ÖLÜMDƏn güCLÜ



Yüklə 6,61 Mb.
Pdf görüntüsü
səhifə10/85
tarix17.11.2018
ölçüsü6,61 Mb.
#80797
növüQaydalar
1   ...   6   7   8   9   10   11   12   13   ...   85

çatmırdı.  
 
        Kimsə bundan daha qəribə pərəstişkarlıq görmüşdümü? Cipə əvvəl olduğu kimi yenə də elə 
gəlirdi ki, cilovu əlində möhkəm saxlayıb və yalnız sədəqə verir, əl tutur. Eyni zamanda onu artıq azad 
olmadığı fikri təqib edirdi. Hətta düşündüyü kimi Forsen üçün dəfedilməz olan məftunediciliyinin gücü 
də indi öz əleyhinə işləyirdi. Başlanğıcda tam şübhə, qız bundan artıq şübhələnə bilməzdi. Əgər qız ona 
gülümsəmirdisə, o, qaşqabaqlı olur və özünü bədbəxt hiss edirdi. Qız gülən kimi isə o canlanır, əhvalı 
düzəlirdi. Qız ona baxanda onun adətən, kinli və narahat olan gözlərinin ifadəsi də dəyişirdi, bu 
gözlərdə kədərli, itaətkar heyranedicilik işarırdı. Belə riyakarlıq olmazdı, amma belə dəyişkənliyi qız 
onda daima müşahidə edirdi. Qız harada olurdusa, o da orada olurdu. Qız konsertə gedirdi, o, artıq 
salonun girişindən beş-altı addım aralıda gözləyirdi. Şirni  dükanına çay içməyə gedirdi, o da orada 
olurdu. Hər axşam qızın  atla Neroberqə yola düşüb keçə biləcəyi yerdə dolaşırdı. 
 
        Əgər hörmətlə qızın yanında bir neçə dəqiqəliyə oturmağı xahiş elədiyi Koxbrunnendəki həmin 
görüş nəzərə alınmasa,  o, qızı öz cəmiyyətinə bağlamadı və  onu nəyləsə gözdən salmağa cəhd 
eləmədi. Yəqin, o, belə həssas qızla bunun təhlükəli olduğunu başa düşdü. Bu alovun ətrafında fırlanan 
başqa kəpənəklər də var idi və bu da onu özünü elə aparmağa  məcbur eləyirdi ki, pərəstişini başqaları 
hiss eləməsin.  Cip isə nə baş verdiyini görürdümü, başa düşürdümü ki, onun müdafiə mövqeyinin 
altını necə qazırlar, ona öz ətrafında görünməyə icazə verməyin necə təhlükəli olduğunu, bununla da 
geriyə gedən yolunu bağladığını  hiss edirdimi? İşin mahiyyətinə görə, yox. Bütün bunlar onu sərxoş 
eləyən həmin günlərin təntənəsini gücləndirirdi, qız həyata daha çox vurulur, daha möhkəm inanırdı ki, 
onu qiymətləndirir və  heyran olurlar, o, başqalarının yaxın düşə bilmədiklərini belə idarə eləmək 
bacarığına malikdir. 
 
       Forsen onu həyəcanlandırırdı. Axı kim belə narahat, şıltaq, qaynayan insanın yanında darıxa 
bilərdi? Bir dəfə o, qıza öz həyatının bəzi məqamlarından danışdı. Onun isveçli atası kiçik torpaq 
sahibkarı olub, fiziki cəhətdən olduqca güclüymüş, ancaq çox içirmiş. Anası isə rəssam qızıymış. Ona 
skripkada çalmağı anası öyrədibmiş, amma o, hələ uşaq olanda anası ölübmüş. On yeddi yaşı olanda 
atası ilə dalaşır və Stokholmun küçələrində skripka çalmaqla öz çörəyini qazanmağa başlayır. Necə 
olursa, məşhur bir skripkaçı onun çalğısını eşidir və ona dərs verməyə başlayır. Həddən artıq içən atası 
ölür və ona balaca bir malikanəni miras qoyur. O, dərhal da malikanəni satır, pulunu isə özünün kobud 
tərzdə dediyi kimi «hər cür axmaqlıqlara» xərcləyir.  
 
        – Ah, miss Uinton, mən həyatımda çox səfehliklər eləmişəm, ancaq bir daha sizi heç vaxt görə 
bilmədiyim həmin gün elədiyimin yanında, onlar hamısı boş şey olacaq 
 
         O, bütün bu sözləri həyəcanla deyib, dərhal da kənara çəkildi. Qız  bir qədər şübhədən, bir qədər 
də şəfqətdən gülümsədi,  ancaq onun qəlbində özünün də anlaya bilmədiyi  hansısa yeni hiss doğdu. 
Ümumiyyətlə, həmin günlər o, özünü başa düşməkdə çətinlik çəkirdi.  
 
         Uinton isə onda nələr baş verdiyini görürdümü? Düzünü demək lazımsa, o, təşvişə düşmüşdü. 
Ancaq hər şeydən çox öz narahatlığını düşünülməmiş hərəkətiylə aşkar eləməkdən qorxurdu, deyək ki, 
müalicəsinin bitməsinə iki həftə qalmış Cipi buralardan aparmaq kimi. Axı o, məhəbbətin əlamətlərini 
yaxşı bilirdi! Uzundraz, yırtıcı kimi olduqca yöndəmsiz, skripkayla atəş açan, enli almacıq sümükləri 
və nazik bakenbardları olan bu cənabın (Ey ədalət sahibi!) yaşıltəhər gözlərini Cipdən çəkmədiyini 
Uinton özlüyündə hiss eləmişdi və onun qorxusu güclənmişdi. Bəlkə də, ola bilsin ki, yalnız ingilisin 
əcnəbilərə anadangəlmə nifrəti onu həlledici addım atmaqdan saxlayırdı. O, bütün bunları ciddi qəbul 
eləyə bilməzdi. Cip, onun zərif Cipi məgər belə növdən olan tipə aludə ola bilərdimi? Heç vaxt! 
Bundan əlavə qız hər hansı çətinliyi olanda, ya tərəddüd eləyəndə mütləq onun fikrini soruşurdu. Bu 


zaman Uinton qızın utanaraq sirr verməzliyini unudurdu,  onu da yaddan çıxardırdı ki, o, özü də Cipi 
sevəndə hər cür mehribanlıq göstərməkdən qaçırdı, qız da onu sevərkən öz qəlbini ona açmırdı.  
Ümumiyyətlə, o, nə  qədər bəsirətli olsa da, görə bilməli olduğu şeyləri görə bilmirdi, təkcə Forsenin 
özgə bir niyyəti yoxmuş kimi açıq-aşkar elədiklərindən başqa. Onların getmək ərəfələrində Uintonun 
haqqında heç bir şey bilmədiyi  bir epizod nəzərə alınmazsa, bunlar elə də ciddi şey deyildi.  
 
        Sonuncu gün sakit, bir qədər qüssəli idi. Axşam yağış yağmışdı və nəm hompuş ağacların 
gövdələrindən, yerə tökülmüş yaş yarpaqlardan biyan kökünün küclə seziləcək qoxusu gəlirdi. Cipdə 
belə hiss yaranmışdı ki, buna qədər sevinclə dolu olan qəlbi birdən-birə boşalıb. Səhər yeməyindən 
sonra, Uinton hesabların ödənilməsi ilə məşğul olanda, qız  vahəyə enən parka gəzib dolaşmağa getdi. 
Göyün üzü buludlarla örtülmüşdü, ağaclar məyus halda başlarını aşağı salmışdılar, bütün ətraf pərişan 
idi. Qız parkdan çıxıb çay boyunca getməyə başladı, kəndin kənarındakı palçıqlı dalanı keçib təpəyə 
qalxdı, oradan şosse yoluna qayıda bilərdi. Nəyə görə hər şeyin sonu olur? Həyatında ilk dəfə 
Mildenxem haqqında, ov haqqında sevinmədən düşünürdü. O indi Londonda yaşamaq istəyirdi. Orada 
musiqidən, rəqsdən, adamlardan, ona həzz verən xoş, sevinc dolu hisslərdən məhrum olmurdu.  
 
         Haradansa taxıldöyən maşının boğuq, yoğun fit səsi gəlirdi və bu səs onun əhvalını dəqiqliyi ilə 
ifadə eləyirdi. Qurğuşun rəngli buludların fonunda başı üzərindən ağappaq göyərçin ağararaq, uçub 
keçdi, artıq qızılı rəngə çalan ağcaqayınlar titrəyərək, yağış damlalarını yerə tökürdülər. Bütün bunlar 
necə də yazıq görünürdü! Birdən yaşıl çəpərin arxasından iki balaca oğlan  çıxdı, az qala onu vurub 
yerə sərəcəkdilər, yol boyunca qaçmağa başladılar. Cip sifətində yağışın ilk damlasını hiss elədi. 
Yağsaydı ən çox sevdiyi yeganə  donu korlanacaqdı,  belə havada göyümtül rəngli, məxməri  bu donu 
geymək olmazdı! Qız yağışdan qorunmaq üçün  ağcaqayınların altına qaçdı. Yağış, bəlkə də, tezliklə 
kəsəcəkdi. Məsafəyə görə bir az zəifləsə də, taxıldöyən maşının şikayətli fit səsi hələ də eşidilirdi və bu 
səsə görə o, özünü daha da narahat hiss edirdi. 
 
         Oğlanların çıxıb qaçdıqları yaşıl çəpərin arxasından hansısa bir adam göründü, yolla geniş 
addımlayaraq, ona təfər gəlirdi. Budur, ağcaqayınların yanındakı arxın üstündən tullandı. Forsen! 
Tövşüyürdü, əzgin idi, həyəcandan ağarmışdı… Yəqin, ona çatmaq istəmişdi, buna görə də çayı 
keçmədən birbaşa təpənin ətəyindən dolanan cığırla bura qalxmışdı. Onun şıq kostyumu sərt yoxuşu 
qalxarkən çox əzilmişdi. Forsen güclə nəfəsini dərərək dedi: 
 
       – Demək, siz sabah çıxıb gedirsiniz və mənə bu haqda heç nə deməyibsiniz! Mənə bircə söz belə 
demədən xəlvətcə getmək istəyirsiniz! Siz həmişə belə qəddar olursuz? Yaxşı, onda mən də sizə aman 
verməyəcəyəm! 
 
        Birdən o, dizləri üstə çöküb qızın kəmərinin lentindən yapışaraq, üzünü ona söykədi. Cip diksindi 
və ayaq üstəcə dondu. O, qızın dizlərini qucaqlamışdı. 
 
        – Cip, mən sizi sevirəm… Mən sizi sevirəm, məni qovmayın… İcazə verin, sizinlə olum! Mən 
sizin itinizəm, qulunuzam. Oy, Cip, mən sizi sevirəm!... 
 
        Onun səsi qızı təsirləndirdi və qorxutdu. Son iki ildə kişilər ona az deməmişdilər, «sevirəm sizi», 
ancaq o sözlərdə heç vaxt belə qarşısıalınmaz istək olmamışdı, belə həris və yalvarış dolu baxışları qız 
heç vaxt görməmişdi, belə narahat, dözümsüz və eyni zamanda da münasibətlərində belə ağciyər olan 
birisi ilə də rastlaşmamışdı. Qız güclə deyə bildi: 
 
       – Qalxın! Xahiş edirəm! 
 


Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə