Nizami muradoğlu söZÜn məMMƏd araz


Şairin poeziyasında Dünya obrazı



Yüklə 1,27 Mb.
səhifə5/11
tarix18.06.2018
ölçüsü1,27 Mb.
#49792
1   2   3   4   5   6   7   8   9   10   11

2.2. Şairin poeziyasında Dünya obrazı

Məmməd Araz yaradıcılığı boyunca onu düşündürən, səsi çox uzaqlardan, qədimdən gələn Dünya fəlsəfi kate­qo­riyasının görünən və görünməyən tərəflərini özü görə bil­diyi qədərində aşkarlamaq, oxuculara çatdırmaq istəyirdi. Dünya haqqında yazılan və deyilən yüzlərlə əsərlərə, deyimlərə ya­xın­dan bələdliyi şairi daim düşündürürdü. Görkəmli sənətka­rın belə bir ehtiyacdan qələmə aldığı şeirləri yazıldığı tarix­lərə görə sıralayaq: “Dünya sənin, dünya mənim...” (1976), “Dünya gözəl dünyadı” (1978), “Qoruyun dünyanı” (1980), “Mə­nim də yaşım az deyil” (1980), “Belə dünyanın” (1989), “Dünya düzəlmir” (1990), “Ya Rəbbim, bu dünya sən quran deyil” (1991). Məqsədimiz bu şeirlər arasında olan müna­si­bətləri aydınlaşdırmaq, şairin taleyində baş verən hər hansı bir dəyişikliklər ilə mövzuda uyarlıqların vəhdətini incələmək, dünya ilə bağlı xalq təfəkküründə formalaşmış duyğuların şair qələmi ilə inikasını səciyyələndirməkdir. 40-45 yaşlarında güclü, qüvvətli, sağlam, hündür boylu, hamı tə­rə­findən sevilən, əzizlənən şair dünyanın gözəlliyinə hey-ran qalırdı. Yerin nəfəsinin istiliyindən dağ qarının əridiyi, durna qatarlarının uçduğu, dərələrin, düzənlərin gülə-çiçəyə büründüyü, dağların vüqarla dayanıb bir boy da ucaldığı za­man­dı, belə bir vaxtda Dünya gözəldi. Yaz çiçəkləri gün­düz­lər insanın dəruni, iç duyğularını selləndirdiyi kimi, gecələr də yuxularına gülab qatıb şirinləşdirirdi. Belə gözəl bir gün insanın ömründən ötüb keçsə də, Dünya gözəlliyində qalırdı. Şair lirik qəhrəmanını belə gözəlliklər içərisində özünü du­ma­na, tufana düşməkdən qorumağa çağırır, yoxuşunda nəfəs dərib, dincəlib sonra davam etməyi məsləhət görürdü. Baş­lan­ğıcda “Yenə gördüm gördüyümüz dağları” deyən şair ha­va, su, od, torpaq - dörd ünsürü xatırladaraq şeiri belə bir son­luq ilə bitirirdi:

Baxışında üfüqlərin baxarı,

Gülüşündə qayaların axarı.

Əllərində işığının açarı,

Kimə gülzar, kimə gözəl dünyadı,

Dünya gözəl, dünya gözəl dünyadı (18, 303).

Dünya haqqında bu qədər gözəl duyğular ilə yaşayan, onu çox həvəslə poeziyasında tərənnüm edən şair iki ildən sonra qəribə nigarançılıq ilə “qoruyun dünyanı” deyərək ha­ray çəkirdi. Ağıllı adamlar artdıqca “ağılların bəlasından” dün­yanın sığortalanmadığı aşkar olurdu. Şair başa düşürdü ki, əgər ağıllı baş qəzəblənərsə, o bir kibrit kimi qurumuş kü­ləş tayasına oxşayan dünyamızı bir an içində yandırıb ya­xa bilər. Şair ağıllının qəzəblənməsini, dəvənin hikkələnməsi ilə müqayisə edirək yazırdı:

Ağıl qızıxanda – dəvə hikkəli,

Köpəndə demirəm o nəyə bənzər,

Yerin kürəyinə çiyin söykəyib,

Dünyanı tərsinə fırlatmaq istər (19, 12).

Eldə məsəl var - hirsli adama “dəvə hikkəlidir” de­yər­lər. Dəvə qızıxanda hikkəsi başına vurar, qarşısına çıxanı diş­ləyər, əzər, öldürər. “Ağıllı” adamların “ağıllı qəzəbi” də böyük olur, dəhşətli olur, dəvə hikkəsindən də böyük olur, çünki dəvə bir və ya bir neçə adama, yığcam bir ətrafa ziyan verə bilirsə, “ağıllı” adamların “ağıllı qəzəbi” bəşəriyyətin məhvinə gətirib çıxara bilər:

Ağıllı azdıqca ağılsız artır,

Qoruyun dünyanı “ağıllılardan!” (19, 12)

Şairin “Qoruyun dünyanı” şeirindəki nigarançılığı, elə həmin ildə yazdığı “Mənim də yaşım az deyil” şeirində bir qədər başqa formada davam etsə də, düşüncələrində yaranan duyum fərqi, yanaşma müxtəlifliyi özünü biruzə verir. “Gö­zəl dünya” “əyri dünyaya” çevrilmiş, “çiçəyindən alağı, ki­şi­sindən papağı, köpəyindən yalağı çox” olan dünya olmuşdur:

Dolu gödən kürkə sığmaz,

Boş balqabaq börkə sığmaz.

Yəhər qanmaz, tərkə sığmaz...

Bu dünyada nə görmədim! (19, 13)

“Döş kimi dolu raketlər” görən şair qorxur ki, gələcək nəsillərə, körpə uşaqlara əmzik yerinə bu raketləri yediz­di­rər­lər, qorxur ki, insanlıq tamamilə sıradan çıxa bilər. Şair az müddət ərzində, cəmi iki il içərisində bu qənaətə gəlir ki, dünya çox dəyişilibdi, əvvəlki gözəl dünyadan əsər-əlamət qal­mayıbdı. Ona görə də ilk vaxtlar “Dünya sənin, dünya mə­nim” deyən şair, sonradan “dünya heç kimin...” demək məcburiyyətində qalır.

Bəli, bəşər övladı yaranandan bəri qarşısında aciz qal­dığı dilemmaların, həllini tapa bilmədiyi müxtəlif hadisə­lə­rin, ətrafında cərayan edən qeyri-müəyyənliklərin səbəbini yaşadığı mühitdə, həyatda, son nəticədə Dünyada axtarmağa çalışmışdır. Azərbaycan xalqının da dünyagörüşündə bu cə­hət mühüm yer tutmuş və xalqın təfəkküründə Dünya ilə bağlı çoxlu miflər, əfsanə və rəvayətlər, atalar sözləri, de­yim­lər, bayatılar və s. yaranmışdır (76; 81; 106; 143; 144). “Dünya beş gündür, beşi də qara”, “Süleymandan, Nuhdan qalan dünyadır”, “Verdiyini alan dünyadır” və sairə kimi de­yim­lərlə yanaşı, mükəmməl folklor nümunələri olan miflər, bayatılar, atalar sözləri, nağıllar və əfsanələrin yaranması Dün­ya haqqında hələ fikirləri tam formalaşmamış insanın bu anlamda apardığı axtarışlarla bağlı olmuşdur (167; 168; 173; 177). Bu nümunələr müxtəlif zamanlarda müxtəlif adamlar tərəfindən deyilmiş, sonra isə ağızdan-ağıza keçərək cila­la-nıb bugünkü məzmunda bizə belə gəlib çatmışdır:

Dünya yalan dünyadır,

Nuhdan qalan dünyadır.

Göz verər, işıq verməz,

Dərdə salan dünyadır (131).

Və ya:

Bahasız daşdı dünya,



Çürük ağacdı dünya.

Kimə deyim dərdimi.

Tamam qan-yaşdı dünya (42, 592).

Bu nümunələri gətirməkdə məqsədimiz Məmməd Araz poeziyasına qədərki dövrdə Dünya haqqında formalaşmış müxtəlif fikirlərə, yaranan folklor nümunələrinə diqqəti çək­mək­dir. Məmməd Araz poeziyasının zirvə şeirlərindən biri olan “Dünya sənin, dünya mənim...” şeiri də xalq yara­dı­cılığı ənənələrindən süzülüb gələn və qaynaqlanan, Məm­məd Araz ürəyinin qanı ilə yoğrulub-yaxılan, yeni məzmun və məna çalarları ilə oxucuya təqdim edilən, onu düşün­dü­rən, həyat və dünya haqqında bir qədər fəlsəfi, bir qədər mü­cərrəd, həm də dərin mənalı fikirlər formalaşdıran bir düşün­cə­nin inikasıdır:

Bir taleyin oyununda cütlənmiş zərik,

Yüz il qoşa atılsaq da, qoşa düşmərik.

Bir zərrənin işığına milyonlar şərik,

Dünya sənin,

Dünya mənim,

Dünya heç kimin... (19, 103)



Nə üçün biz taleyin oyununda cütlənmişik? Bu hansı oyundur, bu oyunu kim oynayır və kim ilə oynayır? Suallar çoxdur və onların cavabları da çox ola bilər. Ancaq ən düz­gün, məna kəsb edəni hansıdır? Bunu tapmağa çalışaq.

Həyata diqqətlə nəzər salsaq, gördüyümüz bütün canlı aləmin, cəmiyyətin və təbiətin predmetlərinin hamısının cüt­lük təşkil etdiyinin şahidi olarıq. Dünyanın ən ali varlığı olan insanın özünün və ətrafındakı hər şeyin cütlüyü in­kare­dil­məz­dir. İnsan qadın və kişidən ibarətdir, o cütdür. İstər hey­va­nat aləmi olsun, istərsə də bitki aləmi cütlükdən təşkil edil­­mişdir. Hətta insan hüceyrələrindən tutmuş ən kiçik zər­rə­ciklər olan atom və neytrona qədər cütlükdən ibarətdir. Bir ağac yarpağını qarşınıza qoyub müşahidə aparın. Bir ana zoğ­­dan ayrılan şaxələrin hamısı cütdür, tək ola bilməz. Çün­ki təklik Allaha xas olan cəhətdir. Bəlkə elə, Allahın yüz adın­dan biri, birincisi Tək deməkdir. Tək olan Allah bu ta­leyin oyununda hər şeyi cütləşdirib, qoşalaşdırıb sonra da Yer üzərinə - həyata atıbdır. Daha bir kimsə onu qoşalaş­dı­rıb ata bilməz, atsa da qoşa düşməz, bu, qeyri-mümkündür. Bəs bu hansı oyundur? Bu o oyundur ki, biz onun içərisin­də­yik. Hardan gəlib, hara getdiyimizi bilmədən, qiyamət gü­nün­də öz qismətimizi gözləyirik. Qiyamət günü də Tək Al­lahın iradəsindən asılıdır, kimsə onun qarşısını ala bilməz. Bu qarışıqlıq içərisində, bu anlaşılmaz oyundan baş çıxar­ma­ğa can atan milyonlarla insanların cərgəsində şair Məmməd Araz da bir yol axtarır və ona görə də işıq gələn tərəfə get­mə­yi məqbul hesab edirdi. Məmməd Araz dühasının böyük­lü­yü də elə ondadır ki, xalq nağıllarından (58; 59; 60; 61; 62) və xalq dastanlarından (29; 30; 31; 32; 33) gələn “it hürən tərəf” ilə “işıq gələn tərəfin” fərqini tam aydınlığı ilə görə bi­lirdi. “İt hürən tərəfdə” yaşayış üçün bütün şərait var, insanlar burada işləyir, yazır-yaradır, fəaliyyət göstərirlər. Min illərdir sınaqdan çıxmış bu yol adi müsafirlər üçün məqbul sayıla bilər, lakin min illərin dərdini çiynində daşıyan, min il­lərin açılmayan sirlərini, cavabsız suallarını ürəyində gəz­di­rən, fikri, düşüncəsi bu məchulların təsdiq- edici cavabını ara­yan şair üçün işığın arxasınca getmək gərəkdir. Şair bilir ki, işığın divlərin, əjdahaların əlində olması həqiqətdən çox uzaq bir əfsanədir, işıq olan yerdə həyat var, həyat isə elə işıq ilə bağlı olub, işıqdan ayrı düşünülməsi mümkün ol­ma­yan bir əlamətdir. Hamının işığa ehtiyacı vardır. Bu işıq zərrəcikləri təbiətin canlanmasına, suların harmoniyasına, bü­tün gözəlliklərin estetikasına təsir göstərən mənbədir. Bu işıq Allahın – Tək varlığın yaratdığı, cəmi məxluqat üçün sirli qalan, eyni zamanda gördüklərimizin hamısının canlan­ma­sında əsas enerji mənbəyidir. İnsan bu işığa çatmaq üçün atomu, neytronu kəşf etsə də, işıq sürətli təyyarələr, raketlər düzəltsə də, yenə də onun mənbəyinə gedib çata bilmədi. Hət­ta düzəltdikləri də həmişə insanın rifahı naminə işləmək­dənsə, onun ziyanına işlədiyi zamanlar da oldu. Xirosima və Naqasakidə sınaqdan keçirilən atom bombalarının törətdiyi fəlakətlər hələ də davam edir. Çernobıl atom elektrik stansi­yasında sızma hallarının baş verməsi nə qədər böyük dağın­tılara səbəb oldu. Bəs nədəndir ki, milyon illərdir, Günəş işığı yanır, heç bir fəlakət törətmir, insanlara, təbiətə xoş əh­vali-ruhiyyə, gözəllik, istilik bəxş edir, lakin tükənmir?! Bu­nun sirri Tək və Vahid olan Allaha məxsusdur. Allah bu sirli dünyanı yaradıb və insanları da bu dünyada məskun­laş­dırıb­dır. İnsan oğlu da doğulduğu gündən Dünya haqqında fikir­lə­şir, hərdən Dünyanın ona məxsus olduğu qənaətinə gəlsə də, tez də fikrini dəyişib özünün də dünyanın bir parçası, bir hissəciyi olması haqqında qərar qəbul etmək məcburiyyə­tin­də qalır. Ümumiyyətlə, şairin qənaətində Dünya məchuldur. Başqa sözlə, Dünya nədir, Yerdirmi, Göydürmü, Aydırmı, Gün­əşdirmi, ulduzlardırmı, dənizdirmi, dağdırmı, nədir axı bu Dünya?!

Xalq yaradıcılığında - miflərdə, nağıllarda, əfsanələrdə, bayatılarda bu sualların cavabı, bəlkə, bir qədər sadə for­ma­da verilsə də, məhz o kökdən, o söz xəzinəsindən ruhu qi­dalanmış Məmməd Arazın düşüncəsində bu, sadəlikdən çox-çox uzaq, düşündürücü suallar ilə çuğlaşmışdır:

Çevrəsindən çıxsa əgər sevda fırfıran,

Bir ümidin ətəyindən tutub da fırlan.

Eşidirsən, pıçıldayır yıxılan, duran,

Dünya sənin,

Dünya mənim,

Dünya heç kimin... (19, 103)

Qəribədir ki, şair dünyaya bu qədər sevgisi ilə uğur­suz­luqlara düçar olanda da, axtardıqlarına cavab tapmayanda da, getdiyi mənzilin kənarında qalanda da ümidini itirmir, özün­dən əvvəl bu yolu keçmək istəyənləri xatırlayır, bu yolda dönməz əsgərə çevrilir. Məqsədə yetmək üçün məh­ru­miyyətlərə dözmək, yıxılanda qalxmaq ümidini itirməmək, bu sirli dünyanı özləşdirmək, daxili “mənə” çevirmək, mən­ləş­dirmək, bu dünyanın bir parçası olduğunu xatırlamaqla şair öz “mən”ini də bu dünyanın içinə qataraq onun nüvəsinə can atır. Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə Məmməd Arazın “Dünya sənin, dünya mənim”... şeiri haqqında öz fikirlərini belə ifadə edir: “Az qala hamının əzbər bildiyi bu şeir Məmməd Arazın iç dünyasından qar altından çıxmış çiçək kimi poeziya gülüstanına daxil oldu. Həmin iç dünya isə aldanış və ümid, həyəcan və həsrət, gecikmiş təntənə və ədəbi narahatlıq muzeyinə bənzəyir. Bu adi və də­rin şeirdə “Bu dünyanın qara daşı göyərməz” ümid­siz­li­yindən “Dünya mənim!” hökmünə qədər keçilmiş bir ömür yolu, şair taleyi - İnsan inamı və poetik həqiqət var” (18, 8).

Nizaməddin Şəmsizadənin bu fikrinə hörmətlə yanaşıb, bəlkə də, zaman içində “Dünya mənim!” hökmü ilə razılaş­maq olardı, ancaq Məmməd Araz “Dünya heç kimin!” deyə­rək, həm də öz əvvəlki fikrinə qarşı çıxırdı. Deməli, heç kəs əbədi deyil, əbədi olan bu dünyadır! Əbədi deyə düşün­dük­lə­rimizə əbədi olan Dünya qəhqəhə çəkib gülər. Şeirdən aşağı­dakı parçaya nəzər salaq:

Bu get – gəllər bazarında dəvədi dünya,

Bu ömür – gün naxışına həvədi dünya.

Əbədiyə qəh-qəh çəkər əbədi dünya,

Dünya sənin,

Dünya mənim,

Dünya heç kimin... (19, 103)

İnsan gözünü dünyaya açanda özünü dünyanın quca­ğın­da görür, dünyanın isə ucu-bucağı yoxdur, gecə-gün­düz yol getsən də, nə qədər oturub düşünsən də, dünyanın sirlərini, onun bulmacalarını tapa bilməyəcəksən.

Dünyanın ən dözümlü heyvanı dəvədir. Dəvə həm də var-dövlət rəm­zidir. Qədim zamanlarda dəvəsi olanlar təmin olunmuş, varlı insanlar sayılırdı. Təsadüfi deyildir ki, folklor yaradıcı­lı­ğın­da da “dövlətdə dəvə, övladda nəvə” deyilmişdir. Bu dəvə dün­ya da öz sakinlərini zaman-zaman yorub əldən salmış, hər kəsin bir fərd olaraq ömür-gününə bir naxış vurub, əbə­dilik axtaranlara - isgəndərlərə, şəddadlara, fironlara və baş­qa­larına qəh-qəh çəkib gülmüşdür. Tufanı, seli, qasırğası, odu-alovu, vulkanı olan, dənizləri təlatümə gətirən, dağları yerindən oynadan bu dünyanın ancaq özü əbədidir, qalan hər şey fanidir, ötəri və keçəridir.

Məmməd Arazın seçilmiş əsərlərinin III cildinə ön söz yazmış, filologiya elmləri doktoru, professor, akademik İsa Həbibbəyliyə görə “ şairin sırf, xalis bəşəri – fəlsəfi səpkidə alıb, yüksək bədii səviyyədə təqdim etdiyi dünya mövzusu, ilk növbədə, Vətən övladlarını “gəlimli-gedimli” dünyanın bənzərsiz “ömür-gün naxışı”nın mahiyyəti ətrafında düşün­dürməyə yön alır” (19, 8).

Ayaq saxla, dövrənə bax, ötəri belə,

Min illərdir Araz belə, Həkəri belə.

Axşamların, səhərlərin təkəri belə.

Dünya sənin,

Dünya mənim,

Dünya heç kimin... (19, 103)

Min illərdir Araz axır, Həkəri axır, min illərdir ax­şam­lar və səhərlər bir-birini əvəz edir. Bu hadisələr axarında durub ötəri baxmaq ilə, zaman üçün bir an qədərindən də az olan bir ömürdə dünya haqqında hansı hökmü vermək müm­kündür? İnsan ağlı nə qədər sürətlə işləsə də, bu cür dərin­liklərinə enməkdə acizdir, çünki qoca dünyanın bu oyununun nəinki oyunçusu olmaq, hətta seyrçisi olmaq belə çətindir. Bu baxımdan da şairin gəldiyi qənaətləri gülməlidir – O, özü­nə də gülür, minib zamanın fövqünə çatmağa çalışdığı ata da gülür, şahmat taxtasında şahı Yaradan tərəfindən vu­rul­muş matlara da gülür. Nə yaxşı ki, şair bu qədər qarışıq, dolaşıq aləmdə gülə bilirdi:

Gülünclərə gülünc gələn bu ada güldüm,

Yüyəninə hər əl yetən bu ata güldüm.

Mən özümlə oynadığım şahmata güldüm.

Dünya sənin,

Dünya mənim,

Dünya heç kimin... (19, 104)

Ancaq min illərdir ki, xalq yaradıcılığında – folklo­ru­muzda konkret olaraq bayatılarımızda Məmməd Arazın ca­va­­bını tapmağa çalışdığı bu sualların cavabı belə forma­laşmışdır:

Gün doğar batar gedər,

Su gələr, axar gedər.

Dünya bir pəncərədir,

Hər gələn baxar gedər (72, 155).

Məmməd Araz da həmin bu bayatıda olan fikirləri öz ağıl və hiss süzgəcindən keçirib oxucuları daha da dərindən düşündürməyə, onları haqqa, ədalətə, doğruluğa, aydınlığa, düzlüyə, yaxşılığa, mübarizliyə səsləyərək, bəşəriyyətə öz ağıl və düşüncə payını ərməğan etmişdir. Doğrudan da, gə­limli, gedimli, son ucu ölümlü dünyanın elə bir pəncərəsi var. Lakin nə yazıqlar ki, çoxları o pəncərənin önündən gö­züyumulu keçib gedir. Ancaq Məmməd Araz bayatıda de­yildiyi kimi, dayanıb bir anlıq o pəncərədən ötəri də olsa, bax­mağı insanlara tövsiyə edirdi. Şairin özü də bu pən­cərədən baxdı, düşündü, düşündürdü, güldü və bu dünyadan köçdü. Ondan qalan isə az qala atalar sözlərinə, aforizmə çev­rilən deyimləri, heç zaman öz dəyərini itirməyəcək qiy­mətli şeirləri oldu...

Dünya sənin, mənim, sonra da heç kimin - deyərək Məmməd Araz bu yanlışlıq içərisində daha bir müddət qaldı. Şeir nə qədər xoşa gəlsə də, dillər əzbərinə çevrilsə də, fikir tamamlanmadı, şair nəticəyə vara bilmədiyindən oxucular da gözləmək məcburiyyətində qaldılar. Məmməd Araz təqribən on il müddətində bu yanlışlıq içərisində daha iki şeir yazdı. Pırtlaşıq bir halda cərəyan edən ictimai hadisələr şairin zəif­ləmiş, qüvvədən düşmüş bədəninə təsir edir, onun mənəvi dünyasında bir təbəddülat yaradırdı. Ona görə də Günəşi, Ayı köməyə çağırır, “uman yerdən küsərlər” deyib, əslində Dünyadan küsürdü. Həm də Dünyadan ona görə küsürdü ki, Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad kimi söz us­ta­larının, könülləri fəht etmiş bu böyük sənətkarların za­ma­nında qədr-qiymətləri bilinməmişdi. Öz taleyində də bu sə­nət­karların taleyinə oxşar cizgilər araşdıran şair məhz bu sə­bəbdən bədbinliyə qapılır, hansısa bir məmurun soyuq üzünü dünyanın gözəl üzü ilə dəyişik salırdı, yaxud da bir məmura, bir nazirə demək istədiyini Dünyaya ünvanlayırdı. Ənənəvi bir gediş olan bu gediş əslində çox uzaqlardan gəlirdi. Uzaq­lardan gələn o səs şairin də, onu oxuyanların da qulaqlarında əks-səda verirdi:

Dünya qoca, dünya yalan dünyadı.

Oğul doğub dərdə salan dünyadı.

Hər nə verib sonra onu alıbdı,

Süleymandan bir quru ad qalıbdı (131).

Səməd Vurğun poeziyasının vurğunu olan, onu sevə-sevə oxuyan, özü ilə Səməd Vurğun mənliyində müəyyən ox­şarlıq olduğunu görən Məmməd Araz Səməd Vurğunun “Dünya” şeirini əzbər söyləyirdi:

Əzəldən belədir çünki kainat,

Cahan əbədidir, ömür amanat.

Əldən ələ keçir vəfasız həyat,

Biz gəldi-gedərik sən yaşa, dünya! (153, 208)

Şeirin pessimist notlarını içindən keçirdərək Məmməd Araz dünyanın vəfasızlığı, etibarsızlığı haqqında hisslərini yaşayaraq həyatdan vaxtsız getmiş istedadlı şairimiz Mikayıl Müşfiqin xatirəsinə həsr etdiyi “Belə dünyanın” şeiri ilə bu küskün ruhlu misraları pıçıldayırdı:

Söz verdim, söz adlı dəfinə verə.

Tək bircə ölümsüz qərinə verə.

Umdum nə verdi ki, küsüm nə verə?

Mən belə dünyanın nəyindən küsüm? (19, 213)

“Uman yerdən küsərlər”(25,612) deyiminə bir qədər də geniş mənada baxmağa çalışaq. Ummaq insana məxsus keyfiyyətdir. Ummaq - yəni arzulamaq, istəmək, yaxın bil­di­yin insanlardan, ailədən, dostlardan, tanışlardan qayğı göz­ləmək, ümid etmək və s. anlamlarda başa düşülür. “Uman yerdən” ifadəsindəki yerdən sözü də məcazi mənada iş­lən­mişdir. Hərfi anlamda yer - torpaq, yurd kimi mənalansa da, “uman yerdən” frazeoloji birləşməsi yaxın, qohum, dost, qar­daş, doğma bildiyin adamlar kimi qavranılır. Bu baxım­dan “sənə güvəndiyim dağlar, sənə də qar yağarmış” atalar sözü ilə “uman yerdən küsərlər” ifadəsi arasında qarşılıqlı oxşarlıq vardır. Belə ki, yaxın adamlarda etibarsızlıq, vəfa­sız­lıq, soyuqluq, etinasızlıq görüləndə işlədilən “sənə güvən­diyim dağlar, sənə də qar yağarmış” (25, 571) deyimindəki məcazi məna çaları, eyni ilə “uman yerdən küsərlər” deyi­minin də nüvəsini təşkil edir. Təbii ki, Məmməd Araz yaşa­dığı, işlədiyi, yazıb yaratdığı cəmiyyətin içərisində bir fərd olaraq etinasızlıq, qayğısızlıq, hətta bəzən xoş olmayan si­tuasiyalarla qarşılaşanda, şairin mənəvi aləminin təlatümləri içərisində ümid işığının zəifləməsi nəticəsində konkret olaraq kimlərəsə deyilməli sözlər dağa, daşa, daha böyük təsəvvürdə dünyaya ünvanlanmışdı. Ona görə də dünyanın sifətinə deyilən sözləri ilə ürəyinin yanğısını bir qədər sən­git­məyə çalışan şairin mövqeyi bu şeirdə də tam qəti­ləş-məmişdir. Şairin mövqeyi lirik qəhrəmanın mövqeyi ilə ox­şar­dır. Şeirin qəhrəmanı dünyadan küsüb-küsməməyi aydın­laş­dıra bilmədiyi üçün Günəşə, Aya tapınmağı daha məqbul hesab edir. Qədim türk folklorunun astral motivləri Günəşin, Ayın şeirə gətirilməsi müəllifin çağdaşlarında türk mənliyini oyatmaq istəyindən irəli gəlirdi. Qədim türk mifologiyasında Günəş, Ay türklərin tanrıları idi. Qədim türklər inanırdılar ki, türk xaqanları Günəşin oğullarıdır. Şumerlər, Altaylar Günəşə Tanrı deyirdilər. Hunlar Günəşə, Aya inanırdılar (73; 76; 142; 157; 164; 169). Qədim türklərdə evlərin, ça­dırların qapıları Günəşə baxırdı. İndinin özündə də bu ənənə saxlanılır. Gecələr Aya salavat çevirirlər. Bütün bunları Məm­məd Araz bilirdi, bildiyinə görə də, mifologiya ilə bu günün insanları arasında bir anlaşma düzəltmək, soy- kökü­müzə qayıdış harayı salmaq, müasirlərimizi bir-birinə arxa dur­mağa, bir-birinə kömək əlini uzatmağa, ədalətli, insaflı olmağa çağırırdı:

Ömrünə vay salar, vaydan utanmaz,

Saç yolub – hay salar,

Haydan utanmaz,

Günəşdən utanmaz, Aydan utanmaz,

Mən belə dünyanın nəyindən küsüm? (19, 213)

Şair utanmaz rejimi xırsız əjdahaya bənzədirdi. Nağıl­lardan məlumdur ki, əjdahalar suyun qabağını kəsər, eli su­suz qoyardılar. “Cəlayivətən” nağılında da biz belə bir epi­zoda rast gəlirik: Cəlayivətən gəzə-gəzə gəlib bir şəhərə çı­xır, bir qarının qonağı olur. Qarı nənə Cəlayivətənə yemək hazırlayır. Cəlayivətən yeyib doyandan sonra qarı nənədən içməyə su istəyir. Qarı nənə ona şor su verir. Cəlayivətən qarıdan suyun niyə şor olduğunu soruşur. Qarı məlumat verir ki, şəhərdən keçən çayın qabağını bir əjdaha kəsib, şəhərə su buraxmır, hər ay bu əjdahaya bir qız qurban verirlər. Bu qızı udanda əjdaha başını qaldırır, o zaman şəhərə su gəlir. İndi neçə aydır ki, əjdaha şəhərə su buraxmır. Şəhərdə artıq qız qalmadığından bu gün padşahın qızı əjdahaya qurban veri­lə­cək­dir. Qarıdan bu əhvalatı eşidən Cəlayivətən əjdahanı öl­dürüb həm padşahın qızını xilas etmək, həm də şəhər əhlinin susuzluqdan çəkdiyi əziyyətlərə son qoymaq qərarına gəlir. Bu məqsədlə Cəlayivətən bir qılınc alıb çayın kənarında gizlənir. Camaat padşahın qızını gətirib əjdahaya yaxın bir yerdə qoyub, kənara çəkilirlər. Əjdaha qızı udmaq istəyəndə Cəlayivətən gizləndiyi yerdən çıxıb əjdahanı öldürüb qızı xilas edir.

Çaydı dəhnəsində xırsız əjdaha,

Gecəsi salamat çıxmaz sabaha.

İti bazarında atından baha,

Mən belə dünyanın nəyindən küsüm? (19, 213)

Şair Sovet rejimini xırsız əjdahaya bənzədərək demək istəyirdi ki, əjdahalar xalqı susuzluq ilə imtahana çəkir­di­lərsə, bu rejim də ayrı-ayrı xalqları əsarət altına alaraq, azad­lıqdan məhrum etmişdir. Bu çərçivədə meyarlar itirilmiş, yax­şı-pis bir-birinə qarışmışdır. Yağ ilə şorun fərqi bilinmə­yən bir bazarda itin qiyməti atdan baha olmuşdur.

Məmməd Araz mövzusunu folklordan götürülmüş mo­tivlərlə zənginləşdirmiş, eyni zamanda “iti bazarında atından baha” kimi aforizm səviyyəsinə qalxmış bir deyim yarat­mışdır. Hətta şair şeirin sonunda öz nifrətinin kulminasiya nöq­təsində xalq jarqonundan istifadə edərək “ondan inciyə­nin beləsi belə..” deyərək hirsini soyutmağa çalışırdı. Şair şeirində müxtəlif təzadlar, deyimləri yerli-yerində işlədərək insanın ətraf aləmlə təmasından ibrətamiz nəticələr çıxart­ma­ğa səsləyirdi. Ancaq hiss olunur ki, şeir bitsə də, müəllifin hə­lə yenə də, mövzu ilə bağlı demək istədikləri çoxdur. Ey­ni əhvali-ruhiyyə ilə təqribən bir ildən sonra şair Böyük Mirzə Cəlilə ithaf etdiyi “Dünya düzəlmir” şeirini yazdı. Şeir­də olan fikir oxşarlığı, folklordan faydalanma təzahür­ləri, şairin mənəvi aləminin nəzərə çarpan təbəddülatları im­kan verir ki, “Dünya düzəlmir” şeirinin “Belə dünyanın” şeirinə bir əlavə kimi yazıldığı qənaətinə gələk:

Kimdənsə tez durub kimin uşağı,

İtinə daş atıb beş yüz il qabaq.

Kimin dəyirmanı, kimdən aşağı...

Bunları yerində kim oturdacaq?!

Dünya düzəlmir ki, düzəlmir, baba! (19, 220)

Şeirlə uzlaşan atalar sözləri var: “İtə atmağa daşı yoxdur” (25, 370), yaxud “Dəyirman bildiyin eylər, çaq-çaq baş ağrıdar” (25, 252).

Böyük rus şairi Krılovun “Qurd və quzu” təmsilində də buna oxşar epizodlar vardır. Quzunu yemək istəyən qurd ona deyir:

-Ay yasar,

Səndə var cürbəcür yaman hallar.

De görüm, niyə suya girdin,

Niyə sərçeşməni bulandırdın? (112, 67)

Quzu and içir, aman eləyir ki, bəs mən səndən aşağıda dayanmışam, suyu bulandıra bilmərəm, mən sənin burda ol­du­ğunu bilsəydim, heç bura gəlməzdim. Qurd da öz növ­bə­sində bəhanə gətirir ki, bəs sənin atan-anan səndən əvvəl də var­dı, onlar suyu bulandırmışdı.

Göründüyü kimi, qurd məqsədinə çatmaq üçün dürlü bəhanələr uydurur. Şair fikirləşirdi ki, cəmiyyətdə də buna bən­zər əhvalatlar baş verir, qanunlar yerini tapmır, qanun­lar­da olan boşluqlar qanunsuzluqlar yaradır. Artıq çoxdandır ki, kotançı dəmir, körükçü kömür, çörəkçi xəmir üzünə həs­rət qalıbdır. Bu insanların “səbir kasaları dolubdur”. “Bax­sam “döz” deyənə, “döz” deyilənə, ağzımdan qapılar öz ha­lal tikəm” (19, 221) – deyə şair səbr etməyə son qoymaq haq­qında fikirləşirdi.

Sadaladıqlarımıza aydınlıq gətirmək məqsədi ilə bir sıra “Molla Nəsrəddin lətifələri” kitablarına (123; 158; 160; 161) daxil edilən “Dava yorğan üstədir” nümunəsinə diqqət yetirək: Molla axşam çağı yorğana uzanıb yatmışdı. Birdən eşikdən səs-küy eşidilir. Mollanın arvadı deyir ki, ay kişi, bir eşiyə çıx, gör nə səs-küydü. Molla da yorğanı çiyninə salıb eşi­yə çıxır, görsün nə olub. Lotular yorğanı mollanın çiy­nindən qapıb qaçırlar. Molla kor-peşman evə qayıdır. Arvad soruşur ki, molla bu nə davadı? Molla cavab verir: “Dava yorğan üstədir.” Bu nümunəyə bənzər belə atalar sözləri də var: “Dava dağarcıq üstədir” (26, 119) və ya “Davakarın şah olsa, ərizəni Allaha yaz” (25, 231). Bütün bu fikirləri ümu­miləşdirərək deyə bilərik ki, Məmməd Araz çox orijinal bir deyim tərzi ilə həyatın iç üzünü göstərən, onu şəkilləndirən ədəbiyyatımıza yeni səs, yeni nəfəs gətiribdi. Şairin şeir­lə­rin­də fəlsəfi məzmun kəsb edən, mənəvi dünyamızın zənginləş­mə­sinə yardımçı olan ayrı-ayrı beytlər, hətta, bəzən bütöv bənd­lər oxucuların yaddaşında özünə yer eləyib folklor­la­şıbdı. “Dünya düzəlmir” şeiri bu aspektdən araşdırıldıqda şai­rin poetik dünyasında Dünya obrazının yeri və əhəmiyyəti aydınlaşmış olur:

Gedir yal davası, sümük davası,

Gedir vurhavurla çəpik davası.

Gedir milyonçunun qəpik davası,

Çürük fikirlərin çürük davası...

Dünya düzəlmir ki, düzəlmir, baba! (19, 221)

Şeirin sonluğunda şair özünə xitabən verdiyi suala cavab tapa bilmədiyi üçün həmin sorğunu böyük mütə­fək­kir Cəlil Məmmədquluzadəyə ünvanlayırdı:

Hələ bu dünyanın qeylü-qalı çox,

Bilməm zəhəri çox, yoxsa balı çox.

Çox verdim özümə bu sualı çox.

Ərzin nadanından ağsaqqalı çox!

Bəs niyə bu dünya düzəlmir, baba? (19, 221)

Təbii ki, Cəlil Məmmədquluzadə sağ olsaydı, bu suala cavab verərdi. Ancaq ondan qabaq müdrik babalarımızın biz­lərə əmanət qoyduqları sözlərdə bu sualın cavabı aşkar­dır: “Dünyada iki şəxs heç vaxt dost olmaz, biri-qanan, biri-qan­maz” (25, 231). Qanan ilə qanmazın yaşadığı bir mühitdə, dünyanın düzəlməyi də müşkül görünür.

Məmməd Araz daha bir il fikirləşərək dünyanın do­la­şıq düşmüş müşküllərini çözməyin yollarını arayıb tapa bil­mədiyini görüb tamam fərqli bir qərar qəbul etdi. “Dünya sənin, dünya mənim, dünya heç kimin”…bədbinliyindən dün­yanın düzəlməsinə ümidini itirmiş şair son nəticədə dün­yanın yaradıcısına müraciət etmək qərarına gəldi. “Ya Rəb­bim, bu dünya sən quran deyil” (1991) başlıqlı minacatla ar­dıcıl olaraq poeziyasında yaratdığı Dünya obrazı haqqında Məmməd Araz son sözünü deməyə cəhd göstərdi. İlk baxış­da bu minacatda bir üsyan, bir narazılıq notları hiss edilsə də, şairin içindən gələn Allah sevgisi onu asi olmaqdan uzaq­laşdırır, “Ya rəbbim, adilsən, hifz elə bizi, Halal ocaq­lara üzv elə bizi” (19, 252) deyərək, Allahın vahidliyi və adilliyi, rəhmdilliyini qəbul etdiyini Allahın hüzurunda bə­yan­layırdı. Şairin Allaha olan məhəbbəti təkrarsız, əvəzedil­məz­dir. Şair özünə, xalqına Allahdan rəhm, kömək, imdad diləyib yalvarırdı:

Ya rəbbim, əl açdıq, tut əlimizdən,

Çıxmasın bu doğma yurd əlimizdən (19, 252).

Yaxud:


Ya rəbbim, sən qaytar bizi bizlərə,

Cala boz günləri ağ gündüzlərə (19, 253).

Məmməd Araz Nizami Gəncəvinin, Məhəmməd Füzu­li­nin yaradıcılığına dərindən bələd idi. Şairin bu şeirlərində folklor qaynaqları ilə birgə Nizami Gəncəvi və Məhəmməd Füzuli yaradıcılığından təsirlənmə də açıq-aşkar hiss edilir.

Nizami Gəncəvi “Sirlər xəzinəsi” poemasında Allaha müraciətlə deyirdi:

Köməksiz biçarəyik, əlindədir çarəmiz,

Sən də çarə qılmasan, kimdən umaq çarə biz? (93, 20)

Yaxud Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsərində Allaha belə xitab olunur:

Yarəb, kərəm et ki, xarü-zarəm,

Dərgaha dəxi ümidvaram (92, 19).

Klassik ədəbiyyatdan gələn bu forma Məmməd Araz poe­ziyasında ictimailəşmiş, yeni məna və məzmun qazan­mış­­dır. Şeirdə foklordan, xüsusən atalar sözlərindən əxz edil­miş fikirlər müəllifin orijinal medodları ilə yeni məz­mun­da təqdim edilmişdir. Məsələn, belə bir qarşılaşdırma aparaq:

Atalar sözü:

Qarışqa şıllaq atdı,

Dəvənin böyrü batdı (25, 186).

Şeirdə:


Sən bizi kiçiklər kinindən qoru,

Fil tutar, şir tutar hörümçək toru (19, 252).

Atalar sözü:

Dovşana deyir, qaç,

Tazıya deyir, tut (25, 273).

Şeirdə:


Ona “qaç” deyiblər – qaçır beləcə,

Buna “tut” deyiblər – qovur beləcə (19, 254).


Atalar sözü:

Qudurmuş köpəyin ömrü qırx gün olar (25, 221).

Şeirdə:

İndi qudurğanlar uzun ömürlü (19, 255).



Bayatıda:

Yetimin yekə dərdi,

Yüklənib yükə dərdi.

At çəkməz, dəvə çəkməz,

Fil gələ çəkə dərdi (71, 241).

Şeirdə:


Qalan dərdimizi yükləsək əgər,

Kəl olsa, nər olsa – qəddi əyilər (19, 254).

Nağılda və qaravəllidə:

“Hamamçının tası yox, baltaçının baltası, burdan bir tazı keçdi, onun da xaltası yox” və ya “Yüklədim ətini dox­san dəvəyə, Xotkar üçün göndərdim mən leşini” (86; 132).

Şeirdə:

Nə qədər itik var - min artıq tapan,



Naxırsız naxırçı, sürüsüz çoban!

Qarışıb: xalq kimdi, xalqı çapan kim!

İşıq paylayan kim, işıq qapan kim... (19, 254)

Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabına Yaşar Qarayevin yazdığı “Yaddaş poeziyası” ön sözündə belə bir abzas işlədilmişdir: “Torpağımızın beşdə biri əsirə, didərginə, millətimizin yeddidə biri qaçqına çevrilib. Mədə­niy­yətimizin “itmiş ərazisini” hesablamağa isə təxəyyülü­mü­zün gücü çatmır. Məhz bu itkilərimizin ən dəhşətlisidir! Çünki millət – mədəniyyətlə başlayır və mədəniyyətlə də qurtarır. Yaxşı ki, bu həqiqəti başa düşən və itən mənəvi sər­vət­lər üçün haray səsini qaldıranlar da var: Onlardan biri Məmməd Arazdır” (156, 6).

Məmməd Araz harayı “Ya Rəbbim, bu dünya sən qu­ran deyil” şeirində daha ötkəm bir şəkildə, daha cingiltili bir səslə eşidilməyə başlandı:

Külüng də bizimdi, torpaq da bizim.

Batmış da, yatmış da, oyaq da bizim.

Yalanı tuş eylə öz ünvanına,

Özün çək nahaqqı haqq divanına.

Hələ mürgülüyük, xeyli mürgülü,

Zurnalı, qavallı, neyli – mürgülü.

Hələ öz içində batanımız çox,

Düşmən laylasına yatanımız çox.

Hələ qoltuqlara sığan nə qədər,

Hələ töküləni yığan nə qədər... (19, 253)

Beləliklə, Məmməd Araz yaradıcılığında mücərrəd Dün­ya obrazı cilalana-cilalana “Ya Rəbbim, bu dünya sən quran deyil” şeirində dolğunlaşdı və tamamlandı. Klassik ədəbi irsimizdən gələn, ənənəvi düşüncəmizdə olan imana çağırış əsərin mərkəzindən qırmızı xətt kimi keçdi. Şair Bö­yük Yaradana müraciət edərək Dünyanın pərgarının pozul­du­­ğundan, haqsızlığın baş alıb getməsindən şikayətləndi, insanları vicdanlı, ədalətli və imanlı olmağa səslədi. Şeir 1991-ci ildə Məhəmməd peyğəmbərin mövludu ilə bağlı Türkiyədə keçirilən beynəlxalq şeir müsabiqəsində uğur qazandı, birinci dərəcəli mükafata layiq görüldü.



Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə