Нлртийаларымыза



Yüklə 0,67 Mb.
səhifə1/7
tarix20.10.2017
ölçüsü0,67 Mb.
#5867
  1   2   3   4   5   6   7



ANAR BAYRAMOV

BİZNES VƏ MENECMENTİN ƏSASLARI

Bakı – 2011

Redaktoru: Rofət Hüseynəliyev,

iqtisad elmləri üzrə fəlsəfə doktoru

Rəyçi: Kərim Paşayev,

iqtisad elmləri doktoru, professor




Anar Bayramov. Biznes və menecmentin əsasları. Bakı, “Nurlan”, 2011, 180 səh.
Müasir biznes və menecmentdə aktual hesab edilən möv­zulardan bəhs edən bu kitab biznes sektorunda çalışan şəxslər, tələbələr, eləcə də biznes və menecmentlə maraqlananlar üçün nəzərdə tutulmuşdur.


ISBN

© Anar Bayramov, 2011



KİTABIN İÇİNDƏKİLƏR

Giriş
Fəsil 1. Biznes və Menecment – Ümumi konsepsiya
Fəsil 2. Biznes mühiti, qlobal biznes
Fəsil 3. Menecerin işi
Fəsil 4. Liderlik
Fəsil 5. Motivasiya, ünsiyyət
Fəsil 6. Layihə menecmenti
Fəsil 7. Strateji menecment
Fəsil 8. Maliyyə hesabatları, maliyyə qərarları
Fəsil 9. Satış, müştərilərlə iş
Terminlər, əsas anlayışlar
İstifadə olunmuş mənbələr


G İ R İ Ş

Hörmətli oxucu!
Gözümüzün qarşısında hər gün yeni bizneslər yaradılır, biznes münasibətlərinin miqyası genişlənir. Beləliklə, biznesə, onun idarə olunmasına aidiyyatı olan insanların sayı durmadan artır. Bu amil biznes, menecment sahəsində olan kitablara, fikir­lərə marağı da artırır.

Bu kitab da adından göründüyü kimi, ümumi biznes pro­sesindən və biznesin idarə olunmasından bəhs edir.

Kitabın əsas missiyası biznes və biznes menecmenti sahəsində Azərbaycan türkcəsində ədəbiyyat çatışmazlığı prob­leminin həllinə az da olsa töhfə verməkdən ibarətdir.

Kitabda qeyd olunan menecment, liderlik, motivasiya, ün­siyyət və digər anlayışlar bütün təşkilatlara deyil, əsasən başlıca məqsədi mənfəət əldə etmək olan şirkətlərə aid edilir.

Praktiki nümunələr və şəkillər kitabın yoruculuğunun azal­masına hesablanmışdır.

Müasir biznesdə aktual hesab edilən liderlik, müştəri müna­sibətləri, strateji menecment kimi mövzulara xüsusi diqqət yetirilmişdir.

Bundan başqa müasir biznesin özəllikləri, şirkətlərdə qərar­vermə prosesi, vaxtın idarə olunması və s. mövzular geniş təsvir edilmişdir.

Kitabın dilinin maksimum asan, oxunaqlı olmasına çalışılmışdır. Müasir Qərb yanaşması, terminologiyası əsas götürülməklə, köhnəlmiş, cansıxıcı terminlərdən mümkün qədər imtina edilmişdir.

Kitab ümumilikdə 9 fəsildən ibarətdir.

İlk 2 fəsil giriş əhəmiyyəti daşıyır – biznesin və menec­mentin ümumi konsepsiyasından, biznes mühitindən, müasir biznes meyllərindən söhbət açılır. 3-5-ci fəsillər menecerin işi, liderlik, motivasiya, ünsiyyət kimi mövzulara həsr olunur. 6-cı fəsil layihə menecmentindən, 7-ci fəsildə isə şirkətin stra­te­giyasından, strateji menecmentdən bəhs edilir. Maliyyə müna­­sibətləri, maliyyə hesabatları, maliyyə qərarlarının veril­məsi 8-ci fəslin mövzusudur. Müştəri münasibətləri, satış prosesi 9-cu fəsildə geniş şəkildə təsvir edilir.


Başlayaq oxumağa...

Fəsil 1
Biznes və Menecment – Ümumi konsepsiya



Bu fəsildə nələr var?

Biznes nədir, hansı məqsədə xidmət edir?

Sahibkarlıq

Biznes etikası, sosial məsuliyyət məsələləri

Rəqabət şəraiti

Menecment, menecment funksiyaları

Sahibkarlıq formaları, onların fərqləri

Müasir biznes praktikası



Biznes nədir?
Biznes çox böyük bir fəaliyyət sahəsidir. Biznes anlayışı müxtəlif cür ifadə oluna bilər, müxtəlif təriflərə rast gələ bilə­rik. Geniş mənada:

Biznes mənfəət əldə etmək məqsədilə digərlərini (müştəriləri) mal və xidmətlərlə təmin etmək fəaliyyətidir.


Mənfəət_üçün_gəlmişik._Bəs_mənfəəti_necə_əldə_edək'>Şəkil 1.1. Mənfəət üçün gəlmişik. Bəs mənfəəti necə əldə edək?
Yuxarıdakı tərifdən də göründüyü kimi, müştərilər biznes prosesində xüsusi mövqeyə malikdir. Müştərilər hər bir biz­nesin mövcudluq və inkişaf fəlsəfəsinin əsasını təşkil edir. Yəni əgər sənin müştərin yoxdursa, biznesin yoxdur.

Mənfəət gəlirin biznes fəaliyyəti ilə bağlı bütün xərclər çıxıldıqdan sonra qalan hissəsidir.

Mənfəət (zərər) = Gəlirlər – Xərclər
Gəlir dövr ərzində mal və xidmətlərin satılmasından əldə olunası pulun ümumi məbləğidir.

Zərər (itki) o vaxt yaranır ki, dövr ərzində xərclər gəlirlərdən çox olsun.

Biznes olduqca çoxşaxəli, spektrli sahələrdən ibarətdir. Misal olaraq, tikinti, məhsul istehsalı, bankçılıq, sığorta, tu­rizm, nəqliyyat və s. göstərə bilərik. Hər bir sahibkar özünə uyğun bildiyi sahəni seçir, fəaliyyət göstərir.




Şəkil 1.2. Fərqli biznes sahələri – fərqli iş

Biznes fəaliyyətində əsas motiv sahibkar üçün mənfəət əldə etmək olsa da, dolayı yolla iqtisadiyyatın, bütövlükdə ölkənin inkişafına yardım edir. Bu təsiri tanınmış iqtisadçı Adam Smit “görünməz əl” adlandırmışdır.



Misal. Konfet istehsal edən ABN şirkətinin birbaşa məq­sədi konfeti satıb mənfəət qazanmaq olsa da, dolayı yolla:
– Müştəriləri konfetlə təmin edir

– Əhalini işlə təmin edir

– Ölkə iqtisadiyyatını gücləndirir və s.
Yəni, ABN şirkətinin məqsədi insanları konfetlə təmin et­mək olmasa da, “görünməz əl” vasitəsilə insanların tələbatını ödəmiş olur.

Bu misaldan da aydın görünür ki, əslində biznes fəaliyyətinin ölkənin həyatında rolu çox böyükdür.

Biznesin (biznes təşkilatlarının) əsas məqsədi mənfəət əldə etmək olsa da, heç də bütün bizneslər mənfəət əldə edə bilmir. Ona görə də biznesə başlamaq riskli fəaliyyət hesab olunur. Biznesə başlayan şəxs (və ya şəxslər) sahibkar adlanır. Başqa sözlə, sahibkar vaxtını və pulunu biznesinin uğuru üçün riskə qoyan şəxsdir. Sahibkar biznesi özü idarə etməyə də bilər. Ümumiyyətlə, biznesi işə saldıqdan sonra onun normal fəaliy­yətini təmin etmək üçün menecerlərə və digər işçilərə ehtiyac yaranır. Bu həm də onunla bağlıdır ki, sahibkarın menecerlik qabiliyyətinin olması şərt deyil.

Qeyd etməliyik ki, bizneslər təkcə sahibkarına mənfəət gətirmək üçün mövcud deyil. Bizneslərin iqtisadi əhəmiyyəti odur ki, o, insanların zəruri (ərzaq, paltar, ev, nəqliyyat, tibbi xidmət və s.) və digər tələbatlarını ödəyir.




Şəkil 1.3. Fermer pul qazanarkən dolayı yolla insanların ərzaq tələbatını ödəmiş olur.
Biznesi idarə edən menecerlər təkcə biznes sahibinin deyil, həm də biznesin fəaliyyətində digər maraqlı tərəflərin (steyk­holderlərin) mənafeyini nəzərə almalıdır. Steykholderlər biz­ne­sin fəaliyyətində hər hansı marağı olan şəxslərdir. Bunlara biznesin sahibləri, müştərilər, işçilər, təchizatçılar, dilerlər, kre­dit təşki­latları, dövlət və hökümət təşkilatları, cəmiyyət və s. daxildir.

Bütün steykholderlərin maraqlarını eyni dərəcədə təmin etmək mümkün deyil. Məsələn, işçiyə nə qədər çox əməkhaqqı versən, sahibkarın mənfəəti bir o qədər azalacaqdır. Bununla belə, yaxşı menecer steykholderlərin maraqlarını maksimum balanslaşdıra bilən menecerdir. Menecerlər qərar qəbul edərkən bütün amilləri, o cümlədən daha çox mənfəət əldə edilməsini nəzərə almalıdırlar.

Yuxarıda qeyd etdiyimiz kimi, şirkətlər bütün qərarlarını mənfəətə bağlamırlar, eyni zamanda, iqtisadiyyatın, cəmiyyətin inkişafında mühüm rol oynayırlar.

Bu mənada, şirkətlər get-gedə sosial məsuliyyət məsələsinə da­ha çox diqqət yetirməyə başlayıblar. Buna bir çox amillər təsir edir:


– şirkətin ictimai nüfuzu

– rəqiblərindən geri qalmamaq

– cəmiyyətdəki rolunu dərk etmə və s.
Yəni, şirkətlər sosial fəaliyyətləri ilə cəmiyyətə mesaj verirlər ki, bizim üçün yeganə məqsəd mənfəət deyil.

Şəkil 1.4. Sosial məsuliyyəti yaddan çıxarmaq olmaz!
Sosial məsuliyyətin şirkətin qərarlarına təsiri də az deyil. Məsələn, şirkətin maliyyə vəziyyəti işçilərin sayının azal­dılmasını labüd edirsə, menecment bu qərarın işsizlik problemi yaradacağını dərk edərək müvəqqəti də olsa vaz keçə bilər. Digər tərəfdən, etik baxımdan fikirləşirlər ki, şirkət bu günədək bu işçilərin sayəsində yaxşı işləyirdi. Bu mənada, şirkətlər işçilər qarşısında mənəvi məsuliyyətini dərk edir.

Bu, həm də “Biznes etikası” məfhumu ilə əlaqədardır.

Bəzi mütəxəssislər “biznes etikası” ifadəsini dünyanın ən məşhur oksimoron ifadələrindən sayırlar. Qeyd edək ki, oksi­moron əks xarakterli sözlərin əmələ gətirdiyi ifadələrdir. Yəni etika əxlaq, tərbiyə ilə bağlı söz olsa da, biznes daha çox qarmaqarışıqlıq, xaotik, şəxsi maraqların üstünlük təşkil etdiyi fəaliyyət kimi başa düşülür.



Şəkil 1.5. Biznes etikası oksimorondur.

Bununla belə, bu gün “Biznes etikası” ifadəsi olduqca popul­yardır. Xüsusilə, dünyanın inkişaf etmiş ölkələrində biznesin etik tərəfləri öyrənilir, təbliğ edilir.



Biznes etikası biznes fəaliyyətində, biznes qərarlarında digərlərinin (işçilərin, səhmdarların, müştərilərin, investorların, hökumətin, cəmiyyətin və s.) nəzərə alınmasıdır.

Bazarda uzunmüddətli dövrdə uğurun təmin olunması üçün dürüstlüyün, ədalətliliyin gözlənilməsi, rəqiblərə hörmət, yüksək etik standartların gözlənilməsi vacib şərtlərdir.

Etik prinsiplərin pozulması halları dünyanın bir çox məşhur şirkətlərində rast gəlinmişdir. Belə hallardan ən məşhuru 2001-ci ildə Enron (ABŞ) şirkətinin iflası ilə nəticələnən hadisədir. Belə ki, Enron şirkətinin menecmenti şirkətin xərc­lərini və kreditor borclarını gizlətməklə qısamüddətli maraqları naminə ictimaiyyəti aldatmışdır.

Şəkil 1.6. ENRON böyük dərsdir
Oxşar hallar Xerox, Worldcom kimi şirkətlərdə də baş vermişdir.

Sosial məsuliyyətin rolunu dərk edən bir çox qabaqcıl şir­kətlərdə hətta sosial məsuliyyət departamenti yaradılmışdır. Bundan başqa, bəzi şirkətlər cari sosial məsuliyyətin vəziy­yətini yoxlamaq üçün sosial audit keçirirlər.

Müasir biznesin xüsusiyyətlərindən biri də odur ki, məh­suldarlıq artdıqca mal və xidmətlərin istehsalı üçün daha az insan resursları tələb olunur. Nəticədə bir sıra işçilərin iş yerlərini itirməsinə gətirib çıxarır.
Mallar – toxunula bilən məhsullar (ərzaq, paltar, maşın, kompüter və s.).

Xidmətlər – toxunula və görülə bilməyən məhsullar (təhsil, səhiyyə, sığorta, turizm və s.).
Biznesin normal fəaliyyət göstərməsi üçün rəqabət şəraitinin də rolu böyükdür. Rəqabət şəraiti o vaxt təmin olunur ki, nə alıcılar, nə də satıcılar bazarda hökmranlıq etməsin. Mükəmməl rəqabət həm də inkişafa aparan əsas amildir. Qeyd edək ki, normal rəqabətli bazarlarda şirkətlər qiymətin for­malaşmasında birbaşa iştirak etmirlər. Tələb (alıcıların maraq­ları) və təklifin (satıcıların maraqları) nəticəsində bazar qiyməti formalaşır. Bu halda hansı şirkət xərclərini bazar qiymətilə ödəyə bilirsə, bazarda qala bilir.

Qeyri-rəqabətli bazarlarda isə qiymətlər alıcının və ya satıcının diktəsi ilə formalaşır.

Məsələn, fərz edək ki, BNH şirkəti bazarda sementin yega­nə satıcısıdır. Bu halda şirkət inhisarçı (hökmran satıcı) gücə malik olacaq, yüksək qiymətlər qoyacaq. Hansı tikinti şirkəti həmin qiymətə sement almağa razı olacaqsa, fəaliyyətini davam etdirəcək, əks halda bazardan çıxacaq. Əlbəttə, inhisarçı şirkət də qiymət həddini elə müəyyən edəcək ki, satış minimuma enməsin, gəlir əldə edə bilsin.

Həm iqtisadiyyata, həm də müştərilərin maraqlarına ziyan vurduğu üçün inhisarçılıq və digər anti-rəqabət fəaliyyətləri iqtisadiyyata dövlətin müdaxiləsini zəruri edir.


Menecment nədir? Menecment ümumi mənada hər hansı təşkilatın idarə olunmasıdır. Bu kitabda “menecment” dedikdə, biznesin idarə olunması kimi nəzərdə tutulur.

Müxtəlif ədəbiyyatlarda menecmentin müxtəlif təriflərinə rast gələ bilərik. Bunlardan biri də aşağıdakı kimidir:



Menecment təşkilatın məqsədlərinə çatmaq üçün resurs­lardan (maliyyə, fiziki, informasiya, insan resursları) effektiv və səmərəli şəkildə istifadə etməklə həyata keçirilən işlərin (planlaşdırma-qərar qəbul etmə, təşkil etmə, liderlik və nəzarət) məcmusudur.

Şəkil 1.7. Resurslar var. Qalır yaxşı idarə etmək...
Başqa sözlə, menecerlər əllərindəki (əllərinin çatdığı) resurslarla biznesin məqsədlərinə çatmağa çalışırlar.

Əsas menecment funksiyaları aşağıdakılardır:


– planlaşdırma və qərar qəbul etmə

– təşkil etmə

– liderlik

– nəzarət


Planlaşdırma və qərar qəbul etmə funksiyası dedikdə, şirkət üçün hədəflərin, eləcə də həmin hədəflərə çatmaq üçün yolların müəyyən edilməsidir.

Təşkil etmə funksiyasına şirkətin resurslarının düzgün yönəl­dilməsi, proseduraların formalaşdırılması daxildir.

Liderlik dedikdə, işçi heyətinin ümumi məqsədə çatmaq istiqamətində düzgün motivasiyasının təşkilidir.

Nəzarət funksiyasına şirkətin fəaliyyətinin ümumi məqsəd­lərə doğru olub-olmamağının yoxlanılması, lazım gəldikdə müdaxilə edilməsi daxildir. Nəzarət prosesinin effektivliyi üçün şirkətlərdə hesabatlılıq sistemi qurulur.

Bütün menecerlər fəaliyyətlərində qeyd olunan menecment funksiyalarını həyata keçirir. Lakin vəzifəsindən asılı olaraq bu funksiyaları müxtəlif dərəcələrdə həyata keçirirlər. Məsələn, yüksək vəzifəli menecerlərin (top menecerlərin) işinin əsas hissəsi planlaşdırma və nəzarət funksiyalarına həsr olunur. Nisbətən aşağı vəzifəli menecerlərin işində isə planlaşdırma və nəzarət funksiyalarının payı azlıq təşkil edir.


Misal.

“DMX” İnşaat şirkətinin əsas fəaliyyəti ofis təyinatlı binaların tikintisidir. Şirkət hər altı ayda bir dəfə ümumi fəaliyyət planını təsdiq edir. Bu proses müxtəlif funksional menecerlərin (maliyyə, marketinq, İT, insan resursları şöbə­lərindən) iştirakı ilə həyata keçirilir. Fəaliyyət planına inves­tisiya layihələrinin təsdiqi, yeni alınacaq avadanlıqların müəy­yən edilməsi, reklam büdcəsi, yeni cəlb ediləcək iş icraçılarının və texniki işçilərin həddinin müəyyənləşdirilməsi və s. aiddir.

Şirkətdə sifarişlər satış şöbəsi tərəfindən qəbul edilir, layihə-planlaşdırma şöbəsi ilə birlikdə qiymətləndirilir. Qiymət müştəri tərəfindən məqbul hesab edilirsə, iş icraya verilir. İşə birbaşa rəhbərlik iş icraçıları tərəfindən həyata keçirilir. İş icraçıları öz növbəsində plana uyğun olaraq tikintini həyata keçirir. İş icraçıları gündəlik olaraq yuxarı rəhbərliyə hesabat verir, eyni zamanda, problemlər rəhbərlik qarşısında qaldırılır. Texniki işçilərin (usta və fəhlələrin) işinin yönəldilməsi tamamilə iş icraçısı tərəfindən həyata keçirilir.

Yuxarıdakı misala əsasən “DMX” şirkətində menecment funksiyalarının bölgüsünə fikir verək. Gördüyümüz kimi, plan­laşdırma və strateji qərarların verilməsi işləri əsasən şirkət rəhbərliyi tərəfindən həyata keçirilir – investisiya layihələrinin, büdcənin təsdiqi, yeni avadanlıqların alınması, işəgötürmə qərar­ları və s. Kiçik menecerlər isə (iş icraçıları) layihə çər­çivəsində işləri planlaşdırır, ustalara birbaşa nəzarəti həyata keçi­rirlər. Lakin əsas nəzarət funksiyası top menecmentin üzərinə düşür. Qeyd olunduğu kimi, iş icraçıları rəhbərliyə gündəlik hesabat verirlər. İşin (tikintinin) birbaşa təşkili isə (təşkil etmə funksiyası) əsasən kiçik menecerlərin üzərinə dü­şür. Liderlik funksiyası, bunun tərkib hissəsi kimi motivasiya demək olar ki, bütün menecerlərdən eyni dərəcədə tələb olunur.

Sonrakı fəsillərdə menecmentin başlıca funksiyaları barədə daha ətraflı şəkildə bəhs edilir.

Biznes sahiblik baxımından müxtəlif formalarda yaradıla bilər. Bu mənada 3 əsas forma daha geniş yayılmışdır:




  1. Fərdi sahibkarlıq

  2. Partnyorluq

  3. Korporasiya

Bunlardan ən asanı və geniş yayılmışı fərdi sahibkarlıqdır. Fərdi sahibkarlıqda biznes vahidinin sahibliyi bir nəfərdən ibarət olur. Əksər hallarda həmin şəxs özü biznesini idarə edir. Amma biznesin idarəçiliyi başqa bir menecerə də həvalə oluna bilər.



Şəkil 1.8. Fərdi sahibkaram – özüm özümün müdiriyəm...
Bəzi hallarda sahibkarlar resurslarını (pul, texnologiya, bilik və s.) birləşdirib partnyorluq yaradırlar. Bu halda biz­nesin sahibliyi ən azı iki nəfərdən ibarət olur.

Həm fərdi sahibkarlıqda, həm də partnyorluqda sahib­karların riski kifayət qədərdir. Belə ki, sahibkar təkcə qoyduğu kapital həcmində deyil, bütün şəxsi əmlakı ilə də məsuliyyət daşıyır.

Bu səbəbdən korporasiya ən az riskli sahiblik forması he­sab olunur. Korporasiyanın bütün hüquqi öhdəlikləri sahib­lərinin hüquqi öhdəliklərindən ayrıdır. Yəni, sahibkar ən pis hal­da qoyduğu kapitalını itirə bilər. Dünyanın əksər böyük şir­kətləri korporasiya şəklində təsis olunmuşdur. Səhmlər kor­po­rasiyada sahibliyi təsdiq edən sənəddir. Yəni, şirkətin 100 səh­mindən 30-nu alırsansa, şirkətin 30%-nə sahib olursan. Bu, eyni zaman­da o deməkdir ki, 30% səsvermə hüququ səndədir, bölüşdürülən mənfəətin 30%-i sənə çatır və s.


Şəkil 1.9. Korporasiyada qərarvermə prosesi mürəkkəbdir.
Bizneslərin yuxarıda qeyd olunan formalarının hər birinin zəif və üstün cəhətləri var. Onlara diqqət yetirək:

Fərdi sahibkarlığın ən böyük üstünlüyü asan yaradılma imkanıdır. Bundan başqa, sahibkarın sərbəstliyini qeyd edə bilə­rik. Başqa sözlə, fərdi sahibkar “özü özünün müdiri”dir. Onlar asanlıqla heç kimdən asılı olmadan iş qrafiklərini müəy­yən edə, gəlirləri barədə təkbaşına qərar verə bilərlər.

Fərdi sahibkarlığın ən zəif cəhəti öhdəlikləri üzrə riskdir. Yəni, sahibkarın biznesdəki uğursuzluğu şəxsi əmlaklarının iti­ril­məsi ilə nəticələnə bilər. Digər zəif cəhətlərinə artım poten­sialı, məhdud maliyyə resursları və s. aid edilir. Fərdi sahib­karların maliyyə resurslarına çıxış imkanı əsasən aşağı səviy­yədədir. Çünki kredit təşkilatları onlara kredit ayırmağa maraqlı olmur, digər tərəfdən, fərdi sahibkarlıq vahidləri investorlar üçün də cəlbedici olmur.

Partnyorluğun fərdi sahibkarlığa nisbətən əsas üstünlüyü həm maliyyə, həm də digər resurslara çıxış imkanının yüksək olmasıdır. Çünki ən azı 2 nəfər resurslarını bir araya gətirir.

Partnyorluğun zəif cəhətləri aşağıdakılar hesab olunur:

Öhdəliklər üzrə məsuliyyətin qeyri-məhdudluğu. Fərdi sahibkarlıqda olduğu kimi, burada da sahibkarlar biznesə bütün öhdəlikləri üzrə cavabdehdirlər;

Mənfəətin bölgüsü. Partnyorlar bir çox hallarda birgə qazan­dıqları mənfəətin bölgüsü zamanı narazıçılıqlarla üzlə­şirlər. Mənfəətin hansı nisbətdə bölünməsi, nə zaman bölün­məsi və s. əsas kəsişmə nöqtələridir;

Partnyorlar arasında narazılıq. Narazılığın əsas mənbəyi partnyorun birinin digəri üzərində “üstün mövqe” tutmaq istə­yidir. Bunlara misal olaraq kimin işə götürülməsi, kimin daha çox işləməsi, investisiya qərarları və s. göstərə bilərik.

Partnyorların ayrılması. Partnyorların ayrılması təbii proses olsa da, praktiki olaraq bu proses olduqca problemlidir. Belə ki, partnyorlar ayrılanda resurslar hansısa nisbətdə bölünməlidir. Məsə­lən, hər hansı bacarıqlı işçi tərəflərin yalnız birində qala bilər.


Şəkil 1.10. Heç bir portnyor konfliktlərdən sığortalanmayıb.

Fərdi sahibkarlığın və partnyorluğun yuxarıda qeyd olunan və olunmayan çatışmazlıqları korporasiyaların meydana gəl­məsinin əsas hərəkətverici qüvvəsi olur. Korporasiyanın üstün­lükləri aşağıdakılardır:

Məhdud məsuliyyət. Bu o deməkdir ki, korporasiyanın borcları yalnız korporasiyanın aktivləri hesabına ödənilə bilər. Korporasiyanın sahiblərinin (səhmdarların) şəxsi əmlaklarının korporasiyanın işinə heç bir aidiyyatı yoxdur.

Maliyyə resurslarına çıxış imkanı. Korporasiya hər za­man yeni səhmlərini satışa çıxara bilər. Bundan başqa, kor­porasiyalar kredit təşkilatları üçün daha cəlbedici hesab olunur.

Sahibliyin menecmentdən ayrı olması. Korporasiyanın sahiblərinin onun idarə olunmasında rolu demək olar ki, yox­dur. Bu amil bir çox insanları korporasiyalara investisiya qoy­mağa həvəsləndirir. Başqa sözlə, investisiya qoyub kənardan mənfəəti gözləyirlər.

Sahibliyin dəyişilməsinin asanlığı. Partnyorluqdan fərqli olaraq, korporasiyada sahibliyin dəyişilməsi heç bir problem yarat­mır. Bir səhmdarın səhmlərini digərinə satması kor­po­rasiyanın işinə təsirsiz ötüşür.

Qeyd olunan üstünlüklərlə yanaşı, korporasiya bir sıra zəif cəhətlərsiz də deyil:

İkiqat vergitutma. Korporasiyalar mənfəət vergisi ödə­məklə yanaşı, səhmdarlar əlavə olaraq aldıqları dividentdən vergi verirlər. (Dividend – səhmdarların mənfəətdən aldıqları paydır). Başqa sözlə, səhmdarlar həm mənfəətdən vergi verir­lər, həm də mənfəətdən aldıqları dividentdən. Beləliklə, eyni mənbədən iki dəfə vergitutmaya məruz qalırlar.

Təşkilati işlərin çətinliyi. Buraya məcburi mühasibatlığın aparılması, məcburi audit yoxlaması və s. daxildir.

Menecment və səhmdarlar arasında münaqişələr. Bu, o zaman yaranır ki, menecment öz maraqlarını korporasiyanın maraqlarından önə çıxarır.

Dünyada biznes praktikası günü-gündən inkişaf edir, təkmilləşir. Buna bir çox amillər təsir edir:


  • İnformasiya texnologiyalarının inkişafı

  • Biznes infrastrukturunun inkişafı

  • Korporativ mədəniyyətin formalaşması

  • Rəqabətin yüksək səviyyəsi və s.



Şəkil 1.11. Müasir biznesin tələbləri daha sərtdir...

Qeyd olunan meyllərin əsas hərəkətverici qüvvəsi elə sonuncu amildir – rəqabət.

Biznesdə rəqabətin inkişafı menecerlərə, liderlərə olan tələbləri də artırmışdır. Bu gün uğur qazanan liderlər qalstuk geyinib toxunulmaz kabinetlərdə ağır iş rejimi keçirənlər yox, çevik, məlumatlı, işçilərin əli çatdığı, problemlərdən qorxma­yan liderlərdir.

Yeni biznes meylləri, biznes mühiti barədə 2-ci fəsildə daha ətraflı məlumat verilmişdir.



ƏSAS ANLAYIŞLAR


Biznes

Steykholder

Menecment

Mənfəət


Zərər

Gəlir


Biznes etikası

Mallar


Oksimoron

Rəqabətli bazar

Qeyri-rəqabətli bazar

Məhdud məsuliyyət



Xidmətlər

Menecment funksiyaları

Sahibkar

Sosial məsuliyyət

Sosial audit

Fərdi sahibkarlıq

Partnyorluq

Korporasiya

Tələb

Təklif


Sahiblik formaları

Divident










Fəsil 2
Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə