Ödəniş xidmətləri haqqında


-cı Fəsil Ödəniş sərəncamının icrası



Yüklə 102,59 Kb.
səhifə3/3
tarix17.09.2018
ölçüsü102,59 Kb.
#69151
1   2   3

6-cı Fəsil

Ödəniş sərəncamının icrası
Maddə 28. Ödəniş əməliyyatı üzrə avtorizasiyanın verilməsi və geri çağırılması

    1. Ödəyici ödəniş əməliyyatının və ya dövri ödəniş əməliyyatının icrasına razılıq verdiyi halda, ödəniş əməliyyatı avtorizə edilmiş hesab edilir.

    2. Ödəniş əməliyyatının icrası üzrə razılıq ödəniş sərəncamının bu Qanunla müəyyən edilmiş gerigötürülməzlik anınadək istənilən vaxt geri çağırıla bilər. Dövri ödəniş əməliyyatlarının icrasına razılığın geri çağrılması nəticəsində növbəti ödəniş əməliyyatları avtorizə edilməmiş hesab edilir və icra olunmur.

    3. Ödəniş əməliyyatının icrasına razılığın verilməsinin və ya geri çağırılmasının forma və proseduru ödəniş xidməti təchizatçısı ilə ödəyici arasında bağlanmış müqavilə ilə müəyyən edilir.


Maddə 29. Avtorizə edilməmiş və ya səhv icra edilmiş ödəniş əməliyyatları üzrə bildiriş və ödəniş xidməti təchizatçısının öhdəliyi

    1. Ödəniş xidməti istifadəçisi ödəniş xidməti təchizatçısı tərəfindən həyata keçirilən ödəniş əməliyyatının icrası haqqında bu Qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmadığı halda, ödəniş əməliyyatının icrasından sonra on üç ay müddətindən gec olmayaraq hər hansı avtorizə edilməmiş və ya səhv icra edilmiş ödəniş əməliyyatlarını müəyyən etdikdə bu barədə ödəniş xidməti təchizatçısını dərhal məlumatlandırmalıdır. Bu halda ödəniş xidməti təchizatçısı ödəniş əməliyyatının məbləğini bildirişi aldıqdan sonra üç iş günündən gec olmayaraq bu Qanunun 29.3-cü maddəsində nəzərdə tutulan sübutları təqdim edə bilmədikdə ödəyiciyə geri ödəməli və ya ödəyicinin müraciətinə əsasən ödəniş əməliyyatına düzəliş etməlidir.

    2. Ödəniş xidməti təchizatçısı avtorizə edilməmiş ödəniş əməliyyatının icrası üzrə ödəyicidən tutduğu bütün haqları və faizlə əlaqəli digər ödənişləri ödəyiciyə geri ödəməlidir.

    3. Ödəniş xidməti istifadəçisi ödəniş əməliyyatını avtorizə etdiyini inkar etdikdə və ya ödəniş əməliyyatının düzgün icra olunmadığını bildirdikdə, ödəniş xidməti təchizatçısı ödəniş əməliyyatının ödəniş xidməti istifadəçisinin razılığı əsasında düzgün həyata keçirildiyini, ödəniş əməliyyatı üzrə məbləğin ödəniş xidməti istifadəçisinin müəyyən etdiyi ödəniş hesabına mədaxil edildiyini və ödəniş əməliyyatının texniki nasazlıq və ya hər hansı digər nöqsan nəticəsində təsirə məruz qalmadığını sübuta yetirməlidir.

    4. Ödəniş xidməti istifadəçisi icra edilmiş ödəniş əməliyyatını avtorizə etdiyini inkar etdikdə, ödəniş alətinin istifadə edilməsi faktı ödəniş xidməti istifadəçisinin ödəniş əməliyyatını avtorizə etməsini və ya onun dələduzluq məqsədi ilə hərəkət etdiyini və ya bu Qanunun 41-ci maddəsində müəyyən edilmiş tələbləri səhlənkarlıq nəticəsində yerinə yetirilmədiyini sübuta yetirmək üçün kifayət deyildir.


Maddə 30. Ödəniş sərəncamının icraya qəbulu vaxtı

    1. Ödəniş xidməti təchizatçısı ödəniş sərəncamı qüsurlu olmadıqda, habelə ödəyici ilə bağlanmış müqavilədə müəyyən edilmiş bütün şərtlər yerinə yetirildikdə avtorizasiya edilmiş ödəniş sərəncamını icraya qəbul edir, bu şərtlə ki qanunda ayrı qayda nəzərdə tutulmasın

    2. Ödəniş xidməti təchizatçısı tərəfindən ödəniş sərəncamının icraya qəbulu vaxtı ödəyici və vəsait alan tərəfindən təqdim olunan ödəniş sərəncamının tərəflər arasında razılaşdırılmış qayda və prosedurlar əsasında qəbul olunduğu vaxtdır. Ödəniş sərəncamı əməliyyat günü ərzində təqdim edilmədikdə, ödəniş sərəncamı növbəti iş günü qəbul edilmiş hesab edilir.

    3. Ödəniş xidməti təchizatçısı və ödəniş xidməti istifadəçisi ödəniş sərəncamının icra olunması üzrə müəyyən günü razılaşdırarlarsa, ödəniş sərəncamının icraya qəbulu vaxtı tərəflər arasında razılaşdırılmış gün olaraq müəyyən edilir. Razılaşdırılmış gün qeyri-iş gününə düşərsə, ödəniş sərəncamı növbəti iş günü qəbul edilmiş hesab edilir.


Maddə 31. Ödəniş sərəncamının icrası və icrasından imtina

    1. Ödəniş xidməti təchizatçısı icra sənədlərinin icrası ilə bağlı hallar istisna olmaqla, ödəniş sərəncamı üzrə ödənişləri hissə-hissə həyata keçirə bilməz.

    2. İcraya qəbul olunan ödəniş sərəncamları Arəzbaycan Respublikası Mülki Məcəlləsinin 965-ci maddəsində nəzərdə tutulmuş növbəlilik qaydasında icra edilir.

    3. Ödəniş xidməti təchizatçısı ödəniş sərəncamının icrasından imtina etdikdə, bunun səbəbləri və mövcud çatışmazlıqlar haqqında ödəniş xidməti istifadəçisini ən geci növbəti iş günü məlumatlandırır, bu şərtlə ki, qanunla belə məlumatların verilməsi qadağan edilməsin.

    4. İcrasından imtina edilmiş ödəniş sərəncamı bu Qanunun 33-cü, 35-ci və 36-cı maddələrinin məqsədləri baxımından qəbul edilməmiş hesab edilir.

    5. Ödəniş xidməti təchizatçısı ödəniş xidməti istifadəçisinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə ödəniş xidməti istifadəçisinin pul vəsitinə sərəncam vermək hüququ üzərində qanunla, məhkəmənin qərarı ilə və ya müqavilədə nəzərdə tutulmuş hallar istisna olmaqla, məhdudiyyətlər qoya bilməz.


Maddə 32. Ödəniş sərəncamının geri götürülməsi

    1. Ödəniş sisteminə göndərilən ödəniş sərəncamı ödəniş sisteminin qaydalarında müəyyən edilən andan gerigötürülməz hesab olunur.

    2. Bu Qanunun 30.3-cü maddəsində nəzərdə tutulmuş hallarda ödəniş xidməti istifadəçisi ödəniş sərəncamını ən geci razılaşdırılmış gündən əvvəlki iş gününün sonunadək geri götürə bilər.

    3. Birbaşa debetləşmə alətindən istifadə edildikdə ödəyici ən geci pul vəsaitinin ödəniş hesabından silinməsi üçün müəyyən etdiyi gündən əvvəlki iş gününün sonunadək ödənişin həyata keçirilməsi üzrə verdiyi sərəncamı geri götürə bilər.

    4. Bu Qanunun 32.2-ci və 32.3-cü maddələrində nəzərdə tutulmuş müddətlərdən sonra ödəniş sərəncamı yalnız ödəniş xidməti təchizatçısı ilə ödəniş xidməti istifadəçisi arasında bağlanmış müqavilədə nəzərdə tutulduğu halda geri götürülə bilər, bu şərtlə ki, pul vəsaiti vəsait alanın ödəniş hesabına mədaxil edilməmişdir.

    5. Ödəniş sərəncamının geri götürülməsi üzrə xidmət haqqı ödəniş xidməti təchizatçısı ilə ödəniş xidməti istifadəçisi arasında bağlanan müqavilədə nəzərdə tutulduğu halda tətbiq edilir.


Maddə 33. Ödəniş sərəncamının icra müddəti

    1. Ödəniş xidməti təchizatçısı ödəniş sərəncamını icraya qəbul etdiyi vaxtdan növbəti iş günündən gec olmayaraq icra etməlidir.

    2. Ödəniş xidməti təchizatçısı vəsait alanla bağladığı müqavilədə birbaşa debetləşmə ilə bağlı ödəniş əməliyyatlarının razılaşdırılmış tarixdə həyata keçirilməsinə imkan yaratmaq üçün vəsait alan tərəfindən verilən ödəniş sərəncamının ödəyiciyə xidmət göstərən ödəniş xidməti təchizatçısına vaxtında göndərilməsini təmin etməlidir.

    3. Vəsait alanın xeyrinə ödəniş xidməti təchizatçısına daxil olan pul vəsaiti həmin əməliyyat günündən gec olmayaraq vəsait alanın ödəniş hesabına mədaxil edilməli və onun ilk tələbi ilə həmin pul vəsaitindən istifadəsinə dərhal imkan yaradılmalıdır.

    4. Vəsait alanın ödəniş xidməti təchizatçısında ödəniş hesabı olmadıqda ödəniş əməliyyatı üzrə pul vəsaitini qəbul edən ödəniş xidməti təchizatçısı vəsait alanın ilk tələbi ilə həmin pul vəsaitindən istifadəsinə dərhal imkan yaratmalıdır.

    5. Ödəniş hesabı olmayan vəsait alan xeyrinə köçürülmüş pul vəsaiti daxil olduğu gündən otuz gün ərzində qəbul etməzsə, ödəniş xidməti təchizatçısı həmin pul vəsaitini ödəyiciyə xidmət göstərən ödəniş xidməti təchizatçısına növbəti iş günündən gec olmayaraq geri ödəməlidir.

Maddə 34. Ödəniş sərəncamının icrası üzrə xidmət haqlarının tutulması

    1. Ödəyiciyə və (və ya) vəsait alana xidmət göstərən ödəniş xidməti təchizatçısı, həmçinin ödəniş əməliyyatının icrasına cəlb olunan ödəniş xidməti təchizatçısı ödəniş əməliyyatının məbləğini tam köçürməli və köçürülən məbləğdən xidmət haqqı tutmamalıdır. Ödəniş əməliyyatının aparılması üçün tətbiq olunan xidmət haqqı ödəniş xidməti təchizatçısı ilə ödəniş xidməti istifadəçisi arasında bağlanmış müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda, ödəniş əməliyyatı aparıldıqdan sonra tutulur.

    2. Ödəniş xidməti təchizatçısı ödəniş əməliyyatı üzrə daxil olan pul vəsaitini vəsait alanın ödəniş hesabına mədaxil etməzdən əvvəl köçürülən məbləğdən xidmət haqqının tutulmasını vəsait alanla razılaşdıra bilər. Bu halda vəsait alana təqdim edilən məlumatda ödəniş əməliyyatının tam məbləği və köçürülən məbləğdən tutulan xidmət haqqı ayrıca qeyd olunmalıdır.


Maddə 35. Ödəyici tərəfindən verilən ödəniş sərəncamının icra edilməməsi və ya səhv icrası

    1. Ödəniş xidməti təchizatçısı ödəyici tərəfindən verilən ödəniş sərəncamının icra edilməməsinə, vaxtında icra edilməməsinə və ya səhv icra edilməsinə görə ödəyici qarşısında məsuliyyət daşıyır. Bu halda ödəyiciyə xidmət göstərən ödəniş xidməti təchizatçısı icra edilməmiş və ya səhv icra edilmiş ödəniş əməliyyatı üzrə məbləğin dərhal ödəyicinin ödəniş hesabına bərpa etməlidir.

    2. Ödəniş xidməti təchizatçısı ödəniş əməliyyatı üzrə vəsaitin vəsait alana xidmət göstərən ödəniş xidməti təchizatçısı tərəfindən alındığını sübut edərsə, bu Qanunun 35.1-ci maddəsi üzrə məsuliyyət daşımır. Bu halda vəsait alana xidmət göstərən ödəniş xidməti təchizatçısı vəsait alan qarşısında ödəniş əməliyyatının düzgün icra olunmasına görə məsuliyyət daşıyır və dərhal ödəniş əməliyyatı üzrə məbləği vəsait alanın ödəniş hesabına daxil etməlidir.

    3. Ödəniş xidməti təchizatçısı ödəniş xidməti istifadəçisi tərəfindən ödəniş sərəncamında səhv göstərilmiş məlumatlara görə ödəniş sərəncamının icra edilməməsi və ya səhv icra olunması üçün məsuliyyət daşımır.

    4. Ödəyiciyə xidmət göstərən ödəniş xidməti təchizatçısı icra edilməmiş və ya səhv icra edilmiş ödəniş əməliyyatı üzrə öhdəliyinin yaranmasından asılı olmayaraq, ödəyicinin tələbi əsasında ödəniş əməliyyatının icrasını izləməli və bu haqda ödəyicini məlumatlandırmalıdır.



Maddə 36. Vəsait alan tərəfindən verilən ödəniş sərəncamının icra edilməməsi və ya səhv icrası

    1. Ödəniş sərəncamı vəsait alan tərəfindən verildikdə ona xidmət göstərən ödəniş xidməti təchizatçısı ödəniş sərəncamının ödəyiciyə xidmət göstərən ödəniş xidməti təchizatçısına vaxtında və düzgün göndərilməsi üzrə vəsait alan qarşısında məsuliyyət daşıyır.

    2. Ödəyiciyə xidmət göstərən ödəniş xidməti təchizatçısı vəsait alana xidmət göstərən ödəniş xidməti təchizatçısı tərəfindən göndərilən ödəniş sərəncamının icra edilməməsinə və ya səhv icra edilməsinə görə məsuliyyət daşıyır. Bu halda, ödəyiciyə xidmət göstərən ödəniş xidməti təchizatçısı səhv icra edilmiş ödəniş sərəncamı üzrə vəsaitin dərhal ödəyicinin ödəniş hesabına bərpa edilməsini və ya tələb olunduqda ödəniş sərəncamının düzgün icrasını təmin etməlidir.

    3. Vəsait alan tərəfindən ödəniş sərəncamı ödəyiciyə xidmət göstərən ödəniş xidməti təchziatçısına birbaşa təqdim edildikdə ödəniş xidməti təchizatçısı bu Qanunun 36.2-ci maddəsinə müvafiq qaydada məsuliyyət daşıyır.

    4. Ödəniş sərəncamı vəsait alan tərəfindən verildikdə, ona xidmət göstərən ödəniş xidməti təchizatçısı icra edilməmiş və ya səhv icra edilmiş ödəniş əməliyyatı üzrə öhdəliyinin yaranmasından asılı olmayaraq, vəsait alanın tələbi əsasında ödəniş əməliyyatının icrasını izləməli və bu haqda vəsait alanı məlumatlandırmalıdır.

    5. Vəsait alana xidmət göstərən ödəniş xidməti təchizatçısı vəsait alan tərəfindən verilən ödəniş sərəncamı üzrə aparılan ödəniş əməliyyatının düzgün icra olunmasına məsuliyyət daşıyır və səhv icra edilmiş ödəniş əməliyyatı üzrə vəsaiti dərhal vəsait alanın ödəniş hesabına mədaxil etməlidir.



Maddə 37. Vəsait alan tərəfindən verilən ödəniş sərəncamı üzrə məbləğin geri ödənilməsi

    1. Ödəniş xidməti təchizatçısı vəsait alan tərəfindən verilən və ödəyicinin avtorizasiyası əsasında icra edilmiş ödəniş sərəncamı üzrə pul vəsaitini ödəyicinin əsaslandırılmış tələbi ilə aşağıdakı hallarda ona geri ödəməlidir:

      1. avtorizasiya edildiyi zaman ödəniş əməliyyatının dəqiq məbləği göstərilməmişdir;

      2. ödəniş əməliyyatının məbləği ödəyicinin müəyyən etdiyi məbləğdən artıq olmuşdur.

    2. Ödəyici bu Qanunun 37.1-ci naddəsində nəzərdə tutulmuş tələblə vəsaitin onun ödəniş hesabından silindiyi tarixdən iki ay ərzində ona xidmət göstərən ödəniş xidməti təchizatçısına müraciət edə bilər.

    3. Ödəniş xidməti təchizatçısı ödəniş əməliyyatı üzrə məbləğin geri ödənilməsi barədə ödəyicinin müraciətini qəbul etdikdən sonra beş iş günü ərzində ödəniş əməliyyatının tam məbləğinin geri ödənilməsini təmin etməli və ya imtinanın səbəbləri haqqında əsaslandırılmış məlumatı ödəyiciyə təqdim etməlidir.


Maddə 38. Unikal eyniləşdirici əsasında aparılan ödəniş əməliyyatları

    1. Ödəniş sərəncamı unikal eyniləşdirici əsasında həyata keçirilərsə, unikal eyniləşdirici ilə müəyyən edilmiş vəsait alanın xeyrinə lazımi qaydada icra olunmuş hesab edilir.

    2. Ödəniş xidməti istifadəçisi tərəfindən təqdim edilmiş unikal eyniləşdirici düzgün olmadıqda, ödəniş xidməti təchizatçısı icra edilməmiş və ya səhv icra edilmiş ödəniş əməliyyatlarına görə məsuliyyət daşımır.

    3. Ödəniş xidməti istifadəçisi ödəniş sərəncamı üzrə unikal eyniləşdiricidən başqa əlavə məlumatlar təqdim etdikdə, ödəniş xidməti təchizatçısı ödəniş əməliyyatının yalnız unikal eyniləşdiriciyə uyğun olaraq icra edilməsinə görə öhdəlik daşıyır.



Maddə 39. Ödəniş terminalları vasitəsi ilə ödəniş xidmətlərinin göstərilməsi

    1. Ödəniş xidməti təchizatçısı ödəniş xidmətlərini ödəniş terminalları vasitəsilə göstərdikdəödəniş xidməti istifadəçilərindən qəbul olunmuş pul vəsaitlərini növbəti iş günündən gec olmayaraq vəsait alanın ödəniş hesabına köçürməlidir, bu şərtlə ki ödəniş təşkilatı ilə vəsait alan arasında müqavilədə ayrı qayda nəzərdə tutulmasın.

    2. Ödəniş terminalları ilə aparılan ödəniş əməliyyatı ciddi hesabat blankı hesab olunan qəbzlə və ya ödəniş xidməti təchizatçısı ilə ödəyici arasında razılaşdırılmış vasitə ilə (elektron poçt ünvanı, sms məlumatlandırma və digər oxşar vasitələrlə) verilən məlumatla təsdiq olunur. Ödəniş əməliyyatının aparılması haqqında təsdiqin verildiyi andan ödəyicinin vəsait alan qarşısında öhdəliyi icra olunmuş hesab olunur.


Maddə 40. Ödəniş alətindən istifadənin məhdudlaşdırılması

    1. Ödəniş xidməti təchizatçısı və ödəyici ödəniş alətləri vasitəsilə həyata keçirilən ödəniş əməliyyatlarının maksimum məbləğini qarşılıqlı şəkildə müəyyən edə bilərlər.

    2. Ödəniş xidməti təchizatçısı ödəyici ilə bağlanmış müqavilədə nəzərdə tutulduqda, aşağıdakı məqsədlərlə ödəniş alətinin istifadəsini bloklaşdırmaq hüququna malikdir:

      1. ödəniş alətinin təhlükəsizliyinin təmin olunması;

      2. ödəniş alətinin dələduzluq məqsədi ilə və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə olunmasının qarşısının alınması;

      3. ödəyicinin kredit xətti ayrılmış ödəniş alətləri üzrə öhdəliklərini yerinə yetirə bilməməsi təhlükəsinin qarşısının alınması.

    3. Ödəniş xidməti təchizatçısı bu Qanunun 40.2-ci maddəsində nəzərdə tutulduğu hallarda ödəyicini ödəniş alətinin bloklaşdırılması və bunun səbəbi barəsində mümkün olduqda əvvəlcədən və ya ən geci bloklaşdırmadan dərhal sonra məlumatlandırmalıdır, bu şərtlə ki, qanunla belə məlumatın verilməsi qadağan edilməsin.

    4. Ödəniş xidməti təchizatçısı ödəniş alətinin bloklaşdırılmasına səbəb olan hal aradan qalxdıqdan sonra ödəniş alətini blokdan çıxartmalı və ya onu yeni ödəniş aləti ilə əvəz etməlidir.



Maddə 41. Ödəniş xidməti istifadəçisinin ödəniş alətinə münasibətdə vəzifələri

  1. Ödəniş xidməti istifadəçisinin ödəniş alətinə münasibətdə aşağıdakı vəzifələri vardır:

      1. ödəniş alətindən ödəniş alətinin emissiya və istifadəsi şərtlərinə uyğun olaraq istifadə etmək;

      2. ödəniş alətinin fərdiləşdirilmiş məxfi məlumatlarının təhlükəsizliyi üzrə bütün zəruri tədbirləri görmək;

      3. ödəniş alətinin itirilməsini, oğurlanmasını və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə olunmasını müəyyən etdikdə dərhal ödəniş xidməti təchizatçısını və ya onun tərəfindən səlahiyyətləndirilmiş digər şəxsi məlumatlandırmaq.


Maddə 42. Ödəniş xidməti təchizatçısının ödəniş alətinə münasibətdə vəzifələri

  1. Ödəniş alətini emissiya edən ödəniş xidməti təchizatçısının aşağıdakı vəzifələri vardır:

      1. ödəniş alətinin fərdiləşdirilmiş məxfi məlumatlarının ödəniş alətini istifadə etmək hüququ olan ödəniş xidməti istifadəçisindən başqa digər şəxslərə açıqlanmamasını təmin etmək;

      2. ödəniş xidməti istifadəçisinə əvvəlcədən verilmiş ödəniş alətinin əvəz edilməsi halı istisna olmaqla, ödəniş xidməti istifadəçisi müraciət etmədən ödəniş alətini ona göndərməmək;

      3. ödəniş xidməti istifadəçisini günün iyirmi dörd saatı ərzində bu Qanunun 41.0.3-ci maddəsinə uyğun olaraq bildiriş vermək və onu ödəniş alətinin blokdan çıxarılması ilə bağlı müraciət etmək üçün müvafiq əlaqə vasitələri ilə təmin etmək, habelə on səkkiz ay ərzində bildirişin verilməsi faktının saxlanmasını təmin etmək;

      4. ödəniş xidməti istifadəçisi tərəfindən bu Qanunun 41.0.3-cü maddəsində nəzərdə tutulmuş hallarda verilən bildirişdən sonra ödəniş alətinin istifadə edilməsini dərhal dayandırmaq;

      5. ödəniş alətinin və onun hər hansı fərdiləşdirilmiş təhlükəsizlik xüsusiyyətlərinin ödəniş xidməti istifadəçisinə təhlükəsiz göndərilməsini təmin etmək.


Maddə 43. Ödəniş alətlərinin və elektron pulun istifadəsi üzrə istisnalar

    1. Həcmi otuz manatdan çox olmayan bir ödəniş əməliyyatı və özündə yüz əlli manatdan çox olmayan məbləğdə vəsait saxlayan ödəniş aləti olduqda:

      1. ödəniş aləti onun bloklaşdırılmasına və sonrakı istifadəsinin məhdudlaşdırılmasına imkan vermirsə, bu Qanunun 41.0.3-cü, 42.0.3-cü, 42.0.4-cü, 45.3-cü və 45.4-cü maddələri tətbiq edilmir;

      2. eyniləşdirilməsi aparılmayan ödəniş xidməti istifadəçisi tərəfindən ödəniş aləti istifadə edildikdə və ya ödəniş xidməti təchzatçısı ödəniş alətinə xas olan digər səbəblərə görə ödəniş əməliyyatının avtorizə edildiyini sübuta yetirə bilmədiyi təqdirdə, bu Qanunun 29-cu, 45.1-ci və 45.2-ci maddələri tətbiq edilmir;

      3. ödəniş sərəncamının icra edilməməsi məlum olduğu halda, ödəniş xidməti təchizatçısı ödəniş sərəncamının icrasından imtina barəsində ödəniş xidməti istifadəçisini məlumatlandırmaya bilər;

      4. ödəyici ödəniş sərəncamını və ya birbaşa debetləşmə üzrə ödəniş əməliyyatının icrasına sərəncamı verdikdən sonra ödəniş sərəncamını geri götürə bilməz;

      5. bu Qanunun 33-ci maddəsi tətbiq olunmadan digər icra müddətləri müəyyən oluna bilər.

    2. Elektron pul emitentinin ödəniş hesabından istifadəni dayandıra və ya ödəniş alətini bloklaşdıra bilməsi halları istisna olmaqla, bu Qanunun 29.1-ci, 29.2-ci və 45-ci maddələri elektron pula şamil edilmir.


Maddə 44. Ödəniş xidməti təchizatçısının məsuliyyət həddi

44.1. Ödəniş xidməti təchizatçısı icra edilməmiş və ya səhv icra edilmiş ödəniş əməliyyatlarının icrası üzrə məsuliyyət daşıdığı halda, ödəniş xidməti istifadəçisi tərəfindən ödənilən xidmət haqları və valyuta mübadiləsi əməliyyatı üzrə çəkdiyi xərclərin məbləği həcmində də ödəniş xidməti istifadəçisi qarşısında öhdəlik daşıyır.

44.2. İcra edilmədiyi və ya vaxtında icra edilmədiyi, səhv icra edildiyi ödəniş əməliyyatlarına və ya pul vəsaitinin əsassız olaraq ödəniş hesabından silindiyinə görə ödəniş xidməti təchizatçısı Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.

Maddə 45. Ödəyicinin avtorizə olunmamış ödəniş əməliyyatları üzrə məsuliyyət həddi


    1. Ödəyici ödəniş alətinin itirilməsi, oğurlanması, səlahiyyətli olmayan şəxs tərəfindən istifadəsi və ya ödəniş aləti üzrə fərdiləşdirilmiş məxfi məlumatların təhlükəsizliyini təmin edə bilmədikdə, hər bir avtorizə edilməmiş ödəniş əməliyyatı üzrə bu Qanunun 29.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yüz əlli manatadək itkiyə məruz qala bilər.

    2. Ödəyicinin dələduzluq etməsi və ya bu Qanunun 41-ci maddəsinin tələblərini qəsdən və ya səhlənkarlıq yolu ilə pozması nəticəsində avtorizə edilmədən həyata keçirilən ödəniş əməliyyatları üzrə yaranan itkilərə görə ödəyici tam məsuliyyət daşıyır.

    3. Ödəyicinin dələduzluq etdiyi hallar istisna olmaqla, ödəyici ödəniş xidməti təchizatçısını və ya onun tərəfindən səlahiyyətləndirilmiş digər şəxsi məlumatlandırdıqdan sonra itirilmiş, oğurlanmış və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə edilmiş ödəniş alətinin istifadəsi nəticəsində yaranan itkilərə görə məsuliyyət daşımır.

    4. Ödəyicinin dələduzluğa yol verdiyi hallar istisna olmaqla, ödəniş xidməti təchizatçısı itirilmiş, oğurlanmış və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə edilmiş ödəniş alətinin istifadə olunması haqqında xəbərdarlıq edilməsi üçün əlaqə vasitələri ilə təmin etmədiyi təqdirdə, ödəniş alətinin istifadə olunması nəticəsində yaranan itkilərə görə ödəyici məsuliyyət daşımır.


Maddə 46. Məlumatların qorunması

46.1. Ödəniş xidməti istifadəçiləri, ödəniş hesabları və ödəniş əməliyyatları barədə məlumatlara qanunla bank sirrinin qorunması rejimi şamil edilir.

46.2. Ödəniş xidməti təchizatçıları, ödəniş xidmətlərinin göstərilməsinə cəlb olunan digər şəxslər, habelə həmin şəxslərin təsisçiləri (iştirakçıları), mövcud və keçmiş əməkdaşları ödəniş xidməti təchizatçılarının idarə edilməsi və ya xidmət səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar ödəniş xidməti istifadəçiləri, ödəniş hesabları və ödəniş əməliyyatları barədə onlara məlum olan məlumatların qeyri-qanuni açılmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

46.3. Ödəniş xidməti təchizatçıları ödəniş əməliyyatlarının aparılmasına cəlb etdiyi şəxslərlə bağladığı müqavilədə bu Qanunun 46.1-ci və 46.2-ci maddələrinin tələblərinin əks olunmasını təmin etməlidir.


Maddə 47. Şikayətlərə baxılması və mübahisələrin həlli

Ödəniş xidməti təchizatçısı ödəniş xidməti istifadəçisi tərəfindən şikayətin daxil olduğu vaxtdan yeddi iş günü müddətindən gec olmayaraq şikayətin baxılması müddəti barədə ödəniş xidməti istifadəçisini məlumatlandırır. Ödəniş xidməti təchizatçısına şikayətin verilməsi ödəniş xidməti istifadəçisinin məkhəməyə şikayət vermək hüququnu məhdudlaşdırmır.



7-ci Fəsil

Ödəniş xidmətləri sahəsində

dövlət tənzimlənməsi və nəzarəti
Maddə 48. Dövlət tənzimlənməsi

48.0. Ödəniş xidmətləri sahəsində dövlət tənzimlənməsi ilə bağlı Mərkəzi Bank aşağıdakıları həyata keçirir:

48.0.1. ödəniş xidməti təchizatçılarına qanuna müvafiq qaydada lisenziya və icazələr verir;

48.0.2. ödəniş xidmətləri sahəsində, o cümlədən ödəniş alətlərinin emissiyası və istifadəsi üzrə normativ xarakterli aktları qəbul edir;

48.0.3. ödəniş xidməti təchizatçılarının fəaliyyəti üzərində nəzarəti həyata keçirir;

48.0.4. ödəniş xidməti istifadəçilərinin hüquqlarının qorunması və ödəniş xidmətlərinin ədalətli dəyərlə təqdim edilməsini təmin etmək məqsədi ilə “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş prinsiplər əsasında ödəniş xidmətləri üzrə xidmət haqlarının yuxarı həddini müəyyən edir;

48.0.5. ödəniş xidmətlərinin inkişafı sahəsində məqsədyönlü tədbirlər həyata keçirir.
Maddə 49. Nəzarətin həyata keçirilməsi


    1. Ödəniş xidməti təchizatçıları üzərində nəzarət Mərkəzi Bank tərəfindən həyata keçirilir.

    2. Mərkəzi Bank tərəfindən ödəniş xidməti təchizatçıları üzərində həyata keçirilən nəzarətin məqsədi bu Qanunun və Mərkəzi Bankın normativ xarakterli aktlarının tələblərinə riayət olunmasını, ödəniş xidməti istifadəçilərinin hüquqlarının qorunmasını və ödəniş xidməti təchizatçılarının təhlükəsiz və effektiv fəaliyyətini təmin etməkdir.

    3. Ödəniş təşkilatları və elektron pul təşkilatları üzərində nəzarət bu Qanun, digər ödəniş xidməti təchizatçıları üzərində nəzarət isə həmçinin “Banklar haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikasının qanunları, habelə Azərbaycan Respublikasının digər qanunları əsasında həyata keçirilir.



Maddə 50. Nəzarət üzrə səlahiyyətlər

50.0. Mərkəzi Bank ödəniş xidməti təchizatçıları üzərində nəzarət üzrə aşağıdakı səlahiyyətlərə malikdir:

50.0.1. nəzarət məqsədi ilə bağlı hesabatların və sənədlərin, o cümlədən ödəniş xidməti istifadəçilərinin əməliyyatları barədə istənilən məlumatın və sənədlərin alınması;

50.0.2. yerlərdə yoxlamanın keçirilməsi;



      1. nəzarət prosesində aşkar olunmuş qanun pozuntularının, o cümlədən lisenziya şərtlərinin pozulması hallarının, habelə belə pozuntulara səbəb ola biləcək halların aradan qaldırılması barədə icrası məcburi olan göstərişlərin verilməsi;

      2. ödəniş xidməti təchizatçısının icra orqanının rəhbərinin (üzvlərinin) və (və ya) bilavasitə ödəniş xidmətlərinə rəhbərlik edən şəxsin (şəxslərin) kənarlaşdırılması;

      3. bu Qanunda nəzərdə tutulmuş hallarda verilmiş lisenziya və icazələrin fəaliyyətinin dayandırılması və ləğv edilməsi.


Maddə 51. Qarşılıqlı əməkdaşlıq

51.1. Ödəniş xidməti təchizatçıları Mərkəzi Bankla qarşılıqlı əməkdaşlıq etməli və nəzarətin həyata keçirilməsinə mane olan hərəkətlərdən çəkinməlidirlər. Ödəniş xidməti təchizatçıları Mərkəzi Bankın normativ xarakterli aktlarında nəzərdə tutulmuş forma və qaydada fəaliyyətləri üzrə hesabatları və sənədləri Mərkəzi Banka təqdim etməlidirlər.

51.2. Mərkəzi Bank ödəniş xidmət təchizatçıları üzərində nəzarətin həyata keçirilməsi və qarşılıqlı məlumat mübadiləsinin aparılması məqsədi ilə beynəlxalq və regional maliyyə təşkilatları, digər dövlətlərin müvafiq nəzarət orqanları ilə qarşılıqlı əməkdaşlıq edə bilər. Nəzarət üzrə məlumat mübadiləsi fərdi məlumatların və kommersiya sirrinin qorunması tələbləri çərçivəsində aparılır.

51.3. Mərkəzi Bank ödəniş xidmət təchizatçıları üzərində nəzarət üzrə digər dövlətlərin müvafiq nəzarət orqanları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində ödəniş təşkilatının və elektron pul təşkilatının xarici ölkədəki filialında yoxlamanı həyata keçirə bilər. Digər dövlətlərin müvafiq nəzarət orqanları Mərkəzi Bankla qarşılıqlı əməkdaşlıq şəraitində yerli filialda yoxlama apara bilər.



8-ci Fəsil

Yekun müddəalar
Maddə 52. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərinin pozulması qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.



Maddə 53. Qanunun qüvvəyə minməsi

Bu Qanun dərc edildiyi gündən üç ay sonra qüvvəyə minir.


Maddə 54. Keçid müddəa

Bu Qanun qüvvəyə mindiyi günədək fəaliyyətdə olan klirinq (prosessinq) təşkilatları bu Qanun qüvvəyə mindiyi gündən altı ay ərzində bu Qanuna müvafiq surətdə ödəniş xidmətlərinin göstərilməsi fəaliyyəti üçün lisenziya almalıdırlar.





Yüklə 102,59 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə