Nizami muradoğlu söZÜn məMMƏd araz


“Atamın kitabı” poemasında folklorizm



Yüklə 1,27 Mb.
səhifə6/11
tarix18.06.2018
ölçüsü1,27 Mb.
#49792
1   2   3   4   5   6   7   8   9   10   11

2.3. “Atamın kitabı” poemasında folklorizm

Məmməd Araz yaradıcılığının mühüm bir hissəsini təş­kil edən poemalarının içərisində “Atamın kitabı” (20,128) poe­ması özünəməxsus keyfiyyətləri ilə fərqlənir. Müasir Azərbaycan poeziyasının ustad şairi Məmməd Arazın yara­dıcılığı çox zəngin, rəngarəng və geniş əhatəlidir. Belə ki, Məmməd Araz hələ sağlığında lirik şeirlər, poemalar, pub­li­sist məqalələr müəllifi kimi oxucular arasında tanınmış, se­vilmiş və böyük şöhrət qazanmışdı. Şairin əsərlərində janr müx­təlifliyi ilə bərabər məzmun rəngarəngliyi də özünü gös­tərirdi. Bu əsərlərdə kədərlə sevinc, hicranla vüsal, həyatla ölüm çulğalaşmış şəkildədir, onları bir-birindən ayırmaq müm­kün deyildir. Həyat özünün hər bir cəhəti ilə, hər bir sirri ilə, acılı-şirinli xatirələri ilə bu əsərlərdə öz yerini tap­mışdır. Şairin həyat faktlarına fəlsəfi baxışı, demək olar ki, bü­tün yazılarında hiss olunmaqdadır. Müəllif sanki öz təfək­kü­rü ilə daim axtarışlarda olduğunu, nə haqdasa düşün­düyü­nü, düşündüklərini oxucularla bölüşdürmək istədiyini on­la­rın nəzərinə çatdırır, oxucuları da problemin ətrafında düşün­məyə sövq edirdi. Məmməd Arazın insanı özündən alıb uzaq­lara aparan, düşündürən, doğulduğu yurdun ruhunu, gö­zəl­liyini yenidən duymasına, o ülvi hissləri yenidən yaşama­sı­na stimul verən, bütövlükdə Azərbaycan mənəviyyatını tə­rən­nüm edən əsərlərindən biri də “Atamın kitabı” poema­sı­dır.

1970-1972-ci ilərdə yazılmış “Atamın kitabı” poeması Məmməd Arazın atası İnfil İbrahimova ithaf edilmişdir. Poe­mada ağsaqqal bir qocanın, əsl Azərbaycan kəndlisinin, tor­pağa bağlı, zəhməti sevən, torpağın dilini bilən, yaşadığı mühitin sərtliyini, eyni zamanda bütöv ülvi gözəlliklərini öz xarekterində əks etdirən bir insanın obrazı yaradılmışdır. Vaqif Yusifli “Məmməd Araz dünyası” kitabında poema haq­qında belə yazıbdı: “Atamın kitabı” bütövlükdə Azərbay­can torpağı, təbiəti, xalq mənəviyyatı haqqında bitkin lirik - fəlsəfi monoloqu xatırladır” (156, 99).

Əsərdə kənddə yaşayan zəhmətkeş bir insanın həya­tından fraqmentlər, doğma yurda, ocağa bağlılıq, torpağın müqəddəsliyi, insan və torpağın qarşılıqlı təması əsas amil kimi qələmə alınmışdır. Müəllifin təsvir və tərənnüm etdiyi insan və torpaq obrazı mənəvi dəyərləri, milli koloriti ilə se­çilən fərdiliyini özündə saxlayan ümumiləşmiş obrazlardır. Əsə­rin qəhrəmanı şairin atası İnfil kişi dünya görmüş, bərkdən-boşdan çıxmış el ağsaqqalının, onun yaşadığı yurd yeri, əkib-becərdiyi torpaq isə vətənimiz Azərbaycanın ümu­mi­ləşmiş obrazıdır. Beş milyon yaşı olan dağın döşündə ya­şayan yüz yaşlı qocanın salama ehtiyacı var, o, hər axşam qo­naq gözləyir, başqa umacağı yoxdur. Əlləri qışın saza­ğında, yayın istisində cadar-cadar olmuş, alnındakı qırışlar tər­sinə dırmıq çəkilmiş kimi bir-birinə qarışıbdır. “Axşam corablarından ovduğu torpaq, yığılsa bir ilə təpə düzələr” (20, 135) - bənzətməsi ilə mükəmməl obrazı yaradılmış in­san – ata haqqında yazılmış bu əsər iyirmi kiçik bölmədən iba­rətdir. Birinci bölmə “Birinci etiraf” adlanır. Şair qələmi ələ alıb masa arxasına keçəndə fikirləşirdi ki, bəşər tarixinə öz sözünü demiş, bu torpaqda dağ kimi uca zirvəyə yüksəlmiş Nizami Gəncəvi varsa, bu yeri fırladan Nizami fikri varsa, belə şəraitdə yeni fikir demək çox çətindir:

Hər külək ağzında bir səmtə varsam,

Açılmaz şeirimin qızıl dan yeri.

Əgər yer üzündə Nizami varsa,

Fikir dartımıdır fırladan yeri (20,130).

Şair qeyd edirdi ki, babalar kiprikləri ilə daşlara tarix yazıblar, hələ o tarix öyrənilməyib, oxunmayıbdır. Hələ o tarixi daşların üzərindən küləklər uçuşur. Burada sənət dağ­la­rı var ki, alov püskürür. Şair özünün bu alov dağlarının içərisində kiçik bir qor kimi işıldayan yanan ürəyini görür və qələminə hökm edirdi ki, Böyük Nizaminin adına layiq hərə­kət etsin, elə yazıb yaratsın ki, xəyalən dahi şairin hüzurunda dayananda xəcalət çəkməsin:

Alov dağları var üstə bu yerin,

Onun bir zərrəcik qoru san məni.

Qələmim, Nizami hikmətlərinin

Tənə daşlarından qoru sən məni! (20,130)

Poemanın girişindən hiss olunur ki, şair böyük bir yo­lun başlanğıcındadır. Bu yolda ata haqqında söz demək, ata haqqını tanımaq, o haqqı qaytarmaq və nə qədər qaytara bil­mək etirafı var. Ata ucalığı, torpaq-Vətən ucalığı qoşa qa­nad kimi şairin başı üzərindədir. Şairin xəyalı nə qədər uca­larda, göylərdə dolansa da, Ata-Vətən ucalığı onun xəyal quşu­nun vara bilmədiyi zirvədədir, ona görə də, şair özü özünü dan­layır, yerə, torpağa enməyi məsləhət görürdü:

Yenə fikirlərim qanad istədi,

Yenə düşüncələr qafiyələndi.

Bir ata ürəyi övlad istədi.

Gileylər üstümə qəfil ələndi.

Sanki pəncərəmə bir qara qarğış

Qonub söylədi ki, üzül ədanla!

Yen torpaq üstündə, torpaqdan danış,

Yen torpaq üstündə özünü danla (20,131).

Çoxdan oğlunu görməyən ata oğlunun həsrətindədir. Bir ata ürəyinin nigarançılığı ilk andan oxucunu öz ağuşuna alır. Ata böyüklüyü, ata əzəməti, ata vüqarı xalq ədəbiyya­tının şah mövzusu olubdur. Şair burada lirik qəhrəmanın daxili aləmini bütün çalarları ilə nəzərdən keçirirdi. Parisdə, Avropada gəzib-dolaşan lirik qəhrəmana elə gəlirdi ki, ata­sının gözləri yoldadır, onun həsrətindədir, həm də oğul özü­nü atasına tez yetirməsə, onun üzərinə “qara qarğışlar” yağa bilər, odur ki, qaranlıq gecələrdə “qara qarğışların”, “qara quşların” pəncəsindən qurtulmaq üçün “yanan bir ocağa” dönüb alovları ilə dərələrin toranlığından keçərək özünü “ata ocağına” çatdırmağa tələsirdi. Bu “ata ocağı”, “dağ döşün­də”, “ocaq başındadır”. Bu ocaqda müqəddəslik var, burada lirik qəhrəman vaxtı ilə dərslərini oxuyub, nənəsinin urvası, sacı, ərsini ilə tanış olub, babasının nəsihətlərini eşidibdi.

Poemanın “İkinci etiraf” hissəsində xeyli folklor mo­tiv­lərindən istifadə edilmişdir. Burada səkkiz yerdə ocaq sö­zü, bir yerdə od, bir yerdə alov, iki yerdə kül, üç yerdə rəng mənasında qara qarğış, qara quş, gecənin qaranlığında söz­ləri, Vətən anlamında iki yerdə dağ, iki yerdə torpaq sözləri işlədilmişdir. Poemada şair qədim əkinçilik mədəniyyəti haq­qında məlumat verirdi. Əsərin qəhrəmanı qoca ata həm əkinçidir, həm çobandır, növbə ilə çomağını dəryazla dəyi­şir. Əkin işində xışın dəstəyindən yapışır, biçində dəryaz götü­rür, onun əlləri günəş kimi işıqlı və istidir. Xış da, dər­yaz da, çomaq da qocanın isti əllərinin təmasını duyur, can­sız əşyalar, alətlər bu əllərin hərarətindən hərəkətlənirdi. Bu əllər şairin ilk əlifba kitabıdır. Şair təhkiyə üsulu ilə nağıl­larda rast gəldiyimiz “az getdi, üz getdi, dərə, təpə, düz get­di (57; 58; 59) kimi formalaşmış söz düzümlərinin oxşarı olaraq fikirlərini belə ifadə etmişdir:

O əllər mənim ilk əlifbam oldu,

Torpağı çölbəçöl,

dərəbədərə

oxutdu mənə.

Çayları bənd-bənd,

bərə - bərə

oxutdu mənə (20,137).
Təbiəti, əkinçilik mədəniyyətini, onun sirlərini öyrə­nən­dən sonra qoca oğluna “işıq” kimi baxır, onu məktəbə göndərir:

İlk dəfə atanın gözlərində yaş,

Dedi: gəl öpüşək, a cütçü qardaş!

Daha düş, söylədi,boyunduruqdan!

Dedi: çıxma sözdən,

Çıxma buyruqdan!

Məktəbə gedirsən,

Get, işıq oğlum! (20,138)

Ata hər gün oğlunun dərsləri ilə maraqlanır, öyrəndiyi hərfləri həyatda rast gəldikləri ilə uyğunlaşdırır, məktəb ilə həyatın əlaqəsini oğluna başa salmağa çalışırdı. Ata öz oğlu üçün evdə həyat müəlliminə çevrilir, həyatın əsl dərslərini “macqal” dilində anladır, qədim əkinçilik sənətinin öyrənil­məsini tövsiyə edirdi. Bu baxımdan “Atamın kitabı” poeması qədim əkinçilik adətlərini əks etdirən folklor motivləri ilə də zəngindir. Poemanın “Holavar” bölümü folklorun holavar şeir janrında yazılmış beş bənddən ibarətdir. Məlum olduğu kimi, holavar əkinçilik peşəsi ilə əlaqədar yaranmış, cütçülər tərəfindən iş prosesində oxunan nəğmələrdir. Heyvanları, əsa­sən, öküzləri boyunduruq vasitəsi ilə kotana qoşanda, hey­­vanı hərəkətə gətirmək üçün cütçülər holavar oxuyar­dı­lar. Hodaq da heyvanların arasında boyunduruğun üzərində oturub heyvanları hoylayan, eyni zamanda yana çəkən öküzü və ya kəli əlindəki çubuq ilə cərgəyə qatan yüngül çəkili gənc və ya hələ uşaqlığı tam tərk etməmiş yeniyetmə oğlan olurdu (1; 46; 48; 49; 65). Şair poemada hələ uşaq ikən ağır zəhməti gördüyünü, boyunduruqda oturduğunu, atasından əkin­çiliyin sirlərini öyrəndiyini bədii şəkildə ifadə etmişdir. Atası onu sevə-sevə “hodax balam, budaq balam” adlan­dı­rır­dı:

Səhər yırtdı yaxasını,

Hayla görüm, hodax balam!

Nişan öküz, yana çəkmə,

Çubuq çəkər budaq balam (20,144).

Ata “hodax balam” deyib, boyunduruğa oturtduğu oğ­lu­nun hələ uşaq olduğunu, bu işin onun üçün ağırlığını da bilirdi. Bu deyimdə bir əlacsızlıq, bir təəssüf notları da se­zi­lirdi. “Budaq balam” deyərkən qoca həm də, oğlunun gənc­li­yini, onu nəslin davamçısı olaraq görmək istəyini də biruzə verirdi. Şair burada da ağaca olan inamı, nəslin ağacı deyim­lə­rindən gələn istəyi bir daha qocanın dili ilə ifadə etməyə çalışmışdır.

Məmməd Araz yaradıcılığında mifoloji elementlər ye­ri­nə görə çox dəqiq işlənmiş, qədim inanclara müəllif tərə­findən sayğılı münasibətin təzahürü kimi formalaşmışdır. Bu baxımdan demək olar ki, Məmməd Araz yaradıcılığında folk­lor motivlərinin zənginliyi onun yaşadığı mühitdə mifo­loji kultlara inancın güclü olması ilə sıx bağlıdır. Bu təsirin nəticəsidir ki, şair Günəşi kainatın, dağları təbiətin, ataları da evlərin ağsaqqalı adlandırır:

Günəş kainatın ağsaqqalıdır,

Onun hər əmrinə yer-göy müntəzir!

Dağlar təbiətin ağsaqqalıdır,

Nəfəsi gələndə meşələr əsir.

Atalar evlərin ağsaqqalıdır,

Atalar, işığı ev-kainatın (20,145).

Asrtal kultlara - Günəş, Ay, Ulduzlara inam qədim türk mifologiyasından ənənəvi şəkildə gələn, bu gün də ehtiva olunan inanclardır. Səhərlər Günəşi alqışlamaq, ona salam ver­mək, axşamlar Aya salavat çevirmək adətləri, indinin özün­də də, xüsusən kənd yerlərində qalmışdır (99; 165; 170; 172). Gecələr ulduz axanda, “kiminsə ulduzu axdı” – de­yər­lər. Poemanın bu hissəsində Günəşlə insan obrazlarının qar­şılıqlı bağlılığı əks etdirilmişdir. Şair ataları ev - kainatın ağsaqqalı, işığı adlandıraraq, işığın Günəşlə semantik əlaqə­si­nə işarə etmişdir. Qədim əcdadlarımızın təfəkküründə Gü­nəşdən doğulma, Günəşdən törəmə kosmoqonik görüşlər yer tutduğundan insanın doğuşu, yaşayışı, işi, ümumiyyətlə, bütün həyat tərzi Günəşlə bilavasitə əlaqələndirilmişdir.

Poemada əkinçiliklə bağlı ardıcıl olaraq söylənən epi­zod­ların əksəriyyətində astral kultların iştirakının şahidi olu­ruq. Üç əsas obraz - torpaq, Günəş, ata - insan obrazları hə­mi­­şə bir-birinin yanındadır, onlar birliyin, yaradılışın ilkin mənbəyinin rəmzi kimi səciyələndirilir. Böyük Vətən Müha­ri­bəsindən (1941-1945) əvvəlki dövrün əkinçisi xışla, müha­ri­bədən sonrakı dövrün əkinçisi traktorla işləsə də, ikisi də insandır, torpaqla, Günəşlə təmasları eynidir. Şair “Traktor­çu oğlanla söhbət”də bunu belə mənalandırır:

Səhərin birinci qapı açanı, -

Əlin dan yerini doğrayıb sökər...

Səhər ulduzları şuma səpərsən,

Şumdan çıxararsan Günəşi bəlkə (20, 151).

Gözlərimizin önünə səhər sübh tezdən traktorunu işə salıb sahəyə tələsən oğlan gəlir. Traktorun səsi cırhacırla açı­lan qapının səsini xatırladır. Qapı açılıb ev işıqlanan kimi traktorun səsindən də dan yerinə şırım düşür, hava işıq­lan­mağa başlayır. Şair çox gözəl bənzətmə ilə traktorçu oğlanı san­ki axşamdan yanan ulduzları dən kimi şuma səpib, əvə­zində həmin yerdən Günəşi göyərtdiyini təsvir edir. Bu lirik mənzərənin önündə yenidən yadına qırxıncı illərin toranlığı düşür, səkkiz yaşında hodaq olub boyunduruqda oturduğu, səhərin sazağında yarpaq kimi titrədiyi anları xatırlayır, o vaxt oxuduğu holavarlar qulaqlarında səslənir:

Bahar gəldi, yer oyandı,

Soyuq qışın yası gəldi.

Ala öküz, çək kotanı,

Örüşlərin yazı gəldi (20, 152).

Bu, bir əkinçilik nəğməsi idi. Bu, bir Vətən dərsi idi. Nəhayət, cütçü babanın keçdiyi həyat dərsi idi. Yurd yer­lə­rimizin bu sağlam, saf, ana qoynu qədər isti guşələrində “tüs­tüsü düz çıxan ocaqlar” da vardı. Babalar odu, ocağı müqəddəs saymışlar, əsərin qəhrəmanı qoca atanın da məra­mı ömrü boyu ocaq yandırmaq, oddan xeyirli məqsədlər üçün istifadə etmək olubdur. Ancaq müharibə dövründə elə tüstülü, tüstüsüz ocaqlar meydana gəlib ki, o ocaqlar isitmir, yandırıb yaxır, böyük kəndləri, şəhərləri kül eləyib xara­ba­lığa döndərir. Qoca arzulayır ki, kaş:

Halal ocaqların ocağı yana,

Tüstülər tən dura bu dağlar ilə.

Bəzən göz aldanar, iştah aldanar,

Tüstüsü düz çıxan ocaqlar ilə (20, 155).

Azərbaycan folklorunda yaranan “isinmədik istisinə, kor olduq tüstüsünə” kimi ifadələr də bu dövrlərin ədəbi məhsulu sayıla bilər, çünki o dövrdə odun istilik xüsusiy­yət­lərindən daha çox yandırıcılıq əlamətləri önə çəkilirdi. Odun müqəddəsliyinə, ocağın halallığına kölgə düşməsi ilə qoca barışa bilmirdi. İnsanlar odu əldə etmək üçün nə qədər əziy­yət çəkmişdilər. Od Günəşin əlaməti idi. Oda tapınan insan­lar odun ətrafında dövrə vurar, rəqs edərdilər. Bu rituallar indi də axır çərşənbədə, Novruz bayramında həyata keçirilir. Axır çərşənbə günü respublikamızın əksər bölgələrində dağ­ların başında tonqallar qalanır, insanlar öz sevinclərini ətraf kəndlərin hamısına bildirmək istəyirlər. Qədim yunan əsa­ti­rində təsvir olunur ki, Prometey odu oğurlayıb insanlara gə­tir­diyinə görə Baş Allah Zevs tərəfindən Qaf dağında çar­mı­xa çəkildi. Od insanların həyatına daxil oldu, rahatlıq və fira­vanlıq gətirdi (146, 134-141). Ancaq sonralar insanlar odun yandırıb-yaxmaq xüsusiyyətini qabartdılar. Qocanı narahat edən hiss, tüstülü-tüstüsüz ocaqların yurd-yuvaları yandırıb xarabaya çevirməsi, bəşəriyyətə bəla gətirməsidir. Çox təəs­süf ki, “Ağ evlərdə” oturanların istək və arzuları qoca atanın fikirlərinin əksinədir, əksər vaxtlar isə “qara tüstülü” planlar reallaşır. Qoca bu fikirlər burulğanında çalxalanırkən üzünü küləyə tutub, ondan imdad diləyir:

Səhər küləyini səslədi qoca:

“Gördüyüm bəlkə də duman-yuxudur:

Vur dağıt gözümün qabağındaca,

Düz çıxan tüstülər çox qorxuludur” (20, 156).

Qocanın yadına düşür ki, nənəsi də, babası da bir vaxt ona deyiblər ki, bəd yuxuları səhər çağı suya demək lazım­dır. Bəd yuxu suya deyilərsə, su onu paklayar, təmizləyər, yuxunun bədliyini aparar. Qoca folklorumuzdan gələn yuxu yozmalara, yuxuyla bağlı inanclara arxalanaraq sübh çağı axar “Su ilə söhbət” edir. Yuxuda gördüklərini, onu vaxtsız tərk etmiş ömür-gün yoldaşı Mahmud qızının göz yaşlarını, qoyun-quzuların həyəcanlı mələşməsini, ağacların hıçqırıq­la­rını Mahmud qızının giley-güzarını axar suya danışır:

Ax, sulara, yuxum, uyu,

Yuxumu yu, yuxumu yu.

Axar sular, dağa-daşa

çırp, durula,

Qayalara sər, qurula!..

Qaçım, mən də

O ağ günə deyim ki,

Sənsiz ömrüm

yenə sənsiz deyil ki... (20, 159)

Qoca yuxuda olsa da Mahmud qızıynan bir daha birləş­mək, heç ayrılmaq istəməsə də, Mahmud qızı bir buluda dö­nüb yox olur. Səhəri yuxusunu axar suya danışan qoca yo­lu­­nu qəbiristana salır. “Bir qəbrin önündə” dayanıb Mahmud qızına müraciət edir. Bakıda qız nəvəsi olduğu xəbəri ilə Mahmud qızına göz aydınlığı verir, təəssüflənir ki, bu gözəl günləri Mahmud qızı görə bilmədi. Onun gəlinliyi müharibə illərinə düşdü, ana həm də ata oldu, kişi işlərini gördü, “bi­ləyində qara günün kündəsi, ürəyində qara günün təndiri, kü­rəyində qara günün şələsi, yolpa yoldu, inək sağdı, sac asdı, xoş gününü xurcunlara çinləyib, ata minib, şəhər yolu tanı­dı”, bazarlıq elədi, övladlarını böyütdü. Qoca qəbrin önündə özünü qınayır, Mahmud qızının çəkdiyi bu qədər əzab-əziy­yətin baiskarı olduğunu düşünür, Mahmud qızından halallıq istəyirdi. Qoca öz səsini özü eşidirdi, onun səsinə səs verəcək kimsə yox idi. Şeirin sonunu şair Azərbaycan folklorundan gələn incə bir fraqmentlə bitirirdi:

Qəbirlərin qulaqları laldı çoxdan,

Öz səsini bircə özü eşidirdi.

Ancaq bir az o tərəfdə baş daşına,

Göy göyərçin qonmuş idi,

Gözlərini yummuş idi (20, 162).

Məlum olduğu kimi, folklorda göy göyərçin türk Ana obrazının ifadəsidir. Göy rəng türklüyü, Göy türklərini, Göy Tan­rını simvolizə etdiyinə görə babalarımız bayatıda, Məm­məd Araz isə şeirində ananı məhz göy göyərçinə bən­zət­mişdi.

Analar yanar ağlar,

Dərdini sanar ağlar

Dönər göy göyərçinə

Yollara qonar ağlar (72, 52).

Göyərçin quşlarının kutsallaşdırıldığı nağıl və əfsanə­lərdə, həm də bu quşların qoruyucu ruh kimi təsəvvür edil­di­yinin şahidi oluruq. Məhz bu baxımdan Məmməd Araz da “Bir qəbrin önündə” şeirində ananın - Mahmud qızının ruhu­nun bir göyərçinə dönüb qəbiristanlıqda bir daşa qonmasını qocanın yalvarışlarına rəğmən Mahmud qızının halallıq verməsi kimi mənalandırmışdır. Göyərçin quşunun kutsallığı haqqında şifahi xalq ədəbiyyatında yetərincə nümunələr var­dır. Göyərçin dünya xalqlarının qəbul etdiyi sülh quşudur. Gö­yərçinin sakrallığı şərq xalqlarında həm də, İbrahim pey­ğəmbərin adı ilə bağlıdır. Rəvayətlərdə deyilir ki, İbrahim pey­ğəmbəri Nəmrud hökmdarın əmri ilə böyük bir tonqalın üzərinə atıb yandırmaq istəyirlər. Bunun üçün çox­lu odun tədarük olunub daşınır. Odun daşıyan bütün heyvan­lar yorulub dincəlir, ancaq qatır dayanmadan, yorulmaq bil­mə­dən odun daşıdığına görə peyğəmbər tərəfindən lənətlə­nir, o gündən qatır nəsil artırmaq qabiliyyətini itirir. Göyər­çin­­lər isə ağızlarında su gətirib tonqalın üzərinə atıb alovu söndürmək istəyirlər. Göyərçinlərin xoş məramı İbrahim pey­­ğəmbərin onlara xeyir-dua verməsi ilə nəticələnir. O zamandan da göyərçinə daş, güllə atmaq günah sayılır, gö­yər­çinlərin müqəddəsliyinə inam yaranır. O cümlədən göyər­çin fəsiləsindən olan alabaxtalar haqqında da folklorumuzda sakral inamlar vardır:

Adımdır alabaxta,

Qanadım taxta-taxta.

Məni vuran bəy oğlu

Qan qussun laxta-laxta (131).

Poemanın maraqlı hissələrinin biri də “Bir xoş yuxu sorağında” adlanır. Məlum olur ki, yeddi ildir Mahmud qızı, şai­rin anası dünyadan köçübdür. Ananın ruhu göy göyərçinə dönüb qəbiristanda onun baş daşı önündə halallıq istəyən qo­ca­ya halallıq versə də, ancaq şairin özü narahatdır, çünki ana­sı bu yeddi ildə onun yuxularına gəlməyibdir. Hər gecə anasını gözlərinin önünə gətirib yuxulasa da, anası yuxusuna girmir ki, girmir. Şair alimlərdən, müdriklərdən bu sirri öy­rən­məyə çalışır. Müdriklər şairə məsləhət bilirlər ki, anaya “öldü” deməsin:

Anaları günəşin zərrəsi bil cahanda,

Köçüb gedir Günəşə

analar göz yumanda... (20, 164)

Şair Ana-Günəş obrazını şeirə gətirməklə yenidən folk­lora müraciət etmişdir. Məlumdur ki, qədim Azərbaycan mi­fo­loji mətnlərində Günəşin qadın-ana olması barədə təsəv­vür­lər mövcuddur:

Yeddi ildir - nə gümanlar sorağında,

Nağılları varaqlayır, qatlayıram,

Əfsanələr tilsimindən adlayıram.

Yol üstündə saqqalından nur ələnən,

Bir qocadan soruşuram bu sirri mən.

Bir xoş yuxu sorağında yeddi ildir,

Gecələrin birçəyini əlim didir (20,164).

Gecələrin birində bir qarı gəlir yuxusuna, şairi danlayır ki, nəvələri nənələri yatan yerə getməyiblər, onun qəbrinin üstünə bir dəstə çiçək, bir yarpaq qoymayıblar. Bu tənəli söz­­lərdən şairin qulaqları od tutub yanır, başa düşür ki, bu səs doğma, yaxın olan ananın səsi idi, diksinərək ayılır, an­caq ana getmişdi:

Qarı getdi,

dan yerində gözdən itdi (20, 166).

Günəşin zərrəsi kimi gələn ana dan yerində də qərq olur. Şairin gəldiyi qənaət də budur ki, analar ölmürlər, ana­lar Günəşin zərrəsinə dönüb yenidən Günəşə qovuşurlar. Poe­manın “Bir xatirə”, “Atamın yüz yaşı” adlı parçalarında qo­ca atanın mənəvi aləminin açılmasına xidmət edən, torpa­ğa məhəbbətin, təbiətin rəngarəngliyinə sonsuz sevginin, Mahmud qızının ölümündən sonra nəvələrinin üzünə həsrət qalan, hər an, hər dəqiqə onların yolunu gözləyən, illərlə bu həsrətlə yaşayıb mehrini həyətdəki ağaclara, itə, pişiklərə sa­lan ixtiyarın düşüncələrinin şahidi oluruq. Qocanın təbəs­sü­mü bağa hərarət gətirir, qızıl gül gülüşü, ağ çiçək yaraşığı ilə qocanı salamlayır, mavrı pişik balaları qocanı əhatəyə alır, ala it sahibinə məhəbbət dolu baxışlarla baxır. Ancaq qoca­nın gözləri yoldadır, yüz yaşının tamamında oğlunun gələ­cə­yinə inanır, onun yolunu gözləyir. Oğlunun əvəzinə isə oğ­lun­dan təbrik teleqramı gəlir. Qoca ürəyində “bir atana baş çək, bala, balaları babasından ürkək bala” - deyərək oğlunu qı­na­yır, sonra da xəyalən Mahmud qızına müraciət edir:

Demək yenə gəlmədilər,

Öz oduna özün qızın!

Qəbrin yansın, Mahmud qızı,

Uçub getdi oğlun-qızın! (20, 172)

Qoca övlad - nəvə həsrətini ürəyində çəkir, Mahmud qı­zı­nın qəbrinin də od tutub yandığını düşünür. Adət-ənənə­lə­rimizə uyğun olaraq qoca bir dəfə də olsun həyat yol­da­şı­nın adını çəkmir, onu ancaq atasının adı ilə xatırlayır. Bu, qo­ca­nın xanımına hörmətinin ifadəsi idi. Mahmud qızı qoca­nın aləmində bir göy göyərçin idi, onun da övladları uçub getmişdi. Səhərlər “su üstündə bayatı” oxuyanda quşlar da qocanın oxuduğu bayatıları xor ilə oxumağa başlayırdı. Qoca yenə də Mahmud qızını xatırlayırdı. Mahmud qızının son nəfəsində dediyi bayatını xatırlayırdı:

Dağlar mənə qar göndər,

Əsirgəmə, bar göndər.

Oğul, oğul, ay oğul,

Ya gəl - qurtarsın canım,

Ya dərmanın var, göndər... (20, 174)

“Atamın kitabı” poeması folklor nümunələrinin zən­gin­liyi ilə seçilir. Poema yüz yaşlı atanın timsalında bütün el ağsaqqallarının müdrikliyinin ümumiləşdirilmiş obrazını sə­ci­yə­ləndirən bir əsərdir. Bu ağsaqqalın - yüz yaşlı atanın ta­le­yi, xarakteri, keçdiyi ömür yolu, yaşam tərzi tipik bir türk kəndlisinin milli xarakterinin eynidir. Şair poemada kökə, tor­pağa bağlılıq, övlad, nəvə məhəbbəti, ailəcanlılıq kimi əx­la­qi keyfiyyətləri qoca atanın surətində gələcək nəsillər üçün bir örnək kimi ümumiləşdirə bilmişdir. “Atamın kitabı” poe­ması bu janrın ən dəyərli nümunələrindən sayılır. Xalq şairi Rəsul Rza poemanı “çətin yollardan keçən insan taleyi haq­qın­da, incikli, göynəkli, qəzəbli, nikbin bir hekayə” (141, 315) kimi dəyərləndirmişdir. “Atamın kitabı”nda epiloq əvə­zi “Baba dağ” sərlövhəli şeir parçası verilmişdir. Məmməd Araz atasını, bu dağlar oğlunu, bu dağ hünərli, dağ ömürlü insanı rəmzi olaraq Baba dağ adlandırmışdır.

“Atamın kitabı” dil, üslub, sənətkarlıq xüsusiyyətləri ilə də Məmməd Arazın poetik uğurlarından xəbər verən bir əsər­dir. Tənqidçi Vaqif Yusifli “Məmməd Araz dünyası” ki­ta­bın­da poemanın dili haqqında belə yazır: “Ədəbi dillə canlı xalq dilinin sintezini əks etdirən dilin ifadə imkanları burda bütün çalarları və rəngləriylə göz oxşayır. Bu isə xalq danı­şıq dili ilə ədəbi dilin qovuşuğudur, səlis, ahəngdar qovu­şuğu” (156, 102).

Məmməd Araz poemada folklor nümunələrindən isti­fa­də edərək yeni deyim tərzi ilə müasir poeziyanın nailiyyət­lə­rinin təbii vəhdətini yaratmışdır. Poemanın dili səlisdir, axı­­cıdır, təmizdir, bədii təsvir vasitələri ilə zəngindir, çağdaş Azərbaycan ədəbiyyatının uğurlu nümunələrindən hesab edilir. “Atamın kitabı” poeması Məmməd Araz yaradıcı­lı­ğı­nın bütün xüsusiyyətlərini özündə cəmləşdirən, şairin düşün­cə­lərinin xalq ruhuna doğmalığını özündə ehtiva edən, oxu­cunu soykökünə yaxınlaşdıran, doğmalaşdıran poetik əsər­dir. Poema Azərbaycan oxucusunda dərin maraq oyatmış, şai­rin poeziya mülkünün şah əsəri kimi dəyərləndirilmişdir.
III FƏSİL
MƏMMƏD ARAZIN ƏSƏRLƏRİNDƏ

XALQ ŞEİRİNİN İŞLƏNMƏ

XÜSUSİYYƏTLƏRİ
3.1. Xalq şeiri şəkillərindən istifadə üsulları
Məmməd Araz folklor nümunələrindəki bədii gö­zəllik elementlərini, ahəngdarlığı, daş­laş­­mış frazeoloji birləşmələri dərindən öyrənmiş, yeri gəldikcə öz əsərlərində bir ədəbi üsul kimi istifadə etməyə çalışmışdır. Bu ədəbi üsulları araş­dırarkən ilk növbədə bayatı, ağı, holavar, atalar sözləri və de­yimlərdən irəli gələn xüsusiyyətlər nəzər-diqqətimizi cəlb edir. Məmməd Araz yenilikçi şairdir, ona görə də şifahi xalq ədə­biyyatında formalaşan fikirləri, öyrəndiyi mənbələri tək­rar etmədən, daha orijinal bir şəkildə, daha maraqlı bir dillə təsvir edə bilirdi. Belə bir məşhur bayatı vardır:

Bu dağlar, ulu dağlar,

Çeşməli, sulu dağlar.

Burda bir qərib ölmüş,

Göy kişnər, bulud ağlar (72, 104).

Məmməd Araz “Atamın kitabı” poemasının “Su üstün­də bayatı” bədii parçasında həmin bayatının ruhuna uyğun olan, lakin tamamilə yeni, orijinal bir deyimdə qocanın tən­halığını nəzərə çatdıra bilmişdir:

Bu dağlar, qoca dağlar,

Döşündə qoca dağlar.

Dağları tək görəndə,

Tək qalmış qoca da ağlar (20, 174).

Şifahi xalq yaradıcılığında “bu dağlar” ifadəsi ilə baş­la­yan onlarla bayatıya rast gəlmək mümkündür. Bu baya­tı­la­rın əvvəlki iki misrası son iki misrada deyiləcək əsas fikri möh­kəmləndirmək məqsədi daşıyır:

Bu dağlar, uca dağlar,

Qar yağa qoca dağlar.

Ovçusu cavan olan,

Maralı qoca dağlar (42, 592).

Yaxud:


Bu dağlar sinə dağlar,

Qar yağdı sənə, dağlar.

Yaşaram yar qoynunda,

Çıxaram sənə, dağlar (39, 367).

Və ya:

Dağlara qar düşübdü,



Gör nə hamar düşübdü.

Qəbrimi özgə qazıb,

Əlhəmdim dar düşübdü (39, 397).

Göründüyü kimi, bayatılarda ilk iki misranın ahəngi, ox­şarlığı oxucunun diqqətini cəlb etmək, sonrakı beytdə olan iki misra isə fikri ifadənin məzmununu qavramağa kömək edən vasitə kimi düşünülmüşdür. Məmməd Araz yaradıcı­lı­ğın­da rast gəldiyimiz bayatılarda da bu ənənəvi forma saxla­nı­laraq ikinci beytdə əsas ideya oxucuya təlqin edilmişdir:

Dağlara qar ələndi,

El yolu qaralandı.

Əllərin od paylayan,

Gözlərin qor alandı (20, 174).

Yaxud:

Bu dağlar yazınandı,



Qışı qurd, yazı nandı.

Gəlişinə macal yox,

Bir namə yaz, inandır (20, 175).

Bəli, folklor həmişə canlıdır, axıcıdır, fikirlərin bu və ya di­gər şəkildə ifadə edilməsində örnəkdir. Bu örnəkdən ünlü şairimiz Məmməd Araz da layiqincə bəhrələnib, Azərbaycan poeziya gülüstanına yeni nəfəs, yeni ruh gətirmişdir. “Kənd­də bir axşam” şeirində şair səmimi olaraq etiraf edir ki, hər axşam kənd ağsaqqallarının yığışıb söylədikləri das­tan və nağılların təsir gücü daha əzəmətli, daha cəlbedici, daha çox tərbiyəvi və mənəvi mahiyyət daşıyır. İnsanın paklaşma­sın­da, yüksək amallara doğru əzmlə addımlamasında, vətən mə­həb­bəti, el qeyrəti çəkən mübariz nəslin yetişməsində dastan və nağılların rolu əvəzedilməzdir:

Budur, sinədəftər qocalar yenə,

Enir tarixlərin dərinliyinə…

Kimi Koroğludan, kimi Babəkdən,

Kimi də Gülgəzdən, Abbasdan deyir:

Sözlər bulaq kimi axır ürəkdən,

Hər qoca bir nağıl, bir dastan deyir…

İndi duyuram ki, el ürəyində,

Neçə duymadığım əsərlər yatır.

Bəlkə də onunçün şeirə, sənətə,

Əlim az yetişir, ünüm az çatır (17, 30).

Şair öz şeirində təvazökarlıq etsə də, əsl həqiqətdə folk­lordan həm faydalanır, həm də folklorun zən­ginləş­mə­si­nə əməli köməklik göstərirdi. Məmməd Arazın məşhur, hət­ta hələ sağlığında folklorlaşan, dastanlaşan, çoxlarının əzbər bildiyi «Əlvida dağlar» şeiri o qədər təsirlidir ki, həmin mis­raları oxuyan kəs istər-istəməz xalq ədəbiyyatının vurğunu olur. Məmməd Arazın aşıq poeziyasına, saza, saz sənətinə xüsusi hörmət və məhəbbəti var idi. “Əlvida dağlar” qoşması da aşıq ədəbiyyatının ən gözəl nümunələri ilə səsləşir, elin ruhunu oxşayır, ürəkləri ovundurur. Folklordan yaradıcı su­rət­də bəhrələnən şairin qoşması Miskin Abdalın gəraylısı ilə eyni kökdən, eyni qubardan, eyni həsrətin intizarından pər­vaz­lanmışdı. Yaxşı mənada üst-üstə düşən bu eyniliyi, bu ruh yaxınlığını, ayrı-ayrı zamanlarda olsa da, bu genetik ya­xınlaşma kodunu, əlaqə tellərini göstərmək məqsədilə «Mis­kin Abdal və Sənubər» dastanından bir parçanı olduğu kimi oxucuların nəzərinə çatdırırıq: “Doğma yurdundan, yuva­sın­dan, elindən, obasından ayrı düşən Hüseynin (Miskin Abda­lın - N.M.) ürəyi qubar elədi, sıra dağlara, şırıl-şırıl axan bu­laq­lara, əli ilə saldığı bağ-bağçaya nəzər saldıqca, ötən gün­lərini xatırladı. Dözmədi, sazını köynəyindən çıxardıb üzü­nü kəndə tərəf tutdu. Qəmli-qəmli oxumağa başladı:

Mən gedirəm, sən qalırsan,

Ulu dağlar, salamat qal!

Yadıma nələr salırsan,

Gur bulaqlar, salamat qal!
İnlə, yazıq qəlbim, inlə,

Ay çöl-çəmən, məni dinlə.

Günüm keçdi toy-düyünlə,

Ötən çağlar, salamat qal!

Bağça saldım, gül dərmədim,

Bağ becərdim, bar görmədim.

Miskin Abdal, budur dərdim,

Barlı dağlar, salamat qal!” (43, 359)

Miskin Abdal bu şeiri gəraylı şəklində elindən ayrılıb Sənubərin ardınca, haqq tərəfindən verilmiş butaya yetmək üçün getdiyi zaman deyibdir. Məmməd Araz da öz yerindən, doğulduğu yurddan ayrılanda ürəyi qubar edib, həmin fikri ümumi məzmunu saxlamaqla qoşma şəklində daha təsirli, daha ecazkar bir dillə poeziyamıza gətiribdir:

Bəlkə bu yerlərə bir də gəlmədim,

Duman, salamat qal, dağ, salamat qal!

Dalımca su səpir yoxsa buludlar,

Leysan, salamat qal, yağ, salamat qal!
Qıy vuran qartallar yox oldu çəndə,

Nərgizlər saraldı şehli çəməndə.

Ey qaragöz pəri, ardımca sən də,

Boylan, salamat qal, bax, salamat qal!


Gəldim, qarşıladı güllər, çiçəklər,

Gedirəm əl edir boz biçənəklər.

Nidamı çaylara dedi küləklər:

Bulan, salamat qal, ax, salamat qal! (17, 147)

Məmməd Arazın poeziyasında xalq ruhu, milli xü­su­siyyətlər, xəlqilik məfkurəsi əsas yer tuturdu. Şairə görə hər bir yazar öz xalqının milli məfkurəsini, mənəviyyatını, məi­şətini, musiqisini, folklorunu bilmədən xalqın ruhunu ox­şayan incilər yarada bilməz. Məmməd Araz xalq musiqisini, aşıq sənətini, muğamlarımızı həm sevirdi, həm də onları bi­lir­di. Uşaqlıqdan yaddaşına köçmüş aşıq şeiri, xalq ədəbiy­ya­­tı­nın inciləri bütün yaradıcılığı boyunca şairin yol yoldaşı oldu.

Şair aşıq sənətinə xüsusi məhəbbətlə yanaşırdı, saza, sözə yüksək qiymət verirdi. Sazlı-sözlü Vətən sevgisindən da­nışır, bu sevginin böyüklüyünü, ülviliyini tərənnüm edirdi. Uşaqlığından Aşıq Ələsgərin qoşmalarının təsirindən ayrıla bil­məyən Məmməd Araz yaşadığı zaman içində bir an da olsun aşıq sənətindən, sazın həzin sədalarından ayrı düş­mə­di, hər zaman aşıqları dinlədi, ən gözəl duyğularını saz səda­ları altında dilə gətirdi, könül yaddaşından ağ vərəqlərin yad­da­şına köçürüb elin, xalqın mənəvi sərvətinə çevirdi. Harda aşıq gördü, ayaq saxladı, harda saz səsi eşitdi oraya getdi. Də­lidağda, İstisu yaylağında Hüseyn Cavanla görüşlərindən qəlbi ehtizaza gəldi, “Oxuyan Təbriz” şeirini yazdı:

Aşıq Cavan sarılmışdı sazına,

Toy qurmuşdu dünənin yasına.

O, dərdini ya sındıra, ya sına.

Qəzəbi köklənib dağın-daşın da,

Təbriz ağlayırdı dağlar daşında (18, 65).

Məmməd Araz çoxşaxəli yaradıcılığında aşıq şeiri for­­ma­larından istifadə edərək mükəmməl qoşma və gə­ray­­lı­lar yazmışdır. Məlumdur ki, qoşma hər bəndi dörd mis­radan ibarət olub, misraları on bir hecalı, tez əzbər­lə­nən, yadda qa­lan, lakonik və çevik şeir şəklidir. Məmməd Araz da bu şeir şəklindən istifadə edərək otuzdan artıq dil­lər əzbərinə çev­ril­miş qoşmalar yaratmışdır. Şairin “Əlvida dağlar”, “Salamat qal”, “Nə bilim”, “Nəyimə gərəkdir”, “Qız­­­lar” ki­mi qoş­ma­la­rı (9; 10; 11; 12; 13;) toy məc­lis­lə­rin­də, şənliklərdə aşıqlar tərəfindən sevilə-sevilə oxunur.

Şairin “bulaq başında” qoşması Aşıq Ələsgərin “Gör­düm” qoşması ilə səslənməsinə və ahənginə görə bir-birinə ox­şasa da, fərqli cəhətləri də vardır. Aşıq Ələsgər bulaq ba­şında zalım ovçu tərəfindən vurulmuş yaralı maralı görübsə, onun yaralarını sarımaq istəyi ilə qəlbi alovlanıb coşursa, Məmməd Araz sarışın saçlı, qara qaşlı bir qız görür, onun ba­xışlarından özü yaralanır, ondan vədə almaq istəyir, se­vən­lər dilsiz də bir-birlərini başa düşürlər, baxışlar sabahı gös­tərir. Müqayisə üçün hər iki ustadın qoşmasını nümunə kimi göstərək:

Aşıq Ələsgərdə:

Gedirdim, güzarım düşdü bulağa,

Ovçu bərəsində maralı gördüm.

Yatıb inildəyir, durub boylanır,

Bir neçə yerindən yaralı gördüm.


Zalım ovçu onu alıb nişana,

Dəyib yaman güllə, boyayıb qana.

Çox incidir, dönür o yana-bu yana,

Kəsilibdir səbri, qərarı gördüm.


Təbib olsam, yaraların bağlaram,

Sinəm üstə düyünlərəm, dağlaram.

Ələsgərəm, o səbəbdən ağlaram.

Ananı baladan aralı gördüm (24, 111).

Məmməd Arazda:

O qızı görəndə bulaq başında,

Qəlbimdə kükrəyən bulağı gördüm.

Laləli-nərgizli çəmən içində,

Laləyə rəng verən yanağı gördüm.
Saçı sarışındı, qaşları qara,

Baxışı baxanı çəkirdi dara.

Könül verməmişdi hələ bir yara,

Dodaq görməmişdi dodağı gördüm.


Ona könül açdım çatıldı qaşı,

Söz deyə bilmədi sözümə qarşı.

Bu dəmdə böyürdən çıxdı qardaşı.

Tutuldu tez qaşı-qabağı gördüm.


Sevənlər dilsiz də danışacaqdır,

“Gələn görüşümüz – dedim – nə vaxtdır?”

Qız dönüb gözaltı gözümə baxdı,

Bu gizli baxışda sabahı gördüm (18,116).

Müqayisə üçün deyək ki, hər iki qoşma “Gördüm” rə­difli qoşmadır. Aşıq Ələsgərdən fərqli olaraq Məmməd Araz qoşmanın adını “Bulaq başında” (18,116) adlandırmışdır. Aşıq Ələsgərdə qoşma üç bənddən ibarətdir və sonuncu bənd möhürbəndidir. Məmməd Arazda isə qoşma dörd bənddən ibarətdir və qoşmanın möhürbəndi yoxdur. Adətən, qoşmada bəndlərin sayı tək (3, 5, 7) olur. Hər iki qoşma on bir heca­lı­dır, 6-5 bölgüsü ilə yazılmışdır. Məmməd Arazın qoşmala­rı­nı ənənəvi qoşmalardan fərqləndirən mühüm cəhətlərdən biri qoşmanın sonuncu bəndində (ona möhürbənd də deyilir-N.M.) müəllifin adının verilməməsidir. Müəllifin cəmi dörd qoşmasında (“Nə bilim”, “Nə günah”, “Durnaları dönməz ol­du dağların”, “Telefon”) şairin adı verilmişdir. Məmməd Araz qoşmalarına da novatorcasına yanaşmış, bəzən oxucu tərəfindən gözlənilməyən üsul və vasitələrdən istifadə edərək klassik ənənəvi formanı pozmuşdur. Onun qoşmalarından bu şeir növünün klassik tələblərinə uyğun gələn yeganə qoşması “Nə bilim”dir ki, onda da ənənəvilik pozulmuşdur. Qoşma dörd bənddən ibarətdir (18, 106).

Məmməd Arazın qoşmalarının fərqli cəhətlərindən biri də bəzi qoşmalarının bəndlərinin dördüncü misrasının qırıq olmasıdır, yəni tam on bir hecalı olmamasıdır, sanki müəllif qəsdən bilə-bilə misranı başa çatdırmır, yarımçıq saxlayır və bununla da qoşmaya yeni nəfəs gətirirdi. “Yoxdu özgə uma­ca­ğım”, “Salamat qal”, “Qayıt dedim” şeirləri bu qəbildəndir:

Günlərim var: gah paslı, gah qalaylı,

Gah lal axan, gah ildırım haraylı...

Bu torpağın daşı olub qalaydım,

Yoxdu özgə umacağım... (18, 296)

Şair özünün yaratdığı formadan bəzi gəraylılarında da istifadə etmişdir. Bu özlüyündə şeirə bir orijinallıq gətir­mək­lə yanaşı, bədii qiraət zamanı xoş bir səslənmənin əsasını təş­kil edir. Bu baxımdan “Təklənmə” (16, 430) gəraylısının bir bəndinə nəzər salaq:

Öz dərdinə ortaq da ol,

Öz içində dustaq da ol,

Dön özünə bıçaq da ol,

Təklənmə, könül! (16, 430)

Məmməd Arazın “Dağlar”, “Dağlar küsüb”, “Mənim də ya­şım az deyil”, “Palıd, səni kim yıxdı”, “Kəklik” və s. gə­ray­lıları da bu səpkidə yazılmış ən uğurlu şeirlərindən hesab edilir:

Vurulan var, vuran “yoxdu”,

Bu tələni quran yoxdu.

And içən var, “Quran” yoxdu,

Palıd, səni kim yıxdı? (19, 134)

Məmməd Arazın gəraylı janrında yazdığı şeirlərindən gətirdiyimiz nümunələrin hər ikisində dördüncü misrada he­ca­nın pozulduğunun şahidi oluruq. Göründüyü kimi, “Tək­lən­mə” gəraylısında sonuncu misra beş hecalı, “Palıd, səni kim yıxdı” gəraylısında isə yeddi hecalıdır.

Şairin gəraylılarının qafiyələnmə sistemi əsasən ənə­nə­vi şəkildə qurulmuşdur. Nümunə üçün beş bəndlik “Dağlar küsüb” gəraylısının qafiyələnməsini nəzərdən keçirək:

Neçə yazdı düşmür yolum,

Yəqin dağlar küsüb məndən.

Gedib öpüm, qurban olum,

Yəqin dağlar küsüb məndən.

I II III IV V

a c q ğ e

b c q ğ e

a c q ğ e

b b b b b

Düzlərimə şöhrət Araz,

Harayıma həsrət Araz.

Gecikmisən, Məmməd Araz,

Yəqin dağlar küsüb səndən (18, 297).

Məmməd Arazın qoşma və gəraylılarında ənənəvi qay­da­lardan istər qafiyə sisteminin quruluşundakı, istərsə də he­ca pozumu ilə yaranan fərqlər şairin novatorluğu, yenilik tə­rəfdarı olması xüsusiyyətləri ilə bağlıdır. Bu yeniliklər şairin qoşma və gəraylılarının təsir gücünü azaltmamış, əksinə şeir­lərin ruhuna şəkilcə, deyilişcə bir xoşagəlimlik, rəngarənglik gətirmişdir. Şairin yeniliklərindən biri də köhnə, nimdaş qafiyələrdən qaçması, sözlərin səslənməsinə görə yaranan qafiyələrdən istifadə etməsidir:

Çoxdan dağa-daşa yadam,

Salmır qonum-qonşu yada,

Əlim yetmir qoşmaya da,

Yəqin dağlar küsüb məndən (18, 297).

Burada daş, qonşu, qoşma sözlərində “ş” səsinin tələf­fü­zü sözlərin əvvəlinə artırılmış söz, şəkilçi və ədatla bir­likdə səsləndikdə qulağa xoş gələn “daşa yadam”, “qonşu ya­da”, “qoşmaya da” qafiyələnməsini əmələ gətirmişdir. Ümu­miy­yətlə, demək lazımdır ki, Məmməd Araz poeziya­sın­da sələflərindən fərqli olaraq bənzərsiz, səslənmə ilə əmə­lə gələn qafiyələr çoxluq təşkil edir ki, bu da şairin yüksək sənətkarlıq xüsusiyyətlərindən sayılır, şeir dilini gözəl­ləş­di­rir, bədiiləşdirir və oxunaqlı edir:

Mən Arazda şaxələnən çinardım,

Ömrü boyu tufan əydim, su yardım.

Xətainin qılıncını suvardım,

Məmməd Araz karandaşı göyərdi (19, 55).

Məmməd Araz köhnə stereotiplərdən qurtula bilməyən şair dostlarını “köhnə qafiyələr-çaylaq daşları”ndan üz dön­dər­məyə səsləyir, yeniliyi təbliğ edir, təzə söz, təzə qafiyə, təzə fikir deməyə çağırırdı:

Gözlər torlananda, çənə əsəndə

Gəlin çaş salmayaq sözlə əsanı.

Şairlər, bu “can-can” çeynəməsindən

Canını qurtaraq “Azərbaycanın” (19, 61).

Məmməd Araz sözə çox ehtiyatla yanaşan, artıq ifadə­lərdən qaçan, çeynənmiş qafiyələrdən uzaq, şeirdə yeniliyin tə­rəfdarı olan novator, öz ifadəsi ilə desək, “söz ilə oynayan şair” idi. Şair əsərlərinin lirizmi, məzmunu ilə fərqlənir, hə­qi­qi milli düşüncə, yüksək vətəndaşlıq mövqeyi nümayiş et­dir­di­yinə görə oxucuları tərəfindən sevilirdi. İndi də xalq hik­məti xəzinəsinin inciləri ilə zənginləşdirilmiş şeirlərinin bədii pa­fo­su oxucunu tezliklə ələ alır, düşündürür, ona bir mənəvi rahatlıq gətirir.


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə