O kəslər ki, (müşriklər) Allahdan başqasına pərəstiş edirlər və heç bir şeyi hökm etmirlər. Allah eşidən və görəndir



Yüklə 0,98 Mb.
səhifə2/14
tarix16.11.2017
ölçüsü0,98 Mb.
#10423
1   2   3   4   5   6   7   8   9   ...   14

Kişi səfərdən qayıtdı, sonra qızı öz yanına çağırdı. Amma qız arvadın törətdiyi cinayət səbəbi ilə kişinin yanına gəlməkdən xəcalət çəkdi. Kişi çox israr etdikdə arvadı dedi: – Ondan əl çək! Çünki o böyük bir günaha mürtəkib olmuşdur. Ona görə də sənin yanına gəlməkdən xəcalət çəkir.

Sonra ona zina töhməti vurdu. Kişi bu sözü eşitdikdə narahat oldu. Qəzəbli halda qızın yanına gəlib onu məzəmmət edərək dedi: – Vay olsun sənə! Sənə qarşı göstərdiyim məhəbbət və nəvazişləri unutdunmu?! Allaha and olsun, mən səni öz bacı və övladlarım kimi bilirdim, sən də özünü mənim qızım hesab edirdin. Nə üçün belə bir çirkin işə mürtəkib olmusan?

Qız dedi: – Allaha and olsun, mən heç vaxt zina etməmişəm. Arvadın mənə töhmət vurur.

Sonra başına gələn əhvalatı o kişiyə dedi. Kişi qızın və arvadının əlindən tutub Əmirəl-möminin Əli (ə)-ın evinə tərəf yola düşdü. O həzrətin evinə çatıb hadisəni o Həzrətə bəyan etdi. Qadın da mürtəkib olduğu cinayəti etiraf etdi. Bu zaman İmam Həsən (ə) da atasının hüzurunda idi. Əli (ə) ona buyurdu: – Bunların arasında mühakimə yürüt!

Həzrət Həsən (ə) dedi: – Qadının iki cəzası vardır: – Birincisi töhmət vurduğuna görə iftira həddi; ikincisi isə qızın bəkarət diyəsi.

Əli (ə) buyurdu: – Düz dedin!

Əmirəl-möminin Əli (ə) məscidə daxil olub gördü ki, bir cavan ağlayır, bir neçə nəfər də ona təskinlik verir. İmam (ə) irəli gəlib cavandan soruşdu: – Nə üçün ağlayırsan?

Cavan: – Ya Əmirəl-möminin! Şüreyh qazinin mənim barəmdə çıxartdığı hökmə görə ağlayıram. Bilmirəm, hansı əsasa görə bu hökmü vermişdir!

Sonra öz başına gələnləri belə dedi: – Atam bu camaatla birlikdə səfərə getmişdi. Özü ilə çoxlu mal-dövlət də aparmışdı. Onlar səfərdən gəlmiş, atam isə qayıtmamışdır. Atam barəsində xəbər aldıqda deyirlər ki, səfərdə ölmüşdür. Onun mal-dövlətindən soruşduqda isə deyirlər ki, onun mal-dövlətdən heç nəyi yox idi. Onları Şüreyhin yanına apardım. Şüreyh and içdirib onları azad etdi. Halbuki, atamın özü ilə çoxlu mal-dövlət apardığını bilirdim.

Əmirəl-möminin Əli (ə) onlara buyurdu: – Tez olun, Şüreyhin yanına qayıdın! Mən özüm o cavanın işi barəsində təhqiqat aparacağam.

Onlar qayıtdılar. Əli (ə) da Şüreyhin yanına gəlib dedi: – Onların arasında necə qəzavət etmisən?

Şüreyh: – Ya Əmirəl-möminin! Bu cavan iddia edir ki, atası bunlarla birlikdə səfərə getmiş və özü ilə çoxlu mal-dövlət aparmışdır. Amma atası onlarla birlikdə səfərdən qayıtmayıb. Cavan onlardan atası barəsində soruşduqda ona "atan səfərdə ölmüşdür"-deyə cavab veriblər. Mən də cavana dedim: "Öz iddiana dair şahidin varmı?" "Xeyr"-deyə cavab verdi. İnkar edən bu dəstəni and içdirdim və azad oldular.

Əli (ə) Şüreyhə buyurdu: – Çox təəssüflənirəm ki, bu cür mühüm hadisədə belə hökm vermisən!

Şürey: – Bəs onun hökmü nədir?

Əli (ə) buyurdu: – Allaha and olsun, indi onların arasında elə hökm edərəm ki, məndən əvvəl Davud peyğəmbərdən başqa heç kəs belə bir hökm etməyibdir. Ey Qənbər! Keşikçi məmurları gətir!

Qənbər onları gətirdi. Həzrət onların hər birinə bir məmur təyin etdi, sonra onların üzlərinə baxıb buyurdu: – Nə deyirsiniz?! Belə fikirləşirsiniz ki, sizin bu cavanın atasına qarşı törətdiyiniz cinayətdən agah deyiləm?! Əgər xəbərdar olmasam, onda nadan olaram!

Sonra məmurlara buyurdu: – Onların üzlərini bağlayın və hamısını bir-birindən ayırın.

Həzrətin göstərişi ilə onların hər birini üzləri və başları paltarla örtülmüş halda məscidin sütunlarının birinin yanında oturtdular. Sonra İmam (ə) öz katibi Əbdüllah ibni Əbu Rafeni çağırıb buyurdu: – Qələm-kağız gətir!

Özü isə qəzavət kürsüsündə əyləşdi, camaat da onun qarşısında oturdular. Həzrət camaata buyurdu: – Mən hər vaxt "təkbir" desəm, siz də "təkbir" deyin.

Sonra camaatı qəzavət məclisindən çıxartdı və içəridəkilərdən birini çağırıb öz qarşısında oturtdu. Üzünü açıb Əbdüllah ibni Əbi Rafeyə buyurdu: – Bu kişinin iqrar etdiklərini yaz.

Sonra onu istintaq edib buyurdu: – Siz və bu cavanın atası nə vaxt evinizdən xaric olmusunuz?

–Filan gündə.

–Hansı ayda?

–Filan ayda.

–Hansı ildə?

–Filan ildə.

–Bu cavanın atası öləndə harada idiniz?

–Filan yerdə.

–Kimin evində?

–Filankəsin evində.

–Hansı xəstəlikdən öldü?

–Filan xəstəlikdən.

–Xəstəliyi neçə gün çəkdi?

–Filan qədər.

–Hansı gündə öldü? Kim ona qüsl verib kəfənə bükdü? Kəfəninin parçası nə idi? Kim ona namaz qıldı və kim onu qəbrə qoydu?

Onu tam istintaqa çəkdikdən sonra "təkbir" səsi ucaldı. Camaat da hamılıqla "təkbir" dedi. "Təkbir" səsini eşitdikləri halda başqaları da o şəxsin həm özünün, həm də digərlərinin sirrini açmasına yəqin etdilər. Həzrətin əmri ilə yenidən onun başını və üzünü bağlayıb zindana apardılar.

Sonra başqa birini hüzuruna çağırıb öz qarşısında oturtdu. Üzünü açdı və ona buyurdu: – Elə fikirləşirsən ki, mən sizin cinayət və xəyanətinizdən agah deyiləm?

Bu zaman o, birinci şəxsin gördükləri işləri etiraf etməsinə əsla şəkk etmədi və günahını boynuna almaqdan başqa bir çıxış yolu görməyərək dedi: – Ya Əmirəl-möminin! Mən də onlardan biri idim və cavanın atasını öldürmək istəmirdim.

Bununla da öz təqsirini etiraf etdi.

Sonra İmam Əli (ə) şahidlərin hamısını biri digərindən sonra çağırdı. Onlar da cavanın atasını öldürüb mal-dövlətini mənimsədiklərini iqrar etdilər. Bu zaman hələ iqrar etməmiş olan birinci şəxs də etiraf etdi. İmam onları cavanın atasının qan bahasını və mal-dövlətini verməyə vəzifəli etdi. Öldürülən şəxsin malını qaytarmaq istədikdə cavanla onların arasında kəskin ixtilaf yarandı və hər biri müəyyən məbləği iddia etdilər. Əli (ə) öz üzüyünü və onların üzüklərini götürüb buyurdu: – Onları bir yerə qatın. Hər kəs mənim üzüyümü bunların içərisindən tapsa, iddiasında düz demiş olar. Çünki mənim üzüyüm Allahın payıdır və Allahın payı həqiqətə çatar.

Bu məsələ həll olunduqdan sonra Şüreyh dedi: – Ya Əmirəl-möminin! Davud peyğəmbərin hökmü nə idi?

Həzrət buyurdu: – Davud bir küçədən keçirdi. Təsadüfən bir-biri ilə oynayan bir neçə uşaqla qarşılaşdı. Bir uşağın "Matəddin" (din öldü) deyə səsləndiyini eşitdi. Uşağı yanına çağırıb ona dedi: – Adın nədir?

Dedi: – Matəddin.

Davud dedi: – Bu adı kim sənə qoymuşdur?

Dedi: – Atam.

Davud oğlanı anasının yanına aparıb soruşdu: – Ey qadın! Bu uşağın adı nədir?

Anası: – Matəddin.

Davud: – Bu adı ona kim qoymuşdur?

Anası: – Atası qoymuşdur.

Davud: – Hansı münasibətlə?

Qadın: – Bu oğluma hamilə olan zaman atası bir karvanla səfərə getdi, lakin onlarla qayıtmadı. Mən onun barəsində soruşduqda "ölmüşdür"-deyə cavab verdilər.

Dedim: – Bəs onun mal-dövləti necə oldu?

Dedilər: – Onun heç nəyi yox idi!

Dedim: – Mənim barəmdə sizə heç bir vəsiyyət və sifariş etmədimi?

Dedilər: – Yalnız bir vəsiyyət etdi. O, sənin hamilə olduğunu bildiyi üçün sifariş etdi ki, oğlan və ya qız olmağından asılı olmayaraq övladının adını "Matəddin" qoyarsan.

Davud: – Ərinin səfər yoldaşları ölüblər, yoxsa diridirlər?

Qadın: – Diridirlər.

Davud: – Məni onların evinə apar.

Qadın Davudu onların evinə apardı. Davud onların hamısını bir yerə toplayıb həmin ardıcıllıqla onları danışdırdı. Onların cinayəti aşkar olduqda öldürülən şəxsin qan bahasını və malını onların öhdəsinə qoyub qadına dedi: – İndi oğlunun adını Aşəddin, yəni "Din dirildi" qoy.

Həmin rəvayəti Mərhum Kuleyni də başqa sənədlərlə Əsbəğ ibni Nəbatədən nəql edərək deyir: – Əli (ə) bir hadisə barəsində elə heyrətli mühakimə yürütdü ki, onun oxşarını heç vaxt eşitməmişdim. Sonra yuxarıdakı hadisəni nəql edir və axırda deyir: – İmam (ə) onlarla birlikdə Şüreyhin yanına qayıtdı və bu məşhur məsəli Şüreyhə oxudu:

"Səd adlı bir kişi öz dəvələrini suvarmaq üçün çaya apardı. Halbuki, özü paltarlarına bürünmüşdü.

Səd! Bu vəziyyətlə dəvələrinə su verə bilməzsən!"

Bunu demək istəyirdi ki, Şüreyh bu hadisənin ətrafında daha artıq tədqiqat aparmalı, puç və zahiri mühakimələrlə kifayətlənməməlidir.

Bu rəvayətin məzmununu sünnülər də nəql etmişlər. Belə ki, onu "Mənaqib"in müəllifi Zəməxşərinin "Müstəqsa" kitabından, ibni Məhdi də "Nüzhə" kitabında ibni Sirindən nəql etmişdir.

Bura qədər nəql olunan rəvayətlərdən məlum olur ki, Həzrət Əli (ə) həm Süleyman peyğəmbər kimi (birinci fəslin üçüncü hadisəsində qeyd olunduğu kimi), həm Danyal peyğəmbər kimi (3-cü fəslin birinci hadisəsində qeyd olunduğu kimi), həm də Davud peyğəmbər kimi (bu hadisədə qeyd olunduğu kimi) qəzavət etmişdir.

Məhz buna görə də Həzrət Peyğəmbər (s.ə.v.v) çoxlu hədislərdə Əli (ə)-ı peyğəmbərlərə oxşatmışdır. Şair necə də gözəl deyir:

Ançe xuban həme darənd, tu tənha dari!

(Yaxşı insanların hamısının malik olduğu şeyə, sən təklikdə maliksən).

Peyğəmbəri Əkrəm (s.ə.v.v) Mədinəyə hicrət edər-kən Əli (ə)-ı özünün Məkkədəki vəkili və naibi seçdi ki, camaatın əmanətlərini (o həzrətin yanında qoymuş-dular) öz sahiblərinə qaytarsın, sonra Mədinəyə gəlsin.

Əli (ə) əmanətləri sahiblərinə təhvil verdiyi günlərdə Əbu Süfyanın oğlu Hənzələ, Ümeyr ibni Vail Səqəfini qızışdırdı ki, o Həzrətin yanına gedib (guya əmanət olaraq Peyğəmbərə verdiyi) səksən misqal qızılı tələb etsin. Sonra ona dedi: – Əgər Əli səndən şahid istəsə, biz qüreyşlilər sənin üçün şəhadət verəcəyik.

Sonra ona yüz misqal ağırlığında qızıl mükafat verdi, belə ki, onun içində on üç misqal ağırlığı olan boyunbağı da var idi.

Ümeyr Əli (ə)-ın yanına gəlib öz əmanətini istədi. Əli (ə) nə qədər axtardısa, onun adına bir əmanət görmədi və bildi ki, o, yalan danışır. Sonra, bəlkə öz iddiasından əl çəksin - deyə, ona öyüd-nəsihət verdi. Lakin öyüd-nəsihətin heç bir xeyri olmadı. Ümeyr israr edib deyirdi: – Mənim Qüreyşdən şahidlərim vardır, onlar mənim üçün şəhadət verəcəklər: Əbu Cəhl, Əkrəmə, Əqəbə ibni Əbi Muit, Əbu Süfyan və Hənzələ.

Əli (ə) buyurdu: – Bu bir hiylədir ki, onu tökənin yaxasına yapışacaqdır!

Sonra göstəriş verdi, bütün şahidlər hazır olub Kəbə evində oturdular. Ümeyrə üz tutub buyurdu: – De görüm, əmanətlərini Peyğəmbərə nə vaxt vermişdin?

Ümeyr: – Günortaya yaxın vaxtlarda təhvil verdim və o, onları əlimdən alıb öz qulamına verdi.

Sonra Əbu Cəhli çağırdı və həmin sualı ondan da soruşdu, lakin Əbu Cəhl "mən cavab verməyə bir lüzum görmürəm"-deyərək özünü xilas etdi.

Ondan sonra Əbu Süfyanı çağırıb həmin sualları ondan soruşduqda Əbu Süfyan dedi: – Gün batana yaxın vaxtlar idi ki, Ümeyr əmanətini Məhəmmədə verdi, o da alıb öz qoynuna qoydu.

Növbə Hənzələyə çatanda dedi: – Yadımdadır, günəş səmanın düz ortasında idi, Ümeyr əmanəti Məhəmmədə verdi və o da qəbul edib qarşısına qoydu ki, gedəndə onu götürüb aparsın.

Sonra Əqəbəni çağırdı, ondan vəziyyəti soruşduqda dedi: – Axşam çağı idi ki, Ümeyr əmanəti Məhəmmədə təhvil verdi və o da əmanətləri dərhal öz evinə göndərdi.

Sonra Əkrəməni çağırıb bu əmanət məsələsini soruşduqda, o dedi: – Sübh çağı idi ki, Ümeyr əmanəti Peyğəmbərə təhvil verdi, Məhəmməd alıb dərhal Fatimənin evinə göndərdi.

Orada oturan Ümeyr bütün hadisələri müşahidə edir və onların danışıqlarındakı ziddiyyətli sözləri eşidirdi. Sonra Əli (ə) Ümeyrə dedi: – Görürəm ki, rəngin saralıb və halın dəyişilib!

Ümeyr dedi: – İndi ki, belə oldu, düzünü sənə deyəcəyəm. Çünki hiyləgər adam nicat tapmaz. Allaha and olsun, mən heç bir şeyi Məhəmmədə əmanət verməmişdim. Məni bu işə Hənzələ ilə Əbu Süfyan təhrik etdilər. Üzərində Əbu Süfyanın arvadı Hindin möhürü olan dinarlar mənim yanımdadır, onu mənə mükafat vermişdilər.

Əli (ə) buyurdu: – Evin küncündə gizlədilən qılıncı gətirin.

Qılıncı gətirdilər, Əli (ə) onu oradakılara göstərdi və buyurdu: – Bu qılıncı tanıyırsınızmı?

Dedilər: – Bəli, bu, Hənzələnin qılıncıdır.

Əbu Süfyan: – Bu qılınc Hənzələdən oğurlanmışdır!

Əli (ə): – Əgər düz deyirsənsə, onda sənin qara qulamın Məhlə nə etmişdir?

Əbu Süfyan: – O bir iş üçün Taifə getmişdir.

İmam (ə): – Kaş ki, gələydi, sən də onu bir daha görəydin. Əgər düz deyirsənsə, onu çağır gəlsin.

Əbu Süfyan susdu, sonra o Həzrət, Qüreyşin başçılarından on nəfərin qulamına bir yeri göstərib buyurdu ki, oranı qazsınlar. Qazdıqdan sonra birdən Məhlənin cəsədini tapdılar. O Həzrət buyurdu: – Onu çıxarıb gətirin.

Cəsədi çıxardıb Kəbəyə tərəf apardılar. Camaat Məhlənin cansız cəsədini gördükdə heyrətə düşdülər və onun qətlə yetirilməsinin səbəbini Həzrətdən soruşdular. İmam Əli (ə) buyurdu: – Əbu Süfyanla onun oğlu bu qulamı tamahlandırmış və ona azad olmaq vədəsi verərək vadar etmişdilər ki, məni qətlə yetirsin. O da yol üstündə pusqu qurmuşdu. Mənə hücum etdikdə ona möhlət vermədən boynunu vurdum və qılıncını aldım.

Onların hiyləgərlik tədbirləri heç bir nəticə vermədi, sonra başqa bir məkr işlətdilər ki, onun da heç bir nəticəsi olmadı.

Bir kişi İmam Əli (ə)-ın yanına gəlib dedi: – Ya Əmirəl-möminin! Zina etmişəm, məni bu günahdan pakla (yəni cəzalandır)!

İmam Əli (ə) üzünü ondan başqa tərəfə döndərib buyurdu: – Otur!

Sonra oradakılara dedi: – Sizlərdən günaha mürtəkib olan bir şəxs öz günahını gizlədə bilməzmi, halbuki, Allah-Taala onu gizlətmişdir?!

(İmam (ə) bunu çatdırmaq istəyirdi ki, insan öz günahını gizlətməli, Allahdan başqa heç bir kəs üçün aşkar etməməlidir. Bununla da günahını iqrar edən şəxsə anlatmaq istəyirdi ki, iqrar etməsin.)

O kişi yenidən ayağa qalxıb dedi: – Ya Əmirəl-möminin! Mən zina etmişəm, məni günahdan pakla!

Həzrət yenə buyurdu: – Sən bunu nə üçün iqrar edirsən?!

Dedi: – Mən paklanmaq istəyirəm!

İmam Əli (ə) buyurdu: – Tövbədən də yaxşı bir paklıq (yolu) varmı?!

Bunu dedikdən sonra üzünü səhabələrə tutdu və söhbət etməyə başladı. O kişi yenidən ayağa qalxıb dedi: – Ya Əmirəl-möminin! Zina etmişəm, məni pakla!

İmam (ə) buyurdu: – Quran oxuya bilirsənmi?

Kişi dedi: – Bəli.

Həzrət buyurdu: – Oxu!

O kişi bir neçə ayəni düzgün şəkildə tilavət etdi. İmam (ə) yenə soruşdu: – Allahın namaz və zəkat barəsində sənə vacib etdiyi hüquqi məsələləri bilirsənmi?

Dedi: – Bəli.

İmam (ə) bir neçə məsələ soruşdu, kişi də cavablarını düzgün şəkildə verdi. Həzrət yenidən buyurdu: – Xəstə deyilsən? Başında, yaxud sinəndə ağrı hiss etmirsən ki?

Dedi: – Xeyr.

Əli (ə) buyurdu: – Vay olsun sənə! Get, sənin halını özündən soruşduğum kimi, burada olmadığın vaxtda da (başqalarından) soruşacağam. Əgər qayıtmasan, səni bir daha çağırmayacağam.

O kişi uzaqlaşdıqdan sonra İmam (ə) onun fiziki və ruhi vəziyyəti barədə soruşdu, səhabələr: "Tam sağlamdır və halı təbiidir" - deyə cavab verdilər. Bir azdan sonra o kişi qayıdıb dedi: – Ya Əmirəl-möminin! Zina etmişəm, məni günahdan pakla!

Həzrət buyurdu: – Əgər qayıtmasaydın, səni bir daha çağırmayacaqdım. İndi ki, dördüncü dəfə iqrar edirsən, sənin barəndə Allahın hökmünü icra etmək mənə vacib oldu. (Bu dəfə) səni azad etməyəcəyik!

Sonra oradakılara buyurdu: – Siz şəriət hökmünü icra etmək üçün kifayətsiniz və başqalarına elan etməyə ehtiyac yoxdur. Sizi and verirəm Allaha, sübh vaxtı (qaranlıqda) üzlərinizə niqab salıb gəlin ki, bir-birinizi tanımayasınız. Çünki biz daş-qalaq etdiyimiz şəxsin üzünə baxmırıq.

Səhabələr o Həzrətin buyurduğuna uyğun olaraq sabah sübh çağı, hava qaranlığında təyin olunmuş yerə gəldilər. Əli (ə) da oraya gəlib buyurdu: – Sizi and verirəm Allaha, aranızda özü belə cəzaya layiq olan bir kəs bu cəza qanununun icrasında iştirak etməsin. Çünki bir kəsin üzərində Allahın haqqı olsa, o həmin haqqın (cəzanın) oxşarını başqalarından tələb edə bilməz.

Bu zaman oradakıların çoxu qayıtdı. Ravi deyir: – Allaha and olsun, indiyə qədər də onların kim olduğunu bilmirəm. Sonra o Həzrət dörd dənə daş götürüb ona tərəf atdıqdan sonra başqaları da ona daş vurdular.

Hamilə bir qadın Əli (ə)-ın yanına gəlib dedi: – Zina etmişəm, məni pakla, Allah sənə kömək olsun! Çünki zinanın dünyadakı işkəncə və əzabı sonu olmayan axirət cəzalarından çox-çox asandır.

Əli (ə) heç nə eşitməmişdir kimi, buyurdu: – Səni nədən paklayım?

Qadın: – Zinadan.

Əli (ə): – Ərin varmı?

Qadın: – Bəli.

Əli (ə): – Bu əmələ mürtəkib olduğun zaman ərin səfərdə idi, yoxsa evdə?

Qadın: – Evdə idi.

Əli (ə): – Hələlik qayıt, övladını dünyaya gətirdikdən sonra gələrsən, səni paklayaram.

Qadın o Həzrətin səsini eşitməyəcək qədər uzaqlaş-dıqda Əli (ə) dedi: – "Pərvərdigara! Bu bir şəhadət."

Bir müddətdən sonra o qadın yenidən Əli (ə)-ın yanına gəlib dedi: – Övladımı dünyaya gətirdim, məni pakla!

Bu zaman İmam Əli (ə) sanki əvvəllər onun barəsində heç nə bilmirmiş kimi, buyurdu: – Səni nədən paklayım?

Qadın: – Zina etmişəm, məni pakla.

Əli (ə): – Bu əmələ mürtəkib olduğun vaxt ərin var idimi?

Qadın: – Bəli.

Əli (ə): – O zaman ərin səfərdə idi, yoxsa evdə?

Qadın: – Evdə idi.

Əli (ə): – Get, Allahın göstərişinə uyğun olaraq, iki il tamam övladına süd ver.

Qadın qayıtdı, o Həzrətin səsini eşitməyəcək qədər uzaqlaşdıqda Əli (ə) dedi: "Pərvərdigara! Bu iki şəhadət."

İki ildən sonra qadın yenidən qayıdıb dedi: – Ya Əmirəl-möminin! Övladıma iki il tamam süd verdim, məni pakla.

Əli (ə) sanki xəbərsizmiş kimi, əvvəlki sualları yenidən təkrarladı və sonra ona buyurdu: – İndi get, övladını özü yeməyə qadir olduğu vaxta qədər saxla ki, damdan yıxılmasın, quyuya düşməsin.

Qadın ağlar halda o Həzrətin yanından qayıtdı, o Həzrətin səsini eşitməyəcək qədər uzaqlaşdıqda İmam (ə) dedi: "Pərvərdigara! Bu üç şəhadət."

Əmr ibni Həris Məxzumi yolda o qadınla rastlaşıb dedi: – Ey Allahın bəndəsi! Nə üçün ağlayırsan? Mən gördüm ki, sən Əlinin yanından gəlirsən və səni paklamasını istəyirdin.

Qadın dedi: – Bəli, Əli (ə)-ın yanına getdim ki, məni paklasın. O isə "get, yeyib-içməyə qadir olduğu vaxta qədər övladını saxla" - deyə buyurdu. Qorxuram ki, o vaxta qədər əcəlim çatsın, amma məni (bu günahdan) paklamasın.

Əmr dedi: – Əli (ə)-ın yanına qayıt, mən sənin övladını himayəmə götürürəm.

Qadın Əli (ə)-ın yanına qayıdaraq Əmrin sözlərini çatdırdı. Həzrət sanki bu barədə əvvəlcədən heç bir məlumatı yoxmuş kimi, soruşdu: – Əmr nə üçün sənin övladına himayədarlıq etməlidir?

Qadın: – Ya Əmirəl-möminin! Zina etdiyimə görə məni pakla!

Əli (ə): – O zaman ərin var idi, ya yox?

Qadın: – Bəli, ərim var idi.

Əli (ə): – O zaman ərin evdə idi, yoxsa səfərdə?

Qadın: – Evdə idi.

Sonra Əli (ə) üzünü asimana tutaraq, Allah dərgahına belə ərz etdi: "Pərvərdigara! Dörd dəfə (günahını) iqrar etməklə ilahi cəza ona sabit (vacib) olur. Sən Öz Peyğəmbərinə xəbər verərək buyurmusan ki, "bir kəs Mənim hədlərimdən (təyin etdiyim cəza qanunlarımdan) birini tətil etsə (icra etməsə), Mənimlə düşmənçilik etmişdir." Pərvərdigara! Mən Sənin hüdudlarını (cəza qanunlarını) heç vaxt tətil etmərəm, Səninlə düşmən olmaq fikrində deyiləm və Sənin hökmlərini zay etmərəm. Mən Sənin əmrinə itaət edir və Peyğəmbərinin sünnəsinə tabe oluram."

Əmr ibni Hərisin gözü o Həzrətin üzünə sataşdıqda mübarək üzünün qəzəbdən qıp-qırmızı olduğunu gördü və ərz etdi: – Ya Əmirəl-möminin! Mən güman edirdim ki, bu işdən sevinəcəksən. Amma narahat olduğunu gördükdə, artıq o qadının övladını himayəmə götürmürəm!

İmam (ə) buyurdu: – O qadın dörd dəfə iqrar etdikdən sonra onun övladını himayənə götürürsən?! (Sonra minbərə çıxıb Qənbərə buyurdu:)–Hamıya elan et, camaat namazı üçün hazır olsunlar.

Qənbər elan etdi və hamı axışaraq məscidə gəldi. Tez bir zamanda məscid adamla doldu. Bu zaman Əli (ə) ayağa qalxıb Allaha həmd-səna etdikdən sonra buyurdu: – Ey insanlar! Sizin rəhbəriniz bu qadına ilahi hədd vurmaq üçün Kufədən kənara getmək və sizi də özü ilə aparmaq istəyir. Çölə çıxdığınız vaxt daşları əllərinizdə hazırlamalı və evlərinizə qayıdana qədər bir-birinizi tanımamalısınız.

Sonra minbərdən endi. Sabahı gün sübh qaranlığında o qadınla birlikdə çıxdılar. Hamı üzünü örtmüş və daşları əlində saxlamışdı. O Həzrət şəhərin kənarına çatdıqda hazır olanlara buyurdu: – Ey camaat! Allah Peyğəmbər (s.ə.v.v)-lə bir əhd bağladı. Peyğəmbər də həmin əhdi mənimlə bağladı (və buyurdu) ki, hər kəs müəyyən bir həddə (ilahi cəzaya) layiq olsa, onda başqasına hədd vurmamalıdır. Sizlərdən həmin həddə (cəzaya) layiq olanlar gərək (bu qadına) hədd vurmasın.

Sonra hamı qayıtdı, yalnız o Həzrətin özü, Həsən və Hüseyn ¢ o qadını daş-qalaq etdilər.

Bir gün Əli (ə) səhabələrlə söhbət edirdi. Bir kişi onun yanına gəlib dedi: – Ya Əmirəl-möminin! Livat etmişəm, məni pakla!

O Həzrət buyurdu: – Ay kişi! Belə sözlər danışma. Bəlkə əqlin qarışmışdır?!

Sabahı gün o yenidən Həzrətin yanına gəlib dedi: – Ya Əmirəl-möminin! Livat etmişəm, məni pakla!

İmam (ə) yenə də üzünü ona tutub buyurdu: – Evinə qayıt, ola bilsin ki, sənin əqlində nasazlıq yaranmışdır.

O kişi öz sözünü (etirafını) dördüncü dəfə təkrarladı. İslam qanunlarına əsasən ona hədd vurulması vacib olduqda Əli (ə) ona buyurdu: – Peyğəmbər (s.ə.v.v) sənin kimilər barəsində üç cəza növü buyurmuşdur. Onlardan hansını istəyirsən, seç.

Kişi dedi: – Onlar hansılardır?

Buyurdu: – 1-Bir qılınc zərbəsi; hara qədər çatsa; 2-Əl-ayağını bağlayıb dağdan atmaq; 3-Odda yandırmaq.

Kişi dedi: – Ya Əmirəl-möminin! Bunların hansı daha ağırdır? Buyurdu: – Odda yandırmaq.

Kişi dedi: – Ya Əmirəl-möminin! Mən onu seçirəm.

Həzrət buyurdu: – Yandırılmaq üçün hazır ol!

Kişi ayağa qalxıb iki rəkət namaz qıldı, namazdan sonra Allah dərgahına belə ərz etdi: – "Pərvərdigara! Mən öz günahımdan (tövbə edərək) Sənin dərgahına qayıdıram. Onun axirət cəzasından qorxduğum üçün Sənin Peyğəmbərinin canişini və əmioğlusunun yanına gəlib məni paklamasını istədim. O da məni üç cəzadan birini seçməkdə ixtiyar sahibi etdi. Pərvərdigara! Mən onların ən ağırını seçdim. Səndən istəyirəm ki, bu cəzanı günahımın kəffarəsi (cəriməsi) qərar verərək məni cəhənnəm odunda yandırmayasan."

Sonra ayağa qalxdı, ağlar halda onun üçün qazılan çalaya tərəf getdi, odun zəbanə çəkən şölələrinə baxdı. Bu zaman Əli (ə) buyurdu: – Ay kişi! Ayağa qalx! Göylərin və yerin mələklərini ağlatdın, Allah sənin tövbəni qəbul etdi. Ayağa qalx və bir daha belə günahları təkrar etmə!

Müəllif: 7-ci fəslin 7-ci rəvayətində qeyd olunacağı kimi, əgər bir şəxsə, öz iqrar və etirafı nəticəsində hədd (cəza) vacib olsa, İmam onu bağışlaya bilər. Amma əgər iqrar nəticəsində deyil, dəlil əsasında sübuta yetsə, bağışlaya bilməz. Əlbəttə, bu haqq da yalnız məsum imama məxsusdur, belə ki, İmam Məhəmməd Baqir (ə) buyurur: "(Məsum) İmamdan başqa heç kəs Allaha məxsus olan hədd-hüdudu əfv edə bilməz."

Əli (ə)-ın xilafəti dövründə o Həzrətə xəbər verdilər ki, dörd nəfər sərxoş halda bir-biri ilə vuruşmuş, bir-birini bıçaqla yaralamışlar. İmam (ə)-ın əmri ilə onları tutub saxladılar ki, ayılandan sonra onları mühakimə etsin. Onlardan ikisi ağır yara aldığına görə zindanda öldü. Qətlə yetirilənlərin qəyyumları Əli (ə)-ın yanına gəlib sağ qalanlardan qisas alınmasını tələb etdilər. Əli (ə) onlara buyurdu: – Siz haradan bilirsiniz ki, onları diri qalan bu iki nəfər öldürmüşdür?! Bəlkə elə onların özü bir-birini yaralayıb öldürmüşlər?

Dedilər: – Biz bilmirik. Belə isə, Allahın sizə ver-diyi elmdən istifadə edərək onların arasında hökm edin.

İmam (ə) buyurdu: – Öldürülən iki nəfərin diyəsi (mənsub olduqları) dörd qəbilənin hər birinin öhdəsinədir. Yaralanmış (sağ qalan) iki nəfərin yaralanma qan bahası çıxıldıqdan sonra yerdə qalan miqdar öldürülənlərin qəyyumlarına verilməlidir.

Altı nəfər Fərat çayında çimir və suda oynayırdılar. Onlardan biri suya batıb boğuldu, səbəbkarın kim olması barədə aralarında ixtilaf yarandı və münaqişənin həll edilməsi üçün Əli (ə)-a müraciət etdilər. Onlardan iki nəfər şəhadət verərək dedi ki, o biri üç nəfər onu qərq etmişdir. Həmin üç nəfər də şahidlik edib dedilər ki, o iki nəfər onu qərq etmişlər. Əli (ə) onun diyəsini beş bərabər hissəyə böldü, iki hissəsini iki nəfər tərəfindən əleyhinə şahidlik edilən üç nəfərin öhdəsinə, üç hissəsini isə üç nəfər tərəfindən əleyhinə şəhadət verilən iki nəfərin öhdəsinə qoydu.

Şeyx Müfid "İrşad" kitabında bu hadisəni nəql etdikdən sonra yazır: "Bu məsələdə o Həzrətin apardığı mühakimədən də yaxşı bir mühakimə təsəvvür olunmur."


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə