vahiməyə düşəcək qədər qorxulu oldu. Hiss olunmayan özünüqoruma
instinkti onu naməlum bir
istiqamətə apara biləcək hansısa fəlakətə qarşı üsyan elədi. Bu uçurumun kənarında dayanan insanın
dərkolunmaz hissi idi, bir az da yaxına addımlamaq qorxusu və eyni zamanda bu addımı atmağa olan
şiddətli bir istək.
Qız yataq otağına getdi. Onun harada olduğunu, neylədiyini, nə fikirləşdiyini bilmədən uzanıb
yatmaq mümkün deyildi. Gümüşü çərçivə salınmış güzgüdə saçını daramağa başladı. Güzgüdən ona
solğun sifət, iri, tutqun gözlər baxırdı. Nəhayət, ağlına belə fikir gəldi: «Mən heç nə eləyə bilmərəm!
Mənim üçün heç fərqi yoxdur!» Çarpayıya uzanıb işığı söndürdü. Narahat və yalqız idi, buxarı
yanmırdı. Başqa
heç nə haqda düşünməyərək, yuxuya getdi.
Yuxuda gördü ki, dəmir yolu vaqonuyla dənizdə gedir, atası ilə Forsenin arasında oturub. Dalğalar
yüksəyə qalxdıqca qalxır, vaqonun divarlarına çırpılıb sakitləşirdilər. Qız həmişəkitək gözətçi iti kimi
dərhal oyandı və onun qonaq otağında çaldığını başa düşdü. Görəsən, indi saat neçəydi? Uzanıb,
titrək, o qədər də yaxşı eşidilməyən musiqiyə qulaq asırdı. İki
dəfə yerindən qalxmaq istədi, ancaq,
sanki, tale ona işarə verirdi, tərpənmə. Və hər dəfə də düşünürdü. «Yox, mən bacarmıram! Yenə də
həmin şey. Onun üçün musiqisi ilə neçə adamı yuxudan oyatmağın fərqi yoxdur. Öz xoşuna gələn işi
görür və başqa heç nə haqda düşünmür». Qulaqlarını tutaraq uzanmaqda davam elədi.
Qız bir də əllərini qulaqlarından çəkəndə, o, artıq çalğısına ara vermişdi. Sonra qız onun otağa
necə girdiyini eşitdi və özünü yatmışlığa vurdu. Səhər o, özünü hər şeyi unudubmuş kimi aparırdı, Cip
isə unutmamışdı. Çox istəyirdi, onun nələr hiss elədiyini,
hara getdiyini öyrənsin, ancaq qüruru bunu
soruşmağa imkan vermirdi.
Birinci həftə atasına hər gün iki dəfə məktub yazırdı, sonra isə təsadüfən açıqcalar göndərməyə
başladı. Sevmədiyi adamın yanında həyatının necə keçdiyini ona necə danışasan? Doğrudanmı, atası
haqlı idi? Bunu etiraf eləmək – qızın qururuna olduqca toxunmuş olardı. Qız London üçün darıxmağa
başladı. Yeni evi hələ hazır deyildi. Nə vaxtsa ora köçsəydilər, başqalarının yaşayışına mane olmaqdan
qorxmadan ürəkləri istəyən kimi yaşasaydılar, bəlkə də, həyat tamam başqa cür davam elərdi? O,
yenidən işləməyə başlardı, qız ona kömək edər və hər şey yaxşı olardı. Yeni ev, yeni bağ, tezliklə
çiçəkləməli olan ağaclar! Qız pişik və it saxlayacaqdı, atası Londona gələndə at çapmağa başlayacaqdı.
Rozamunda bibi, dostları gələcəkdi, musiqili gecələr təşkil eləmək olardı, hətta rəqs də – axı qız çox
gözəl rəqs eləyirdi. Axı konsertlər, sevinc və qələbə gətirən konsertlər,
onun uğuru idi, onun və qızın
uğuru! Başlıcası isə öz evinlə məşğul olmaq necə də xoş olacaqdı, orada hər şey rənginə və görünüşünə
görə qəşəng və təbii olmalıydı! Hər halda, qəlbinin dərinliklərində indidən gələcək haqda fal açmağın
xeyrə olmadığını düşünürdü.
Hər nə olmuş olsa belə yelkənli qayıqda üzmək onu sevindirirdi. Aydın günlər idi, mart günəşi
havanı isindirməyə başlamışdı, yüngülcə külək əsirdi. Forsen icarəyə götürdükləri qayığı, «dəniz
canavarını» çox gözəl
idarə edirdi, ümumiyyətlə, o, sadə adamların əhatəsində özünü daha yaxşı hiss
edirdi.
Bu saatları Cip bütünlüklə poeziyaya və romantikaya verirdi. Dəniz göy idi, qayalıqlar və cənub
sahillərinin meşəli ətəkləri, sanki, yüngül tüstünün içində mürgüləyirdi. O, «Dəniz canavarı»nı yaddan
çıxarıb qızı qucaqlayırdı və qız bu mənəvi yaxınlaşmanın qısa anları üçün ona minnətdar olurdu. Qız
ilk məyusluğun acısını daddığı bütün bu üç həftə ərzində onu olduğu kimi başa düşməyə çalışdı. Ərə
getdiyi ilk vaxtlara uyğun olan adi çətinliklər onu qorxutmurdu, özü qızğın
məhəbbət hiss
eləmədiyindən, onu da nədəsə qınaya bilmirdi. Həyəcanının səbəbi dərinlikdəydi – qız elə hey qarşısına
dəfedilməz bir sədd çəkildiyini və özünü daima cilovda saxlamalı olduğunu hiss edirdi. Qız qəlbini
bütünlüklə onun üçün açmamışdı və onu da tanıya bilmirdi. Nəyə görə bəzən qızın gözünə baxır və
sanki, onu görmürdü? Hansısa ciddi bir parçanı çalanda onu birdən şux və ya qəmli melodiyaya
keçməyə, ya da ümumiyyətlə, skripkanı bir tərəfə qoymağa nə məcbur eləyirdi? Coşqun sevinclərdən
sonra məyusluqla dolu uzun saatları nə ilə izah eləmək olardı? Ən başlıcası isə musiqi onun qəribə,
solğun sifətini dəyişdirən həmin təsadüfi anlarda o, nə düşünürdü? Ya bu, sadəcə, görmə illuziyası idi?
Ümumiyyətlə, o, nəsə arzulayırdımı? «Özgə ürəyi – qaranlıq meşə…» Hamı üçün,
ancaq bircə sevən
adamlar üçün yox!...
Bir dəfə səhər Forsen məktub aldı.
– Aha! Pol Rosek bizim evə baxmağa gedib. «Göyərçinlər üçün füsunkar yerdir» – evimizi belə
adlandırıb.
Cip üçün arıq, yaltaq görünüşü olan Roseki və onun, sanki, çoxlu sirdən xəbərdar olan gözlərini
xatırlamaq həmişə arzuolunmaz idi. Qız sakitcə soruşdu:
– Qustav, onun nəyi sənin xoşuna gəlir?
– Oy, o, xeyirli insandır! Musiqidən və…çoxlu şeylərdən yaxşı baş çıxarır.
– Məncə, o, iyrəncdir.
– Nəyə görə iyrəncdir, mənim Cipim? – Forsen gülümsədi. – O, yaxşı dostdur. O, sənə heyran
olub, çox heyran olub! Il dit qu'il a une technique merveilleuse (O, özünün çox gözəl texnikası
olduğunu deyir (Frans.) qadınlara müraciət eləmək üçün.
– Mənə elə gəlir, o, quru qurbağasına oxşayır.
– Eləmi, mən bunu ona deyərəm! O, məmnun olacaq.
– Əgər sən belə eləyərsənsə, mən…
Forsen ayağa sıçrayıb onu ağuşuna aldı, sifəti peşmanlığını elə komik ifadə eləyirdi ki, qız dərhal
da sakitləşdi. Nəticədə Roseki elə adlandırdığı üçün təəssüflənməli oldu. Ancaq,
hər halda, Rosekin
casus, soyuq şəhvətpərəst olduğuna əmindi! Təkcə onu düşünəndə ki, Rosek onların balaca evi
ətrafında casusluq eləyir, evləri nəsə gözündən düşürdü.
Üç gündən sonra onlar Londona gəldilər. Taksi Lords Kriket-qraunda dönənə kimi Cip Forsenin
əlindən yapışmışdı. Qız son dərəcə həyəcanlanmışdı. Parkdakı ağacların tumurcuqları artıq şişirdi,
badamın çiçək açmağına lap az qalmışdı. Hə, bu da onların küçəsi. Beşinci ev, yeddinci, doqquzuncu…
on üçüncü, daha ikisi! Budur, kənarlarına yasəmən kolları əkilmiş yaşıl hasara ağ rənglə yazılmış «19»
rəqəmi, onların bağında badam artıq çiçəkləmişdi! Hasarın arxasında isə pəncərə taxtaları yaşıl rənglə
rənglənmiş, elə də hündür olmayan ağ ev görünürdü. Qız maşından yerə sıçradı
və birbaşa bütün geniş,
qızarmış sifəti ilə gülən Bettinin ağuşuna düşdü, onun hər bir əlindən qulaqlarını şəkləmiş, gözləri
almaz kimi parlayan balaca qara burunlar boylanırdı.
– Betti! Bu qəşənglər nədir belə?
– Əziz mem, mayor Uintonun hədiyyəsidir!