can çəkdi. Yaşlı adamlardan eşit­mişik ki, intizarı olanların can verməsi çətin olur. Gülsənəm ana da intizar çəkirdi, oğlanlarının yolunu gözləyirdi:

Qocalar deyir ki, üç gün, üç gecə

Üzünü qibləyə döndərmədi o.

“Yox, yox, üç balamı mən görməyincə,

Ölmərəm” – deyərək can vermədi o (20, 34).

Gülsənəm ana üç gün, üç gecə əzablar içində çırpındı. Son nəfəsdə də ümidini itirmədi, inanırdı ki, övladları nə vaxt­sa gələcəklər. Hərdən onu huş aparanda oğlanlarını ağ pal­tarda görürdü, onlar da ananı səsləyirdi, onun yolunu göz­lə­yirdilər. Axırda ana yenə də qəribə bir ümid ilə vəsiyyət elədi:

“Yoxsa oğlanlarım, əli heç kəsin,

Mənim gözlərimə torpaq tökməsin” (20, 35).

Adətən insan son mənzilə köçəndə onun gözlərinin üs­tünə bir çimdik torpaq tökərlər ki, mərhumun gözü bu dün­yada qalmasın. Bu ritualın həyata keçirilməsi mərhumun ya­xınlarından birinə tapşırılar. Xüsusən mərhum ana olanda oğlu və ya qardaşı bu işi həyata keçirər, yaxud ona məhrəm olan həyat yoldaşı bu işi görər. Gülsənəm ana isə bu dün­yada təkdir, onlarla qonşu uşaqları ona “ana” desələr də, ana öz övladlarının yolunu gözləyirdi. Ana bu dünyadan köçdü, intizarı bu dünyada qaldı, ananın gözləri hələ də yol gözlə­yir. Şair bir gün yolunu Gülsənəm ananın yatdığı qəbiris­tan­lıq­dan saldı, ananın məzarı başında dayandı, diz çökdü, do­daqları özündən ixtiyarsız pıçıldadı:

Halaldır çörəyin, südün, ey ana,

Bir də məzarına qoy baş əyim mən!

Qoy bu gün o layla bəstəkarına,

Şeirimlə, sözümlə layla deyim mən (20, 37).

Məmməd Araz “Üç oğul anası” poeması ilə yenə də öz dəsti-xəttinə sadiq qalaraq üstüörtülü qəliblərdə azadlıq ide­yalarını sərgiləməyə çalışmışdı. Ananın yuxuda toxuduğu hana motivi müstəqim mənada şairin yaralı, ikiyə bölünmüş vətəninin Araz boyunca uzanan sahillərini bir-birinə qovuş­durmaq xəyalı idi. Hananı yandıran ildırım motivi isə, təbii ki, bu milləti, bu vətəni ikiyə parçalayan, qardaşı qardaşa həsrət qoyan işğalçı çar Rusiyası və qatı sovet rejiminin gətirdiyi bəlanı təmsil edirdi. Bu bəladan qurtarmağın yega­nə yolu elin birləşməsi, öz gücünü “sel gücünə” qoşub sahil­lərini təmizləməsi idi. Ancaq dövrün, rejimin qarşısında aciz qalaraq ananın surətində bu ideyanı reallaşdıra bilməyən müəl­lif əsərinin əsas qayəsini müharibəyə nifrət üzərində qur­muş­dur. Cəbhəyə üç oğul yola salan ana obrazının uca­lı­ğı, daxili təlatümləri, ürək çırpıntıları sənətkarlıqla qələmə alınmış, Vətən sevgisi - ana sevgisi vəhdətdə verilmişdir. Şair - təkrarsız söz mühəndisi Məmməd Araz sözləri zərgər dəqiqliyi ilə düzərək gözlərimizin önündə ucalan bir nurani ana heykəli yaratmışdır. Ana öz dərdli, kədərli görkəmi ilə qəlbimizi riqqətə gətirir, müharibəyə nifrət yaradır, “yox” deməyə səsləyir, bir azadlıq mücəssəməsinə çevrilir.

Məmməd Arazın altmışıncı illərin əvvəllərində yazdığı sovet psixologiyası ruhunda “Mən də insan oldum”(1962), ailə-məişət zəminində “Paslı qılınc”(1965-1966) poema­larında Səməd Vurğunun təsiri açıq-aydın hiss edilirdi.

Filologiya elmləri doktoru, professor, AMEA-nın həqi­qi üzvü, İsa Həbibbəyli “Xalq şairi Məmməd Araz” kita­bında yazır: “Paslı qılınc” poeması sanki yazıldığı dövrün ye­ni tipli “Aygünü”dür. Bu əsərlə, ümumiyyətlə, poema bir janr kimi uca, möhtəşəm mövzulardan adi, sadə, bir qədər mürəkkəb həyati mətləblərin ifadəsi səviyyəsinə enmişdir” (98, 28).

Bu fikrin davamı olaraq filologiya elmləri doktoru Vaqif Yusifli də “Məmməd Araz dünyası” kitabında yazır: “Məm­məd Araz ilk şeirlərində Səməd Vurğundan, onun poe­ziyasından ruh alıb, bu ruhu bir müddət misralarında yaşa­dıb, sonra isə böyük şair əbədi ustad kimi Məmməd Araz yolunu işıqlandırmışdır” (156, 41).

Əslində Məmməd Araz da “Qayalara yazılan səs” (20, 194) poemasında bu məsələyə toxunaraq, səmimi şəkildə Səməd Vurğun bulağından su içdiyini etiraf edirdi:

Bulaq deyil, səs axırdı üzüaşağı,

Vurğun səsi, Vurğun sözü, Vurğun bulağı.

Biz hansımız o nəğmədən su içməmişik?

Kəlamından cığır alıb, yol seçməmişik? (20, 204)

Təbii ki, Səməd Vurğuna olan sevginin nəticəsi kimi Məmməd Araz poemada ustad şairin dolğun obrazını yarada bilmişdi. Dağlara gələn qonaqları qarşılayan çoban Səməd Vurğundan söz açır, onu xatırlayır, o keçmiş, unudulmaz anları qonaqlarla bölüşürdü. Sinəsi sözlə dolu çobanın sözü-söhbəti Səməd Vurğunu məftun etmişdi. Şair çobandan soruşur:

- “Bir de görüm, hardan belə söz ehtiyatı?” (20, 202).

Çoban cavab verir:

“Bu dağlarda çox çapılıb Koroğlu atı,

Bizi təkcə dağ yaşatmır,

Saz-söz yaşadır.

Ta əzəldən qılıncımız sazla qoşadır.

Saz kəsibdi bəzən qılınc kəsməyəni” (20, 202).

Məmməd Araz bu poemada da dağ və insan obrazlarını qoşalaşdırır, dağ ucalığı - insan ucalığı bir-birini cəzb edir və tamamlayır. İnsansız dağ, dağsız insan yoxdur, heçdir, mə­na­sız boşluqdur. İnsan dağ ilə, dağ insan ilə birdir, vəhdət halındadır, böyük anlamda Vətəndir. Ona görə də sazı ilə, sözü ilə dağları vəsf edən Koroğlu, Səməd Vurğun kimi el oğulları qılıncı, qələmi ilə də onu qoruyubdur. Göründüyü kimi, Məmməd Araz Koroğlu adını dəfələrlə şeirlərində tək­rarlamışdır. Koroğlu Azərbaycan xalqının igidlik, qəhrə­man­lıq simvollarından biridir. Koroğlunun vətənpərvərliyi onun haqq işi uğrunda mübarizəsindən, ərlik qeyrətindən irəli gəlirdi. Koroğlu həm də saz-söz ustası idi, hikmət sahibi idi. Koroğlunun simasında saz-söz və qılıncın birliyi - bütün türk dünyasının birliyinə işarədir.

Poemada Səməd Vurğunun obrazı çobanın dili ilə can­lan­dırılır. Səməd Vurğunun su içdiyi bulaq, “Vurğun bulağı” adlandırılır. Ustad şair haqqında xatirələrini söylədikcə ço­ba­nın özünün də mənəvi zənginliyi ortaya çıxır, sazın, sözün qiyməti, mənəvi dəyərlərin maddiyyatdan üstünlüyü aşkar olur. Kimin mənəviyyatı zəngindirsə, el yolunda çalışıbsa, kimin səsi, sazı, sözü qayalara yazılıbsa, o qayalar, o dağlar bu səsi, sözü min illərlə qoynunda qoruyub saxlayacaqdır. Səməd Vurğunun da səsi məhz bu qayalara yazılan səsdir.

“Qoca arıçı ilə söhbət” (1987) poeması Məmməd Araz yaradıcılığının son dövrlərinə təsadüf edir. Poemada təsvir edilən qoca obrazı sadə həyat tərzi sürən, ahıl yaşında fay­da­lı iş ilə məşğul olan, ömrünün son günlərini təbiətin qoynun­da zəhmətlə, qayğıyla keçirən arıçıdır. Arıçılıq peşəsi qoca­nın əsas məşğuliyyəti olsa da, bu qonaqsevər insan həm də ana təbiətin qoruyucusu, təəssübkeşidir. Qocanın saxladığı arı­lar ailənin iqtisadi təminatçısıdır. Bu yerlərdə zəhmətkeş in­san­ların heç kəsə ehtiyacı yoxdur, onlar çörəklidir, zəngin­dirlər. Müəllif çox düzgün olaraq yatağan, tənbəl insanları qı­nayır, qoca arıçının timsalında onlara nümunə göstərirdi:

Yatağana burda arsız deyərlər,

Kasıb deməz, arısızdı, - deyərlər (20, 214).

Müəllif əsərində saf kənd mühitini, bu mühitin qoy­nunda dünyagörmüş qocanı görk olaraq ümumbəşəri ide­ya­ların daşıyıcısı kimi təqdim edirdi. Bu paklığın qoynunda qonşu olan ayı da, əlik də, qurd da, it də, maral da, kəklik də sülh içində yaşayırlar. Şair “dərə qanunlarını” “Ağ evlərə”, qanun yazanlara ibrətamiz bir mesaj olaraq ünvanlayırdı.


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə