Одлар йурду университетинин елми вя педагожи хябярляри



Yüklə 91,05 Kb.
tarix21.06.2018
ölçüsü91,05 Kb.
#50595

ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ

THE SCIENTIFIC AND PEDAGOGICAL NEWS OF ODLAR YURDU UNIVERSITY
2018 - № 48

MƏHKƏMƏ BAXIŞININ ÜMUMİ ŞƏRTLƏRİ KONTEKSTİNDƏ

ŞƏXSİYYƏTİN HÜQUQLARININ TƏMİN EDİLMƏSİNİN

BƏZİ MƏSƏLƏLƏRİ
K.F.Kərimov

Bakı Dövlət Universiteti

Bakı, Akademik Z.Xəlilov küçəsi 23

e-mail: karimov@yahoo.com


Açar sözlər: cinayət prosesi, şəxsiyyətin hüquqları, hüquqi təminatlar, məhkəmə baxışı, ümumi şərtlər, prinsiplər

Keywords: criminal procedure, rights of the personality, legal safeguards, judicial proceedings, general terms, principles

Ключевые слова: уголовный процесс, права личности, правовые гарантии, судебное разбирательство, общие условия, принципы
Məhkəmə baxışı ədəbiyyatda cinayət prosesinin mərkəzi mərhələsi hesab edilir. Çünki burada təkcə əvvəlki mərhələlərdə həyata keçirilmiş prosessual fəaliyyət yekunlaşdırılmaqla əvvəllər həyata keçirilmiş prosessual hərəkətlərin və qəbul edilmiş qərarların qanunilyi və əsasllığı yoxlanılmır, həm də ən əsası cinayətin və təqsirin mövcud olub-olmaması məsələsi həll edilir (13, s.443). Məhkəmə baxışı vətəndaşların hüquqlarının və qanuni marağının təmin edilməsi vasitəsi olmaqla yanaşı, həm də onları qanunçuluğa və birgəyaşayış qaydalarına hörmət etmək ruhunda tərbiyə etmək vasitəsidir (5, s.215).

Məhkəmə baxışının ümumi şərtləri institutuna və onların sisteminə dair hüquq ədəbiyyatında və ayrı-ayrı xarici dövlətlərin qanunvericilik təcrübəsində tamamilə müxtəlif mövqelərə rast gəlmək mümkündür. Nəzəriyyədəki fikirləri ümumiləşdirməklə belə nəticə çıxarmaq olar ki, müəlliflər bir qayda olaraq məhkəmə baxışının ümumi şərtlərinin təbiətinə dair iki yanaşma nümayiş etdirirlər. Birinci qrup müəllif ümumi şərtlər anlayışına müstəqil kateqoriya kimi baxır. Bu qrupa daxil olan müəlliflər ümumi şərtlərə müstəqil anlayış verməklə xarakterizə edilə bilərlər.

Məsələn, K.F.Qutsenko qeyd edir ki, məhkəmə baxışı özündə bir sıra məhkəmə hərəkətlərinin mürəkkəb kompleksini ehtiva edir. Cinayət-prosessual qanunvericiliyi isə belə konkret hərəkətlərin həyata keçirilməsinin hüquqi qaydalarını tənzim etməklə yanaşı bir sıra əhəmiyyətli qayda və müddəalar da nəzərdə tutur ki, həmin müddəalar ayrı-ayrı məhkəmə hərəkətlərinə deyil, bütünlükdə məhkəmə baxışına cinayət prosesinin müstəqil mərhələsi kimi aiddir. Məhz bu qaydaları məhkəmə baxışının ümumi şərtləri hesab edirlər (15, s.460).

İkinci qrup müəlliflər isə belə hesab edirlər ki, ümumi şərtlər kateqoriyası müstəqil kateqoriya deyil və onlar prinsiplərdən fərqlənən, yeni məzmunda çıxış edən müddəalar deyil. Bu müəlliflər, bir qayda olaraq, ümumi şərtlərə ayrı-ayrı mərhələlərin prinsipləri kimi baxırlar.

Bəzi müəlliflər ümumiyyətlə bu və ya digər mərhələnin ümumi şərtləri haqqında deyil, məhkəməyədək və məhkəmə mərhələlərində həyata keçirilən icraatın spesifik prin-

K.F.Kərimov


sipləri barədə danışmağa üstünlük verir. Məsələn, A.D.Boykov və İ.İ.Karpetsin redaktəsi ilə yazılmış dərslikdə cinayət prosesinin prinsiplərinə həsr edilmiş altıncı fəsildə məhkəmə mərhələlərində cinayət işləri üzrə icraatın spesifik prinsipləri başlığı altında gedən beşinci paraqrafda məhkəmə baxışının ümumi şərtlərinin məhkəmə icraatının spesifik prinsipləri kimi, məhkəməyədək icraatın spesifik prinsipləri başlığı altında gedən altıncı paraqrafda isə ibtidai araşdırmanın ümumi şərtlərinin məhkəməyədək icraatın spesifik prinsipləri kimi təqdim edildiyini görmək mümkündür (10, s.136, 165, 173).

İstinad edilmiş fikirlərdən də göründüyü kimi, ümumi şərtlər və prinsiplər kateqoriyalarının bir-biri ilə sıx qarşılıqlı əlaqədə olması onların qarşılıqlı əlaqəsinin xarakterini və onlar arasındakı fərqləri müəyyən etməkdə ciddi çətinliklər yaradır. Bununla belə ədəbiyyatda bu iki kateqoriya arasındakı fərqlər barədə müəyyən mülahizələr bildirilmişdir. Məsələn, bəzi müəlliflər belə hesab edirlər ki, prinsipləri ümumi şərtlərdən fərqləndirən əsas xüsusiyyət – prinsiplərin binar (binary – ingilis dilində qoşa, cüt mənası verir) xarakterli olmasıdır. Bu mövqeni müdafiə edən müəlliflərin fikrincə, prinsiplərin binar xarakteri onunla izah edilir ki, prinsiplər hər zaman aralarında rəqabət olan hüquq normalarının iki qrupu arasında uyğunluğun təmin edilməsinə xidmət edir (9, s.45).

K.İ.Miquşin isə bu iki kateqoriyanın fərqini onların tənzimetmə həcmləri arasındakı fərqlə izah etməyə çalışır. O qeyd edir ki, cinayət prosesinin prinsipləri daha ümumi ideyalar olub cinayət prosesinin bütün sistemi üçün xarakterikdirsə, ümumi şərtlər yalnız müvafiq mərhələnin spesifik xüsusiyyətlərini əks etdirir (12, s.60).

Bizim müdafiə etdiyimiz mövqeyə görə, ümumi şərtlər kateqoriyası prinsiplər kateqoriyası vasitəsi ilə müəyyən edilir, prinsiplər hansı ümumi şərtlərin qüvvədə olmasını birbaşa olaraq şərtləndirir, ümumi şərtlər prinsiplərə zidd ola bilməz, ümumi şərtlər prinsiplərin əks etdirdiyi rəhbər ideyaların prosessual tərəfini müəyyən edir (17, s.133).

Həqiqətən də, o fikirlə razılaşmaq lazım gəlir ki, cinayət prosesinin iki ən əhəmiyyətli mərhələsinin ümumi şərtləri özündə cinayət prosesinin iki əsas tarixi-nəzəri tipinin prinsiplərini müasir formada təzahür etdirir. Axtarış (inkvizision) tipli cinayət prosesinin prinsipləri daha çox ibtidai araşdırmanın ümumi şərtlərində, çəkişmə tipli cinayət prosesinin prinsipləri isə daha çox məhkəmə baxışının ümumi şərtərində öz təzahürünü tapır. Deməli, cinayət prosesi mərhələlərinin ümumi şərtləri təkcə cinayət prosesinin ümumi şərtləri ilə deyil, həm də cinayət prosesi tipinin modelinə uyğun prinsiplərlə şərtlənir. Həmçinin belə qənaətə gəlmək olar ki, ümumi şərtlər yalnız məhkəmədək və məhkəmə icraatları üçün xasdır. Cinayət prosesinin digər mərhələləri üçün ümumi şərtlərin işlənib hazırlanması perspektivsizdir və metodoloji baxımdan lazımsızdır. O mərhələlərin ümumi şərtləri məhkəməyədək və məhkəmə mərhələlərinin prinsiplərinin təkrarı olacaqdır.

Şərti olaraq məhkəmə baxışının ümumi şərtlərini şəxsiyyətin hüquqlarının təmin edilməsinə yönəlmiş və məhkəmə baxışının qanuniliyi və legitimliyini təmin edən şərtlərə bölmək olar. Cinayət prosesində şəxsiyyətin hüquqlarının təminatından danışarkən «prosessual təminatlar» institutuna müraciət etmək zərurəti yaranır. P.A.Lupinskayanın qeyd etdiyi kimi, prosessual təminatlar – hüquq normalarında təsbit olunmuş və cinayət-prosessual fəaliyyətin bütün subyektləri üçün öz vəzifələrini yerinə yetirməyi və onlara verilmiş hüququlardan istifadə etməyi təmin edən hüquqi vasitələrdir (14, s.53). Milli hüquq ədəbiyyatında M.S. Qəfərov tərəfindən cinayət-prosessual təminatlara ən müasir anlayışlardan biri verilmişdir: cinayət-prosessual təminatlar şəxsiyyətin hüquq və qanuni

K.F.Kərimov
mənafelərinin müdafiəsini və cinayət mühakimə icraatı vəziflərinin müvəffəqiyyətli həllini təmin edən cinayət-prosessual qanun normalarıdır (32, s.80).

İstinad edilmiş fikirləri nəzərə almaqla, belə qənaətə gəlmək olar ki, məhkəmə baxışının ümumi şərtləri sistemində şəxsiyyətin hüquqlarının təmin edilməsi məsələlərinə cinayət prosesi işirakçılarının məhkəmə iclaslarında iştirak etməklə öz hüquqlarından istifadə etməsi və onlara qarşı prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi qaydalarını müəyyən edən ümumi şərtlərin izahatı aspektindən baxmaq daha məqsədəuyğundur. Odur ki, bu məqalədə aşağıdakı ümumi şərtlərin izah edilməsinə üstünlük verilmişdir:



Təqsirləndirilən şəxsin məhkəmə baxışında iştirakı və onun gəlməməsinin nəticələri. Ümumi şərt kimi bu müddəa məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hüquqlarının təminatı kimi çıxış edir və qiyabi məhkəmə icraatının (təqsirləndirilən şəxsin iştirakı olmadan həyata keçirilən məhkəmə icraatının) şərtlərini müəyyən edir (11, s.12-14). Ümumi qaydalara görə, təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı məhkəmənin bütün iclaslarında iştirak edir və qanunla ona verilmiş prosessual hüquqlardan istifadə edir. AR CPM-in 311.2-ci maddəsinə əsasən, qiyabi məhkəmə icraatına yalnız 2 müstəsna halda yol verilir: Azərbaycan Respublikasının hüdudlarından kənarda olan təqsirləndirilən şəxs məhkəməyə gəlməkdən qəsdən boyun qaçırdıqda və cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmamaq şərtilə böyük ictimai təhlükə törətməyən cinayətdə təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihama məhkəmədə onun iştirakı olmadan baxılması barədə vəsatət qaldırdıqda. AR CPM-in kommentariyasının müəllifləri haqlı olaraq AR CPM-in 39.1.5-ci malddəsi ilə nəzərdə tutulmuş halı da mahiyyətcə qiyabi icraatın yol verildiyi hal qismində göstərirlər (2, s.893). Həqiqətən də şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə ittiham edildikdən (şübhəli bilindikdən) sonra öldükdə ona bəraət verilməsi zəruri olan hallarda icraat adi qaydada davam etdirilirsə, faktiki olaraq işə təqsirləndirilən şəxs olmadan baxılır.

Qiyabi məhkəmə icraatı həyata keçirilərkən təqsirləndirilən şəxsin müdafiəçisinin məhkəmə iclasında iştirakı məcburidir. Qanunla qiyabi icraata yol verilən hallar istisna olmaqla, təqsirləndirilən şəxs məhkəmə iclasına gəlmədikdə, məhkəmə baxışı təxirə salınmalı və iclas başqa vaxta keçirilməlidir.

AR CPM-in 311.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlmədikdə o, məhkəmənin qərarı əsasında məhkəmə iclasına məcburi gətirilə bilər və qanunla nəzərdə tutulmuş əsaslar olduqda, onun barəsində qətimkan tədbiri seçilə bilər və ya seçilmiş qətimkan tədbiri daha ağırı ilə əvəz edilə bilər.

Müdafiəçinin məhkəmə baxışında iştirakı və onun gəlməməsinin nəticələri. Müdafiəçi təqsirləndirilən şəxsin ərizəsinə, yaxud vəsatətinə əsasən və ya qanunla müdafiəçinin məcburi iştirakını nəzərdə tutan digər hallarda məhkəmə baxışı zamanı məhkəmənin bütün iclaslarında iştirak edir. E.E.Rəhimov qeyd edir ki, məhkəmə baxışında vəkil-müdafiəçinin iştirakının məcburiliyi qanunda nəzərdə tutulmuş hallarla yanaşı bir sıra nəzəri-idraki xüsusiyyətlərlə də əlaqədardır. Belə ki, müdafiə məhkəmə baxışında öz imkanlarından istifadə edərək, cinayət törədilməsinə şərait yaratmış səbəblərin meydana çıxarılmasında mühüm rol oynayır, ibtidai araşdırma mərhələsində üstü örtülü qalmış bəzi halların aşkarlanmasında məhkəməyə yardım edir. Bu zaman cinayət-prosessual müdafiə xüsusi gərginliyilə xarakterizə olunur. Belə şəraitdə müdafiəçinin iştirakının məcburiliyi çoxsaylı halların və faktların tezliklə və dürüst şəkildə

K.F.Kərimov


qiymətləndirilməsi zəruriliyində özünü göstərir. Cinayət mühakimə icraatında peşəkar müdafiənin məcburiliyinin əsasında hr şeydən əvvəl insan və vətəndaşın təhlükəsizliyinin hərtərəfli təmin olunması durur (6, s.28).

Məhkəmə iclasına gəlməmiş müdafiəçinin əvəz edilməsinə yalnız təqsirləndirilən şəxsin razılığı ilə yol verilir. Üzrlü səbəblərə görə məhkəmə iclasına gəlməmiş müdafiəçi məhkəmə iclası başlananadək bu barədə məhkəməyə məlumat verməlidir. Bu zaman məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Qanun qiymətləndirici kateqoriya olan «üzrlü səbəb» anlayışının məzmununu açmadığına və haqlı olaraq bu səbəblərin müfəssəl siyahısını müəyyən etmədiyinə görə, bu məsələnin həlli zamanı məhkəmə iclasına gələ bilməməsi barədə məlumat verən müdafiəçinin arqumentasiyası və bu arqumentasiyanı qiymətləndirən hakimin dünyagörüşü əsas rol oynayır. Bununla belə, müdafiəçinin gəlməmə səbəbi yalandan uydurulmamalı və ağlabatan olmalıdır. Əgər müdafiəçi üzrlü səbəblər olmadan və məhkəməyə məlumat vermədən iclasa gəlməzsə və onun bu məhkəmə iclasında əvəz edilməsi mümkün olmazsa, məhkəmə iclası təxirə salınır və iclas başqa vaxta keçirilir.

Təqsirləndirilən şəxs tərəfindən dəvət olunmuş müdafiəçinin iştirakı uzun müddət ərzində, hər bir halda on gündən artıq olmamaq şərti ilə üzrlü səbəblərə görə mümkün olmadıqda məhkəmə işin baxılmasını təxirə salaraq təqsirləndirilən şəxsə başqa müdafiəçi seçməyi təklif etmək, o, imtina etdikdə isə vəkillər kollegiyasının müvafiq qurumu vasitəsilə ona yeni müdafiəçi təyin etmək hüququna malikdir. Məhkəmə baxışını təxirə salaraq, müdafiəçinin əvəz edilməsi məsələsini həll edərək, məhkəmə belə qərarın qəbul edilməsinin məqsədəuyğunluğunu, yəni məhkəmə baxışına artıq sərf edilmiş vaxtı, icraatın mürəkkəbliyini və bununla əlaqədar məhkəmə baxışına yeni cəlb olunmuş müdafiəçi tərəfindən icraat materiallarının öyrənilməsinə sərf ediləcək vaxtı və digər halları nəzərə alır. Məhkəmə icraata yeni cəlb edilmiş müdafiəçini həmin icraatın bütün materiallarının öyrənilməsi üçün kifayət edən vaxtla təmin edir. Cinayət işinə yeni cəlb edilmiş müdafiəçi onun işə cəlb olunduğu vaxtadək məhkəmə baxışında aparılmış istənilən hərəkətin təkrar edilməsi barədə vəsatət qaldıra bilər.

A.N.Çaşin haqlı olaraq qeyd edir ki, vəkilin fəaliyyətində ibtidai araşdırmadan məhkəmə mərhəhələsinə informasiya ötürülməsinin böyük əhəmiyyəti vardır. Müdafiəçilər ilk dəfə iş artıq məhkəmə mərhələsində olarkən prosesə cəlb edildiklərində iş barədə təsəvvürləri artıq formalaşmış fabula, elan edilmiş ittiham və toplanmış sübutları əsasında yaranır. Müəllif qeyd edir ki, sözün əsl mənasında keyfiyyətli hüquqi yardımdan o zaman söhbət gedə bilər ki, bu yardım müvəkkilə onun istintaq orqanlarına ilk çağırıldığı andan göstərilməyə başlasın. Müdafiəçinin məhkəmə mərhələsindən işə qatılması və ya bu mərhələdə onun əvəz edilməsi mümkün müdafiə vasitəsi olsa da, istisna kimi dəyərləndirilməli və çox nadir hallarda tətbiq edilməlidir (16, s.47).

Müdafiəçinin iclasa təkrar gəlməməsi zamanı da əvvəl onun əvəz edilməsi məsələsinə baxılır, onun əvəz edilməsi mümkün olmadıqda iclas təxirə salınır və başqa vaxta keçirilir. Bu halda məhkəmə AR CPM-in 312.4-cü maddəsində nəzərdə tutulmuş qaydada müdafiəçinin əvəz edilməsi məsələsini həll edərək Azərbaycan Respublikasının vəkillər kollegiyasının rəyasət heyəti qarşısında həmin vəkilin intizam məsuliyyətinə cəlb edilməsi haqqında məsələ qaldıra bilər.

Mülki cavabdehin məhkəmə baxışında iştirakı və onun gəlməməsinin nəticələri. Mülki cavabdeh cinayət prosesinin gedişi zamanı haqqında verilmiş iddia ilə əlaqədar təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində vu-

K.F.Kərimov


rulmuş maddi ziyana görə qanunla üzərinə maddi məsuliyyət qoyula biləcək şəxsdir. Mülki cavabdeh verilmiş mülki iddia ilə bağlı öz hüquq və qanuni mənafelərinin müdafiəsi məqsədilə məhkəmə baxışı zamanı məhkəmə iclaslarında iştirak edir. Doğrudur doktrinal səviyyədə hələ də mülki iddiaya cinayət mühakimə icraatı hüdudlarında baxılmasının məqsədəuyğun olub-olmaması barədə mübahisələr gedir. Belə ki, bəzi müəlliflər hesab edirlər ki, mülki mühakimə icraatının zərərin ödənilməsi ilə əlaqədar olan qayda və prinsiplərini mexaniki olaraq cinayət prosesinə tətbiq etmək olmaz, çünki bu hüquq sahələrinin hər biri predmetinə və hüquqi tənzimetmə metoduna görə digərindən fərqlənir və müstəqil sahəvi qayda və prinsiplərə malikdir. Digərləri isə iki hüquq sahəsinin birləşdirilməsinin məqsədəuyğunduğunu zaman sərfiyyatının qənaəti ilə əsaslandırır və cinayət prosesində mülki iddia institutunu zərərçəkmiş şəxsin hüquqlarının əlavə təminatı kimi dəyərləndirirlər (7, s.29; 8, s.44).

Bununla belə, milli cinayət-prosessual qanunvericilik cinayət əməli nəticəsində dəymiş maddi və mənəvi ziyanın mülki iddanın həlli qaydasında ödənilməsinə və mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar AR CPM-də nəzərdə tutulmadıqda cinayət mühakimə icraatında mülki-prosessual qanunvericilik normalarının tətbiqinə yol verir. Odur ki, qanunvericilik məhkəmə baxışının ümumi şərtlərini müəyyən edirkən mülki cavabdehin və mülki iddiaçının, həmçinin onların nümayəndələrinin məhkəmə baxışında iştirakı və onların gəlməmələrinin nəticələri məsələlərini hüquqi tənzimetmə predmetinə aid etmişdir. Milli ədəbiyyatda mülki cavabdehin məhkəmə baxışında iştirak etməsinin əhəmiyyəti belə izah edilir ki, onun iştirakı mülki iddianın əsaslılığı və ya əsassızlığının, habelə onun məbləğinin müəyyən edilməsi üçün əhəmiyyətli ola bilər, lakin mülki cavadbehin, onun nümayəndəsinin yaxıd onların hər ikisinin məhkəmə baxışına gəlməməsi onun ziyanına yozula və bu istiqamətdə istifadə oluna bilməz (2, s.898).

Bununla belə, mülki cavabdeh və ya onun nümayəndəsinin (o cümlədən, hər ikisinin) məhkəmə iclasına gəlməməsi məhkəmə baxışının davam etdirilməsinə və mülki iddianın baxılmasına mane olmur. Mülki iddaçı və təqsirləndirilən şəxs eyni adam olduqda, həmin şəxsin məhkəmə baxışında iştirakı məsələsi təqsirləndirilən şəxsin məhkəmə bazışında iştirakı məsələsi kimi həll edilir.

Zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) məhkəmə baxışında iştirakı və onun gəlməməsinin nəticələri. Zərər çəkmiş şəxs və ya xüsusi ittihamçı məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Bu zaman onlar qanunla onlara verilmiş hüquqlardan istifadə edir, vəzifələri yerinə yetirirlər. Məhkəmədə cinayət təqibinin ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirildiyi hallarda zərər çəkmiş şəxs və ya xüsusi ittihamçının məhkəmə baxışında işirakı yalnız o hallarda məcburi hesab edilir ki, onların məhkəmə baxışına gəlməməsi cinayət təqibi ilə bağlı bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsini, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasını qeyri-mümkün etsin. Bu halda zərər çəkmiş şəxsin və ya xüsusi ittihamçının məhkəmə iclasında iştirakının məcburiliyi məsələsi məhkəmə tərəfindən cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra həll edlir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Bu zaman təkrar gəlməmə halı baş verərsə, cinayət prosesi tərəflərindən birinin xahişi ilə məhkəmə baxışı yenidən təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Zərər çəkmiş şəxsin və xüsusi ittihamçının məhkəmə iclasına məcburi gətirilməsi məsələsinə gəlincə, qeyd etmək

K.F.Kərimov


lazımdır ki, cinayət-prosesssual qanunvericilikdə bu məsələnin hüquqi tənzimlənməsi zamanı məcəllədə daxili ziddiyyətə yol verilmişdir. Belə ki, AR CPM-in 315.3-cü maddəsinin məzmununda qeyd edilmişdir ki: «… zərər çəkmiş şəxs (xüsusi ittihamçı) məhkəmə iclasına üzrlü səbəblərə görə gəlməsinin təkrarən mümkünsüzlüyünü məhkəmə iclası başlananadək məhkəməyə bildirməmişsə, məhkəmə öz qərarı ilə onun barəsində məcburi gətirilmə haqqında qərar çıxara bilər». Göründüyü kimi, bu normada «zərər çəkmiş şəxs» sözlərindən sonra mötərizə işarələri içərisində «xüsusi ittihamçı» sözlərinin də yerləşdirilməsi müddəanın qrammatik təfsiri zamanı belə nəticəyə gəlməyə səbəb olur ki, məhkəmə qərarı əsasında xüsusi ittihamçı da məcburi gətirilməyə məruz qala bilər. Lakin belə təfsir AR CPM-in cinayət prosesində məcburi gətirilmə institutunu tənzim edən 178-ci maddəsi ilə kəskin ziddiyyət yaradır. Belə ki, AR CPM-in 173.3-cü maddəsində birbaşa göstərişlə qeyd edilir ki: «14 yaşınadək olan şəxslərin, hamilə qadınların, ağır xəstələrin, habelə xüsusi ittihamçıların məcburi gətirilməsinə yol verilmir» (kursiv – müəl.). Odur ki, mövcud ziddiyyətin aradan qaldırılmasının yeganə yolunu qanunvericiliyin təkmilləşdirilməsində görürük və hesab edirik ki, AR CPM-in 315.3-cü maddəsinin ikinci cümləsindən «zərər çəkmiş şəxs» sözlərindən sonra mötərizə içərisində yazılmış «xüsusi ittihamçı» sözləri çıxarılmalıdır.

Ədəbiyyatda qeyd edilir ki, ictimai-xüsusi və ya xüsusi ittihamlı işlər üzrə məhkəmə baxışında nümayəndəsi və ya qanuni nümayəndəsi ilə təmsil olunan xüsusi ittihamçı ifadə vermək üçün məhkəməyə çağırıldıqda gəlməzsə, onun ifadələri əsasında müəyyən edilməli olan hallar, habelə dəqiqləşdirilməli olan sübutlar və dəlillər şübhəli və qeyri-müəyyən qaldığına görə təqsirləndirilən şəxsin xeyrinə istifadə ediləcəkdir (2, s.903).

Xüsusi ittihamçının xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışı zamanı üzrlü səbəblərə görə məhkəmə iclasına gəlməsi mümkün olmadıqda, o, məhkəmə iclası başlananadək bu barədə məhkəməyə məlumat verməlidir. Məhkəmə xüsusi ittihamçının məhkəmə iclasına gəlməməsi səbəbini üzrlü hesab etdikdə, cinayət işinin məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışı zamanı üzrsüz səbəblərə görə təkrarən məhkəmə iclasına gəlmədikdə, məhkəmənin qərarı ilə cinayət işinin məhkəmədə xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilir.

Məhkəmə baxışında mülki iddiaçının iştirakı və onun gəlməməsinin nəticələri. Mülki iddiaçı verdiyi iddianı müdafiə etmək üçün bu qanunla ona verilmiş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak edə bilər. Təcrübədə elə hallar olur ki, mülki iddiaçı qismində zərər çəkmiş şəxs və ya xüssusi ittihamçı tanınır. Belə hallarda mülki iddiaçının məhkəmə baxışında iştirakı məsələsi zərər çəkmiş şəxsin və ya xüsusi iddiaçının məhkəmə baxışında iştirakıni tənzim edən normalar əsasında həll edilir.

Mülki iddiaçı və ya onun nümayəndəsinin cinayət mühakimə icraatı zamanı məhkəmə baxışında iştirak etməsinin hüquqi əhəmiyyəti ondadır ki, qanunla nəzərdə tutulmuş iki hal istisna olmaqla məhz onların iştirakı cinayət prosesində mülki iddiaya baxılmasını şərtləndirir. Aşağıdakı iki halda mülki iddiaçının və ya onun nümayəndəsinin iştirakı olmadan məhkəmə mülki iddiaya baxır: 1) mülki iddiaçının və ya onun nümayəndəsinin vəsatəti əsasında; 2) mülki iddia dövlət ittihamçısı tərəfindən müdafiə edildikdə (mülki iddiaçının və ya onun nümayəndəsinin gəlib-gəlməməsindən asılı olmayaraq).

K.F.Kərimov
Ədəbiyyatda qeyd edilir ki, AR CPM-in 316.2-ci maddəsi imperativ norma kimi müəyyən edilmədiyindən məhkəmə mülki iddiaçı və ya onun nümayəndəsi məhkəmə iclasına gəlmədikdə, habelə AR CPM-in 316.3-cü maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda belə öz təşəbbüsü ilə də mülki iddiaya baxaraq onu həll edə bilər (2, s.904).

Mülki iddiaçı və ya onun nümayəndəsi məhkəmə iclasına gəlmədikdə mülki iddia baxılmamış saxlana bilər. Bu, mülki iddia vermiş şəxsi iddianı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququndan məhrum etmir.



Qətimkan tədbiri barədə məsələnin həll edilməsi. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi, o cümlədən daha əvvəlki mərhələlərdə barəsində qətmikan tədbiri tətbiq edilməmiş təqsirləndirilən şəxs barəsində qətimkan seçilməsi məsələsi həll edilə bilər. Bu məsələyə hakimin (məhkəmənin) təşəbbüsü yaxud ittiham və ya müdafiə tərəflərinin müvafiq vəsatəti əsasında baxılır. Məhkəmə baxışında qətimkan tədbiri haqqında məsələ həll edilərkən qətimkan tədbirlərinin ümumi tətbiqi əsasları rəhbər tutulur. Tərəflərin çəkişməsini və cinayət prosesi iştirakçılarının qanuni maraqlarını təmin etmək məqsədilə AR CPM-in 320-ci maddəsində qanunvericilik belə bir qayda təsbit etmişdir ki, məhkəmə baxışı zamanı qətimkan tədbiri haqqında məsələ həll edilərkən təqsirləndirilən şəxsin və onun nümayəndəsinin izahatları, habelə dövlət ittihamçısının, zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) fikri dinlənilməlidir. Lakin AR CPM-in 320-ci maddəsinin təhili zamanı aşkar görünür ki, həmin normada müəyyən qədər qeyri-dəqiqlik və boşluqlar mövcuddur. Maddənin hazırda qüvvədə olan redaksiyadakı məzmununa görə: «Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin və onun nümayəndəsinin izahatlarını, habelə dövlət ittihamçısının, zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) fikrini dinləyərək məhkəmə öz qərarı ilə təqsirləndirilən şəxs barəsində qətimkan tədbirini dəyişə və ya ləğv edə bilər». Maddədə yol verilmiş qeyri-dəqiqliklərə və boşluqlara növbə ilə baxaq. Birincisi, maddədə diqqəti belə bir ifadə cəlb edir: «təqsirləndirilən şəxsin və onun nümayəndəsinin». Aydın olmur niyə qanunvericilik məhkəmə baxışında qətimkan tədbiri barədə məsələ həll edilərkən müdafiə tərəfinin əhəmiyyətli subyekti olan müdafiəçinin fikrini dinləməyi zəruri hesab etməmişdir və bunun əvəzinə normativ səviyyədə mövcud olmayan bir subyektin adını – təqsirləndirilən şəxsin nümayəndəsini maddədə göstərməyi məqsədəuyğun hesab etmişdir. Məlumdur ki, nə normativ səviyyədə, nə təcrübədə, nə də doktrinal səviyyədə təqsirləndirilən şəxsin nümayəndəsi kimi proses iştirakçısı məlum deyildir. AR CPM-in nümayəndələr və hüquq varislərinin dairəsini və hüquqi vəziyyətini tənzim edən on birinci fəslinə nəzər salsaq görərik ki, qanunda nümayəndə ilə təmsil olunmaq və hüquqlarını müdafiə etmək imkanına malik şəxslər sırasında zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh, xüsusi ittihamçı və şahid göstərilmişdir. AR CPM-də təqsirləndirilən şəxsin nümayəndəsi kimi subyektin anlayışı və hüquqi vəziyyəti təsbit edilməmişdir. Müasir cinayət-prosessual hüquq nəzəriyyəsi də eyni mövqedən çıxış edir. Məsələn, M.Ə. Cəfərquliyev nümayəndələr və hüquq varisləri haqqında məsələləri şərh edərkən təqsirləndirilən şəxsin nümayəndəsi kimi subyektin adını çəkmir (3, s.211-216). Azərbaycan Respublikasının cinayət prosesində təqsirləndirilən şəxs öz hüquqlarını şəxsən, qanuni nümayəndəsi və müdafiəçisi vasitəsilə həyata keçirir və hesab edirik ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri haqqında məsələ həll edilərkən çəkişmənin, tərəflərin bərabərliynin və müdafiə tərəfinin qanuni maraqlarının təmin edilməsi üçün məhz bu üç subyektin fikri dinlənilməlidir. Bundan baş-

K.F.Kərimov


qa, qətimkan tədbirinin dəyişdirilməsi və ya seçilməsi haqqında ittiham tərəfi vəsatət verdiyi və ya hakim təşəbbüs göstərdiyi hallarda təqsirləndirilən şəxsi təmsil edən qanuni nümayəndənin və ya müdafiəçinin nə səbəbdən izahat verməli olması da aydın deyildir. Məlumdur ki, «izahat» kateqoriyasına cinayət-prosessual qanunvericilikdə normativ qaydada anlayış verilmişdir. Belə ki, AR CPM-in 7.0.42-ci maddəsinə əsasən, izahat cinayət prosesi iştirakçılarının və ya ərizəçilərin özlərinin, yaxud təmsil etdikləri şəxsin tələblərini əsaslandırmaq üçün göstərdikləri şifahi və ya yazılı dəlillərdir. Görəsən müdafiə tərəfinin qətimkan tədbirinin tətbiqi barədə heç bir tələbi olmadığı halda, dövlət ittihamçısı təqsirləndirilən şəxs barəsində bu və ya digər qətimkan tədbirinin seçilməsi haqqında vəsatət qaldırarsa, müdafiə tərəfi niyə hər hansı bir dəlil gətirməlidir? Hesab edirik ki, əgər qarşı tərəf müvafiq məsələlərlə bağlı öz fikrini bildirmək hüququndan istifadə edirsə, müdafiə tərəfi də izahat vermək deyil, öz fikrini bildirmək hüququndan istifadə etməlidir.

İkincisi, maddədə səhv də olsa (yuxarıda şərhi verilmişdir), təqsirləndirilən şəxsin nümayəndəsinin adı çəkilsə də, zərər çəkmiş şəxsi və xüsusi ittihamçını təmsil edən subyektlərin, yəni onların qanuni nümayəndələrinin və nümayəndələrinin adları çəkilmir. Bu hal isə faktiki olaraq sonuncuları qətimkan tədbiri haqqında məsələnin həlli zamanı fikir bildirmək hüququndan məhrum edir. Hesab edirik ki, əksər hallarda hüquqi cəhətdən hazırlıqsız olan zərər çəkmiş şəxsin əvəzinə (onunla yanaşı) bir qayda olaraq məhkəmə işlərində səriştəli olan nümayəndənin və ya təmsil etdiyi şəxsin hüquqlarının daha effektiv təminatı məqsədilə çıxış edən qanuni nümayəndənin qətimkan tədbirinin tətbiqi və ya ləğvi barədə fikir bildirməsi daha məqsədəuyğundur.

Üçüncüsü, maddədə göstərilir ki, «məhkəmə öz qərarı ilə təqsirləndirilən şəxs barəsində qətimkan tədbirini dəyişə və ya ləğv edə bilər». Lakin məlumdur ki, qətimkan tədbiri barədə məsələnin həlli özündə daha əvvəl seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi və ləğvi ilə yanaşı, daha əvvəl qətimkan tədbiri seçilmədiyi və ya seçilmiş qətimkan tədbirinin daha əvvəl ləğv edilmiş olduğu hallarda onun seçilməsini də ehtiva edir. Məsələn, ədəbiyyatda haqlı olaraq göstərilir ki, təqsirləndirilən şəxs üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə, müvafiq əsaslar olarsa, indiyə qədər qətimkan tədbiri seçilmədiyi halda da məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçə bilər.

Yuxarıda göstərilənləri nəzərə alaraq, AR CPM-in 320-ci maddəsinin təkmilləşdirilməsi istiqamətində aşağıakı qanunvericilik təklifini irəli sürməyi məqsədəuyğun hesab edirik. Fikrimizcə, AR CPM-in 320-ci maddəsinə müvafiq əlavə və dəyişikliklər edilməklə həmin maddə aşağıdakı məzmunda və yeni redaksiyada verilməlidir: «Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin, onun müdafiəçinin və ya qanuni nümayəndəsinin, dövlət ittihamçısının, habelə zərər çəkmiş şəxsin (xüsusi ittihamçının), onuın nümayəndəsinin və qanuni nümayəndəsinin fikrini dinləyərək məhkəmə öz qərarı ilə təqsirləndirilən şəxs barəsində qətimkan tədbirini seçə, dəyişə və ya ləğv edə bilər».


Ədəbiyyat

1. Abbasova F.M. Cinayət prosesi. Dərslik. Ümumi hissə.Yenidən işlənmiş ikinci nəşr. Bakı: Zərdabi LTD MMC, 2015, 412 s.

2. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin Kommentariyası. C.H. Mövsümov və dig. red. ilə. Bakı: Digesta, 2007, 1320 s.
K.F.Kərimov
3. Cəfərquliyev M.Ə. Azərbaycan Respublikasının Cinayət prosesi. Dərslik. Bakı: Qanun, 2008, 768 s.

4. Qəfərov M.S. Azərbaycan Respublikasının cinayət prosesində şəxsiyyətin hüquqlarının təmin edilməsi. Bakı: Qanun, 2006, 248 s.

5. Mövsümov C.H. Sovet cinayət prosesi. B.: Maarif, 1989, 312 s.

6. Rəhimov E.E. Birinci instansiya məhkəməsində müdafiəçinin iştirakının bəzi xüsusiyyətləri. Dərs vəsaiti Bakı: Adiloğlu, 2007, 108 s.

7. Бозров В. Гражданский иск в уголовном процессе неуместен // Российская юстиция, 2001, №5, с. 29-30.

8. Денисова Т.Ю. Целесообразность рассмотрения гражданского иска в уголовном судопроизводстве // Вестник ОГУ, 2005, № 3, с. 44-46.

9. Ерашов С.С. Система принципов современного отечественного уголовного процесса: теоретико-правовые аспекты и практика применения. Дисс. … канд. юрид. наук. Н. Новгород, 2001, 180 с.

10. Курс советского уголовного процесса. Общая часть. / Под ред. А.Д. Бойкова и И.И. Карпеца. М.: Юридическая литература, 1989, 640 с.

11. Левичева В.В., Рябчиков В.В. Возможность применения заочного производства // Уголовный процесс, 2006, № 2, с. 12-14.

12. Мигушин К.И. Досудебное производство как стадия современного уголовного процесса России: теоретические и прикладные аспекты. Дисс. … канд. юрид. наук. Н. Новгород, 2004, 188 с.

13. Уголовно-процессуальное право Российской Федерации. Учебник / Отв. ред. И.Л. Петрухин. М.: ТК Велби, изд. Проспект, 2007, 664 с.

14. Уголовно-процессуальное право Российской Федерации: Учеб. для студентов вузов / Отв. ред. П.А. Лупинская. М.: Юристъ, 2005, 815 с.

15. Уголовный процесс. Учебник. Под ред. К.Ф. Гуценко. М.: ИКД «Зерцало-М», 2004, 704 с.

16. Чашин А.Н. К вопросу об участии защитника в суде первой инстанции // Адвокатская практика, 2005, № 3, с. 46-48.

17. Шайхулов Р.Р. О принципиальном подходе к понятию общих условий стадий досудебного и судебного производства / Материалы межвузовской научно-практической конференции: Соотношение досудебного и судебного производства: вопросы права, процесса и криминалистики. 16 февраля 2006 г. Омск: Изд. Омск. Юрид. ин-та. с. 193-197.
SOME PROBLEMS OF ENSURING THE RIGHTS OF THE PERSONALITY

IN THE CONTEXT OF THE GENERAL TERMS OF JUDICIAL PROCEEDINGS
K.F.Karimov
SUMMARY
Judicial proceedings are the way of considering a criminal case in essence in the form of court sessions. Considering a criminal case in essence means to establish the criminal responsibility of the accused. Judicial proceedings are the third and the main stage of criminal legal proceedings. Their significance is that here the accused can be re-

K.F.Kərimov


turned guilty of committing a crime and imposed a penalty. In this work, the author makes an attempt to consider the general terms in the context of problems of ensuring the rights of the personality in criminal procedure.
НЕКОТОРЫЕ ВОПРОСЫ ОБЕСПЕЧЕНИЯ ПРАВ ЛИЧНОСТИ

В КОНТЕКСТЕ ОБЩИХ УСЛОВИЙ СУДЕБНОГО РАЗБИРАТЕЛЬСТВА
К.Ф.Керимов
РЕЗЮМЕ
Судебное разбирательство - это осуществляемое в форме судебного заседания рассмотрение и разрешение уголовного дела по существу. Рассмотреть дело по существу значит разрешить вопрос об уголовной ответственности обвиняемого. Судебное разбирательство является третьей и основной стадией уголовного судопроизводства. Ее значение определяется тем, что здесь обвиняемый (подсудимый) может быть признан виновным в совершении преступления и ему может быть назначено наказание. В данной статье автор постарался рассмотреть общие условия судебного разбирательства в контексте проблем обеспечения прав личности в угловном процессе.

Məqalə “Hüquqşünaslıq” bölməsinə aiddir.





Yüklə 91,05 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə