Mister Ueqq dərdli halda dayanıb əllərini ovuşdururdu.
– Mən
ailəli adamam, – o dedi. – Həyata ciddi baxışları olan ciddi bir adam, mənim ailəmdə belə
bir iş ola biləcəyi heç vaxt ağlıma gəlməzdi! Bu… mən, hətta deyə bilmirəm, bu nə olan şeydir!
Cip öz çətirini götürdü. O, yubanmadan getməli olduğunu hiss elədi, bu adam hər an nəsə
dözülməz bir söz deyə bilərdi. Bundan əlavə qoyun ətinin qoxusu da güclənirdi.
– Çox təəssüfləndim, – Cip təkrar elədi, – Əlvida! – və qapıya doğru yönəldi.
Onu ötürərkən Cip qocanın necə ağır nəfəs aldığını eşitdi. Mister Ueqq qapının dəstəyindən
yapışaraq onu qabağa buraxdı. Onun donuz gözlərinə oxşayan gözləri
Cipə demək olar ki, hörmətlə
baxırdı.
– Hə, – o dedi, – mən çox xoşbəxtəm ki, sizinlə görüşmək şərəfinə nail oldum və deməyə cəsarət
edirəm, siz olduqca məlahətlisiniz. Əlvida!
Cip acgözlüklə təmiz havanı udurdu. Onun yanaqları alışıb yanırdı, sanki, özünü müdafiə edirmiş
kimi çətirini açdı. Qızın solğun sifəti yenidən onun gözləri önündə canlandı və qızın səsini eşitdi: «Ah,
missis Forsen, mən necə də ölmək istəyirəm! Necə də istəyirəm!»
XVI FƏSİL
Cip çətiri başı üzərində tutub, qeyri – ixtiyari ağaclara daha yaxın olmaq istəyərək gedirdi. Bütün
bu gün baş verənlər yel kimi başından keçirdi, Dafna Uinq, üzü hansısa köpəyin
üzünə oxşayan mister
Ueqq, buxarının üzərindəki rənglənmiş ceyranotu, göy güldan, üstünə atılan Rosek, ağacların
kölgəsində yatan öz qızı.
Kensinqtonsk parkına qədər gedib oturacaqda oturdu. Yemək vaxtı yaxınlaşırdı, uşaq arabaların
sürən mürəbbiyələr, qocalar, itlər, hamısı yeməyə tələsirdi. Adamlar belə bir saatda boş-boşuna oturmuş
gözəl, gənc qadına baxır, onda heç olmaya bir çatışmazlıq axtarırdılar, əyri ayaqları və ya başqa bir
şeyi. Cip heç nə hiss eləmirdi,
itlərdən başqa, sanki, onun dizlərini qoxulamaqdan savayı işləri yox idi.
O, özünü etinasızlığa çox alışdırmışdı, həqiqətin gözünün içinə baxmaqdan çox imtina eləmişdi, indisə
sədd dağılmışdı və həyatın axını onu bürüyürdü. «Məhkəmə işi!» Öz dərdlərinin adamların içində
müzakirə edələcəyi, şəxsi işlərini, hətta ən yaxın dostlarına belə etibar eləməyən adamların ağlına da
gəlmir. Belə fikir, görünür, Cipin də ağlına gəlməmişdi. Acı təbəssümlə düşünürdü: «Ondansa mənim
vəziyyətim daha yaxşıdır! Əgər mən də onu sevsəydim, onda nə olardı? Yox,
mən heç vaxt, heç vaxt
onu sevmək istəmirəm. Sevən qadınlar olduqca çox əzab çəkirlər».
Saat üçdə müsyo Armonun yanında olacağını xatırlayana kimi parkda çox oturdu, indisə üçün
yarısı idi. Ayağa qalxdı və otların üzəriylə səntirləyərək, yeriməyə başladı. Hava arıların vızıltısıyla
dolmuşdu, göyərçinlər quruldaşır, yarpaqlar yüngülcə xışıldayırdı, çiçəkləyən cökələrin qoxusu hiss
edilirdi, mavi səmada sakit, yüngül buludlar ağır-ağır süzürdülər.
Bəs nəyə görə o, belə bədbəxt
olmağa məhkum edilmişdi?..
Hansısa xal-xal spanel, enli başı və şəklədiyi qulaqlarının arxasında pırpızlı kəkili olan kələkbaz
köpək ondan əl çəkmirdi, gözləyirdi ki, o, çətirini gölə atacaq və köpəyə gətirməyi əmr edəcək, yoxsa
adamlar əllərində belə şeyləri nəyə görə gəzdirirdilər?
Müsyo Armo otaqda gəzişirdi. Pəncərə açıq idi, ancaq yunan
tənbəkisinin qoxusu hələ
çəkilməmişdi.
– Mən artıq sizin gəlməyəcəyinizi düşünürdüm, – o dedi. – Rənginiz qaçıb. İstidəndirmi? Ya… –
o, hər şeyi bilmək həvəsiylə ona baxdı, – ya kimsə sizi incidib, mənim balaca dostum?
Cip başını yırğaladı.
– Hə! Hə elədi! Siz mənə heç nə danışmırsınız, siz heç kimə heç nə danışmırsınız! Siz öz qəşəng
sifətinizi gecələr çiçəklər öz qönçələrini gizləyən kimi gizləyirsiniz. Mənim balam, sizin yaşınızda olan
öz acılarını kiminləsə bölüşməlidir, gizli iztirab musiqiçi üçün səpin vaxtı güclü küləyin əsməsi kimi
bir şeydir. Hə, öz çətinliklərinizdən mənə danışın. Mən artıq çoxdan bunu sizdən soruşmağa
hazırlaşırdım. Biz axı bir dəfə gənc oluruq. Mən sizi xoşbəxt görmək istəyirəm.
Əgər ürəyini ona açarsa yüngülləşərmi? Onun qonur gözləri qoca köpəyin gözləri
kimi sualedici
halda ona baxırdı. Bu xeyirxah qocanı incitmək istəmirdi. Amma, hər halda, bu mümkün deyildi!
Müsyo Armo royalın arxasına keçmişdi. Əllərini klavişaların üzərinə qoyub, ona tərəf döndü.
– Mən sizi sevirəm, bilirsinizmi? Öz hisslərinin mənasızlığını başa düşsələr də, qocalar bütün
qəlbləri ilə sevə bilirlər və buna görə də onlara hirslənməmək olar. Hər halda, gənclər və gözəllik üçün
xeyirli olmağımız bizə həzz verir, bizim qəlblərimizi qızdırır. Öz dərdləriniz haqda mənə danışın.
O, bir anlığa gözlədi, sonra qıcıqlanmış halda dedi:
– Hə, yaxşı, yaxşı! Keçək musiqiyə!
Adi vaxtda o, Ciplə yanaşı otururdu, bu günsə, sanki, ciddi görünmək üçün ayaq üstə durmuşdu.
Cip çalmağa başladı. Əsəbləri həddən artıq gərilmişdi, hətta yeməyə belə macal tapmamışdı, hər
nəydisə, o, indiyə kimi heç vaxt çalmadığı qədər yaxşı çalırdı. Bu Şopenin parçası di,
lya bemol major,
ona həmişə əlçatmaz görünən inqilabın mahnısıydı. O çalıb qurtarandan sonra müsyo Armo onun
əlindən yapışıb dodaqlarına apardı, qız onun cod, balaca saqqalının necə titrədiyini hiss edirdi. Cip
başını qaldırıb, məmnunluqla köks ötürdü. Arxadan istehzalı səs eşidildi:
– Mərhaba!
Qapıda Forsen dayanmışdı.
– Madam, təbriklərimi qəbul edin. Mən çoxdan sizi müəlliminizin hərəkətindən ruhlanmış halda
görmək istəyirdim!