ÖLÜMDƏn güCLÜ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə23/85
tarix30.12.2017
ölçüsü4,8 Kb.
#18451
növüQaydalar
1   ...   19   20   21   22   23   24   25   26   ...   85

 
      
 
 
 
V FƏSİL 
 
 
 
     Bu gündən də başlayaraq, Cip teatr, musiqi, poeziya adamlarının əhatə elədiyi, cəmiyyətin rəngli və 
məşhur təbəqəsindən ibarət olan ziyalıların dünyasında daha yaxından iştirak eləməyə başladı. Bu 
dünayaya tamam yad olduğunu başa düşürdü, əslinə qalarsa, Forsen də bu adamlara eyni münasibəti 
bəsləyirdi. Bu təbəqənin əsl nümayəndəsi o, özü idi və buna görə də Qellantların və Roseklərin həyat 
tərzini lağa qoyurdu, Uinton və Rozamunda bibi onun ətrafını lağa qoyan kimi. Ərli olması Cipi  indiyə 
qədər tanıdığı, lakin özünü heç vaxt aid etmədiyi, – xüsusi ilə də dünyaya necə gəldiyini biləndən 
sonra, – yeganə köhnə, ortodoksal aristokrat təbəqədən daha çox  ayırırdı.  O, zahiri əxlaqın və 
həmişəlik müəyyən edilmiş yaşam qaydalarının mühafizəkarlığı ilə barışmayacaq qədər həssas və 
yaxşını yamandan ayıran idi. Düzdü, öz səyi ilə bu dairədən çətin çıxa biləydi. Öz köklərindən 
qopmuşdu, təzə torpaqda isə yeni köklərini   ata bilmirdi. Bundan əlavə də əriylə heç cür mənəvi 
yaxınlaşma yaranmırdı, qız getdikcə özünü daha çox tənha hiss edirdi. Ən xoşbəxt saatları royal 
arxasında və ya Uintonla keçirdiyi saatlar idi. Ara vermədən özü – özündən soruşurdu, o, öz həyatıyla 
neylədi? Əzab çəkərək, onu bu addımı atmağa məcbur eləyən  inandırıcı və əsas səbəbi tapmaq 
istəyirdi. Ancaq  nə qədər çox özünü üzür və darıxırdısa, qəfəsdə olması haqda çaşqınlığı və ağrılı 
etirafı bir o qədər artırdı. Sonralar bunlara daha çox müəyyən olunmuş nasazlıqlar da əlavə olundu.  
 
        Vaxtının çoxunu bağda keçirirdi. Bağdakı ağacların çiçəkləri artıq tökülmüşdü, yasəmənlər  də 
çiçəklərini tökmüşdülər, akasiyalar isə çiçək açmaq üzrəydilər, qaratoyuqlar susmuşdular. 
 
        Uinton çox diqqətlə müşahidə eləyəndən sonra müəyyən elədi ki, saat dördün yarısıyla altı 
arasında yeznəsiylə rastlaşa bilməz və demək olar, hər gün bu vaxtlar gəlməyə başladı, çay içir, 
çəmənlikdə oturub siqaret çəkirdi. Burada Ciplə oturmuşdu ki, Betti Cipə vizit vərəqəsini verdi. Orada 
«Miss Dafna Uinq» yazılmışdı.  
 
       – Betti, xahiş edirəm, onu bura gətir və təzə çay, daha çox da yağda qızardılmış çörək ver. Betti, 
əzizim, şokolad da, başqa şirnilər də gətir. 
 
        Betti ona «əzizim» deyiləndə sifətində yaranan həmin təntənəli ifadə ilə də çıxıb getdi. Cip atasına 
dedi: 
 
       – Bu həmin balaca rəqqasədir, mən onun haqqında sənə danışmışam. Sən indicə onu görəcəksən, 
mükəmməldir. Onun əynində adi don olacaq. Çox heyif!   
 
        Dafna Uinq   parlaq yaşıl rəngli ipək parçayla bəzədilmiş,   qurşağının üstündə balaca yarpaqlar 
olan, fil sümüyü rəngli don geymişdi. Başında da yaşıl yarpaqlardan hörülmüş çələng vardı. Qız 
sarmaşıq bürümüş köşkdən boylanan ilahəyə oxşayırdı. Bütün bunlar bir az gözə girirdi, ancaq qız özü 
heyranedici idi və heç bir don onun qamətinin gözəlliyini gizləyə bilməzdi. Qız olduqca tutqun 
görünürdü.  
 
        – Ax, missis Forsen, elə düşünürəm, mənim gəlişimin əleyhinə olmazsınız. Sizi təzədən elə də 


görmək istəyirdim. Qraf Rosek   görüşə biləcəyimi dedi. Mənim debütümlə bağlı bütün işlər artıq 
qurtarıb. Bəs siz necəsiniz? 
 
          Onun gözləri girdələnmiş, ağzı açılmışdı və Uintonun ona tərəf itələdiyi stula özünü heysiz halda 
saldı. Cip atasının sifətindəki ifadəni hiss elədi və güldü. Atası və…Dafna Uinq!  
 
        – Siz o vaxtdan qraf Rosekin evində rəqs eləyirdiniz? 
 
        – Ah, hə, hə! Məgər siz…. Məgər siz bil… Ah, hə, anlaşılandır! 
 
          Cip ani olaraq düşündü: «Demək, Qustav onun rəqslərində olub və mənə heç nə deməyib!» 
 
        – Hə, əlbəttə! – dərhal da cavab verdi. – Az qala unutmuşdum. Debütünüz harada olacaq? 
 
        – Beşinci gün, «Oktaqone»də. Bu misilsizdir, eləmi? Onlar mənimlə yaxşı müqavilə imzalayıblar! 
Mən   sizin mister Forsenlə gəlməyinizi elə istəyirəm! 
 
         – Əlbəttə, gələrik.  Atam da rəqs sənətini sevir. Doğrudumu, ata? 
 
         – Əgər o yaxşıdısa, – Uinton düşünülmüş cavab verdi. 
 
         – Ah, mənim rəqslərim yaxşıdır! Elə deyilmi, missis Forsen? Mən demək istəyirəm… Mən on üç 
yaşımdan məşq eləyirəm, axı siz bilirsiz! Mən, sadəcə, rəqsə məftun olmuşam. Elə bilirəm, siz də çox 
gözəl rəqs eləyərdiniz, missis Forsen! Sizin elə qüsursuz qamətiniz var. Mən, sadəcə, sizin yerişinizi 
sevirəm.  
 
        – Bu konfeti götürün, miss Uinq – Cip qızararaq dedi, – içində moruq var. 
 
           Balaca rəqqasə konfeti ağzına qoydu. 
 
        – Ah, xahiş edirəm məni miss Uinq çağırmayın! Mənə Dafna deyin. Mister For… hamı məni elə 
çağırır.  
 
          Atasının baxışlarını öz üzərində hiss eləyən Cip mızıldandı: 
 
        – Dafna çox gözəl addır. Yenə konfet istəyirsinizmi? Bu əriklidir.  
 
        – Çox ləzzətlidilər! Bilirsiniz, mən ilk rəqsi narıncı rəngli donumda eləyəcəyəm. Mister Forsen 
belə məsləhət gördü. Elə düşünürəm, bunu sizə deyib? Ola bilsin, siz özünüz bunu fikirləşibsiniz? 
 
          Cip başını yırğaladı. 
 
       – Qraf Rosek deyir ki, hamı mənim debütümü gözləyir. – Qız susdu, onun yarı açıq ağzı, sanki, 
yeni konfeti gözləyirdi. – Siz necə düşünürsünüz, doğrudanmı, mənim rəqslərimi hamı gözləyir? 
 
        – Ümid eləyirəm ki, hə, – Cip dedi. 
 
        – Qraf Rosek deyir ki, məndə nəsə bir təbiilik var. Əgər belədisə, necə də xoşdur! Axı onun çox 
gözəl zövqü var. Mister Forsenin də eləcə, deyilmi? 


 
        Atasının siqaretini necə acıqla sümürdüyünü görən Cip yalnız başıyla təsdiqlədi.  Balaca rəqqasə 
ağzına yeni konfet qoydu. 
 
        – Gəlsin hələ bir olmasın, axı o. sizinlə evlənib! 
 
        Nəhayət, Uintonun baxışlarını  ondan çəkmədiyini hiss eləyən Dafna Uinq karıxdı və üyüdüb 
tökməyə başladı: 
 
        – Bura möcüzədir, lap elə bil, kənddəsən! Düşünürəm, daha getməliyəm. Artıq məşq vaxtımdır. 
Axı mən indi bircə məşqi belə keçirməməliyəm, elə deyilmi? 
 
          Qız qalxdı, Uinton da durdu. Onun hərəkətsiz qolunu görən Dafna Uinqin gözləri tamam 
girdələndi, atası onsuz da sakit olan və tədricən sönən səslə dedi: 
 
        – Mən elə ümid eləyirəm….– qalan sözləri eşidilməz oldu. 
 
          Cip hərəkətsiz halda oturmuşdu. Çiçəklərin arasında arılar vızıldaşır, ağacların üzərində 
göyərçinlər uçuşurdu. Günəş onun dizlərini və şəbəkəli corabda olan ayaqlarını qızdırırdı. 
Mürəbbiyənin gülüşü, mətbəxdə oynayan küçüklərin mırıltısı bağda eşidilir, keçib gedən südsatanın 
uzaq çağırışlarına qarışırdı. Bütün ətraf çox rahat idi, ancaq onun qəlbində əvvəllər hiss eləmədiyi bir 
duyğu doğurdu. İndi o, artıq ərinin ona qarşı səmimi olmadığın bilirdi, ancaq bu hələ əvvəllər elədiyi 
kəşfin arxasınca gələn duyğu idi. Nə vaxtsa Uintona   uşaq istəmədiyini demişdi. Onun dünyaya 
gəlməsi anasının ölümü ilə nəticələnmişdi və uşaq haqqında fikir onda instinktlə igrah dolu bir hiss 
doğururdu. İndi isə  dəqiq əmindi ki, uşağı olacaq və onu da bilirdi ki, heç vaxt əriylə mənən yaxın 
olmayacaq, məhz bu da onda analıq sevinci haqda fikir yaratmışdı. Bu düzəlməz səhvə yol verərkən, 
atdığı tora özü düşmüşdü. Bir neçə ay ərdə olmuşdu və ona artıq aydın idi ki, səhvini düzəldə bilməz və 
gələcəyə də ümidi yoxdur. Ancaq onun çaşqınlıq  içində olan üzgün ürəyinin bütün həqiqətləri qəti 
olaraq bilməsi üçün bu sərt zərbə də lazımmış. Ümidlərin boşa çıxmasını hiss eləmək çox çətindir, 
xüsusilə də bu sənin özünün və başqa bir adamın da ümidlərinin boşa çıxmasıdırsa. Necə də can 
atırdı… ancaq nəyə? Forsenin özünü özündən xilas eləməyə… Gülməliydi! O, ancaq özünü itirdi. İndi 
də, sanki, həbsdə yaşayırdı, uşaqdan sonra isə əlini və qolunu qandallamış kimi olacaqdı. Bəzi qadınları 
ana olmaqdan qaça bilməyəcəkləri  fikri sakitləşdirir, Cip isə bu qadınların tamam əksi idi.  Onu zorla 
nəyəsə bağlayan kiçik bir duyğu belə, həmişə onda təzad oyandırırdı.  
 
      Göyərçinlər quruldaşırdılar, günəş ayaqlarını isindirirdi, amma o, həyatının ən acı dəqiqələrini 
yaşayırdı, ən acı… hələlik! Ona, ancaq məğrurluğu kömək eləyəcəkdi! Heç kim heç nə bilməyəcəkdi
hətta   bacardığı qədər ona xəbərdarlıq eləyən atası da! Nə əkərsən, onu da biçərsən!  
 
        Uinton qayıtdı. 
 
        – Cip, mən onda xüsusi bir heyranedicilik görmədim, –  o dedi. 
 
        – Məgər onun sifəti çox gözəl deyildimi? 
 
        – Yox, bayağıydı. 
 
        – Hə, amma o, rəqs eləyəndə bayalığını sezməzsən.    
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə