– Ata,
xahiş edirəm, bu öpüşə əhəmiyyət verməyəsən. Bu boş şeydir!
Bir dəqiqədən sonra Rosek çıxdı. Cip danışmağa macal tapmamış Uinton hər kəlməni ayrılıqda
tələffüz edərək dedi:
– İndi, qızım evində olandan sonra, sizin iltifatlı köməyinizə daha ehtiyac yoxdu. Xudahafiz!
Cip bir azacıq irəli əyildi. O, xəsisliklə deyilən bu sözlərin Rosekin zirehini qılınc sarğı kağızını
kəsən kimi, necə kəsdiyini aydın gördü. Rosek saxta təbəssümlə baş əyib getdi. Uinton da arxasınca
çıxdı, sanki, onun öz şlyapası əvəzinə başqasının şlyapasını götürəcəyindən ehtiyatlanırdı. Giriş qapısı
bağlanandan sonra o döndü və dedi:
– Məncə, o, bir də səni narahat eləməz.
Cip ona minnətdar idi və eyni zamanda da Rosekə yazığı gəlirdi. Axı onun günahı bircə buydu ki,
ona vurulmuşdu.
Forseni Cipin daha geniş və sərin otağına keçirdilər. Birdən o, gözlərini açdı.
– Cip! Bu sənsən? Necə də çoxlu dəhşətli dəqiqələr yaşadım, daha bir də getmə! Ah, Cip! – O
dikəldi və alnını Cipin əlinə söykədi. O, ilk dəfə həmin axşam evə sərxoş gələndə olduğu kimi, indi də
Cip onu qorumaqdan başqa heç nə haqda düşünmürdü.
– Hər şey yaxşı olacaq, – Cip mızıldandı. – mən qalıram. Sakitcə uzan, tezliklə sağalarsan.
On beş dəqiqədən sonra o yatdı. Yuxuda belə onun sifətində canlanan qorxu
ifadəsi Cipi hədsiz
təsirləndirirdi. Axı beynin xəstəliyi qorxuluydu! O qalmalıydı, Forsenin sağalması ondan asılıydı.
Həkim gəlib onu çağırana kimi, hərəkətsiz halda Forsenin yanında oturdu.
Həkimin həlim görünüşü vardı, iki jilet geymişdi və danışanda hey Cipə göz vururdu. Hər bu
gözvurmadan sonra da Cipə elə gəlirdi, həkim onun ailə sirlərinin üzərindən hansısa pərdəni qaldırır.
Əsas məsələ, sakitlikdir! Hə, onu nəsə incidir! Hm…. Bir az da konyaka meyillilik…! Buna son
qoymaq lazımdır! Təkcə əsəbləri yox, mədəsi də qaydada deyil. Onun qarabasmaları, qorxunc
qarabasmaların əlamətidir! Evlənənə qədər elə də pəhriz gözləməyib. Evlidir… Çoxdanmı? – Həkimin
mehriban gözləri Cipi təpədən dırnağa süzdü. – İl yarım? Cəmisi! Skripkada çox çalır? Şübhə
eləmirəm! Musiqiçilər ölçü gözləməməyə həvəsli olurlar… Gözəllik hissi olduqca inkişaf eləmişdir…
şamı hər iki tərəfdən yandırırlar! O, bunlara diqqət yetirməlidir. Arvadı belə görünür, gedib, eləmi?
Atasının yanında yaşayır. M..hə. Arvadı kimi yaxşı heç kim qulluğunda dura bilməz. Müalicə? Nə
edəsən? Onun yazdıqları dərmanları
qəbul eləsin, səhər, axşam. Tam sakitlik. Qıcıqlandıran heç nə
olmasın. Əgər zəiflik hiss eləyərsə, bir fincan südlə tünd kofe. Yataqda uzansın. Həyəcanlanmasın,
təsirlənməsin. Hələ cavandır. Gücü bəs qədərdir. Narahatlıq üçün əsas yoxdur. Gecə baxıcısının lazım
olub, olmadığı sabah məlum olar. Bir aylıq skripkanı unutsun, alkoqollu içkilər qəti olmaz, bütün
münasibətlərində ciddi bir mülyamliyi gözləsin. Sonuncu dəfə göz vurub və «mülayimlik» sözünü
vurğu ilə tələffüz edib, cibindən qələmini çıxartdı, qeyd kitabçasının vərəqində nəsə cızdı,
Cipə əlini
uzadıb gülümsədi, üstdəki jiletini düymələdi və çıxıb getdi.
Cip çarpayının yanındakı öz yerinə qayıtdı. Təbiətin acı ironiyası! Onun yeganə arzusu azad
olmaq idi, ancaq xəstəliyin əsas səbəbkarı oldu! Əgər Cip olmasaydı, onun beynini heç nə narahat
eləməzdi, o, hələ də subay olardı! Sərxoşluğu, borcları, hətta bu qız da, ola bilsin onun günahı
üzündəndi? Cip
özünü də, onu da azad eləməyə çalışırdı, bu da nəticəsi! Doğrudanmı, onda fəlakətli
nəsə vardı ki, həyatında rastlaşdığı bütün kişilərə həmişə bədbəxtçilik gətirirdi. Atasına da dərd
gətirmişdi, müsyo Armoya da, Rosekə və öz ərinə də. Ərə gedənə qədər nə qədər adam onun
məhəbbətinə layiq
olmaq istəmişdilər, hamısı da ondan bədbəxt halda ayrılıb getmişdilər? Güzgüyə
yaxınlaşaraq öz sifətinə qüssəylə bir xeyli baxdı.
XX FƏSİL
Forsendən uzaqlaşmağa uğursuz yerə cəhd elədiyi üç gündən sonra Dafna Uinqə məktub yazdı.
Forsenin xəstəliyi haqqında məlumat verdi, yazdı ki, əgər Dafna istəsə Mildenxemin yaxınlığındakı
kottecdə həvəskarların baxışlarından tamam uzaq olan yerdə rahatca yerləşə bilər. Məktubun sonunda
isə Cip xahiş edirdi ki, müqavilələrinin pozulmasından dəyən ziyanın əvəzini ödəməyə icazə versin.
Növbəti səhər qonaq otağında mister Ueqqi gördü. O, əlində krepdən olan lentlə sarınmış silindir
tutmuş, qara əlcək geymişdi. Pəncərəyə doğru boylanır, sanki, ay günəbaxanları sehrli işığa qərq
eləyəndə qızının bağda rəqs eləməsi haqdakı Cipin xatirəsini yenidən oyatmağı arzulayırdı.
Cip onun
yoğun, qırmızı boynunu, qatlama boyunluğunu, üstündən qara qalstuk vurduğu işıldayan ağ köynəyini
aydın görürdü. Əlini uzadaraq dedi:
– Mister Ueqq, necəsiniz? Çox xoşdur ki, gəlibsiniz!
Mister Ueqq döndü, o, açıq-aydın qayğılı görünürdü.
– Mem, elə bilirəm, sağ – salamatsınız? Buralar çox gözəldir. Mən
özüm çiçəkləri dəlicəsinə
sevirəm. Həmişə onlara həvəs göstərmişəm.
– Londonda çiçəklər böyük təsəllidir!
– Hə…ə. Mənə elə gəlir, siz burada georgin də əkə bilərdiniz. – Onu bir xeyli tərifləyəndən sonra
əsas məsələyə keçdi. – Qızım sizin məktubunuzu mənə göstərdi. Mən sizə cavab yazmamağı qərara
aldım, belə incə məsələləri şəxsən deməyə üstünlük verirəm. Mənə görə sizin vəziyyətinizi nəzərə
alsaq, siz çox iltifatlısınız. Mən özüm də həmişə xristian kimi hərəkət eləmək istəyirəm. Həyat
keçəridir,
heç vaxt bilə bilməzsən, sənin növbən haçan gələcək. Mən qızıma dedim ki, gəlib sizinlə
görüşəcəyəm.
– Çox şadam. Mən sizin gələcəyinizə ümid edirdim.
Mister Ueqq öskürdü və davam elədi:
– Mən sizin yanınızda kiminsə haqqında pis söz demək istəmirəm, həm də məktubunuzdan
görünür ki, bu adam xəstədir,
ancaq doğrusu, yaranan bu vəziyyətdə neyləyəcəyimi bilmirəm. Bu işlə
bağlı olaraq, mənə pul haqda düşünmək xoş deyil, ancaq eyni zamanda da mənim qızıma ziyan dəyib,