“Ölməmişdən ölən könlüm”



Yüklə 1,76 Mb.
səhifə3/7
tarix30.12.2017
ölçüsü1,76 Mb.
#18797
1   2   3   4   5   6   7

Dəryaya, ümmana daldım,

Gəmim batıb, selim qaldı.


Yıxdılar öz dövlətimi,

Taladılar sərvətimi,

Həmzə satdı Qıratımı,

Zindanda çox dəlim qaldı.


Qopuzum, sazım ağladı,

Baharım, yazım ağladı,

Dil dedim sözüm ağladı,

Çox şükür türk dilim qaldı.


Türkü deyib, çağlayıram,

Sözdən çələng bağlaram,

İçin-için ağlayıram,

Qəfəsdə bülbülüm qaldı.


Nemət, dərdin dil-dil ötdü,

Qarşında neçə dağ bitdi,

Əcəl gəldi, ötüb getdi,

Ömrüm, əsrim, ilim qaldı.

1990

YOL VER KEÇİM AĞRIDAĞI, AMANDI!


Təbiətin ağ saqqallı pirisən,

Göy üzündə Bozqurdların dilisən,

Ulu türkün qibləsisən, dinisən,

Qarşı yatan qoşa dağlar dumandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Aşiq olub əhdi-peyman bağladım,

Sənə baxıb için-için ağladım,

Əsirlikdə kimliyimi saxladım,

Türk oğluyam, türkə vətən Turandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Qaf dağından sənə salam gətirdim,

Əllərimi ətəyinə yetirdim,

Duman basdı, yolu, izi itirdim,

Yarı yolda azıb qalmaq yamandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Kəpəz, Göygöl, Pirquluya getmişəm,

Qoşqar, Murov, Dəlidağdan keçmişəm,

Ovlaq üçün Babadağı seçmişəm,

Nuhçıxandan baxdım xeyli zamandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Dağ başından çox qayalar hellədim,

Hər bir yolu, hər cığırı bəllədim,

Zirvələrdən kəllərə əl yellədim,

Ov eylərkən ovlanmaq da bir andı,

Yol ver keçim Ağrıdağı, amandı!
Quş qonmayan zirvələrdə gözüm var,

Tanrıdağda, Elburusda izim var,

Çağır gəlsin Bozqurdlara sözüm var,

Dəli könlüm ovçuikən ovlandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Tufan qopub dərələri düzləyir,

Ac canavar düşməyimi gözləyir,

Əcəl məni addım-addım izləyir,

Keçidlər sərt, dağlar qardı, borandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Çox özümü ölümlərə atmışam,

Milyonların imdadına çatmışam,

Dəfələrlə kəfənimi yırtmışam,

Ölüm yerim dağ-daş deyil, meydandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Dörd tərəfdən sərhədçilər izləyir,

Soyuq sazaq hər tərəfdən bizləyir,

Bərələrdə ölüm məni gözləyir,

Uçurumlar mənimtək lütüryandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Şaxta məni yavaş-yavaş dondurur,

Bura soyuq cəhənnəmi andırır,

Boran, çovğun oddan betər yandırır,

Hər yanın qar, boran, sellərin qandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Ağrıdağı, qorxum yoxdu ölümdən,

Yıxılanda tutan olmur əlimdən,

Ayrı düşdüm, vətənimdən, elimdən,

Əldən gedən həm vətəndi, həm candı,

Yol ver keçim Ağrıdağı, amandı!
Qorxuram ki, elim-obam bilməyə,

Ölsəm, heç kəs dəfnimə də gəlməyə,

Atam, anam göz yaşını silməyə,

Yusif kimi Allah mənə həyandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Mən canımı qurban dedim, vətənə,

Can vermərəm qurda-quşa, yetənə,

Əzrayıltək hər qarşımda bitənə.

Dövran yenə namərdlərə dövrandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Bələdçilər məni atıb getdilər,

Çən-dumanda tamam gözdən itdilər,

Gədiklər də məni cana gətdilər,

Başımüstə qara kabus dolandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Boranda, çovqunda, qarda qalmışam,

Tora düşüb yaman darda qalmışam,

Bilmirəm ki, vallah, harda qalmışam,

Qar tutdu, yolu da, izi də dandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Heydərbaba, Savalanı görmədim,

Məhbus oldum düşmənə bac vermədim,

İnasaf eylə, mən ölməyə gəlmədim,

Ana vətən əsir düşdü talandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Yol gözləyir neçə vaxtı anam da,

Ana vətən, bütün Azərbaycan da,

Türk oğluyam, ad qoymuşam meydanda,

Mənim üçün bu da bir imtahandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Xəlil kimi yanmamışam odda mən,

Min il keçsə qalacaqsan yadda sən,

Sazax vurdu, saçlarıma düşdü dən,

Şaxta kəsdi, iliymə dayandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Bağlama yolları, boran, qar, dedim,

Gözləyəcək yollarımı yar, dedim,

Gözü yolda qalanlarım var, dedim,

O tay, bu tay Azərbaycan oyandı,

Yol ver keçim Ağrıdağı, amandı!
İnsaf eylə Ağrıdağı, aman ver,

Duman, çəkil, sən də bir az zaman ver,

Yaşamağa bir balaca güman ver,

Demə, məni keçmək zənni-gümandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Sərhədləri öz əlimlə açmışam,

Ağrıdağı, çox aşrımlar aşmışam,

Əsirlikdən, zindanlardan qaçmışam,

Dinim islam, mürşüdüm də Qurandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Heydərbaba çox gözləyib yolumu,

Xəbərsizdi, kimsə bilmir halımı,

Gəl, olma, sən zalımların zalımı,

Zülmün, müsibətin mənə əyandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Qalxıb səni qarış-qarış keçərəm,

Dərələri, təpələri biçərəm,

Səni aşıb, Xanarazı içərəm,

Araz nədi, Dəlikür də yalandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Quzeydən, Güneyə yellər ötürdü,

Tufan qalxıb məni yerdən götürdü,

Vətənimin güneyinə gətirdi,

Ruhum, canımz bütöv Azərbaycandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Qaraməlik aldatmışdı gəlmişdim,

Ağrıdağı, azca qala ölmüşdüm,

Lələsiz Kərəməm, darda qalmışdım,

Soyuqda, şaxtada vücudum yandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Ağrıdağı, səndən salam götürrəm,

Şahdağ ilə, İlandağa yetirrəm,

Dəstə-dəstə gül bağlayıb gətirrəm,

Səni gördüm, xatirələr canlandı,

Yol ver keçim Ağrıdağı, amandı!

Dərd əhliyəm, ərz eylədim halımı,

Türk qardaşım bağlamışdı qolumu,

Heç bir ağrı kəsə bilməz yolumu,

Azadlıq uğrunda canım qurbandı,

Yol ver keçim Ağrıdağı, amandı!


Bənd-bərəni yıxıb, seltək axaram,

Bayrağımı göy üzünə taxaram,

Lazım gəlsə Evrestə də çıxaram,

Mən dağlara, dağlar mənə heyrandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Fərhad kimi dəmir dağlar çapmışam,

Körpü atıb, yeni yollar yapmışam,

Sağalmaz dərdlərə çarə tapmışam,

Azadlığım yalnız dərdə dərmandı,

Yol ver keçim Ağrıdağı, amandı!
Ağrıdağı yer də, göy də şahiddi,

Aşiq Nemət, dirigözlü şəhiddi,

Ellər soruşsalar de: ”Gəldi getdi”.

Öldürə bilmədik, dözdü, dayandı,

Yol ver keçim Ağrıdağı, amandı!
17. 11. 1990
GƏLMİŞƏM
Xəbərdar eyləyin, dostlar,

Deyin o yara, gəlmişəm.

Zahidi- dövrana deyin,

Mənsuram, dara gəlmişəm.


Candan, cahandan keçmişəm,

Məna şərabın içmişəm,

Haqqı nahaqdan seçmişəm,

Bağbanam, bara gəlmişəm.


Küfr içində iman olmaz,

Haqqın yolu asan olmaz,

Solmaz, yarın gülü solmaz,

Əhdə, ilqara gəlmişəm.


Nəsimiyəm soyulsam da,

Rüsvayi-cahan olsam da,

İmami-zaman olsam da,

Mən bəxti qara gəlmişəm.


Aşiq Nemət, yar istərəm,

Əhdə vəfadar istərəm,

Bir elə dildar istərəm,

Yetirsin yara, gəlmişəm.


1990

AĞLAMA ANAM, AĞLAMA!


Düşmənlər heç, «dost»da gülər,

Ağlama anam, ağlama!

Bir gün gələn, bir gün gedər,

Ağlama, anam, ağlama!


Çəksələr də məni dara,

Vursalar da min bir yara,

Qarışsam da torpaqlara,

Ağlama, anam, ağlama!


Haqqdan yanan çıraq sönməz.

Aşiq məşuqundan dönməz.

Məni ölüm öldürəmməz.

Ağlama, anam, ağlama!


Mən yoxluqdan var olmuşam.

Daim haqqa yar olmuşam.

Əhdə vəfadar olmuşam.

Ağlama, anam, ağlama!

Məni mən tək tanıyan yox,

Dostum yoxdur, düşmənim çox.

Eşq dərdinin dərmanı yox,

Ağlama, anam, ağlama!


Geyinibdir ruhum bədən,

Aşiq olmuşam bilmədən.

Eşq olub mənə hökm edən,

Ağlama, anam, ağlama!


Bələnmişəm eşq oduna,

Qurbanam yarın adına,

Aşiqlərin fəryadına,

Ağlama, anam, ağlama!


Bilirəm quş dilini mən,

Qırdım düşmən belini mən,

Öldürmüşəm, ölümü mən,

Ağlama, anam, ağlama!


Açılıb dərgaha əlim,

Zikr eyləyir haqqı dilim,

Aşiq Nemətə yox ölüm,

Ağlama, anam, ağlama!


1990

AĞLARAM
Müridəm, mürşidim yoxdur,

Qaldım avara, ağlaram.

Vüsala ümüdüm yoxdur,

Həsrətəm Yara, ağlaram.
Eşq oduna yanan hanı,

Xeyri-şəri qanan hanı,

Son əvvəli anan hanı?!

Ayılmaz sura, ağlaram.


Mürşidsiz yollar keçilməz,

Bağlı pərdələr açılmaz,

Könüllərə nur saçılmaz,

Zülmətdə nura ağlaram.


Bir bülbüləm qəfəsdəyəm.

Dərdə düşmüşəm, xəstəyəm,

Ərənlər, son nəfəsdəyəm,

Eyləyin çara, ağlaram.


Deyin, ustadsız neylərəm,

Dərdimi kimə söylərəm?

Yaralıyam, dad eylərəm,

Cərrah yox yara, ağlaram.


Baxıram, görə bilmirəm,

Gedirəm, hara, bilmirəm,

Dərgaha vara bilmirəm,

Gəldim zinhara, ağlaram.


Hicranla keçdi ay, ilim,

Açılmadan solur gülüm,

Üzülübdür yardan əlim,

Aldım min yara ağlaram


Nemət ömrü verdi bada,

Ya Rəbb özün yetiş dada,

Qala bilmirəm dünyada,

Gedirəm hara, ağlaram.


1990

ULU TANRIM, İMDAD EYLƏ, AMANDI


Bu dünya hey çalxalandı, bulandı,

Dərd içimdə dərya oldu, gölləndi,

Qan-yaş axdı gözlərimdən selləndi,

Yandı canım, eşq oduna bələndi,

Ulu Tanrım, imdad eylə, amandı.
Dərya kimi çalxalandım, bulandım,

Başda sevda bu dünyanı dolandım,

Aşiq oldum, eşq oduna qalandım,

Rüsvay oldum, dildən-dilə dolandım,

Ulu Tanrım, imdad eylə, amandı.
Taleyimlə, dərdim ilə barışdım,

Dərd mənimlə, mən dərd ilə qarışdım,

Məcnun ilə, Mənsur ilə yarışdım,

Hal əhliyəm, eşqlə yoğruldum, bişdim.

Ulu Tanrım, imdad eylə, amandı.
İçin-için yandım, yandım, alışdım,

Koroğlu tək meydan açdım, dolaşdım,

Köləlikdən Azadlığa yol açdım,

Haqq eşqilə mən nahaqla dalaşdım,

Ulu Tanrım, imdad eylə, amandı.
Haqqdan gəlib, haqqa aşiq olmuşam,

Milyonlar içində tənha qalmışam,

Bulud kimi boşalmışam, dolmuşam,

Mürşüdlikdən müridliyə gəlmişəm,

Ulu Tanrım, imdad eylə, amandı.
Ulu Tanrım, aciz, avara qaldım,

Kömək eylə, Allah, biçarə qaldım,

Düşməndən heç, «dostdan» min yara aldım,

Dünyanı boşadım, dərgaha gəldim,

Ulu Tanrım, imdad eylə, amandı.
Nə soltana, nə də şaha möhdacam,

Nəsimiyəm, Fəzlullaha möhtacam,

Ərşdən uca o dərgaha möhtacam,

Nemət deyir, bir Allaha möhtacam.

Ulu Tanrım, imdad eylə, amandı.
1991

İLAHİ
Bu dünyanın əvvəli nə, sonu nə?

Gəlin kimi bəzənibdi, donu nə?

Aşiqlərin imanı nə, dini nə?

Ulu Tanrım, insanlığın sonu nə?

Bu hikməti sən bilirsən, İlahi!


Divanə tək gəzirəm bu dünyanı,

Varmı bu dünyanın əvvəli, sonu?

Ariflər söyləyib dünyanı fani,

Damlayam, yetirsən ümmana məni,

Dönərəm olaram ümman, İlahi!
Dünya hiyləgərdi, mən isə naşı,

Mələkdi, iblisdi, bilinmir işi,

Qovğadan açılmır insanın başı,

Əvvəli, sonu var, bilinmir yaşı,

Əzəlsiz, sonsuzsan bir sən, İlahi!
Əvvəlin sonu var, sonun əvvəli,

Dəryadan çıxardar dalğıclar ləli,

Bunu anlamışam, bunu mən dəli,

Aşiqəm, acizəm, yetirsən əli,

Həqiqət nuruna bir an, İlahi!
Ya Hu deyib hər an haqqı anaram,

Pərvanəyəm, eşq oduna yanaram.

Nə əhdi, nə ilqarımı danaram,

Aşiq Nemət, yar qoynuna qonaram,

Qoy alsın canımı canan, İlahi!
1991

AĞLAYA-AĞLAYA


Bu dünyaya gələn gəlir,

Gəlir, ağlaya-ağlaya.

Ana doğur balasını,

Doğur, ağlaya-ağlaya.


Ruhlar laməkandan gəlir,

Bədən qəfəsinə girir,

Göz açıb dünyanı görür,

Gülür, ağlaya-ağlaya.


Gecəylə, gündüzlə qaçır,

Kimi zülmətdə nur saçır,

Kimi haqqın sirrin açır,

Bilir, ağlaya-ağlaya.


Gündüzlər gecədən doğur,

Sevinc-nəşə, dərd-qəm doğur,

Könlünü eşq ilə yoğur,

Yoğur, ağlaya-ağlaya.


Dərd, sevinc leysan tək yağır,

Könülləri edir yağır,

Adəm oğlu, haqqı çağır,

Çağır, ağlaya-ağlaya.


Zikr edib yarın adını,

Unut sevinc, fəryadını.

Qoruyub eşqin odunu,

Bağır, ağlaya-ağlaya.


Dünya dolu nemət ilə,

Baş qatırıq şöhrət ilə,

İnsan haqqa həsrət ilə,

Qalır, ağlaya-ağlaya.


Yoxdan gəlib vara çatır,

Var da gəlib yoxa çatır,

Nemət, ömür başa çatır,

Gedir, ağlaya-ağlaya.


1990

LEYLİDİR HƏR YAN GÖRÜN!


Olmayın iblis kimi,

Can için də can görün!

Məcnun olun, Qeys kimi,

Leylidir hər yan, görün!


Leyli və Məcnun “O” -dur,

Sirridir Əzəm adı,

Cəbrayılın ustadı,

Natiqi Quran, görün!


İbrahimlə narda “O”,

Mənsur ilə darda “O”,

Musa ilə Turda “O”,

Danışdı əyan, görün!


Məhəmməd yatağında,

Kainat otağında,

Qarasında, ağında,

Yazıbdır fərman, görün!


Şah damardan yaxında,

Nemətəm, dərgahında,

Könül seyrangahında,

Eyləyir cövlan, görün!


1995

YOX SƏNƏ CANANDAN YAXIN


Dəli könlüm, nə ararsan?

Yox sənə canandan yaxın.

Niyə uzağa baxırsan?

O, şah damarından yaxın.


Yas tutub, qara bağlama,

Yaralarımı dağlama,

Yarımı anıb ağlama,

Varmı sənə ondan yaxın?


Canımın canı «O»dur, «O»

Eşqin ümmanı «O»dur, «O»

Dərdin dərmanı «O»dur, «O»

Təbiblə dərmandan yaxın.


Yatma, ayıl özünə gəl,

Aşiqsən, eşq düzünə gəl,

Sadiq ol, öz sözünə, gəl,

Yoxdur doğru yoldan yaxın.


Ayıl bir an, özünə bax,

Sevgilinin sözünə bax,

Gir Məcnunun gözünə, bax

Görməzsən Leyladan yaxın.


Gəl ağlama, gözünü sil,

Qəflətdəsən, özünü bil,

Xızır, İlyas izini bul,

Ol haqqa sən, candan yaxın.


Sən Aşiq Neməti dinlə,

Dərd əhlisən, ney tək inlə,

Könül, sənə yoxdur anla,

«O Yari-pünhan»dan yaxın.

Qadiri-Sübhandan yaxın.
1994

KÖÇÜM ALLAH DEYƏ-DEYƏ


Yunus İmrəyə
Qeybdən ver nemətini,

İçim eşqin şərbətini,

Bu dünyanın qürbətini,

Çəkim Allah deyə-deyə.


Eşq dərdi olar dərmansız,

Həm zamansız həm məkansız.

Könlüm deyir, asimansız

Uçum, Allah deyə-deyə.


Nə vara, nə yoxa baxım,

Nəfsimi yandırıb-yaxım.

Bulaq tək qaynayıb axım,

Axım, Allah deyə-deyə.


Baxmamışdan görə bilim,

Ölməmişdən ölə bilim,

Xızırdan su ala bilim,

İçim, Allah deyə-deyə.


Açılsın göylərin qatı,

Cövlan etsin könlüm atı,

Yüyürüm, keçim Siratı,

Keçim, Allah deyə-deyə.


Oxuyum «İncil», «Quranı»,

Dərk eyləyim yaradanı.

Hər sözdə min bir mənanı,

Açım, Allah deyə-deyə.


Nemət özün bilmək üçün,

Könül tozun silmək üçün,

Dərgahına gəlmək üçün,

Köçüm, Allah deyə-deyə.


1994

DÜNYA QIL KÖRPÜSÜDÜR


Dünya qıl körpüsüdür,

Hər gələn ondan keçər,

Enər ruh aləmindən,

Bədəndən, qandan keçər.


Ruhlar qəfəsə girər,

Ət, sümüyə bürünər,

Adəm olub, görünər,

Zaman, məkandan keçər.


İnsan ömrü başlayar,

Günah, savab işləyər,

Acı, şirin dişləyər,

Çərxi-dövrandan keçər.


Nəfsinə kəfən biçən,

Əcəli baltək içən,

Doğru-düzgün yol seçən,

Vüsal, hicrandan keçər.


Dünya qəfəsin açar,

Ruh pərvazlanıb uçar,

Aləmlərə nur saçar,

Candan, cahandan keçər.


Çıxan eşqin düzünə,

Girər, Məcnun gözünə,

Baxar, canan üzünə,

İki cahandan keçər.


Dünya min bir fel eylər,

Nemət, sənə al eylər,

Zəhərini bal eylər,

Yeyən, canından keçər...


1996

EŞQ GÖSTƏRƏR DOĞRU YOLU


Bu dünyada azıb qalsan,

Eşq göstərər doğru yolu.

Bu yuxuda yatıb qalsan,

Kəsəcəkdi oğru yolu.


Can cananın əmanəti,

Bir gövhərdir, yox qiyməti,

Bu dünya qılıncdan iti,

Kəsəcəkdi bağrı yolu.


Olma yoldaşı dünyanın,

Zəhərdir aşı dünyanın,

İblis dağ-daşı dünyanın,

Kəsər hər an Ağrı yolu.


Gün doğmamış yola çıxdım,

Düşdüm haldan-hala, axdım,

Sübhü sadiq ola baxdım,

Kəsəmməyə oğru yolu.


Nemət haqqın nemətidir,

Ruh səndə əmanətidir,

Eşq məcnunlar alətidir,

Göstərəcək doğru yolu!


1996

EŞQƏ QURBAN OLASIYAM


Dünyada qala bilmərəm,

Bil, Vətənə dönəsiyəm.

Ölü idim, dirilmişəm.

Mən yenə də öləsiyəm.


Boşla getsin ahu-zarı,

Canın bura deyil yeri,

Bunu bilir, pirlər piri

Mən Laməkan olasıyam.


Can bu dünyada qalmaz ki,

Bədən ölər, can ölməz ki,

Bunu cahillər bilməz ki,

Aşiqəm, eşq qalasıyam.


Can bir quşdur, bədən qəfəs,

Söyləməyə yoxdu həvəs.

Qəm eyləmə, könlüm, əbəs,

Haqdan buta alasıyam.


Haqqdan gəldim, haqqa dönəm,

Aşiq oldum eşqə yanam.

Qoç Koroğlu, Məcnun mənəm!

Elm, ürfanla dolasıyam.


Könülləri almaq üçün,

Dəryalara dalmaq üçün,

Yerə, göyə dolmaq üçün,

Sonsuzluğa dalasıyam.


Nemətəm, eşqin quluyam,

Adəmdən, nuhdan uluyam

Məcnunların soltanıyam,

Eşqə qurban olasıyam.


1992

BU EŞQ MƏNİ ÖLDÜRƏCƏK


Eyləyib dəli-divanə,

Bu eşq məni öldürəcək.

Tanrım aşiq oldum yenə,

Hey ağladıb, güldürəcək,

Bu eşq məni öldürəcək.
Salıb məni dağa-daşa,

Sirri verməyir sirdaşa,

Min bəla gətirib başa,

Sevdamızı bildirəcək,

Bu eşq məni öldürəcək.
Oldum eşq ilə aşina,

Qoyma bizi özbaşına,

Qərq eyləyib göz yaşına,

Qan ağladıb, sildirəcək,

Bu eşq məni öldürəcək.
Aşiq olsam da əzəldən,

Vəfa ummadım gözəldən,

İxtiyarım gedib əldən,

Aşiqəm candan görəcək,

Bu eşq məni öldürəcək.
Kimsə bilməyir halımı,

Yara deyə əhvalımı,

Ya Rəbb, göstər camalını,

Hər an bir dona girəcək,

Bu eşq məni öldürəcək.
Qəflətdən açıldı gözüm,

Qəniməm özümə, özüm,

Qan ağlayır şerim, sözüm,

Can evindən gül dərəcək,

Bu eşq məni öldürəcək.
Nemətəm qaldım avara,

Yarı gördüm, baxdım hara,

Çəkibdir çarmıxa, dara,

Canan üçün can verəcək,

Bu eşq məni öldürəcək.

29. 5. 2000


OD, HAVA, SU, TORPAQ İDİM


Od, hava, su, torpaq idim,

Qarışıb, insan olmuşam.

Laməkandan gəlib ruhum,

Təpə-dırnaq, can olmuşam.


Cənnətdəydim, qovulmuşam,

Dünyaya sürgün olmuşam,

Eşqlə, ürfanla dolmuşam,

Tanrıya heyran olmuşam.


Sonsuz surət geyinmişəm,

Ət, sümüyə bürünmüşəm,

Hər məkanda görünmüşəm,

Can içində can olmuşam.


Aləmlərdən keçdi yolum,

Çox yazılar biçdi dilim

Bildim nədir olum, ölüm,

Dərd ilə dərman olmuşam.


Fironla Musa - Mənəm!

Ərşə çıxan - İsa mənəm!

Məhəmməd Mustafa - Mənəm!

«Mən, külli insan olmuşam.»


Xırman-xırman döyülmüşəm,

Nəsimiyəm, soyulmuşam,

Eşqin sirrini bilmişəm,

Mən, eşqə qurban olmuşam.


Aşiq Nemətdir bir adım,

Ölməzlik - məqsəd, muradım,

Dünyanı tutdu fəryadım,

Məcnuni-dövran olmuşam.


1993

AĞLAR QALAR


Ayırma, ayırma, bülbülü güldən,

Bülbül nalə çəkər, gül ağlar qalar.

Naşı mizrab vursa ustad sazına,

Pərdələr inildər, tel ağlar qalar.


Yaxşı-yaman itsə, nizam pozulsa,

Ayaq başa çıxsa, baş da səy olsa,

Dərə xəlvət olsa, tülkü bəy olsa,

Sonalar qırılar, göl ağlar qalar.


Yaxşının, yamanın yeri bilinməz,

Keçi «Elçi» olar, eli bilinməz

Yolsuz yola çıxar, yolu bilinməz,

Yolsuzun əlindən yol ağlar qalar.


Yolsuzlar milləti yolundan eylər,

Azadlıq aşiqin elindən eylər,

Həqiqət deyəni dilindən eylər,

Həqiqət söyləyən dil ağlar qalar.


Gədələr el-oba qədrini bilməz,

Hər korun oğlundan Koroğlu olmaz,

Bu dünya fanidir, kimsəyə qalmaz,

Olar göz yaşından sel, ağlar qalar.


Axanlar durular, dolanlar yağar,

Oğurluq, əyyaşlıq milləti boğar,

Gizlində bic tutan, aşkarda doğar,

Zinakar əlindən el ağlar qalar.


Zinakar, haramxor, namərd, nakişi,

Ey Nemət, belədir haqqın gərdişi,

Dünyaya, şeytana aldanan kişi,

Haqqın divanında bil, ağlar qalar.

1991

YOL BAŞLADIM, GEDƏN GƏLSİN


Bu gün meydan bizim oldu,

Bizi biz tək duyan, gəlsin.

Döyüş alın yazım oldu,

İgid kürkün geyən, gəlsin.


Yanan Allah çırağıdı,

Haqqın səsi, sorağıdı,

Eşq igidin yarağıdı,

Eşqin edən bəyan, gəlsin.


Yol başladım, gedən gəlsin,

Gələn yol-ərkanı bilsin,

Ya şəhid, ya qazi olsun.

Bu yolda baş qoyan, gəlsin.


Eşqin şərabını içən,

Aşiq olub, candan keçən,

Özü öz kəfənin biçən,

Canın qurban deyən, gəlsin.


O kəslər ki, özün bilib,

Öz-özündə haqqı bulub,

Elm ilə, ürfanla dolub,

Bu dünyadan doyan, gəlsin.


Haqqı nahaqqa verməyən,

Döyüşdən üz çevirməyən,

Qaçıb xəlvətə girməyən,

Düşmən gözün oyan, gəlsin.


Yorulub yolda qalmayan,

Düşməni saya salmayan,

Canında qorxu olmayan,

Özünü ər sayan, gəlsin.


Tez alışıb, tez sönməyən,

Ölüm də olsa, dönməyən,

Ruhu səmadan enməyən,

Canın eşqə qıyan, gəlsin.


Qohum, yad, yaxın bilməyən,

Atın zülmətə sürməyən,

Xızır, İlyas tək ölməyən,

Ruhu candan soyan, gəlsin.


Nə yerə, nə göyə sığan,

Tövrat, Zəbur, İncil, Qur’an

Surətlərdən xilas olan,

Haqqı görən əyan, gəlsin.


Məcnun olub Yar eşqiylə,

Mənsur olub dar eşqiylə,

Musa olub Tur eşqiylə,

Nemət, haqqa həyan, gəlsin.


BİLİM, HARDASAN, HARDASAN
Zülfüqarı vuran qolum,

Qolum, hardasan, hardasan?

Haqqı zikr eyləyən dilim,

Dilim, hardasan, hardasan?


Ərşə-kürşə hökm eyləyən,

Coşub, «Ənəlhəqq» söyləyən,

Düşmənin bağrın teyləyən,

Elim, hardasan, hardasan?


Dəmir dağlar çapıb gələn,

Tanrı dağdan qopub gələn,

Çin, Altayı öpüb gələn,

Yolum, hardasan, hardasan?


Alp Arslanım, Teymurləngim,

Döyüşlərdə şir, pələngim.

Qoy çalınsın «Misri»m, «Cəngi»m,

Telim, hardasan, hardasan?


Arpa çayım, Xan Arazım,

Qışa döndü bahar-yazım,

Perik düşdü ördək, qazım,

Gölüm, hardasan, hardasan?


Mərd igidlər yalan oldu,

Yurdum-yuvam talan oldu,

Gülüstanım viran oldu,

Gülüm, hardasan, hardasan?


Dara düşüb obam, elim,

Hal əhlinə olur zülm,

Haqqa Aslan olan Əlim

Əlim, hardasan, hardasan?


Nuhu gəmiyə mindirən

Qiyamət günün andıran,

Küfr edənləri qandıran,

Selim, hardasan, hardasan?


Göylərdən yerə endirən,

Aşiq Neməti dindirən,

Zülmün çırağın söndürən,

Bilim, hardasan, hardasan?


1995

SAZIM, HARDASAN, HARDASAN.


Misri qılınc, telli sazım,

Sazım, hardasan, hardasan.

Doğu, batı hökm eləyən,

Sözüm, hardasan, hardasan.


Niyə gəlmir, səs-sorağın,

Yoxsa pas atdı yarağın,

Bəlkə sönübdür çırağın,

Quzum, hardasan, hardasan.


Gündoğandan, günbatana,

Qılıncla körpü atana,

Lənət de, dəli şeytana,

İzim, hardasan, hardasan.


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə