“Ölməmişdən ölən könlüm”



Yüklə 1,76 Mb.
səhifə2/7
tarix30.12.2017
ölçüsü1,76 Mb.
#18797
1   2   3   4   5   6   7

Satqınları taxtlarından salginən,

Vahid millət, vahid dövlət olginən,

Bu dünyadan muradını alginən.

Bilgi, hikmət xəzinəsi aransın,

Milli birlik, milli dövlət yaransın.

Bayrağımız, millətimiz ucalsın.

El-obanın birliyindən güc alsın,

Doğu, Batı hər tərəfdən öc alsın.

Yeni nizam, yeni divan qurulsun,

Çərxi-fələk bayrağıma vurulsun.
Qoy yığılsın millət, qopsun qiyamət,

Bu çirkabdan ölkə çıxsın nəhayət,

Hakim olsun ilahi bir siyasət,

Haqq-ədalət olsun dövlət yarağı,

Birdəfəlik sönsün zülmün çırağı.
Yer titrəsin, ildırımlar çaxılsın,

Od ələnsin, zalım yansın, yaxılsın,

Şeytan-iblis qurğuları dağılsın.

Cihad edək millət, vətən eşqinə,

Döyüşəyin, gəlin Allah eşqinə.

Son qoyulsun bu qaydasız oyuna,

Ellər gəlsin «Qoca qurd»un “toy”una,

Lənət desin ac canavar soyuna,

Haramzada, xain, iblis uşağı,

İblis deyil, iblisdən də aşağı.


Girib bunlar min sifətə, min dona,

Tələ qurub, tor atıblar, hər yana,

Bəla olub, Ya Rəbb, Azərbaycana,

Yağmaladı, soydu, çapdı, taladı,

Ata-bala bu millətə bəladı.

Azərbaycan! Vətənim hey, elim hey!

Zikr eyləyir “Ənəlhəqq”i dilim, hey!

Cəngi üstə köklənibdir telim, hey!

Güney, Quzey, Doğu, Batı mənimdir,

Haqq nahaqqa, nahaq haqqa qənimdir.


Adəm kimi gəlin tövbə edək biz,

Haqdan gəldik, Haqqa doğru gedək biz,

Qızılquş tək ovumuzu güdək biz,

Tapdanmayaq topal kimi, kor kimi,

Yağılardan qisas alaq, ər kimi.

Ayrılıqda dərd-bəlanı yeyiblər,

Bulud kimi göz yaşları geyiblər.

“Birlik harda, dirlik orda deyiblər!”-

Ataların, babaların sözüdür,

Çaldığım saz ərənlərin sazıdır.


Ozan dədə, ələyimiz ələnir,

Oğuz eli dilənçi tək dilənir,

Ana vətən öz qanına bələnir.

Bu gedişlə işlərimiz fırıqdır,

Yeriməyir, arabamız qırıqdır.
Əl atdılar üzüyümün qaşına,

Qan çiləndi torpağına, daşına.

Nələr gəldi vətən, sənin başına?!

Savalanda yatmış idim, oyandım,

Əl çatmayan zirvələrdə dayandım.
Ağatlıyam, Savalandan gəlmişəm.

Zaman-zaman döğulmuşam, ölmüşəm.

Cordanoyam, Nəsimiyəm bilmişəm.

Süleymanam, quş dilinə dilçiyəm,

Bu aləmə Haqqdan gələn elçiyəm.
Era bitir, yeni dövr başlayır,

Xain alçaq düşmənlərə işləyir,

Əqrəb kimi xilaskarın dişləyir,

Amansızdı, kəmfürsət, baş yeyəndi,

İblis ona, o iblisə həyandır.
Keçən keçib, gələcəksə qabaqda,

Belə getsə, ağlayassan sabah da.

Gün əyilib, nə qalıbdır ta vaxta?!

Karvan gedib, sizsə yatıb qalmısız,

Boş ümidə, xam xəyala dalmısız.
Minilliklər bir-birinə calandı,

Arzu, ümid əfsanədir, yalandı.

Kəşf, ixtira dövrə sahibzamandı;

Biri Qırat, biri Misri qılıncdı,

Xilasımız elm, ürfandı, inancdı.

Xəbər verin, oğuz eli oyansın,

Səf-səf olub cərgəmizdə dayansın,

Günəş doğsun, aləm nura boyansın,

Əbədiyyət bayrağını götürək,

Zülmətləri ilim-ilim itirək!


Türkük, Turan dünyasını qoruyaq,

Gəl pərişan saçlarını darıyaq,

Loğman olub yaraların sarıyaq.

El-obanın dərdlərinə yetişək,

Bölünməyək bütövləşək, bitişək.
Haqq eşqiylə, iman ilə yoğrulaq,

Dərya kimi çalxalanaq, durulaq,

Gəlin biz də tarixlərdən dərs alaq,

Kainatın sirlərini oxuyaq,

Yerə, göyə nurdan xalı toxuyaq.
Ulu Tanrım, səndən ilham alıram,

Eşqlə ürfan dəryasına dalıram,

Gah “Kərəmi”, gah da “Cəngi” çalıram,

Bir ümmanam, hey çağlayıb, coşuram,

Dastanımı yana-yana qoşuram.
Xətainin qanı qaynar qanımda,

Əbədiyyət eşqi yanır canımda,

Diz çökmüşəm ustadımın yanında.

Fəzlullahım, Şəmsim - İmam Əlidir,

Haqqı bilən bilir, pirlər Piridir.
Korun-korun yandım, yandım, alışdım,

Şölələnib sonsuzluğa ulaşdım,

Yerdə, göydə, ərşdə, kürsdə dolaşdım,

Kaman mənəm, nalə mənəm, ah mənəm,

Eşq yolunda cünun mənəm, şah mənəm.
Xızır, İlyas, Musa, İsa mənəm, mən!

İncil, Quran, hakim, yasa mənəm, mən!

Örnək olan hər bir kəsə mənəm, mən!

Min yol soyub, oda yaxsan diriyəm,

O müqəddəs Qüdsi-ruhun sirriyəm!
Bu keçmişin, gələcəyin sorağı,

Eşqlə ürfan aşiqlərin yarağı,

Ulu Tanrım verib könül Buraqı,

Alıb məni dərgahına götürsün,

Mətləbimə, muradıma yetirsin.

Əzəl gündən Haqq eşqiylə yoğruldun,

Adəm ilə cənnətlərdən qovuldun,

Əbədiyyət üfüqündə doğuldun,

Nemət, oldun haqq-ədalət vəlisi,

Məcnunların, dəlilərin Dəlisi!

17. 11. 1997
SAĞ İKƏN QƏBRİMİ QAZIB GƏLİRƏM!
Öldürə bilmədiz, dana bilmədiz,

Qanımla dastanlar yazıb gəlirəm!

Aşiqəm, oduma yana bilmədiz,

Küllü kainatı gəzib gəlirəm!


«Dostlar» namərd oldu, düşmənlər alçaq,

Rüşvətxor yaltaqlar olsa da “qoçaq”,

Sönməz yandırdığım müqəddəs ocaq,

Çox qara tikanlar əzib gəlirəm!


Qəlbimi el üçün yandırıb, yaxdım,

Cahillər odumu tapdayır baxdım,

Ulduz tək parladım, sel kimi axdım,

Yel kimi, od kimi dazıb gəlirəm!


Yollar keçib gəldim boranlı, qarlı,

Azadlıq qazandım dərdli, azarlı,

Satqın, quldur oldu dövlətli, varlı,

Sel tək dağdan daşdan sızıb gəlirəm!


Deməyin, günahkar yenə dövrandı,

Gələn də, gedən də haqqımı dandı,

Yatmışdı, qəflətdən bəxtim oyandı,

Yusifəm yuxular yozub gəlirəm!


Meydan sulayırlar ac qudurğanlar,

Ev yıxıb, baş kəsib tökürlər qanlar,

Millətə dərs verir yenə nadanlar,

Var haqqa ehtiyac sezib gəlirəm!


Yox fani dünyanın yox, etibarı,

İtirib çoxları namusu, arı,

Bağlanır hər yerdə haqqın bazarı,

Çözülməz düyünlər çözüb gəlirəm!


Həm tarix yaratdım, həm dastan yazdım,

Çox düyünlər çözüb, sərhədlər pozdum,

Divlər, əjdahalar qəbrini qazdım,

Sehirlər, tilsimlər pozub gəlirəm!


Bu nə müsübətdi, bu nə həvəsdi,

Yenə «qardaşlarım» ipimi kəsdi,

Xain, alçaqlara deyirəm bəsdi!

Divlərin boğazın üzüb gəlirəm!


Taledi, qədərdi Haqdan baş oldum,

Məlikməhəmmədə yar, yoldaş oldum,

Namərd, nankorlara dost, qardaş oldum,

Qanlı köynəyimi büzüb gəlirəm!


Dar gündə köməyə kimsə gəlmədi,

Yaram qan ağladı, üzüm gülmədi,

Nələr çəkdiyimi heç kəs bilmədi,

Haqqa susamışam, suzub gəlirəm!


Bizə qoca kaftar oyun oynadı,

Dəli könlüm coşdu, qanım qaynadı,

Dövrə, zəmanəyə şerim aynadı,

Səbrim aşıb, daşıb bezib gəlirəm!


Yandı, məşəl kimi yandı ürəyim,

Hər ocaqda oldu, duzum, çörəyim,

Olubdur həmişə eşqim gərəyim,

Kükrəmiş aslanam qızıb gəlirəm!


Ömrüm gəlib keçdi ildırım kimi,

Yollar eniş-yoxuş sıldırım kimi,

Qəflətdən oyadım qaldırım kimi?!

Əlimi hər yerdən üzüb gəlirəm!


Ruhum da əbədi xalq üçün yanar,

Məni dananları tarixlər danar,

Haqqımı gələcək nəsillər anar,

Yollar, xəritələr, cızıb gəlirəm!


Millətim didərgin, vətənim para,

Çəkildim çarmıxa, asıldım dara,

Min can qurban deyib, vermişəm Yara,

Dözülməz dərdlərə dözüb gəlirəm!


Haqqa aşiq olan hər dərdə dözər,

Eşqin dəryasında Məcnun tək üzər,

Azadlıq eşqiylə dünyanı gəzər,

Hər şeyi nizama düzüb gəlirəm!


Səcdəyə qapanıb, merac eylədim,

Sağalmaz dərdimi Yara söylədim,

Neylədim özümə, özüm eylədim,

Qıy vurub şahin tək süzüb gəlirəm!


Haqq üçün düşmüşəm, daim yollara,

Dərd çəkib, qəm yeyib, düşsəm də dara,

Qalmaram dünyada aciz, avara,

Eşqin dəryasında üzüb gəlirəm!


Odlara qalandı elim də yandı,

Dərdimi söylədim dilim də yandı,

Mən elə yandım ki, külüm də yandı,

Yox oldu varlığım tozub gəlirəm!


Ölmədən ölmüşəm, ölməzəm artıq,

Günəş tək əbədi sönməzəm artıq,

Ölsəm də bu yoldan dönməzəm artıq,

Əcəl şərbətini süzüb gəlirəm!


Nemətəm, ömrümü vermədim bada,

Xalq üçün özümü atmışam oda,

Düşmən qabağından qaçmam dünyada,

Sağ ikən qəbrimi qazıb gəlirəm!


2010

GETDİ
Zəmanə dolanıb, tərsinə döndü,

Tanrım, Çənlibelli dövranım getdi.

Satıldı millətim talandı vətən,

Hökmüranlıq edən zamanım getdi.
Koroğlum, Nigarım, Həcərim, Nəbim,

Gedibdir, dünyanı tutubdu qəmim.

Dəryada qərq oldu Yunis tək gəmim,

Etdiyimiz əhdi-peymanım getdi.


Xalqımın şöhrəti, şanından deyim,

Kəsilən saçların sanından deyim,

Dəyişən dinindən, donundan deyim,

İsmət, abır-həya, imanım getdi.


Qaplanların, Aslanların qocaldı.

Tülkülər, çaqqallar şirdən bac aldı.

Azərbaycan, ərənlərin necoldu?

Qəflətdə uyudun karvanım getdi.


Ənəlhəq söyləyib çəkildim dara.

Məcnun olub düşdüm, yar, səhralara.

Vəfasız cananım getdi əğyara,

Mənim yar yolunda min canım getdi.


Qurban getdi Cavid, Mənsur, Nəsimi.

Almışam röyada haqdan dərsimi.

Qüdrətdən köklənib sazımın simi,

Ərşə qalxdı, ahım-amanım getdi.


Baxıb bu dövrana oldum kədərli,

Günlərim ötüşmür qəza-qədərli,

Daş düşsün başına, Nemət Kədərli,

Getdi Xətai tək soltanım getdi.


1979

ULAMIR XİLASKAR QURD,

AZƏRBAYCAN
Olubdur əzəldən mərdlər oylağı,

Dağları, daşları sərt Azərbaycan!

Babək, Nigar, Həcər, Koroğlu, Nəbi,

Salıb dağlarında yurd, Azərbaycan!


Hanı Fateh, Teymur, Çingiz, Oğuzxan?!

Necoldu, neylədin, bivəfa cahan?

Yoxdur el-obanın qeydinə qalan,

O Şah babam kimi mərd, Azərbaycan!


Necoldu yer verdin sara qoynunda?!

Mərdləri yandırdın nara qoynunda,

Çəksələr çarmıxa, dara qoynunda,

Olacam düşmənə dərd, Azərbaycan!


Oyan, bu qəflətdən yaralanmısan,

Bir bütöv almaydın, paralanmısan,

Gör indi kimlərə məskən olmusan,

Ulamır xilaskar qurd, Azərbaycan!


Din gedibdir, dil də çıxır aradan,

Bizə kömək olsun özü, Yaradan,

Nemət Kədərlini qurtarsın dardan,

Birləşsin el-oba, yurd, Azərbaycan!


1979

DƏHŞƏTDİR, DƏHŞƏT.


Bəhmən Vətənoğluna
Gəl sənə söyləyim, ey Vətənoğlu,

Bolşevik dövranı dəhşətdir, dəhşət.

Kommunist köpəyi kefdə-damaqda,

Laykanın heyranı dəhşətdir, dəhşət.


Dağıldı sərhədlər, aşıldı həddlər,

Doğranıb odlara qalandı mərdlər,

Ürəyim sızlayır, böyükdür dərdlər,

Vətənin seyranı dəhşətdir, dəhşət.


Yanır, alovlanır ürək, bilən yox,

Bu eldə, obada üzü gülən yox,

Ağlar göz yaşını kimsə silən yox,

Yabılar cövlanı dəhşətdir, dəhşət.


Başı olmayanlar başa çıxıbdır,

Xainlər, düşmənlə qoşa çıxıbdır,

Arzular, ümüdlər boşa çıxıbdır,

Millətin hər anı dəhşətdir, dəhşət.


Çarə tapmalıyam mən bu işlərə,

Tikanlı simləri salam dişlərə,

İstanbul, Təbrizə kaş yol işləyə,

Gavurun dövranı dəhşətdir, dəhşət.


Fikirlər bənzəyir uçan bir quşa,

Uçuban qarışam qohum-qardaşa,

Yetər, satqınları çıxardıq başa,

Satqın şər-şeytanı dəhşətdir, dəhşət.


Nemət Kədərliyəm, girsəm meydana,

Kükrəyib dönərəm qızmış aslana,

Qüvvəti el verə, südü mərd ana,

Coşa Haqq Aslanı, dəhşətdir, dəhşət.


1984

KÖNÜL
Dərd əlindən şair olub,

Baxıb bu dövrana, könül!

Millətlər zülm altda qalıb,

Bəd gəlib zəmanə, könül!
Xalqlar, millətlər məhbəsdə,

İnlər bülbültək qəfəsdə,

Azadlıq yoxdur heç kəsdə,

Dərd sığmaz dastana, könül!


Bolşeviklər bəy olubdu,

İnsanlar cana doyubdu,

Gavur ölkəni alıbdı,

Susayıb al qana, könül!


Xain, satqın oldu “qoçaq”,

Mərd igidlər düşdü qaçaq,

Söndürüldük ocaq-ocaq,

Yurd oldu viranə, könül!


Qırğın, qarət, sürgün oldu,

Qiyamət tək bir gün oldu,

El-oba didərgin oldu,

Dağıldı hər yana, könül!


Köhlənlər nalı söküldü,

Ərənlər beli büküldü,

Dərd yağdı, ələm töküldü,

Ah çıxdı cövlana, könül!


Danışan yox, belə işdən,

Zülm aşıbdır, Ya Rəbb, başdan,

Guya azadıq biz quşdan,

Şükr olsun zindana, könül!


Haydı, qurtuluşa can at,

Dərin soyulsa da qat-qat,

Yürü, azad ellərə çat,

Gəlmişəm zinhara, könül!


Bu ölkədə yox ədalət,

Viran qalsın belə dövlət,

Hamı pıçıldaşır xəlvət,

Söz dedin mərdanə, könül!


Kədərliyəm el dərdindən,

Fəhlə, kəndli, qul dərdindən,

Məhbus bülbül, gül dərdindən,

Gəlibdir fəğanə, könül!

1980

BİR QIZ İSTƏYİRƏM


Bir qız istəyirəm,

Aylı gecədə

Ay işığının aydınlığı,

İydə çiçəyinin ətri kimi

Ürəyimi oxşasın.
Bir qız istəyirəm

Dağ döşündən qaynayan

Bulaq suyunun şəffaflığı,

Göz yaşlarımın duzu,

Ana laylasının şirinliyi olsun.
Bir qız istəyirəm,

Gündüzlər xəyalım,

Gecələr yuxum,

Dünyadan xəbərsiz,

Dünyadan uzaq,

Məsum baxışlım,

Körpə qəlblim olsun.
Onda tapım itmişimi,

Keçmişimi,

Bu günümü, sabahımı.
Başım qoyum dizlərinə,

Saçlarının kölgəsində

Qırx günlük bir yuxu yatım.

Min il əvvəl, min il sonra

Hər şey mənə aydın olsun!

Hər şey mənə aydın olsun!

1983

XƏYALIM GİZLƏNİB MƏNDƏ


Xəyalım gizlənib məndə,

Mən onunam, o mənim.

Görünərsə bir naməhrəm gözünə,

Əriyər Qıratın qanadları tək.

Xəyalım Koroğlu, Babək!

Xəyalım gizlənib məndə,

Mən onunam, o mənim.

Yaşadıram xəyalı,

Gözdən, qulaqdan uzaq,

Anamın laylasında,

Nənəmin nağılında,

Babamın qürurunda,

Yaşadıram xəyalı

Gözlərimin nurunda.

Xəyalım gizlənib məndə,

Mən onunam, o mənim.

Mən onu yaşadıram,

O da məni yaşadır!

AĞLAMA, AĞLAMA, ANAM, AĞLAMA!
Mənim də taleyim belə gəlibdir,

Ağlama, ağlama, anam, ağlama.

Bu bəla vətənə, elə gəlibdir,

Ağlayıb, sən Allah, sinəm dağlama,

Ağlama, ağlama, anam, ağlama!
Şükür etmə ki, oğlun da sağ gəlibdi,

Balan diri-diri şəhid olubdu,

İçidə ağlayıbdı, üzdə gülübdü,

El dərdindən saralıbdı, solubdu,

Ağlama, ağlama, anam, ağlama!
Tanrım, dözməliyəm bu dərdə, neynim,

Sən görürsən olanları, nə deyim,

Daşa dəydi arzum, eşqim, diləyim,

Sınmaz, şüşə deyil, sınmaz ürəyim,

Ağlama, ağlama, anam, ağlama!
Taleyim bir macəradı, nağıldı,

Anam, dərdim məndən öncə doğuldu.

El-obamız qan içində boğuldu,

Azadlığım al qanımla yoğruldu,

Ağlama, ağlama, anam, ağlama!
Adəm ilə mən dünyaya gəlmişəm,

Turan kimi böyük dövran qurmuşam,

Neçə dəfə yaşamışam, ölmüşəm,

Özbək, Qazax, Tatar, Türkmən olmuşam.

Ağlama, ağlama, anam, ağlama!
Nəsimiyəm Fəzlidən dərs almışam,

Aşiq olub, eşq nəhrinə dalmışam.

Həmi Şəhid, həmi şahid olmuşam,

Öz-özümü Ya Rəbb, oda salmışam,

Ağlama, ağlama, anam, ağlama!
Şəhid ruhu Vətənimə həyandı,

İstiqlal uğrunda tökülən qandı,

Axan qanlarımız vətənə candı,

Ruhum da, canım da Azərbaycandı,

Ağlama, ağlama, anam, ağlama!
Halallıq almağa gəlmişəm indi.

Azadlığa gedən yollar çətindi,

Baxma, boran-çovqun, dumandı-çəndi,

Nemət deyir, qorxma oğlun mətindi,

Ağlama, ağlama, anam, ağlama!

Ağlayıb, sən Allah, sinəm dağlama!


1990

GÖRMƏYƏYDİM


Kor olaydız, gözlərim,

Təbrizi görməyəydim.

Qrılaydız, dizlərim,

Bu taya gəlməyəydim.


Bu nə həsrət, bu nə qəm,

Bu nə hicran, bu nə dəm,

Vüsalında da ələm,

Olduğun bilməyəydim.


Xəyalımla qalaydım.

Həsrətinlə yanaydım.

Ey Nemət, kaş öləydim,

Bu günü görməyəydim.

1990

MƏNİ
Ulu Tanrım, olum-ölüm demişəm,



Fələk döndərəmməz yolumdan məni.

Yağı düşmən ordu çəkdi, qan tökdü,

Eylədi obamdan, elimdən məni.
Yağdı başımıza düşmən gülləsi,

Ucaldı göylərə xalqın naləsi,

Bir an qulağımdan kəsilmir səsi,

Çəkdilər çarmıxa dilimdən məni.


Bir yol başlamışam adı, Azadlıq!

Ruhumun əbədi odu, Azadlıq!

Olmamış ağzımın dadı, Azadlıq!

Namərdlər vurdular belimdən məni.


Yurddaşlarım, düşmən sizi aldadır,

Koroğlu tək mənim başım qaldadır.

«Mərd meydandan qaçmaz, qaçsa aldadır»

Qandallayıb iki əlimdən məni.


Quzeyli satqınlar çəkibdir dağlar,

Güneyli manqurtlar yolumu bağlar,

O taylı, bu taylı millət qan ağlar,

Tanrım, qoru xain zalımdan məni.


Düşmənlə savaşım, yoxsa özümlə?!

Yad-yağı bacarmaz vallah bizimlə.

Döyüşdüm meydanda sazım, sözümlə,

Eyləmə o sarı telimdən məni.


“Öldü var, döndü yox,” and içmişəm mən!

Özümə ağappaq don biçmişəm mən!

Can ilə cahandan çox keçmişəm mən!

Etmə qılınc çalan qolumdan məni.


Öləmmədim, ölsəm məni el ağlar,

Xalq əlində dəstə-dəstə gül ağlar,

Göy kişnəyər, şimşək çaxar, sel ağlar,

Nuh tək tanıyarlar selimdən məni.


Nemətəm, Azadlıq carçısıyam mən,

İstiqlal yolunun yolçusuyam mən,

Bütöv Azərbaycan elçisiyəm mən,

Kimsə anlamayır halımdan məni.


1990


ÖLÜM HARDASAN, HARDASAN!
Manqurtlar kəsdi yolumu,

Elim, hardasan, hardasan?

Qardaşım qanmır halımı,

Dilim, hardasan, hardasan?


Mən köksümdən yaralandım,

Vətənimdən aralandım,

Dağda-daşda paralandım,

Yolum, hardasan, hardasan?


Nemət, bəd gəldi savaşım,

Qırıldı yarı-yoldaşım,

Min bəlaya düşdü başım,

Ölüm, hardasan, hardasan?


1990

ÖZÜM DƏ BEZMİŞƏM ÖZÜMDƏN DAHA


Qələm yox, kağız yox dərdimi yazam,

Ayrıldım sazımdan, sözümdən daha.

İstədim fələyin yazısın pozam,

Olmuşam yolumdan, izimdən daha.


Qalmışam zindanda aciz, avara,

Xəbərim çatıbmı görəsən, Yara?

Ey gözəgörünməz, sən eylə çarə,

Etdilər odumdan, közümdən daha.


Düşmənlər heç, «dost» namərdlik eylədi,

Haqqı dandı, min cür böhtan söylədi.

Nə biləydim, bunlar tamam hiylədi,

Düşdülər hamısı gözümdən daha.


“Bu nə tale, nə bəxt idi bilmədim”,

Dünya, səndə bir etibar görmədim,

Olam dedim, nə oldum, nə ölmədim,

Özüm də bezmişəm özümdən daha.


Dünya mənə zindan oldu, İlahi!

Nemət könlü al qan oldu, İlahi!

Dost da döndü düşmən oldu, İlahi!

Kömək diləmirəm, Əzimdən daha!

1990

DEYİRƏM
İstərsiz zindandan dara çəkdirin,



Edibsiz ölkəni viran, deyirəm.

Gavurlardan sizə pənah gətirdik,

Oldunuz gavurdan yaman, deyirəm.
Şeytana-İblisə naib olub siz,

Deyirsiz, naibi-imam olubsuz.

Şəriət, təriqqət boşca, quru söz,

Yoxdur qəlbinizdə iman, deyirəm.


Adınız müsəlman, əməliniz yox,

Can qardaş, manqurtsuz xəbəriniz yox,

Hey laylalar çaldım duyanınız yox,

Tapmadım dərdimi qanan deyirəm.


Nə Allahdan qorxduz, nə həya etdiz,

Rəhim Qazıyevi ruslara satdız,

İstədim, mən qaçam, zindana atdız.

Öldür, istəmərəm aman deyirəm.


Qorxutmaz zindanlar, edamlar məni,

Geymişəm əynimə çoxdan kəfəni.

İstismar eylədiz milləti, dini,

Tutular sizə də divan deyirəm.


Yağı düşmən kimi bizə baxdınız,

Haqqı deyən kimi qara yaxdınız,

Viran qalacaqdır bir gün taxdınız,

Sizi məhv edəcək zaman deyirəm.


Bizə qara yaxıb, böhtan söylədi,

Sünnü, şiyə salıb, xalqı küylədi,

Qardaşı qardaşa düşmən eylədi,

Gavurdan beşbetər İran, deyirəm.


Deyirəm sözümü mərdi-mərdana,

Şeytan kimi girsəniz də min dona,

Qəlbdən xainsiniz Şahimərdana,

Sizə qənim olsun «Quran», deyirəm.


Nemət Kədərliyəm, tora düşmüşəm,

Ərənlər əlindən badə içmişəm.

Haqq yolunda başdan, candan keçmişəm,

Qoy olsun sizədə əyan, deyirəm.


1990


BU NƏ MÜSÜBƏTDİR TURANDA ALLAH!
Xəyalda qurduğum Kəbəm Türkiyəm,

Məhv olub dağıldı bir anda, Allah!

Bilmirəm, dərdimi heç kimə deyəm,

İblis at oynadır hər yanda, Allah!


Xilaskar axtardım İran, Turanda,

Gavur hökm edirmiş bütün cahanda,

Zülm ilə dolubdur, bil, asiman da,

Cana doyub can da, cahan da, Allah!


Dostluğa aldandım mən, bəy əfəndi,

Alçaqlar dostluqla bizləri yendi.

Əsirlik ölümdən minqat çətindi,

Qaldım qar-çovqunda, dumanda Allah!


Haçandı yolumuz dumandı, çəndi,

Param-parça olan ana vətəndi,

Hakimdir mollalar Təbrizdə indi,

Farsa alət olub Quran da, Allah!


Təbrizdə, Kərkükdə əsirdi millət,

Xalqlar əsirlikdə çəkərlər zillət,

Azad Türküyəmdə min dərd, min illət,

Bu nə müsübətdir Turanda, Allah!


Türkeşi, Nihadı, Ozalı gördüm,

Türkü, Türküstanı yaralı gördüm,

Düşüb kimliyindən aralı gördüm,

İtibdir din, məzhəb, iman da, Allah!


Qarsı, İstanbulu gəzdim Qıratla,

Xəyallar qurmuşdum quruca adla,

Barışa bilmirəm gerçək həyatla,

Tərsinə dolanır dövran da, Allah!


Pozulub İlahi, millət də, din də,

Dəyərlər dəyişir, Ya Rəbbi, gündə,

Xilaskar sayırdım Bozqurdu mən də,

Qalmayıb bunlara güman da, Allah!


Alparslan əfsanə, Bozqurd nağıldı,

Milləti yaşadan qüdrət ağıldı.

Oğuz parçalandı, Turan dağıldı,

Dövran da dəyişdi, insan da, Allah!


Bölübdür dünyanı Rusla Amerkan,

Didir, parçalayır tökür nahaq qan,

Batır qan içində boğulur cahan,

Vermir millətlərə aman da, Allah!

Gerçəklər doğuldu, xəyallar öldü,

Firqələr, məzhəblər milləti böldü,

Düşmən vuruşdurub bizləri, güldü,

Tutduq özümüzə divan da, Allah!


Kimə arxalandım, kimə güvəndim,

Kimi ki, özümə dost, qardaş sandım,

Həmən tora düşdüm, yaman aldandım,

Cana düşmən oldu canan da, Allah!

Nemət, köməyinə Allahı çağır!

Milləti elm ilə, ürfanla yoğur!

Türk-İslam bətnindən fatehlər doğur!

Baş əysin qarşında zaman da, Allah!


1990

GEDİRƏM
Nə dosta möhtacam, nə də yoldaşa,

Bürünüb al bayrağıma, gedirəm.

Kəsəmməz yolumu boran, çovğun, qar,

Qovuşmağa torpağıma gedirəm.
Qalacaq dünyada yaxşı da, pis də,

Yığmışam, İlahi, dərdi dərd üstə,

Ac aslanam, qalammaram qəfəsdə,

Meydan adlı oylağıma gedirəm.


Qərib-qürbət eldə qala bilmərəm,

Vətənsiz, millətsiz ölə bilmərəm,

Qürbətdə yurd-yuva sala bilmərəm,

Çənlibelə, yaylağıma gedirəm.


Millət yenə çalxalansın, durulsun,

Yaxşı-yaman, mərd, namərddən ayrılsın,

Satqın alçaqların bağrı yarılsın,

Ellər düşüb sorağıma, gedirəm.


Qocalır ürəyim, saçlarım qara,

Nemət, bu dünyanı hey axtar, ara,

Taledən qismətin yazılıb qara,

Boyansam da al qanıma, gedirəm.


1990

AĞRI DAĞI


Yol ver keçim ağrı dağı,

Mənim orda elim qaldı,

Bölübdü düşmən torpağı,

Vətən dilim-dilim qaldı.


Tutubdu qar, boran yolu,

Yağdırdın başıma dolu,

Qırılıb qanadı qolu,

Boynu bükük gülüm qaldı.


Zirvələr sərt, dərə dərin,

Qardı, dumandı hər yerin,

İnsaf eyləyin yol verin,

Mənim şəhid ölüm qaldı.


Qürbətdə qala bilmədim,

Qisası ala bilmədim,

Vaxtında gələ bilmədim,

Nə izim, nə yolum qaldı.


Çox zirvələr keçib gəldim,

Azadlığı dərman bildim,


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə