“Ölməmişdən ölən könlüm”



Yüklə 1,76 Mb.
səhifə5/7
tarix30.12.2017
ölçüsü1,76 Mb.
#18797
1   2   3   4   5   6   7

Gözləri görməyən, ağlı kəsməyən,

Gərnəşə-gərnəşə yerdə əsnəyən,

Düşmənlər üstünə yel tək əsməyən,

Bir elə sən oğul ola bilmirdin?!


Qoyunun cildinə qurd yaman girib,

Sürünü erkəcsiz, çobansız görüb,

Çaqqallar ulaşıb, qurda hay verib,

Axsaqlar qalacaq dala, bilmirdin?!


Qoca qurd sürüyə çoban olanda,

Erkəcin yerini, təkə alanda,

Aldadıb, sürünü tora salanda,

Olacaq sürüyə bəla, bilmirdin?!


Yaşamaq da çətin, ölmək də çətin,

Yamanca batıbdır səsi millətin,

Buraxıb üstünə yəhudi itin,

Arxalı köpəkdir, bala, bilmirdin?!


İsrail lotusu düyün çalıbdır,

Bütün ölkələri tora salıbdır,

Borc verib, borcunu ələ alıbdır,

Düşəssən fitniyə felə bilmirdin?!


Rüşvətxor ölkəni alıb başına,

Nemət, zəhər qatıb xalqın aşına,

Qənim kəsilibdir öz yurddaşına,

Qurdla aşna olub tula, bilmirdin?!


1996

BİLMİRƏM
Özüm, öz içimdə seyrə dalmışam,

Ağlaya bilmirəm, gülə bilmirəm,

Tanrım, bu dünyada tənha qalmışam,

Yaşaya bilmirəm, ölə bilmirəm.
Nə arzu qalıbdır, nə də ki, həvəs,

Hey gəlir könlümə, qeyibdən bir səs,

«Sənə verilibdir əbədi nəfəs,

Ölsən də canını ala bilmirəm.»


Ölmüşəm, canımı alan da, yoxdur,

Mənim məclisimə gələn də yoxdur,

Soruşub, halımı bilən də, yoxdur,

Ölülər içində qala bilmirəm.


Fırlanır, bu çərxi-dövran dolanır,

Yağmur tək başıma dərdlər ələnir.

Ölkənin vəziri, şahı dilənir,

Millətin göz yaşın silə bilmirəm.


Şeyx Nəsrullahlar hökmdar olub,

Satqın yaltaqlara, dünya yar olub,

Danabaş kəndidi, Cəlildən qalıb,

Kefli İskəndər də ola bilmirəm.


Yağı düşmənləri, Baş vəzir olan,

Vətəni, milləti olacaq talan.

Dəliqanlıları zindanda qalan,

Əsir qalaları ala bilmirəm.


Bir anım olmayıb qəza-qədərsiz,

Nemət, öz-özündən olma xəbərsiz,

Köçmə bu dünyadan izsiz, əsərsiz,

Əbədi sükuta dala bilmirəm.


1996

SƏSSİZLİKDƏN GƏLƏN SƏS


Səssizlikdən gələn səs,

Tanrıdan gələn nəfəs,

Tənhalığa girən kəs,

Haqq qapısın bulacaq.


Tənhalıqda qalanlar,

Ustaddan dərs alanlar,

Elm ürfanla dolanlar,

Haqqdan buta alacaq.


İçən eşqin şərabın,

Zikr edər yarın adın,

Yar eşidib, fəryadın,

Ona nəzər salacaq.


Eşq şərabın içəcək,

Nəfsə kəfən biçəcək

Başdan, candan keçəcək

Yar yanı son duracaq.


Diz çöküb dərgahında,

Camalına baxın da.

Cana, candan yaxında

Yar əbədi qalacaq.


Öləcək arzu, həvəs,

Qeybdən gələcək səs.

«Sən kimsən, mən kiməm, bəs?!»

Səndən-məndən olacaq.


Nemət açdı bu bəhsi,

Oldu haqqın nəfəsi,

Tanrıdan gələn səsi,

Könüllərə dolacaq.


1996

DÜNYANIN


Üz verib, üzünə gülsə də sənin,

Tutacaq bil səni, iti dünyanın.

«Yerisən, yüyürsən çata bilməzsən»,

Dördnala yüyürür atı dünyanın.


Çarxı hey fırlanır fırfıra kimi,

Qalarsan dünyada avara kimi,

Üyüdəcək səni kirkirə kimi,

Vardır yeddi-doqquz qatı dünyanın.


Əcəl şərbətini bir gün içirər,

Çəkib səni ələyindən keçirər,

Ruhu bədən qəfəsindən köçürər,

Deməyin, qırıqdır zatı dünyanın.


Gah bəzənib gəlin kimi görünər,

Gah da dönüb, ilan kimi sürünər,

Ağ, qaralı dondan dona bürünər,

Şahı, gədası da matı dünyanın.


Nemət üzür hər an doğru axına,

Qoymur gəlsin iblisləri yaxına,

Çıxıbdır ərənlər seyrəngahına,

Quruyubdur matı-qutu dünyanın.


1996

YOLUMU KƏSDİRƏN BİLİR


Cəlladlar nə bilir kiməm,

Fərmanla can alan bilir.

Manqurtlar nə bilir kiməm,

Haqqa aşiq olan bilir.


Gah yandırıb, oda yaxan,

Çarmıxa çəkdirib baxan,

Qan töküb, aradan çıxan,

Nahaq qanlar salan bilir.


Lənəti şeytan görür iş,

Fitva verir molla, keşiş.

Cahillərsə edib vərdiş,

Qatil təbil çalan bilir.


Molla ilə keşiş ki, var,

Sinaqoqdakı iş ki, var,

Bu dünyada savaş ki, var,

Xalqı edən talan bilir.


Qan tökmək iblis işidir,

Papazların vərdişidir,

Altun-bunların eşidir,

Bacı-xərac alan bilir.


Cəlil deyən bu baş ki, var,

Başdakı danabaş ki, var,

Başa düşən bu daş ki, var,

Yaman günə qalan bilir.


Görün, haqqın gərdişini,

Nemət görür nər işini,

Çəkib nəfsin hər dişini,

Bunu haqqa dalan bilir.


1996

« RUHANİ» ÇAL, «RUHANİ»


Köklə telli sazı, köklə, sevgilim,

Bas bağrına «ruhani» çal, «ruhani»!

Yaralı könlümü dinlə, sevgilim.

«Ruhani» çal, «ruhani» çal, «ruhani»!


Çal, telli saz dərdimi dil-dil ötsün,

Öldürür dərd məni, imdada yetsin,

Ah-naləm səsində əriyib itsin,

«Ruhani» çal, «ruhani» çal, «ruhani»!


«Ruhani» çal, yana-yana ağlayım,

Çal «Kərəmi», Kərəmə yas saxlayım,

Eşq oduyla yaralarım dağlayım,

«Ruhani» çal, «ruhani» çal, «ruhani»!


Gah zildə, gah bəmdə dindirmə məni,

Uca səmalardan endirmə məni,

Eşqinlə yanıram, söndürmə məni,

«Ruhani» çal, «ruhani» çal, «ruhani»!


Elə çal ki, yatmış bəxtim oyansın,

Nemətəm, ahımdan fələklər yansın,

Ruhumuz soyulub nura boyansın,

«Ruhani» çal, «ruhani» çal, «ruhani»!

1996

XƏYALIM MƏNİM


Gündüzlər xəyalım, gecələr yuxum,

Sevgilim, həyatım, xəyalım mənim.

Bilmirəm, bu dərdi mən necə yozum,

Sevgilim, həyatım, xəyalım mənim.


Talemi namərdmiş, ya mən, bilmirəm,

Qədərmi günahkar, ya sən, bilmirəm,

Mələksən, hurisən, nəsən bilmirəm,

Sevgilim, həyatım, xəyalım mənim.


Sonsuzluq bəxtinə yazılmış nədən,

Sındırdım könlünü yaman bilmədən,

Yolunda qurbandı bu can bu bədən,

Sevgilim, həyatım, xəyalım mənim.


Yandırdım mən səni odsuz-alovsuz,

Eşqə əsir düşdüm, torsuz, tilovsus,

Mən də qalarmışam çarəsiz, yolsuz,

Sevgilim, həyatım, xəyalım mənim,


Nemətəm, yolunda min qan eylərəm,

Eşqimlə dərdinə dərman eylərəm,

Canımı, bil sənə qurban eylərəm,

Sevgilim, həyatım, xəyalım mənim.


1996

YIXDI MƏNİ, YIXDI MƏNİ MƏLƏYİM


Yıxammadı məni divlər, şeytanlar,

Yıxdı məni, yıxdı məni, mələyim.

Puç oldu etdiyim əhdi-peymanlar,

Bükülübdür dizim, belim, biləyim,

Yıxdı məni, yıxdı məni, mələyim.
Gözlərindən dərya qopub dərd axır,

Damla coşub, selə dönüb sərt axır,

Eşq selində namərdlər yox, mərd axır,

Daşa dəydi arzum, eşqim, diləyim,

Yıxdı məni, yıxdı məni, mələyim.
Dərdi-qəmi alıb dörd bir yanımı,

Neşdərləyib axıdır hey, qanımı,

Nə əfv edir, nə də alır canımı,

Boş-boşuna hey ələnir ələyim,

Yıxdı məni, yıxdı məni, mələyim.
Boş beşiyə layla deyib ağlayır,

Sonsuz olan eşqimə yas saxlayır,

Diri-diri gözlərimi bağlayır,

Tərsə döndü yenə, çərxi fələyim,

Yıxdı məni, yıxdı məni, mələyim.
Aşiq olub Nemət eşqə qul oldu,

Yol əhlinə, ərənlərə yol oldu,

Yandı, yandı, Kərəm kimi kül oldu,

Son nəfəsdir kəsilibdir kələyim,

Yıxdı məni, yıxdı məni, mələyim.

1999


ALLAH-ALLAH, HU ALLAH
Ərşdən uca taxtımız,

Qədərdəndir baxtımız,

Fəna oldu vaxtımız,

Allah-Allah, Hu Allah,

La ilahə illallah.
Ərşə qalxdı ahımız,

Açıldı dərgahımız,

Məcnun oldu şahımız

Allah-Allah, Hu Allah,

La ilahə illallah.
Könül Sultan taxtıdır,

Baxt-Adəmin baxtıdır,

Qiyamət-son vaxtıdır.

Allah-Allah, Hu Allah,

La ilahə illallah.
Haqqdır bizim dinimiz,

Lənəti düşmənimiz,

Can içində canımız,

Allah-Allah, Hu Allah,

La ilahə illallah.
Sirri pünhandır zatın,

Eşit, könlüm fəryadın,

Zikr edir Nemət adın,

Allah-Allah, Hu Allah,

La ilahə illallah.
1996

YAR ALAR MƏNİ


Yaralarım açılmadan gül kimi,

Öldürər əl vurma, yaralar məni.

Könül gülüstanım gülləri onlar,

Dəymə, açılmamış sar alar məni.


Dərdi- dərmanımdır, dərman nə lazım,

Eşqin xəstəsiyəm, loğman nə lazım,

Yarın xəlvətində yorğan nə lazım,

Vüsaldan köynəyi aralar məni.


Donların içində yarım gizlənib,

Canların içində canım gizlənib,

Hər zərrədə «O Sultanım» gizlənib,

Hər an addım-addım qaralar məni.


Ahu kimi gəzmə dağlar, dur gedək,

Gecə-gündüz yarım ağlar, dur gedək,

Yollarımı yağı bağlar, dur gedək,

Ovçular pusquda yaralar məni.


Canım qurbanımdı yara, demişəm.

Çəkiblər çarmıxa, dara, demişəm.

Nemət, sözüm mən əğyara demişəm.

Taleyin hökmüdür, yar alar məni.


1996

YARDAN FƏRMAN GƏLDİ MƏNƏ


Yardan fərman gəldi mənə,

Ürək qidası qan oldu.

Can quşu qondu bədənə,

Can içində canan oldu.


Şeytan, mələk bəhsə düşdü,

Hamısı təşvişə düşdü,

Sordular: «Ya Rəbb, nə işdi,

Yenə qanlı dövran oldu?»


Öyrətdi hər sözü mənə,

Ustad oldu özü, mənə.

Təlim etdi düzü, mənə.

Azdım, işim yaman oldu.


Dolandırdı cənnətini,

Göstərdi öz qüdrətini,

Verdi ağ-qara atını,

Mindim, qaçdı-zaman oldu.


İblis döndü yoldaşıma,

Zəhəri qatdı aşıma,

Min bəla gəldi başıma,

İşim ahu-fəğan oldu.


Çərxi günə-aya verdi,

Ağlı mənə maya verdi,

Məhəmmədə ayə verdi,

Aşiqlərə həyan oldu.


Çəkdim dünya acısını,

Sevdim qardaş bacısını,

Leyli, Məcnun Hacısını,

Gördüm, sirlər əyan oldu.


Gördüm dörd bir yanda mənəm,

Bu çərxi- dövran da mənəm,

Damla da, ümman da mənəm,

Damla döndü ümman oldu.


Nemət keçdi yeddi qatı,

Hamıdan gizlindi zatı,

Bu dünya onun Siratı,

Ondan keçən iman oldu.

1996

ÇALIR QÜDRƏT ƏLİ MƏNİ


Haqqdan bağlanmış bir sazam,

Çalır qüdrət əli məni.

Eşqin ilə köklənmişəm,

Simləyib nur teli məni.


Üzürəm nur selindəyəm,

Neyəm, ustad əlindəyəm,

Aşiqəm, eşq dilindəyəm,

Ünü edib dəli məni.


Yeddi, doqquz sayı olan,

İnləməz ney, inlər çalan,

Könlünə yüz günəş dolan

Saymaz günəş ili məni.


Vuruldum yar camalına,

Düşdüm günəşin halına,

Fələklərin əhvalına,

Yandırdı nur dili məni.


Laməkanda badə içdim,

Aşiqlik yolunu seçdim.

Surətdən mənadan keçdim,

Aparır eşq yolu məni.


Aşiqlərə göz olmuşam,

Ariflərə söz olmuşam,

İlqarıma düz olmuşam,

Tanrı edib vəli məni.


Adəmdən öncə var idim,

Gizlində yara yar idim,

Tanrı dağında qar idim,

Əritdi nur seli məni.


Buz idim su olub axdım,

Toxumdan, mənidən çıxdım,

Göz açıb dünyaya baxdım,

Sevir canan eli məni.


Ruham, canlar cananıyam,

Sultanların sultanıyam.

Nemətəm, haqq Aslanıyam,

Kükrədir eşq yeli məni.


1996

DEYİN, GÖRÜM, BƏS MƏN KİMƏM!


Kainat evim, eşiyim,

Ərşi-əladır beşiyim,

Ulduzlardı içim, dışım,

Çərxi dövranladır işim,

Deyin görüm, bəs mən kiməm?!
Eşqdir əzəldən yarağım,

Yanır qüdrətdən çırağım,

Haqqdır dirəksiz dayağım,

Könül olubdur «Burağım.»

Deyin görüm, bəs mən kiməm?!
Bədən geyindim, əynimə,

Yapınçı saldım çiynimə,

Eşqin vurübdur beynimə,

Fələklər gəlmir eynimə,

Deyin görüm, bəs mən kiməm?!
Sən məndəsən, mən də «sən»əm,

Zərrə də, ümman da mənəm,

Soruşdun söylədim «sən»əm,

«Gövhəri-Laməkan mənəm»,

Deyin görüm, bəs mən kiməm?!
Leyli və Məcnun olmuşam,

Haqqa sirdaş doğulmuşam,

Qul idim, Soltan olmuşam,

Mən ərşə-kürsə dolmuşam,

Deyin görüm, bəs mən kiməm?!
Sevilən də, sevən də mən,

Haq camalın görən də mən,

Canana can verən də mən,

Diri-diri ölən də mən

Deyin görüm, bəs mən kiməm?!
Dünya qəfəs, bədən qəfəs,

Nə arzu var, nə də həvəs,

Haqqdan gəlir könlümə səs,

Kimdir söyləyin Nemət bəs,

Deyin görüm, bəs mən kiməm?!

1996


GÖRMÜŞƏM !
Könül aynasını silib,

Mən onda Yarı görmüşəm.

Min naz ilə hər dəm gülüb,

Alır canları, görmüşəm!


Zülfünü töküb üzünə,

Çıxıbdır eşqin düzünə,

Qurub aşiqin yüzünə,

Zülfündən toru görmüşəm!


Açıb eşqin bazarını,

İşə salıbdır arını,

Yığır güllərdən barını,

Toplayır barı görmüşəm!


O nə durub, nə də gedir,

Dayanmadan O, xəlq edir,

Ovçu olub, ovu güdür,

Tökür qanları, görmüşəm!


Bunu görən şan-şan oldu,

Elmlə, ürfanla doldu,

Nemət dönüb, Məcnun oldu,

Əhdi, ilqarı görmüşəm!


1996

DOĞRU_DÜZGÜN YOLLA GEDƏK


Haqqa doğru getmək üçün,

Doğru-düzgün yolla gedək.

Diləklərə yetmək üçün,

Doğru-düzgün yolla gedək.


Qeybdən səs, söz dinləyək,

Dərdləri dosta ünləyək,

Gerçək aşiqik, inləyək,

Doğru-düzgün yolla gedək.


Zina etməyək göz ilə,

Qeybət etməyək söz ilə,

Əyri olmayaq düz ilə,

Doğru-düzgün yolla gedək.


Halalı haramdan seçək,

Nəfsin istəyindən keçək,

Eşqin şərabını içək,

Doğru-düzgün yolla gedək.


Əməl bir-bir yazılacaq,

Bilin, cavab sorulacaq,

Haqq divanı qurulacaq

Doğru-düzgün yolla gedək.


Əzrail canlar alacaq,

Tanrı bizə yar olacaq,

Kainat nurla dolacaq,

Doğru-düzgün yolla gedək.


Ömürlər günlər sönəcək,

Ulduzlar yerə enəcək,

Hər şey əslinə dönəcək,

Doğru-düzgün yolla gedək.


İsrafil surun çalacaq,

O gün qiyamət olacaq,

Sel-su dünyanı alacaq,

Doğru-düzgün yolla gedək.


Yer-göy əriyib itəcək

Günəş də nurda batacaq,

Eşq əhli haqqa çatacaq,

Doğru-düzgün yolla gedək.


Nə əksək, onu biçərik,

Əcəl şərbətin içərik,

Dünya fanidir, köçərik,

Doğru-düzgün yolla gedək.


Nemət, yatma, sən ayıq ol,

Yolda düşmən var, sayıq ol,

Can ver, canana layiq ol,

Doğru-düzgün yolla gedək. 1996

YARIN ŞƏHƏRİNƏ GƏLDİM
Yarın şəhərinə gəldim,

Arayıb, evini buldum,

Hicran qapısından girdim,

Varıb ona qonaq oldum.


Salam verdim, salam aldım,

Qolumu boynuna saldım,

Üzümü üzünə qoydum,

Məst olub, yanında qaldım.


Əl atıb, yaxasın açdım,

Soyunub yanına keçdim,

Vüsal şərabını içdim,

Doyunca kamımı aldım.


Hicranda var vüsal, gördüm,

Vüsalda min cür hal gördüm,

Durub, nəfsimi öldürdüm,

Vüsaldan, hicrandan oldum.


Dərd ilə sevinci biçdim,

Haqqın sirlərini açdım.

Nemət, qanadlanıb uçdum.

Rəngsiz səmasına daldım.


1996

ARİF OLAN DİNLƏR MƏNİ


Bir bayrağam, tikilmişəm,

Döyəcləyir yellər məni.

Uçub, ərşə çəkilmişəm,

Vəsf eyləyir dillər məni.


Gecə-gündüz yüyürmüşəm,

Neçə ömür əyirmişəm,

Fırlanıb, bir də görmüşəm

Hey axıdır sellər məni.


Altı gündə yazılmışam,

Zərrə-zərrə qazılmışam

Bağrı yanıq saz olmuşam,

Dilləndirir tellər məni.


Dövrə vurub, hey dolanan,

Ayla, günü ələ alan,

Od, hava, su, torpaq olan

Qandallayıb əllər məni.


Kimi öyür, kimi söyür,

Hamısı qapımı döyür,

Yetişməmiş-mənəm, deyir,

Arif olan dinlər məni.


Mən haqqa sirdaş olmuşam,

Yar ilə yoldaş olmuşam,

Məclislərdə baş olmuşam,

Dinlər mərd ərənlər məni


Girdim aslan savaşına,

Dolandım Yarın başına,

Baxma Nemətin yaşına,

Tanıyır sərt illər məni.


1996

TƏNHALIQDAN GƏLƏN SƏSƏM


Dağlara düşüb əks-sədam,

Səssizlikdən gələn səsəm.

Ərənlərə çatar nidam,

Mən, qebdən gələn səsəm.


Yoxdur nə yarım, yoldaşım,

Nə də var ayağım, başım,

Zaman yox, bilinsin yaşım,

Mən qebdən gələn səsəm.


Aşiqlə, məşuq olmuşam,

Eşqəm, könülə dolmuşam,

Yalqız, tək-tənha qalmışam,

Mən qeibdən gələn səsəm.


Nə kafirəm, nə müsəlman,

Dolanır başıma dövran,

Yoxdur mənə zaman, məkan,

Mən qeibdən gələn səsəm.


Çərx içində bir danəyəm,

Nemət söylər, divanəyəm,

Yar, Məcnuni-zəmanəyəm,

Mən qeybdən gələn səsəm!


1996

BU GECƏ
Bu gecə ayrıldı can, bədənimdən.

Ruhum pərvaz edib ərşi dolandı.

Hara niyyət etdim mənzilim oldu.

Canım eşq oduna yandı, qalandı.
Cismim yatır daha ruhum yatmayır.

İşıq sürəti də mənə çatmayır.

Könüllərdə doğan günəş batmayır.

Ruhum, haqdan gələn nura calandı.


Nemət, iki cahan puç imiş bildim.

Dərd, sevinc insana yük imiş bildim.

Məqsəd o dərgaha köç imiş bildim,

Aşiqlər can verib, canan alandı.


2000

GÖZ YAŞIMI İÇƏ-İÇƏ YAŞADIM


Mənim dərdim şəbi- hicran dərdidir,

Zülmətləri biçə-biçə yaşadım.

Mələk çəkməz, Fələk çəkməz dərd idi,

Sürgün olub köçə-köçə yaşadım.


Adəm olub seçdim yolun sərtini,

Hicran ilə keçirmişəm hər günü.

Əyyub olub, çəkdim Əyyub dərdini,

Zaman, məkan keçə-keçə yaşadım.


Dərd əhliyəm, məndə dərdə dözüm var,

Görünməyir, yoldan böyük izim var,

Ulu Tanrım, sənə sözsüz sözüm var?

Özü, sözdən seçə-seçə yaşadım.

Dəli könlüm sahilsiz bir adadı,

Dalğa döydü, fırtınalar budadı.

Fani dünya bir viranə odadı,

Heç bilmirəm, necə, necə yaşadım.


Hal əhli yox, aramışam hər yanı,

Nemət gözlər hər an Sahibzamanı.

Qorxuram ki, sel-su tuta dünyanı,

Göz yaşımı içə-içə yaşadım.


2001

ÖZ TALEYİM ÖZ ƏLİMLƏ YAZILIR.


Öz taleyim öz əlimlə yazılır,

Məzarımsa «dost» əlilə qazılır,

Nə deyirəm, Tanrım, tərsə yozulur.

Bu toplumla heç bilmirəm neyləyim,

Hal əhli yox, dərdi kimə söyləyim?
Yüz illərdir qan ağlayır yarası,

Ağlamaqdan gedib gözün qarası,

Düşmən ilə yaman sazdı arası,

Xilasına gələnləri öldürür,

Dost öldürür, düşmənləri güldürür.
Anlamayır nə xeyir, nə şərini,

Nadanlıqdan qırır biri-birini,

İtiribdir ürək, başın yerini,

Mədəsilə, qarnı ilə düşünür,

Düşünməyir, küllüklərdə eşinir.
Bir an susmur, gecə-gündüz zarıyır,

İtiribdir ağasını arayır,

Əsrlərdir düşmənlərə yarayır.

Manqurt olub anasını oxlayır,

“Pirim” deyib düşmənə yas saxlayır.
Dedirtsən də “Ya Azadlıq, ya ölüm!”

Nemət, çəkdin min məşəqqət, min zülm.

Qurtarmadı nə vətənim, nə elim.

Yenə qaldıq nadan, satqın əlində,

Millət batır göz yaşının selində.
2001

MƏNƏ QƏNİM OLUB DÖVLƏTİM MƏNİM


Arzular, ümidlər bələnib qana,

Mənə qənim olub dövlətim mənim.

Vətən də, millət də, doyubdur cana,

Yenə talan olur sərvətim mənim.


Xəyal çilik-çilik, arzum can üstə,

Ölüm yatağında can verir xəstə,

Millətdə döyüşə yoxdu həvəs də,

Qurdla aşna olub öz itim mənim.


Hər yan xain, satqın dörd tərəf düşmən,

Yolların olubdur boran, çovqun, çən.

Yaman qara gəlib taleyin, Vətən!

Əsir-yesir olub millətim mənim.


Ölkəni talıyır quldur bir dəstə,

Kimsə çıxarmayır cınqır da, səs də,

Amansız gerçəklər başımın üstə,

Yoxdu nə köynəyim, nə bitim mənim.


Hökmdar qumarbaz, «ziyalı» satqın,

Dərisi soyulur ölkənin, xalqın,

Heykəli əkilir şərin, nahaqqın,

Heç cür qəbul etmir qeyrətim mənim.


Haqdan dəm vuranlar haqqımı dandı,

Zalıma baş əyib bir-bir yalmandı,

Yaltağa, məddaha gözəl dövrandı,

Heyrətdən doğuldu heyrətim mənim.


Bu nırxı bazara qoyana lənət,

Ölkəni talayıb, soyana lənət,

Haqqın gözlərini oyana lənət,

Şər ilə savaşdı sənətim mənim.


Zəmanə bəd gəlib, dövran çətindi,

Hər şeyi qoyublar hərraca indi.

Namərd, nakişilər bizləri yendi,

Tarixə gömülür şöhrətim mənim.


Ya Rəbbi! Vətənə, millətə qıyma!

Mərdləri namərdlər əlində qoyma!

Ehey Şər oğlu Şər gözümü oyma!

Həkk olub tarixə qüdrətim mənim.


İnam qalmasa da vallah heç kəsdə,

Verəcəm millətə yeni nəfəs də,

Nemət, yalnız Haqdan qələbə istə,

Bəllidir meydanda cürətim mənim.


26. 02. 2005

QARDAŞ
Vədə verdin üçcə günə,

Üç gün döndü ilə, qardaş,

Telefon da cavab vermir,

Rəhm eyləyin elə, qardaş!
Mərd igid sözündən dönməz,

Günəş üfürməklə sönməz,

Dərd əhlinin üzü gülməz,

Bülbül həsrət gülə, qardaş!


Çox atdan düşdüm, atlandım,

Min bir əzaba qatlandım,

Vətən, millət üçün yandım,

Ömürü verməm yelə, qardaş!


Qara gəldi, qara bəxtim,

Dərd əlindən dağa çıxdım,

Ahımla yandırıb, yaxdım,

Dağ-daş gəldi dilə, qardaş!


Nemət çəkir el dərdini,

Seçir mərdlə, namərdini,

Unutma Allahı, dini,

Dünya batar selə, qardaş!


2006

SƏN Kİ MƏNİMSƏN


Sən mənim dünyada sonsuz sevincim,

Sən mənim əbədi dərdim, qəmimsən,

Haqqın ərmağanı, qiymətsiz incim,

Ağır, dar günümdə tək həmdəmisən!


Dünyaya ün saldım, taleyim bəlli,

Yoxdur dərdlərinin çarəsi, həlli,

Həm mənə dərd oldun, həm də təsəlli,

Yavrulu yavrusuz bir mələyimsən.


Gözlərin gülsə də, qəlbin ağladı,

Yaralı qəlbimi yaman dağladı,

Yaran sağalmadı qaysaq bağladı,

Mənim dərd içində üzən gəmimsən!


Anama gəlinsən, balama ana,

Mənimçün gəlmisən sən bu cahana,

Yaman saldın məni, yar, nahaq qana,

Gahdan xilasgarsan, gah da qənimsən.


Bu qoca dünyada borcluyam sənə,

Nə qədər düşsəm də borana, çənə,

Nemətə həmdəmsən bilirəm yenə,

Allaha min şükür, sən ki mənimsən.


2008

DÖVLƏTLƏR QURDULAR İZİM DƏ MƏNİM


Ya Azadlıq, ya da ölüm demişəm,

Haqqın nəfəsi var sözümdə mənim.

Vətən, millət üçün dərd-qəm yemişəm,

Dünya heçə dönüb gözümdə mənim.


Ahımla dağları, daşları yıxdım,

Su olub torpağın bağrına axdım,

Olum, ölüm deyib savaşa çıxdım,

Yoxdu kəfən üçün bezim də mənim.


Bağ saldım, becərdim, barın yemədim,

Həp doğru danışdım, yalan demədim,

Daim məşəl kimi yandım, sönmədim,

Yanır hər ocaqda közüm də mənim,


Meydanda azadlıq tonqalı çatdım,

Əyirib toxudum, qurub yaratdım,

Qanla imza atıb bayraq ucaltdım,

Sapım da, bezim də, bizim də mənim.


Aləmi bəzəyib lüt-üryan qaldım,

Namərd dostlarımdan min yara aldım,

Yurdumda mən odsuz, ocaqsız oldum,

Kəsildi işığım, qazım da mənim.


El üçün ağladım, gözüm kor oldu,

Çalışdım, vuruşdum, kimlərə qaldı,

Alçaqlar haqqımı əlimdən aldı,

Qurda qismət oldu quzum da mənim.


İçim qan ağladı üzüm gülsə də,

Haqsızlar haqqımı dana bilsə də,

Dərdimin üstünə dərd ələnsə də,

Büdrəyib bükülməz dizim də mənim!


Min dərdim olsa da, dərman da məndə,

Qərib kimsəsizəm Ya Rəbb, vətəndə,

Düşsəm də borana, qalsam da çəndə,

Dözülməz dərdlərə dözüm də mənim.


Danmaq istəyənlər dana bilmədi,

Anmaq istəyənlər ana bilmədi,

Nadanlar anlayıb qana bilmədi,

Günahı gördülər özümdə mənim.


Balıq bilməsə də Xaliq biləndi,

Başıma od yağdı, hey od ələndi,

Yandı dəli könlüm, oda bələndi,

Nalədi, fəryaddı sazım da mənim.

Neyləyim, üzümə tale gülmədi,

Nələr çəkdiyimi millət bilmədi,


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə