ÖLÜMDƏn güCLÜ



Yüklə 6,61 Mb.
Pdf görüntüsü
səhifə4/85
tarix17.11.2018
ölçüsü6,61 Mb.
#80797
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   85

cizgiləri olan qonur gözlərinin heyrətləndirici dərəcədə aydın uçan baxışları, düz boynu, əllərinin və 
ayaqlarının görünüşü – bütün bunlar onun gözləri qarşısında bir vaxtlar dəlicəsinə sevdiyi qadın haqda 
əzabverici xatirələri canlandırırdı. Anasına oxşamasına baxmayaraq, həm görünüşcə, həm də xaraktercə 
çox şeydə bir-birlərinə oxşamırdılar. Cipin daha mükəmməl görünüşü vardı, xarakteri daha dəqiq idi,  
boy-buxununda daha çox təbiilik və anadangəlmə zəriflik, əhvalında daha çox çalarlar vardı, fikirləri 
də daha aydın idi və nəhayət, bütün təravətinə və gözəlliyinə rəğmən, onda hər şeyə qarşı bir şübhə hiss 
olunurdu, hansı ki, belə hisslər onun anasına tamamilə yad idi.   
 
      O, incə bədənliydi, ancaq gövrək deyildi, ova gedərkən bütün günü yəhərdə keçirə bilərdi və elə 
yorğun qayıdırdı ki, yuxarı, öz otağına qalxmamaq üçün buxarının yanındakı pələng dərisinin üzərində 
uzanırdı. Ovçuların, Uintonun tanışlarının, – onlar elə də çox deyildilər, gəlişi nəzərə alınmazsa, 
Mildxenmdə həyat yeknəsəq idi. Onun nəzakəti kobud kənd centlmenləri ilə keçinməsinə elə də imkan 
vermirdi, buz kimi soyuqluğu   isə yerli qadınları qorxudurdu.  
 
        Bettinin düşündüyü kimi, şaiyələr, hər halda, yayıldı, kənd sakinlərinin bu şaiyələri özlərinin 
ölgün yaşayışlarının bütün cansıxıcı yeksənəqliyinə bir maraq gətirdi. Baxmayaraq ki, bircə şaiyə belə 
Uintona kimi gedib çatmadı, Mildxenmdəki qonaqlarının arasında heç vaxt bircə dənə də qadın 
olmurdu. Əgər kilsənin ətrafındakı, ovdakı, yerli at yarışlarındakı   təsadüfi tanışlıqlar nəzərə 
alınmazsa, Cip demək olar ki, öz cinsindən olanlarla rastlaşmadan böyüyürdü. Bu da onun özünə 
qapanmasını, onun qızlara xas olanları bilməməsini, kişilərə olan  tutqun və düşünülməmiş şübhələrini 
gücləndirirdi, ancaq  ayaqüstü rastlaşdığı kişilər o güləndə sevinir, qaşlarını çatan kimi də 
kədərlənirdilər. Tez-tez ona həmişə heyran olan rəfiqələrindən ötrü gizlincə darıxırdı, ancaq dostluqları 
bir qayda olaraq, qısa müddətli olur və onu təmin eləmirdi. Uinton onun əxlaqi və ruhi inkişafına 
kifayət qədər diqqət ayırmağa qadir deyildi. Bu, onun üçün uzun söhbətə əsas verəcək mövzu deyildi. 
Kilsəyə başçəkmə kimi ümumi qəbul edilmiş qaydalara, şübhəsiz, əməl olunmalıydı, özünü ayaq üstə 
saxlamaq üçün onun yanında nə qədər oxumaq mümkünsə, oxumalıydı, qalanları  isə təbiətin işiydi! 
Tərbiyə haqda onun baxışlarında, təbii ki, praktik sağlam düşüncə az deyildi. Cip kitabların üzərinə 
acgözlüklə atılır, ancaq oxuduqlarını yaxşı xatırlamırdı, Bayronun, Uayt-Melvilin kitabları və 
Qumboldotovskinin «Kosmos»unun da olduğu Uintonun böyük kitabxanasındakı bütün kitabları 
oxuyub qurtardı, ancaq bu kitablar onun şüurunda elə bir ciddi iz buraxmadı. Kiçik mürəbbiyəsinin 
onda dinə maraq oyatmaq cəhdləri də uğursuzluqla nəticələndi. Yerli yepiskop köməkçisinin ona 
yönələn diqqətində isə Cip özünə xas olan şəkkaklıqla  bütün kişilərdə şübhələndiyi hansısa xüsusiyyəti 
görürdü. Ona «mənim əzizim» deməyin, onun çiyinlərini sığallamağın  keşişə xüsusi məmnunluq 
verdiyini hiss edirdi. Bununla keşiş, sanki, öz zəhmətinin hansısa mükafatını aldığını zənn eləyirdi. 
 
         O, yalnız at tövlələrinin tamamilə müasir olduğu, atla gedilərsə, Londondan üç saatlıq məsafədə, 
dəniz sahilindən otuz mil aralıda yerləşən  atasının bu tutqun, qədim, elə də böyük olmayan 
malikanəsində adamlardan gizlənərək, müasir cavan qızların tərbiyəsinə kömək eləyən hər şeydən 
təcrid olunmuşdu. İldə iki dəfə paytaxta gedəndə Uinton onu da özü ilə Kerzon-stritdə yaşayan, ərə 
getməmiş bacısı Rozamundaya baş çəkməyə aparırdı. Elə də uzun sürməyən bu həftələrdə qızda gözəl 
donlara qarşı təbii zövq yaranır və musiqiyə, teatra olan həvəsi daha da güclənirdi. Ancaq müasir qızlar 
üçün əsas olan ali mövzular və əyləncələr  haqda müzakirələrdən tamamilə məhrum olmuşdu. 
Həyatının bu dövründə, yəni on beş yaşından on doqquz yaşına qədər olan vaxtlarda, hələ cəmiyyətdə 
1906-cı ilin oyanışı başlamamışdı və cəmiyyət pəncərənin arxasına yapışıb qış yuxusuna dalan milçək 
kimi yuxudaydı. Uinton da, Rozamunda bibi də, Cipin bütün ətrafındakılar hamısı konservatorlar 
partiyasının üzvləri idilər. Qızlıq illərində onun qəlbinə təsir eləyən yeganə şey atasına olan ani 
məhəbbəti idi. Doğrudur, yaxşı tərbiyə olunması bəzi mərhələlərdə bu hisslərini büruzə verməsinin 
qarşısını alırdı, ancaq onunla olmaq, onun üçün nəsə eləmək, onunla qürur duymaq, onu mükəmməl 
hesab eləmək – bütün bunları qız hər şeydən üstün hesab edirdi. Bununla belə, qız  istədiyi paltarı geyə, 


onun kimi sərt, etiraza yol verməyəcək tərzdə danışa və ya başqalarının hərəkətlərinə, yaxud 
danışıqlarına irad tuta bilməzdi. Əxlaq məsələlərində vasvasılıqla birlikdə atasının bir duyğuya 
üstünlük vermək qabiliyyəti də ona irsən keçmişdi.  Yalnız qız onu sözün əsl mənasında xoşbəxt eləyə 
bilirdi və atasına  olan məhəbbəti qızın qəlbini doldurub daşdırırdı. Çiçəyin gövdəsinə su, ləçəklərinə 
günəş işığı lazım olduğu kimi, qızın da kiməsə sərhədsiz məhəbbəti və onun özünə də kiminsə elə 
həmin ölçüsüz sevgisi çox lazım idi.  Buna görə də Uintonun Londona, Nyumarketə və ya başqa bir 
yerə getməsi həmişə onun barometrinin əqrəbini aşağı salır, ancaq onun qayıtması vaxtı yaxınlaşanda 
əqrəblər yuxarı qalxmağa başlayırdı. 
 
        Bir tərəfdən bütün hallarda qızın tərbiyəsinə xor baxılmasa da, ona talesiz  adamların əzabçəkmə 
hissləri calaq edilmişdi. Uinton azacıq da olsun, belə sosial problemlərlə məşğul deyildi, ancaq təbiətən 
əlibol və alicənab olduğu üçün kənddəki yazıqlara xeyirxah münasibət bəsləyir, onların həyatlarına 
müdaxilə edilməsinə dözə bilmirdi. Cip də beləydi, o, heç bir halda dəvətsiz kiminsə evinə getməzdi, 
ancaq həmişə eşidirdi: «İçəri keçin, miss  Cip», «Əzizim, içəri keçin və əyləşin!». Hətta ən kobud və 
yolunu azmışlara belə onun mehriban sifəti, xeyirxahlığı xoş gəldiyindən,   olduqca belə xoş sözlər 
deyirdilər.  
 
         Beləcə on bir il keçdi, qızın on doqquz, Uintonun isə qırx altı yaşı oldu. Bir dəfə kiçik 
mürəbbiyəsinin müşaiyyəti ilə qız yerli ovçular cəmiyyətinin balına getdi. Onun əynində zövqlə 
tikilmiş ağa çalan, solğun, açıq noxudu rəngli donu vardı, sanki, rəqsə getdiyi birinci dəfə deyildi.  
Bütünlüklə Uintona çəkmişdi, eynən onun kimi, öz cinsinə uyğun olaraq, hələ bir az da nəzakətliydi.  
Qabağa tökülüb alnında qıvrılan və boynunun arxasına yığdığı qara saçları, ilk dəfə açıq görünən 
boynu və çiyinləri, doğrudan da, qüsursuz uçan baxışları, bütün gözəl duruşu ilə, sanki, qız demək 
istəyirdi ki, işıq və hərəkətlər, acgöz baxışlar, yaltaqlıq və heyranlıq dolu çıxışlar anadan olduğu 
gündən onun üçün nəzərdə tutulmuşdur, onun haqqıdır. Qız Uintonun gözlədiyindən də artıq gözəl idi. 
Döşünün üstünə Londondan gətirilmiş, ətri qızın çox xoşuna gələn alp bənövşəsi taxılmışdı. Yüngül və 
zərif, həyəcandan alışıb yanan qız hər hərəkəti, hər ani baxışı ilə eynən belə bir balda ilk dəfə  
rastlaşdığı qadını ona xatırladırdı və başını dik tutaraq, sanki,   necə qürur hissi keçirdiyini bütün 
dünyaya car çəkirdi.  
 
        Bu gecə Cip üçün təəssüratla dolu oldu, xoşuna gələn də oldu, onu pərt edən də, hətta sarsıdan da. 
Hamının ona pərəstiş eləməsi xoşuna gəlirdi. Qız rəqsləri çılğıncasına sevirdi, gözəl rəqs elədiyini və 
bununla başqalarına da məmnunluq verdiyini hiss eləmək onda sevinc hissləri yaradırdı. Bununla belə, 
iki dəfə onu rəqsə dəvət eləyən kavalerlərinə yox deyəsi oldu, divarın dibində oturub heç kimin 
diqqətini cəlb eləməyən, yaşlı, həm də gombul mürəbbiyəsinə yazığı gəlirdi. Bax bu sədaqətli qadının 
qorxusuna rəğmən, Cip iki bütöv rəqs boyunca onunla yanaşı oturdu. Şam yeməyinə isə ancaq atası ilə 
getmək istədi. Atasının qoluna girib rəqs zalına qayıdanda, bir yaşlı qadının dediklərini eşitdi: «Məgər 
siz bilmirsiz? Əlbəttə, o, əslində də onun atasıdır!» Bunun ardınca hansısa qocanın cavabı eşidildi: 
«Demək, iş beləymiş! Onda hər şey aydındır!» Onların sınaq dolu, soyuq, bir qədər də kinli baxışlarını 
öz üzərində hiss edən qız başa düşdü ki, söhbət ondan gedir. Elə bu an da onu rəqsə dəvət elədilər.  
 
         «…Əslində də onun atasıdır!...» Bu sözlər olduqca mənalı idi, bu axşam onların mənasını dərhal  
başa düşmək ona çox güclü təsir elədi. Qəlbini haradasa yüngülcə cırmaqladı,  ancaq dərhal da bu 
hissləri yumşaldı, şüurunun dərinliyində aydın olmayan həyəcan hissi qaldı. Sonra da ürək bulandıran, 
onun bütün illüziyalarını dağıdan bir gərginliyi də yaşamalı oldu. Bu hadisə Cip yaşca özündən az qala 
iki dəfə böyük olan məşhur bir kişi ilə rəqs eləyəndən sonra baş verdi. Onlar palmanın arxasında 
oturmuşdular, birdən kişi alışıb yanan sifətini ona tərəf əyib, əlinin barmaqlarından yuxarı hissəsini 
öpdü. Əgər kişi onu vursaydı, qız bu qədər sarsılmaz və özünü bunca təhqir  olunmuş hiss eləməzdi. 
Gənc bir qız naşılığı ilə o, elə fikirləşirdi ki, özü hansısa bir qorxulu hərəkətlə ona bunca əsas verib, 


Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə