O kəslər ki, (müşriklər) Allahdan başqasına pərəstiş edirlər və heç bir şeyi hökm etmirlər. Allah eşidən və görəndir



Yüklə 0,98 Mb.
səhifə4/14
tarix16.11.2017
ölçüsü0,98 Mb.
#10423
1   2   3   4   5   6   7   8   9   ...   14

Əli (ə) buyurur: "Dörd qism qadın üçün cəza tədbirinin icra olunması müəyyən vaxta qədər təxirə salınmalıdır: 1-2-3-Müstəhazə, haiz və nəfsa qadınlardan – pak olana qədər; 4-Hamilə qadından – övladını dünyaya gətirənə qədər."

Başqasının yataq yerində görünən bir kişini Əli (ə)-ın yanına gətirdilər. Həzrət göstəriş verdi ki, onu ğaitlə aludə etsinlər.

Hüseyn ibni Xalid deyir. Əli (ə)-dan soruşdum: – Möhsinə zinaya mürtəkib olan və daş-qalaq edilən zaman qaçan bir şəxs yenidən qaytarılmalıdırmı?

Həzrət buyurdu: – Bir halda qaytarılır, digər hallarda isə yox. Əgər onu, öz iqrarı nəticəsində cəzalandırırlarsa (qaçdığı zaman) qaytarmırlar; əgər dəlil-sübut əsasında cəzalandırırlarsa və özü də inkar edirmişsə, onu qaytarıb kamil hədd icra etməlidirlər.

Sonra buyurdu: – Bu təfsilatı Peyğəmbəri Əkrəm (s.ə.v.v) buyurmuşdur. Maiz ibni Malik o həzrətin yanına gəlib zina etdiyini etiraf etdi və hədd vurulan zaman qaçdı. Zübeyr ibni Əvam dəvənin bud sümüyünü ona tərəf ataraq onu yerə sərdi. Camaat onun üstünə tökülüb döyə-döyə öldürdülər. Sonra bu hadisəni Peyğəmbər (s.ə.v.v)-ə dedilər. Həzrət buyurdu: "Nə üçün Maizi (qaçdığı zaman) boşlamadınız?! Çünki o, günahını özü eti-raf etmişdi. Bu halda qaçarsa, azad olunur. (Sonra buyurdu:) Əgər Əli sizin yanınızda olsaydı, yolunuzu azmazdınız."

Sonra Maizin qan bahasını beytül-maldan onun qəyyumlarına verdi.

Bir qadın bir ayda üç dəfə heyz gördüyünü iddia edirdi. Əli (ə) buyurdu: "Ona məhrəm olan qohumlarından soruşun, görün keçən aylarda da belə olubdurmu? Əgər buna şahidlik versələr, iddiası qəbul olunur. Əks halda yalan demişdir."

Bir gün İmam Həsən (ə) öz atasının çıxış edəcəyi məclisdə oturmuşdu və atası hələ gəlməmişdi. Bir dəstə adam gəldi və ondan atası Əli (ə)-ın harada olduğunu soruşdular. İmam Həsən (ə) onlardan "Sualınız nədir?" - deyə soruşdu, onlar dedilər: – Bir nəfər öz arvadı ilə yaxınlıq etdikdən sonra həmin arvad başqa bir qızla müsahiqə etmiş və qız da bu yolla hamilə olmuşdur. Bunun hökmü nədir?

İmam Həsən (ə) buyurdu: – Bu çətin bir məsələdir ki, onun cavabı Əbəl-Həsənin öhdəsinədir. Lakin mən sizin cavabınızı deyəcəyəm... Əvvəla, o qadın qızın mehriyyəsini verməlidir, çünki doğuş zamanı qızın bakirəliyi aradan gedəcək. İkincisi, qadın daş-qalaq edilməlidir, çünki əri ola-ola böyük bir günaha mürtəkib olubdur. Üçüncüsü, qız övladını dünyaya gətirdikdən sonra ona zina həddi vurulmalı, övlad da nütfənin sahibinə qaytarılmalıdır.

Onlar qayıdarkən yolda Əmirəl-möminin Əli (ə) ilə rastlaşdılar. Həzrət onlara buyurdu: – Oğlum Həsəndən nə soruşdunuz və o sizə nə cavab verdi?

Onlar öz suallarını və imam Həsən (ə)-ın verdiyi cavabı dedilər. Həzrət buyurdu: – Əgər bu məsələni məndən soruşsaydınız, mənim də bundan ayrı cavabım olmazdı.

İbni Əbil-Cəsri bir kişinin onun arvadı ilə zina etdiyini görüb, onu qətlə yetirdi. Onu həmin məntəqənin məhkəməsinə göndərdilər. Hakimlər heç bir cavab verə bilmədilər. Buna görə də Müaviyə Əbu Musa Əşəriyə yazdı ki, bu məsələnin hökmünü məxfi şəkildə Əli (ə)-dan soruşsun. Əbu Musa Əşəri bunu soruşan zaman Həzrət buyurdu: – Allaha and olsun, belə bir cinayət bu nahiyələrdə baş verməmişdir! De görüm, bu hadisəni haradan (yazıb) sənə göndəriblər?

Əbu Musa dedi: – Onu Müaviyə mənim üçün yazıb göndərmişdir.

Əli (ə) buyurdu: – Əgər qatil, öz lehinə şəhadət vermələri üçün dörd nəfər şahid gətirə bilsə öhdəsində heç nə yoxdur. Əks halda, öldürülənin diyəsini onun qəyyumlarına verməlidir.

Bir nəfər Ömərin yanına gəlib dedi: – Müsəlman olmazdan əvvəl arvadıma bir dəfə təlaq vermişdim, müsəlman olduqdan sonra da iki dəfə təlaq vermişəm (indi onunla izdivac edə bilərəmmi, yoxsa mühəllil lazımdır?)

Ömər sükut etdi, o kişi dedi: – Bəs nə deyirsən?!

Ömər dedi: – Bu məsələyə cavab vermək üçün gərək Əli gəlsin.

O kişi Əli (ə)-ın gəlişinə qədər gözlədi. Həzrət gəldikdən sonra Ömər o kişiyə dedi: – İndi məsələni Əlidən soruş.

O həzrət cavabında buyurdu: – İslam küfr (kafirlik) halında baş verən hər bir şeyi məhv edir. Sən öz arvadınla bir daha izdivac edə bilərsən.

Sərvi "Mənaqib" kitabında yazır ki, bir kişi Ömərin yanına gəlib kənizin təlaqlarının sayı barəsində sual etdi. Ömər cavabını vermədi və Əli (ə)-a üz tutub dedi: – Bu kişiyə təlaqların sayını neçə deyim?

O həzrət barmaqları ilə işarə etdi ki, iki dəfə. Ömər o kişiyə dedi: – Bu kişini tanıyırsanmı?

O kişi "Xeyr!" - deyə cavab verdi, Ömər dedi:–Bu, əzəmət və alicənablıq sahibi olan Əliyyibni Əbitalibdir.

Bir nəfərin biri ənsardan, digəri isə Bəni-Haşimdən olmaqla iki arvadı var idi. Ənsardan olan arvadına təlaq verdi və bir neçə müddətdən sonra vəfat etdi. O qadın Osmanın yanına gəlib "ərim vəfat edən zaman təlaq iddəsində idim" - deyə şəhadət verdi və əlavə etdi ki, mən ondan irs aparmalıyam. Osman bu məsələnin hökmünü bil-mədi və onu Əli (ə)-dan soruşdu, Həzrət onun cavabın-da belə buyurdu: – Əgər ənsardan olan qadın ərinin vəfat etdiyi zaman təlaqdan üç heyz keçmədiyinə dair and içsə, ondan irs aparacaq, əks halda isə irs aparmayacaqdır.

Osman Haşimdən olan qadına üz tutub dedi: – Eşitdiyiniz bu mühakimə əmioğlunuz Əlinin hökmü idi. Onu qəbul edirsinizmi?

Haşimdən olan qadın dedi: – Bəli. İndi ənsardan olan qadın and içsin və irs aparsın.

Lakin ənsardan olan qadın and içməkdən imtina etdi və irs aparmaq fikrindən döndü.

Bir çöl ərəbi Əli (ə)-dan soruşdu: – Bir itin qoyunla cütləşdiyini gördüm. Qoyunun balası hansına (itəmi, yoxsa qoyuna) aid edilir?

Əli (ə): – Onun necə yemək yeməsinə bax: əgər ət yeyirsə itdir, ot yeyirsə qoyundur.

Ərəb: – Həm ot, həm də ət yediyini görmüşəm.

Əli (ə): – Onu su içərkən yoxla: əgər suyu (ağzı ilə) içirsə qoyundur, dili ilə yalayırsa itdir.

Ərəb: – Hər iki qaydada su içir.

Əli (ə): – Yol gedərkən onu yoxla: əgər qoyun sürüsünün arxasınca gedirsə itdir, sürünün ortasında, yaxud qabağında gedirsə qoyundur.

Ərəb: – Bəzən elə gedir, bəzən də belə.

Əli (ə): – Onun yatmağına bax: əgər qarnı üstündə yatırsa qoyundur, əgər quyruğu üstündə yatırsa itdir.

Ərəb: – Bəzən elə yatır, bəzən də belə.

Əli (ə): – Onun başını kəs. Əgər qarnında şekəmbə (yəni ot yeyən heyvanlara məxsus qarın-bağırsaq) görsən qoyundur, əgər əma (ət yeyən heyvanlara məxsus mədə-bağırsaq) görsən itdir.

Ərəb bu dəqiq və incə məsələləri eşitməklə heyrətdən donub qaldı.

Əli (ə)-dan donuz südü əmən qoyunun necə paklanması barəsində soruşdular, buyurdu: – Əgər südəmərlik dövrü keçibsə, ardıcıl olaraq bir neçə gün saxlanmalı, ona ot, xurma dənəsi və çörək yedizdirilməlidir. Əgər südəmərdirsə, yeddi gün ardıcıl olaraq, qoyuna əmizdirmək lazımdır.

Əli (ə)-dan soruşdular: – Bir kişi piyada Allah evinin ziyarətinə getməyi nəzir edib. Yol əsnasında bir çaya çatıb qayıqla keçməli olur. Onun vəzifəsi nədir?

Əli (ə) buyurdu: – Gəmidə, sudan keçib qurtarana qədər ayaq üstə dursun.

Əli (ə) buyurdu: – Əgər kəffarəni vermək üçün bir-iki nəfərdən artıq fəqir adam tapılmazsa, təamın müdlərini, on müdd həddinə çatıncaya qədər bir neçə gün onlara təkrar vermək lazımdır.

Keşikçilər bir qətl hadisəsində iştirak edən üç nəfəri tutub Həzrət Əli (ə)-ın yanına gətirdilər və dedilər ki, onlardan biri o kişini tutmuş, digəri onların keşiyini çəkmiş, üçüncüsü isə qətlə yetirmişdir.

Əli (ə) buyurdu: – Onların keşiyini çəkənin gözləri kor edilməli, öldürülən şəxsi tutan adam da, o kişini canı çıxana qədər tutub saxladığı kimi, ölənə qədər həmişəlik olaraq zindana salınmalı, qatil də qətlə yetirilməlidir.

Bir nəfər başqasını qucaqlayıb qarnını elə bərk sıxdı ki, paltarını aludə etdi. Əli (ə) buyurdu: – Bu kişi mürtəkib olduğu cinayətə görə ya (ondan qisas alınmalı və xəsarət görən şəxs) onun qarnını, paltarını aludə edənə qədər sıxmalıdır, ya da diyənin üçdə-birini o kişiyə verməlidir.

Əli (ə)-dan soruşdular: – Əgər balığın qarnında başqa bir balıq tapılsa onun hökmü nədir?

Buyurdu: – Hər ikisini yeyin.

Əli (ə) nəcasət yeyən halal ətli heyvanların paklanması barəsində buyurdu: "Nəcasət yemiş olan toyuq 3 gün, su quşu (ördək, qaz) 5 gün, qoyun 10 gün, inək 20 gün, dəvə 40 gün (saxlanmalı və onlara) pak yemək verilməlidir. Əgər bu müddətdən qabaq onları kəssələr, əti haramdır."

Bir neçə nəfər ipə-sapa yatmayan bir inəyi qılıncla öldürdülər və həmin halda Allahın adını çəkdilər. Sonra Əli (ə)-ın yanına gəlib ondan bu ətin hökmünü soruşdular. Həzrət buyurdu: "Bu da bir növ sürətlə öldürməkdir və onun əti halaldır."

Bədənində xora xəstəliyi olan bir qadının qəyyumu onu bəzəyərək ərə verdi. Əli (ə) buyurdu: "Əri o qadınla yaxınlıq etdiyinə görə mehriyyəsini ona verməlidir. O qadının, tədlisə səbəb olan qəyyumu da mehriyyəni cərimə olaraq o arvadın ərinə verməlidir. (Sonra buyurdu:) Əgər kişi qadının eybindən agah olmadan onu öz əqdinə keçirtsə, mehriyyə qadının öz öhdəsinədir."

Azad bir qadını, özünün xəbəri olmadan bir qulamın əqdinə keçirtdilər. Qadın da onun azad olduğunu fikirləşirdi. Əli (ə) buyurdu: "Qadın istəyərsə, ərindən ayrıla bilər."

Əli (ə) buyurur: "Əgər kişi öz arvadı ilə yalnız bir dəfə yaxınlıq edərsə və bundan sonra ənin olarsa (cinsiyyət qüvvəsi aradan gedərsə) qadının fəsx (əqdi pozma) ixtiyarı aradan gedir."

Mənsur ibni Hazim deyir: İmam Cəfər Sadiq (ə)-ın hüzurunda idim, bir nəfər onun yanına gəlib soruşdu: – Bir kişi bir qadınla evlənir, arvadı ilə yaxınlıq etməzdən qabaq qadın ölür. Bu halda kişi həmin qadının anası ilə izdivac edə bilərmi?

İmam (ə) buyurdu: – Heç bizlərdən bir kəs belə bir iş etmişdirmi?!

Mən ərz etdim: – Sənə fəda olum! İbni Məsud bu işə icazə vermiş, sonra Əli (ə)-ın yanına gələrək məsələnin hökmünü soruşmuşdu. Həzrət ondan "Bu hökmü haradan əldə etmisən?" - deyə soruşduqda, o demişdi: "Bu Quran ayəsindən: "Və rəbaibukumullati fi hucurikum min nisaikumullati dəxəltum bihinnə – sizin üçün (evlənmək) haram oldu o qadının qızları ki, sizin evinizdə (sizin himayəniz altında) böyümüşlər, əgər o qadınla yaxınlıq etmiş olsanız."

Əli (ə) ona buyurdu: –Bu ayədəki "rəbaib"lə izdivac etməyin haramlığı onun (anası ilə) düxul (cinsi yaxınlıq) ilə şərtlənir. Lakin qayınana ilə izdivacın haram olması "və ümməhatu nisaikum – sizə haramdır (məh-rəmdir) qayınanalarınız" ayəsi mütləqdir (qeydsiz-şərtsiz-dir) və bu hökm onların qızları ilə düxulla şərtlənmir.

Bu zaman İmam Sadiq (ə) sual soruşana buyurdu: – Bu şəxsin Əli (ə)-dan nəql etdiyini eşitdinmi?!

Bir nəfər Əli (ə)-ın yanına gəlib dedi: – Ya Əmirəl-möminin! Arvadım südündən bir qədər sağıb kənizimə içirtmişdir.

Əli (ə) buyurdu: – Arvadını ədəbləndir və kənizini saxla.

Məcusi bir qadın, əri onunla yaxınlıq etməzdən qabaq müsəlman oldu. Əli (ə) onun ərinə buyurdu: – Sən də islamı qəbul et!

Lakin o bu təklifi qəbul etmədi. Həzrət buyurdu: – Kişi qadının mehriyyəsinin yarısını ona verməli və qadın ondan ayrılmalıdır. (Sonra buyurdu:) Qadının İslamı qəbul etməsi onun izzət və şərafətinə səbəb olur.

Bir qadın müəyyən məbləğdə pulu mehriyyə ünvanı ilə verərək bir kişi ilə evləndi və şərt etdi ki, təlaq və cimanın icazəsi onun əlində olsun. Əli (ə) buyurdu: "Bu qadın Allahın sünnəsi ilə müxalifət etmiş və özünə layiq olmayan bir haqqı öhdəsinə almışdır. (Sonra buyurdu:) Sünnə budur ki, kişi öz arvadının nəfəqəsini (məişət xərclərini) versin, cima və təlaq da ərin öz öhdəsinədir."

Bir kişi evlənərkən qadının mehriyyəsini ona xidmətçilik etmək qərar verdi. Bir müddətdən sonra onunla yaxınlıq etmədən təlaq vermək istədi. Əli (ə) buyurdu: "O qadın xidmətçilik qiymətinin yarısını ona təslim olan gündəki qiymətlə (hesablayıb) almalıdır."

Həmçinin, nəql olunur ki, bir kişi öz kənizini azad etdi və onun azad edilməsini onunla izdivacın mehriyyəsi qərar verdi. Sonra isə yaxınlıq etməzdən qabaq ona təlaq vermək istədi. Həzrət Əli (ə) buyurdu: "O kənizin yarısı azaddır. Öz əl əməyi ilə qiymətinin digər yarısını da kişiyə ödəyər və hamısı azad olar."

Kəfən oğurlayan bir nəfəri Müaviyənin yanına gətirdilər. O öz dostlarına dedi: – Sizin nəzərinizcə, bunun hökmü nədir?

Dedilər: – Onu cəzalandırıb sonra azad et.

Bu zaman bir nəfər dedi:–Amma Əli belə hökm etməyib.

Müaviyə soruşdu: – Bəs necə hökm edib?

Dedi:–O deyirdi ki, "Kəfən oğurlayanın əlini kəsmək lazımdır, çünki o həm oğrudur, həm də ölülərin hörmətini aradan aparır."

Bir kişi and içmişdi ki, bir daha öz arvadı ilə yaxınlıq etməsin, bununla yanaşı, ona təlaq da vermirdi. Əli (ə) qamışdan bir otaqcıq düzəltdi və onu orada həbs etdi. Yalnız yeməyinin dörddə-bir qədərini ona verirdi ki, arvadına təlaq versin.

Əli (ə)-dan, öz arvadı ilə yaxınlıq etməzdən qabaq onunla yaxınlıq etməyəcəyinə dair and içən bir kişi barəsində soruşdular. Həzrət buyurdu: "Düxuldan qabaq cima etməyi tərk etməklə əlaqədar and içməyin (ilanın gerçəkləşməsində) heç bir təsiri yoxdur."

Öz kənizi ilə "mükatibə müqaviləsi" bağlayan bir kişi onunla yaxınlıq etdi. Kəniz hamilə olduqda Əli (ə) buyurdu: "Kişi qadının mehrül-mislini ona verməli, kəniz öz əməyi və zəhməti ilə öz qiymətinin qalanını da mövlasına (ağasına) verərək azad olunmalıdır. Əgər bunu verə bilməsə, ümmü-vələd hökmünə malikdir."

Ömər ibni Yəzid deyir: İmam Kazim, yaxud İmam Sadiq £-dan soruşdular: – Əli (ə) ümmü-vələd kənizləri nə üçün satırdı?

İmam (ə) buyurdu: – Onları, qiymətlərini ödəmək məqsədilə satırdı.

Mən "necə?" - deyə soruşduqda, həzrət buyurdu: "Əgər bir nəfər kənizi nisyə alsa və onun pulunu satıcıya verməzdən qabaq o kənizdən övlad sahibi olsa, amma onun pulunu ödəyə bilməsə övladı özünə götürür, kənizi isə öz qiymətinə satır."

Bir nəfər başqasının vəlidəsi (kənizi) ilə izdivac etdi. Maliki də onun doğduğu ilk övladın azad olmasını şərt etmişdi. Həmin qadın da əkiz doğdu. Əli (ə) onun ərinə buyurdu ki, hər ikisini azad et.

Bir nəfər bir quşu təqib edirdi. Nəhayət, quş bir ağacın üstünə qondu və başqası onu tutdu. Əli (ə) onların barəsində buyurdu: "Göz görür, əl isə götürür."

Həmçinin buyurdu: "Quş uçmağa qadir olan vaxt ov sayılır və onu tutan hər kəs üçün halal olur."

Bir nəfər qaib (öz yanında olmayan) bir şəxsi özünə vəsi seçdi. Təsadüfən vəsi o şəxsin özündən əvvəl vəfat etdi. Əli (ə) buyurdu: "Vəsilik haqqı vəsinin vərəsələrinə nəql olunur."

İki nəfər Əli (ə)-ın yanına gəlib bir nəfərin oğurluq etdiyinə dair şəhadət verdilər. İmam (ə) onların şəhadətinə uyğun olaraq o kişinin əlini kəsdi. Bir müddətdən sonra həmin iki şahid başqa bir şəxsi o həzrətin yanına gətirib dedilər: – Oğru bu imiş, biz birinci kişinin oğru kimi təyin edilməsində səhvə yol vermişik.

İmam (ə) onların şahidliyini qəbul etməyib buyurdu ki, diyənin yarısını birinci kişiyə xəsarət versinlər.

Həzrət Əli (ə) hacıların qabağında gedən şəxsin şahidliyini qəbul etmirdi.

Bir nəfər oğurluq etdiyi üçün onun bir əlini və bir ayağını kəsmişdilər. Onun tövbə etməsi də məlum idi. Həmin şəxs Əli (ə)-ın yanında bir hadisənin baş verdiyinə şahidlik verdikdə Həzrət onun şahidliyini qəbul etdi.

İbni Əbi Leyla məsciddə qəzavət edərkən ondan soruşdular: – Bir nəfər özünün torpaq sahələrini qeyri-müəyyən bir müddətdə başqasına həvalə edir və həmin ildə ölür.

İbni Əbi Leyla dedi: – Müddəti təyin olunmadığından, torpaq sahəsi və onun mənfəəti həmin şəxsə aiddir və malikin vərəsələrinə nəql olunmur.

Təsadüfən orada olan Məhəmməd ibni Qeys, İbni Əbi Leylaya dedi: – Amma Əliyyibni Əbitalib həmin məsciddə sənin əksinə olaraq hökm vermişdir!

İbni Əbi Leyla dedi: – Haradan bilirsən?!

Dedi: İmam Məhəmməd Baqir (ə)-ın belə buyurduğunu eşitdim: "Əli (ə) vərəsələrdən qeyriləri üçün həbs olunan (yəni yalnız bir şəxsin istifadəsi üçün təyin olunan, başqalarının isə ondan istifadə haqqı olmayan-müt.) torpaq sahələrini vərəsələrə qaytarırdı."

Əli (ə) mövlasının "mənim vəfatımdan sonra azadsan" - dediyi kəniz və qulam barəsində buyururdu: "Onlar (tərəkənin) üçdə-birindən azad olunmalıdır."

Əli (ə) buyurur: "Qətlə yetirilən şəxsin diyəsi (təkcə) ana tərəfdən bir olan bacı-qardaşlardan başqa, bütün vərəsələrin arasında bölünməlidir."

Taun xəstəliyi nəticəsində bir ər-arvad eyni yataqda ölmüş, kişinin əli və ayağı qadının üstünə düşmüşdü. Əli (ə) qadının mirasını kişinin vərəsələrinə verib buyurdu: "Kişi qadından sonra vəfat etmişdir."

Müəllif: Bu rəvayətin belə yozulması mümkündür ki, Əli (ə) bu hadisədə öz yəqininə uyğun əməl etmiş, yaxud da bu kimi hallarda mövcud əlamətlərlə kifayətlənmişdir. İkinci ehtimal daha uyğun nəzərə çarpır. Çünki kişinin əlinin və ayağının qadının üstünə düşməsi göstərir ki, kişi qadından sonra vəfat etmişdir.

Əbdürrəhman ibni Həccac deyir: İmam Cəfər Sadiq (ə)-dan soruşdum: – Evin uçması, yaxud gəminin batması nəticəsində həlak olanların hansının əvvəl və hansının sonra ölməsi məlum deyildir. Onların irsi necədir?

Həzrət buyurdu: – Onların hamısı (qarşılıqlı olaraq) bir-birindən irs aparır. (Sonra buyurdu:) Bu hökm Əli (ə)-ın kitabında yazılmışdır.

Bir nəfər öz qulamı ilə mükatibə müqaviləsi bağladı və şərt etdi ki, qulamın mirası onun üçün olsun. Həzrət Əli (ə) buyurdu: "Bu şərt batildir. (Sonra qulamın ağasına buyurdu:) Allahın şərti sənin şərtindən öncədir!"

Bir nəfər öz qulamı ilə "mükatibə" müqaviləsi bağladı və şərt etdi ki, qulam öz qiymətini bir neçə il hissə-hissə ödəməklə öz ağasına verərək, azad olunsun. Qulam isə öz qiymətini bir yerdə ağasına verdi, amma o qəbul etmədi. Qulam Əli (ə)-ın yanına gedərək, hadisəni dedi. Əli (ə) qulamın ağasını çağırdı və ona dedi: – Nə üçün qulamın qiymətinin hamısını bir yerdə ondan almırsan?

O dedi: – Mən ondan razılaşdığım bu şərt əsasında pul alacağam.

Həzrət Əli (ə) buyurdu: – Hissə-hissə ödənməsini şərt etdiyin üçün belə bir haqqın vardır.

Əli (ə) buyurur: "Qulam ağası tərəfindən şiddətlə cəzalandırılsa (məsələn, ağası onun qulağını, yaxud burnunu kəsərsə) azad olunur, (bu halda) ağasının da onun üzərində heç bir ixtiyarı yoxdur."

İmam Əli (ə) buyurur: "Əgər zinakar qadından "kim səninlə zina etmişdir?" - deyə soruşulsa və o da müəyyən şəxsin adını çəksə, iki dəfə cəzalandırılmalıdır: biri zina digəri isə iftira etməsinə görə."

Əli (ə) buyurur: "Düşmən ölkəsində müsəlmanlara hədd vurulmur."

Üç nəfər Əli (ə)-ın yanına gəlib bir kişinin zina etməsinə şəhadət verdilər. Həzrət onlardan soruşdu: – Bəs dördüncü şahidiniz haradadır?

Dedilər: – İndi gələcək.

Həzrət göstəriş verdi ki, hər üçünə şallaq vursunlar. Sonra buyurdu: – Həddin icra olunmasında hətta bir saat belə gözləmə yoxdur.

Əli (ə) göstəriş verdi ki, oğurluq etmiş bir kişinin əlini kəssinlər. O kişi sol əlini qabağa verdi, məmurlar da onun hansı əli olduğuna əhəmiyyət vermədən kəsdilər. Sol əlinin kəsilməsi məlum olduqda Əli (ə)-dan yenidən sağ əlini kəsmək barədə icazə istədilər. Həzrət buyurdu: – Xeyr! Çünki siz (artıq) onun sol əlini kəsmisiniz.

Bir dəstə adam Əli (ə)-ın yanına gəlib dedilər: – Bir nəfər müharibə qənimətlərindən bir dəbilqə oğurlamışdır. Onun əlini kəsin.

Əli (ə) buyurdu: – Onun əlini kəsmərəm, çünki o, şərikli maldan oğurluq edib.

Əli (ə) buyurur: "Əgər oğrunu evin içində tutsalar, əşyaları toplamış olsa belə, əlini kəsməzlər. Əlini o vaxt kəsərlər ki, topladığı əşyaları evdən çıxarmış olsun."

Bir nəfərin paltarının astar tərəfindən bir neçə dirhəm pul oğurlayan oğrunu tutub Əli (ə)-ın yanına gətirdilər. Həzrət buyurdu: "Əgər onun üst köynəyindən oğurlayıbsa, əlini kəsmərəm. Amma əgər altdakı köynəyindən oğurlayıbsa, əlini kəsərəm."

Əli (ə) buyurur: "Dörd qisim oğrunun əli kəsilməz: 1-(Bir şeyi) qapıb qaçan oğrunun; 2-Xəyanət şəklində oğurluq edənin; 3-Müharibə qənimətlərindən oğurluq edənin; 4-Bir şey üçün əcir olunan şəxsin oğurluğu (əgər onun öz ixtiyarında olan mal-dövlətdən oğurlayarsa)."

Əli (ə) buyurur: "Mənim qulamım özümdən (öz malımdan) bir şey oğurlayarsa, əlini kəsmərəm, amma əgər başqasından oğurlasa əlini kəsərəm. Beytül-maldan alınan qulam oğurluq edərsə, əlini kəsmərəm, çünki o bütün müsəlmanların malıdır."

Əli (ə) həm birini qətlə yetirən, həm şərab içən, həm də oğurluq edən bir kişiyə əvvəlcə şərab içdiyinə görə 80 şallaq vurdu, sonra oğurluq etdiyinə əlini kəsdi, daha sonra mürtəkib olduğu qətl işinə görə onu qətlə yetirdi.

Bir nəfər başqasını tutub Əli (ə)-ın yanına apardı və dedi: – Bu kişi məni zina etməklə müttəhim edir, iddiasını isbat edəcək heç bir şahidi də yoxdur.

Amma o kişi inkar edirdi. Birinci kişi dedi: – Ya Əmirəl-möminin! İndi ki, inkar edir, onu mənə töhmət vurmadığına dair and içdir.

Həzrət buyurdu: – Həddə and içmə yoxdur (yəni şahid olmadığı təqdirdə cəza tədbiri götürülür).

Əli (ə) Qənbərə göstəriş vermişdi ki, bir nəfərə hədd vursun. Qənbər səhvən üç şallaq artıq vurdu. Əli (ə) üç şallağın əvəzində ondan qisas aldı.

Əli (ə) buyurur: "Xata üzündən olan işlərin diyəsi üç il müddətində, qəsdən olan işlərin diyəsi isə bir il müddətində ödənməlidir."

Əli (ə) buyurur: "Əgər bir kəs barəsində Allahın (Öz haqları ilə əlaqədar) təyin etdiyi cəza qanunlarından birini icra etsəm və onun nəticəsində ölsə, onun diyəsi bizim öhdəmizə deyil. Amma əgər camaatın haqqı ilə əlaqədar cəzalandırsam və nəticədə ölsə, onun diyəsi bizim öhdəmizədir."

Əli (ə) bir neçə nəfərə töhmət vuran bir kişiyə bir hədd cari etdi.

Bir nəfər kəsmək məqsədilə bir dəvə aldı. Satıcı da şərt etdi ki, dəvənin başını və dərisini özünə götürsün. Müştəri dəvəni kəsməkdən peşman oldu və onların arasında mübahisə başlandı. Əli (ə)-ın yanına gedib, ondan bu barədə mühakimə etməsini istədilər. Əli (ə) alıcıya buyurdu: "Satıcı dəvə-nin başı və dərisi miqdarında səninlə şərikdir."

Əli (ə) buyurdu: "Hər kəs bir neçə nəfərin mülkiyyətində olan qulamı icarəyə götürsə və qulam (onun üçün işləyən zaman) eyibli olsa, ona zamindir. Hər kəs azad bir uşağı icarəyə götürsə və uşaq (onun üçün işləyən zaman) sağlamlığını əldən versə, ona zamindir."

Mənsur ibni Hazim deyir: İmam Cəfər Sadiq (ə)-dan soruşdular ki, iki evin arasında çubuqla, yaxud qamışla düzəldilmiş bir kölgələnəcək kimin evinə aiddir?

İmam Sadiq (ə) buyurdu: – Əmirəl-möminin Əli (ə) buyurmuşdu ki, kölgələnəcək o kəsin mülküdür ki, onun bağlandığı iplər o şəxsin evinə tərəf olsun.

İmam Sadiq (ə) buyurur: "Əli (ə) bir qazının nəzarəti altında olan məhkəmə işinin digər bir qazıya verilməsinə icazə vermirdi. Nəhayət, Bəni-Üməyyə hakimiyyətə gəldikdən sonra bəyyinə (dəlil) olduğu halda bu işə icazə verdilər."

Vəlid ibni Üqbə şərab içdiyi zaman bir neçə nəfər Osmanın yanına gəlib onun şərab içdiyinə şəhadət verdilər. Osman onun hökmünü bilmədi və Əli (ə)-dan istədi ki, bu barədə hökm etsin. O həzrət iki başlı bir şallaqla Vəlidə qırx şallaq zərbəsi vurdu.

Əli (ə) bir kişini qətlə yetirənin cəzalandı-rılması barəsində–qətlə yetirilənin sağ əli də kəsil-mişdi–belə buyurub: "Əgər öldürülən şəxsin əli özünün bais olduğu cinayət vasitəsilə kəsilibsə, yaxud (qatildən) başqası onun əlini kəsib, amma diyəsini veribsə, bu iki halda öldürülən şəxsin qəyyumları qatildən qisas alaraq onu öldürmək istəsələr, bu halda onun bir əlinin diyəsini onun (qatilin) qəyyumlarına verməlidirlər. Əgər öldürülən şəxsin qəyyumları diyə almaq istəsələr, əvvəlcə kamil diyədən bir əlin diyəsi çıxılmalı, yerdə qalanı onlara verilməlidir. Əgər öldürülən şəxsin əli özünün cinayəti nəticəsində kəsilməmiş olsa, yaxud başqası onun əlini kəsib, amma diyəsini ona verməyibsə, bu iki halda da öldürülənin qəyyumları qatili öldürmək istəsələr, heç bir cərimə ödəmədən onu öldürə bilərlər; yox əgər öldürülən şəxsin diyəsini almaq istəsələr, onda kamil bir diyə alırlar."

Əli (ə) həddi-büluğa çatmayan halda ataları qətlə yetirilən övladlar barəsində buyurur: "Onlar həddi-büluğa çatdıqları vaxta qədər gözləyin, (həddi-büluğa çatdıqdan sonra) əgər istəsələr, atalarının qatilini öldürə, yaxud müəyyən miqdar mal almaqla onunla razılaşa, yaxud da (heç nə almadan) onu əfv edə bilərlər."

Əli (ə) bir-birini satıb sonra qaçan və bu əməli özlərinin kəsb-ticarət vasitəsi qərar verən iki nəfər barəsində buyurdu: "Onların əlləri kəsilməlidir, çünki onlar həm özlərini, həm də camaatın mal-dövlətini oğurlayırlar."

Əli (ə) "Şiqşiqiyyə" xütbəsini oxuyan zaman bir nəfər onun yanına gəldi və müəyyən məsələlər soruşdu. O cümlədən dedi: – İki nəfər yəhudi digər iki nəfər yəhudinin islamı qəbul etdiyinə şəhadət verdilər. Onların şahidliyi qəbul olunurmu?


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə