ÖLÜMDƏn güCLÜ



Yüklə 6,61 Mb.
Pdf görüntüsü
səhifə85/85
tarix17.11.2018
ölçüsü6,61 Mb.
#80797
növüQaydalar
1   ...   77   78   79   80   81   82   83   84   85

orada sahil həmişə adamsız olurdu.  
 
        Cığıra doğru döndü, yüz, ya da bir az da çox addım qaçandan sonra o, artıq çayın boz, geniş 
zolağını dumanlı halda seçə bilirdi. Çay!.. Orada onun ömrünün ən gözəl saatları keçmişdi! O, artıq 
yox idi, ancaq onu orada tapacaqdı, orada uzanıb başını onun sinəsinə qoymuşdu, orada Cip onun 
gözəlliyindən həzz alırdı, onu sevirdi! Sahilə qədər qaçdı. Soyuq və sükut içində olan çay, sanki, 
həmişə olduğundan daha iti axırdı və sahillərində ağır-ağır sübhün ilk şəfəqləri işarırdı. Uzun qaçışdan 
sonra Cip hərəkətsiz halda dayanıb tövşüyərək nəfəs alırdı. Dizləri titrədi və büküldü. Yaş otların 
üzərində oturub çənəsini dizlərinə söykədi, dizlərini əlləriylə qucaqlayaraq dala, qabağa yırğalanmağa 
başladı. Ürəyi dayanmağa hazır idi. O oturub, sanki, daha dərindən nəfəs alaraq, qurğuşun rəngli sulara 
atılmamışdan əvvəl ciyərlərinə daha çox hava almaq istəyirdi. Hər bir qızdırmaya xas olan qəribə 
ayrılıq hissi Cipin varlığına hakim kəsildi və ona elə gəldi, özünü burada oturub gözləyən yerdə yandan 
görür. Başından ani bir fikir keçdi: «Mən öz ölümümü  qamışların arasından üzəndə görəcəyəm, məni 
görəndə heyrətlənən quşları da görəcəyəm». 
 
        Birdən acı hıçqırıqlardan bütün bədəni titrədi. Bütün ətrafı, sanki, əridi, heç nə qalmadı, bircə 
qulaqlarında dəhşətli küy olan, hıçqırıqlardan boğulan öz bədənindən başqa. Onun sevgilisi, onun 
sevgilisi, onun zavalı alnı! Titrədi və üzü üstə yerə dəydi, əlləriylə torpaqdan və yaş otlardan yapışdı. 
 
        Günəş artıq çayı  işıqlı zolaqlarla işıqlandırırdı. Yaxınlıqda birəbitdan quşu oxudu, Cipin çılpaq 
topuğunun üstünə yarpaq düşdü. 
 
 
 
 
 
      Şənbə günü ov eləyən Uinton istirahət günü axşam Londona gəldi və birbaşa kluba şam yeməyinə 
getdi. O, dodaqlarında siqaret yuxuya getmişdi və artıq klubu bağlayanda onu oyatdılar. Beri-stritə 
gələndə artıq saat üç idi, ona teleqramma var idi: «Mister Sammerxeyin başına nə isə qorxulu iş gəlib. 
Yubanmadan gəlin. Betti». 
 
         Marki geyindi, sahibinə də geyinməyə kömək eləyib, şeyləri yığdı və uzaq səfərə getmək üçün 
taksi çağırdı. Uinton həyatında heç vaxt  indiki kimi  təkəlli olduğuna görə özünü   bu qədər 
lənətləməmişdi. Dördün yarısında yola düşdülər. Bütün yol boyu Uinton xəz paltosuna bürünüb, irəli 
əyilərək  oturmuşdu, sanki, başını pəncərədən salıb sürücüyə komanda vermək istəyirdi. Bu dəhşətli 
gecə idi. O ciyərləri zəif olan Markinin düşüb yolu göstərməsinə icazə vermədi. İki dəfə bu qaradinməz 
adam onunla danışdı: 
 
       – Ser, bu miss Cip üçün olduqca pisdir? 
 
       – Hə, pisdir. Dəhşətdir. 
 
         İkinci dəfə isə soruşdu: 
 
       – Ser, siz elə düşünürsünüz, o ölüb? 
 
         Uinton qaşqabaqlı cavab verdi: 
 
       – Allah bilir, Marki. Çox yaxşı olacağına ümid eləyək.  


 
         Elə sevimli, elə zərif olan qıza təbiət bundan daha ağır zərbə vura bilərdimi? 
 
       Artıq Betti və xidmətçi qız çox məyus halda  doqqazın qarşısında  toranlıqda dayanmışdılar. 
Maşından sıçrayıb düşən Uinton qışqırdı: 
 
       – Qadın, nə işdir? Cəld ol! 
 
       – Ah, ser! Mənim gözəlim yoxdur. Çay gətirmək üçün onu bir anlığa tək qoydum və o çıxıb çölə 
qaçdı. 
 
        Uinton, sanki, daşa dönərək bir neçə anlığa dayandı. Sonra Bettinin çiyinlərindən yapışaraq, 
sakitcə soruşdu: 
 
       – Ona nə olub? 
 
         Betti danışa bilmirdi. Xidmətçi qız cavab verdi: 
 
       – At onu sarayın yanında öldürüb, orada, çəmənlikdə. Sahibə isə şüursuz halda idi və cəmisi iyirmi 
dəqiqə bundan əvvəl ayılmışdı. 
 
       – O, hansı yolla gedib? 
 
       – Ser, bax buradan, hər iki qapı açıq idi, hansı yolla getdiyini isə mən bilmirəm. 
 
        Çay! 
 
       – Maşını döndərin! Marki, çıxmayın. Betti və siz, qızlar, çəmənliyə qaçın, oranı axtarın… Hə? Nə 
işdir? 
 
        Sürücü başını kabinanın pəncərəsindən çıxartdı. 
 
       – Ser, biz təpəyə qalxanda mən uzun, qara palto geymiş, başına nə isə ağ bir şey sarımış qadını 
gördüm. O, çəpərlərin yanında dayanmışdı. 
 
       – Yaxşı. Yenidən ora gedin və hər yerə baxın. 
 
          Belə anlarda fikirləşməyə vaxt olmur, bütün bu bağlar, villalar, otellər, yalnız çaya gedən yolu 
kəsirdilər. Uinton maşını aşağı, sahilə düşən dar cığırın yanında saxlatdırdı, maşından yerə sıçrayıb 
cığırla qaçmağa başladı. Bircə söz demədən dinməzcə otla örtülü olan sahilin kənarına qaçdı. Marki 
onun arxasınca tələsirdi. Uinton sahildə nəsə qaralan bir şey görəndə bir anlığa elə hiss elədi ki, ölür, 
ona elə gəldi, bu çıxarılıb atılan paltardır. Sonra tutqun şeyin tərpəndiyini hiss elədi və Markiyə 
dayanmaq işarəsi verərək, barmaqlarının ucunda irəli tək getdi. Yerə sərilmiş qızının yanından ehtiyatla 
keçib, dizi üstə çökdü və dedi: 
 
        – Mənim sevincim! 
 
          Cip başını qaldırıb ona baxdı. Qızın solğun sifəti, olduqca iri, qara gözləri, dağınıq saçları, 
kədərin öz mücəssiməsi idi. O bilmirdi neyləsin, qızına necə kömək eləsin, necə sakitləşdirsin, xilas 


eləsin. Qızının baxışlarında təqib olunan heyvanın baxışlarında olan ifadə var idi. Yalnız tutqun instikti 
onu danışmağa məcbur elədi: 
 
       – Cip, mən ananı da beləcə dəhşətli vəziyyətdə itirdim.  
 
          O, bu sözləri qızının şüurlu olaraq dərk elədiyini hiss elədi, ağılsız baxışları yumşalmağa başladı. 
Qızını özünə doğru çəkdi, üzünü onun üzünə söykəyib, titrəyən bədənini qucaqladı və mızıldandı: 
 
        – Cip, mənim xatirimə, mənim xatirimə!.. 
 
          Markinin köməyi ilə qızını maşına mindirib evə yox, otelə apardı. Cip od tutub yanırdı və 
tezliklə sayıqlamağa başladı. Növbəti gün teleqramma ilə çağrılan Rozamunda bibi və missis Marki 
gəldilər. Səs-küy Cipi narahat eləməsin deyə Uinton bütün oteli tutmuşdu.  
 
       Saat beşdə Uintonu aşağı, oxu otağı deyilən otağa çağırdılar. Pəncərənin qabağında əlcəkli əlləri ilə 
üzünü örtən ucaboylu qadın dayanmışdı. Bir-birlərindən cəmisi on mil aralıda yaşamalarına 
baxmayaraq, o, ledi Sammrexeyi, yalnız üzdən tanıyırdı. O, bədbəxt qadının birinci dillənməsini 
gözlədi. Qadın sakit səslə dedi: 
 
       – Danışmağa sözüm yoxdur. Ancaq mənə elə gəldi, sizə mütləq dəyməliyəm. Cip necədir? 
 
        – Sayıqlayır. 
 
        – Mənim yazıq oğlum. Siz onu gördünüz… onun alnını? Mən onu evə aparacağam. 
 
        Göz yaşları onun vualla örtülmüş yanaqları ilə ağır-ağır süzülürdü. Qadın pəncərəyə doğru döndü 
və dəsmalını gözlərinə tutdu. Uinton pəncərədən qaralan çəmənliyə baxaraq dedi:  
 
       – Mən onun bütün əşyalarını göndərərəm, yalnız … yalnız mənim yazıq qızıma nəyləsə kömək 
eləyə biləcək əşyalardan başqa… 
 
       Qadın cəld döndü. 
 
       – Gör, hər şey necə qurtardı! Mayor Uinton, bunun arxasında nəsə gizlənmirmi? Onlar, 
doğrudanmı, xoşbəxt idilər? 
 
        Uinton birbaşa onun gözlərinin içinə baxıb dedi: 
 
       – Ah, hə, çox xoşbəxtdilər. 
 
        O tərpənmədən qadının ona zillənən göz yaşı ilə dumanlanmış baxışlarını qarşıladı. Qadın 
dərindən köks ötürərək yenidən döndü və yenə də dəsmalı sifətinə çəkib, vualı buraxdı və tələsik çıxdı. 
 
        Bu həqiqət deyildi. O, Cipin sayıqlayarkən nələr dediyini eşitmişdi, nə qədər ki, ondan asılıydı, 
heç kim,  hətta Sammerxeyin anası da heç nə öyrənə bilməyəcəkdi.      
 
        Sonrakı günlər Cip hələ də huşsuz idi və  həyatı tükdən asılıydı. Uinton qızının otağından 
çıxmırdı, alçaq tavanı olan bu otağın sarmaşıqlarla hörülmüş pəncərəsindən ulduzların altında qaralan, 
solğun noyabr günəşinin şüalarından işıldayan çayı görmək olurdu. O, sanki, ovsunlanıbmış kimi  


bütün günü qızına baxırdı. O, sadəcə, möcüzə nəticəsində  çayın sahilində Cipi qurtarmışdı. 
 
         Uinton baxıcıdan imtina elədi. Rozamunda bibi və missis Marki xəstəyə çox gözəl baxırdılar və 
o, yad adamın Cip sayıqlayarkən nələr dediyini eşitməsini istəmirdi. Şəxsən onun xəstəyə baxması 
bununla məhdudlaşırdı, xəstənin yanında oturur və nə qədər mümkünsə, onun sirlərini başqalarından 
qoruyurdu. Gözlərini qızından ayırmadan saatlarla burada oturmağa hər vaxt hazır idi. Özü də 
bilmədən, sanki, əl havasına ürəyinin azdığı qaranlıq labirintdə yol axtarırmış kimi sayıqlayan adama 
qulaq asarkən, onun dönə-dönə təkrarladığı  reallığı heç kim atasından daha yaxşı tuta bilməzdi.  
 
        Bu qədər çox adamın   Cipin vəziyyətini soruşmağa gəlməsi Uintonu təəccübləndirirdi, hətta onun 
düşmən hesab elədikləri belə ya vizit vərəqələrini qoyub gedir, ya da xidmətçilərini göndərirdilər. 
Amma gözəlliyi və qəlbinin yumşaqlığı ilə ürəklərini fəth elədiyi sadə adamların Cipə münasibəti  onu 
daha çox həyəcanlandırırdı.  Bir dəfə o, Beri–stritdən məktub aldı: 
 
 
 
         «Hörmətli mayor Uinton, 
 
          Mən qəzetdən zavallı mister Sammerxeyin ölümü haqqında oxudum. Ah, mən ona görə necə də 
heyfisləndim! O, mənə qarşı elə xeyirxah olub. Mən hələ də bu fəlakətin ağır təsiri altındayam. Əgər 
siz fikirləşsəniz ki, halına yandığımızı bilməsi ona xoş olar,  o zaman bu haqda ona deyə bilərsiniz. Hə, 
bu ağır itkidir. 
 
                                      Sizə sadiq olan 
 
                                                       Dafna Uinq».      
 
     Demək, onlar Sammerxey haqqında bilirmişlər! Uinton nəyə görəsə bunu təxmin eləməmişdi. Nə 
yazacağını bilmədiyi üçün məktuba cavab vermədi. 
 
        Bəzən o, Cipin soyuq dəymiş beyninin məhsulu olan bu ağır sayıqlamaları eşitməmək üçün 
qulaqlarını tuturdu. Cipin tutqun şüuru görünür, hələ də baş verən faciəni olduğu kimi qəbul eləyə 
bilmirdi. Onun dodaqlarından elə hey sevgi sözləri səslənirdi, elə hey onu itirəcəyindən qorxduğunu 
təkrarlayırdı. Dodaqlarına, yalnız təsadüfən sakit, sadə və ovsunlayıcı, sanki, böyük xoşbəxtliyin 
işartısı kimi  gülüş qonardı. Bu gülüş onun indiyə kimi eşitdiyi gülüşlərin ən qorxulusu  idi. Ancaq 
tədricən Uinton özü üçün elə də xoş olmayan təsəlli tapdı ki, Sammerxeyin faciəli ölümü, Cip üçün 
daha faciəli ola biləcək  bir fəlakətin qarşısını alıb. Bir dəfə gecə qızının çarpayısının yanındakı böyük 
oturacaqda oturub mürgüləyəndə birdən ayıldı və qızının ona baxdığını hiss elədi. İndi bu gözlər 
görürdü, onlar yenidən Cipin gözləri idilər! Onun dodaqları tərpəndi. 
 
       – Ata! 
 
       – Hə, mənim balam. 
 
       – Ata, mən hər şeyi xatırlayıram! 
 
        Öz qısalığı ilə qorxunc olan bu sözləri eşidən Uinton əyilib dodaqları ilə onun əlinə toxundu. 
 
       – O, harada dəfn olunub? 


 
       – Uidrinqtonda. 
 
       – Hə…  
 
        Bu sözdən çox ah idi. Başını qaldıran Uinton onun yenidən gözlərini yumduğunu gördü. Qara 
saçlarının və kipriklərinin fonunda onun solğun yanaqlarının və alnının ağlığı Uintonu sarsıtdı. Bu sifət 
canlıydı, ya ölümün gözəlliyi idi? 
 
        Qızının üzərinə əyildi. O, nəfəs alırdı. Yuxuya getmişdi. 
 
 
 
                                               
 
XII    FƏSİL 
 
 
 
         Onlar yeni ilin ilk günü, təxminən, Sammerxeyin ölümündən iki ay sonra Mildenxemə qayıtdılar. 
Keçən günlərin xəyallarıyla dolu olan Mildenxem həmişəki kimi qəmgin idi. Artıq beş yaşı olan balaca 
Cip üçün bu ən yaxşı ev idi. Cip özünün uşaqlığının keçdiyi bu evin döyünən qəlbi olduğunu izlədikcə 
arabir təsəlli tapırdı. Hələ əməlli – başlı özünə gəlməmişdi, əvvəlki tək kölgə kimi gəzirdi, birdən onun 
sifətini görən hər bir kəs dünyanın ən kədərli sifətini gördüyünü güman eləyərdi. Heç kimlə birdən 
qarşılaşmamaq üçün çox çalışırdı. Onün gülüşü Uintonu ümidsizləşdirirdi. Bütün qışı və baharı qızına 
necə kömək eləyəcəyini düşünüb tapa bilmirdi. Cip ayaq üstə qala bilmək üçün böyük səy göstərirdi. 
Burada onun baxmaqdan və gözləməkdən başqa əlindən heç nə gəlmirdi. Nəyə görə də hadisələrin 
gedişini sürətləndirməliydi? Onu, ancaq zaman sağalda bilərdi. 
 
        Bahar gəldi və getdi. Cip sağalırdı, ancaq bircə dəfə də olsun, bağın hasarından çölə çıxmır, heç 
vaxt Qırmızı ev haqda danışmır və Sammerxeyi xatırlatmırdı. Ona görə yox ki, qız öz dərdindən 
ayrılmaq istəmirdi, əksinə, o hər cür çalışaraq, bu ağır dərdini unutmaq və boğmaq istəyirdi. Onun 
başına nə vaxtsa deyildiyi kimi «ürəkgetməsi» gəlmişdi. Burada artıq heç nə eləmək olmazdı. Balaca 
Cipə demişdilər ki, Brayan həmişəlik çıxıb gedib və anasını kədərləndirməmək üçün onun haqqında 
danışmamalıdır, ancaq o, bəzən diqqətlə, nədənsə ciddi karıxmış halda anasına baxırdı. Bir dəfə o, öz 
uşaq gözüaçıqlığı ilə Uintonu heyrətləndirərək dedi: 
 
       – Baba, anam bizimlə yaşamır, hardasa uzaqlarda yaşayır. Mən elə düşünürəm, anam oradadır, 
Brayanın yanında? 
 
       Uinton ona baxdı və cavab verdi: 
 
      – Mənim balam, bəlkə də, elədir, ancaq məndən başqa  bu haqda heç kimə demə. Ümumiyyətlə, 
onun haqqında heç kimlə danışma.  
 
      – Hə, mən bilirəm. Baba bəs o, haradadır? 
 
        Uinton nə cavab verə bilərdi?   
 


        O, vaxtının çoxunu at üstə keçirir və qızı da özüylə götürürdü, nə vaxtsa anası üçün olduğu kimi,  
qız üçün də bu əsl xoşbəxtlik olurdu. Cipi isə özüylə aparmağa ürək eləmirdi. Cip heç vaxt atlar haqda 
danışmır, atabaxanlara yaxın düşmür və bütün günü evdə xırda para işlərlə məşğul olurdu, bağda 
işləyir, royalın arxasında oturur, bəzən azacıq çalır, ancaq ən çox da əllərini dizlərinin üstünə qoyaraq 
royalın dillərinə baxırdı. Bu həmin fəlakətli yayın başlanğıcı idi, adamlar hələ müharibənin yeraltı 
təkanlarını hiss eləmirdilər, qaranlıq hələ sözün əsl mənasında qatılaşmamışdı. Uintonun gözləri 
qarşısında hələ   öz sevgilisinin tutqun gözləri, qıvrım saçları və kazarmanın meydanında əmrin tanış 
sözlərini qışqıran özünün qəhvəyi mundirdəki obrazı canlanmırdı.  O, yalnız bir şey haqqında 
düşünürdü,  bircə Cipi bu təcrid olunmuş vəziyyətindən çıxarda bilsəydi!  
 
       İyunda Cipə Londona getməsini təklif elədi. Onun təəccübünə rəğmən, qız tərəddüdsüz razılaşdı. 
Troitsa bayramı günlərində getdilər. Onlar Uidrinqtonun yanından keçəndə qızın başını qatmaq üçün o, 
söhbətə güc vemişdi, ancaq bir az sonra ehtiyatla qəzetin arxasından, qızın üzünü pəncərəyə çevirib 
oturduğunu gördü, o, çöllərə baxırdı və yanaqları ilə göz yaşları gilələnirdi. Bircə söz də demirdi, 
baxışları hərəkətsiz idi, yalnız elə hey yanaqları ilə göz yaşları axırdı. Uinton baxışlarını ona dikmişdi, 
gözlərini qıymışdı, sifəti sərtləşirdi, dərisini, sanki, sümüklərinin üzərinə möhkəmcə dartırdılar.  
 
        Vağzaldan Beri-stritə maşın darısqal küçələrlə gedirdi, burada dünya öz yoxsulluğunu nümayiş 
elətdirirdi. Yorulub əldən düşən kişilər, qayğılardan əzab çəkən qadınlar  və qayğısız halda kanalların 
kənarlarında, evlərin kandarında oturan uşaqların xəyalları sifətlərinin torpaq rəngli hər bir cizgiləri, 
arıqlayıb əldən düşən bədənlərinin hər bir hərəkəti ilə qızıl əsrin çoxdan arxada qaldığını əyani 
göstərirdilər. Çirkin, hisli evlər, gözəlliyi yeraltı su novlarının gözəlliyindən heç də çox olmayan bu 
görüntülər qurtuluşu hələ uzun müddətə yeşiyə atmağın lazım gəldiyindən xəbər verirdi. Qabağa əyilən 
Cip maşının pəncərəsindən çölə baxırdı. Uinton qızının onun əlindən necə yapışıb möhkəmcə sıxdığını 
hiss elədi.  
 
       Axşam yeməkdən sonra onlar bir vaxtlar Uintonun onun anası üçün hazırladığı otaqda 
oturmuşdular, hər şey otuz il bundan əvvəl olduğu kimi necəydisə, indi də eləydi… atlas ağacından 
kətillər, XVII əsr dəbində yazı masası və qədim mis şamdanlar. Cip soruşdu: 
 
       – Ata,  mən Mildenxemdə kasıb uşaqlar üçün uşaq yurduna bənzər bir sığınacaq açsam etiraz 
eləməzsən ki? Orada uşaqlar yaşaya, yaxşı yeyə və təmiz hava ala bilərdilər.  
 
        Baş verən faciədən sonra onun bu ilk qəribə xahişindən təsirlənən Uinton dedi: 
 
       – Mənim əzizim, sən kifayət qədər sağalıbsanmı? 
 
       – Tamamilə. İndi məndə hər şey qaydasındır, bircə bundan başqa. – Cip əliylə ürəyini göstərdi. – 
Nə ki verilib, insan onu geri ala bilməz. Burada mən heç nə eləyə bilmərəm. Əgər bacarsaydım, 
eləyərdim. Bütün bunlar səni çox kədərləndirib. Mən uşaqlara baxanda, onlara qulluq eləyəndə çox 
fikirləşəsi olmayacağam, nə qədər çox məşğul olsam, o qədər də yaxşıdır. Mən indicə başlamaq 
istərdim.  
 
        Uinton başıyla razılığını bildirdi. Qızının istədiyi hər şeyi yerinə yetirməyə hazırdı! Ona kömək 
eləyə biləcək hər şeyi!  
 
        – Rozamunda sənə kömək eləyər, – o, astadan dedi. – Axı o, bizdə belə işlərin ustasıdır. – Diqqətlə 
qızına baxıb əlavə elədi: – Mənim balam, ruhdan düşmə, nə vaxtsa hər şey yenidən qayıdar.  
 


        Cip özünü gülümsəməyə məcbur elədi və sakitcə dedi: 
 
       – Hər halda, olanlar olmasaydı, mən indi yaşaya bilməzdim. 
 
         Cip dizlərini qucaqladı, onun gözləri qəribə tərzdə parıldayırdı və sanki, dodaqlarında zəif bir 
gülüş donmuşdu. Uinton isə düşünürdü: «Məhəbbət! Sərhədsiz məhəbbət! Ölümdən güclü!» 
 
                                                                       
 
 
 
 
 
   

Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə